İlkin Atayurdu bəlirləyən boya-yön anlamlı sözlər



Yüklə 70,93 Kb.
tarix01.02.2018
ölçüsü70,93 Kb.
#23302

Prof. F.Ağasıoğlu

İlkin Atayurdu bəlirləyən boya-yön anlamlı sözlər

Qədim çağlardan ta günümüzə qədər insanın duyğusuna təsir edib pozitiv və neqativ ovqat yarada bilən boyalar özəl elektromagnit dalğalara malikdir. Boyaların insan psixikasına təsirilə yaranan duyğu, depressiya, rahatlıq kimi emosiyalar mifoloji baxışda, etnoqrafik yaşamda əks olunur və bu durum müxtəlif xalqlarda oxşar və fərqli özəlliklərlə özünü göstərir. Örnəyin, türklərdə mənfi emosiya yaradan qara boya rus mifologiyasında da bədbəxtliyi, acını, açıqlı qüvvələri bildirir.1 Hətta, azər və rus dilində bəzi deyimlər kalka çevrisi kimi görünür: qaralamaq (çyernit), qəlbiqara (çyernaya duşa), qaragün (çyernıy den) və s. Türk dillərinin müxtəlif çağlarında qara sözünə bir sıra anlam yüklənmişdir, indi bu söz ilkin boya anlamı ilə yanaşı böyük, azman, quzey, yer (torpaq, yol), yön, bəd, yas, qorxu kimi onlarla anlam daşıyan deyimlərdə işlənə bilir.

Boya bildirən sözlərdə mifoloji görüşlə, inancla bağlı yaranan anlamlar müxtəlif xalqlarda oxşar olduğu kimi, fərqli də ola bilir, Örnəyin, Ağ boya Afrika mifologiyasında qutlu sayılır, kahinlərin geyimi ağ olur, ağ boya toplumda barış ovqatı bildirir, barışıq üçün tanrıya sunulan qurbanlıq ağ añ (heyvan) olur. Qara boya isə yağmurlu fəsillə ilgili sayılır və tanrıya yağış yağdırması üçün qara añ qurbanı verilir. Qırmızı boya azər türklərində olduğu kimi, özgürlük davasının simgəsi sayılır. Xristianlıqda isə əvvəllər al qırmızı azmanlıq, qan tökmə simgəsi idi. Abbasi xəlifələri qara geyimə üstünlük verir, orduları qara bayraq daşıyırdılar. Türklərdə yaşıl boya Xızırın simgəsi, yeni yaşamın başlanğıcı, qırmızı boya azadlıq simgəsi sayılır. Ötəki dünyada yaşam üçün basırığa qırmızı boya (oxra) tökərdilər. Mifoloji görüşlə, inancla bağlı boya bildirən sözlərdə yaranan çoxlu anlamlarla yanaşı, bir də onların cəhət bildirən anlamları da vardır.

Akademik A.N. Kononov yazır ki, türk xalqları dünyanın cəhətlərini bildirmək üçün iki üsuldan istifadə etmişlər: biri solyar sistem, digəri boya (rəng) sistemi.2 Bu gerçək yoruma bunu da əlavə etmək gərəkir ki, yön bildirən irəli-arxa, sağ-sol sözlərinə cəhət (doğu-batı, quney-quzey) bildirən anlam doğuya miqrasiya etmiş türklərin dilində yüklənmişdir. Bu qədim miqrasiyaya qatılmayıb, Atayurdda qalan batı prototürklərin dilində isə belə semantik gəlişmə baş verməmişdir.

Türk kosmogoniyasında üç vertikal, dörd horizontal məkan bölgüsü vardır: aşağı, orta, yuxarı; ön, arxa, sağ, sol. Öncə dörd cəhəti təyin edə bilən prototürklərdən sonra bəzi türk boyları səkkiz yönlü bölgüdən də istifadə etmişlər: quzey-doğu, quzey-batı, güney-doğu, güney-batı. Belə bölgü azər türkcəsində olduğu kimi, müxtəlif deyimlərlə uyğur, tatar və saxa dillərində də vardır.3 Dünyanın horizontal baxımdan 4 və 8 cəhətə bölünməsi türk etnosunun çox böyük ərazilərə yayılmasıyla və «dünyanın dörd tərəfinə hökm etmə» gələnəyilə də bağlı yarana bilərdi. Üçqatlı vertikal bölgüsə kainatın yeraltı, yerüstü və göyə bölünməsi alqısı ilə ortaya çıxmışdır. Sumerlər dörd cəhəti qonşu bölgə və ölkələrin yerləşdiyi yönə uyğun deyimlərlə verirdi. Bunu sumer dilindəki bu mətndə aydın görmək olur: «O günlərdə Sumerlə eyni dildə danışan və Xamazi bölgəsi ilə Şubur dağı - böyük törənlərin böyük dağı, vacib şeylərə malik Uri ölkəsi, təhlükəsiz durumda olan Amurru ölkəsi - bütöv cahan və tabe xalq bir dildə Enlilə alqış deyirdi».4 Göründüyü kimi, sumerlər dünyanın dörd cəhətini qonşu ölkələrin coğrafi durumu ilə bildirmişlər: Sumer (özək) - güney, Uri ölkəsi - quzey, Amurru - batı və Xamazi bəlgəsilə Şubur dağı - doğu.

Boya (rəng) bildirən sözlərdə cəhət anlamı hər bir etnosun yaşadığı ilkin bölgədə Günəşin doğub-batmasıyla ilgili solyar baxışla yaranmışdır. Bu baxımdan, ayrı-ayrı bölgələrdə, müxtəlif xalqların dilində boya bildirən sözlərin fərqli cəhət anlamı vardır. Örnəyin, V.Terner Amerikada qızıldərili çeroki boyunun rənglərdə cəhət anlamının belə alqıladığını yazır: ağ - güney, qara - batı, qırmızı - doğu, göy - quzey.5

Azərbaycan türklərində «qara quzey», «ağ yel» (batı küləyi) deyimləri türk dillərində boya bildirən sözlərin semantikasını tədqiq edən tanınmış türkoloqlardan A. fon Qaben və A.N. Kononovun yorumlarını təsdig edir, belə ki, bu alimlər azacıq fərqlə (sarı = batı // özək) türk boya-cəhət sistemini belə verirlər:6

qızıl = güney ağ = batı

qara = quzey göy = doğu

Göründüyü kimi, türklər harada olmasından asılı olmayaraq, dayandığı yerə sarı, quzeyə qara, güneyə qırmızı (qızıl), batıya , doğuya isə göy boyanın simvolu kimi baxmışlar. Hələ m.ö. II əsrdə Çin tarixçisi Sıma Tsyan hun-çin savaşında Metenin (Bahadırın) süvari alaylarının düzümü haqqında yazır ki, batıda atlılar, doğuda mavi (boz) atlılar, quzeydə qara atlılar, güneydə isə qızılı (kürən) atlılar sıralanmışdı. Göytürk yazılarında da yön bildirən irəli, bəri, geri, yuxarı sözləri uyğun olaraq, cəhət bildirən doğu (gündoğan), batı (günbatan), güney (günorta), quzey (gecəortası) sözləri ilə qoşa işlənir. Bunu Kültigin abidəsindəki mətndə aydın görmək olur: «Doqquz-Oğuz bəyləri, xalqı! Bu sözümü yaxşı eşit, qatı dinlə: İrəli - gündoğana, bəri - günortaya, geri - günbatana, yuxarı - gecəortasına qədərki xalqların hamısı mənə itaət edir».7

Türk dillərində boyaların cəhət anlamı çox qədim çağlarda yaranıb, çünki bu, ümumtürk faktoru kimi əksər türk dillərində özünü göstərir. Bu durumu sxemlə verib, boyaların «dilində» görünən sistemə aid yorumlara keçmək olar:

Boyaların cəhət bildirən anlamları ilə ortaya çıxam bu sistemi xəritə üzərində axtarmaq istəsək, ən münasib üsul kimi göl və dənizlərə verilən adlara baxmaq lazım gələcək. Bütöv Avrasiya məkanında isə belə bir yer yalnız İkiçayarasının quzeyindən ətrafdakı dəniz adlarına baxanda görünə bilir: karta

Xəritədən də göründüyü kimi, güneydə iki Qırmızı dəniz vardır, bu dənizlərdən biri bugün də həmin adla bəllidir, Dəclə-Fərat çaylarının töküldüyü ikinci dəniz isə qədim qaynaqlarda Qırmızı dəniz adlanırdı.8 Quzeydə Qara-dəniz, batıda -dəniz adları kimi, doğuda da Göycə-dəniz (Xəzər) adı yuxarıda verilən sxemə uyğun gəlir. Belə ki, Xəzər dənizinin 70-dən artıq adı olmasına baxmayaraq, xalq arasında «Göy Xəzər» deyimi işlənir. Görkəmli tədqiqatçı B.Ögəl «Dədə Qorqud» kitabında adı keçən Gökçə dənizin Xəzər olduğunu yazır.9 Güney rusların folkloru da Xəzər dənizinin adını Göy-dəniz kimi verir. Doğuda Göycə gölü kimi, keçmişdə Urmu gölünün adı da Göy-göl idi.10

Bu da maraqlıdır ki, Yapon yazarı Fuyumi Ono paralel dünyadan bəhs edən «Oniki krallıq» (dzyu:ni kokuki) adlı fantastik silsilə romanında dəniz adlarını yuxarıdakı türk boya sistemi ilə vermişdir. Bu roman üzrə cizgi filmi də çəkilmişdir. Romana aid xəritə-sxemin ortasında Sarı-dəniz yazılsa da, əsərdə bu otra bölgə (özək) dörd dənizlə əhatə olunmuş quru dağlıq bölgə kimi təsvir olunur: 11

Türk dillərində boyaların verdiyi informasiyaya görə, prototürklərin ilkin yurdu Ön Asiyada Anadolunun güney-doğu bölgələri və Azərbaycan olmuşdur. İlk əkinçilik mərkəzi olan və ilk araba-təkərin də ortaya çıxdığı bu bölgədə arxeoloji bəlgələr göstərir ki, daş dövrünün sonundan tunc dövrünün sonunacan burada maddi-mədəni izi görünən xalq dəyişməmiş, yalnız m.ö. IV minillikdə buradan doğu ölkələrə böyük miqrasiyalar başlamışdır və təsadüfi deyil ki, 12 minillik yaşı ilə dünya tarixinin yeni səhifəsini açan Göbəklitəpə tapınaq məbədi də bu prototürk Atayurdunun yaxınlığında, yazının ilk meydana gəldiyi çağlarda adı yazlı qaynaqlara düşən subar boylarının yaşadığı ərazilərinin qonşuluğunda üzə çıxmışdır.

Boya bildirən sözlərdə cəhət anlamının yaranma səbəblərindən fərqli olaraq, istiqamət-yön bildirən sözlərdə cəhət anlamının yaranması daha çox coğrafi durumala (landşaftla) bağlı olur. Y.İ. Ubryatova yazır ki, saxa dilində soğoru//soñoru (yuxarı) və xotu (aşağı) sözlərinin «quzey», «güney» anlamı Lena çayı hövzəsində yerləşəndən sonra onların dilində yaranıb, çünki bu çay aşağıdan (güneydən) üzüyuxarı quzeyə axır.12

Yön bildirən sözlərin cəhət anlamında qədim miqrasiya istiqamətini düzgün yorumlayan F. Latıpov yazır ki, hindavropa xalqlarının dilindəki güney sözünün «ön» anlamı ilə bu xalqların güneyə miqrasiyasını müəyən edirlərsə, eyni yöntəmlə türk boylarının da doğu sözündə «ön», arxa sö-zündə «batı» anlamı türklərin batıdan doğuya miqrasiyasını göstərir. İlkin türk Atayurdu probleminə də aydın məntiqlə baxan, bu yurdun Güney-Doğu Anadolu olduğunu və türklərin buradan batı, doğu, quzey yönlərə miqrasiyası ilə türk dillərinin üç bölümə ayrılmasını vurğulayan yazar bu köçlərin m.ö. II minildən öncə baş verdiyini yazır.13

Yön və cəhət bildirən sözlərin yalnız tuva dilində monqol dillərinə uyğun gəldiyini vurğulayan A.N. Kononov çuvaş, saxa (yakut), tofalar dillərinin isə türk sistemini saxladığını və bu sistemin göytürk yazılarında da əks olunduğunu qeyd edib, öñ (iləri, ilgərü) tərəfin «doğu», arxa (geri) tərəfin «batı», sağ tərəfin «güney», sol tərəfin «quzey» anlamı daşıdığını yazır.14 Türkoloqlar sırasında avtoritet sayılan bu akademikin yorumuna uyğun olaraq, türklərin batıdan döğuya getməsini, miqrasyanın yönünü belə sxemlə vermək olar:

Prototürklərin ilkin Atayurdunun Azərbaycan və Güney-Doğu Anadolu olduğunu nəzərə alsaq, aydın olar ki, doğuya gedən türk boylarının doğu sözündə «ön», geri sözündə isə «batı» çaları onların batıdan doğuya miqrasiyasını göstərir. Doğuya yönəlik miqrasiyaların 5-6 minil öncə başlanıb tunc çağının sonunacan davam etməsi arxeoloji bəlgələrdə də görünür. Ön Asiyadan doğuya gedən boylar bu uzun yolu beş-on ilə deyil, yüzillər boyunca nəsilləri dəyişə-dəyişə getmişlər, bu yöndə böyük köç yaşamını dadmış nəsillərin dilində arxa-ön, sağ-sol sözlərinə əlavə anlam yüklənmiş və bu anlamlar yaddaş saxlancına sızılıb, doğu türk boylarını dilində günümüzəcən qalmışdır. Atayurdda qalan Azərbaycan türklərinin dilində isə doğu türk dillərindən fərqli olaraq, yön bildirən sözlərdə həmin cəhət anlamları yoxdur, çünki böyük köçlərə quşulub doğuya getməyən, batıda qalan boyların dilində həmin əlavə anlamlar yarana bilməzdi.

Boya-cəhət və yön-cəhət sözləri aydın göstərir ki, türklərin doğudan batıya gəlməsi görüşünü irəli sürən «altayistlərin» yorumları tam yanlışdır, çünki türklərin ilkin migrasiyaları Güney-Doğu Anadolu və Azərbaycandan doğuya olmuşdur və çox sonralar bəzi türk boyları yenidən Atayurda qayıtmışlar, Urmu teoriyasının baxışı belədir. «Altay dilləri ailəsi» baxışı üzərində qurulan Altay teoriyasının özəyini təşkil edən türk və monqol dilinin genetik qohumluğu tezisini yön bildirən sözlərdə fərqli cəhət anlamları da təkzib edir:

Verilən müqayisədən göründüyü kimi, eyni yönü bildirən sözlərin türk və monqol dillərində fərqli cəhət anlamları var. Bu aydın göstərir ki, Urmu teoriyasının təsbit etdiyi kimi, ilkin yurdla bağlı olan bu bəlgə də türk və monqol etnoslarının qohum olmadığını bildirir. Monqol və türk etnoslarının əlaqəsi genetik yox, sonrakı olaydır.15 Yuxarıda verilən yorumları toparlayıb, türk mifologiyasında yer alan boya və yön bildirən sözlərin «cəhət» anlamına uyğun sistemi bu sxemləri ortaya çıxarır: reng1

Göründüyü kimi, türklərin qədim köçləri Batıdan Doğuya olmuşdur, ancaq bu gerçək durumu bəzi türkoloq, etnoloq və tarixçilər hələ də görə bilmir və ya görmək istəmirlər. İsbat olunmamış «Altay» teoriyasını (əslində fərziyəsini) aksioma sayıb, iki əsr boyunca kitabdan-kitaba daşıyanlar və ya daşıtdıranlara görə, Altay dilləri dağılandan sonra türklər monqol soydaşlarından ayrılıb batı ölkələrə köçmüşlər və ilk köçlər də 2300 il öncə Hun çağından başlanmışdır. Halbuki, Urmi teoriyasına görə, Ulu (prototürk) türk dili 5-6 minil əvvəl dağılıb, öntürk dillərinə ayrılmışdır, öntürk dillərinin daşıyıcılarından bir-iki qol 4-5 minil öncə dalğa-dalğa doğuya köçmüş və oralarda yeni (ikinci) Atayurdlar salmışlar. Sonrakı çağlarda isə 2700 il öncə saqa-qamər boylarının Ön Asiyaya qayıdışı ilə başlanan ilkin Atayurda geri dönmələr Səlcuqlu köclərilə sona çatmışdır.

Doğuya köçün çağını və yönünü arxeoloji bəlgələr göstərdiyi kimi, sonrakı çağlarda yazılı qaynaqlar da bu yöndə bilgi veriri. Doğuda Türk adının ortaya çıxması Güney Azərbaycandan gedən qədim turuk boyadı və orada yaranan Su bəyliyinin adı Anadolu-Azərbaycanla bağlı idi. Bir sıra türkçülər kimi, türklərin ilkin yurdunu Altay-Monqolustan sayan Z.Göyalp da qəim köçün batıdan doğuya olduğunu dolayısı ilə etiraf edir və yazır ki, türklərin buradan doğuya köçməsi türk dastanlarından Çin qaynaqlarına sızan bilgilərdə əks olunmuşdur, türk (turuq) adını tukyu kimi verən Çin qaynaqları onların Azərbaycandan çıxdığını qeyd edir. Qaynağa görə, öncə Xəzərin (Batı dənizin) batı tərəfində, yəni Azərbaycanda yaşayan tukyular Su çarlığından çıxmış və Aşina soyu Xəzərin doğusunda Kao-Çanq ölkəsinə, sonra da buradan cücenlər ölkəsinə keçmişlər. 16

«Azərbaycan qədimdən türklərin ölkəsidir» deyən İbn Hiçam kimi, Təbəri də qədim qaynaqlarda Azərbaycanın türk ölkəsi (məmləkəti) kimi verildiyini vurğulayır və qeyd edir ki, Musa peyğəmbərin vaxtında İranın mifik hökmdarı Mənuçehrə tabe olan və müharibələrdə göstərdiyi igidliyə görə Er-Ra’iş ləqəbini alan Yəmən hakimi Haris bin Ebu-Südad yürüşlərindən birini də Mosula yönəldir. Süvari bölüklərinə Şemir bin Attaf adlı birini başçı təyin edib, türk məmləkətinə göndərir: «Şemir Azərbaycana sahib olan türklər üzərinə yürüdü, savaş ərlərini öldürərək çoluq-çocuqlarını əsir aldı. Sonra bu səfərdə olub-bitənləri iki daşın üzərinə yazdırdı ki, bunlar Azərbaycanda marufdur».17

Beləliklə, boya-cəhət və yön-cəhət sözlərinin verdiyi bilgi bir sıra qaynaqlarda yer alan bəlgələrlə üst-üstə düşür və aydın olur ki, Güney-Doğu Anadolu və Azərbaycandan doğuya getmiş və çox sonralar bəzi türk boyları Atayurda qayıtmışdır.

Qaynaq və notlar.



1 Afanasyev A.N. Derevo jizni.M. 1982, 48.

2 Kononov A. N. Sbosobı i terminı opredeleniya stran sveta u tyurkskix narodov. «Tyurkologiçeskiy sbornik», 1974, 73-74.

3 Çagdurov S.Ş. Proisxojdeniye Geseriadı. Novosibirsk, 1980, 118-119; Ağasıoğlu F. Doqquz Bitik (II Bitik), 2014, 29.

4 Xrestomatiya po Drevnego Vostoka. M. 1963, 270, 276 (15-ci qeyd).

5 Terner V. Simvol i ritual. M. 1983, 96.

6 Gabain A.von. Vom Sinn symbolischer Farbenzeichnung. «AO» t.15, №1-3. Budapest, 1962, 115; Kononov A. N. Semantika tsvetooboznaçeniy v tyurkskix yazıkax. «Tyurkologiçeskiy sbornik», M. 1978, 160.

7 Qaynaq, bəlgə və boyalı sxemlər üçün bax: Orkun H. N. Eski türk yazıtları. Ankara, 1994, 23; .Ağasıoğlu F. II Bitik, 29-34.

8 Herodot, IV. 39; Strabon, XI. 13. 9; XI. 14.7.

9 Ögel B. Türk kültür tarihine giriş. IV c. Ankara, 1984, 466; Yaqut Həməvi Xəzərin farsca «Göy dəniz» (Əfkud dəryav) adlandığını qeyd edir (Əliyeva N. Azərbaycan Yaqut əl-Həməvinin əsərlərində. Bakı, 1999, 145).

10 Urmu gölünün adını Strabon λίμνη καποϋτα (kapauta) şəklində verir və «tünd göy» (κυάνη) mənası olduğunu bildirir (Strabon, XI. 14. 8); Plini də bu gölü Capotes (Kapot) kimi qeyd edir (Osnovı iranskoqo yazıkoznaniya. M. 1979, 235)); Hay qaynaqları bu adı «göy» (kaput) şəklində verir.

11 Fuyumi Ono xanım təsvir etdiyi boya-cəhət sistemi monqollarda olmasa da, yapon, kore və çin mifologiyasında vardır. Bu xalqların mifologiyasında, cəhətlər hətta ağac və añ türlərilə də bildirilir (Mifı narodov mira. I. 441).

12 Ubryatova E. İ. O yazıke dolqan. «Yazık i folklor narodov Sibirskoqo Severa». M.1966, 61.

13 Latıpov F. Elementı morfonoloqii etrusskoqo yazıka v svete pratyurkskoy qipotezı. «Azərbaycan filologiyası məsələləri», III, 1991, 106-107.

14 Кононов A.N, 1974, 73-74.

15 Jukovskaya N. L. Kateqorii i simvolika traditsionnoy kulturı monqolov. M. 1988, 157; G.Dörfer, B.A.Serebrennikov, M.S. Şerbak, B. Ögel, F. Zeynalov kimi başqa tanınmış türkoloqlar da monqol-türk qohumluğunun sübut olunmadığını söyləmişlər.

16 Göyalp Z. Türk töresi. İstanbul, 1977, 100-101.

17 Taberi. Milletler ve hükumdarlar tarihi. II, t. İstanbul, 1991, 540.

Yüklə 70,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə