İnformasiya iqtisadiyyatının metodu və əsas prinsipləri İnformasiya iqtisadiyyatının metodu və metodoloji yanaşmaları İnformasiya iqtisadiyyatının əsas prinsipləri



Yüklə 59,35 Kb.
tarix04.11.2017
ölçüsü59,35 Kb.
#8622

İnformasiya iqtisadiyyatının metodu və əsas prinsipləri
1. İnformasiya iqtisadiyyatının metodu və metodoloji yanaşmaları

2. İnformasiya iqtisadiyyatının əsas prinsipləri

3. İnformasiya iqtisadiyyatı ilə sənaye iqtisadiyyatının müqayisəli təhlili
1. İnformasiya iqtisadiyyatının metodu və metodoloji yanaşmaları

İstənilən digər elm kimi iqtisadiyyat da 2 növ - xüsusi və ümumi tədqiqat metodlarından istifadə edir. Xüsusi metodlar yalnız iqtisadiyyatda, ümumi metodlar isə başqa elmlərdə istifadə olunur. İqtisad elminin metodologiyasının təhlili üçün iqtisadiyyatın müasir elmlər sistemində nəzərdən keçirilməsi vacibdir. Sistemin elementlərinin qarşılıqlı əlaqləri istənilən elmin vacib tədqiqat obyektidir. Mexanika fiziki cisimlərin, kimya maddələrin, biologiya canlı orqanizmlərin, ekologiya təbiətin və insanların, fəlsəfə materiyanın və idrakın və s-nin qarşılıqlı əlaqələrini öyrənir. Əgər müxtəlif elmlərdə elementlərin qarşılıqlı əlaqəsi oxşar xarakterə malikdirsə, onda bu elmlər ümumi tədqiqat metodlarından istifadə edirlər. Məsələn, canlı orqanizmdə maddələrin qarşılıqlı əlaqəsi ilə onların cansız təbiətlə qarşılıqlı əlaqəsi arasında ümumi cəhətlər vardır. Tədqiqatın ümumi metodlarından istifadə bu halda qarışıq fənnin - biokimyanın yaranmasına gətirib çıxarmışdır.

İqtisadiyyat nemətlərin yaradılması, bölgüsü və istifadəsi zamanı təsərrüfat subyektlərinin baş verən qarşılıqlı əlaqələrini öyrənir. Belə qarşılıqlı əlaqələrin xarakteri cəmiyyətin inkişaf səviyyəsindən asılıdır. İbtidai dövrdə insanda bioloji xüsusiyyətlər üstünlük təşkil edirdi, ona görə də sosial qarşılıqlı əlaqələr simasız xarakter daşıyır və mahiyyət etibarı ilə həm üzvi (törəyib artan zaman), həm də fiziki (birgə əmək fəaliyyəti zamanı) maddələrin mübadiləsi kimi özünü göstərir. Sənaye dövründə qarşılıqlı əlaqənin üstün forması əl əməyinin maddi məhsullarının mübadiləsi olur ki, bunun hesabına da sənaye cəmiyyətində iqtisadi proseslər riyazi vasitələrin geniş istifadə olunduğu mexanika metodları vasitəsilə uğurlu şəkildə təsvir və tədqiq olunur. Ona görə də sənaye iqtisadiyyatı mexaniki xarakterə malikdir, yəni, mexanistik iqtisadiyyatı əks etdirir. İnformasiya dövründə şəxsiyyətlərarası xarakterə malik olan təsərrüfat subyektlərinin qarşılıqlı əlaqələri özünü unikal fərdlər arasında yaradıcı fəaliyyətin məhsullarının informasiya mübadiləsi kimi göstərir. Qarşılıqlı əlaqələrin bu növü ənənəvi olaraq sosiologiya çərçivəsində öyrənilir və bunun sayəsində həmin elmin metodları informasiya iqtisadiyyatı nəzəriyyəsində uğurla istifadə edilir. Ona görə də informasiya iqtisadiyyatı sosioloji xarakterə malikdir. Yəni, özünü sosioloji iqtisadiyyat kimi təqdim edir. Sosioloqların metodlarının tətbiqi sfrerasının iqtisad elmində geniş yayılması iqtisadiyyatın sosiallaşması adını almışdır. Bu termini elmə rus –amerkan sosioloqu Pitirim Sorokin gətirmişdir.

İndi isə informasiya (sosioloji) iqtisadiyyatının əsas metodoloji yanaşmalarını nəzərdən keçirək:



  • Şəxsi yanaşma. İnformasiya iqtisadiyyatının mərkəzi obyekti kimi unikal fərd çıxış edir. Burada sənaye iqtisadiyyatında olduğu kimi insanların oxşarlığına deyil, onların müxtəlif keyfiyyətlərinə xüsusi diqqət yetirilir.

  • Qrup yanaşması. Fərdlərin şəxsi keyfiyyətlərinin müxtəlifliyi onların fərdiyyətçilik fəlsəfəsinə əsaslanan sənaye iqtisadiyyatında nəzərə alınmayan sosial qruplarda birləşməsinə səbəb olur. Qrup yanaşması cəmiyyətin bircinsliliyi haqqındakı mexanistik postulata ziddir.

  • Psixoloji yanaşma. Fərdin iqtisadi davranışının tədqiqi zamanı, onun şəxsi keyfiyyətləri sistemində mühüm rol oynadığı psixoloji xüsusiyyətləri nəzərə alınır. Sənaye iqtisadiyyatında bir sıra vacib baza postulatlarını əsaslandırmaq üçün fiziologiyanın bəzi nəticələrindən istifadə olunur.

Şəkil 1.

İnformasiya iqtisadiyyatının metodu



  • Empirik yanaşma. İnformasiya iqtisadiyyatının əsas baza qaydaları dürüst empirik məlumatların təhlili əsasında qəbul edilir. Yəni, induktiv - xüsusidən ümumiyə doğru metodu üstünlük təşkil edir. Sənaye iqtisadiyyatında deduktiv prinsiplərdən istifadə olunur. Əsas nəzəri nəticələr ciddi empirik əsaslanmaya malik olmayan başlanğıc postulatlar sisteminin formal – məntiqi təhlili vasitəsilə əldə olunur.

  • Lokal yanaşma. İstənilən dövrdə və istənilən cəmiyyət üçün ədalətli olan universal qanunların mövcudluğu inkar olunur. Hər bir aşkara çıxarılmış qanunauyğunluq məkan - zaman, qrup və başqa bu kimi sərhədlərə malikdir. Sənaye iqtisadiyyatı universal qanunlar : əmək dəyəri, azalan səmərə, tələb və s. qanunlar sistemi üzərində qurulmuşdur. Bu sistem Nyutonun qanunlarının və enerjinin saxlanması qanununun da daxil olduğu mexanikanın universal qanunları sisteminə uyğun sistemdir.

  • Sosiometrik yanaşma. İqtisadi hadisələri xarakterizə edən kəmiyyət göstəriciləri sosioloji tədqiqatların və müşahidələrin əsasında əldə olunur. Güman edilir ki, iqtisadi göstəricilərin ölçülməsi insanların subyektiv qiymətləndirilməsinə əsaslanır. Məsələn, fərdin yaradıcılıq fəaliyyətinin davamlılığına bərabər olan kreativ rifahın miqdarı həmin fərdin anketləşməsi aparılmadan dəqiq müəyyən edilə bilməz. Sənaye iqtisadiyyatında göstəricilər sistemi obyektiv prinsiplər əsasında yaradılmışdır. İnsanların subyektiv fikirləri hesablama alqoritminə daxil edilmir. Ümumi daxili məhsulun kəmiyyəti buna misal ola bilər.

  • Fənlərarası yanaşma. İnformasiya iqtisadiyyatı iqtisadiyyat və sosiologiyanın kəsişməsində yerləşən fənlərarası elmdir. Sosiologiya ümumiləşdirici ictimai elm olmaqla, insanlararası qarşılıqlı əlaqələrin bütün formalarını öyrənir və ictimai elmlərin – fəlsəfə, psixologiya, hüquq və s. metod və nailiyyətlərindən istifadə edir. Bu nailiyyətlər hesabına bu elm informasiya iqtisadiyyatının inkişafına birbaşa təsir göstərir. Müasir iqtisadi təfəkkürün liberal istiqaməti çərçivəsində mürəkkəb sosial hadisələrin izahı və öyrənilməsi zamanı iqtisadi metodların istifadəsində əks olunan ziddiyyətli meyllər üstünlük təşkil edir. H.Bekkerin əsərlərində inkişaf etdirilmiş bu meyl iqtisadi imperializm kimi müəyyən edilir. Məsələn, siqaretin çəkilməsi H.Bekker tərəfindən öz ömür müddətini qısaltmaq hesabına zövq intensivliyini artırmağa qərar vermiş insanın rasional seçimi kimi qiymətləndirilir.


Cədvəl

İnformasiya iqtisadiyyatının və sənaye iqtisadiyyatının metodları




Aspekt

İqtisadiyyat

Sənaye

İnformasiya

1

Üstünlük təşkil edən metodlar

Mexaniki

Sosiologiya

2

İqtisadi obyekt

Simasızlaşdırma

Şəxsi

3

Cəmiyyət

Eynicinsli

Müxtəlif cinsli

4

İnsanın təbiəti

Fiziologiya

Psixologiya

5

Başlanğıc vəziyyət

Postulatlar

Təcrübə

6

Tədqiqatın xarakteri

Deduksiya

İnduksiya

7

Qanunlar

Universal

Lokal

8

Göstəricilər

Obyektiv

Subyektiv

9

Predmetlərarası əlaqə

İqtisadi imperializm

Fənlərarası


2. Informasiya iqtisadiyyatının prinsipləri

Kevin Kelli informasiya iqtisadiyyatının 12 prinsipini belə müəyyən etmişdir.



1. Fəaliyyətində yeni informasiya və kommunikasiya vasitələrini tətbiq etməklə başlayan biznes strukturları digər təsərrüfat strukturları ilə daha səmərəli və çox şaxəli əlaqələr formalaşdıra bilir.
2. İnformasiya iqtisadiyyatı ənənəvi iqtisadiyyatının 2 əsas prinsipi ilə ziddiyyət təşkil edir:

a) məhsulun qiyməti onun nadirliyi ilə müəyyən olunur.

b) məhsulun bolluğu onun qiymətini aşağı salır.
3. Informasiya iqtisadiyyatında iştirakçıların sayının artması buradakı fəaliyyəti gücləndirir. Ənənəvi iqtisadiyyatda rəqabətin güclənməsi inkişafa istehsalın artmasına səbəb olur. İnformasiya iqtisadiyyatında isə əməkdaşlığa meyl rəqabətə nisbətən daha üstun olduğu üçün, iştirakçıların sayının artması daha sürətli inkaşafa zəmin yaradır.
4. Informasiya iqtisadiyyatında sabit xərclər və marjinal xərclər ənənəvi iqtisadiyyata nisbətən çox cüzidir.Buna görə də məhsulun yayılması daha sürətli olur.
5. İnformasiya iqtisadiyyatında təsərrüfat gəlirləri daha sürətlidir və özü də bu faydalardan ənənəvi iqtisadiyyatdan fərgli olaraq tək bir kompaniya yox bütün təsərüfat obyektləri faydalana bilir
6. İnformasiya iqtisadiyyatında təcrübə ənənəvi iqtisadiyyata nisbətən daha tez yayılır,ona görə məhsul daha ucuz başa gəlir.

7. Informasiya iqtisadiyyatında məhsulun dəyəri onun istehsalının artımı ilə azalmır.


8. Informasiya iqtisadiyyatında birgə əməkdaşlığa meyl güclü olur, çünki burada gəlirin max-sı əməkdaşlıq zəminində daha da güclənir. Ənənəvi iqtisadiyyatda rəqabətə meyl daha güclüdür. İnformasiya iqtisadiyyatında isə əməkdaşlığa meyl daha güclü olur. Bu da mövcud standartların inkişafına gətirib çıxarır.
9. Informasiya iqtisadiyyatındakı müxtəliflik, çeviklik obyektiv olaraq iqtisadi sistemin daima yeniləşməsini təmin edir və onu məhv olmuş texnologiyalarda mövcud olmaqdan xilas edir.

10. İnformasiya iqtisadiyyatında ağır və maddi substansiyalar rahat və ”yüngül” informasiyalı substansiyalar ilə əvəz olunur və iqtisadi sistem daha çox biosistemi xatırladır. Ənənəvi iqtisadiyyatda ənənəvi istehsal inkişaf edir və gələcəkdə yeni texnologiyaların tətbiqi hesabına iqtisadi artım baş verir.

İnformasiya iqtisadiyyatında iqitasadi inkişafın əsas mənbəyi informasiyanın özüdür.

11. Informasiya iqtisadiyyatı daha çox özünü tənzimləmə və özünü yeniləmə mexanizmlərinə malikdir.

12. İnformasiya iqtisadiyyatı bütün orijinal qərarları və imkanları stimullaşdırır həm fərdi, həm də korporativ fəaliyyəti gücləndirir.
3. İnformasiya iqtisadiyyatı ilə sənaye iqtisadiyyatının müqayisəli təhlili

Sənaye (ənənəvi) iqtisadiyyatı və onun informasiya iqtisadiyyatı ilə əvəz edilməsinin qısa müqayisəli təhlilini aparaq:



  1. Məhsul. Sənayeləşmiş cəmiyyətdə məhsulun əsas növü kimi maddi obyekt çıxış edirsə, informasiya cəmiyyətində bu – maddi formada olmayan informasiya obyektidir. İnformasiya cəmiyyətinin yaradılması dövründə iqtisadiyyatda əsas rolu mürəkkəb maddi-informasiya məhsulları: disketlər, disklər, videokassetlər və s. oynayır. Sənaye cəmiyyətində maddi istehsal, informasiya cəmiyyətində isə informasiya istehsalı üstünlük təşkil edir.

  2. Əmək. Sənaye cəmiyyətində əməyin əsas növü kimi məhsuldar əmək hesab edilən sadə (fiziki, əl əməyi, yorucu, ixtisassız) əmək çıxış edir. Bu zaman yaradıcı əmək qeyri-məhsuldar hesab edilir. Informasiya cəmiyyətində əksinə olaraq yaradıcı əmək üstünlük təşkil edir. Burada yaradıcı əmək məhsuldar, sadə əmək isə qeyri-məhsuldar hesab edilir. Zehni fəaliyyəti məhsuldar əməyə aid edən ilk iqtisadçı alman alimi Fridrix List olmuşdur.

  3. Kapital. Sənayeləşmiş cəmiyyətdə kapitalın əsas növü kimi maddiləşdirilmiş (xarici) kapital: bina, maşınlar, dəzgahlar və s. çıxış edir. İnformasiya cəmiyyətində intellektual (daxili) kapital, yəni təhsil, təcrübə, sağlamlıq və s. əsas rola malikdir. Daxili kapitalın ilk nəzəriyyəsi amerikan iqtisadçısı Heri Bekkerin insan kapitalı nəzəriyyəsidir.

  4. Sərvət. Sənaye cəmiyyətində sərvət dedikdə, insana məxsus olan maddi dəyərlər başa düşülür. Belə sərvət insana qarşı münasibətdə xarici sərvət kimi çıxış edir. Fiziki kapital maddi sərvətin tərkib hissəsidir. İnformasiya cəmiyyətində sərvət adı altında insanın daxili sərvəti – onun şəxsi keyfiyyətlər sistemi başa düşülür. İnsan kapitalı daxili sərvətin bir hissəsidir. İnsanın xarici sərvəti özgəninkiləşdirilə bilər, amma daxili sərvəti yox.

  5. Dəyər. Sənaye iqtisadiyyatında faydanın ictimai dəyəri onun bazar dəyəri ilə müəyyən edilir. Yəni, rifahın səmərəliliyi insanın maddi sərvətini artırmaq qabiliyyəti ilə bağlıdır. Sənaye iqtisadiyyatı nəzəriyyəsinin əsasını təşkil edən klassik məktəbdə əmək fəaliyyəti dəyər kimi çıxış edir. O, məhsulun hazırlanmasına sərf olunan sadə əməyin həcminə bərabərdir. İnformasiya iqtisadiyyatında rifahın ictimai dəyəri insanın ali fəaliyyətinin müddətini artırmaq imkanı ilə müəyyən olunur. Bu halda dəyər özünü yaradıcı dəyər kimi göstərir. Beləliklə, əmək dəyəri və yaradıcı dəyər eyni ölçü vahidinə - insanın həyat fəaliyyətinin müddətinə bərabərdir.

6. Tələbat. Sənaye iqtisadiyyatı nəzəriyyəsində istehlak maddi məhsulun məqsədli istifadəsi kimi başa düşülür. Ona görə də tələbat maddi nemətlərin təsnifatı əsasında təsnifləşdirilir. Təsdiq edilmişdir ki, insan rifahın müəyyən olunmuş sinfi ilə təsbit olunmuş çoxlu sayda tələbata: qidaya, geyimə, mənzilə və s. olan tələbatlara malikdir. İnformasiya iqtisadiyyatı nəzəriyyəsində istehlak insanın ali fəaliyyətinin nəticəsinin artırılması məqsədilə məhsulun (maddi və ya informasiya) istifadəsi kimi başa düşülür. Bu halda istənilən rifahın istehlakının səmərəli nəticəsi universal məqsəd göstəricisinin artırılmasından ibarətdir. Ona görə də rifahın təsnifatı mənasını itirir. Onların hamısı yaradıcı fəaliyyətdə insanın əsas tələbatlarını təmin edir. Bu zaman ənənəvi iqtisadiyyatda baxılan bütün digər tələbatlar ikinci dərəcəli, köməkçi kimi çıxış edirlər.

7. Rifah. Sənaye cəmiyyətində insanın rifahı maddi rifahların (pul gəlirlərinin) axını ilə, ictimai rifah isə müəyyən dövr ərzində milli gəlirin kəmiyyəti ilə ölçülür. Maddi rifahı eləcə də iqtisadi rifah adlandırırlar. İqtisadi rifah nəzəriyyəsi ingilis iqtisadçısı Artur Piqu tərəfindən yaradılmışdır. İnformasiya cəmiyyətində isə insanın rifahı kreativ rifahın axını (yaradıcılıq dövrü) ilə, ictimai rifah isə konkret dövr ərzində cəmiyyətin bütün üzvlərinin yaradıcı fəaliyyətinin ümumi davamlılığı ilə ölçülür. Bu halda rifahı kreativ adlandırırlar.

8. Pul. Sənaye cəmiyyətində rifah pul formasına malikdir. Buna görə də pul təsərrüfat subyektlərinin iqtisadi fəliyyətinin son məqsədinə xidmət edir. İnformasiya cəmiyyətində isə insanın son məqsədi ali fəaliyyət hesab olunur. Pul isə kreativ rifahın artırılması vasitəsi kimi çıxış edir.

9. Sosial qarşılıqlı fəaliyyət. İstənilən cəmiyyətdə iqtisadiyyatın fəaliyyəti sosial qarşılıqlı əlaqələrə - fərdlərin birgə ictimai fəaliyyətlərinə əsaslanır və nəticədə onların rifah vəziyyəti dəyişir. Sənaye cəmiyyətində simasızlaşdırılmış və pul tədavülü vasitəsilə ifadə olunmuş əmtəə mübadiləsi şəklində qarşılıqlı fəaliyyət üstünlük təşkil edir. İnformasiya cəmiyyətində sosial qarşılıqlı fəaliyyətdə yaradıcı əməyin məhsullarının informasiya mübadiləsi forması üstünlük təşkil edir. Bu qarşılıqlı fəaliyyət şəxslərarası xarakterə malikdir və birbaşa (məs.qarşılıqlı münasibətlər) və vasitəli mədəniyyət (məs.kitabların yazılması) institutlarına bölünür.



10. İnsan modeli. Sənaye iqtisadiyyatı nəzəriyyəsi “iqtisadi insan” modelinə, informasiya iqtisadiyyatı nəzəriyyəsi isə “yaradıcı insan” modelinə əsaslanır. Bu modellər növbəti mövzularda nəzərdən keçiriləcəkdir.
Cədvəl

İnformasiya iqtisadiyyatı və sənaye iqtisadiyyatı




Aspekt

İqtisadiyyat

Sənaye

İnformasiya

1

Məhsul

Maddi

İnformasiya

2

Əmək

Sadə

Yaradıcı

3

Kapital

Fiziki

İnsan

4

Sərvət

Zahiri

Daxili

5

Dəyər

Əmək məsrəfləri

Yaradıcılıq vaxtı

6

Tələbat

Çox

Bir

7

Rifah vəziyyəti

İqtisadi

Kreativ

8

Pul

Məqsəd

Vasitə

9

Qarşılıqlı fəaliyyət

Əmtəə

Şəxslərarası

10

İnsan

İqtisadi

Kreativ







Yüklə 59,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə