İnformasiya iqtisadiyyatının predmeti



Yüklə 75,19 Kb.
tarix17.10.2017
ölçüsü75,19 Kb.
#5186


İnformasiya iqtisadiyyatının predmeti


  1. Informasiya iqtisadiyyatı kursuna giriş

  2. Ənənəvi iqtisadiyyatın iqtisadi məktəblərinin əsas nəzəriyyələri

  3. İnformasiya cəmiyyətinin əsas meyarları

1. Informasiya iqtisadiyyatı kursuna giriş

İnformasiya iqtisadiyyatı ayrıca tədris fənni kimi formalaşma mərhələsindədir. İnformasiya iqtisadiyyatı termininin özü bu yaxınlarda – 1998-ci ildə Manuel Kastelsin «İnformasiya dövrü: iqtisadiyyat, cəmiyyət və mədəniyyət» adlı məşhur monoqrafiyasının nəşrindən sonra geniş elmi dövriyyəyə daxil olmuşdur. Bu kitab müasir dünyada informasiyanın rolunun dərk edilməsi və informasiya cəmiyyətinin mükəmməl iqtisadi nəzəriyyəsinin yaradılması cəhdinə təkan vermişdir. Lakin indiyə qədər belə nəzəriyyə yaradılmayıb. Buna əsas səbəb meynstrim (ingiliscə mainstream − başlıca istiqamət) məktəbinin əsasını təşkil edən sənaye iqtisadiyyatı prinsiplərinin iqtisad elmində hələ də hökmran olmasıdır. «Mikroiqtisadiyyat» və «Makroiqtisadiyyat» kimi baza iqtisad kursları tələbələrə aşkar və müzakirəsinə ehtiyac olmayan fikirlər kimi təqdim edilən sənaye nəzəriyyəsinin köhnəlmiş postulatları üzərində qurulmuşdur. Sınaqdan çıxarılmış ənənəvi tədris kurslarının vasitəsi ilə köhnə iqtisadiyyat artıq yüz ildən çoxdur ki, özünü təkrarlayır. Yeni iqtisadi paradiqmanın təşəkkül tapması isə xeyli vaxt tələb edir. İnformasiya iqtisadiyyatı hələ sənaye iqtisadiyyatı kimi bütövlüyə malik olmadığından öyrənəcəyimiz kurs ənənəvi tədris kursları ilə müqayisədə daha fraqmentar və eklektikdir.

Kursun əvvəlində informasiya cəmiyyətində «iqtisadi insan» modelini əvəz edən «kreativ insan» (ingiliscə creative – yaradıcı) modelinin təsviri verilir. Təqdim olunan model bütün informasiya iqtisadiyyatı nəzəriyyəsinin etik təməlini yaradır, çünki bu modeldə müasir insanın öz yaradıcı imkanlarını reallaşdırmaqdan, şəxsi keyfiyyətlərini inkişaf etdirməkdən ibarət olan başlıca məqsədi postulat kimi qəbul edilir. İnsanın kreativ izahı informasiyaya da eyni cür baxılmasını şərtləndirir. Hazırda elmdə informasiya daha çox mexaniki şəkildə, mücərrəd simvolların məcmusu kimi şərh edilir. Bu cür texnokratik yanaşma informasiyanı, hər şeydən əvvəl, süni bir qurğunun məhsulu kimi təqdim edir, insana isə ikinci dərəcəli rol verir. Bu kursda informasiya yalnız insanın ali fəaliyyətinin məhsulu kimi nəzərdən keçirilir, həm də yaradıcılığın nadir məhsulu maddi əmtəəyə qarşı qoyulur. Əgər cəmiyyətin inkişafının sənaye mərhələsində fəaliyyətin əsas növü sadə əmək, rifahın başlıca növü maddi məhsul, sosial qarşılıqlı fəaliyyətin prinsipi əmtəə mübadiləsi idisə, informasiya mərhələsində yaradıcılıq, informasiya məhsulları və unikal fərdlər arasında şəxslərarası informasiya mübadilələri üstünlük təşkil edir.

Kursun metodoloji bölməsində informasiya iqtisadiyyatının sosioloji xarakteri açılır. Mahiyyətcə unikal olan «kreativ insan» konsepsiyasının qəbul olunması fərd­lərin müxtəlifliyinin və insanlararası qarşılıqlı fəaliyyət sisteminin tədqiqini, yəni sosiologiya metodlarından istifadəni nəzərdə tutur. İnformasiya cəmiyyəti nəzəriyyəsi sosioloji iqtisadiyyat kimi çıxış edir.

Kursun digər bölməsində informasiya iqtisadiyyatının nəzəri mənbələrini təşkil edən fəlsəfi, sosioloji və iqtisadi konsepsiyalar şərh olunur, informasiya iqtisadiyyatının nəzəri əsasları izah edilir, yaradıcı fəaliyyətin müddəti ilə ölçülən kreativ rifah mərkəzi iqtisadi kateqoriya kimi təqdim olunur. Ümumiyyətlə, haqqında bəhs edilən informasiya cəmiyyətinin iqtisadi nəzəriyyəsi mahiyyət etibarilə kreativdir, çünki yaradıcı fəaliyyətin mütləq dəyəri haqqında etik ideyaya əsaslanır.

Kursda informasiya iqtisadiyyatı modellərinə xüsusi diqqət yetirilir və onların əsasını təşkil edən baza ehtimallarının müxtəlifliyi göstərilir. Onların bəziləri informasiya iqtisadiyyatının kreativ prinsiplərini, digərləri isə sənaye iqtisadiyyatının mexaniki prinsiplərini əks etdirir. Müxtəlif modellərdə köhnə postulatlarla yeni postulatların nisbətləri müxtəlifdir, ona görə də bəzi modellər ənənəvidir (məsələn, «limon» bazarı modeli), bir başqaları isə daha çox «informasiya» xarakterlidır (məsələn, yaradıcı sahibkarın tarazlığı modeli).

Kursun sonrakı hissəsində informasiya iqtisadiyyatının fəaliyyətinin praktiki məsələləri öyrənilir. Burada informasiya iqtisadiyyatının təşəkkül tapdığı keçid dövründə mərkəzi rol oynayan institutlar nəzərdən keçirilir. Onlar həm köhnə, həm də yeni cəmiyyətin xüsusiyyətlərinə malik olduğuna görə daha vacibdir. İntellektual mülkiyyət institutu həm aradan qalxmaqda olan xüsusi mülkiyyətin, həm də yeni yaranan fərdi mülkiyyətin xassələrini daşıyır. Fərdi mülkiyyətin obyektləri isə fərdin yalnız özünə məxsus olan şəxsi keyfiyyətləridir.

İnformasiya iqtisadiyyatı kursunda həmçinin sahibkarlıq fəaliyyəti tədqiq olunur və kreativ iqtisadiyyatın ümumi prinsiplərinin təşkilatın idarə olunması səviyyəsinə yüksəldilməsi göstərilir. Sonda isə virtual korporasiyalar, elektron hökumət və elektron kommersiya haqqında zəruri biliklər verilir.

İnformasiya iqtisadiyytı fənni «İqtisadi nəzəriyyə», «Mikroiqtisadiyyat», «Makroiqtisadiyyat», “Dünya iqtisadiyyatı” və digər baza iqtisad fənləri ilə əlaqəli öyrənilir.


2. Ənənəvi iqtisadiyyatın iqtisadi məktəblərinin əsas nəzəriyyələri

İqtisadiyyat termini iki müxtəlif anlayışı ifadə etmək üçün istifadə olunur.

Birinci, iqtisadiyyat – rifah, yəni, insanın həyatı və inkişafı üçün vacib olan obyektlərin yarandığı, bölüşdürüldüyü və istifadə olunduğu ictimai həyat sferasıdır. Bu halda iqtisadiyyat özündə hər hansı subyektiv qiymətləndirmədən asılı olmayan obyektiv reallığı əks etdirir. O, təcrübi iqtisadiyyatdır. Təcrübi iqtisadiyyatın əsas tərkib elementi empirik (yunanca empeiria – təcrübə deməkdir) metodlarla aşkara çıxarıla və tədqiq oluna bilən iqtisadi hadisə - dayanıqlı proses olur. İqtisadi hadisələr arasında qarşılıqlı əlaqə fiziki, məntiqi, riyazi və s. obyektiv qanunlara tabedir. Buna görə də, bir cəmiyyətə və bir zaman kəsiyinə aid olan iqtisadi hadisələr öz aralarında razılaşdırılmışdır və bir – birinə zidd ola bilməzlər.

İkinci, iqtisadiyyat – rifahın yaranması, bölgüsü və istifadəsini öyrənən elmdir. Bu halda iqtisadiyyat özündə insanın unikal şəxsi keyfiyyətlərindən asılı olan şüur məhsulunu əks etdirir və buna görə də subyektiv xarakter daşıyır. Bu nəzəri iqtisadiyyatdır,onun tədqiqat və öyrənilmə obyekti isə təcrübi iqtisadiyyatdır.

Nəzəri iqtisadiyyatda eyni zamanda bir – birinə zidd olan nəzəriyyələr mövcud ola bilər. İqtisadçılar arasında əhəmiyyətli sayda tərəfdar tapan və bununla yanaşı, öz aralarında razılaşdırılmış nəzəriyyələr sisteminin yaradılması üçün əsas olan nəzəriyyə iqtisadi məktəbi yaradır. Bir – birinə zidd olan iqtisadi məktəblərə klassiklər və sosialistlər, neoklassiklər və institusionalistlər, keynsçilər və monetaristlər və s. misal göstərilə bilər. Ümumi baza müddəalarına malik olan iqtisadi məktəblər iqtisad elmində istiqaməti formalaşdırır. İki əsas istiqaməti ayırırlar: liberal və sosial – institusional. Liberal istiqamətə fiziokratlar, klassik siyasi iqtisad, maltuziançılıq, marjinalizm, neoklassik məktəb, monetarizm, iqtisadi imperializm və s. aid edilir. Sosial – institusional istiqamətə utopik sosializm, marksizm, tarixi məktəb, institusionalizm və s. aid edilir.

Hər bir iqtisadi məktəbin empirik əsası bu məktəbin ardıcıllarının fikrincə, vacib, yəni, bütün iqtisadi sistemin fəaliyyətini müəyyən edən hər hansı hadisədir. Bu hadisəni iqtisadi dominant adlandırırlar. Əgər bu iqtisadi hadisə təcrübi iqtisadiyyatda obyektiv olaraq dominant rolu oynayırsa, onda, iqtisadi məktəb adətən, nəzəri iqtisadiyyatda dominant mövqe tutur, yəni, hökmran olur. Əgər uzunmüddətli tarixi dövrdə bir – birini əvəz edən ideyalar bir istiqamətə aiddirsə, onda o, hökmran istiqamət olur. İqtisad elmində artıq üç yüz il ərzində liberal istiqamət hökmranlıq edir, buna görə də, onu həm də meynstrim kimi müəyyənləşdirirlər (ingiliscə mainstream – əsas istiqamət, əsas xətt deməkdir). Bütün liberal məktəblər üçün ümumi olan iqtisadi dominant maddi əmtəələr istehsalı və ya sənaye istehsalının müəyyənedici həcmi ilə ifadə olunur. Buna görə də, liberal iqtisadi nəzəriyyələr sistemini sənaye iqtisadiyyatı nəzəriyyəsi və ya sadəcə, sənaye iqtisadiyyatı kimi xarakterizə etmək olar. Başqa sözlə, sənaye iqtisadiyyatı sənaye cəmiyyətinin iqtisadi nəzəriyyəsidir və ənənəvi iqtisadiyyat hesab olunur.

Hər bir iqtisadi məktəbin nümayəndələri arasında alternativ iqtisadi nəzəriyyələrin mövcudluğunu qəbul etməyən və öz məktəbini bütövlükdə iqtisad elmilə eyniləşdirən alimlərə rast gəlinir. Bu tendensiya özünü daha qabarıq şəkildə hökmran olan liberal istiqamətin tərəfdarları arasında göstərir. Beləliklə, A.Marşall tərəfindən neoklassik nəzəriyyənin ifadə olunması üçün ekonomiks (ingiliscə economics – iqtisadi nəzəriyyə deməkdir) hal – hazırda iqtisad elminin sinonimi kimi istifadə olunur. Bu zaman iqtisadiyyat əsassız olaraq sənaye iqtisadiyyatı ilə eyniləşdirilir.

Hər hansı bir dominantla xarakterizə olunan tarixi dövrü iqtisadiyyatın inkişaf mərhələsi adlandırırlar. Hər mərhələyə öz nəzəriyyələrinin empirik bazisi qismində dominantlıq edən iqtisadi hadisəni seçən hökmran məktəb uyğun gəlir. İqtisadi məktəbin adı əksər hallarda müvafiq iqtisadi dominanta göstərişi özündə əks etdirir:



  • Merkantitlizm. Bu termin ingiliscə merchant sözündən yaranmışdır və “tacir” deməkdir. İqtisadi dominant – bazarların formalaşması, ticarət sferasının genişlənməsidir. Bu məktəbin çiçəklənmə dövrü – XVII əsrdir.

  • Fiziokratiya yunancadan “təbiətin hökmranlığı” kimi tərcümə olunur. İqtisadi dominant – kənd təsərrüfatı əməyinin üstünlük təşkil etməsidir. Çiçəklənmə dövrü – XVIII əsrin ikinci yarısı, Fransa.

  • Klassik məktəb fiziki əməyin dəyərin yeganə mənbəyi olduğunu göstərən əmək dəyərliliyi haqqındakı postulat üzərində qurulmuşdur. İqtisadi dominant – fiziki əməyin və manufaktura istehsalının üstünlüyüdür. Çiçəklənmə dövrü – XVIII əsrin ikinci yarısı – XIX əsrin birinci yarısı, İngiltərə.

  • İnstitusionalizm. Məktəbin adının əsasında institut – tarixən formalaşmış ictimai ənənə anlayışı durur. İqtisadi dominant – təsərrüfat həyatına mədəni amillərin təsirinin güclənməsidir. Çiçəklənmə dövrü - XIX əsrin sonu – XX əsrin əvvəlləri, ABŞ.

Cədvəl

İqtisadiyyatın inkişaf mərhələləri



İqtisadi hadisə

İqtisadi nəzəriyyə

Məktəbin banisi

Dövr

1

Bazarların formalaşması

Merkantilizm

A. Monkretyen

XVII əsr

2

Kənd təsərrüfatı əməyinin dominantlığı

Fiziokratiya

F. Kene

XVIII əsrin ikinci yarısı

3

Əl əməyinin dominantlığı

Klassik məktəb

A. Smit

XVIII əsrin ikinci – XIX əsrin birinci yarısı

4

Bazar sisteminin böhranı

Marksizm

K. Marks

XIX əsrin ortaları

5

İstehlakın artımı

Avstriya məktəbi

K. Menger

XIX əsrin ikinci yarısı

6

İqtisadiyyatın özünütənzimləməsi

Neoklassik məktəb

A. Marşall

XIX əsrin ikinci yarısı

7

Mədəniyyətin iqtisadiyyata təsiri

İnstitusionalizm

T. Veblen

XIX əsrin sonu – XX əsrin əvvəli

8

Dövlətin müdaxiləsi

Keynsçilik

C. Keyns

XX əsrin ortaları

9

İqtisadiyyatın mədəniyyətə təsiri

İqtisadi imperializm

Q. Bekker

XX əsrin ikinci yarısı

10

Yaradıcı əməyin dominantlığı

İnformasiya iqtisadiyyatı

Y. Şumpeter

XXI əsr.

XX əsrin sonlarında inkişaf etmiş ölkələrin ictimai həyatında müəyyənedici rol oynamağa başlayan iqtisadi hadisə aydın şəkildə müəyyən edildi. Bu hadisə rifah istehsalında yaradıcı əməyin üstünlük təşkil edən əhəmiyyətindən ibarətdir. Yaradıcılıq adı altında heyvan və ya maşın tərəfindən həyata keçirilə bilməyən istənilən ali insan fəaliyyəti başa düşülür. Yaradıcı fəaliyyətin məhsulu sənaye əsri üçün xarakterik olan maddi deyil, informasiya məhsuludur. Beləliklə, müasir cəmiyyətdə yeni iqtisadi dominant köhnəni əvəz edir. Belə dəyişiklikləri cəmiyyət artıq bir neçə yüz ildir ki, yaşamamışdır. Rifah cəmiyyəti dominantlarının mahiyyət xarakteristikaları dəyişir. Birincisi, rifahın fiziki forması dəyişir: o, qeyri – maddi olur. İkincisi, rifahın iqtisadi forması dəyişir: o, qeyri - əmtəəyə çevrilir, yəni, informasiya məhsullarının yaradılması, bölgüsü və istifadəsi üzrə ictimai münasibətlər puldan istifadə edilməklə əmtəə mübadiləsi vasitəsilə ifadə olunmur. Beləliklə, sənaye iqtisadiyyatı informasiya iqtisadiyyatı ilə əvəz olunur.



İnformasiya iqtisadiyyatı terminini iki müxtəlif anlayışı ifadə etmək üçün istifadə edirlər. Birinci, informasiya iqtisadiyyatı yaradıcı əməyin üstün rolu və informasiya rifahı ilə xarakterizə olunan sivilizasiyanın inkişafının müasir mərhələsidir. İkincisi, informasiya iqtisadiyyatı – tədqiqat obyekti ilkin mənada informasiya iqtisadiyyatı olan nəzəriyyədir. Bu halda informasiya iqtisadiyyatı özündə informasiya cəmiyyətinin iqtisadi nəzəriyyəsini və ya informasiya iqtisadiyyatı nəzəriyyəsini əks etdirir.

İnformasiya iqtisadiyyatı nəzəriyyəsi öz inkişafının başlanğıc mərhələsindədir, belə ki, sivilizasiyanın informasiya mərhələsinə keçidi yalnız bir neçə onillik əvvəl başlamışdır. Hazırki dövrə qədər hələ ki, iqtisadçıların əksəriyyəti tərəfindən qəbul olunan bütöv informasiya iqtisadiyyatı nəzəriyyəsi formalaşmamışdır.


3. İnformasiya cəmiyyətinin əsas meyarları

İnformasiya cəmiyyətinin təyin olunması zamanı müxtəlif meyarlardan istifadə edilir: texnoloji, iqtisadi, əmək, məkan, istehlak və kreativ. Onları ətraflı nəzərdən keçirək.

1. Texnoloji meyar. Yeni texnologiyalar informasiya cəmiyyətinin yaranması əlaməti kimi qəbul olunur. Kabel və peyk televiziyası, kompüter şəbəkələri, fərdi kompüterlər, yeni ofis texnologiyaları və s. nəzərdə tutulur. Texnoloji yeniliklərin bu həcminin sosial yenidənqurmaya gətirib çıxaracağı göstərilir, çünki, onun cəmiyyətə təsiri böyükdür. Yaponiyada 1975 – ci ildən etibarən Rabitə və telekommunikasiya nazirliyi telefon danışıqları və informasiyanın çatdırılması vasitələrinin həcminin uçotu üçün mürəkkəb hesablama texnikasından istifadə edir.

Texnoloji meyarın əleyhinə aşağıdakı fikirlər irəli sürülür:



  • cəmiyyətdə informasiya – telekommunikasiya texnologiyalarının həcminin ölçülməsinin məqsədəuyğun vahidi mövcud deyildir;

  • texnoloji şkalada cəmiyyətin informasiya cəmiyyəti hesab oluna biləcəyi nöqtənin təyin edilməsi probleminin birmənalı həllinə nail olunması mümkün deyildir;

  • texnologiyalar sosial sahədən ayrılmazdır, onlar sosial olanın tərkib hissələridir.

Məsələn, bu və ya digər tədqiqatlar və elmi işləmələrlə bağlı qəbul edilən qərarlar sosial prioritetləri ifadə edir və bu qiymətləndirici mülahizələr əsasında bu və ya digər texnologiyalar inkişaf edir. Texnoloji determinizm əsassız olaraq texnologiyaya üstün rol verir. Lakin texnologiya qeyri – sosial hadisə kimi ictimai inkişafın əsas sosial amili ola bilməz.

2. İqtisadi meyar informasiyanın iqtisadi dəyərinin artımının hesaba alınmasını nəzərdə tutur. ÜDM – də informasiya biznesinin payının artımı informasiya cəmiyyəti istiqamətində hərəkət kimi izah olunur. Təhsil, hüquq, nəşriyyat işi, kütləvi informasiya vasitələri və kompüterlər istehsalını informasiya sahələrinə aid edən Frits Mahlup iqtisadi meyarı ilk istifadə edənlərdəndir. Mark Porat iqtisadiyyatın birinci və ikinci bölmələri arasında fərqi irəli sürdü. Birinci bölmə bilavasitə bazar dəyərini yaratdığından, ona dəqiq iqtisadi qiymət vermək olur. İkinci bölmədə bunu etmək daha çətindir, baxmayaraq ki, o, iqtisadiyyat üçün çox əhəmiyyətlidir, belə ki, özündə şirkətlər və dövlət qurumları daxilindəki informasiya fəaliyyətini əks etdirir (məsələn, şirkətlərdə personalın şöbələri).

İnformasiya cəmiyyətinin müəyyənləşdirilməsinin iqtisadi meyarı özünün nəzəri əsaslandırılmasını Herbert Şillerin əsərlərində tapmışdır. O, belə nəticəyə gəldi ki, informasiya və kommunikasiya ilə bağlı istənilən innovasiyayalara münasibətdə həlledici rol bazara məxsusdur: İnformasiya əmtəəyə çevrilməlidir, yəni, informasiyanın əldə edilməsi daha çox yalnız kommersiya əsasında mümkün olacaq. Bu baxımdan informasiya daha çox başqa ixtiyari əmtəələrə bənzədiləcək. Şiller iddia edirdi ki, bazar prinsipləri (daha çox gəlirin maksimumlaşdırılmasına cəhd edilməsi) informasiya sferasında eynilə bütövlükdə kapitalist cəmiyyətində olduğu kimi işləyir. Bu prinsipə uyğun olaraq istehsal edilən informasiyanın keyfiyyəti və kəmiyyəti onun satışından yüksək gəlir əldə etmək imkanının olmasından birbaşa asılıdır. Buradan belə nəticəyə gəlmək olar ki, bazarın göstərdiyi təzyiq özünü daha çox hansı növ informasiyanı, kimin üçün və hansı şəraitdə istehsal etmək lazım olması qərarında göstərir.

İqtisadi meyara qarşı aşağıdakı fikirlər irəli sürülür:



  • İnformasiya sektoruna məhz nəyi aid etmək məsələsinin həlli zamanı gizli interpretasiya və qiymətləndirici mülahizələrdən qaçmaq mümkün deyil. Nəticədə, informasiya sektorunun iqtisadi dəyəri şişirdilə bilər. Məsələn, Mahlup özünün “bilik sahəsinə” “informasiya binaları”nın tikintisini aid edir, bu isə, oxşar binaların, məsələn, universitet və kitabxanaların ucaldılmasının qida məhsulların saxlanması üçün anbar tikintisindən prinsipial şəkildə fərqləndiyini nəzərdə tutur. Porat özünün “ikinci informasiya sektoru”nu araşdırdığı zaman istənilən sahəni informasiya və qeyri – informasiya hissələrinə ayırır. Lakin bu cür “etmə” və “düşünmə” bölgüsü zamanı, məsələn, müxtəlif tipli funksiyaları özündə birləşdirən nəzarət kompüter sistemlərinin operatoru işini hara aid etmək lazım olduğunu anlamaq mürəkkəbləşir;

  • informasiya həcmlərinin ölçülməsinə dəyər yanaşması müxtəlif ictimai əhəmiyyətə malik olan iqtisadi fəaliyyətin ayrı – ayrı növlərini eyniləşdirir. Bu cür yanaşmada reklama xərclənmiş 1dollar elmi jurnalın nəşrinə xərclənmiş 1 dollara bərabərləşdirilir.

3. Əmək meyarı. Burada əhalinin məşğulluğunun strukturu və bu strukturun dəyişmə meylləri nəzərdən keçirilir. Fərz olunur ki, cəmiyyət öz inkişafının informasiya mərhələsinə məşğul əhalinin əksəriyyətinin informasiya sferasında işlədiyi zaman daxil olur. Bu cür yanaşma informasiyanın qeyri – fiziki əmək üçün “xammal” olması ilə əsaslandırılır. Məşğulluq sferasındakı dəyişikliklərdə informasiya texnologiyalarının təsiri deyil, informasiyanın transformasiya imkanlarının rolu daha çox nəzərə çarpır. Müasir iqtisadiyyatın hərəkətverici qüvvəsi əsas qabiliyyəti informasiyanın yaradılması və istifadəsi olan insanlardır.

Əmək meyarı özünün nəzəri əsasını Daniel Bellin əsərlərində tapmışdır. O, cəmiyyətin qurulmasının istənilən mərhələsində bütünlüklə və təmamilə əməyin dominantlıq edən tipi ilə müəyyənləşən tipologiyasını təklif edirdi. Bellə görə, əmək fəaliyyətinin ən geniş yayılmış növü bu və ya digər cəmiyyət üçün müəyyənedici əlamətdir. O, hesab edirdi ki, əgər sənayeyəqədərki cəmiyyətdə kənd təsərrüfatı əməyi, sənaye cəmiyyətində isə, manufakturalardakı əmək ən geniş yayılmış əmək idisə, postindustrial cəmiyyətdə başlıca rolu xidmətlər sferasında məşğulluq oynayır. Bell oxşar dəyişiklikləri əmək məhsuldarlığının yüksəlməsi ilə izah edirdi. Belə ki, məhsuldarlığın artımı ilə cəmiyyət müəllimlərin sayını, xəstəxanaların miqdarını və s. artırmaq imkanı qazanır. Sənaye nə qədər çox sərvət yaradırsa, bir o qədər daha çox xidmətlər göstərilə bilər və sənaye bir o qədər çox işçiləri xidmətlər sferasına buraxır. Xidmətlər sferasında əməyin avtomatlaşdırılması xüsusilə çətin olduğundan, onun işçilərinin sayı sənaye əməyinin məhsuldarlığının artımı qədər çoxalacaq. Buna görə də, məşğulluğun əhəmiyyətli dərəcədə azalmasından qorxmaq lazım deyil.

Əmək meyarına qarşı aşağıdakı fikirlər irəli sürülür:


  • əməyin informasiya və ya qeyri – informasiya tiplərinə aid edilməsinin obyektiv üsulu mövcud deyil. Məsələn, dəmir yolunda yol ayıranlar yollar, qatarların hərəkət cədvəli, marşrutlar və s. haqqında böyük informasiya ehtiyatına malik olmalıdırlar. Buna baxmayaraq, onlar çox güman ki, sənaye əsrinin işçilərinə aid ediləcəklər;

  • əmək meyarı məşğulluq sferasında strateji mərkəzi yer tutan işçiləri ayırmağa imkan vermir. O, informasiya işlərinin differensiasiyası üçün alət vermir və informasiya fəaliyyətinin müəyyən növlərinin cəmiyyət üçün vacib nəticələrə malik ola bilməsi faktını nəzərə almır. İnformasiya işçilərinin sadəcə hesablanması cəmiyyətdəki ierarxiyaların və bunlarla bağlı hakimiyyəti və bu işçilərin statusunu anlamaq üçün heçnə vermir. Beləliklə, müasir cəmiyyətlərdə yaşlı insanlar, ailə konfliktləri və çətin tərbiyə olunan yeniyetmələrin cəmiyyət səviyyəsində əhəmiyyətli problemləri ilə məşğul olan sosial işçilərin sayının sürətli artımı qeydə alınır. Bu işçilərin birbaşa informasiya texnologiyaları ilə əlaqəli olmamasına baxmayaraq, onları informasiya işçiləri kateqoriyasına aid etmək lazımdır;

  • informasiya cəmiyyətinin hərəkətverici qüvvəsi intellektuallardan və texniki ziyalılardan ibarət olan yeni sinifdir. Bu sinfin say tərkibinin necə artmasından asılı olmayaraq, o, məşğulların ümumi sayı ilə müqaisədə əhəmiyyətsizdir. Buna görə də, rəsmi stasistikanın sərt məlumatları şəklində ifadə olunan miqdar amili müəyyənedici amil deyildir.

4. Məkan meyarı coğrafi prinsipə əsaslanır. Burada əsas diqqət müxtəlif yerləri birləşdirilən və buna görə də, ictimai həyatın məkan – zaman aspektlərinə dərin təsir göstərə bilən informasiya şəbəkələrinə yönəlir. Bu cür yanaşma zamanı müasir cəmiyyət informasiya – şəbəkə cəmiyyəti kimi nəzərdən keçirilir.

Manuel Kastelsin informasional kapitalizm adlandırdığı kapitalizmin yeni forması informasiya şəbəkələrindən həm bilavasitə istehsalda işlərin görülməsi üçün, həm də bütün dünya üzrə marketinqin aparılması üçün istifadə edir. Şəbəkə cəmiyyətində işgüzar aktivlik real zamanda məkan məhdudiyyətləri olmadan baş verir ki, bunu da inkişaf etmiş informasiya – kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Nəhəng transmilli korporasiyalarda bürokratiya öz yerini şəbəkələrdə bütün dünya üzrə saziş bağlamaqla işləyən və özünəbənzərlərlə müvəqqəti işlədiyi şirkətə nisbətən daha çox bağlı olan informasiya işçilərinə verir. Korporasiya öz səlahiyyətlərini, əsasında qeyri-mərkəzləşdirmə, iştirak və koordinasiya prinsipləri duran, təşkilati özünüproqramlaşdırma və özünüidarəetmə vahidlərinə verir. Rəqabətin qloballaşması böyük korporasiyanı müxtəlifcinsli şəbəkələr toruna çevirir. Kastels hesab etmirdi ki, qlobal informasiya şəbəkələri milli dövlətlərin zəifləməsi deməkdir. Ona görə ki, qloballaşma meyllərinə baxmayaraq, bu prosesin bütün iştirakçılarının maksimal uyğunlaşmasına tələbat mövcud olur.

Məkan meyarına qarşı aşağıdakı fikirlər irəli sürülür:


  • şəbəkənin ciddi tərifini vermək son dərəcə mürəkkəbdir. Məsələn, poçt rabitəsini və ya naqilli telefonu şəbəkə hesab etmək olarmı? Son yüzillikdə iqtisadi, ictimai və siyasi fəaliyyəti bu informasiya şəbəkələri olmadan təsəvvür etmək mümkün olmadığından, sənaye cəmiyyətini də həmçinin, şəbəkə kimi nəzərdən keçirmək olar;

  • şəbəkə anlayışının iki müxtəlif izahı vardır. Texnoloji sistem kimi şəbəkə elementlərinin tərkibi və strukturu, həmçinin, özünün istismar imkanları ilə xarakterizə olunur. Mütəşəkkil informasiya axınları sistemi kimi şəbəkə informasiyanın həcmi və ötürülmə sürəti ilə xarakterizə olunur. Əgər birinci şərhi qəbul etsək, onda, informasiya cəmiyyətinin inkişafının qiymətləndirilməsi üçün şəbəkə sistemlərinin vahid texniki – iqtisadi xarakteristikasını vermək lazımdır ki, bu da reallaşması çətin olan vəzifədir. Əgər ikinci şərhi qəbul etsək, onda, belə bir sual ortaya çıxır: informasiyanın hansı həcmləri və ötürülmə sürətləri informasiya cəmiyyətinin təşəkkülünü müəyyənləşdirlər?

5. İstehlak meyarı müasir dünyada rifah istehlakı getdikcə daha böyük dərəcədə informasiya fəaliyyəti vasitəsilə ifadə olunur. Bu hadisə istehlakın informasiyalaşması adını almışdır. Məsələn, geyimin informasiya əhəmiyyətinin daim artması insana öz imicini yaratmağa və bununla da, digər insanlara informasiya ötürməyə kömək edir. Əgər əsrlər boyu əksəriyyətin geyiminə çevrilmiş kəndli köynəyi az əhəmiyyət kəsb edirdisə, müasir cəmiyyətdə ucuz və dəbə uyğun geyimin əldə olunma imkanı insana ətrafındakılara özünün müəyyən sosial qrupa, mədəni baxışlara, şəxsi keyfiyyətlərə və s. aid olması haqqında informasiya vermək imkanı yaradır və bununla da, ona şəxsiyyətlərarası qarşılıqlı təsir üçün əlavə imkanlar açır.

İstehlak meyarına qarşı aşağıdakı fikirlər irəli sürülür:



  • informasiya istehlakı həcminin artması insanın informasiya ilə yüklənməsinə gətirib çıxarır ki, bunun da nəticəsində, hər bir informasiya vahidi onun üçün daha az əhəmiyyyətli olur. İnsanların hər tərəfdən işarələrlə hücuma məruz qalması informasiyanın qəbulunu və dərk edilməsini çətinləşdirir. O, getdikcə artır, məna isə, azalır;

  • informasiya istehlakının artması ilə informasiyanın reallığı əks etdirmək qabiliyyəti azalır, işarələr müxtəlif mənbələrdən daxil olduğundan, tez dəyişir, bir – birilə ziddiyyət təşkil edir, buna görə də, onların həqiqətə uyğunluğunu yoxlamaq mümkün olmur. İşarənin özündən başqa hər hansı reallığı əks etdirməsi haqqındakı təsəvvür aktuallığını itirir. İnsan həqiqətin nisbi olması ilə razılaşdığından, həqiqi işarələrə artıq ehtiyac duymur. Bu baxımdan, informasiya cəmiyyəti özündə insanın ala biləcəyi bütün işarələrin süni olduğunu anladığı “tamaşa dövrü”nü əks etdirdiy barədə hesabat verir;

  • informasiyanın yaradılması və yayılması çox vaxt reklam şirkətlərinin və siyasi partiyaların məqsədlərinə tabe edilir. XX əsr və onun müharibədən sonrakı dövrünün əsas xüsusiyyəti şüurlu şəkildə istifadə olunan insanı inandırma vasitələrinin yayılması oldu. Bu vasitələr siyasətdə geniş istifadə olunur və istehlak sferasına daha dərindən nüfuz edir. Buraya biliklərin əmtəəyə çevrilməsini, müzakirəyə deyil inandırmaya istinad, reklama yönəlmiş kütləvi informasiya vasitələrinin yüksəlişini və s. aid etmək lazımdır. Media korporasiyaları hər şeydən əvvəl satış bazarının qeydinə qalırlar, onlar tərəfindən istehsal olunan məhsullar reklam verənlər üçün maksimal dərəcədə böyük auditoriya toplamağa yönəldilir. Nəticədə, onlar yalnız yaxşı satılan, lakin, cüzi miqdarda yeni informasiyaya malik olan əyləncə məhsullarının müxtəlif növlərini yaradırlar. Bu məhsulların müəllifləri qarşılarına ciddi sosial məqsədlər qoymadıqlarından auditoriyanı fasiləsiz əyləncə istehlakına sürükləyirlər.

İnformasiya üzərində əməliyyatlar aparıldığı cəmiyyətdə demokratiyanın mövcudluğuna təhlükə yaranır, belə ki, seçicilərdən seçkilərə məsuliyyətli, düşünülmüş və ziyalı münasibət tələb etmək olmaz. Yurgen Habermasın fikrincə, informasiyanın köməyilə idarəetmədən müntəzəm istifadə “aşkar sfera”nın tənəzzülünün başlandığı andır. Təbliğatın yayılması və ictimai fikirlə monipulyasiya informasiyalı və səmərəli düşünən cəmiyyət ideyasından təhrif və piar texnologiyası istiqamətinə doğru uzaqlaşmanı sübut editr.

6. Kreativ meyar. Fərz olunur ki, informasiya iqtisadiyyatı ictimai həyatda ali, yaradıcı fəaliyyətin dominantlığı ilə xarakterizə olunur (ingiliscə creative – yaradıcı deməkdir). Zaman vahidlərində ifadə olunmuş yaradıcı fəaliyyətin məcmu həcmi informasiya iqtisadiyyatının kamillik səviyyəsini əks etdirir.

Kreativ meyar iqtisad elmində özünün nəzəri əsaslandırılmasını ilk dəfə olaraq yaradıcılığa iqtisadi inkişafın əsas amili kimi baxan avstro – amerikan iqtisadçısı Yozef Şumpeterin əsərlərində tapmışdır. Şumpeterə görə, sahibkarın uğuru ilk növbədə onun “yeni kombinasiyalar”, yəni, öz unikallığı hesabına yaradıcısına gəlir gətirə bilən spesifik informasiya məhsulları yaratmaq qabiliyyətindən asılıdır. Müəyyən zaman keçəndən sonra yeni ideyanın rəqiblər tərəfindən mənimsənilməsi nəticəsində onun müəllifinin gəliri kəskin surətdə azalır və o, yaradıcılığı davam etdirmək məcburiyyətində qalır. Beləliklə, yaradıcılıq sahibkarın həyat fəaliyyətinin ayrılmaz elementinə çevrilir.

Kreativ meyara qarşı aşağıdakı fikirlər irəli sürülür:



  • elmdə hələ də, yaradıcılığın birmənalı tərifi mövcud deyil. Yaradıcılığın insanın ali fəaliyyətilə eyni olub – olmaması sualı mübahisəlidir. Bəzi müəlliflər əmin edirlər ki, yaradıcılıq qabiliyyəti insanların əksəriyyətinin məhrum olduğu nadir keyfiyyətdir;

  • insanın istənilən fəaliyyəti aşağı və ali funksiyalardan ibarətdir və çox vaxt onları ayırmaq heç də asan olmur. Daha böyük çətinlik müəyyən qeydə alınmış zaman kəsiyində təcrübədə insanın yaradıcılığının məcmu davamlılığının ölçülməsidir;

  • informasiyanın texnokratik tərifinin tərəfdarları onu simvolların sərbəst yığımı kimi şərh edirlər. Bu halda informasiya yalnız insanın ali fəaliyyətinin məhsulu deyildir, həmçinin, maşınlar tərəfindən də yaradıla bilər. Süni intellekt sahəsindəki uğurlu işlər bu yanaşma üçün sanballı dəstəkdir.

Yuxarıda göstərilən meyarlar arasında yalnız kreativ meyar etikdir, o, ictimai dəyəri insanın yaradıcı fəaliyyətinin həcmi kimi izah etdiyindən, məhz bunun hesabına informasiya iqtisadiyyatının kreativ nəzəriyyəsi və ya sadəcə kreativ nəzəriyyə kimi çıxış edən müasir informasiya iqtisadiyyatı nəzəriyyəsinin baza postulatları sırasına daxil edilmişdir. Aşağıda informasiya iqtisadiyyatı nəzəriyyəsi adı altında məhz bu nəzəriyyə nəzərdə tutulur.





Yüklə 75,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə