YENİYETMƏ VƏ GƏNCLƏR ARASINDA ÖZÜNƏQƏSD (SUİSİD) DAVAMLI İNSAN
İNKİŞAFININ SOSİO-NEQATİV TƏZAHÜRLƏRİNDƏN BİRİ KİMİ
Çələbiyev Nuralı Zərbalı oğlu
psixologiya üzrə fəlsəfə doktoru, dosent
AMİ-nin Şəki filialı
Müasir qloballaşan dünyada özünəqəsd (suisid) davamlı insan inkişafına
mane olan ciddi əxlaqı-mənəvi problemlərdən birinə çevrilməkdədir.
Müxtəlif ölkələrdə əhalinin müxtəlif sosial və yaş qrupları arasında intiharın
rəsmi və qeyri-rəsmi statistikasında fərqlər özünü göstərsə də, deviant davranışın bu
halının artım tempinin sürətlənməsi ciddi həyəcan və narahatlıq doğurur.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə ABŞ, Fransa,
Hollandiya, Rusiya, Norveç kimi ölkələrdə nəqliyyat qəzaları, zorakı ölüm və
xərçənc xəstəliyindən ölüm hallarından sonra intihar nəticəsində ölüm halları
aparıcı yeri tutur. Özünəqəsdin statistikası aparılan ölkələrdə son 30 ildə yeniyetmə
və gənclər arasında intihar nəticəsində ölüm hallarının statistikası xeyli
yüksəlmişdir ki, bu da elmi-texniki, ictimai və mənəvi tərəqqinin qarşısında ciddi
sosial və mənəvi əngəllərdən birinə çevrilməkdədir [1, s.241].
Hər bir cəmiyyətin genofondunun əsasını təşkil edən həssas sosial təbəqə
kimi yeniyetmə və gənclər arasında özünəqəsd (suisid) uzun illər boyu statistikası
açıqlanmayan ciddi sosial-psixoloji və hüquqi problemlərdən biri olmuşdur. Bu
problemin öyrənilməsi yasaq edildiyindən kifayət qədər ixtisaslı kadrlar da
yetişməmişdir. Odur ki, problemə qeyri-peşəkar yanaşma nəticəsində iki başlıca
yalnış rəy formalaşmışdı:
1.
Özünəqəsd, xüsusən də gənclər arasında artan özünəqəsd halları əsasən
xəstə, psixi cəhətdən qeyri-normal adamlar arasında baş verən hadisədir;
2.
Yeniyetmə və gənclik yaşı dövrü böhranlı, problemli, patopsixoloji
xarakterli yaş dövrü olduğu üçün bu hallara məhz bu yaş dövrlərində daha
çox təsadüf olunur.
Sonralar bu sahədə aparılan tədqiqatların nəticələri sübut etdi ki, əksinə, yaşlı
adamlar arasında yeniyetmə və gənclərə nəzərən özünəqəsd hallarına daha çox rast
gəlinir. Sosial-psixoloji tədqiqatların nəticələri göstərir ki, uşaq yaşı dövrlərində
deviant davranışın bu formasına çox nadir hallarda rast gəlmək mümkündür. 13
yaşdan sonra uşaq və yeniyetmələr arasında bu hala daha çox rast gəlinir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə son onillikdə gənclər
arasında intihar halları 3 dəfə artmışdır. Hər il 15-19 yaşlarında olan 12 yeniyetmə
və gəncdən biri intihara cəhd edir. Bu statistikada Rusiya Federasiyası dünyada
birinci yerdə durur.
Qeyd etmək lazımdır ki, suisidal davranış intihara və ya öz həyatına son
qoymaqla (fikirlər, niyətlər, mülahizələr, cəhdlər və s.) yönəlmiş, şəxsiyyət
fəallığının müxtəlif destruktiv formalarında əks olunan davranışdır. Fransız filosofu
A.Kamyu yazırdı ki, insanların hamısı Sizif kimi mənasız iztirablara məhkumdur.
İztirablardan xilas olmaq üçün yeganə yol “özünü öldürməkdir” [2, s.108].
Yeniyetmə və gənclərdə suisidal təzahürlər onların özlərinə yönəlmiş
(avtoaqressiya) deviant davranış forması kimi yaşlıların bu tipli davranış
formalarından fərqlənir. Psixoloji tədqiqatlara görə, 90% hallarda yeniyetmə və
gənclərdə belə destruktiv hərəkətlər “kömək üçün haray” siqnalıdır. Yalnız 10%
hallarda isə bu həqiqətən öz həyatına son qoymaq motivi ilə bağlıdır. Intihar
cəhdlərinin sayı real intihar faktları ilə müqayisədə 50 dəfə çoxdur [3, s.104].
Artıq 10-12 yaşlı uşaqlar ölüm hadisəsinin həyatda ədəbi olaraq yoxolma
faktı olmasını anlayırlar. Məhz bu yaş dövründən başlayaraq yeniyetmələrdə ölüm
mövzusuna, həyatın mənası, xoşbəxtlik və sair kimi fəlsəfi promlemlərə dərin
maraq hissi meydana gəlir. Belə düşüncə və mühakimələrə daha çox yüksək
intellektli şəxslərdə rast gəlinir. 13-18 yaşlı yeniyetmə və gənclərdə günah,
utancaqlıq, inamsızlıq, yaşlılara qarşı ambivalent (polyar - N.Ç.) hisslər, seksual
pozğunluqlar, ailədə sosial rolların və öz rolunun formalaşmaması, şəxsi
gərəksizləşmə hissi davranışında suisid (özünəqəsd) cəhdlərinə...yol açır.
Ətrafdakıların iradəsinə qalib gəlmək istəyən bəzi yeniyetmə və gənclər
yüksək toksiki dərman vasitələrindən və həblərdən, şampundan, tünd sirkələrdən,
çoxsaylı vitamin, yuxu həblərindən, özünüyandırma, avtomobil altına atma,
hündürlükdən atılma və s. kimi travmatik vasitələrdən daha çox istifadə edirlər.
Suisid cəhdləri psixogen, kəskin affektiv reaksiyalar, sürəkli reaktiv
vəziyyətlərlə çulğalaşmış olur və bu halların kəskinləşməsi nəticəsində meydana
gəlir. Yeniyetmə və gənclərin impulsivliyi, emosional davamsızlığı, səbrsiz və
höcət olması konfliktiv situasiyalar zamanı yaranan dalğınlıq kimi şəxsiyyət
keyfiyyətləri və əhvalın ümumi depressiv vəziyyəti suisidal fon yaradır. Yeniyetmə
roman oxuyur, o həyat və ölüm haqqında düşüncələrə rast gəlir. Odur ki, onun
şüurundan ildırım sürəti ilə belə bir fikir keçir: “Mən də öləcəyəm”. Bu həyəcan bir
çox hallarda isə iztirab yaradır [5, s.72].
Suisidal reaksiyaları proqnozlaşdırmağın çətinliyi həm də onunla şərtlənir ki,
özünəqəsd və suisidal cəhdlər ilk baxışda dərin inciklik və məyusluq fonunda
meydana gəlir ki, yeniyetmə və gənclər bunu keçici deyil, ekstemal çıxılmaz hal,
sonsuz çarəsizlik duyğusu kimi qavrayırlar.
Psixoloji eksperimentlər vasitəsilə sübut olunmuşdur ki, istənilən uğursuzluq
insanda ölüm haqqında qeyri-ixtiyari fikirlər doğurur. Belə hallarda insanlar həyat
çətinliklərini həll etməyin yolunu həyatdan getməkdə görürlər. Gənclik yaşı dövrü
üçün bu hal xüsusilə səciyyəvidir. 200-dən artıq gəncin tərcümeyi-halını və
gündəliklərini araşdıran tədqiqatçı Norman Kilin tədqiqatları müəyyən etmişdir ki,
onların üçdə biri az və ya çox dərəcədə özünəqəsdin mümkünlüyündən bəhs etmiş,
bəziləri isə buna cəhd etmişlər. Onların sirasında Höte, Romen Pollan, Napaleon,
Con Styuart Mill, Tomas Mann, Qandi, İ.S.Turgenev, M.Qorki və başqa tanınmış
şəxsiyyətlərin də adları vardır. Bir çox yaşlı ziyalı adamlarla söhbət aparmış məşhur
pedaqoq Y.P.Azarov yazırdı ki, yeniyetmə və gənclik yaşı illərində, xüsusən 18-20
yaşlarda onların ağlına intihar yolu ilə öz həyatlarına son qoymaq fikri gəlmişdir [6,
s.199]. Tarixi bioqrafik materiallar da V.Mayakovski, S.Yesenin, M.Tsvetayev,
A.Fadeyev, H.Hüseynov və b. tanınmış şəxsiyyətlərində intihar yolu ilə həyatdan
köçdüklərini sübut edir.
Bəzi şəxsiyyət tipləri vardır ki, onlar üçün konfliktli stress situasiyaların
qaçmaq kimi davamlı yönəlişlik xarakterikdir. Özünəqəsd yolu seçən bu tipli
insanların psixoloji portreti German Hesenin “Səhra canavarı” romanında məharətlə
təsvir edilmişdir. Belə adamlar həyat boyu ölümlə six “ünsiyyətdə” yaşayır,
özünəqapanma, tənhalıq hissi introvetlik və fərdiyyətçi melanxoliya onların əsas
psixoloji xüsusiyyəti kimi diqqəti cəlb edir.
Rus psixoloqu İ.S.Konun fikrincə, gənclik yaşlarında özünü göstərən və
bütün həyat boyu davam edən bu əhval-ruhiyyənin səbəbi heç də hər hansı cəhətdən
həyat gücünün çatışmazlığı deyildir, əksinə, özünəqəsd etmiş adamlar içərisində
kifayət qədər qeyri-adi dərəcədə cəsur, qətiyyətli və tamahkar naturalar heç də az
olmamışdır.
Intiharların 60%-i yaz və yay aylarında baş verir ki, bunun da səbəbi təbiətin
dəyişməsi ilə müqayisədə insanın daxili aləminin sabitliyi arasında yaranan
ziddiyətlə baölıdır. Depresiyadan əziyyət çəkən xəstələrdə intihar halları 70% təşkil
edir. Odur ki, psixoloqlar intiharı depressiya problemi kimi izah edirlər.
Ümumdünya Səhiyyə Təşkilatı intiharın 800 müxtəlif səbəbini və 80 üsulunu
müəyyən etmişdir. Onlardan:
-
41% naməlum; 19% cəza qorxusu; 18% ruhi xəstəlik; 18% evdə
dilxorçuluq; 6% düşkünlük; 3% müflisləşmə; 1,4% həyatdan doyma;
1,2% fiziki xəstəliklərlə bağlıdır.
Intiharların 32%-i günün birinci, 44%-i ikinci yarısında, 24%-i isə gecə vaxtı
baş verir.Real intihar halları kişilər arasında qadınlarla müqayisədə 4 dəfə çoxdur.
Rəsmi statistikaya görə hər il dünyada 1mln 100 000 nəfər öz həyatına qəsd
edir ki, bunlarında yarısı 15-19 yaşlı gənclərdir. Proqnoza görə bu rəqəm 2020-ci
ildə 1mln. 500-ə çatacaqdır. Qeyri-rəsmi statistika isə bu halın 4 mln-u keçəcəyini
bildirir.
Çin, Hindistan, Rusiya, ABŞ, Yaponiya, Ukrayna və Fransa kimi ölkələrdə
intihar halları daha çox olduğu halda, Misir, Haiti, Yamaykada bu halların faiz
göstəricisi sıfıra bərabərdir.
2010-cu ilin statistikasına görə Azərbaycanda 500 intihar halı baş vermişdir.
Vaxtilə Alman gəncləri arasında Hötenin “Verter”romanının təsiri altında
özünəqəsd hallarının sürətlə artması müşahidə olunurdu. Alman gənclərinin hər
hansı bir nümunəni təqlid etməsi əsasında özünəqəsd etmələri “Verter effekti”
adlanırdı.
Qeyd etmək lazımdır ki, özünəqəsd cəhdlərinin sayı real özünəqəsd faktları
ilə müqayisədə dəfələrlə çoxdur. İ.S.Konun fikrincə, yaşlı adamlar arasında bu
göstərici 6:1 və ya 10:1 həddində yeniyetmə və gənclər arasında isə 50:1, hətta
100:1-ə nisbətindədir.
Problemə fərqli mövqedən yanaşan tanınmış rus tədqiqatçısı A.E.Liçkonun
araşdırmalarına görə yaş artdıqca, yeniyetmə və gənclər arasında özünəqəsd
hallarının da statistikası artır. 12-13 yaşlarda bu 4%, 14 yaşda 12%, 15 yaşda 21%,
16 yaşda 31%, 17 yaşda isə 32% təşkil edir [7, s.118].
Yeniyetmə və gənc oğlanlarda özünəqəsd hallarına qızlarla müqayisədə ən
azı iki dəfə çox təsadüf olunur. Lakin qızlarda intihar cəhdlərinə daha çox rast
gəlinir ki, bunun da əksəriyyəti nümayişkaranə xarakter daşıyır. Uğursuz intihar
cəhdləri əsasən təkrarlanmasa da, belə cəhd etmiş 10-20 yaşlarında 10% oğlanlarda,
3% isə qızlar sonrakı iki il ərzində bu cəhdləri təkrarlayaraq öz həyatları ilə
vidalaşırlar. “Yeniyetmə və gənclərdə özünəqəsd hansı psixoloji problemlərlə
bağlıdır?” sualı ciddi sual olaraq hamını düşündürür.
Psixoloji tədqiqatların (M.İ.Rojkov və b.) nəticələrinə görə, real özqnəqəsd
hallarına əsasən sensitiv və tsikloid xarakterli yeniyetmə-gənclərdə depressiv fazada
təsadüf olunur. Bunun yaranmasının başlıca səbəbi müxtəlif mənşəli depressiv
vəziyyətlərdir.
Bütün psixi və fiziki təzahürlərində məyusluq əlamətləri daşıyan depressiya
yeniyetmə və gənclərdə yaşlılardan fərqli cəhətləri ilə seçilir. A.E.Liçko bu yaş
dövrü üçün səciyyəvi olan depressiyanın delinqvent, ipoxondrik, astenoapatik və
melanxolik depressiya olmaqla 4 əsas tipini fərqləndirmişdir.
Yeniyetmə gənclərdə suisidal davranışın geniş yayılmış tipik motivləri
aşağıdakılardır:
-
inciklik duyğusu, tənhalıq, yadlaşma;
-
valideyn məhəbbətinin itirilməsi, qısqanclıq;
-
valideynlərdən birinin ailəni tərk etməsi, onların vaxtsız və faciəvi ölümü;
-
günah və utancaqlıq hissi, istehza, alçaldılma, təhqir;
-
cəza qorxusu, üzr istəməkdən imtina;
-
məhəbbət uğursuzluğu, seksual acizlik hissi, qızlarda nikahdankənar
hamiləlik;
-
öz taleyinə diqqəti cəlb etmək istəyi;
-
xoşagəlməz nəticələrdən, çətinlikdən və təhlükədən qaçmaq təşəbbüsü;
-
film və ya bədii əsər qəhrəmanlarının təqlid edilməsi [3, s.109-110].
Müasir psixoloji ədəbiyyatlarda özünəqəsd riski qrupuna daxil edilən
yeniyetmə və gənclərin psixoloji xarakteristikasında aşağıdakı əsas simptomlar
fərqləndirilir:
1.
Kəskin, eksteremal və uzunmüddətli ağır psixoloji vəziyyət yaşayanlar;
2.
Davranışında depressiya və disforiya (səbəbi bilinməyən məyusluq)
formasında affentiv dalğınlıq müşahidə olunanlar;
3.
Əhvalında psixopatik və patopsixoloji psixi oyanıqlıq reaksiyalarının
üstünlüyü, davranışında nümayişkaranəlik və psixoastenik dalğınlıq
müşahidə olunanlar;
4.
Spirtli içkilərə və asosial davranış formalarına meyilli olanlar;
5.
Yaxın qohumlarında psixi xəstəliyi olan, konfliktli ailələrdə yaşayanlar,
alkoqol və narkoman valideynləri, habelə, yaxın qohumları içərisində
intihar edən şəxslərin olduğu yeniyetmə və gənclər;
6.
Xroniki somatik və nevroloji xəstəliklərdən əziyyət çəkən, sosial psixoloji
cəhətdən təcrid olunmuş qapalı şəraitdə sarsıntı içində yaşayanlar;
7.
Əvvəllər özünəqəsd etmək təşəbbüsündə olmuş və tez-tez bu barədə
ətrafdakıları hədələyənlər.
A.E.Liçko yeniyetmə və gənclərdə suisidal davranışın demonstrativ affektiv
və həqiqi olmaqla 3 əsas tipini fərqləndirmişdir.
Demonstrativ suisidal davranış öz mahiyyəti etibarı ilə yeniyetmə və gəncin
yaranmış vəziyyətə ətrafdakıların diqqətini cəlb etməklə müşayət olunur. Affektiv
suisidal davranış xarakterin aksentuasiyası psixopatiya və ya baş-beyinin üzvi
zədələnməsinin qalıq əlamətləri fonunda meydana gələn kəskin psixogen
reaksiyalardan biridir [7, s.76].
Həqiqi suisidal davranış aktı zamanı yeniyetmə və gənc heç kimə maneçilik
törətmədən, adətən xəlvəti olaraq özünəqəsdi həyata keçirir. Bu zaman əksər
hallarda onlar əvvəlcədən yazdıqları qeydlərdə özlərini günahlandırır, bu əməlin
motivini subyektiv qiymətləndirirlər. Ailənin əlverişsiz psixoloji iqlimi
depressiyalara, mübahisələrə, psixi gərginliyə, müsbət emosiyaların tükənməsinə
gətirib çıxarır [8, s.27].
Alman psixoloqu H.Ottonun fikrincə, gənclərdə özünəqəsd cəhdinin onda
doqquzu həyatla haqq-hesabı çürütmək motivi ilə deyil, köməyə çağırış motivi ilə
bağlıdır. Yeniyetmə və gənclərin əksəriyyəti intihar edəcəkləri barədə irəlicədən
məlumat verir və xəbərdarlıq edirlər. Intihar cəhdlərinin 80%-i evdə, gündüz və ya
gecə vaxtı, heç kimin müdaxilə edə bilməyəcəyi bir şəraitdə baş verir. Bir çox
intiharlar açıq, nümayişkaranə, başqalarının gözü qarşısında, kimə isə yönəlmiş və
suisidal hədə-qorxu, qisas xarakterli olur.
Qeyd etmək lazımdır ki, 2003-cü ildə Azərbaycanda intiharla mübarizə
istiqamətində əməli tədbirlərin həyata keçirilməsi üçün strateji fəaliyyətin
istiqamətləri müəyyənləşdirilmişdir. Həyata keçiriləcək tədbirlər sırasında əhali, o
cümlədən yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin aparılmasından
tutmuş, sosial rifahı yaxşılaşdırmağa, əhaliyə sosial-psixoloji xidmət və
reabilitasiya mərkəzlərinin açılmasına qədər ən müxtəlif tədbirlərin reallaşdırılması
nəzərdə tutulmuşdur [9, s.205].
РЕЗЮМЕ
Нурали Чалабиев
Суицид (посягательство на жизнь, самоубийство) среди подростков и
молодежи, как один из социо-негативных явлений в длительном
человеческом развитии.
В статье самоубийство (суицид) в глобализованном мире как одно из
серьезных проблем, препятствующее длительному человеческому развитию,
изложен на основе социально-психологического разбора (анализа) и
статистических цифр.
Автор постарался разработать факторы риска, мотивы растущих
попыток самоубийства среди людей, особенно среди подростков и молодежи,
показал тяжелые его последствия негативного влияния на морально-
психологический климат в обществе.
SUMMARY
Nurali Chalabiev
Committing suicide between teenagers and youngers to the durable man
development is a sosio-negative appearances.
This article deals with committing suicide is being one of the serious
hindrace problems for man development on the basis of social psychological
analyses on the base of statistical figures.
The author tried to investigate the risk factors negative influence to the
teenagers and youngers and show its heavy results to the morally-psychological
climate in society.
Ədəbiyyat
1.
Кон И.С. Психология ранней юности. /М., «Просвещение», 1989.
2.
Göyüşov Z.B. Həzz və iztirab./ B., Azərbaycan Dövlət Nəşriyyatı, 1969.
3.
Воспитание трудного ребенка. Дети с девиантным поведением. /Под
ред. М.И.Рожкова / М., «Владос», 2003.
4.
Зиновьева Н.О., Михайлова Н.Ф. Психология и психотерапия насилия.
Ребенок в кризисной ситуации. /Санкт-Петербург, «Речь», 2003.
5.
Suxomlinski B.A. Vətəndaşın doğulması. /B., “Maarif”, 1975.
6.
Азаров Ю.Трудный случай. // Новый мир. М., 1984, №5.
7.
Личко А.Е. Психопатия и акцентуации характера у подростков. 2-е изд.,
/Л., «Медицина», 1983.
8.
Гребенников И.В. Основы семейной жизни. /М. «Просвещение», 1991.
9.
Əsgərov Ə., Hüseynov E., Hüseynov S. Davamlı insan inkişafı. /B., 2009.
10.
lossofsoulşcom /смерть/суицид/статистика самоубийств по странам.
Dostları ilə paylaş: |