İnsan Hüquqları İnstitutu xəbər verir ki, Bakı şəhərinin Yasamal Rayonu ərazisində yerləşən "Sovetski" məhəlləsində söküntü işləri davam etməkdədir



Yüklə 78,72 Kb.
tarix28.06.2018
ölçüsü78,72 Kb.
#52357

12207446_763524953777165_939082155_o.jpg

İnsan Hüquqları İnstitutu xəbər verir ki, Bakı şəhərinin Yasamal Rayonu ərazisində yerləşən "Sovetski" məhəlləsində söküntü işləri davam etməkdədir. 4 mart tarixində dərc etdiyimiz xəbərnamədən sonra, ərazidə bir sıra yaşayış və qeyri yaşayış obyektlərinin söküldüyü müəyyən olunmuşdur. "Yasamal söküntü" adlı qurum, ərazidə mülkiyyətlərinin alqı satqısını edərək ərazini tərk etmiş vətəndaşların mülkiyyətlərini sökərək, ərazidə təmizlik işləri aparmışdır. Hazırda ərazidə yalnızca kompensasiyası razılaşdırılmamış mülkiyyətlər qalmışdır. "Sovetski" məhəlləsində söküntü işlərinin ən intensiv getdiyi ərazi isə, Füzuli və Mirzağa Əliyev küçələrinin və "Qış parkı" adlanan zolağın davamı kimi nəzərdə tutulan sahədir. Sözügedən sahə Azərbaycan Akademik Milli Dram Teatrının arxasından üzü yuxarı olmaqla, Nəriman Nərimanov prospektinəcən davam edəcəyi planlaşdırılıb. İlkin planlaşdırmaya uyğun olaraq yolun və parkın 2017-ci ilin yanvar ayına kimi təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin vətəndaşlarla mülkiyyətin kompensasiyanına dair yaranan narazılıqlar səbəbilə, köçürmə işlərində müəyyən ləngimə müşahidə olunur ki, bu da öz növbəsində nəzərdə tutulan planın gecikməsinə səbəb olur.

Ötən dəfə işıqlandırdığımız arxitektur və tarixi-mədəni tikililərlə bağlı hər hansısa irəliləyiş qeydə alınmamışdır. Sözügedən tikililərlə bağlı hər hansısa yekun qərar qəbul olunmamışdır. Ərazidəki tikililər, onların tarixinə qarşı biganə münasibət təkcə rəsmi dövlət orqanları tərəfindən deyil, həm də vətəndaşlar tərəfindəndir. Bəzi hallarda həmin ərazi sakinlərini "narkoman", "oğru", "təhsilsiz kütlə", vətəndaşlara məxsus mülkiyyəti isə "siçovul yuvası" kimi təqdim etməyə çalışılır. Lakin reallıqlar onu göstərir ki, mövcud ərazi heç də təqdim olunduğu kimi deyildir. "Sovetski" məhəlləsi ərazisində bir çox musiqiçilər, şairlər, teatr və kino xadimləri, professorlar və ictimai xadimlər yaşamışdır. Bundan başqa analoji hadisələrin digər ölkələrdəki nümunələrnə baxarsaq, tamamilə başqa mənzərə ilə qarşılaşmış olarıq. Misal kimi, qonşu Gürcüstan paytaxtı Tbilisinin "Avlabari" məhəlləsi göstərilə bilər. Ərazidə bir çox yeni tikililər tikilməsinə rəğmən dahi bəstəkar Çaykovskinin evi dövlət tərəfindən qorunur. Sözügedən tikilinin şəkillərini aşağıda təqdim edirik :

İnsan Hüquqları İnstitutu, kompensasiya məbləği və digər məsələlərlə bağlı ərazi sakinləri ilə söhbət aparmış, problemi araşdırmağa çalışmışdır. Azərbaycan Akademik Milli Dram Teatrının arxasında yerləşən ərazidə yaşayan Vüsal adlı vətəndaşın ( adlar şərtidir, mülkiyyətçinin yaşadığı mənzilin ünvanı və Yasamal Rayon İcra Hakimiyyətinin söküntü səbəbilə mülkiyyətə verdiyi inventar nömrəsi məxfilik səbəbilə qeyd olunmayıb ) mənzilinə təklif olunan kompensasiya məbləği 30 min Azərbaycan manatı həcmindədir. Kompensasiya ilə razılaşmamaqla yanaşı, mənzildə onun bir neçə qohumu da qeydiyyatdadır ( qeyd edək ki, həmin qohumların qeydiyyatı həmin mənzilə olsa da, orda faktiki heç yaşamayıblar ). Qeydiyyatı olan şəxslərin də mənzilə veriləcək kompensasiyadan pay istəmələri, mülkiyyətin alqı satqısının baş tutması məsələsini çıxılmaz vəziyyətə salıb. Hazırda yolun çəkilməsi planlanan ərazidə yaşayan şərti olaraq Zəhra adlı vətəndaş, Azərbaycanda 2015-ci ilin fevralında və 2015-ci ilin dekabrında devalvasiyanın olduğunu, manatın pul vahidi və ödəniş vasitəsi kimi iki dəfə dəyər itirdiyini deyir. O bildirir ki, kompensasiya məbləği mütləq artırılmalıdır.

Ümumilikdə isə vətəndaşların narazılıqlarını qruplaşdırsaq, aşağıdakı nəticələri əldə etmiş olarıq:

1. Vərəsəli mənzillər. Ərazidəki evlərin bir çoxunun yaşı 100-dən yuxarıdır. Bu səbəbdən vərəsəli mənzillərin sayı çoxdur. Məhkəmə hakimiyyətində bir sıra korrupsiya hallarının olması da, bu problemlərin ədalətli həllini ləngidən amillərdən biridir. Bu haqda hələ ki istər hakimiyyət orqanları, istər vətəndaşlar susmağı və məsələnin həllini qeyri müəyyən gələcək tarixə təxirə salmağı üstün tuturlar.

2. Mülkiyyətçilər tərəfindən istifadə olunan köməkçi və qeyri yaşayış ərazilərinə kompensasiyanın verilməməsi ( yəni mülkiyyətçinin mülkiyyətində olan ərazi tam kompensasiya edilmir ). Ərazidəki evlərin çoxu ümumi həyətyanı sahələrə malikdir. 100-dən çox yaşı olan bu həyətlərdə zirzəmilər, yarım zirzəmilər, həyətlərdə vətəndaşların istifadə etdiyi şkaflar, mənzillərin damlarında çəpərlənərək istirahət və ya istifadəsiz əşyaların yığılması üçün nəzərdə tutulmuş xüsusi ərazilər, tavanarası ərazilər, pilləkanlar və s. mövcuddur. Bu ərazilər əksər hallarda kompensasiya olunmur. Ki, bu da öz növbəsində vətəndaşlarda müəyyən narazılıqlar yaradır. Hakimiyyət nümayəndələrinin gətirdiyi arqument budur ki: " Siz həmin mülkiyyətdə yaşamırsınız, buna kompensasiya verilə bilməz", "büdcədə pul yoxdur, ölkədə və dünyada iqtisadi böhrandı, bizi başa düşün" və ya sadəcə kobudcasına "dediyiniz əraziləri ölçmürük və kompensasiya vermirik, get hara istəyirsən şikayət et" şəklində baş verir. Sakinlər isə bu halda, yaşayış əraziləri ücün hər kvadrat metrə 1500 manatdan hesablanan ərazilərin, 1500 deyil, 2000-2500 manatdan hesablanmasını tələb edirlər. Səbəb isə mənzilin qeyri yaşayış ərazisinə verilməyən kompensasiyanın yaşayış ərazisinə verilən kompensasiya ilə ödənməsi və bununla da vətəndaşın yeni köçəcəyi mənzilin mənzil şəraiti, nisbətən mərkəzə yaxın ərazilərdə mənzil alma istəyidir.

3. İlkin mərhələdə söküntüsü məzərdə tutulmuş 3500 yaşayış və qeyri yaşayış obyektlərindən, hazırda alqı satqısı getməyən mülkiyyətlərin əksəriyyətinin az kvadratlı olması ( ümumi olaraq isə "Sovetski" məhəlləsində 10500 yaşayış və qeyri yaşayış əraziləri sökülməlidir ). Mülkiyyətlərə verilən kompensasiya mülkiyyətin hər bir kvadrat metrinə görə hesablanır. Bu səbəbdən mülkiyyət az kvadratlı olduğu zaman ona verilən kompensasiya məbləği də az olur. Az kvadralı mənzilin kompensasiya məbləği hər kvadrat üçün 1500 manatdan hesablandıqda təxmini hesabla 30-35 min manat arası məbləğ edir. Bu məbləğə isə faktiki olaraq bir otaqlı, orta təmirli mənzil ( minimumla götürsək 25-30 kvadrat metr ərazisi olan ) almaq mümkün deyil. Hakimiyyətin dediyi arqument budur ki : "biz heç bir şey edə bilmərik, mənzilinizin ərazisi bu qədərdir". Vətəndaşlar isə söküntü işinə görə rəsmi qaydada heç kimə müraciət etmədiklərini, dövlət ejtiyacına görə ərazi alınırsa bundan zərərli çıxmaq istəmədiklərini, onları Bakı şəhərinin mərkəzi/mərkəzinə yaxın ərazilərdə sahib olduqları mənzilin kvadrat metri və təmirliliyi ilə eyni səviyyədə mənzillə təmin edilməsidir.

İnstitumuz tərəfindən aparılan sorğular və araşdırmalara əsasən məkum olmuşdur ki, Sovetski məhəlləsi sakinləri üçün Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində inşa olunan binanın tikintisində işlər aşağı templə irəliləyir. Binanın təxmini hesablara görə bu gedişlə may-iyun ayları üçün təhvil veriləcəyi ehtimal edilir. Yasamal Rayon İcra Hakimiyyəti Sovetski məhəlləsində mənzillərinin qarşılığında Bakı şəhəri Nərimanov rayonunda inşa olunan binada mənzillə dəyişməyə razılıq vermiş sakinlərə, mənzillər istifadəyə verilənədək hər ay 200 manat kirayə haqqı ödəməyə dair öhdəlik götürsələr də, aprel ayı üçün ödəniş hələ ki həyata keçirilməmişdir.

Qeyd edək ki, söküntüsü hazırda davam edən "Sovetski" məhəlləsi şəhərin mərkəz ərazilərindən biridir. Vətəndaşların əksəriyyətinə, hazırda isə hələ də alqı satqı etməmiş vətəndaşların 90%-nə ödənilən kompensasiya ilə onlar ən yaxşı halda yalnız şəhər mərkəzindən 10-15 kilometr uzaqlıqda mənzil əldə edə bilərlər.

Mövzunu diqqətdə saxlayacağıq.

Bakı,

14 aprel 2016

____________________________________________________________________________________12207446_763524953777165_939082155_o.jpg


Institute of Human Rights,

Mirza Fatali side street 14; Baku, Azerbaijan, AZ1009

ihr.azerbaijan@gmail.com



+994519090925
Yüklə 78,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə