İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında



Yüklə 321,11 Kb.
səhifə1/4
tarix14.02.2018
ölçüsü321,11 Kb.
#26914
  1   2   3   4

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6, 7 14 və 15 saylı Protokollarının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:



I. 1950-ci il noyabrın 4-də Roma şəhərində imzalanmış "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və onun 1, 4, 6 və 7 saylı Protokolları müvafiq bəyanatlar və qeyd-şərtlər ilə (bəyanatların və qeyd-şərtlərin mətnləri əlavə olunur) təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 25 dekabr 2001-ci il


              № 236-IIQ

 

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında


KONVENSİYA


Roma, 4.XI.1950

3 sentyabr 1953-cü ildə qüvvəyə minmişdir

1970-ci il sentyabrın 21-də qüvvəyə minmiş 3 saylı Protokolla,

1971-ci il  dekabrın 20-də qüvvəyə minmiş 5 saylı Protokolla,

1990-cı il  yanvarın 1-də qüvvəyə minmiş 8 saylı Protokolla,

1998-ci il  noyabrın 1-də qüvvəyə minmiş 11 saylı Protokolla dəyişikliklər və əlavələr edilmişdir.

 

Avropa Şurasının üzvü olub, bu Konvensiyanı imzalayan hökumətlər,



1948-ci il 10 dekabrın-da BMT Baş Məclisi tərəfindən bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannaməni nəzərə alaraq;

bu Bəyannamənin məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla və səmərəli tanınmasının və həyata keçirilməsinin təmin edilməsi olduğunu nəzərə alaraq;

Avropa Şurasının məqsədinin onun üzvləri arasında böyük birliyə nail olmaqdan ibarət olduğunu və bu məqsədlərə nail olmağın əsas vasitələrindən birinin insan hüquqlarının və əsas azadlıqların dəstəklənməsi və gələcək reallaşdırılması olduğunu hesab edərək;

dünyada ədalətin və sülhün əsası olan və riayət edilməsi başlıca olaraq, bir tərəfdən həqiqi demokratik siyasi rejimlə və digər tərəfdən onların sadiq qaldığı insan hüquqlarını hamının anlaması və riayət etməsi ilə təmin olunan əsas azadlıqlara öz dərin sədaqətlərini təsdiq edərək;

vahid səylərlə hərəkət edən və siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinin ümumi irsinə malik olan Avropa ölkələrinin hökumətləri kimi Ümumi Bəyannamədə təsbit olunmuş bəzi hüquqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda ilk addımlar atmaq əzmində olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1


İnsan hüquqlarına hörmət olunması öhdəliyi

 

Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.



 

I BÖLMƏ


HÜQUQLAR VƏ AZADLIQLAR

 

Maddə 2



Yaşamaq hüququ

 

1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.



2. Həyatdan məhrumetmə, aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, bu maddənin pozulması hesab edilmir:

 

a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;



b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;

c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün.

 

Maddə 3


İşgəncələrin qadağan olunması

 

Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.



 

Maddə 4


Köləliyin və məcburi əməyin qadağan olunması

 

1. Heç kəs köləlikdə və ya əsarət altında saxlanılmamalıdır.



2. Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.

3. Bu maddənin məqsədləri üçün "məcburi və ya icbari əmək" termini aşağıdakıları ehtiva etmir:

a) bu Konvensiyanın 5-ci maddəsinin müddəalarına müvafiq olaraq həbsdəolan və ya belə həbsdən şərti azad edilmiş şəxsin adətən yerinə yetirməli olduğu hər hansı iş;

b) hərbi xarakterli hər hansı xidmət və ya hərbi xidmətdən əqidəyə görə imtina etmənin qanuni hesab edildiyi ölkələrdə məcburi hərbi xidmətin əvəzinə müəyyən edilmiş xidmət;

c) fövqəladə vəziyyət və ya əhalinin həyatı və rifahı üçün təhlükə yaradan fəlakət hallarında hər hansı məcburi xidmət;

d) adi vətəndaşlıq vəzifələrinin bir hissəsi olan hər hansı iş və ya xidmət.

 

Maddə 5


Azadlıq və toxunulmazlıq hüququ

 

1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:



a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;

b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması;

c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;

d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;

e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;

f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.

2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.

3. Bu maddənin I bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.

4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.

5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var.

 

Maddə 6


Ədalətli məhkəmə araşdırması hüququ

 

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.



2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:

a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq;

b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;

c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;

d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq;

e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək.

 

Maddə7



Qanunsuz cəzalandırılmamaq

 

1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz.



2. Bu maddə sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə müvafiq olaraq, törədildiyi zaman cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.

 

Maddə 8



Şəxsi həyata və ailə həyatına hörmət hüququ

 

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.



2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

 

Maddə 9



Fikir, vicdan və din azadlığı

 

1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.



2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və yadigər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.

 

Maddə 10



Fikri ifadə etmək azadlığı

 

1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.



2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

Maddə 11


Yığıncaqlar və birləşmək azadlığı

 

1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.



2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.

 

Maddə 12



Nikah hüququ

 

Nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər.



 

Maddə 13


Səmərəli hüquqi müdafiə vasitələri hüququ

 

Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.



 

Maddə 14


Ayrı-seçkiliyin qadağan olunması

 

Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.



 

Maddə 15


Fövqəladə hallar zamanı məhdudlaşdırma

 

1. Müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı Razılığa gələn Yüksək Tərəflərdən hər hansı biri onun beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə zidd olmamaq şərti ilə, yalnız vəziyyətin fövqəladəliyinin şərtləndirə biləcəyi səviyyədə bu Konvensiya üzrə öhdəliklərindən geri çəkilən tədbirlər görə bilər.



2. Bu müddəa, qanuni müharibə əməliyyatları nəticəsində ölüm halları istisna olmaqla, 2-ci maddənin və ya 3-cü maddənin müddəalarından, 4-cü maddənin 1-ci bəndinin və 7-ci maddənin müddəalarından geri çəkilməyə əsas vermir.

3. Bu geri çəkilmə hüququndan istifadə edən Razılığa gələn hər hansı Yüksək Tərəf gördüyü tədbirlər və onların səbəbləri haqqında Avropa Şurasının Baş katibini tam məlumatlandırır. O,həmçinin belə tədbirlərin dayandırılması və Konvensiyanın müddəalarının yenidən tam həyata keçirilməyə başlanması haqqında Avropa Şurasının Baş katibinə məlumat verir.

 

Maddə 16


Əcnəbilərin siyasi fəaliyyətinin məhdudlaşdırılması

 

10, 11 və 14-cü maddələrdə heç nə Razılığa gələn Yüksək Tərəflər üçün əcnəbilərin siyasi fəaliyyətinə məhdudiyyətlər qoyulmasına maneə hesab edilə bilməz.



 

Maddə 17


Hüquqlardan sui-istifadənin qadağan olunması

 

Bu Konvensiyada heç nə hər hansı dövlətin, qrupun və ya şəxsin burada təsbit olunan hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırmaq hüququna malik olması kimi şərh oluna bilməz.



 

Maddə 18


Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri

 

Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.



 

II BÖLMƏ


AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ

 

Maddə 19



Məhkəmənin təsis olunması

 

Razılığa gələn Yüksək Tərəflər bu Konvensiya və ona dair Protokollar ilə öz üzərlərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin etmək məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsini (bundan sonra "Məhkəmə" adlanacaq) təsis edirlər. O, daimi əsaslarla fəaliyyət göstərir.



 

Maddə 20


Hakimlərin sayı

 

Məhkəmə Razılığa gələn Yüksək Tərəflərə bərabər sayda hakimlərdən ibarətdir.



 

Maddə 21


Hakimliyə dair tələblər

 

1. Hakimlər yüksək mənəvi keyfiyyətlərə malik olmalı və yüksək məhkəmə vəzifələrinə təyin olunarkən qoyulan tələblərə cavab verməli və ya tanınmış nüfuzlu hüquqşünaslar olmalıdırlar.



2. Hakimlər Məhkəmənin işində şəxsən iştirak edirlər.

3. Vəzifədə olduqları bütün müddət ərzində hakimlər onların müstəqilliyi, qərəzsizliyi ilə və ya tam iş gününün xarakterindən irəli gələn tələblərlə bir araya sığmayan heç bir fəaliyyətlə məşğul olmamalıdırlar. Bu bəndin müddəalarının tətbiqi ilə bağlı yaranan bütün məsələləri Məhkəmə həll edir.

Maddə 22

Hakimlərin seçilməsi

 

1. Razılığa gələn hər bir Yüksək Tərəf üzrə hakim Razılığa gələn Yüksək Tərəfin təqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir.



2. Konvensiyaya Razılığa gələn yeni Yüksək Tərəflər qoşulduqda, həmçinin yaranan boş yerlər doldurularkən Məhkəmənin tərkibinə əlavə seçkilər üçün analoji prosedur tətbiq olunur.

Maddə 23


Səlahiyyət müddəti

 

1. Hakimlər 6 il müddətinə seçilirlər. Onlar yenidən seçilə bilərlər. Lakin birinci seçkidə seçilmiş hakimlərin yarısının səlahiyyət müddəti seçildikləri vaxtdan üç il sonra bitir.



2. Birinci üç ildən sonra səlahiyyət müddəti bitən hakimlər seçildikdən dərhal sonra Avropa Şurasının Baş katibi tərəfindən püşkatma yolu ilə müəyyənləşdirilir.

3. Məhkəmənin yarı tərkibinin hər üç ildən bir, mümkün olduqca, yeniləşməsini təmin etmək məqsədi ilə Parlament Assambleyası hər hansı növbəti seçkilərin keçirilməsinə qədər qərar qəbul edə bilər ki, seçilmiş bir və ya bir neçə hakimin səlahiyyət müddəti və ya müddətləri bütün hallarda üç ildən az və doqquz ildən çox olmamaqla, altı il yox, başqa müddət olacaqdır.

4. Birdən çox səlahiyyət müddətindən söhbət getdiyi və Parlament Assambleyasının bundan əvvəlki bəndin müddəalarını tətbiq etdiyi hallarda səlahiyyət müddətləri Avropa Şurasının Baş katibi tərəfindən seçkilərdən dərhal sonra püşkatma yolu ilə müəyyənləşdirilir.

5. Səlahiyyət müddəti hələ bitməmiş hakimi əvəz etmək üçün seçilmiş hakim bu vəzifəni öz sələfinin səlahiyyət müddətinin qalan hissəsi qədər tutur.

6. Hakimlər 70 yaşa çatdıqda onların səlahiyyət müddəti bitir.

6. Hakimlər öz vəzifələrini onlar dəyişdirilənə qədər tuturlar. Bununla yanaşı, onlar artıq icraatlarında olan işlərə dəyişdirildikdən sonra da baxmaqda davam edirlər.

 

Maddə 24


Vəzifədən azad etmə

 

Digər hakimlərin üçdə iki səs çoxluğu ilə hər hansı hakimin qoyulan tələblərə daha cavab vermədiyi haqqında qərarı olmadan hakim öz vəzifəsindən azad edilə bilməz.



Maddə 25

Dəftərxana və referentlər

 

Məhkəmənin, vəzifələri və təşkili Məhkəmə Reqlamenti ilə müəyyənləşdirilən dəftərxanası vardır. Referentlər Məhkəməyə xidmət edirlər.



 

Maddə 26


Məhkəmənin Plenumu

 

Məhkəmənin Plenumu:



a) öz Sədrini və Sədrin bir yaxud iki müavinini üç il müddətinə seçir;

onlar yenidən seçilə bilərlər;

b) müəyyən müddət üçün nəzərdə tutulan Palatalar yaradır;

c) Məhkəmə Palatasının Sədrlərini seçir; onlar yenidən seçilə bilərlər;

d) Məhkəmə Reqlamentini təsdiq edir;

e) dəftərxana rəhbərini və onun bir yaxud bir neçə müavinini seçir.

 

Maddə 27


Komitələr, Palatalar və Böyük Palata

 

1. Məhkəmə, ona verilmiş işlərə baxmaq üçün üç hakimdən ibarət komitələr, yeddi hakimdən ibarət palatalar yaradır və on yeddi hakimdən ibarət Böyük Palata yaradır. Məhkəmə palataları müəyyən müddət üçün nəzərdə tutulan komitələr yaradır.



2. İşdə tərəf olan dövlətdən seçilmiş hakim Palatanın və Böyük Palatanın exofficio üzvü olur; belə hakim olmadığı hallarda və ya o, iclasda iştirak edə bilmədikdə, həmin üzv dövlətin təyin etdiyi şəxs hakim qismində iştirak edir.

3. Böyük Palatanın tərkibinə həmçinin Məhkəmənin Sədri, Məhkəmə Sədrinin müavinləri, Palata Sədrləri və Məhkəmə Reqlamentinə müvafiq olaraq təyin edilmiş Məhkəmənin digər üzvləri də daxil olur. 43-cü maddənin müddəalarına müvafiq olaraq işin Böyük Palataya verildiyi hallarda onun iclaslarında, bu Palatanın Sədri və işdə tərəf olan dövlətin hakimi istisna olmaqla, qərarçıxaran Palatanın hakimlərindən heç biri iştirak etməməlidir.

 

Maddə 28


Komitələrin şikayəti qəbul olunmayan elan etməsi

 

Komitə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş fərdi şikayəti yekdil qərarla qəbul olunmayan elan edə bilər və ya əgər belə qərar şikayət əlavə öyrənilmədən qəbul edilibsə, onu icraatda olan işlərin siyahısından çıxara bilər. Bu qərar qətidir.



 

Maddə 29


Şikayətin qəbul olunması və mahiyyəti barədə Palatanın qərarları

 

1. Əgər 28-ci maddədə nəzərdə tutulmuş heç bir qərar qəbul edilməyibsə, Palata 34-cü maddənin müddəalarına müvafiq verilmiş fərdi şikayətin qəbul olunması və işin mahiyyəti üzrə qərarçıxarır.



2. Palata 33-cü maddənin müddəalarına müvafiq olaraq dövlətin verdiyi şikayətin qəbul olunması və mahiyyəti üzrə qərar çıxarır.

3. Əgər məhkəmə istisna qaydasında digər qərar qəbul etməzsə, şikayətin qəbul olunması haqqında qərar ayrılıqda çıxarılır.

 

Maddə 30


Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina

 

Əgər Palatanın icraatında olan iş Konvensiyanın və ya ona dair protokolların şərhi barədə ciddi məsələyə toxunursa yaxud məsələnin həlli Məhkəmənin əvvəllər çıxardığı qərara zidd ola bilərsə, tərəflərdən heç biri buna etiraz etmədikdə Palata öz qərarını çıxarana qədər istənilən vaxt Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina edə bilər.



 

Maddə 31


Böyük Palatanın səlahiyyətləri

 

Böyük Palata:



a) Palata 30-cu maddənin müddəalarına əsasən yurisdiksiyasından imtina etdikdə və ya 43-cü maddənin müddəalarına müvafiq olaraq iş ona göndərildikdə 33-cü və ya 34-cü maddələrin müddəalarına müvafiq olaraq verilmiş şikayətlər üzrə qərar çıxarır; və

b) 47-ci maddənin müddəalarına müvafiq olaraq təqdim edilmiş məsləhət rəyləri çıxarmaq üçün verilmiş xahişlərə baxır.

 

Maddə 32


Məhkəmənin səlahiyyəti

 

1. Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqinə dair ona verilə bilən, 33,34 və 47-ci maddələrdə nəzərdə tutulmuş bütün məsələlər Məhkəmənin səlahiyyətindədir.



2. Konkret iş üzrə Məhkəmənin səlahiyyəti ilə bağlı mübahisəni Məhkəmənin özü həll edir.

 

Maddə 33



Dövlətlərarası işlər

 

Razılığa gələn hər hansı Yüksək Tərəf Razılığa gələn digər Yüksək Tərəfin Konvensiyanın və ona dair Protokolların müddəalarını hər hansı şəkildə pozması ehtimalı ilə bağlı Məhkəməyə müraciət edə bilər.



 

Maddə 34


Fərdi şikayətlər

 

Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər.



 

Maddə 35


Qəbul edilmə şərtləri

 

1. Məhkəmə yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə bilər və iş üzrə son qərarın çıxarıldığı tarixdən altı ay keçənədək işə baxa bilər.



2. Məhkəmə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş aşağıdakı fərdi şikayətlərə baxmır:

a) anonim olan; və ya

b) mahiyyətcə Məhkəmənin artıq baxdığı məsələ ilə eyni olan yaxud beynəlxalq araşdırmanın və ya tənzimləmənin digər prosedurunun predmeti olan və işə aid yeni faktları əks etdirməyən.

3. Məhkəmə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş istənilən fərdi şikayəti, bu Konvensiya və ya ona dair Protokolların müddəaları ilə bir araya sığmayan, açıq-aydın əsassız və ya şikayət vermə hüququndan sui-istifadə hesab edərsə, qəbul olunmayan elan edə bilər.

4. Məhkəmə bu maddəyə müvafiq olaraq qəbul olunmayan hesab etdiyi istənilən şikayəti rədd edir. O bunu icraatın istənilən mərhələsində edə bilər.

 

Maddə 36



Yüklə 321,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə