Инсан мянявиййат цчцн йашамалы¬дыр



Yüklə 333,58 Kb.
tarix29.10.2017
ölçüsü333,58 Kb.
#7468





6-1. Dini-fəlsəfi dəyərlər
Din cəmiyyət üçün yox,

insan üçündür.

Əbu Turxan
Fəlsəfənin predmeti dünyadan kənara çıxır və özünü mənəvi bir varlıq olaraq dünyadan ayırmış insanın dünya ilə münasibətini əks etdirir. Elm obyektiv dün­yanı, insan­sız (mənsiz, mənəvi fak­tor­suz) dünyanı öyrəndiyi halda, fəl­səfə məhz insanlı dünyanı, insani­ləş­miş, rəmziləşmiş dün­yanı öyrənir. İncəsənət də dünyanı ifadə edir, bədii ob­razlarla, rəmz­lərlə əks etdirir. Lakin burada söhbət elm­də­ki mənada inikasdan deyil, ideya-estetik yaşantıdan gedir. Bütün bu sahələr insana birbaşa yox, dolayısı ilə təsir edir. Din isə insanın məqsədini, həyatın mənasını bilavasitə təlqin edir. Dini dəyərlərin isbata ehtiyacı yoxdur. Burada həqiqət hissi təcrübə, məntiqi təfəkkür və ya bədii obraz vasitəsilə de­yil, qəlbin nuru, mənəvi işıqlanma ilə açılır.

Fəlsəfə ilə dinin məqsədi eynidir, amma birinci idrak, ikinci inam üzərində qərar tutur. Məhəmməd İqbal yazır: «Din qətiyyətlə qəbul edildiyi və tam mənası ilə qavrandığı təqdirdə xarakter və mənliyi büsbütün dəyişdirə biləcək həqiqətlər sistemidir».1 Türk tədqiqatçısı prof. Murtaza Korlaelçi Hegelə istinadən yazır: «Din var olmaq üçün fəlsə­fəyə möhtac deyildir. Fəqət Hegelin dediyi kimi fəlsəfə ruhu bilgi ilə, dini həqiqəti zəka ilə uzlaşdırmaq üçün özünü dinə qatmağa məcburdur».1 Çünki din insanın bilavasitə mahiy­yətini, həyatının mənasını müəyyən edir. Mənəviyyatın daha zəngin, ömrün daha mənalı, zövqün daha incə olmasına fəl­səfə və incəsənət də təsir edir. Pro­fes­sor R.Aslanova yazır: «Din incə­sə­nət və yaxud fəlsəfəyə nisbətən daha mürəkkəb və daha rəngarəng mənəvi hadisədir. O fəlsəfəyə bənzər kimi adamların bütün mənəvi-etik həyat sahəsinə daxil olaraq onu yüksək məna ilə zənginləşdirir»2.



Ədəbiyyat və incəsənət bütün xalqın istifadəsinə verildiyi kimi, fəlsəfə də bütövlükdə xalqın dünyagörüşünün formalaşmasında əhə­miy­yətli dərəcədə iştirak edir. Lakin burada fəlsəfənin iki müxtəlif sə­viyyəsindən söhbət getdiyi nəzərə alınmalıdır. Peşəkar fəlsəfə, elmi-fəlsəfi araşdırmalar təbii ki, ge­niş kütlələr üçün nəzərdə tutul­mur. Lakin fəlsəfi düşüncə tərzi­nin, ideya-mənəvi yaşantı vərdiş­lərinin bü­tün insanlara aşılan­ması çox önəmlidir. Hər bir in­san özünü mad­di dünyadan ayırmağı, cari hadisələrin föv­qünə qalxmağı, hə­yata böyük ideallar mövqeyindən bax­mağı öyrənməlidir. Həm də bunu başqalarının nəsihətləri şəklində deyil, kənardan təsir kimi de­yil, özünün fərdi mənəvi-psixoloji yaşantısı kimi mənimsəməlidir. Bi­zim məqsədimiz insanlara hazır fəlsəfi biliklər, təlimlər öyrətmək yox, fəlsəfi düşüncə tərzini mənimsətməkdir ki, hər bir insan öz mənəvi-intellektual potensialının verdiyi imkan çərçivəsində filosoflaşa bilsin, kamilləşsin, İnsanlaşsın. Gənclərin mənəvi tərbiyəsini didakti­ka­nın, pedaqogikanın öhdəsinə buraxmaq böyük sadəlövhlükdür. Əgər in­san dünyanın ahəngini duya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını kəşf etməsə, öz mə­nə­viy­yatını dünya ilə təmasda, özünüdərk və ref­lek­si­ya yolu ilə daim təkmilləşdirməsə, kənarda ülvi olan, gözəl olan nə varsa hamısının, əs­lində, öz daxilində olanların təzahürü, ikinci həyatı olduğunu dərk etməsə, yəni özünə genetik imkan şəklində təbiətən xas olan po­ten­sial mənə­vi kamilliyi, müqəddəslik duyğusunu aktiv­ləş­dir­mə­sə, can­landırmasa, özünün həyat tərzinə, fəaliyyət prinsiplərinə çe­vir­məsə, təkcə kənar bilikləri öyrənməklə kifayətlənsə, bilik­li ola bilər, lakin kamil olmaz, alim ola bilər, lakin İnsan olmaz.

Mənəvi kamilləşmə yolu­nun, insanlaşma yolunun yeganə böyük bələdçisi olan fəlsəfi təfək­kür tərzinə necə yiyələnmək olar? Necə et­mək olar ki, uşaqlara fit­rən xas olan fəlsəfi düşüncə qabi­liyyəti, ma­hiy­yətə varmaq, cəsa­rətli suallar vermək cəhdləri standart, normal tə­fək­kür qə­liblərinə salınaraq sıradan çıxmasın, yaşlı nəslin təs­­limçi və praqmatik düşüncəsi uşaqların üsyankar idrak qa­nad­la­rı­nı qırmasın?

Gənclərimizin təlim-tərbiyəsini bu istiqamətdə necə yenidən qu­ra bilərik? Min illər boyu ata-babalarımızdan bizə həm də ge­ne­tik olaraq miras qalmış böyük mənəvi sərvətləri kənardan öyrən­mək­lə yanaşı, öz daxilimizdə necə aşkar edə bilərik? Özümüz mənən yük­səlmədən, övlad­la­rımızın tərbiyəsini «müasir tələblər səviy­yə­sin­də» necə qura bilərik?

Bircə şeyi nəzərə almaq lazımdır ki, bu gün Avropada aşkar şəkildə etiraf olunsa da, olunmasa da onların qa­zandığı nailliy­yət­lər­də fəlsəfi düşüncə tərzinin rolu bö­yük olmuşdur. Təsadüfi deyil ki, hələ Siseron fəlsəfəni xeyir­xahlığın bələdçisi, həyat müəllimi adlan­dı­rırdı. Bütövlükdə antik sivilizasiya fəlsəfi düşüncə üzərində qərar tutmuşdu.

Avropanın ikinci böyük inkişaf dövrü, Renessans da fəlsəfi dü­şün­cəyə qayıdışdan başlanır. Yəni dövrün bütün siyasi-hüqüqi və mədəni-mənəvi dəyərlər sistemi də, de­mokratiya, insan haqları, beynəlxalq hüquq normaları da fransız maarifçi filosoflarından, Con Lokkdan, Kant­dan qidalanır. Bu gün biz bu dəyərlər sistemini Av­ropadan hazır şəkildə götürməyə çalışırıq. Lakin öz fəlsəfi fikir qaynaqlarımıza qayıtmaqla biz həmin dəyərlər siste­mi­nə təfəkkürün təbii inkişaf yolu ilə də gəlib çıxa bilərik. Onda milli-ictimai şüurla demokratik dəyərlər sistemi arasında müşahidə olunan müəyyən ziddiyyətlər də təbii yolla aradan götürülmüş olar.

Fəlsəfi düşüncə tərzi fərdi-mənəvi inkişaf üçün, insanın ka­mil­ləşməsi üçün nə dərəcədə vacibdirsə, fəlsəfi biliklər sistemi, el­mi-fəlsəfi tədqiqatlar da cəmiyyət üçün, dövlət quruculuğu üçün, icti­mai-siyasi və sosial-mədəni təşkilatlanma üçün bir o qədər va­cibdir.

Dövlətin, cəmiyyətin inkişaf strategiyasının elmi-fəlsəfi təməl üzə­rində qurulması zərurətini və bu baxımdan, fəlsəfi fikrin inki­şa­fının ümummilli əhəmiyyətini qeyd et­məklə yanaşı, onun hər bir fərdin öz şəxsi və ictimai həya­tını nə dərəcədə düzgün qura bilməsi üçün lazım olduğunu aydınlaşdırmağa çalışaq. Əlbəttə, həyatın axa­rına düşən, verilən tapşırıqları səylə yerinə yetirən, «zamanın nəbzini tutan», zamanla qovğaya girməyən, «palaza bürünüb, elnən sürün­məyi» bacaran, təlimatlara vicdanla əməl edən, «normal» həyat və fəaliyyətin hüdudlarını aşmayan nü­mu­nəvi şəxslər, bəlkə də, hər şeyin səbəbi, mahiyyəti haqqında, həyatın mənası haqqında baş sın­dırmağa eh­tiyac hiss etmirlər.

Öz ailəsi, qohum-qardaşı, dost-tanışı ilə, iş yoldaşları ilə ünsiy­yət­də olan, öz ev-eşiyi barədə, şəxsi əmlakını artırmaq, yaxşı yeyib-iç­mək, yaxşı «yaşamaq» haqqında dü­şünən, öz zəhməti və ya fərqli ba­ca­rıqları ilə pul qazanan və bu dünyasını təmin edən, hətta o dünya üçün də gün ağlayaraq vaxtı-vaxtında nəzir-niyaz verən, dini mə­ra­sim­lərdə iştirak edən insanlar üstəlik dünyanın dərd-sərinidəmi çək­mə­lidirlər?

Fəlsəfə «normal insanın» nəyinə lazımdır? Ümu­miyyətlə, fəl­­sə­fə hamı üçünmü, hər bir insanın mənim­sə­məsi üçün­mü nəzərdə tutulur?

Belə bir fikir var ki, hamı, hətta ateistlər də, heç ol­masa, öm­rün­də bir dəfə – ölüm ayağında həyatın mənası haqqında, yaşadığı dövranın sonluluğu və sonsuz, əbədi dünya haqqında, Allah haqqında düşünür və ya düşünməsə də, bu mövzunun təsiri altında dərin his­siy­yat keçirir. La­kin bu zaman İbn-Sinanın və ya Kantın fəlsəfi trak­tat­ları­nı yada salmır. «Fəlsəfə» dərslərində müəllimin öyrət­dik­lə­ri də, təbii ki, belə məqamlarda yada düşmür. Yada düşən hazır fəlsəfi biliklər və dini moizələr yox, əzəli-əbədi dini-fəlsəfi sual­lar­dır. Bu suallara yeganə və son cavab cəhdi.

Qalan hallarda, xü­su­sən «yaxşı günlərdə» əksəriyyət fəlsəfəyə, ümumiyyətlə, ehtiyac hiss etmir. Sərvət toplayan, yeyib-içmək, kef çəkmək haqqında düşünən adamların fəlsəfə nəyinə lazımdır?

İstər-istəməz belə sual ortaya çıxır ki, fəlsəfə əgər toxlara lazım deyilsə, bəlkə aclara lazımdır? Xeyr, aclar məcburiyyət üzündən ye­mək haqqında, pul qazanmaq haq­qında düşünür, öz maddi həyatını tə­min etmək uğrun­da­kı çabalarda fəlsəfi problemlər üzərində dü­şünməyə, tə­bii ki, heç vaxt da qalmır. Bəs onda kim qaldı? Hə­ya­tın mənasını, millətin, xalqın, dünyanın taleyini kimlər düşünə bilər? Ümid yenə toxlara qalır. Lakin qarnı yox, gözü tox olanlara. Var-döv­lət tamarzısı olmayan, var-dövlət topla­maq imkanı olan, lakin bun­a aludə olmayan, potensial şəx­si sərvətini milləti və dövləti üçün xərc­ləyənlərə. Dini də, imanı da pul olanlar yox, «pul əl çirkidir» fəl­sə­fəsini yara­danlara!

Azərbaycan Dövlət Pedaqoci Universitetində dərs dediyim vaxtlarda marksizm-leninizm fəlsəfəsi ilə yana­şı, fürsətdən «sui-istifadə» edib həqiqi böyük fəlsəfəni də gənclərə çatdırmağa çalışdığım mə­qam­ların birində bir tələbəm mənə sualla müraciət etdi ki, müəl­lim, mən filosof olmaq istəyirəm, nədən başlayım? Mən ona məsləhət gördüm ki, evə qayıdan kimi özünün ən bahalı paltar­la­rı­nı, zinət şeylərini yığıb yandırsın, sonrakı addımları isə gələn dərsimizdə de­yərəm. Lakin gələn dərsimizdə qız əlini qaldırıb utana-utana dedi ki, müəllim, bilirsinizmi, mən daha filosof olmaq fikrindən da­şınmışam. Bəli, mənim göstərdiyim yol çətin yol idi. Lakin insanı fi­lo­sofluq məqamına yüksəldən başqa yol tanımıram.



Mənə etiraz edib deyə bilərlər ki, axı, sizin gostər­di­yiniz yol tər­ki-dünyalıqdır, asketizmdir və ən yaxşı halda, idealizmdir. Axı, bəs materializm də vardır, gedonizm də vardır…

Yenə də marksizm fəlsəfəsini tədris etdiyim illər yadıma düşür. O vaxt bütün insanlar kimi tələbələr də özünün məhz marksist-leninçi dün­yagörüşünün tərəfdarı, materialist ol­duq­larını isbat etməyə çalışırdılar. Mən isə deyirdim ki, isbatsız-filansız hamının mate­rialist olduğuna inanıram. Çünki hələ dini-fəlsəfi düşüncə səviy­yə­si­nə yük­səl­məyənlər onsuz da ma­terialistdirlər. Materialist olmaq­dan asan nə var ki… Çətini mate­rialist olmamaqdır. Mən öz əsas vəzifəmi məhz idea­liz­mi öyrətməkdə görürdüm, çünki həqiqi fəlsəfi fikir sadəlövh ma­terialist düşüncələrin fövqünə qalxmaqla, ideya haq­qındakı ilk təsəvvürlərin formalaşması ilə başlayır.

Çətini onsuz da bu maddi dün­yanın hadisələri içərisində itib-batan, onsuz da öz təbii-bioloji baş­lan­ğıcın­dan ayrıla bilməyən və öz instinktinin, nəfsinin əsirinə çev­rilən insanların ayağını yerdən üzmək, qanadlandırmaq, mad­diy­yatın fövqünə qaldırmaqdır. Və burada «Şahin nəğməsi» kimi əsər­lər neçə-neçə fəlsəfi traktatdan daha çox kara gəlir. (Təəssüflər ol­sun ki, «proletar yazıçısı» oldu­ğu üçün Maksim Qorkinin bu gözəl əsə­rini proqramdan çıxaranlar da tapılıbdır.)

Əsas məsələ gənclərdə heyrət hissini, müqəddəslik duy­ğusunu, ideala can atmaq əzmini formalaşdırmaqdır. Onların «İn­san mənəviyyat üçün yaşamalıdır»1, – qənaəti­nə gəlmələrini tə­min et­mək­dir.

Fəlsəfədə mənəvi ilə maddinin qarşılaşdırılması heç də yalnız ontoloji kontekstdə önəmli deyil. Belə qarşıdurma in­san nəfsinin strukturunda da vardır; ruh və maddiyyatın, əqli nəfslə heyvani nəfsin əks qütblərdə olması da ənənəvi səciyyə daşıyır.

Maddiyyatı, var-dövləti, vəzifə və rəyasəti həyat amalı­na çevi­rən insanlar dini-fəlsəfi düşüncə qabiliyyətindən məh­rum olan insan­lar­dır.

Öz nəfsi üzərində qələbə çala bilməyən, bu fani dünyanın ne­mət­lərindən ikiəlli yapışan, ən böyük hissi yaşantıları da maddi dünya ilə bağlı olan insanların necə dindar olduqlarını təsəvvür etmək çox çətindir. Lakin bir sıra təbiətşünas alimlər kimi pul hərisləri, ehtiras düşkünləri, keyf əhli də bəzən özünə dindar imici yaratmağa çalışırlar. Haram yolla qazanılmış pulla Həcc ziyarətinə getməyin, birindən rüşvət alıb başqasına sədəqə verməyin, bütün gün ərzində axşam necə yeyib-içəcəyini düşünərək oruc tutmağın mənası və motivi nədir? Hətta namaz qılanlar da, əgər hər dəfə qəlblərini təmizləyə bilmirlərsə, maddiyyata bağlılıq­la­rından ayrılıb, saf, təmiz, ülvi hisslər keçir­mir­lərsə – sadəcə əyilib-qalxmaqda və əzbərlənmiş sözləri deməkdə məq­səd nə­dən ibarətdir? Ürəyində kin-küdurət, qəzəb və ya riya olmaqla, di­lin­də Allah kəlamını zikr etməyin faydası nədir? Əslində ömrü boyu bu dün­ya üçün, maddiyyat üçün çalışa­raq, qazandıqları­nın kiçik bir qis­mi ilə o dünyanı da satın almağa cəhd edənlər, əməl­lə­rin­də şeytana, dilində Allaha qulluq edənlər, görəsən nəyə bel bağla­yır­lar? Allahı da al­datmağa çalışırlar?

Dini ayinlər mükəlləfiyyət kimi, yaxud sadəcə plan kimi icra olu­na bilməz. Din insanları öz ilahi başlanğıcını dərk etməyə çağırır. Bu, tək­­cə islama deyil, bütün dinlərə və dövrlərə aiddir.

Qədim çin fəlsəfəsi – daosizm, insanları maddi dünya ilə bağlı hər hansı bir fəaliyyətdən, hətta bu dünyanın qav­ra­nılması istiqa­mə­tin­dəki idraki fəaliyyətdən də uzaq olmağa, iç aləminə fokuslanma­ğa və hə­lə bu dünyada ikən əbədiyyətə qovuşmağa səsləyir.1

Orta əsrlər İslam dünyasında geniş yayılmış sufi hərəkatı və dər­vişlik institutu da maddi dünyadan, ictimai həyatdan ayrılaraq öz mə­nəvi aləmini təkmilləşdirmək və bu yolla Allaha qovuşmaq mövqe­yi­­nin ifadəsi idi. Sufiliyin əsas prinsipi sadəcə olaraq həyatda mal-döv­lətdən, rəyasətdən uzaq durmaq yox, həm də daxilən, mənən təmiz ol­maq, insana öz cismani, heyvani başlanğıcını xatırladan hər şey­dən uzaqlaşmaq, ehtiraslarını boğmaq və ancaq ilahi eşqlə yaşamaq idi. Bəziləri sufiliyin daosizm, buddizm və hətta xristianlıqla yaxınlığına istinad edərək, onu İslamın bir qolu kimi yox, az qala azadfikirliliyin və islamdan uzaqlaşmağın bir forması kimi anlayırlar. Elə o dövrdə də Mənsur Həllacın, Şihabəddin Yəhya Sührəvərdinin, E.Miyanəci­nin, Nəsiminin fanatiklər tərəfindən edam edilməsi dinin mA­hiyyətin­dən deyil, zahiri əlamətlərindən çıxış etməyin, ehkamçılığın nəticəsi idi. Halbuki, Məhəmməd peyğəmbərin özünün «Ən böyük cihad insa­nın öz nəfsinə qarşı cihadıdır», yaxud «Ölməzdən əvvəl ölmək la­zım­dır», – kimi fikirləri sufizmin əsas ideyasına haqq qazandırır; la­kin bir şərt­lə ki, bu məsələdə də ifrata varılmasın. Çünki yeri gələndə nəfsini idarə etmək, maddiyyatın cazibəsindən ucada dayanmaq, ancaq ülvi hisslərə qulluq etmək nə dərəcədə yaxşıdırsa, ya­şadığımız ictimai mü­hitə qatılmamaq, onun daha yaxşı ol­ması üçün heç nə etməmək də o dərəcədə pisdir. İnsan yalnız öz mənəvi dünyasının de­yil, cəmiyyətin də saflaşması uğrun­da mübarizə aparmalıdır.

Əgər fani dünyadan ikiəlli yapışanlar bir cür ifrata va­rırlarsa, as­ketlər, tərki-dünyalar da başqa cür ifrata varır­lar.

Bizcə, mənəvi kamillik heç də yalnız maddi dünyanın fövqünə qalx­maqla əldə edilmir. Məqsəd maddiyyata nifrət, bu dünyaya eti­na­sız­lıq deyil. Əsas məsələ imtina qabiliy­yə­ti­nin olub-olmamasındadır. Yeri gəldi-gəlmə­di, həmişə bu dünyadan qaçmaq əslində Allahın in­san qarşısında qoyduğu vəzifələrdən də uzaqlaşmaq deməkdir. Ancaq özünü düşün­mək, hətta bu, mənəvi kamilləşmə istəyindən doğsa belə, eqoizmin bir formasıdır. Halbuki biz yalnız özümüz üçün, öz şəxsi etiqadımız üçün deyil, həm də Allah yolunu tutan və haqqa qulluq edən digər insanlar üçün, onların rifahını yaxşılaşdırmaq üçün ya­şa­yı­rıq. Əks təqdirdə, Qurani-Kərim­də dönə-dönə ehtiyacı olanlara əl tut­maq, zəkat vermək, yo­lunu azanları düz yola dəvət etmək tövsiyə olunmazdı.

Maddiyyatla mənəviyyatın bir araya sığmadığını, cari həyata alüdə olanların mənən kiçildiyini iddia edənlər öz mövqeyini əsas­lan­dır­maq üçün bir sıra hədislərə istinad edirlər. Belə gözəl hədis­lər­dən biri aşağıdakı kimidir:

«İki qonşu var imiş. Biri var-dövlət dalınca qaçar, qazanc üçün istənilən vasitəyə əl atar, yalan deməkdən, böhtan atmaqdan da çəkin­məz­miş. Nə oruc tutar, nə namaz qılarmış. Amma var-dövləti aşıb-da­şar­mış. O biri qonşu isə gecə-gün­düz ibadət edər, haqqı nahaqqa sat­maz­mış. Amma kasıb yaşı­yarmış. Bir gün o, Allaha sual ilə mü­ra­ciət edib so­ruşur ki, bəs necə olur ki, ömrü boyu düz yolla getdiyi hal­da belə kasıbdır, qonşusu isə günah sahibi olsa da var-dövlət için­də ya­şayır? O, öz aləmində bu cür vəziyyəti ədalətsizlik hesab edir. Am­ma Allahdan belə bir səda gəlir: – İstəsən, yerinizi də­yişə bilərəm. Sə­nin qismətini ona, onun qismətini sənə ve­rə­rəm; sən də onun kimi ya­şa və onun var-dövləti sənin olsun. Amma dindar adam bunu heç cür qə­bul etmir. Onun istədiyi təmiz qalmaqla bərabər, var-dövlət sahibi ol­maq idi. Amma bu cavabdan sonra, «dilini dişləyir»: «Ay dili qafil, mə­nim qismə­tim onun­kundan uca, mənim payım onunkundan çox imiş. Heç bu cür qəlb rahatlığını mala- dövlətə dəyişmək olarmı? ….»

Dünya malına göz dikməyin, var-dövlət dalınca qaç­mağın mənə­viy­yat üçün çatışmazlıq olması haqqında milli ədəbiyyatımızda da az yazılmamışdır. Mal-dövlət ilə müqa­yisədə həmişə əqlə, kamala, mənə­viyyata üstünlük veril­Miş­dir. Aşıq Ələsgər belə deyir: «Min batman zərin olunca, bir misqal kamalın ola».

Həmişə ictimai mühitin ən böyük nöqsanlarından biri zər ilə kərəm arasındakı əksliyi aradan qaldıra bilməməsi ol­muşdur. Mütərəqqi cəmiyyətlərdə isə kamal özü var-dövlət üçün açar hesab olunur. Başqa sözlə, cəmiyyət elə ona görə mütərəqqi hesab olunur ki, burada rəyasət, var-dövlət, im­kan ağılsızların yox, ağıllıların əlində olur. Yəni ağlı olan, biliyi olan, müəyyən bir ixtisasa yiyələnən insan üçün özünü maddi cəhətdən təmin etmək mütərəqqi cəmiyyətdə prob­le­mə çevrilə bilməz.

Digər tərəfdən, hətta qabaqcadan varlı olan adam da əgər ağıllı deyilsə, özü mütəxəssis deyilsə və mütə­xəssislərə arxalanmırsa, var-dövlətini və rəyasətini itirməyə məhkum­dur. Çünki pulla çox şeyi sa­tın almaq olar; amma əql-kamal, bilik və əməli vərdişlər pulla alına bilmir. Düzdür, naqis cəmiyyətdə belə cəhd göstərilir, amma onların pulla aldıqları əslində bilik yox, biliyi təsdiq edən formal sənəddir. İş o yerə çatır ki, vəzifəsi və pulu olan adam heç yalançı ali təhsil dip­lomu ilə də kifayətlənməyərək, elmi dərəcə də alır və rəsmən «alim» olur. Pulun yeganə meyar sayıldığı cəmiyyətdə belə təşəbbüslər tə­biidir. Pul və rəyasətlə qazanılmış alimlik vəzi­fə tutmağa, yenə pul qa­zanmağa xid­mət edir. Bu, əslində qa-nunauyğundur. Cəmiyyət bun­dan, əlbəttə, zi­yan çəkir; amma ən böyük ziyan bu rəsmi «alimlərin» sonradan həqiqi elm adamları qarşısında maneəyə çevrilməsidir. Baş­qa sözlə, zər özünü artırmaqla kifayətlənməyərək, dönüb kərəmi də yeməyə başladıqda, mi­silsiz bir disbalans yaranır. Bu isə tsiklin tamamlanması de­məkdir.


Bütün cəmiyyətlərdə zənginlər və kasıblar vardır. Kapitalizm qu­ruluşunun əsas ideyası da insanları kor-koranə bərabərləşdir­mə­mək, onların öz əqli və fiziki potensialını reallaşdırmasına, hər kə­sin cəmiyyətdə öz səriş­təsinə uyğun mövqe tutmasına imkan ver­məkdir. Bəli, ka­pi­talizm cəmiyyətinin gücü, ilk baxışda onun qüsuru kimi görünən bu cəhətdədir. Yəni daha qabiliyyətli olanların cə­miy­yətdə möv­qeyi, var-dövləti və fəaliyyət imkanları böyük oldu­ğundan, cə­miyyətin inkişaf potensialı artmış olur. Var-dövlətin ağıllı adamda, ka­­mal əhlində çox olmasının heç bir ziyanı yoxdur. Çünki bu pul, bu dövlət hansı yolla isə müt­ləq cəmiyyətə qayta­rılacaqdır. Təsadüfi de­yildir ki, kapita­lizm cəmiyyətində kapital ilk növbədə istehsalın; sə­nayenin, təsərrüfatın inkişafına qoyulur. Böyük sənaye isə ancaq bö­yük elm müqabilində inkişaf edə bildiyindən, kapital dolayası ilə elm və təhsilə sərf olunur. Vay o gündən ki, icti­mai sərvətin, var-döv­lətin arxasına keçməyin başqa yolları peyda olur. Ağılla, fərasətlə qa­za­nılmayan pul da təbii ki, iqtisadiyyatın, elmin, təhsilin inkişafına yox, əyləncəyə, narkotikaya və s. sərf olunur ki, bu da ictimai inkişafa lən­gidici təsir göstərir.

Lakin problem bununla da bitmir. Rüşvətlə, korrup­siya vasitəsilə pul qazanan adamların əksəriyyəti savadlı adamlardır. Onlar özləri bəlkə də bu pulu pis bir işə xərclə­məzlər. Buna heç vaxtları da qalmaz. La­kin on­lar öz bisnesi ilə bilavasitə məşğul ola bil­mədiyindən, bu varlı eli­tanın ətrafında yeni bir təbəqə formalaşır və kapital onların əlin­dən keçir. Buna görə də optimal ictimai təşkilatlanmanın ən mühüm şərt­lərindən biri korrupsiya ilə mübarizə və yaradıcı əməyə, qanuni sahib­karlıq fəaliyyətinə ma­neə­lərin aradan qaldırılmasıdır.

Kamal əhli ol­madan əli böyük pula çatanların fəallaşması cə­miyyət üçün, mədə­niyyət və mənəviyyat üçün yaxşı heç nə vəd etmir. Bu problemin həlli üçün ilk növbədə zər-kamal dilemması aradan götürülməlidir.

Görünür, məhz kapitalizmin hələ bərqərar olmadığı Şərq ölkə­lərində zər və kamal problemi həll edilə bilmə­di­yin­dəndir ki, mənəvi ilə maddi arasındakı fərqin qarşıdurma sə­viyyəsinə qal­dı­rılması, biri artarkən o birinin mütləq aza­la­cağı, yəni tərs-mütə­nasibliyi, hətta bun­­­ların cəminin sabit­liyi haqqında fikirlər də ortaya çıxmışdır. Ata­lar da belə deyir: «Zər əhlində kərəm yoxdur, kərəm əh­lində zər».

Bu məsələnin bədii təhlili öz əksini Əbu Turxanın məşhur qıfıl­bəndində və onun açmasında da tapmışdır:
Həyatda saxlanma qanunu varmı,

Pak admı üstündür, dövlətmi, varmı?

Biri azalanda o biri artsa,

Məcmuyu bunların sabit qalarmı?
Cavabında Əbu Turxan yeni saxlanma qanununun kəşf edil­mə­mə­sini mənəvi sərvətin ölçülə bilməməsi və müqayisənin adekvat ol­ma­ması ilə izah edir:
İsməti qismətə satanlar çoxdur,

Kamil adamınsa, gözləri toxdur.

Böyük kəşf olardı, amma nə yaxşı,

Mənəvi sərvətin ölçüsü yoxdur.
Beləliklə, mənəvi kamillik yolunun ancaq dərvişlikdən, kasıblıq­dan keçməsi haqqında fikir inkar olunur. Çünki var-dövlət ancaq mənəvi deqratasiya sahəsində əldə edilmir. Ağıllı adam mənəvi simasını saxlamaqla da, var-dövlət sahibi ola bilər. Lakin bu varidat özlüyündə məqsədə çevril­məməli və cəmiyyətin mədəni-mənəvi kamilləşməsi yolunda bir vasitə kimi istifadə olunmalıdır.

Qurani-Kərimdə də məsələ «ya bu dünya, ya o dünya» kimi qoyulmur. Allah istədiyi bəndələrinə hər ikisini verir. Və hər ikisinin yolu bilikdən, elmdən keçir. Həzrəti Məhəm­məd demişdir: «Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın».1

Kasıblığın az qala dindar adamın qisməti kimi qələmə verilməsi, bu məqsədlə dini amildən sui-istifadə edilməsi isə, heç şübhəsiz, ya subyektiv mülahizələrlə əlaqədardır, ya da onun ma­hiy­yə­ti düzgün təsəvvür olunmur. Bəli, doğrudur ki, din bir həyat tərzi kimi, səxavəti təlqin edir. Amma səxavətli olmaq, yardım etmək, xums-zəkat vermək üçün əvvəlcə müəyyən var-dövlət sahibi olmaq lazımdır. Məlum ol­duğu kimi, peyğəmbər özü ticarətlə məşğul olub, yəni burada ayıblı bir şey yoxdur. Ayıb olan əyri yolla pul qazanmaqdır. Lakin təəssüf ki, Şərq fəlsəfi fikrində var-dövlətə ancaq mənfi planda baxmaq ənənəsi geniş yayıl­mışdır. Hətta Qərbdə yaşayan ərəb şairi və filosofu Cübran Xəlil Cübran da bu mövqedən çıxış edir: «Var-dövlət insan müsibətlərinin mənbəyidir, sevgi isə səadət və sevincin».1 Halbuki var-dövlət ancaq haram yolla qazanıldıqda və ağılla idarə edilə bilmə­dikdə müsibət törədə bilər. Onun sevgi ilə qarşılaşdırılması üçün də heç bir əsas yoxdur.

Şərqdə gözəllik və sevgi maddiyatla qarşılaşdırıldığı kimi, mənə­viyyat müstəvisində də qütbləşmə gedir. Məsələn, belə bir fikir vardır ki, kiminsə qismətinə zahiri gözəllik düşürsə, başqasının qis­mətinə mənəvi saflıq, daxili gözəllik düşür; və müdriklər həmişə ikin­ciyə üs­tünlük verirlər. Lakin zahiri gözəllik dalınca qaçanlar daha çox olur. Bu qarşılaşdırma, görünür, hər iki gözəlliyin eyni adamda ol­ması ehtimalının azlığından irəli gəlir. Əlbəttə, idealda zahiri ilə bati­ninin vəhdəti tərənnüm olunur. Amma bu vəhdət eyni tərtibli tərəf­lərin vəh­dəti deyil. Zahiri gözəllik olsa-olsa əsas gözəlliyin daha tez üzə çıxması üçün stimul ola bilər. Əbu Turxan yazır: «Zahiri və daxili gö­zəllik eyni vaxda parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikin­ci gözə görün­mür, amma elə ki, göründü, onda birincini kölgədə qo­yur». Bir fərq də nəzərə alınmalıdır ki, daxili aləmin hüdudu olma­dığından, onun tnktşaf potensialı da sonsuzdur. Digər tərəf­dən sifət gözəlliyi mənəviyyata təsir etmədiyi halda, ruhun kamilləşməsi, xoş­bəxtlik və sevgi duyğusu sifətdə də ifadə olunur. Sevən adamın, xeyir­xah adamın, dindar adamın «sifətindən nur tökülür», o daha səmimi olur, daha nəcib görünür.

Dini tərbiyə universal əqli key­fiy­yət­lər­dən daha çox, duyğu ilə bağlıdır və insan Mən-inin daha dərin qat­la­rı­nı ifa­də etməklə yanaşı, lokal mədəni-mənəvi mühit­lə, hətta fərdi möv­cud­luqla əlaqədardır. Digər dinlərdən fərqli olaraq, is­lam dini eyni zamanda bir şəriət kimi də çıxış edir və insan­lara ictimai münasibətlərdə də bələdçi olur.

Dini duyğu isə insani mahiyyətlə bağlı olduğu üçün daha də­rin və qə­dim köklərə malikdir. C.Əfqaninin yazdı­ğı­na görə, «İn­sa­nın ilk tər­biyəsi onun dini tərbiyəsidir, fəlsəfi dünyagörüşü sonra yaranır».1 La­kin fəlsəfi düşüncənin for­malaşmasında dini hissin böyük rolu vardır.



Müasir dövrdə bəşəriyyətin əldə etdiyi ictimai təcrübə və yüksəl­di­yi intellektual səviyyədən elm, fəlsəfə, din, əxlaq və bu kimi intel­lek­tu­al-mənəvi də­yərlər sisteminə yenidən baxıl­masına, onların insan hə­ya­tında rolunun yenidən də­yərləndirilmə­sinə böyük ehtiyac vardır.

Cəmiyyətin yüksək dərəcə­də təşkilatlanmış olduğu bir şəraitdə hər bir insanın fərdi həyatı özündən daha çox kənar amillərdən asılı olur. İnsan hələ dünyaya gəlməmiş, onun ya­şamalı olduğu təbii, so­sial-iqtisadi və mədəni-mənəvi mühit formalaşmış olur və bu mühit fərd­lə müqayisədə qat-qat bö­yük miqyaslı proseslərlə bağlı oldu­ğun­dan xeyli dərəcədə əta­lətli və konservativ olur. Onun azacıq da olsa də­yiş­di­rilməsi bö­yük daxili enerci tələb edir.

Lakin bu mühiti dəyişmək lazımdırmı?

İnsan müəyyən zaman və mə­kanda dünyaya gəlir. Bu onun qis­mə­tidir. İnsan ya öz taleyi, qis­məti ilə barışmalı və mühitə uy­ğun­laş­ma­lı, ya da mühiti də­yiş­dir­mək kimi çətin bir yola qədəm qoymalıdır ki, bu yol ancaq daxildən gələn işıqla aydınlaşa bilər.

Mühitə qarşı dayana biləcək, ona alternativ ola biləcək yeganə mənbə insanın daxili mənəvi aləmidir. Lakin daxili aləm özü də mühitin təsiri ilə formalaşmırmı?

Ömür məhdud, dünya fanidir.

Sonsuzluğu ehtiva edəndə, kainatın ənginliyinə girən­də, nəhayətsiz, əzəli, əbə­di dünyaya qovuşanda, ölüm­dən sonrakı ölməz həyatı da öz hə­ya­tı­na əlavə edəndə, müm­kün­süzlüklər hamısı mümkün olan­da... həya­tın ecazkarlığı, ülvi­liyi artır, insan özünü əzəli-əbədi he­sab edir, hadi­sə­lər içəri­sində itib-batmır, nəfsin torundan çıxır, yük­­səlir, cılız, cari, cis­­mani, keçici, fani həyatdan uzaqlaşa­raq onun fövqündə dur­maq, mə­nəviləşmək, ideallaşmaq, Allaha qovuş­maq əz­mində olur!

İnsanın qəlbi ülvi, müqəddəs bir duyğu ilə dolur, bö­yük Alla­ha pərəstiş edərkən, özü də qanad açır, ucalır, mə­nəvi dünya­nın sirli-soraqlı, dərin qatlarını ehtiva edir.

Fərd öz həyatı, öz hərəkətləri ilə ancaq özünü təmsil etdiyini və əgər görən, bilən varsa – qanun qarşısında, əgər görən, bilən yox­­dursa ancaq öz vicdanı qarşısında ca­vabdeh olduğunu zənn edir­­sə o, ən azı eqoistdir; bu, onun fərdi miqyasdan milli və ümum­­bəşəri miqyasa çıxa bilmə­məsinin nəticəsidir.

İnsan hər bir məqamda özündən başqa ailəsini, elini-obasını, millətini, dövlətini təmsil edir, insanlığı – bəşəriyyəti təm­sil edir.

Tək özü qarşısında deyil, tək dövlət, qanun qarşısında deyil, həm də milləti təmsil etməklə millət qarşısında, in­san­lığı təmsil et­mək­lə bütün bəşəriyyət qarşısında məsuliyyət daşıyır.

Daha böyük miqyasda və daha böyük ümumilik dərə­cəsində isə insan öz hərəkətləri ilə Allah qarşısında məsu­liy­yət daşıyır.

Dini hiss – insanın Allah qarşısında məsuliyyət hissi mərhələ-mər­hələ: ailə qarşısında, millət qarşı­sında, bəşə­riy­yət qarşısında mə­su­liy­yət hisslərinin da­vamı kimi ortaya çıx­dıqda bu daha sadəcə hiss yox, dərk olunmuş, zəka ilə qo­vuşmuş bir hissdir.

Tək dinlər yox, bütün əxlaqlar da yaxşılığa qarşı min­nətdar­lıq his­sini zəruri hal, norma sayır.

Kimsə əl tutanda, yaxşılıq edəndə çalışırıq ki, fürsət dü­şən kimi əvəzini çıxaq, ya da bu mümkün deyilsə, heç olmasa sözlə öz minnət­dar­lığımızı bildirək...

Bəli, insan ona edilən hər kiçik yaxşılığın ünvanını axtarır, öz təşəkkürünü bildirməyə ehtiyac duyur. Lakin bü­tövlükdə həyat üçün, bu dünyanın bütün gözəllikləri üçün, dərk etmək, sevmək, se­vilmək, quruculuq, yaradıcılıq sevinc­ləri üçün kimə təşəkkür et­mək lazımdır?

İnsan dünyanın ahəngi, gözəlliyi, qanunauyğunluğu və bu qa­nun­ların dərkedilənliyi üçün Allaha minnətdarlığını bildirir və dini ayin­lərin əksəriyyəti də bu minnətdar­lığın ifadə edilməsidir.

Lakin maraqlı budur ki, islam dinindəki bütün ayinlə­rin ic­ra­sı – Allaha minnətdarlıq proseduraları elə quru­lub ki, onlar in­sa­nın özü üçün, onun sağlamlığı üçün, onun daxili mənəvi sakitliyi üçün də şərt olur. Allaha dua edən, dinin qoyduğu qaydalar çər­çi­və­sində fəaliyyət göstərəí èíñàí həm də öz sağlamlığına, fiziki və mə­nəvi kamilli­yinə xidmət edir.



İnsan Xaliq qarşısında əyilir, ona bəxş edilmiş bütün qabi­liy­yət­lərə və gözəlliklərə görə böyük yaradana minnət­dar­lığını bil­di­rir və bu­­­nun­la mənən yüksəlir, ucalır, öz nəfsi və başqaları qarşı­sın­da əyil­məz olur. Təbiətdə, həyatda heç kim­dən asılı olmadan möv­cud olan ahən­gi, gözəlliyi gör­mək, duy­maq və bunäàí ìÿì­íóí qalmaq, min­nət­dar ol­maq ÿñëèíäÿ onları öz daxilinə köçür­mək, həmin gözəllikdən, ahəng­dən maya­lanmaq deməkdir. Əslin­də bu dünyanın özündə də səni öyrədən, sənin xexirxahın olan in­san­­lara, müəllimlərə, us­tadlara mü­nasibətdə minnət­darlıq və pə­rəstiş duyğusu insanı kiçilt­mir, əksinə yük­səldir. Əks təqdirdə in­san, nankor bir eqoistə çevrilə bilər. Təm­be­hə layiq olan isə, ri­ya­kar­lıq və təmənnalı əyilmədir ki, bunlar nə dini hisslə, nə insani lə­ya­qətlə bir araya sığmır.

Kənarda, başqalarında yax­şı olanları görməyən, duy­mayan, qiy­mət­ləndirməyənlər bu yaxşı­lıqlardan məhrum olanlardır. Èíñàí þçöí­äÿ ÿí àçû ðöøåéì ùàëûíäà îëìàéàíû áàøãàñûíäà äà ýþðÿ áèëìèð.

Daxilən gözəl olmağın bir yolu var: o da xaricdəki gö­zəlliyi duy­maq, ona heyran olmaq, ona qovuşmaqdır.

Áþéöêëÿðÿ ùþðìÿò èíñàíûí þçöíÿ ùþðìÿò îëóíìàñûíûí ÿñàñûíû ãî­éóð. Ìöäðèêëèê, ýözəllik və ahəng qarşısında diz çökməyənlər zor və hiylə qarşısında diz çökürlər. Böyük Allah qarşı­sın­da əyil­mə­yənlər cis­mani qüvvələr qarşısında əyilməyə məhkum­durlar. Àëëàùà ñÿæäÿ åòìÿê, Àëëàù ãàðøû­ñûíäà ÿéèëìÿê ùàäèñÿëÿð äöíéàñûí­äà ÿéèëìÿçëèéèí òÿ­ìÿë äàøû­äûð.

Dini hissdən kənarda din yoxdur. Dinin sosial infra­strukturu hələ din deyil.

Din – mənəviyyat hadisəsidir.

Dinin mahiyyəti dini hisslə – Allaha inamla bağlıdır.

Mütləqə inam yolu nisbi inamlardan keçir.

Məhdud miqyaslı, cılız adam sonsuzluğa qədəm qoya bilməz.

Ümumiyyətlə inam hissindən məhrum olan adamda Allaha inam da ola bil­məz.

Mütləqə sevgi yolu nisbi sev­gilərdən keçir. Sevgi hissindən məh­rum olan adam dindar ola bilməz.

Nisbi müqəddəslik duyğu­ları olmadan mütləq müqəd­dəslik du­yu­la bilməz.

İnsanın öz həyatında, fərdi mənəviyyatında müqəddəs heç bir şey yoxdursa, ali, ülvi, toxunulmaz heç bir şey yox­dursa – dini mü­qəd­dəslik duyğusu da olmayacaq.

Bir sözlə, dini hisslər ancaq dinè məktəblər, ruhani iíñòèòóòó, məs­cidlər vasitəsilə deyil, bütövlükdə tərbiyə (ailə tərbiyəsi, dünyə­vi mək­təb tərbiyəsi, elm və incəsənə­tin təsiri, nəhayət, fəlsəfə) vasi­tə­silə for­malaşır. Daha doğrusu, sonun­cuların yaratdığı yüksək mə­­­nəvi plat­­­forma olmasa, ancaq dinin təbliği ilə dini hissləri təl­qin et­mək çox çətin məsələdir.

Din insandan Allaha doğru aparan yolu işıqlandır­mA­lı, bu yo­lun istiqamətini göstərən mayak olmalıdır. Nə za­man ki, din bu missiyanı unudub başqa iddialara düşür – o daha artıq din olmur.

Müasir dövrdə daha çox dərəcədə din adını mənimsə­miş psev­do­dinlər fəaliyyət göstərir. Həqiqi din təzahürlə­rinə çox nadir hallarda rast gəlmək olur. Daha doğrusu, hə­qiqi din əslində çox vaxt din pər­dəsi altında deyil, insani keyfiyyət kimi təzahür edir.

Din müasir şüur səviyyəsində, elmi idrak kateqoriya­la­rı və me­tod­ları müstəvisində nəzərdən keçirildikdə, xüsusən ona çoxöl­çü­lü bir ha­disə kimi baxıldıqda və onun sosial ra­kursu ilə mənəvi ra­kursu fərq­ləndirildikdə bizə “din” adı al­tında təqdim olunan mə­ra­simlər top­­lusunun hə­qiqi dindən nə dərəcədə fərqli olduğu aş­ka­ra çıxır.

Sosial prizmadan baxdıqda dinin mahiyyəti görünə bil­məz və ona görə də ictimai bir hadisə kimi din əslində çox sönük görünür.

Ancaq fərdi mənəvi aləmi işıqlandıran və ancaq mənə­viyyat priz­masından baxdıqda üzə çıxa bilən həqiqi din, mərkəzində mü­qəd­dəslik duyğusu dayanan dini mahiyyət ictimai həyatda konkret ha­disələrlə təzahür edir və təəssüf ki, çox vaxt bu hadisə­lər, təza­hür­lər dini mahiyyəti əvəz et­mək, onun yerini tutmaq iddiasına düşür.

İslam iki istiqamədə qurulub:

1. İnsandan Allaha – müqəddəslik duyğusu.

2. Allahdan insana: necə yaşamağın konkret yolları (sosial ra­kurs, şəriət).

İndi çox vaxt birinci unudulur və ancaq ikincidən söh­bət gedir. Ali hisslərsiz, inamsız şəriət isə hələ din də deyil. İctimai hadisəyə çev­ril­miş din artıq din deyil.

Din kimi təq­dim olunan hər hansı bir for­mada təşki­lat­lanmış və fərdi-mənəvi varlıq­la­rın föv­qündə duran ictimai hadisə əslində yeni mahiyyət daşıyır. Fərdi «mən» və onun strukturuna daxil olan dini hiss hər hansı bir maddiliyin tə­zadı, əks qütbü olmaqla hər hansı bir maddi vasitəyə qatı­la bilməz.

Əsil din bir ümumi olmaqla fərdi «mən»lərdə yaşayır. Lakin onların toplusu deyil. Əl-əx­sus fərdlərin toplusu ola bilməz. «Dini ic­ma­lar», «dini idarələr» və hətta «dini döv­lət­lər» şək­lində təqdim olu­nan ictimai hadisələr əslində yalnız insanların dini hissinə isti­nad edən və ma­hiyyətcə dinlə adekvatlığı olmayan hadisələrdir. Di­ni hiss isə müx­təlif insanlarda müxtəlif də­rəcələrdə təzahür edən və insan mənə­viy­yatının təbiətlə, kainatla, dünya ilə təmas mə­qa­mı­nı əks etdirən, son­lunun sonsuza ötüb-keçənin, faninin əbədi, müt­ləq olana mü­na­si­bə­tidir. Bu cür yanaşıldıqda mahiyyətcə ancaq bir dindən söhbət gedə bilər.

Bəs onda müxtəlif dinlər nədir? Eyni mahiyyət niyə başqa-başqa formalarda təzahür edir? Bu müxtəliflik içə­ri­sində mahiyyət eyniliyi saxlanılırmı?

Deyirlər ki, bütün insanlar Adəm və Həvvanın övlad­larıdır. De­mə­li, hamısı eyni kökdən olmaqla qohum­durlar. Lakin bu eyni kök­dən olanlar getdikcə müxtə­lif­lə­şə­rək biri-birinə qarşı çıxır və düş­mən­çi­lik yaranır. Müxtəlif dinlər də eyni mahiyyətin konkret təzahürləri olmalarına baxmaya­raq, bəzən biri-birinə düşmən kəsi­lir­lər. Əslində bu­rada biz «din» sözünü mahiyyət yox, təzahü­rün ifa­dəsi üçün isti­fa­də etdik. Çünki müxtəlif dinlər, əslində dini hiss sə­viy­yəsində yox, bu hissin nəqli ifadələrinin və bu ifadələrin icti­mai sə­viyyədə maddiləş­miş formalarıdır.

Məhz hissiyatın sözlərlə ifadə edilmə­si, nəql olun­ması, heç şüb­hə­siz, hissiyatın özünə tam adekvat olmur. Hiss ilə anlayış arasındakı mə­safə hər bir fərdin yaşadığı mühit, mən­sub ol­duğu xalqın mifo­lo­gi­ya­sı, şifahi ədəbiyyatı, həyat tərzi və ənənələrinə uyğun surətdə rəng­lə­nir, doldurulur. Ar­tıq hekayət şəklində, hədislər şəklində üzə çıxan «ki­tab­lar», «dini əsərlər» heç də insan – dünya münasibətinin, dini his­sin rəngsiz, boyasız ifadə­si olmayıb, milli koloritlə, ictimai şüurla və onun müxtəlif forma­la­rının təsiri ilə cila­lanmış, boyanmışdır. Eyni mahiyyət müxtəlif təzahür­lərdə üzə çıx­dığından, bəzən qarşıdurmalar üçün də «əsas» yaranır. Hal­buki, əsil məqsəd insan fikrinin hədis və hekayətlər sə­viy­yəsindən elmi anlayışlar səviyyəsinə yük­səl­məsi və ye­ni­dən mahiyyətə, kökə qayıdaraq bu mahiy­yətin, bu eyniyyətin nəzəri kon­septual dərkidir. Məqsəd bu müxtəlifliyin əsasın­da dayanan ey­niy­­yətin, alt qatdakı mənanın üzə çıxarıl­mA­sıdır. Əsrlər boyu in­san fik­ri bu istiqamətdə axtarışlar apar­mış, insan – dünya müna­si­bət­lə­ri­nin nəzəri ifadəsi olan böyük fəlsəfi təlimlər yaradılmış və ha­disədən ma­hiyyətə, hissiyatdan təlimə aparan neçə-neçə yollar kəşf edilmişdir.

Yer üzündə çoxlu sayda dinlər, təriqətlər yayılmışdır və bunlar çox vaxt qarşı-qarşıya qoyulur, düşmənçilik həd­dinə çatırlar. Çünki ma­hiy­­yəti yox, təzahürləri, əlamətləri ön plana çəkirlər.

Aristotel deyir ki, nadanlar ancaq fərqi görə bilirlər, əsas mətləb isə ümumiliyi, eyniyyəti vəhdəti görməkdən iba­rətdir.

Məqsəd Allahı duymaqdır. İnsana müqəddəslik duy­ğusu, haqqı nahaqdan ayırmaq qabiliyyəti aşılamaqdır.

Məqsəd haqqı bulmaqdır.

Bütün peyğəmbərlər və bütün müqəddəs kitablar ilk növbədə bir böyük ideyanı - Allah ideyasını təqdim və təbliğ ebirlər.

Müqəddəs kitablar haqqdan xəbər verir. İnsanın öz əqli və təcrübəsi ilə əldə etdiyi nisbi biliklərdən fərqli olaraq müqəddəs ki­tab­lar haqqı, həqiqəti ifadə edirlər. Lakin insan əqli müqəddəs kitab­Lar­da­kı bütün hikmətləri mənim­sə­mək­də acizdir. Hər kəs ancaq öz is­te­da­dı, ona verilmiş idrak gü­cü çərçivəsində dərk edə bilər. Bu dünyanı da, müqəddəs kitabı da.

Lakin insan iddialıdır. Öz idrakının məhdudluğundan xəbərsiz kimi davranır. Öz dərk etdiyini mütləqləşdirir. Bir nisbi həqiqəti baş­qa nisbi həqiqətlərə qarşı qoyur.

İnsanlar müqəddəs kitablar arasında da fərqi görür, eyniyyəti görmür.

Bir dinə qulluq edənlər di­nin əsl mahiyyətini ali məq­sədini unu­da­raq başqa dinlərə qarşı düş­­mənçilik mövqeyi tuturlar. Hətta bir din daxilində neçə-neçə təriqətlərə bölü­nür və bir-birinə qarşı daya­nır­lar.

Mahiyyətə doğru getdikcə fərqlər itir, eyniyyət qalır. Bütün uc­qar­lardan, əyalətlərdən mərkəzə doğru gələnlər bir nöqtədə birləşirlər. Da­ğın ətəyində bir-birindən çox uzaqda dayananlar zirvəyə qalxdıqda yaxınlaşır, zirvədə vəhdətə ça­tırlar. Vəhdətə qovuşur. Vahidləşirlər. Va­hidə qatılır, Vahid­də itirlər.

(Lakin zirvəyə gedən yol əslində insan qəlbinin dərinliyinə gedən yoldur. Zirvə ucqarda yox, dərinlikdədir. Zahirdə yox, batindədir).

Dini təfriqələr, təriqətçiliklər mahiyyətdən uzaqlaşan-da, əlamət­lə­rə uyanda ortaya çıxır.

Hər cür mərasimçilik insanın öz qəlbinin əngəlliklərin-də tapa bil­mədiyini zahiri əlamətlərdə axtarmaq təşəbbüsü-nün nəticəsidir.

Vahid Allaha inananlar başqalarının tanrısını fərqlimi hesab edir­lər? Onda onların Vahidlik təsəvvürü şübhəli görünmürmü?

Qurani-Kərimdə bütün peyğəmbərlərin təlqin etdiyi inam vahid bir ideyanın ifadəsi kimi dəyərləndirilir. Musaya nazil olan və İsaya nazil olan kitablar da eyni bir müqəddəs kitabın hissələridir. Quran onları təsdiqləyir və onlara yekun vurur. Və bu Yekun bütün əvvəlki kitabların mahiyyətini və əsas məzmununu ehtiva edir.

Qurani-Kərimin bizə gə­lib çatan variantı peyğəm­bərin bilavasitə tələffüz etdiyi mətnə daha çox adekvat ol­du­ğun­dan və 1400 il ərzində heç bir dəyi­şikliyə məruz qalmadı­ğın­dan onun oricinala yaxınlıq dərə­cə­si Tövrat və İncilə nis­bəitən çox yüksəkdir. Yəni Musaya və İsa­ya nazil olan mü­qəddəs kitablar birbaşa köçürülmə­di­yindən və 100 illər ər­zində təhriflərə məruz qaldığından onların ilkin deyim formasına-mü­qəddəs kitaba adekvatlıq dərəcəsi xeyli aşağıdır. Müxtəlif ver­si­ya­lar tam üst-üstə düş­mür və bun­lar­dan hansının orcinala daha uyğun ol­duğu­nu aydınlaşdırmaq çox çətindir. Bu baxımdan Quranda Musa və İsa haqqında deyilənlər olduqca mühüm əhəmiy­yə­tə malikdir.

Qurani-Kərimdə Musaya və İsaya nazil olan kitab­lardan danı­şıl­dıqda təhriflərə məruz qalmamış ilkin variant nəzərdə tutulur. La­kin Məhəmməd peyğəmbərin vaxtında İncilin artıq qələmə alınmış va­riant­ları var idi və xristianlıq bir din kimi bu təhriflər üzərində qurul­muş­du. İndi əsas məqsəd İsa peyğəmbərin missiyasını düzgün anlat­maq, onun statusunu, missiyasını təhrif edən, onu allahlaşdırmağa ça­lı­şan, qüsurlu şərhləri aradan qaldırmaq idi.

İncil Tövratı inkar üçün deyil təsdiq üçün göndərildiyi kimi, Quran da İncili, təhriflərdən təmizlənmiş həqiqi İncili təsdiq edir. Əl-Maidə surəsinin 44-cü ayəsində Tövratın doğru yolu işıqlandırmaq üçün, 46-cı ayəsində isə İncilin Tövratı təsdiq etmək və yenə də doğru yolu işıqlandırmaq üçün göndərildiyi bildirilir. 48-ci ayədə isə Qurani-Kərimin də eyni missiya ilə nazil edildiyini bəyan edir: «Öncəki ki­tab­ları təsdiq üçün və onlaru qorumaq üçün biz sənə də bu kitabı nazil etdik …».

Bu deyilənlər gənc nəsildə dini ayrı-seçkilik və düş­mən­çilik möv­qe­yinin aradan qaldırılması, onlara tolerantlıq hissinin təlqin olun­ma­sı üçün çox əhəmiyyətlidir. Gənclərin məhz bu ruhda tərbiyə olun­ma­sın­da bədii ədəbiyyatın da böyük rolu vardır. Azərbaycan klassik ədə­bi irsində M.F.Axundovun, Mirzə Cəlilin, H.Cavıd və C.Cabbarlının əsərləri bu baxımdan xüsusi önəmə malikdir.

Cavid milli və dini dəyərlərlə müqayisədə, ümumbəşəri dəyərlərə daha böyük önəm verir. Onun maarifçiliyi də, dünyəvi məktəblər uğ­run­da mübarizəsi də, bizcə, hər hansı bir millətə və dinə mənsub ol­maq­dan öncə, bir bəşər övlədı olaraq özünü dərk etməyi ön plana çək­məsindən irəli gəlir. Maraqlıdır ki, gəncliyində daha çox millətçi olan Cabbarlı da tədricən ümumbəşəri ideyalara doğru təkamül yolu ge­çir. «Od gəlini»ndə oxuyuruq: «Bizim üçün ərəb, fars, rum, yəhudi ol­sun – heç bir fərqi yoxdur. Bax, bu ərəbdir. Bizə azad əmək əli uza­dır. O, bizim qardaşımızdır, Biz ərəb mötəsəmlərinə, Bağdad xila­fə­ti­nə qarşı vuruşuruq. İki addımlığımızda Şirvan şəhriyarlığı da ona qar­şı çarpışır. Lakin biz onunla birləşmirik. Çünki bizim üçün Şirvan şəh­riyarilə Bağdadın mötəsəmləri, Bizansın imperatorları, Make­do­ni­ya­nın iskəndərləri, Romanın qeysərləri, neronları arasında heç bir fərq yoxdur. Biz insan dostunun dostu, insan düşməninin düşmə­ni­yik»1.

Cavid məkan və zaman müəyyənliyindən, etnik və dini mən­su­biy­yətindən, mənəvi-əxlaqi məxsusiyyətindən asılı olmadan bütün in­san­ların eyni bir mahiyyətə yüksəlmək şansını qəbul edir. Məhz ma­hiy­yətə varanda, insani, ümum­bəşəri keyfiyyətlər önə çıxanda üfüqi müstəvidəki fərqlər itir və insanlar ancaq vertikal müstəvidə, haqqa, həqiqətə yaxınlıq dərəcəsinə görə fərqlənirlər. Burada «məni hər kim sevirsə, yüksəlsin» («Şeyx Sənan») fəlsəfəsi rəhbər tutulur. Yaxud Cabbarlıda «alçaq cismani duyğuları atıb, ruhani bir yüksəkliyə var­maq­dan» («Od gəlini») söhbət açılır.

Həm də bu yüksəliş intellektual müstəvidən daha çox mənəvi müstəvidə həyata keçməlidir. Çünki allaha ancaq inanmaq, onu an­caq müqəddəslik duyğusu ilə dərk etmək olar. Təfəkkür, məntiq, Ra­sio­nal idrak burada acizdir. Cavid bu ideyanı «Xəyyam»a girişdə – mi­nacat səsi ilə belə ifadə edir:
Ey fəzalarda gülümsər əbədi şe’rü xəyal!

O nə qüdrət, o nə hikmət, o nə ahəngü cəlal!?

Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal,

Yenə yox kimsədə əsla səni idrakə məcal2.
Haqqa yaxınlaşdıqca dini fərqlər artmır, azalır. Görü­nür, insanın daxilən təmizlənməsi, yüngülləşməsi, pərvaz­lan­ması, eşqin qanadlarıyla haqqa doğru uçması ideyaları həm də dinlərin vəhdəti ideyasına gətirir.

«Şeyx Sənan»da deyilir:


Din bir olsaydı yer üzündə əgər,

Daha məs’ud olardı cinsi-bəşər.1
Həm də bu fikir təkcə Dərvişin dilindən eşidilmir. Şeyx Sənan islamı daha dərindən anladıqca xristianlığı da ehtiva etməyə çalışır:
Mənə olmuş cahan pərəstişkar,

İmdi pək başqa bir cəlalım var.

Sanma İslamə rəhbərəm tənha,

Peyrəvimdir xristianlar da2.
Yaxud başqa bir yerdə Şeyx Sənan deyir:
Birsə həqq, cümlə din də bir... naçar,

Xəlqi yalnız ayırmış azğınlar...3
Yaxud Cabbarlıda oxuyuruq:

«Siz ey min-min qəbilələrə, millətlərə, irqlərə ayrılmış məzlum bə­şəriyyət! Mən bu gün bütün istilalara, müha­ri­bə­lərə, qırğınlara, əsir­liyə, köləliyə, cəbrə, istibdada, altunlara, hökumətlərə, qanunlara, din­lərə, bütün əski var­lığa qarşı üsyan bayrağı qaldırıram.»4

«Bu yalnız ərəblərdə deyil, yalnız burada deyil, hər yerdə belə ol­muş­dur. Bunu babillilər də belə etmişlər, yu­nanlar da belə etmişlər, rum­lar, yəhudilər də belə etmişlər. İsalar, musalar, iskəndərlər, saysız-he­sabsız insan qəssabları hamısı belə etmişlər.»5

Cavid də, Cabbarlı da böyük müqəddəslik duyğu­sun­dan ayrı sa­lın­mış, özgələşmiş, dinsizləşmiş, hadisələşmiş, müxtəlifləşmiş və bu müx­təlifliklərin qarşıdurmasını yarat­mış əski dünyanın əleyhinə çı­xa­raq, insanın öz daxili-mənəvi yüksəlişinə, sevgiyə, məhəbbətə və insani məhəbbətin gücü ilə əldə edilmiş ümumbəşəri birliyə səsləyirdi. Dinləri birləş­dirərək hamısına qarşı eyni dərəcədə üsyan edən Elxan əslin­də dinləri birləşdirərək hamısına eyni dərəcədə xidmət edən Şeyx Sənanın o biri qütbü deyilmi? Və qütblər eyni mahiy­yətdə birləşmirmi?

Dinlər, təriqətlər arasında fərq bir qayda olaraq hadi­sə, mərasim müstəvisində özünü göstərir. Dinin mahiyyəti isə müqəddəslik duy­ğu­su ilə bağlıdır. Bu duyğu olmadıqda dini ehkamlar, dini ayinlər, dini mə­rasimlər əsl dini əvəz edir və din əvəzinə dini pərdəyə bürünmüş psev­dodin yaranır ki, o da mahiyyəti etibarilə dinsizlikdən fərqlənmir.

Təsadüfi deyildir ki, Cavid də, Cabbarlı da məhz «din pərdəsi»­nə, «din qalxanı»na qarşı mübarizə aparıblar. Xəli­fənin hədiyyə gön­dər­diyi rəqqasələrə işarətlə Xəyyam «Din pərdəsi altında nə xoş, incə lətifə»1, – deyir. Eləcə də Elxan «mən üzümə bir din qalxanı çəkib ca­han­girlərin cəlladlığını qəbul edə bilmərəm»2, – deyir.

Caviddə də, Cabbarlıda da «din» ideyası «azadlıq» və «məhəb­bət» ideyaları ilə qarşılaşdırılır. «Od gəlini»ndə Xürrəm diyarının mə­nə­vi kodeksi belə səslənir: «Azad sevgi, azad vicdan könlümün tan­rı­sı». Dini hiss daxili bir ehtiyac olmadıqda, insanın mənəvi yüksə­li­şin­dən, saflığından, paklı­ğından, müqəddəslik səviyyəsinə yüksəlmiş ali duy­ğu­ların­dan doğmadıqda, kənardan icbari yolla təlqin edildikdə bu böyük azadlıq carçıları onu qəbul edə bilmirlər. Həm də bu mövqe 20-ci əsrin əvvəllərində meydana gəlməyərək, Şərq fəlsəfi fikrində qədim köklərə malikdir. Cavidin şəxsi fikirləri, böyük Ömər Xəyyamın möv­qe­yi ilə necə də səsləşir:
«Mən ömrümü sərməst olaraq şən dilərəm, şən.

Bir dindəyəm, azadə bütün küfr ilə dindən3

Bu misralar Ömər Xəyyamın məşhur rübaisindən tər­cümə olu­na­raq mətnə daxil edilmişdir. Həmin mövqe «Xəyyam»dakı digər ob­ra­zın – Sevdanın dili ilə də təqdim olunur:


«Bir vəhşi göyərçin kimi mən də,

Şən könlümü azadə dilərdim2
Bu ideyalar hələ «Şeyx Sənan»da da irəli sürülürdü. Lakin Cəfər Cabbarlı Şeyx Sənanın dinlə azadlığı uzlaş­dır­maq cəhdlərini tənqid etsə də, onun «Od gəlini»ndəki azad­lıq axtarışları da son nəticədə sa­də­cə dinsizlikdən deyil, nəf­sin tərbiyəsi, mənəviyyatın yüksəlişi ide­ya­sın­dan bəhrələnir.

Lakin insan azadlığının, onun yaradıcı qüdrətinin tərənnüm olun­­­ması dinə qarşı çıxmaq üçün heç bir əsas vermir. Çünki din də in­sanı bütün yaranmışların əşrəfi hesab edir. Bu baxımdan, müəllim­ləri­mi­zin üzərinə sovet döv­ründə ədəbiyyatımıza müdaxilə etmiş və əslində milli mənəviyya­tımıza uyğun olmayan insan–Allah qarşı­dur­ma­sından xilas etmək (şərhi düzgün vermək) və insanın mühitə qarşı müba­rizədə haqqa-ədalətə tapınmasını, həm də dini hissin bir təza­hürü kimi izah etmək vəzifəsi düşür.



Din özü böyük tərbiyəvi gücə malik olduğu üçün bu hissin hər hansı bir formada zəiflədilməsi ümumiyyətlə tərbi­yə işinə də ziyan vura bilər. Bu baxımdan, məqsəd dini xura­fatdan təmizləmək, dini dünyagörüşü ilə fəlsəfi dünya­görüş arasındakı za­hiri ziddiyyəti aradan qaldırmaq və gənclərin mənəvi aləminin bütöv­lüyünü təmin etmək olmalıdır.


1 Muhammed İkbal. İslamda Dini Düşüncenin yeniden do­ğu­şu. İstanbul. 1984, səh.18.

1 Murtaza Korlaelçi. Din-felsefe etkileşimi. // Ankara Uni­ver­sitesi. İlahiyyat fakültesi dergisi. 1999, 39-cu cild, səh. 71.

2 R.Aslanova. İslam və mədəniyyət. B., «Azərbayjan Uni­ver­siteti», 2002, səh.75.

1 Heydər Əliyev. Aforizmlər. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 1998, səh. 108.

1 Лаоцзы. Обрести себя в Дао. М., «Республика», 1999, стр.161.

1Bax: Cemil Sena. Hz.Məhəmmədin fəlsəfəsi. İstanbul, 1993, səh. 311.

1 Aforizmlər və hikmətli sözlər. Bakı, «Azərnəşr», 1981, səh. 125.

1 C.Əfqani. Seçilmiş əsərləri. (Tərtib edəni – professor Şamil Qurba­nov), Bakı, 1998, səh. 33.

 Cəfər Cabbarlı. Seçilmiş əsərləri. Bakı, «Çaşıoğlu», 2004, səh.316.

2 Hüseyn Cavid. Əsərləri üç cilddə. 3-cü cild, Bakı, 2003, səh.307.

1 Hüseyn Cavid. Əsərləri üç cilddə. 1-ci cild, Bakı, 2003, səh. 477.

2 Hüseyn Cavid. Əsərləri üç cilddə. 1-ci cild, səh. 476.

3 Hüseyn Cavid. Əsərləri üç cilddə. 1-ci cild, səh. 414.

4 Cəfər Cabbarlı. Seçilmiş əsərləri, səh.301.

5 Yenə orada, səh.300-301.

1 Hüseyn Cavid. Əsərləri 3 cilddə. 3-cü cild, Bakı, 2003, səh. 361

2 Cəfər Cabbarlı. Seçilmiş əsərləri, səh. 292.

3 Hüseyn Cavid. Əsərləri 3 cilddə. 3-cü cild, səh. 358.

2 Yenə orada, səh. 253.


Yüklə 333,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə