«Maliyyə və uçot».-2011.-№6.-S.7-25.
İOTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİ
DÜNYA İQTİSADİ BÖHRANININ SƏBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ
Ə.P. Babayev,
Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə"
kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor
E-mail:ababayev@ rambler.ru
Açar sözlər: İqtisadi böhran, daşınmaz əmlak, neoklassik nəzəriyyə, əmtəə istehsalı, qlobal kapitalizm,
kredit verən, borc götürən
Azərbaycan Dövlət İqtisad Universiteti
Uzun fasilədən sonra, neoklassik nəzəriyyənin tərəfdarlarının yeni əsrdə bazar özünütənzimləmə
mexanizmlərinin tam təntənəsi haqqında bütün mülahizələrinə baxmayaraq, ilk dəfə 1929-1933-cü illərin "Böyük
durğunluğ"undan sonra ümumdünya maliyyə böhranı baş verdi və tezliklə ümumi (sistem) iqtisadi böhrana çevrildi.
Özü də böhran nə qədər qəribə də olsa, normal, bütün əsas səciyyəvi cəhətlərinə görə hələ on doqquzuncu əsrdə
iqtisadi nəzəriyyə (siyasi iqtisad) dərsliklərində təsvir olunmuş adi tsiklik böhrana çox oxşar oldu.
Ümumi şəkildə götürdükdə, istənilən növ və müxtəlif xüsusiyyətli iqtisadi böhran istehsal və istehlak
arasında tarazlığın pozulmasıdır. Kapitalist bazar iqtisadiyyatında o əmtəə və xidmətlər istehsalı ilə tədiyyə
qabiliyyətlli tələb arasında olan uyğunsuzluqda öz əksini tapır. Dünya iqtisadi böhranları da, bazar təsərrüfat
sistemində istehsal və istehlak, tələb və təklif arasında tarazlığın pozulması kimi, vaxtaşırı tsiklik sabitliklə baş
verirlər. 1857-ci ildə baş vermiş ilk dünya iqtisadi böhranından başlayaraq ötən yüz əlli dörd il ərzində indiyə qədər
20-yə yaxın dünya böhranı baş vermişdir. 2007-ci ildə ABŞ-ın iqtisadiyyatında, konkret olaraq ipoteka bazarında
start götürmüş müasir böhran, qısa bir dövrdə sürətlə inkişaf edərək, infeksiya virusunun hərəkətlərini xatırladaraq
başqa sahələrə sirayət etməyə başladı. Zədələmə qabiliyyəti nəzərə alınmaqla o, artıq iqtisadiyyatın real bölməsində
istehsalın kəskin aşağı düşməsi, kreditləmənin həcmlərinin azaldılması və şərtlərinin sərtləşdirilməsi, şirkətlərin
kapitallaşmasının kəskin şəkildə aşağı düşməsi, fond əmsallarının kəskin aşağı düşməsi, büdcə kəsirinin artması,
məşğulluğun aşağı düşməsi, istehsalçı qiymətlərinin aşağı düşməsi və nəhayət, istehlak xərclərinin azaldılması və
digər neqativ təzahürlərlə birgə, tam miqyaslı iqtisadi böhrana çevrilmək ehtimalı ilə dünya maliyyə böhranı
qismində kifayət qədər tez sürət yığdı. Hazırkı böhranın xüsusiyyəti ondadır ki, o yalnız iqtisadiyyatın maliyyə
subyektlərinin fəaliyyətini deyil, həm də Amerikada, Qərbi Avropada, Yaponiyada resessiyaya səbəb olaraq, bir
çox digər ölkələrdə ayrı-ayrı sahələrinin və bölmələrin azalmasında, inkişaf etməkdə olan ölkələrdə ictimai
istehsalın artımının kəskin aşağı düşməsində öz əksini taparaq cəmiyyətin iqtisadi fəaliyyəti ilə bağlı olan bütün
institutları daxil olmaqla iqtisadiyyatı tam əhatə edir. İqtisadi böhran praktiki olaraq, demək olar hər yerdə işsizliyin
artması, əhalinin əksər hissəsinin real gəlirlərinin azalması, mənzil tikintisinin aşağı düşməsi ilə əlaqədar sosial
böhrana səbəb oldu.
Müasir iqtisadi böhranı bir çox iqtisadçılar İkinci Dünya müharibəsindən sonrakı dövrün ən dərin böhranı
hesab edirlər. Hazırkı böhran artıq bir çox dövlət xadimləri və alimlər tərəfindən müasir dünya qaydalarına və
müasir iqtisadi sistemlər haqqında təsəvvürlərə təsir edən unikal hadisə kimi dəyərləndirilmişdir. "Hazırda ölkələr
və kontinentləri sarsıdan qlobal dünya böhranı bəşəriyyətin indiyə qədər görmədiyi xüsusi hadisədir. O, birmənalı
şəkildə dünya tarixində analoqu olmayan və dünya qaydalarını, bütün iqtisadi zəminləri kökündən dəyişən
hadisələrə aiddir. Buna görə də onun təhlili, dərki və aradan qaldırılmasına bütün köhnə ehkamlan və stereotipləri
dəyişən qeyri-ənənəvi yanaşma lazımdır" [1]. 2009cu ilin yanvarın 8-də Parisdə Avropa dövlətlərinin başçıları
«Yeni dünya yeni kapitalizm» mövzusunda kollokviuma toplaşmışdılar və orada kapitalizmin böhrana səbəb olmuş
qüsurlarından söhbət açılmışdı. Fransanın prezidenti N. Sarkozi kapitalizmi qazanc və pul hərisliyinə, əməyi
istismara, mənəviyyatdan uzaq hər bir vasitəni yaxşı hesab edən hədsiz möhtəkirliyə görə marksizmdən də artıq
kəskin tənqid atəşinə tutdu. Kollokviumun leytmotivi müasir cəmiyyətin yenidənqurulmasının zəruriliyini etiraf
etmək oldu. ABŞ prezidenti Barak Obama da bu mövzudan yan keçmədi. Özünün inaqurasiya nitqində o dedi ki,
«hazırkı böhran bizə xatırlatdı ki, diqqətlə nəzarət edilməsə, bazar nəzarət altından çıxa bilər və ölkə ön plana
varlıların maraqlarını qoyursa, onun bolluğu etibarlı ola bilməz». Müasir böhranın bütün dünya üçün xüsusi
əhəmiyyət kəsb etməsi ideyası biznes elitasının ən görkəmli nümayəndələri tərəfindən də inkişaf etdirilir. Corc
Sorosun böhranın roluna verdiyi qiymət xeyli əlamətdardır. O yazır: "Bu qətiyyən adəti biznes vəziyyəti deyil. Bu
bütöv bir dövrün sonudur" [2]. Bu müddəanın əsaslandırılması onda belə bir fikirlə bağlıdır ki, "səhv təsəvvürlər
yalnız maliyyə bazarının əsasında deyil, həm də bütün sosial quruluşun əsasında durur" [3].
İndiki böhran, qeyd edildiyi kimi, ABŞ-da yaranıb, oradan da bütün dünyaya yayılmışdır. Sual olunur: nə
üçün ilk nəzərdən bir ölkənin daxili iqtisadi problemi olan iqtisadi böhran, dünyanın bütün ölkələrini əhatə etməklə,
bütün dünyanın probleminə çevrildi? Bunun səbəbi, görünür, Amerika Birləşmiş Ştatlarının dünya ÜDM-nun