İqlim və energetika sahəsində milli siyasətin



Yüklə 42,84 Kb.
tarix24.04.2018
ölçüsü42,84 Kb.
#39911

Müasir enerjiqoruyucu texnologiyaların
ölkəmizdə tətbiqinin monitorinqi”


15 oktyabr 2009-cu il İradə Yaqubova,

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi
XX əsrin ikinci yarısından ən çox müzakirə olunan problemlərdən biri olan qlobal istiləşmə artıq öz fəsadları ilə bəşəriyyəti yeni iqlim şəraitinə uyğunlaşmaq məcburiyyətində qoyub. Alimlər tərəfindən işlənilən iqlim dəyişmələrinin bəzi modelləri 2100-cü il üçün havanın dünya üzrə orta temperaturu 1,4-5,80C arta biləcəyini göstərir. Mütəxəssislərin pronozlarına əsasən Qrenlandiya buzlaqlarının əriməsi dəniz səviyyəsinin 7 metr artmasına gətirə bilər. Hələlik isə özünü, həm də buzlaqların əriməsində büruzə verən qlobal istiləşmə su hövzələrinin səviyyəsinin xeyli artmasına və nəticədə sahilyanı torpaqların su ilə basılması, içməli suyun azalması və s. kimi böyük təhlükələr yaratmaqdadır. İqlim dəyişmələri nəticəsində quraqlıq və yaxud əksinə yağıntıların artması səbəbindən daşqınlar və sellər, sayı çoxalan güclü qasırğalar və bu kimi baş verən digər iqlim anomaliyaları insanların ənənəvi həyat tərzinə, sağlamlıqlarına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Energetik, sənaye və humanitar böhranlarla müşaiyət olunan iqlim dəyişmələri ölkələrin ekoloji təhlükəsizliyini sual altına qoyurlar.

Qlobal təhlükəni nəzərə alaraq 1992-ci ilin iyun ayında Rio-de-Janeyroda 150 ölkə İqlim dəyişməsinə aid BMT-nin Çərçivə Konvensiyasına imza atmışlar. Səyləri davam etdirərək 1997-ci ilin dekabr ayında Kiotoda inkişaf etmiş və keçid iqtisadiyyatlı ölkələri istixana qazlarının atılmasını 1990-cı il ilə müqayisədə 2008-2012-ci illərdə ən azı 5% azaltmağı (Protokolun 3.1 maddəsi) təklif edən BMT-nin iqlim dəyişməsinə aid Çərçivə Konvensiyasına əlavə beynəlxalq sənəd - Kioto Protokolu, qəbul edilmişdir. 2009-cu ilin mart ayının 26-na olan vəziyyətə görə Protokol 181 ölkə tərəfindən ratifikasiya edilmişdir.

Azərbaycan digər sahələrdə də olduğu kimi dünyada gedən proseslərdən kənarda qalmamış və 1992-ci ilin iyun ayında qeyd olunan Çərçivə Konvensiyasına qoşulmuşdur, 1995-ci ildə isə onu ratifikasiya edərək Konvensiyanın Tərəfdaşı olmuşdur. 1997-ci ilin aprelində ölkə Prezidentinin Sərəncamı ilə iqlim dəyişməsi üzrə Dövlət komissiyası yaradılmışdır. Ölkəmiz 2000-ci ildə Kioto Protokoluna qoşulmuşdur və hazırda bu sənədin mövcud üç mexanizmindən birində-Təmiz İnkişaf Mexanizmində fəal iştirak edir. Konvensiyadan irəli gələn öhdəlik və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Qlobal Ekologiya Fondu (QEF) və BMT-nin İnkişaf Proqramının maliyyə yardımı ilə “Azərbaycan Respublikasının Birinci Milli Məlumatları” hazırlanmış və Konvensiyanın Katibliyinə təqdim edilmişdir. “Birinci Milli Məlumatlar” layihəsinin birinci fazasında iqlim dəyişmələrinin təsirinin minimuma endirilməsi üçün müvafiq tədbirlər planı hazırlanmış, ikinci fazada isə iqtisadiyyatın prioritet sahələrində istilik effekti yaradan qaz tullantılarının azaldılması üçün ekoloji cəhətdən təmiz texnologiyalara dair tələbatlar qiymətləndirilmiş və həmin texnologiyaların tətbiqinə dair təkliflər hazırlanmışdır. Hazırda “Azərbaycan Respublikasının İkinci Milli Məlumatları” hazırlanır. Bu mərhələdə əsas diqqət insan sağlamlığı, ekosistemlərə təsir, təmiz inkişaf mexanizmi üzrə layihələrin seçilməsinə yönəldilməkdədir.

Qeyd etməliyik ki, bəzi ölkələrdən fərqli olaraq ekoloji duruma və iqlim dəyişməsinə həmçinin ölkəmizin rəhbərliyi tərəfindən ciddi diqqət yetirilir (bu günədək Azərbaycan Respublikası ətraf mühitin mühafizəsi sahəsində 15 beynəlxalq Konvensiyanı ratifikasiya etmişdir) və yaranan problemlərin aradan qaldırılması məqsədilə bir sıra müvafiq sənədlər qəbul edilib. Burada ilk növbədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təsdiq edilmiş və həyata keçirilən bir sıra kompleks tədbirlər proqramlarını göstərmək olar. Bu «Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram»ı və «Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi, artırılmasına dair Milli Proqram»ı (sənədin ikisi də 18 fevral 2003-cü il tarixli 1152 saylı Sərəncamla təsdiq edilmişdir), «Azərbaycan Respublikasında yanacaq-energetika kompleksinin inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)» (14 fevral 2005-ci il tarixli 635 saylı Sərəncam), «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı» (28 sentyabr 2006-cı il tarixli 1697 saylı Sərəncam) sənədlərdir ki, burada mövcud ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlər və bu tədbirlərin həyata keçirilməsinə cavabdeh olan qurumlar konkret olaraq göstərilmişdir. Bu Proqramlarda iqlim dəyişməsi probleminə də yer ayrılmış, cavabdeh qurum kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və digər rəsmi strukturlar göstərilmişdir. Tədbirlər siyahısında ekoloji vəziyyətə antropogen təsiri azaltmaq məqsədilə istifadə olunan texnologiyaların təkmilləşdirilməsi və yüksək effektivli və az enerjitutumlu texnologiyaların tətbiqi və digərləri nəzərdə tutulmuşdur. Qlobal ekoloji problemlərə dair bölmədə isə tədbirlər arasında iqlim dəyişmələrinin əhalinin sağlamlığına, ətraf mühitə təsirinin qiymətləndirilməsi və müvafiq adaptasiya tədbirlərinin işlənib hazırlanması (1152 saylı Sərəncam, Milli Proqramın 10.37 bölməsi) və istehsalat və qeyri-istehsalat sahələrində müasir enerji qoruyucu texnologiyaların istifadəsinin stimullaşdırılması (1152 saylı Sərəncam, Milli Proqramın 10.51 bölməsi) da göstərilmişdir.

Beləliklə, bir tərəfdən atmosferə ayrılan istiliyin azaldılması, digər tərəfdən təbii ehtiyatların qənaəti. Dünyanın hər bir ölkəsi ayrı-ayrılıqda və birgə müəyyən praktiki addımlar atır ki, onların tətbiqi həm energetik təhlükəsizliyi, həm də maliyyə cəhətdən sərfəli olaraq problemin effektiv həllinə xidmət etsin. Məsələn, ABŞ, Kanada, Yaponiya, Yeni Zellandiyanın artıq üzləşdiyi yelpikvari açılmaların mütəxəssislərin rəyinə görə dünyanın digər ölkələrində də təkrarlanması ehtimalı var, çünki elektrik enerjisinə artan tələbatı ödəmək getdikcə çətinləşir. Buna görə də bir çox ölkələrdə hazırda elektrik enerjisinin istehlakının sutka ərzində bərabər paylanmasını təmin etmək məqsədilə müxtəlif üsullardan istifadə edirlər. Məsələn, elektrik enerjisinin istehlakının intensivliyindən asılı olaraq sutka iki “zonaya” bölünür və pik saatlarda elektrik enerjisi daha baha qiymətə satılır. Bu məqsədlə iki-üç tarifli sayğaclardan istifadə edilir. Əldə etdiyimiz məlumata əsasən ölkəmizdə bu günə elektrik xətlərinin yüklənməsi qrafikini optimallaşdırmağa imkan yaradan belə bir sayğacların tətbiqi hələ müzakirə olunmur.

Bundan başqa 2009-cu ilin sentyabr ayından Avropada 100 Vt-lıq közərmə lampalarından, 2010-cu ildən - 75 Vt-lıq, 2011-ci ildən - 60 Vt-lıq, 2012-ci ildən isə 40 və 25 Vt-lıq lampaların istifadəsini qadağan olunacaq. Bu qərar Avropa iqtisadiyyatının enerji səmərəliyinin 2020-ci il üçün 20% artırılması məqsədilə Avropa Şurası tərəfindən qəbul edilib. Prosesə artıq start verilmişdir.



Yeniliyi tətbiq edən ilk Avropa ölkəsi İrlandiya olmuşdur. Burada közərmə lampalarının istifadəsinin qadağan edilməsi nəticəsində atmosferə atılan karbon qazının miqdarının 700 000 ton azalacığını, istehlakçıların isə elektrik enerjisinə xərclədikləri məbləğin 185 mln evroyacan qənaət edəcəyi gözlənilir. Bundan başqa belə qadağanın tətbiqini Almaniya, Belçika, Niderland və Böyük Britaniya da həyata keçirməkdədir.

Lakin elektirk enerjisinə xərclərin azaldılması problemi başqa qitələrdə də gündəmdədir. Belə ki, Venesuela bu ilin sonuna kimi ölkədəki 52 mln lampaların hamısını qənaətcil lampalara dəyişməsi niyyətindədir ki, bu da ildə 25 mln barrel neftin qənaəti deməkdir. Analoji addımı Kuba, Yamayka və dövlət idarələrində quraşdırmaq məqsədi ilə artıq minlərlə qənaətcil lampalar alan Hana da atmaqdadır.

İnkişaf etmiş ölkələr də geriyə qalmır. Avstraliya közərmə lampalarının satışını 2010-cu ildən, Kanada isə 2012-ci ildən sonra qadağan etməyi planlaşdırır. ABŞ-ın Kaliforniya ştatında közərmə lampaları 2012-ci ildən qadağan ediləcək. Hesablamalara görə ABŞ-ın 4 mlrd közərmə lampaların qənaətcil lampalarla əvəz edilməsi nəticəsində kömürlə işləyən 80 elektrik stansiyasının bağlanması, atılan istixana qazlarının isə miqdarının 158 mln ton azaldılmasına kömək edəcək. Sadə amerikalıların elektrik enerjisi üçün ödədikləri məbləğlər 18 mlrd dollar azalacaq.

Qənaətcil lampalara keçid əhəmiyyətli xərclərlə müşayiət olunduğundan bəzi ölkələrdə bu prosesə dövlət tərəfindən maliyyə yardımının göstərilməsi nəzərə alınır. Misal üçün İspaniyada 20 mln qənaətcil lampaların pulsuz paylanması kampaniyası başlanmışdır. Büdcəsi 137 mln evro olan kampaniyanın gedişatında 2009-2010-cu illər ərzində ümumilikdə 42 mln elektrik lampasının paylanılması həyata keçiriləcək.

Rusiyada hazırda “Enerjiyə qənaət haqqında” qanunun qəbul edilməsi müzakirə edilir ki, bu qanunda 2011-ci ildən 100 Vt-dan güclü olan, 2013-cü ildən 75 Vt-dan, 2014-cü ildən isə digər közərmə lampalarının satışının qadağan edilməsi planlaşdırılır. Bu keçid Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə enerji effektivliyi sahəsində həyata keçirilən altı prezident layihələrinin biri olan “Yeni işıq” adlı layihə çərçivəsində nəzərdə tutulub. Lampaların tam əvəz edilməsi 100 mlrd rublya başa gələcəyi gözlənilir. Bu məbləğə köhnəlmiş avadanlıqların emalı və yeni istehsalatların tikintisi daxil edilmişdir. Hazırda Rusiyaya satılan qənaətcil lampaların 90%-i Çindən idxal olunur. Satılan qənaətcil lampaların qiymətləri közərmə lampalarının qiymətindən xeyli fərqlənir (misal üçün, 75 Vt-lıq közərmə lampası 7 rubl, ən ucuz qənaətcil lampa isə 80 rubl, ən effektiv olan işıq diodlu lampalar isə - 300-1000 rubl). Buna görə Rusiya öz ərazisində qənaətcil lampaların istehsalını təşkil etmək niyyətindədir. Layihənin uğurla həyata keçirilməsi məqsədi ilə istehlakçı kreditlərinin tətbiqi də istisna edilmir.

Dünyanın ən böyük istehsalçı və istehlakçılarından biri olan Çində 2007-ci ildə 4,44 trillion közərmə lampası istehsal etmişdir, bunların 2,98 trillionu dünyanın bir çox ölkəsinə ixrac edilmişdir. 2008-ci ildə isə həm də 3 trillion kompakt luminesistent lampa istehsal olunmuş, bu da dünya istehsalının 80%-ni təşkil etmişdir. Onların təxminən 2,2 trillionu eksport edilmişdir. Hazırda Çinin İnkişaf və reformalara dair Dövlət Komitəsi közərmə lampalarının istehsalının tədricən dayandırılmasını nəzərdə tutan tədbirlər planının tərtibinə başlamışdır.

Beləliklə dünyada elektrik enerjisinin qənaətlə istifadəsini təmin etmək üçün real addımlar artıq atılmağa başlanmışdır. Bu baxımdan Azərbaycan bu prosesdən kənarda qala bilməz. Ölkəmiz ya passiv surətdə közərmə lampalarının dünya istehsalından çıxarılmasını gözləməli və yaxud közərmə lampalarının satışının ölkəmizdə qanunvericiliklə qadağan edilməsini və bununla əlaqədar müəyyən tədbirlərin həyata keçirilməsini tətbiq etməlidir. Enerji qoruyucu texnologiyalara keçid müəyyən tədbirlərin həyata keçirilməsini tələb edir. Məsələn:



  1. Ölkəyə gətirilən elektrik avadanlıqlarının (çıraqlar, çilçıraqlar, lampalar) idxalının tənzimlənməsi. Digər məsələlər arasında bazara gətirilən çıraqlar və çilçıraqların çeşidinə fikir verilməlidir. Məsələn, son zamanlar dəbə düşən közərmə lampalarının bir növü olan miniatür qalogen lampalı çıraqlar və çilçıraqlar satışda geniş çeşiddə təqdim olunur. Nəzərə alsaq ki, çilçıraqlar adətən bir neçə illik, bəzən də sıradan çıxanadək alınır, lampalar isə daha tez sıradan çıxır alıcıların bir neçə ildən sonra bu növ lampaları ala bilməyəcəklərini və bununla bağlı müəyyən problemlərin yaranmasını proqnozlaşdırmaq olar. Buna görə də ölkəyə bu növ avadanlığın gətirilməsinin tənzimlənməsinə ehtiyac var;

  2. İdxal olunan qənaətcil lampaların keyfiyyətinə nəzarətin təşkili. Hazırda Azərbaycana əsasən Osram, Philips, Aklight, Vitoone, Horoz, Chixirg və digər markalı qənaətcil lampalar gətirilir. Bəzi markalara (məsələn, Vitoone) 1 illik zəmanət verilir. Qiymətlərinə görə bir qədər fərqlənən Almaniya, Türkiyə və Çin şirkətlərinin məhsulları kimi təqdim olunan bu lampaların hamısı Çində istehsal olunur. Uzunmüddətli istifadəyə hesablanan və qiymətinə görə adi közərmə lampalarından 3-5 dəfə baha olan lampaların keyfiyyətli olması çox vacibdir;

  3. Közərmə lampaların satışdan çıxarılması və qənaətcil lampaların tətbiqinə nəzarətin təşkili;

  4. İstehlakçılarla qənaətcil lampaların istifadəsinin səmərəliliyi və istifadə qaydalarına dair maarifləndirmə işlərinin təşkili. Maarifləndirmə aparılarkən sosial reklamların televiziya, radio, küçə lövhələri, bukletlər və digər məlumat mənbələrində yerləşdirilməsi, müvafiq nazirliklərin mütəxəssisləri və müstəqil ekspertlərin iştirakı ilə televiziya və radioda çıxışları və s. Közərmə lampaları əvəz edən enerji qənaətli lampalar artıq Azərbaycanda satılır, son vaxtlar televiziya ilə geniş reklam edilir və mağazalardan əldə etdiyimiz məlumatlara əsasən bu lampaların satışı artıb. Lakin yuxarıda qeyd edilən Avropada gedən prosesləri və közərmə lampasına nisbətən yeni lampaların 5 dəfə baha olmasını nəzərə alaraq yeniliyin geniş tətbiqini qısa müddətdə təmin etmək üçün məlumatlandırma və maarifləndirmə fəaliyyətini intensivləşdirmək və genişləndrimək zərurəti mövcuddur;

  5. Sənaye obyektlərində qənaətcil lampaların tətbiqi üçün iqtisadi baxımdan əlverişli şəraitin yaradılması. Yuxarıda dünyada qənaətcil texnologiyalara keçidi təmin edən tədbirlərin bəziləri göstərilmişdir. Əlbəttə Azərbaycan istehsal həcmlərinə görə Almaniya, Çin və Rusiya kimi ölkələrlə müqayisə edilə bilməz, lakin ölkəmizdə fəaliyyət göstərən sənaye və qeyri-sənaye obyektlərinin bu əvəz etməni yüngülləşdirmə məsələsi nəzərdə tutulmalıdır;

  6. İşlənmiş qənaətcil lampalarının emalının təşkili. Adi közərmə lampasının şüşə kolbası təsirsiz qazla doldurulur (adətən bu arqon qazıdır, kripton və ksenon qazlari ilə doldurulan lampalar daha baha olur). Lampa qırıldıqda ətrafa zərərli maddələr ayrılmır. Kompakt luminesistent lampalarda isə kolba 5 mq-dək, gündüz işığı lampalarında isə 20 mq-dək civə doldurulur və kolba qırılan zaman ətrafa hətta cüzi miqdarda zəhərli olan civə buxarı ayrılır. Bununla bağlı istehlakçılara bu lampaların istismarı və sıradan çıxdıqda necə atılması məsələləri çatdırılması, işlənmiş lampaların emalı istehsalatlarının təşkili çox vacibdir;

  7. Ölkəmizdə qənaətçil lampaların istehsalının təşkili. Bir çox ölkədə artıq belə bir addım atılmaqdadır və ölkədaxili məhsulun daha ucuz olmasının istehlakçılar üçün qənaətçil lampaları əldə etməkdə mümkün problemlərinin həllinə kömək olacaq. Amma nə Lampa zavodu kimi tanınan “Azərelektroişıq” ASC, nə də hər hansı bir başqa istehsalçı əldə etdiyimiz məlumata əsasən bu günə lampa istehsalı ilə məşğul olmur. Düşünürük ki, ölkəmizin elmi-texniki potensialı nöqteyi nəzərdən bu istehsalatın bərpa edilməsi və yaxud yenidən yaradılması həll olunan məsələdir;

  8. Elektrik xətlərinin yüklənməsi qrafikinin optimallaşdırılma məqsədi ilə iki tarifli sayğacların tətbiqi. Elektrik enerjisi istehlakının bərabərləşdirilməsi və ətraf mühitə təsirin azaldılması məqsədi ilə Avropa ölkələrinin bir çoxunda artıq gecə vaxtlarında elektrik enerjisinin istehlakı iqtisadi cəhətdən stimullaşdırılır və alınan nəticələr iqtisadi, ekoloji, texnoloji baxımdan bu tədbirin yüksək dərəcədə səmərəli olduğunu təsdiq etmişdir;

Sadalanan təkliflərin reallaşdırılması ilk növbədə hüquqi-normativ bazanın mövcudluğundan asılıdır, çünki enerji effektiv texnologiyalara, o cümlədən, közərmə lampalarının satışının qadağan edilməsi kimi böyük həcmli və geniş miqyaslı işi həyata keçirilməsi dövlət səviyyəsində həll edilməlidir. Qənaətcil texnologiyalara keçidin təmin edilməsini müəyyən edən mexanizmləri, mövcud qanunvericilikdə bu sahədə olan boşluqları aradan qaldıran müvafiq qanun və tədbirlər planının işlənməsini vacib hesab edərək “ELS” Müstəqil Araşdırmalar Mərkəzi enerji resurslarından qənaətli istifadə sahəsində təxirəsalınmaz tədbirlərin görülməsinin zərurəti məsələsini və bununla əlaqədar təkliflərini diqqətinizə çatdırır:

    • Dəyişən iqlim şəraitinə uyğunlaşma probleminin effektiv həllinin enerji resurslarının qənaətli istifadəsilə birbaşa bağlılığı və bu istiqamətdə məqsədyönlü fəaliyyət təşkil edilməsi;

    • Dövlət səviyyəsində əhalinin enerji resurslarından qənaətli istifadəsi sahəsində məlumatlandırıcı, maarifləndirici və texnoloji cəhətdən şərait yaradan təşkilatı tədbirlərdən ibarət «Enerji resurslarından qənaətli istifadə» Milli Planın hazırlanması;

    • İctimaiyyətin imkanlarından istifadə edərək ictimai nəzarət mexanizmini işlənilib tətbiq edilməsi;

    • Dövlət səviyyəsində qəbul edilmiş qərarların həyata keçirilməsinə ictimaiyyətin cəlb olunması və bu iştirakın daimi xarakter daşıması, fəaliyyət planının tərtib edilməsi mərhələsindən başlaması və planın həyata keçirilməsinin bütün mərhələlərində davam etməsi.

Mərkəz bundan sonra da həyat əhəmiyyətli Azərbaycanın inkişafı uğrunda həm iqtisadi, həm də əhalinin məlumatlılığı baxımından enerji resurslarından qənaətli istifadəsi sahəsində tədbirləri davam etdirəcəyini və bundan sonra da bu istiqamətdə atılacaq addımlara hər zaman yardımçı olmağa hazır olduğunu bildirir.
Yüklə 42,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə