İQTİsadi TƏŞƏBBÜSLƏRƏ yardim iCTİMAİ BİRLİYİ Azərbaycan Respublikasının 2017-ci IL dövlət büdcəsi (proqnozu) ilə bağlı r ə y baki – 2016



Yüklə 484,76 Kb.
səhifə1/3
tarix20.09.2018
ölçüsü484,76 Kb.
#69291
  1   2   3




İQTİSADİ TƏŞƏBBÜSLƏRƏ YARDIM
İCTİMAİ BİRLİYİ


Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi (proqnozu) ilə bağlı

R Ə Y

budget2015.jpg

BAKI – 2016

Rəy dövlət maliyyə siyasətində və büdcə müzakirələrində ictimai iştirakçılığı genişləndirmək, büdcə siyasətinin hazırlanması və həyata keçirilməsinə vətəndaş cəmiyyətinin töhfəsini artırmaq və 2017-ci ilin dövlət büdcəsini geniş ictimaiyyətə izah etmək məqsədiylə işlənilib.

Rəyin mətbuatda dərc edilməsi, habelə hökumətin müvafiq qurumlarına göndərilməsi nəzərdə tutulur.

Rəy İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyinin ekspert qrupu tərəfindən hazırlanıb

Az1102, Azərbaycan, Bakı şəhəri,
Tbilisi prospekti, 2-ci Alatava küçəsi, 9, 3-cü mərtəbə
Tel: (99412) 4317713
Fax: (99412) 4317713
E-mail:
sei@azeronline.com
Web:
www.sei.az

© İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyi

MÜNDƏRİCAT

Giriş 4


I. 2017-cı il dövlət büdcəsinin və icmal büdcənin qısa statistik mənzərəsi 5

II. Büdcə gəlirləri siyasəti üzrə müşahidə olunan əsas meyllər 10

III. Büdcə xərcləri siyasəti üzrə müşahidə olunan əsas meyllər 16

IV. Büdcə xərcləmələrinin səmərəliliyi və şəffaflığı və ilə bağlı əsas

narahatlıqlar 22

V. Büdcə prosedurlarına əməl edilməsi sahəsində vəziyyət 26

VI. Nəticə və tövsiyələr 28

Giriş
Dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində Azərbaycan neft gəlirlərinin kəskin azalması ilə üzləşdi və bu, ilk növbədə dövlət büdcəsinin gəlirlərinin və xərclərinin azalması ilə nəticələndi. 2015-ci ildə milli valyutanın kəskin devalvasiyaya məruz qalması və dəyərini iki dəfəyədək itirməsi iqtisadi durumu ağırlaşdırdı. 2016-cı il ərzində manatın məzənnəsinin tədricən azalması prosesi davam etdi. Hökumət ölkədə qeyri-neft sektorunun inkişafı, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, yerli istehsalın himayə edilməsi istiqamətində bir sıra addımlar atsa da, ümumən sistemli iqtisadi islahatlara başlanılmadı. 2016-cı ildə ölkə iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı strateji yol xəritələrinin hazırlanması üzərində işlər aparıldı və ilin sonuna müvafiq sənədlər təsdiq olundu. 2017-ci il həmin sənədlərin icrasına başlanılması, yəni ölkədə geniş miqyaslı iqtisadi islahatlara başlanılması gözlənilir. Bu baxımdan 2017-ci il üçün dövlət büdcəsi ictimaiyyət üçün böyük maraq doğurur.

Təsadüfi deyil ki, dövlət büdcəsi hökumətin iqtisadi siyasətinin güzgüsü hesab olunur. Bu baxımdan 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinin təhlili hökumətin gələn il üçün müəyyən etdiyi və həyata keçirməyə hazırlaşdığı iqtisadi siyasəti qiymətləndirməyə imkan verir.

Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin ekspertləri 2017-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar. Rəydə növbəti ildə büdcə gəlirlərinin və xərclərinin formalaşmasında müşahidə olunan əsas meyllər müəyyən edilib, habelə gələn il həyata keçiriləcək büdcə siyasətinin iqtisadi proseslərə təsiri qiymətləndirilib.

Rəyin hazırlanması zamanı aşağıdakı sənədlər öyrənilib, oradakı məlumatlar əsasında zəruri araşdırmalar və təhlil işləri həyata keçirilib:



  • Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu (16 dekabr 2016-cı il),

  • Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (27 dekabr 2016-cı il)

  • 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilən büdcə zərfinə daxil olan sənədlər toplusu,

  • “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi və s.

Rəy dövlət maliyyə siyasətində və büdcə müzakirələrində ictimai iştirakçılığı genişləndirmək, büdcə siyasətinin hazırlanması və həyata keçirilməsinə vətəndaş cəmiyyətinin töhfəsini artırmaq və 2017-ci ilin dövlət büdcəsini geniş ictimaiyyətə izah etmək məqsədiylə işlənilib.

Rəyin mətbuatda dərc edilməsi, habelə hökumətin müvafiq qurumlarına göndərilməsi nəzərdə tutulur.



I. 2017-cı il dövlət büdcəsinin və
icmal büdcənin qısa statistik mənzərəsi

1.a) Büdcə gəlirləri üzrə:
“Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2017-ci ildə dövlət büdcəsinin gəlirlərinin 16255.0 mln. manat olması gözlənilir. Bu, 2015-ci ildə dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə 1243.0 mln. manat (yaxud 7.1 faiz), 2016-cı ilin dövlət büdcəsi gəlirlərinin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə 567.0 mln. manat (yaxud 3.4 faiz) azdır.  

2017-cı ildə dövlət büdcəsi gəlirlərinin illik ÜDM-in 26.5 faizi qədər olması gözlənilir ki, bu da 2016-cı il üçün proqnozlaşdırılan müvafiq göstəricidən 2.6 faiz bəndi, 2015-ci ilin faktiki göstəricisindən 5.7 faiz bəndi azdır.

Proqnoza əsasən, 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 6100.0 mln. manatı (yaxud 37.5 faizi) Dövlət Neft Fondunun transferti, 4137.0 mln.manatı (25.5 faizi) əlavə dəyər vergisi (ƏDV), 2179.0 mln.manatı (13.4 faizi) hüquqi şəxslərin mənfəət vergisi, 1168.0 mln.manatı (7.2 faizi) fiziki şəxslərin gəlir vergisi, 608.0 mln.manatı (3.7 faizi) aksiz vergisi, 454.0 mln. manatı (2.8 faizi) gömrük rüsumları, 344.0 mln. manatı (2.1 faizi) sadələşdirilmiş vergi, 178.0 mln. manatı (1.1 faizi) hüquqi şəxslərin əmlak vergisi, 89.0 mln. manatı (0.5 faizi) yol vergisi, 90.0 mln. manatı (0.6 faizi) vergi qanunvericiliyinin pozulması ilə bağlı cərimə vəsanksiyalardan daxilolmalar hesabına formalaşacaq.

2016-ci ilin proqnozu ilə müqayisədə 2017-cı ilin dövlət büdcəsi proqnozunda gəlirlər üzrə Dövlət Neft Fondundan transfertin məbləğinin 1515.0 mln. manat (-19.9 faiz), aksiz vergisi üzrə daxilolmaların 29.0 mln. manat (-4.6 faiz) az olması, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların 494.0 mln. manat (13.6 faiz), hüquqi çəxslərin mənfəət vergisi üzrə 264.4 mln. manat (13.8 faiz), gömrük rüsumlarının 66.0 mln. manat (17.0 faiz), fiziki şəxslərin gəlir vergisi üzrə 88.0 mln. manat (8.1 faiz), ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar üzrə 44.0 mln. manat (30.3 faiz), sadələşdirilmiş vergi üzrə 44.0 mln. manat (14.7 faiz), hüquqi şəxslərin əmlak vergisi üzrə 3.8 mln. manat (2.2 faiz), yol vergisi üzrə 2.0 mln. manat (2.3 faiz) çox olması gözlənilir.

Maliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin 7855.0 mln. manatı (48.3 faizi) neft sektorundan, 8400.0 mln. manatı (51.7 faizi) isə qeyri-neft sektorundan daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır. 2016-cı ilin proqnozu ilə müqayisədə 2017-ci ilin proqnozunda neft sektorundan dövlət büdcəsinə daxilolmaların 1370.0 mln. manat (yaxud 14.9 faiz) az olması, qeyri-neft sektorundan daxilolmaların isə 803.0 mln. manat (yaxud 10.6 faiz) çox olması gözlənilir. 2017-ci ildə dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalarının proqnozlaşdırılan illik qeyri-neft ÜDM-nin 20.2 faizi qədər olması gözlənilir.

Qanuna əsasən, 2017-ci ildə dövlət büdcəsinə daxilolmaların 15634.7 mln. manatı (96.2 faizi) mərkəzləşdirilmiş gəlirlərin, qalan 620.3 mln. manatı (3.8 faizi) isə yerli gəlirlərin hesabına baş tutacaq. 2016-cı ilin proqnozu ilə müqayisədə 2017-ci ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinin 421.0 mln. manat (-2.6 faiz), yerli gəlirlərin isə 146.0 mln. manat (-19.1 faiz) az olması nəzərdə tutulur.

2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 46.2 faizi (7510.0 mln. manatı) Vergilər Nazirliyinin, 13.5 faizi (2200.0 mln. manatı) Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 37.5 faizi (6100.0 mln. manatı) Dövlət Neft Fondunun transfertinin, qalan 2.8 faizi (445.0 mln. manatı) isə digər mənbələrdən daxilolmaların payına düşür.

Maliyyə Nazirliyinin məlumatına görə 2017-cı ildə dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə toplanacaq vəsaitin 1755.0 mln.manatı (23.4 faizi) neft sektorundan, 5755.0 mln.manatı (76.6 faizi) isə qeyri-neft sektorundan daxil olması proqnozlaşdırılır.

Qeyd edilməlidir ki, 2017-cı ilin büdcə gəlirləri proqnozu xam neftin 1 barelinin ixrac qiymətinin 40.0 ABŞ dolları götürülməsi əsasında işlənilmişdir.
1.b) Büdcə xərcləri üzrə:
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən növbəti il üzrə dövlət büdcəsinin xərcləri 16900.0 mln. manat səviyyəsində proqnozlaşdırılır. Xərclərin həcmi 2016-cı ilin ilin proqnoz göstəricisinə nisbətən 1595.0 mln. manat və ya 8.6 faiz azdır.

2017-ci ildə dövlət büdcəsinin xərclərinin məbləği illik proqnozlaşdırılan ÜDM-in 27.4 faizi səviyyəsində gözlənilir. 2016-cı ildə üzrə anoloji göstərici 31.4 faiz təşkil edib.

2017-ci ilin proqnozlaşdırılan büdcə xərcləri 2011-ci ildən ötən dövr ərzində ən aşağı göstəricidir. Belə ki, 2011-ci ildə proqnozlaşdırılan büdcə xərcləri 12748.0 mln. manat olmuşdu. 2012-2016-cı illərdə həmin göstəricinin ən aşağı həddi 2012-ci ildə (17672.0 mln. manat), ən yüksək həddi isə 2014-cü ildə (20063.0 mln. manat) qeydə alınıb.

Funksional təsnifat baxımından 2017-ci il üzrə dövlət büdcəsi xərclərinin ümumi həcmində 16.8% olmaqla ən yüksək paya malik funksional istiqamət ümumdövlət xidməti bölməsidir. Öz növbəsində, ümumi yekunda xüsusi çəki etibarı ilə müdafiə xərcləri 15.6%, investisiya xərcləri 14.9%, sosial müdafiə və sosial təminat xərcləri 13.3%, təhsil xərcləri 10.2%, əsas bölmələrə aid edilməyən xərclər 8.7%,  məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 7.1%, səhiyyə xərcləri 4.3%, kənd təsərrüfatı xərcləri 3%, mənzil-kommunal təsərrüfatı xərcləri 1.8%,  mədəniyyət və idman xərcləri 1.7%, iqtisadi fəaliyyət xərcləri isə 1.1% səviyyəsində proqnozdaşdırılır.

İqtisadi təsnifat baxımından 2017-ci il üzrə dövlət büdcəsi xərclərinin ümumi həcmində 24.2% olmaqla ən yüksək paya əmək ödənişi xərcləri malikdir. Xərc proqozuna əsasən, ümumi xərcərin 4.077 mlrd. manatını əmək ödənişi xərcləri təşkil edəcək. Bu, 2016-cı ilə nisbətən 244 mln. manat və ya 6.4% çoxdur. Əmək ödənişi xərclərinin büdcədə payı ötən ilin göstəricisindən 3.4% bəndi çoxdur.

Malların (iş və xidmətlərin) satınalınması üzrə xərclər 3.379 mlrd. manat proqnozlaşdırılıb ki, bu da 2016-cı ili nisbətən 202 mln. manat (6.4%) çoxdur. Bu xərclərin büdcədə payı 20%-ni təşkil edəcək ki, ötən ilin göstəricisindən 2.8% bəndi çoxdur.

Təqaüdlər və müavinətlər üzrə xərclər 2.268 mlrd. manat proqnozlaşdırılıb ki, bu da 2016-cı ili nisbətən 171 mln. manat (1.4%) çoxdur. Bu xərclərin büdcədə payı 13.4%-ni təşkil edəcək ki, ötən ilin göstəricisindən 2.1% bəndi çoxdur.

Qeyri-maliyyə aktivləri üzrə xərclər 3.603 mlrd. manat proqnozlaşdırılıb ki, bu da 2016-cı ili nisbətən 167.8 mln. manat (4.4%) azdır. Bu xərclərin cəmi xərclərdə payı 21.3% təşkil edir ki, o da 2016-cı ilin göstəricisindən 1% azdır

Öhdəliklər və əməliyyatlar üzrə xərclər 1.228 mlrd. manat proqnozlaşdırılıb ki, bu da 2016-cı ili nisbətən 165.5 mln. manat (11.8%) azdır. Bu xərclərin büdcədə payı 7.6% təşkil edəcək - təxminən ötən ilin göstəricisi səviyyəsindədir.

Digər xərclər 1.360 mlrd. manat təşkil edəcək ki, bu əvvəlki ilə nisbətən 1.4 mlrd. manat və ya 2.2 dəfə azdır. Bu xərclərin cəmi xərclərdə payı 8.0% təşkil edir ki, o da 2016-cı ilin göstəricisindən 7.8% azdır.


1.c) Dövlət borcu üzrə:
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda 2017-ci ildə dövlət daxili və xarici borcları üzrə ödənişlər üçün 1641.8 mln. manat ayrılır ki, bu da dövlət büdcəsi xərclərinin 9.7 faizini təşkil edir. 2017-ci ildə dövlət daxili borcu üzrə ödənişlərə 61.2 mln.manat (2016-ci ilin proqnoz büdcəsində nəzərdə tutulduğundan 4.9 dəfə az), dövlət xarici borcları üzrə ödənişlərə isə 1580.6 mln.manat (2016-ci illə müqayisədə 7.2 faiz çox) vəsait nəzərdə tutulub.

Qanunda 2016-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1.0 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 500.0 mln. manat, il ərzində veriləcək dövlət zəmanətlərinin yuxarı həddi isə 10.0 mlrd. manat məbləğində təsdiq edilib.


1.d) Dövlət büdcəsinin kəsiri üzrə:
2017-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 mln. manat məbləğində yaxud proqnozlaşdırılan ÜDM-nin 1,1 faizi səviyyəsində nəzərdə tutulur. Bu, 2012-ci ildən sonrakı dövrün ən aşağı göstəricisidir.

Dövlət büdcəsi kəsirinin özəlləşdirmədən daxilolmalar və digər mənbələr (daxili və xarici borclanma, 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) hesabına, habelə xarici qrantlardan daxilolmalar hesabına maliyyələşdirilməsi gözlənilir.


1.e) İcmal büdcə üzrə:
2017-ci ildə ölkənin icmal büdcəsinin gəlirlərinin 20020.7 mln. manat olması gözlənilir ki, bu da 2016-cı ilin proqnozuna nisbətən 5859.9 mln. manat yaxud 41.4 faiz çoxdur. İcmal büdcənin gəlirləri illik ÜDM-in 32.6 faizi qədər olacaq.

2017-ci ildə icmal büdcəsinin xərclərinin 21267.2 mln. manat olması proqnozlaşdırılır ki, bu da illik ÜDM-in 34.6 faizi deməkdir. 2017-ci ildə icmal büdcənin xərclərinin 2016-cı ilə nisbətən 3299.4 mln. manat yaxud 13.4 faiz az olması nəzərdə tutulur.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3400.0 mln. manat proqnozlaşdırılır ki, bunun 37.4 faizi ( 1270.0 mln. manatı) dövlət büdcəsindən birbaşa transfert, 62.6 faizi (2130.0 mln. manatı) məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına olacaq.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8370.6 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4889.1 mln. manat və ya 2.4 dəfə çoxdur. Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6951.3 mln. manat planlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 3685.0 mln. manat və ya 34.6 faiz azdır.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin 2017-ci ildə gəlir və xərcləri 348.4 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 3.0 mln. manat və ya 0.8 faiz azdır. Xərclərin 278.9 mln. manatı yaxud 80.1 faizi Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşdırılması nəzərdə tutulur.

2017-ci ilin icmal büdcəsinin kəsirinin 1246.5 mln. manat və ya proqnozlaşdırılan ÜDM-in 2.0 faizi qədər olması gözlənilir. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 9617.1 mln. manat ola bilər ki, bu da proqnozlaşdırılan ÜDM-in 15.7 faizi deməkdir.



II. Büdcə gəlirləri siyasəti üzrə
müşahidə olunan əsas meyllər

2. a) 2017-ci il və növbəti 3 il üzrə hökumətin
büdcə-vergi siyasətinin əsas istiqamətləri

Azərbaycan Respublikasının 2017-ci il və növbəti 3 il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərində büdcə gəlirləri sahəsində hökumətin əsas fəaliyyətləri sırasına aşağıdakılar aid edilib:



  • Qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması;

  • Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması;

  • Vergi ödəyicilərinin optimal gəlirliliyini və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünü optimallaşdırmaqla qeyri neft sektorundan vergi daxilolmalarının artımına nail olmaq;

  • Sadələşdirilmiş verginin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi;

  • Vergi bazasının genişləndirilməsi və vergi uçotunun təkmilləşdirilməsi istiqamətində səmərəli vergi nəzarəti mexanizmlərinin qurulması;

  • Nizamnamə fondunda və yaxud səhmlərində dövlətin payı olan müəssisələrdən həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması istiqamətində işlərin davam etdirilməsi;

  • Hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yığım faizinin artırılması istiqamətində işlərin davam etdirilməsi;

  • Ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması üçün həmin ərazilərdə faktiki fəaliyyət göstərən ödəyicilərin vergiləri hesabına maliyyə yardımının (dotasiyanın) azaldılması istiqamətində işlərin davam etdirilməsi;

  • Gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçidinin təmin edilməsi üçün işlərin davam etdirilməsi;

  • Dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması və s..

Bu istiqamətlər 2016-cı il üçün müəyyənləşdirilmiş büdcə-vergi siyasətinin əsas istiqamətləri ilə əsasən üst-üstə düşür. Həyata keçirilən siyasətin ardıcıllığı və davamlılığı baxımından bu, qənaətbəxş sayılsa da, ayrı-ayrı tədiyə növləri üzrə büdcə gəlirlərinin 2017-2020-ci illər üzrə proqnozlaşdırılan səviyyələrinin müqayisəsi bəyan edilən istiqamətlərin bəzilərinin yerinə yetiriləcəyinə hökumətin özünün də pozitiv yanaşmadığını söyləməyə əsas verir. Belə ki:

  • büdcə-vergi siyasətinin əsas istiqamətlərində “dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması” hədəfi qoyulsa da, proqnozlarda 2017-ci illə müqayisədə 2018-2020-ci illərdə dövlət mülkiyyətində olan torpaqlarının icarəyə verilməsindən büdcəyə daxilolmaların azalması nəzərdə tutulur. Xüsusilə diqqətə alanda ki, son illər dövlət mülkiyyətində olan torpaqlarının icarəyə verilməsi əsasında çoxsaylı iri kənd təsərrüfatı istehsalı müəssisələri yaradılmaqdadır, onda bu tədiyə növü üzrə daxilolmalar proqnozunun növbəti illərdə azaldılması başa düşülmür;

  • Hökumət dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların da 2017-2020-ci illər dövründə sabit - ildə 8.0 mln. manat səviyyəsində proqnozlaşdırır;

  • Yaxud, hüquqi şəxslərin torpaq vergisi üzrə 2020-ci ilədək büdcəyə daxilolmaların sabit olaraq hər il 50.0 milyon manat olacağı proqnozlaşdırılır. Bu göstərici əvvəlki illərdə də eyni səviyyədə proqnozlaşdırılmışdı.

Bundan başqa, büdcə-vergi siyasətinin demək olar əksər istiqamətləri çox ümumi şəkildə bəyan edilib, ilin sonuna yaxud dövrün sonuna əldə ediləcək konkret hədəf göstəriciləri müəyyənləşdirilməyib. Məsələn, siyasət istiqaməti kimi qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması nəzərdə tutulsa da, illər üzrə və dövrün sonuna müvafiq göstəricilər üzrə hökumətin nail olmaq istədiyi səviyyələr konkretləşdirilməyib.
2. b) 2017-ci il dövlət büdcəsinin gəlirlərində
müşahidə edilən mühüm meyllər

2017-ci il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin struktur, müqayisəli və trend təhlili aşağıdakıları ortaya çıxardı:



  1. Ayrı-ayrı tədiyə növləri üzrə vergi daxilolmalarının məbləği ilə bağlı hökumətin qərarsızlığı müşahidə olunur. Belə ki, 2017-ci ilin dövlət büdcəsinin layihəsi ölkə prezidenti tərəfindən təsdiq olunanadək ayrı-ayrı gəlirlər üzrə proqnozların səviyyəsi 4 dəfə dəyuşikliklərə məruz qalıb: 2017-ci ilin sentyabrında Maliyyə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi büdcə layihəsi ciddi dəyişikliklərə məruz qalmaqla Milli Məclisə təqdim edildi. Layihə MM-in saytında yerləşdirildikdən sonra müzakirələr dövründə yenidən dəyişiklik aparıldı və büdcənin gəlirləri 300.0 mln. manat artırıldı. MM-in saytında yenilənmiş şəkildə yerləşdirilən qanun layihəsinə görə bu əlavə vəsaitin 115.0 mln. manatının ƏDV, 96.0 mln. manatının hüquqi şəxslərin mənfəət vergisi, 31.0 mln. manatı sadələşdirilmiş verginin, 28.0 mln. manatı fiziki şəxslərin gəlir vergisinin, 27.0 mln. manatı hüquqi şəxslərin əmlak vergisinin və 8.0 mln. manatı isə hüquqi şəxslərin torpaq vergisinin hesabına toplanması nəzərdə tutulurdu. Lakin dövlət başçısı tərəfindən imzalanan Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununda hüquqi şəxslərin əmlak və torpaq vergiləri üzrə büdcəyə gözlənilən daxilolmaların məbləği yenidən əvvəlki proqnozlar səviyyəsində təsdiq olunub, bu vergilər üzrə nəzərdə tutulan artım məbləği isə yenidən ƏDV (20.0 mln. manat) və hüquqi şəxslərin mənfəət vergisi (15.0 mln. manat) arasında paylaşdırılıb;

  2. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləğinin ixtisar edilməsi siyasəti davam etdirilir. 2017-ci ildə ARDNF-dən dövlət büdcəsinə 6.1 mlrd. manat transfert edilməsi gözlənilir ki, bu da 2016-cı ildə proqnozlaşdırılandan 1.5 mlrd. manat (-19.9 faiz), 2015-ci ildə olan faktiki məbləğdən 2.0 mlrd. manat (-25.0 faiz) azdır. Bu, ARDNF-dən dövlət büdcəsinə 2010-cu ildə edilən transfert məbləğinə (5.9 mlrd. manat) yaxındır və 2011-ci ildən sonra qeydə alınan ən aşağı göstəricidir. Qeyd edək ki, Fonddan dövlət büdcəsinə ən yüksək transfert məbləği 2013-cü ildə baş tutub – 11.35 mlrd. manat. 2017-ci ildə ARDNF-dən transfertin dövlət büdcəsinin gəlirlərinin formalaşmasındakı payı 37.5% olacağı gözlənilir ki, bu da təqribən 2008-ci ilin analoji göstəricisinə (35.3%) yaxındır. Qeyd edək ki, 2009-cu ildən sonrakı dövrdə Neft Fondunun transfrtinin dövlət büdcəsinin gəlirlərində payı hər zaman 40 faizdən yüksək olub. Bu göstəricinin ən yüksək səviyyəsi isə 58.2%-lə 2013-cü ildə qeydə alınıb. Bunu da qeyd etmək lazımdır ki, hökumət ARDNF-dən dövlət büdcəsinə transfertin məbləğinin azaldılması siyasətini növbəti illərdə də davam etdirəcəyini bəyan edib. Belə ki, hökumət ARDNF-dən büdcəyə ediləcək transfertin məbləğini 2018-ci il üçün 5.5 mlrd., 2019-cu il üçün 4.8 mlrd., 2020-ci il üçün 4.0 mlrd. manat nəzərdə tutur. Bununla yanaşı “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli Fərmanında Nazirlər Kabinetinə tapşırılıb ki, ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

  3. Dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorundan birbaşa daxilolmaların məbləği və payı azalmaqda davam edir, lakin 2017-ci ildə büdcə gəlirlərinin yarıdan çoxu yenə də neft sektorunun payına düşəcək. ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği azalsa da, 2017-ci ildə SOCAR və xarici neft şirkətlərinin dövlət büdcəsinə vergi ödənişlərinin məbləğinin 2016-cı ilin proqnozu ilə müqayisədə bir qədər (müvafq olaraq, 40.0 mln. və 105.0 mln. manat) artması proqnozlaşdırılır. (Bu, 2017-ci ilin dövlət büdcəsi proqnozlarının neftin dünya bazar qiymətinin 1 barel üçün 40 ABŞ doları əsasında hesablanmasına görədir). Artıq yuxarıda qeyd olunduğu kimi, Maliyyə Nazirliyinin məlumatına əsasən 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 7855.0 mln. manatı yaxud 48.3 %-i neft sektorundan daxilolmalar hesabına formalaşacaq. Lakin araşdırmalarımız göstərir ki, bu göstəricilər dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorunun rolunu tam əks etdirmir. Maliyyə Nazirliyi HPBS-lər üzrə xarici və yerli subpodratçı şirkətlərin mənfəət vergisini, HPBS-lər üzrə podratçı və subpodratçı təşkilatlarda, habelə SOCAR-da muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən tutulan gəlir vergisini neft sektorundan daxilolmalara aid etmir. Halbuki bu mənbələr neft sektorunun dövlət büdcəsinə birbaşa töhfəsini əks etdirir. Məsələn, Maliyyə Nazirliyi 2017-ci ildə HPBS-lər üzrə xarici subpodratçı şirkətlərin mənfəət vergisinin 274.9 mln. manat, HPBS-lər üzrə podratçı və subpodratçı təşkilatlarda muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən tutulan gəlir vergisinin 310.9 mln. manat olmasını proqnozlaşdırır. Əgər bu vəsaitlər də nəzərə alınarsa, onda 2017-ci ildə dövlət büdcəsinə neft sektorundan daxilolmaların məbləği 8440.8 mln. manat olar ki, bu da büdcə gəlirlərinin 51.9 %-i deməkdir. Təbii ki, bu da büdcə gəlirlərində neft sektorunun rolu üzrə son illərin ən aşağı göstəricisidir: belə ki, bu göstəricinin səviyyəsi 2011-ci ildə 74,4%, 2012-ci və 2013-cü illərdə 73,2%, 2014-cü ildə 66,1%, 2015-ci ilə 65,3% olmuşdu, 2016-cı il üçün isə 53,5% proqnozlaşdırılmışdı;

  4. Yüklə 484,76 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə