İşçi Qrupunun Aylıq İnformasiya Bülleteni



Yüklə 209 Kb.
tarix11.07.2018
ölçüsü209 Kb.
#54775



QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə

İşçi Qrupunun
Aylıq

İnformasiya

Bülleteni

№3
5 iyul 2010-cu il




Buraxılışa məsul:
Redaktor: Cəsur Sümərinli, “Doktrina” JHAM İB

PR cavabdehi: İdrak Abbasov, Ekstremal Jurnalistika İnstitutu İB

İnformasiya təminatçısı: Akşin Məmmədzadə “Media Strategiya”İB
əlavə məlumat almaq üçün cesursumer@mail.ru ünvanına yazmağınız xahiş olunur.

İçindəkilər:


  • İşçi Qrupunun fəaliyyət xronologiyası: aprel, may, iyun




  • İşçi Qrupunun istək və tələbləri nədən ibarətdir?




  • QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətinin monitorinqi (iyun ayı üçün)




  • QHT Şurası informasiya portalının (qhtxeber.az) və digər saytların monitorinqi




  • KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin monitorinqi (iyun ayı üçün)




  • KİV Fondunun veb-səhifəsinin (kivdf.gov.az) monitorinqi




  • İşçi Qrupu 2009 və 2010-cu illərdə qalib elan edilmiş hansı layihələri istəyir? – TAM SİYAHI




  • Arayış: Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda təmsil olunanlar




  • Faydalı: İşçi Qrupunun Aylıq İnformasiya Bülleteninin 1-ci və 2-ci sayında əksini tapan xəbər və məqalə başlıqları


  • İşçi Qrupunun fəaliyyət xronologiyası: aprel, may, iyun


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupu (bundan sonra qısaca – İşçi Qrupu) 2010-cu il aprelin 7-də elan olunub. Qrupa aşağıdakı şəxslər və onların rəhbərlik etdikləri təşkilatlar daxildir:
İdrak Abbasov, “Ekstremal Jurnalistika İnstitutu”,

Esmira Orucova, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyii,

Üzeyir Cəfərov, “Hərbi Jurnalistlər” İctimai Birliyi, milaz.info saytının baş redaktoru,

Tərlan Eyvazov, “Silahlı Qüvvələrə İctimai Nəzarət” Mərkəzi,

Cəsur Məmmədov, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, İşçi Qrupunun əlaqləndiricisi.
APREL


  • Aprelin 7-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupu təsis olunub.

  • Aprein 15-də İşçi Qrupu Hesablama Palatasına müraciət edərək hər iki qurumda təcili maliyyə yoxlamasının aparılmasını istəyib.

  • Aprelin 15-də mövcud olan çoxsaylı şübhələrə aydınlıq gətirilməsi məqsədilə 2010-cu ildə qalib elan olunmuş bir sıra layihələrin müstəqil şəkildə monitorinqinin aparılması və qiymətləndirilməsi üçün donor qurumların rəhbərləri Azay Quliyev və Vüqar Səfərliyə müraciət edilib. Müraciətdə bu qurumlar tərəfindən maliyyə ayrılmış 16 layihənin Layihə təklifi və Büdcə Forması istənilib.

  • Aprelin 15-də İşçi Qrupu QHT-lərə dövlət dəstəyi Şurasının qalib elan etdiyi layihələr çərçivəsində yaradılmış 20 saytdan cəmisi 3-nün aktiv olduğunu bəyan edib. İşçi Qrupu hesab edir ki, bu faktik olaraq dövlət vəsaitinin səmərəsiz istifadə olunmasının göstəricisidir.

  • Aprelin 15-də proses barədə prezident İlham Əliyevə məlumat məktubu göndərilib.

  • Aprelin 22-də isə İşçi Qrupu "Proqram və layihələrin monitorinq və qiymətləndirilməsinin metodologiyası" adlı sənədin təqdimat mərasimini keçirib.

  • Aprelin 22-də İşçi Qrupu hər iki qurum tərəfindən 2009-cu ildə qalib elan olunmuş 23 layihənin Layihə təklifi və Büdcə Formasının əldə edilməsi üçün yenidən Azay Quliyev və Vüqar Səfərliyə müraciət edilib. Işçi Qrupunda bu layihələrin səmərəlliyinə dair ciddi şübhələr mövcuddur.

  • Aprelin 22-də Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edilərək hər iki qurumda qeyd edilən layihələrin vəziyyəti və digər məsələlərlə bağlı yoxlamalar aparılması istənilib.

  • Aprelin 22-28-i İşçi Qrupu tərəfindən “qrant saxtakarlığına son – virtual məlumatlandırma həftəsi” elan olunub. Həftə ərzində hər iki qurumun fəaliyyətində müşahidə edilən qanunsuzluqlar, İşçi Qrupunun istək və tələbləri, qrup tərəfindən QHT və KİV-ə dövlət dəstəyi qurumlarından istənilən layihələrin adlarının, perspektiv fəaliyyətin əks olunduğu məlumat bulletenləri davamlı olaraq ölkədəki rəsmi və qeyri-rəsmi orqanlara, KİV və QHT-lərə, eyni zamanda xarici dillərə çevrilərək beynəlxalq təşkilatlara, donorlara, özəl şirkətlərə, KİV-ə və QHT-lərə dəstək üzrə anoloji qurumlara və s. göndərilib.

  • Aprelin 28-də İşçi Qrupu tərəfindən hazırlanmış “Aylıq İnformasiya Bülleteni”nin ilk ssyı (elektron formada) oxucuların ixtiyarına verilib.


MAY


  • Mayın 13-də İşçi Qrupu QHT və KİV-ə dövlət dəstəyi qurumlarının rəhbərləri Azay Quliyev və Vüqar Səfərliyə ünvanlanmış məktubları taleyi, onlara verilən cavablara dair mətbuat konfransı keçirib. Tədbirdə bəyan edilib ki, QHT Şurası rəhbərliyinin cavabı qanedici deyil və qurumda korrupsiyanın olması ehtimallarını gücləndirir. KİV fondu isə ümumiyyətlə məktublara cavab verməyib. Eyni zamanda Hesablama Palatası, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Prezidentə ünvanlanmış məktublara da bu günə qədər hər hansı şəkildə cavab verilməyib.

  • Mayın 13-də İşçi Qrupu QHT və KİV-ə dövlət dəstəyi qurumlarının fəaliyyətinin monitorinqinə dair ilkin sənədi KİV-ə açıqlayıb.

  • Mayın 13-də İşçi Qrupu bir sıra beynəlxalq təşkilatlar və donorlarla bağlı QHT Şurasının informasiya portalı olan qhtxeber.az saytında əksini tapan “qara piar” xarakterli məlumatlarla ictimaiyyət tanış edib və bunun təhlükəli xarakter daşıdığını bəyan edib.

  • Mayın 18-də İşçi Qrupu QHT və KİV-ə dövlət dəstəyi qurumlarının rəhbərlərinə yeni məktublar ünvanlayıb. Bu məktublarda 2009-2010-cu illərdə qalib elan olunmuş 39 layihənin hər birinə dair 6 sənəd istənilir.

  • Mayın 20-də İşçi Qrupu ona daxil olan QHT nümayəndələrinə hədə-qorxularla əlaqədar bəyanat yayıb. Sənəddə bildirilib ki, bir sıra şəxslər İşçi Qrupuna daxil olan QHT-lərə hədə-qorxu gələrək qanunsuzluqlarla mübarizəni dayandırmağı tələb edirlər. İşçi Qrupu bəyan edib ki, baş verəcək hər hansı neqativ hadisəyə görə, məsuliyyət QHT və KİV-ə dövlət dəstəyi qurumlarının rəhbərləti Azay Quliyev və Vüqar Səfərlinin üzərinə düşəcək.

  • Mayın 24-də Baş Prokurorluq İşçi Qrupuna cavab məktubu göndərib. İşçi Qrupu bu cavabı QHT və KİV-ə dövlət dəstəyi qurumlarının fəaliyyətlərində ehtimal olunan korrupsiya hallarını ört-basdır etmək cəhdi kimi qiymətləndirib.

  • Mayın 31-də İşçi Qrupu tərəfindən hazırlanmış “Aylıq İnformasiya Bülleteni”nin 2-ci sayı (elektron formada) oxucuların ixtiyarına verilib.


İYUN

  • İyunun 12-də Azərbaycan Respublikası Hesablama Palatası İşçi Qrupuna cavab məktubu göndərib. Məktubda bildirilıib ki, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Hesablama Palatasının iş planından əlavə maliyyə-büdcə ekspertizası aparması qadağandır: “Qeyd olunanlarla əlaqədar bildirirk ki, müraciətinizdə irəli sürdüyünüz təklifin Hesablama Palatasının növbəti illər üzrə hazırlanacaq iş planlarında nəzərə alınmasına baxıla bilər”.

  • İyunun 21-də “21-ci Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev İşçi Qrupunun tərkibindən çıxarılıb. Səbəb səbəb E.Əliyevin İşçi Qrupunun fəaliyyət hədəflərinə, bəyan etdiyi əsas prioritetləri uyğun fəaliyyət göstərməməsidir.

  • İyunun 22-də İşçi Qrupu Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova müraciət edərək Hesablama Palatasına QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda yoxlama aparması üçün tapşırıq verməsini xahiş edib.

  • İyunun 28-də “Şur” Muğam Mərkəzində keçirilən tədbirdə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri, İşçi Qrupunun üzvü Esmira Orucovaya qarşı təxribat edilib. İşçi Qrupu bəyan edib ki, qrupda təmsil olunan QHT və KİV rəhbərlərinə qarşı baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyət yerli donor qurumların rəhbərləri Azay Quliyev və Vüqar Səfərlinin üzərinə düşəcək.

  • İyunun 30-da İşçi Qrupunun toplantısında qurumun nəzdində Müstəqil Apellyasiya Komssiyası (MAK) yaradılıb. İyul ayının 1-dən fəaliyyət göstərən MAK ehtiyac olacağı təqdirdə QHT və KİV-ə dövlət dəstəyi qurumlarının qalib elan etmədiyi layihələri müstəqil şəkildə ekspertizadan keçirəcək. MAK-a Ekstremal Jurnalistika İnstitutunun direktoru, İşçi Qrupunun üzvü jurnalist İdrak Abbasov rəhbərlik edir.

  • İyunun 30-da İşçi Qrupunun üzvü Esmira Orucova İyunun 28-də ona qarşı törədilmiş təxribatla əlaqədar Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

  • İyunun 30-da İşçi Qrupu mayın 18-də QHT və KİV-ə dövlət dəstəyi qurumlarının rəhbərlərinə ünvanladığı məktublara cavab verilmədiyini bir daha byan edib və məhkəmə perspektivinin real olduğunu vurğulayıb. Qeyd edək ki, bu məktublarda 2009-2010-cu illərdə qalib elan olunmuş 39 layihənin hər birinə dair 6 sənəd istənilir.



*İşçi Qrupunun istək və tələbləri nədən ibarətdir?
İşçi Qrupu hesab edir ki, KİV və QHT-lərə dövlət dəstəyi qurumlarına indiyədək ayrılmış milyonlarla manat vəsait əksərən səmərəsiz istifadə olunur. İşçi Qrupunun sözügedən qurumların fəaliyyətlərində korrupsiya elementlərinin olmasına dair şübhələri var. Araşdırmalar göstərir ki, 2008-ci ildən bu yana hər iki dövlət qurumunun fəaliyyətinə dövlət büdcəsindən 8 milyon manata yaxın vəsait ayrılıb. İşçi Qrupu hesab edirik ki, bu vəsaitin 90 faizi səmərəsiz istifadə olunur. Eyni zamanda Qrupun vəsaitin 40 fazinin korrupsiya hədəfinə çevrilməsi barədə şübhələri var. Bu az rəqəm deyil – 3 milyon manatdan artıq bir göstəricidir.
İşçi Qrupu KİV-ə və QHT-lərə dövlət dəstəyi qurumlarının fəaliyyətindəki qanunsuzluqların aradan qaldırılması üçün aşağıdakı tələb və təklifləri irəli sürür:
1. Azərbaycan Respublikası Hesablama Palatası və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda maliyyə yoxlamalarına başlanılmalıdır. Bu yoxlama zamanı dövlət maliyyəsinin bölüşdürülməsi vəziyyəti və səmərəlilik meyarları diqqətlə araşdırılmalıdır.
2. Hər iki qurumun rəhbərliyində təmsil olunanların dəyişdirilməsi prosesinə başlanılmalıdır. Müşahidələr göstərir ki, onların faəliyyətinə ictimai inam getdikcə itir.
3. QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda çalışanların özlərinə, onların qohumlarına, yaxınlarına aid QHT və KİV-lərin müsabiqələrdə iştirakı mexanizmləri və qaydaları dəyişdirilməlidir. Araşdırmalar göstərir ki, keçirilən müsabiqələrdə qalib gələnlərin təxminən 40 faizi qurumlarda təmsil olanların özlərinə və yaxınlarına aid olan QHT və KİV-lərdir. Bu baxımdan hər iki dövlət qurumuna bu və digər QHT və KİV-lə bağlılığı olmayan müstəqil şəxslərin seçilməsi vacibdir. Eyni zamanda layihələrin qiymətləndirilməsində vaxtaşırı dəyişən ekspertlərin əməyindən istifadə edilməlidir. Eyni zamanda ictimai şəffaflıq üçün qalib elan olunan layihələrin tam mətnləri və onların büdcələri ictimaiyyətə təqdim olunmalıdır.
4. Müsabiqələrin keçirildiyi istiqamətlər və onlar üzrə təklif edilən mövzular Azərbaycanın bu günkü reallıqlarına cavab olaraq, problemlərin aradan qaldırılmasına töhfə verməlidir. QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyət göstərdikləri müddətdə ölkə QHT-lərinin və KİV-lərinin Azərbaycan üçün əsas sahələrdə: 1. Qarabağ münaqişəsinin nizamlanmasına töhfənin verilməsi, 2. Ölkədə demokratiyanın bərqərar olması, 3. Azad bazar iqtisadiyyatının təşəkkül tapması, 4. Ordu islahatlarının uğurla həyata keçirilməsi, 5. Elmi biliklərin, təhsilinn inkişafı və ekoloji təhlükəsizliyin qorunmasında səmərəli fəaliyyətinə nail olunmamışdır. Əksinə, Qarabağ münaqişəsinin həlli ilə bağlı ictimai passivlik davam edir, ölkədə demokratik təsisatların qurulması gecikir, rəqabətli bazar iqtisadiyyatı hələ də qurulmayıb, ordu islahatları geri qalır, elmin, təhsilin inkişafında ciddi problemlər nəzərə çarpır. Bunlarla bağlı qalib elan olunan layihələrdə hər hansı real, ictimai maraq kəsb edən təkliflər yoxdur. Deməli layihələr səmərəsizdir..
5. Hər iki qurumun KİV və QHT-lər üzrə elan etdiyi müsabiqə istiqamətlərindən biri Azərbaycanın NATO, Avropa Birliyi, Avropa Şurası və ATƏT-lə əməkdaşlığının monitorinqi məsələləri olmalıdır, bu istiqamətdə xüsusi diqqət Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) reallaşmasına və ölkəmizin Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi prosesinə yönəlməlidir,
6. Müsabiqələrin keçirilmə qaydaları təkmilləşdirilməli, sərt qaydalar tətbiq olunmalıdır, bu islahatlar reallıqda ictimai fayda verən, dövlətçiliyin möhkəmlənməsinə, ümummilli maraqlara xidmət edən layihələrin qəlib elan olunması yollarını açmalıdır,
7. Dövlətin ayrı-ayrı qurumları tərəfindən dəstəklənən, siyasi partiyaların rəsmi təbliğat orqanı olan KİV-ə yardım ayrılması prosesi dayandırılmalıdır, QHT və KİV-ə dəstək qurumları tərəfindən xeyriyyə tədbirlərinə vəsait ayrılması dayandırılmalıdır. Ümumilikdə xeyriyyə fəaliyyətlərinə maliyyə yardımının fərqli forması işlənilməlidir.
İşçi Qrupuna daxil olan KİV və QHT-lər bəyan edir ki, irəli sürülən təklif və tələblər dəyərləndirilməyincə, QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdikləri müsabiqəyə qatılmayacaqlar.
*Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin monitorinqi (iyun ayı üçün)
İyun ayının 3-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi və Counterpart İnternational təşkilatı tərəfindən icra edilən Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində QHT-lər üçün 19 mart 2010-cu ildə elan edilən birgə maliyyə yardımı müsabiqəsinin başa çatdığı elan edildi və qaliblərin adları açıqlandı. Bəyan edildi ki, müsabiqədə, öncədən elan edildiyi kimi, ətraf mühit və iqlim dəyişikliyi, eləcə də qadın və gənclərin inkişafı ilə bağlı istiqamətlər üzrə təqdim olunan layihələrə üstünlük verilib. 16 aprel 2010-cu ilədək davam edən müsabiqəyə QHT koalisiyalarının təqdim etdiyi 25 layihə Şura və Counterpart İnternational təşkilatının yaratdığı birgə komissiya tərəfindən araşdırılaraq qiymətləndirilib və aşağıdakı layihələr qalib elan edilib:


SN

Aparıcı QHT-nin adı

Aparıcı QHT-nin rəhbəri

Koalisiyanın digər üzvü

Layihənin adı

Məbləği

1

İctimai Problemlərin Tədqiqi Assosiasiyası

Zülfüqarlı Məhərrəm Paşa oğlu

"ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi

Regionlarda qadın və gənclərin vətəndaş cəmiyyəti quruculuğuna inamını artırmaq və seçki fəallıqlarına yüksəltmək üçün maarifçilik işlərinin təşkili

7000,0

2

"Ekoloq" Ətraf Mühitin Qorunmasına Yardım İB

Hüseynli Rübabə Əlişirin qızı

"Ağ yol" Gənclərin Maarifləndirilməsi İB

Abşeron yarımadasının sahil ərazilərində məişət tullantılarının idarə edilməsi üzrə monitorinqin keçirilməsi

6675,0

3

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi

Qonaqov Rufiz Rəhim oğlu

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası

Uğurlu layihələrin hazırlanıb həyata keçirilməsində Gənclərin və qadınların bilik və bacarıqlarının artırılması

7500,0

4

Gənclər İnkişaf Naminə İctimai Birliyi

İsmayılov Rafiq Eldar oğlu

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı

Təhsil və bacarıqların inkişafı üzrə gənclər mərkəzi: fəal gənclər və effektiv bələdiyyə xidmətləri

8540,0

5

Qafqaz Media Tədqiqatlar Mərkəzi İctimai Birliyi

Orucov Anar Qaraş oğlu

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi

Regionlarda qadın hüquqları və gender təlimi: Qanunların, Sərəncamların və Konvensiyanın imkanlarından istifadə mexanizmləri

6500,0

6

Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi

Əliyeva Əsli Sabir qızı

Gənc Mühasiblər İctimai Birliyi

Şimal Regionunda Turizmin inkişafının ətraf mühitə təsirlərinin qiymətləndirilməsi

7600,0

 

 

 

 

YEKUN

43815

İşçi Qrupunun araşdırmaları göstərir ki, bu müsabiqədə də qohumluq və tanişlıq prinsipləri diqqətdən kənarda qalmayıb. İşçi Qrupu hesab edir ki, bu müsabiqədə qalib elan olunmuş




  • “Şimal Regionunda Turizmin inkişafının ətraf mühitə təsirlərinin qiymətləndirilməsi”,

  • “Regionlarda qadın və gənclərin vətəndaş cəmiyyəti quruculuğuna inamını artırmaq və seçki fəallıqlarına yüksəltmək üçün maarifçilik işlərinin təşkili”:

  • “Təhsil və bacarıqların inkişafı üzrə gənclər mərkəzi: fəal gənclər və effektiv bələdiyyə xidmətləri”

layihələri diqqət çəkir və onun qalib elan olunmasının meyarlarını araşdırmaq məqsədilə bir sıra sənədləri əldə etmək üçün Azay Quliyevə məktub göndəriləcək.


Müşahidələr göstərir ki, Şuranın keçirdiyi müsabiqələrində iştirak edən və qalib gələnlərin bir çoxu şura rəhbərliyinin fəaliyyətini KİV və EİV-də mütəmadi dəstəkləyənlərdir. Hazırda QHT Şurası “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” mövzusunda müsabiqəyə yazıların qəbulunu dayandırıb. Maraqlı fakt ondan ibarətdir ki, Şuraya məqalə təqdim edən jurnalistlərin əksəriyyəti öz yazılarında Şura rəhbərliyini tərifləməklə məşğuldurlar. Bu yazıların qaliblər sırasında olub-olmayacağı isə bir çox mətləblərin açarı olacaq. İşçi Qrup bu istiqamətdə araşdırmalarını davam etdirəcək.
İyunun 8-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin sosial tərəfdaşlıq proqramı çərçivəsində elan etdiyi birgə maliyyə yardımı müsabiqəsinin nəticələri açıqlandı. Müsabiqənin ümumi maliyyə fondunun 80 000 manat nəzərdə tutulmasına baxmayaraq daxil olmuş QHT layihələrin çoxluğunu nəzərə alaraq, Şura digər layihələrin maliyyələşməsi üçün əlavə olaraq 80 000 manat vəsaitin ayrılması haqqında qərar qəbul etdiyini açıqladı.
İşçi Qrupunun araşdırmaları göstərir ki, elan olunmuş qaliblərin layihələrin tam əksəriyyəti səmərəsiz fəaliyyəti özündə ehtiva edir. Artıq qaliblərin elan olunmasından 1 aya yaxın vax keçməsinə baxmayaraq ortada hər hansı fəaliyyət gözə dəymir. 32 qalib siyahısından aşağıdakı 12 layihə diqqəti çəkir:
1. Azərbaycan Respublikas "Səhhət" İctimai Fondu. Həsənov Taryel Humay oğlu. Vərəm xəstəliyinin yayılması ilə əlaqədar əhali arasında sanitariya maarifinin təşkili, 6 000,0

2.. "Ekomed" İctimai Birliyi Rzayev Namiq Müzəffər oğlu, “Həyat gözəldir, özunü qoru!" Gənclər üçün tibbi maarifləndirmə proqramı, 4 450,0

3. Qafqaz Media İctimai Birliyi, Hüseynova Azədə Abbas qızı, QHT-lər üçün PR menecerlərin hazırlanması üzrə təlimlərin təşkili, 5 500,0

4. “Sorge” Qayğı Xeyriyyə Cəmiyyəti, Dadaşova Tamara Süleyman qızı Azərbaycanda səhiyyə maarifçiliyi və uşaq sağlamlığı, 4 000,0

5. Sosial İslahatlara Dəstək İctimai Birliyi, Qafarov İnşallah İxtiyar oğlu, Fiziki cəhətdən qüsurlu olan yuxarı sinif şagirdlərinin peşə oriyentasiyası və peşə seçiminə dəstək, 5 000,0

6. Davamlı İnkişaf Təşəbbüsləri İctimai Birliyi, Quliyeva Aysel Musa qızı, Gənclərin xaricdə təhsil almasına və intellektual inkişafına yardım, 6 000,0.

7. “Könüllülər” Kitabxana İctimai Birliyi. Eyvazov Niyaz Bayram oğlu, “İctimai sağlamlıq”, Qaradağ rayonunda yaşayan əhalinin infeksion xəstəliklərlə bağlı maarifləndirilməsi, 4 500,0

8. Demokratik İnkişaf Platforması, Quliyev Əli Əhməd oğlu, İctimaiyyətlə əlaqələr (PR) üzrə QHT kadrlarının hazırlanması üçün təkmilləşdirmə kurslarının təşkili, 5 000,0

9. Əhalinin Sağlamlığına Kömək İctimai Birliyi, Feziyeva Rəna Əli qızı, Vərəm xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə qaçqın və məcburi köçkünlər arasında sanitar maarifinin təşkili, 5 850,0

10. “Ümid” Beynəlxalq Mədəni Əməkdaşlıq Mərkəzi İctimai Birliyi, Ağayev Hikmət Muxtar oğlu, Regionda qeyri-hökumət təşkilatlarının ictimaiyyətlə əlaqələrinin dəstəklənməsi ilə vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, 4 500,0

11. Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım İctimai Birliyi, İmanov Rüfət Rufulla oğlu, Kür çayının daşqınına məruz qalmış ərazilərdə yoluxucu xəstəliklərlə mübarizə məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, 5 500,0

12. Gənclər üçün Təhsil Mərkəzi, Axundov Elnur Babək oğlu, Sosial problemlərin həllində könüllü fəaliyyətin inkişaf etdirilməsi, 6 950,0


İşçi Qrup bu layihələri monitorinq etmək məqsədilə bir sıra sənədləri əldə edilməsinə dair A.Quliyevə müraciət göndərəcək.
İşçi Qrupu QHT Şurasının fəaliyyətində müsbətə doğru bəzi dəyişikliklərin olduğunu da qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, Şuraının iyunun 24-də elan etdiyi QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqəsinin mövzularının bir qədər konkretləşməsi, bu mövzuların Azərbaycanın qarşısında olan əsas problemlərin həllinə QHT-lərin təkliflərinin əldə edilməsi ruhuna köklənməsi yaxşı hal hesab edilə bilər:
1. Demokratikləşmə prosesinin dərinləşməsinə dair təşəbbüslər.

2. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

3. Qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiəsi

4. Virtual məkanda Azərbaycan həqiqətləri ilə bağlı elektron resursların mövcud vəziyyətinin öyrənilməsi və müvafiq hesabatların hazırlanması.

5. Beynəlxalq təşkilatlar və xarici QHT-lərlə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində təşəbbüslər.

6. Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər.

7. Təhsilin keyfiyyətinin artırılmasına dair təşəbbüslər.

8. Mədəniyyətə dair təşəbbüslər.

9. Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial problemlərinin həllinə dəstək.

10. Sosial xidmətlərin yaxşılaşdırılması sahəsində təşəbbüslərə dəstək.


Lakin İşçi Qrupu hesab edir ki, bi mövzuların bir qədər də dərinləşdirilməsinə və genişləndirilməsinə ehtiyac var. Hesab edilir ki, parlament seçkisi ilində elan olunan mövzular arasında seçkilərə dair hər hansı mövzunun olmaması QHT Şurasının fəaliyyətinin ciddi çatışmazlıqlarından biridir.
Monitorinq müddətində İşçi Qrupuna QHT Şurasının fəaliyyətində neqativ məqamlarla bağlı məlumatlar gəlməkdədir. Bəzi məlumatlara görə, QHT Şurasının 2009-cu ildə élan etdiyi qalib layihələr sırasına sonradan bəzi layihələrin adları əlavə olunub. İşçi Qrupu bu istiqamətdə araşdırmalarını davam etdirir, bu barədə yaxın günlərdə ayrıca buraxılışın olması nəzərdə tutulub.
Uzun müddətdən sonra iyunun 25-də QHT Şurasının QHT-lərin vəziyyəti haqqında Milli Hesabatı ictimaiyyətə təqdim etməsi təqirəlayiq hal hesab edilsə də bu sənəd Azərbaycan QHT-lərinin mövcud durumunu və perspektiv fəaliyyətini, problemlərini, səmərəli fəaliyyət yollarını əks etdirmir. Eyni zamanda bu sənəd beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda QHT-lərin vəziyyətinə dair obyektiv istinad bazası hesab edilə bilməz. İşçi Qrupu bəyan edir ki, bu hesabatla bağlı ayrıca monitorinq sənədinin movcudluğu zəruridir və bu istiqamətdə araşdırmalar davam edəcək. İşçi Qrupu o fikirdədir ki, Azərbaycanda QHT-lərin vəziyyəti ilə bağlı alternativ və müstəqil Milli Hesabatın hazırlanması vacibdir.
Ümumilikdə, iyun ayı ərzində İşçi Qrupu tərəfindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin monitorinqi bir sıra nəticələrə gəlməyə əsas verir.


  • İşçi Qrupu tərəfindən mayın 18-də QHT Şurasının rəhbərliyinə göndərilmiş məktuba bu günə qədər cavab verilməməsi bir sıra layihələrin reallaşmasında həqiqətən də ciddi problemlərin mövcud olması anlamına gələ bilər. Gerçək görünən odur ki, QHT Şurası rəhbərliyi şübhəli hesab edilərək layihə təklifi, büdcə forması və digər sənədləri (ümumilikdə 6) istənilən 16 layihə ilə bağlı şəffaflıq məsələlərindən qaçır;

  • may ayı ilə müqayisədə iyun ayında Şuranın qalib elan etdiyi bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı məlumatların yayılması işi (PR) diqqətçəkən dərəcədə azalıb. Əgər may ayında xüsusilə də qhtxeber.az saytında layihə tədbirləri ilə bağlı orta hesabla 100-ə yaxın məlumat dərc olunmuşdusa, iyun ayında bu rəqəm 40-a enib.

  • Müşahidələr göstərir ki, QHT Şurası Azərbaycanın beynəlxalq təşkilatlarla (ATƏT, Avropa Şurası, NATO, BMT və s.) əməkdaşlıqlarından irəli gələn öhdəliklərinin (söz azadlığı, azad seçkilər, sərbəst toplaşma azadlığı, siyasi məhbuslar, müdafiə və təhlükəsizlik sektorunda islahatlar və s.) yerinə yetirilməsinə yönəlik layihələri dəstəkləmir, elan olunan mövzular içərisində bu istiqamətlər ədair hər hansı mövzu yoxdur,

  • Monitorinq göstərir ki, Şura rəhbərliyi ölkədəki QHT-ləri idarəolunan səviyyəyə gətirməkdə maraqlıdır. Hökumətin yürütdüyü siyasəti tənqid edən, problemlərin həlli ilə bağlı real təkliflərə malik layihələrin qalib gəlmək şansı minimuma bərabərdir.

Monitorinq iyun ayı ərzində ölkə mətbuatında yerləşdirilən layihələrin reallaşmasına dair məqalələri də hədəf götürüb. Bəlli olub ki, bu tədbirlərin tam əksəriyyəti tədbir naminə tədbir üçün keçirilib. İyun ayı ərzində QHT Şurasının qalib elan etdiyi layihələrə həsr olunmuş məqalələrdə demək olar ki hər hansı bir ciddi problem barədə danışılmır, hansısa məmur tənqid edilmir. Bu məqalələrdə problemlərdən çıxış üçün konkret olaraq təkliflər əksini tapmayıb. Xüsusilə də Kür daşqınından əziyyət çəkən insanlara yardım və dəstək göstərilməsi, bu istiqamətdə mümkün hesab edilən böyük həcmli korrupsiya faktlarının aydınlaşdırılmasına dair QHT araşdırmalarına rast gəlinmir. Ölkə KİV-də, qhtxeber.az saytında dərc olunan QHT fəaliyyətin dair məqalələrin məzmunu onların həyata keçirdiyi həmin layihələrin doğrudan da reallaşmasına və onların səmərəliliyinə ciddi şübhələr yaradır.


*Şuranın informasiya portalının (qhtxeber.az) və digər saytların monitorinqi
Əvvəlcə QHT Şurasının maliyyə dəstəyi ilə yaradılmış və qhtxeber.az saytında yerləşdirilmiş 23 saytın fəaliyyətinə toxunaq. İşçi Qrupunun araşdırmaları göstərir ki, Şura rəhbərliyinin qərarı ilə qalib elan olunmuş layihələr çərçivəsində yaradılmış 23 saytdan iyunun 30-na olan məlumata görə, yalnız 6-sı aktivdir. 4 sayt ümumiyyətlə internet məkanında yoxdur, 13 sayt isə aktiv deyil.
Şuranın informasiya portalı olan qhtxeber.az saytının fəaliyyətinə gəldikdə isə, bir sıra məqalələr diqqəti çəkir. Xüsusilə http://www.qhtxeber.az/news/a-3019.html ünvanında Sənan Nəcəfovun müəllifliyi ilə iyunun 8-də dərc olunan “Pişik Günel və “xurma”cell” adlı yazı maraq doğurur. Bu məqalədə “Azercell Telekom”-un jurnalsitlər arasında keçirdiyi “daş-qaya müsabiqəsi” (müəllif müsabiqəyə belə ad qoyub, müsabiqənin əsl adı “Daş – bizi qədimdən bu günə qədər daşıyan vasitədir” idi) və onun nəticələri tənqid atəşinə tutulub. Hətta təhqir hesab edilə biləcək ifadələr də səslənib: misal üçün, “Xurma”Cell. Müəllif bildirir ki, adı çəkilən şirkət mətbuatla işini elə qurub ki, sözünü deməyə, dərdini danışmağa, hirsini soyutmağa qəzet tapmırsan: reklam, Antalya səfərləri, qələm, fincan, flash-kart. Və elə buradaca müəllif “indiyə qədər yığılıb qalanları paylaşmağa imkan verdiyi üçün” qhtxeber.az-a minnətdarlıq edib.

Müəllif “Azercell” in keçirdiyi müsabiqənin predmetinin mücərrəd olduğunu yazıb və bildirib ki, “bu gizli reklamdır”. Müəllif qeyd edir: “şirkətin sonuncu müsabiqəsinə deyilənə görə 75 yazı təqdim olunub. Bu o deməkdir ki, şirkətin adı 75 dəfə havayı olaraq reklam edilib. Bu böyük marketinq planıdır ki, şirkət bunda da qazanıb”. Müəllif müsabiqədə açıq-aşkar şəffaflıq prinsipi pozulduğunu iddia edir. Müəllif daha sonra bildirir ki, o bu yazıda "Azərcell"dən şəbəkə daxili zənglərin qiyməti ilə digər şəbəkəyə zənglərin qiymətləri arasındakı fərqin iki dəfə çox olmasından, Azərbaycan mobil telefon danışıqlarının qiymətinin baha olmasına görə dünyada ilk yerlərdən birini tutmasında bu şirkətin rolundan, 30 kontura 3 dəqiqə fırıldağından, 9133 soyğunçuluğundan, “Gecə balansı” yalanından, “Bilərəkdən yalan reklama yol verilməklə” qanun pozmalarından, KİV-lər arasında ayrı-seçkilik salmasından, Antalya səfərlərindən kifayət qədər yaza bilər: “Mən 11-12 ildən artıqdır bir Azercell istifadəçisi kimi belə halları - keyfiyyətsizlik, fırıldaqlar, romaing xidmətinin düzgün işləməməsi, müştəri xidmətlərinin zəif olmasını çox ürək ağrısı ilə qarşılayıram. İstifadəçi sayını artdığını dönə dönə vurğulayıb bundan PR üçün istifadə edən bir şirkətin sistemini təkminləşdirib buna uyğunlaşdırmaması çox gülüncdür. O ki, qala müsabiqə keçirib ədalətdən dəm vurmağınız. Nə istiyirsiniz deyin, necə istəyirsiniz başa düşün, Azercell-in jurnalistlər arasında keçirdiyi sonuncu yazı müsabiqəsi Pişik Günelin qadın həbsxanasına getməsi ilə eynidir”, - deyə o bildirir.


İşçi Qrupu bu məqaləni qeyd etməklə bir məqamı xatırladır. Bu ilin aprel ayında QHT Şurasının sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun “Azərfon”la da birgə əməkdaşlığa hazırlaşdığını. BP, “Azərcell”, “Azersun” kimi şirkətlərə müraciət göndərdiyini bildirmişdi. İşçi Qrupunun əldə etdiyi məlumatlara görə, adları çəkilən şirkətlər Şura rəhbərinə “yox” cavabı veriblər və bu səbəbdən A.Quliyev onlara qarşı taktiki tədbirlərə başlayıb. qhtxeber.az saytında dərc olunan bu məqalənin bu tədbirlərdən biri olduğu istisna deyil.
Xatırladaq ki, A.Quliyev qeyd edilən fikirləri səsləndirən zaman İşçi Qrupu dərhal bu məsələni araşdrmağı qarşısına məqsəd qoymuşdu. Bir qədər sonra QHT Şurası Qaradaq-Sement şirkəti ilə birgə müsabiqə elan etdi və yuxarıda qeyd etdiyimiz kimi artıq qaliblər də elan olunub. Bəs qhtxeber.az saytında “Azercell”ə münasibətdə dərc olunan “bu gizli reklamdır”, “şirkətin sonuncu müsabiqəsinə deyilənə görə 75 yazı təqdim olunub. Bu o deməkdir ki, şirkətin adı 75 dəfə havayı olaraq reklam edilib. Bu böyük marketinq planıdır ki, şirkət bunda da qazanıb” fikirləri Qaradaq –Sementlə birgə müsabiqəyə aid edilmirmi? Faktik olaraq Şura adıçəkilən müəssisə ilə birgə müsabiqə keçirməklə onu KİV-də ciddi reklam edib və onun mənfəətinə xidmət edib. Bu reklamdan QHT Şurası və ya onun rəhbərliyi nə fayda götürüb? Bu müsabiqənin Azərbaycanın ekologiyasının qorunmasına hansı faydası olacaq? Bu müsabiqədə özəl şirkətin reklam olunması perspektivi hansı məqsəd güdür? Bütün bunlara özəl şirkətlərin bazarda inhisarçı fəaliyyətlərinin güclənməsinə vətəndaş cəmiyyətinin dəstəyi kimi baxıla bilərmi?
Bir məsələ aydındır ki, Şura onunla əməkdaşlığa getmək istəməyən özəl şirkətlərə qarşı qhtxeber.az saytını tribunaya çevirir və istəyinə nail olanadək mübarizəsini davam etdirir.
İşçi Qrupu hesab edir ki, 2010-cu ilin Azərbaycanda ekologiya ili olması və QHT və KİV-ə dövlət dəstəyi qurumlarının elan etdiyi müsabiqələrdə ekoloji layihələrə prioritet verilməsi baxımından Qaradağ-Sement kimi inhisarçı, eyni zamanda faəliyyəti Azərbaycanın ekologi vəziyyətinə mənfi təsir göstərən qurumlar siyahısında gedən şirkətlərlə birgə müsabiqələr keçirilməsinin səmərəsi yoxdur. Eyni zamanda Şuranın özəl şirkətlərə təzyiq göstərərərk onları əməkdaşlığa cəlb etməsi də yolverilməzdir.

*KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətnin monitorinqi (iyun ayı üçün)

İyun ayının 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birgə keçirdiyi yazı müsabiqəsinin nəticələri açıqlandı burada diqqətçəkən xeyli sayda məqamlar mövcuddur. İşçi Qrupu hesab edir ki, əvvəlki yazı müsabiqələrindən fərqli olaraq qaliblərin və həvəsləndirici mükafat alanların qalib elan olunmuş yazılarının tam mətninin mətbuatda yerləşdirilməməsi müsabiqənin şəffaflığını sual altında qoyur.
İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən müsabiqənin istiqamətləri səmərəli məqalələrin ortaya çıxmasına əngəl ola biləcək məqamlardandır. Aşkar görünür ki, KİV Fondu səmərəli istiqamətlərin seçilməsi istiqamətində ciddi problemlərə malikdir.
Qaliblərin seçildiyi istiqamətləri nəzərinizə çatdırırıq:
I İstiqamət. 2010-cu il "Ekologiya ili"dir: dövlətin ekoloji siyasəti

II istiqamət. Təbii sərvətlərdən səmərəli istifadə.

III istiqamət. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə

IV istiqamət. Qlobal ekoloji problemlər və milli səviyyədə tələbatların qiymətləndirilməsi.

V İstiqamət. Ekoloji təhlükəsizliyin təminatı: mövcud durum və perspektiv vəzifələr

VI istiqamət. Üçüncü sektor və ətraf mühit

VII istiqamət. Ekologiya sahəsində beynəlxalq əməkdaşlıq

VIII istiqamət. Ekoloji maarifləndirmə

IX istiqamət. Ekstremal vəziyyətdə jurnalistin rolu
İşçi Qrupu bir məqamı nəzərə çatdırır. Belə ki, 2009-cu ildə qəzetlər arasında müsabiqə keçirilərkən Fond sədri Vüqar Səfərli bəyan etdi ki, “dövlət tərəfindən təsis edilənlər qəzetlər müsabiqəyə qatıla bilməzlər”. İndiki halda müsabiqənin qalibləri arasında dövlət qəzetlərində çalışan jurnalistlərin olması bir sıra suallar yaradır ki, onlara aydınlıq gətirilməsi vacibdir. Misal üçün:


  1. “Xalq qəzeti”nin əməkdaşı Mehdi Mehdiyevin "Ekologiya ili"nin elan edilməsi dövlətin ekoloji siyasətinin mühüm tərkib hissəsidir”,

  2. “Respublika” qəzetinin əməkdaşı Nərgiz Qurbanovanın “Xəzərimiz təbii sərvətimiz”,

  3. “Neft daşları” qəzetindən Vahid Hacıyevin “Yeni neft strategiyasının ilk övladı - havaya axıdılan səmt qazlarının toplanmasına dair”,

  4. “Azərbaycan Ordusu” qəzetindən İbrahim Rüstəmovun “Mənim şam ağacım yaxud əsir ağaclar haqqında ballada” məqaləsi,

  5. Həvəsləndirmə mükafatı alanların siyahısında yenidən “Xalq qəzeti”ndən Mirbağır Quliyevin “Alternativ enerji mənbələri hərəkətə gəlir” məqaləsi)


Maraqlıdır ki, bu müsabiqədə Fond rəhbəri Vüqar Səfərlinin baş redaktor olduğu “Mövqe” qəzetindən iki nəfər mükafata layiq görülüb:


  1. Fariz Vəliyev, Gələcəyimizin təminatçısı: alternativ və bərpa olunan enerji mənbələri. "Mövqe" qəzeti

  2. İlham Ələsgərov, Ekoloji mühitin qorunması hər kəsin vətəndaşlıq borcudur. "Mövqe" qəzeti


Bundan başqa Fondun Müşahidə Şurasının üşvü olan Vüqar Rəhimzadənin baş redaktor olduğu “İki sahil” qəzetinin də iki əməkdaşı müsabiqədə qaliblər, 1 nəfərsə həvəsləndirici mükafat alanlar sırasında yer tutublar:


  1. İlqar Məmmədli, Ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindəndir. "İki sahil" qəzeti.

  2. Xuraman Məmmədova, Yaşıllıq həyat mənbəyidir, "İki sahil" qəzeti.

  3. Nail Rəhimzadə, Külək, niyə belə əsirsən, külək? "İki sahil" qəzeti (həvəsləndirici mükafat)

QHT Şurasının orqanı olan “Vətəndaş cəmiyyəti” jurnalının əməkdaşının həvəsləndirici mükafat alanlar siyahısında olması da diqqət çəkir.



İşçi Qrupu bəyan edir ki, yuxarıda adları çəkilən 10 məqalənin tam mətnlərinin əldə edilməsi üçün KİV Fondu rəhbərinə müraciət göndərəcək.
KİV Fondunun Azərbaycan Mətbuatının 135 illiyi ilə əlaqədar iyunun 8-də açıqladığı “Təhsil və media: peşəkarlığın artırılmasına dəstək” layihəsi mövzusunda jurnalistlər arasında keçirilən yazı müsabiqəsinin elanında əksini tapan bir sıra istiqamətlər diqqəti çəkir. Eyni zamanda qeyd edilməlidir ki, Təhsil Nazirliyinin, KİV Fondunun və Mətbuat Şurasının keçirdiyi birgə müsabiqənin özü və orada əksini tapan mövzular ötən dəfədəkilərdən fərqlidir və Azərbaycan təhsilində mövcud olan problemlərin aşkarlanmasında və onların həlli istiqamətində təkliflərin irəli sürülməsinə hədəflənib. Lakin gerçəklikdə qarşıya qoyulan hədəflərə cavab verəcək məqalələrin qalib olub-olmaması bu günlərdə bəlli olacaq.
Monitorinq dövründə KİV Fondunun iyunun 23-də açıqladığı elan diqqəti çəkir. Müsabiqə elanında bildirilir ki, "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 959 nömrəli Sərəncamının 2.1 bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu regionlarda Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlərin təşkili üçün müsabiqə elan edir . Ardınca “Müsabiqənin keçirilməsi üçün şərtlər Fonddan götürülə bilər” cümləsi qeyd olunur. İşçi Qrupu hesab edir ki, bu şərtlər KİV Fondunun rəsmi saytında yerləşdirilməli və ictimaiyyətin bütün təbəqələrinə açıq olmalıdır.
Ümumilikdə iyun ayı ərzində Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin monitorinqi bir sıra nəticələrə gəlməyə əsas verir.


  • İşçi Qrupu tərəfindən KİV Fondunun rəhbərliyinə göndərilmiş məktuba bu günə qədər cavab verilməməsi bir sıra layihələrin reallaşmasında həqiqətən də ciddi problemlərin mövcud olması anlamına gələ bilər. Əldə edilən məlumatlara görə, KİV Fondu rəhbərliyi şübhəli hesab edilərək layihə təklifi, büdcə forması və digər sənədləri (ümumilikdə 6) istənilən 23 layihə ilə bağlı şəffaflıq məsələlərindən qaçır;

  • May ayı ilə müqayisədə KİV Fondunun qalib elan etdiyi bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı məlumatların yayılması işi (PR) diqqətçəkən dərəcədə azalıb.

  • Müşahidələr göstərir ki, KİV Fondu Azərbaycanın beynəlxalq təşkilatlarla (ATƏT, Avropa Şurası, NATO, BMT və s.) əməkdaşlıqlarından irəli gələn öhdəliklərinin (söz azadlığı, azad seçkilər, sərbəst toplaşma azadlığı, siyasi məhbuslar, müdafiə və təhlükəsizlik sektorunda islahatlar və s.) yerinə yetirilməsinə yönəlik layihələri dəstəkləmir.

  • Monitorinq göstərir ki, Fond rəhbərliyi ölkədəki KİV və media QHT-lərini idarəolunan səviyyəyə gətirməkdə maraqlıdır. Hökumətin yürütdüyü siyasəti tənqid edən, problemlərin həlli ilə bağlı real təkliflərə malik layihələrin qalib gəlmək şansı minimuma bərabərdir.

Monitorinq iyun ayı ərzində ölkə mətbuatında yerləşdirilən layihələrin reallaşmasına dair məqalələri də hədəf götürüb. Bəlli olub ki, bu tədbirlərin tam əksəriyyəti tədbir naminə tədbir üçün keçirilib. İyun ayı ərzində KİV Fondunun qalib elan etdiyi layihələrə həsr olunmuş məqalələrdə demək olar ki hər hansı bir ciddi problem barədə danışılmır, hansısa məmur tənqid edilmir. Bu məqalələrdə problemlərdən çıxış üçün konkret olaraq təkliflər əksini tapmayıb. Bu məqalələrin məzmunu həmin layihələrin doğrudan da reallaşmasına və onların səmərəliliyinə ciddi şübhələr yaradır.


*KİV Fondunun veb-səhifəsinin (kivdf.gov.az) monitorinqi
Monitorinq dövründə Fondun rəsmi veb səhifəsi olan kivdf.gov.az saytın yalnız müsabiqələrlə bağlı elanlar yerləşdirilib. Bununla da saytın fəaliyyəti faktik olaraq məhdudlaşdırılıb.

*İşçi Qrupu 2009 və 2010-cu illərdə qalib elan edilmiş hansı layihələri istəyir? – TAM SİYAHI

QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupu mövcud olan çoxsaylı şübhələrə aydınlıq gətirilməsi məqsədilə 2009 və 2010-cu illərdə qalib elan edilmiş 39 layihənin müstəqil şəkildə monitorinqinin aparılması və qiymətləndirilməsi üçün donor qurumların rəhbərləri Azay Quliyev və Vüqar Səfərliyə müraciət edib. Sonuncu dəfə may ayının 18-də edilmiş müraciətdə qalib elan edilmiş 39 layihənin hər birinə aid 6 sənəd tələb olunur.


1. Layihə Təklifi

2. Layihənin Büdcəsi

3. Layihənin İcra Planı

4. Layihənin qalib olmasına səs verən ekspertlərin adları və verdikləri xallar

5. Layihələrin yoxlanılmasında Şuranın (Fond) istifadə etdiyi metodologiya və qaliblərin Şura (Fond) tərəfindən əsaslandırılmasının meyarları,

6. Şura (Fond) rəhbərliyinin qalib elan olunan layihələrlə bağlı indiyədək həyata keçirdiyi monitorinqlərin nəticələri.


Qeyd edilməlidir ki, sözü gedən layihələrə dövlət büdcəsindən 500 min manatdan artıq vəsait sərf olunub.
KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlidən istənilən 23 layihə
İlk qrant müsabiqəsində (01.09.2009) qalib gələn aşağıdakı təşkilatların layihələri
1. Beynəlxalq Avrasiya Mətbuat Fondu

2. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası

3. Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyi

4. Jurnalistlərin Həmkarlar İttifaqı

5. "Mövqe" qəzeti

6. "Təzadlar" qəzeti

7. "Ülfət" qəzeti

8. "Vətən uğrunda" qəzeti

9. "Oxu məni" qəzeti

10. "Hərbi and" qəzeti

11. "Addım" qəzeti

12. Hüquqi Tədqiqatlar Mərkəzi İctimai Birliyi

13. İctimaiyyətlə Əlaqələrin İnkişafı İctimai Birliyi

14. "Sən tək deyilsən" İctimai Birliyi

15. Müstəqil Hüquq Mərkəzi İctimai Birliyi

16. Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi


2010-cu il 1-ci maliyyə yardımı müsabiqəsinin qalibi elan edilən aşağıdakı təşkilatların layihələri:
1. "Mövqe" qəzeti. Ətraf mühitin mühafizəsi ilə bağlı ekoloji maarifləndirmədə KİV-lərin rolunun artırılması. 5ay. 12 000 AZN.

2..Jurnalistlərin Həmkarlar İttifaqı. İnformasiya əldə etmək və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları barədə jurnalistlərin məlumatlandırılması. 4 ay -7000 AZN.

3. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası. Erməni diaspora mətbuatının Azərbaycana qarşı təxribatçı fəaliyyətlərinin qarşısının alınması tədbirləri. 6 ay. - 5000 AZN

4. Beynəlxalq Mətbuat Klubu.. Mərkəzi və yerliicra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi. 6 ay - 7000 AZN.

5. "Oxu məni" qəzeti. Azərbaycan xalqının milli adət-ənənələrinin və mədəniyyətinin təbliği. 6 ay - 12000 AZN.

6. Azərbaycan Müstəqil Jurnalistlər Liqası. Fikir, söz və məlumat azadlığının dərinləşməsində ictimai təşəbbüslərin rolu. 5 ay - 7000 AZN.

7. «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyi. İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım. 4 ay - 5000 AZN.
QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyevdən istənilən 16 layihə
2009-cu il qrant müsabiqəsində qalib elan edilən aşağıdakı layihələr
1.“Mülk” İctimai Assosiyasiyası – Vəliyeva Dilarə Hatəm qızı -“Daşınmaz əmlak bazarının tədqiqat və təhsil mərkəzinin yaradılması, gənclər üçün rieltor tədris kurslarının təşkili”- 12.900 manat.

2. “Elitar Gənc Biznesmenlər” İB - Əliyev Tural Rufan oğlu -“Turizm sahəsində mehmanxana və mehmanxana tipli müəssisələr üçün qeydiyyatçı (resepsionist) peşəsinin tədrisi” - 9.300 manat.

3. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası – Məmmədov Sahib Məlik oğlu –“Əmək hüquqlarının təmin olunması məqsədi ilə hüquqi maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi” 16.930 manat.

4. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gəınclər Təşkilatı - Qədirov Vüqar Kərim oğlu-“Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədilə tikiş sexinin açılnması ” 11.900 manat.

5. “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB- Qasımov Ramil Abdul oğlu –“Şirvan şəhərində yas mərasimlərinin keçirilməsinə kömək məqsədilə xüsusi çadırların hazırlanması”-13.820 manat.

6. “Təkamül və İnteqrasiya” Beynəlxalq İB-Mösümov Şirin Əfqan – 149 saylı Ağdam köçkün məktəbində “Avanqard” ictimai – fəal məktəbin təşkil olunması-10.420 manat.

7. “” Azərbaycan – Sklandinaviya Əməkdaşlığı İctimai Birliyi, Şərifli Rasim “QHT-nin İnstitusional İnkişafına və peşəkarlığının artırılmasına yardim” 9.050 manat.
2010-cu il 1-ci maliyyə yardımı müsabiqəsinin nəticələrinə görə qalib élan edilən aşağıdakı təşkilatların layihələri
1. “Turan” Vətəndaş Cəmiyyətinə Yardım İctimai Birliyi (Babayev Yaqub Aydın oğlu) - “Kənddaxili yolların təmiri və bərpası” - 6.000,0

2. “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi (Süleymanova Yaqut Hidayət qızı) –“İmişli regionlararası aqroservis mərkəzinin yaradılması” -5.500,0

3. “Əsgər ailəsi” Cəmiyyəti (Hüseynova Roza Əli qızı) –“1992-1993-cü illərdə məskunlaşan məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması zamanı yaranmış sosial ədalətsizliklə mübarizə” - 6.000,0

4. Kənd Qadınlarının Problemlərinin Həllinə Dayaq İctimai Birliyi (Qurbanova Kəklik Yunis qızı) – “Quba rayon Pirvahid kəndinin yolunun bərpası” - 3.000,0

5. Azərbaycan Ağsaqqallar Şurası (Budaqov Budaq Əbdüləli oğlu) - “Xeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu” - 7.000,0

6. “Qarabağ qaziləri” İctimai Birliyi (Əsədov Etimad Savalan oğlu) –“Qarabağ əlilləri üçün xeyir-şər çadır komplektinin (mağarların) təşkil olunması” - 6.000,0

7. Tərxis Olunmuş Gəncləri Maarifləndirmə İctimai Birliyi (Həsənli Emin Əlyar oğlu) –“Əlil, veteran və şəhid ailələrinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən dövlət siyasətinin təbliği” - 6.000,0.

8. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (Rzaquliyev Füzuli Ədəb oğlu) - Müharibə veteranları, əlilləri və şəhid ailələrinin işsizlik problemlərinin həllinə kömək məqsədilə tikiş sexinin hazırlanması - 6.500,0

9. Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti (Yusifova Növrəstə Ağakərim qızı) – “Qarabağ əlilləri və veteranlarının sosial problemlərinin həllinə dəstək” - 5.000,0
*Arayış: Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda kimlər təmsil olunur?
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008-ci ilin aprelində yaradılıb. Dövlət başçısı İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli fərmanı ilə təsdiq edilən «Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə»yə uyğun olaraq 11 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək şura üzvlərindən 3-ü dövlət orqanları nümayəndələrindən, 8-i isə qeyri-hökumət təşkilatlarının irəli sürdüyü namizədlərdən təyin edilib. Dövlət orqanlarından: Tahir Süleymanov (Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri), İlqar Məmmədov (Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi), Vüqar Məcidli (Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini), qeyri-hökumət təşkilatlarından isə: Gülnarə Hüseynova (Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti), Vüqar Qədirov (Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri), Azay Quliyev (Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti), Sahib Məmmədov (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri), Rəna Mirzəzadə (Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri), Əliməmməd Nuriyev («Konstitusiya» Araşdırmalar Fondunun prezidenti), Ceyhun Osmanlı (Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti), Dilarə Vəliyeva («Mülk» İctimai Assosiasiyasının prezidenti) şura üzvü təyin olunublar. Az sonra Azay Quliyev qurumun sədri seçilib. Şura sədrinin müavini postunu Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri Tahir Süleymanov, katib vəzifəsini Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Vüqar Məcidli tutub.

2009-cu ilin mayında isə prezident İ.Əliyev Prezident yanında və KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna icraçı direktoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Səfərli Vüqar Müzəffər oğlu Fondun icraçı direktoru təyin olunub. Prezidentin digər sərəncamı ilə fondun Müşahidə Şurasının üzvləri müəyyənləşib. Dövlət qurumlarından Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin aparıcı məsləhətçisi Zöhrə Əliyeva, KİV-lərdən - “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, jurnalist təşkilatlarından - Mətbuat Şurasının sədri Əflatun Amaşov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunu sədri Umud Mirzəyev fondun Müşahidə Şurasının üzvləri təyin edilib.


*Faydalı:
İşçi Qrupunun Aylıq İnformasiya Bülleteninin ilk sayında (28 aprel 2010) əksini tapan xəbər və məqalə başlıqları:


  • İşçi Qrupu nə zaman yaranıb və kimlərdən ibarətdir? Missiyası nədir?

  • İşçi Qrupu hansı istək və tələblər irəli sürür?

  • QHT-lərə və KİV-ə dövlət dəstəyi qurumlarında niyə yoxlamalar aparılmalıdır?

  • Şübhəli və diqqətçəkən qalib layihələr hansılardır?

  • Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə hesabına yaradılmış saytların səmərəliliyi ortada deyil

  • Donor qurumlarının fəaliyyəti Azərbaycanın Avroatlantik məkana inteqrasiya siyasətinə ziddir

  • İşçi Qrupu 2009 və 2010-cu illərdə qalib elan edilmiş hansı layihə və büdəcələrini istəyir?

  • Layihələr necə yoxlanılacaq? İşçi Qrupunun hazırladığı "Proqram və layihələrin monitorinq və qiymətləndirilməsinin metodologiyası"

  • Qrant saxtakarlığına son! - virtual məlumatlandırma həftəsi” nə deməkdir?

  • Qarşıda nə işlər görüləcək? İşçi Qrupunun taktiki planları

  • Arayış: Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda kimlər təmsil olunur?


Bu xəbər və məqalələrin məzmunu ilə www.milaz.info saytından aşağıdakı ünvanda tanış ola bilərsiniz

http://www.milaz.info/news.php?id=11187

İşçi Qrupunun Aylıq İnformasiya Bülleteninin 2-ci sayında (31 may) əksini tapan xəbər və məqalə başlıqları:


  • İşçi Qrupunun fəaliyyət xronologiyası: aprel və may

  • İşçi Qrupunun istək və tələbləri dəyişməzdir

  • Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin monitorinqi (may ayı üçün)

  • QHT Şurası informasiya portalının (qhtxeber.az) monitorinqi

  • KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətnin monitorinqi (may ayı üçün)

  • KİV Fondunun veb-səhifəsinin (kivdf.gov.az) monitorinqi

  • İşçi Qrupu 2009 və 2010-cu illərdə qalib elan edilmiş hansı layihə və büdcələri istəyir? – TAM SİYAHI

  • Arayış: Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda kimlər təmsil olunur?

Bu xəbər və məqalələrin məzmunu ilə www.milaz.info saytından aşağıdakı ünvanda tanış ola bilərsiniz

http://www.milaz.info/news.php?id=11740

əlavə məlumat almaq üçün cesursumer@mail.ru ünvanına yazmağınız xahiş olunur.




Yüklə 209 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə