Istehsalın idarə edilməsinin nəzəri əsasları



Yüklə 17 Kb.
tarix24.04.2022
ölçüsü17 Kb.
#85996
teq iqtisadiyyat


Istehsalın idarə edilməsinin nəzəri əsasları.

Sənayenin, o cümlədən də neft sənaye sahəsinin normal inkişaf etdirilməsi istehsalın müəyyən qaydada təşkili və idarə edilməsini tələb edir. Çünki təsərrüfat sahəsindəki nailiyyətləri özü-öz başına idarə edilmir. Onlar təsərrüfat rəhbərlərinin (sahibkarların, menecerlərin) böyük təşkilatçılıq və hər bir əməkçinin əzmkar əməyi və səyi nəticəsində təmin olunur. Bu baxımdan ictimai istehsal idarəetmə sistemi olmadan mütəşəkkil inkişaf edə bilməz. Özü də ictimai istehsal inkişaf etdikcə idarəetmənin də rolu artır.

Ümumiyyətlə, sahənin sosial-iqtisadi siyasətini idarəetmədən kənarda təsəvvür etmək olmaz. Əslində sosial-iqtisadi siyasət müəyyən idarəetmə sistemləri və metodları vasitəsilə həyata keçirilir. Ictimai istehsalın mütəşəkkil və sinxron inkişafı, müxtəlif mülkiyyət formalarından səmərəli istifadə edilməsi xeyli dərəcədə idarəetmənin keyfiyyətindən asılıdır. Inkişaf etmiş kapitalist ölkələrinin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı istehsalın inkişafının real şəkildə sürətləndirilməsi, ona yeni dinamizm və keyfiyyət verilməsini, insan amilinin formalaşmasını, mövcud ehtiyatlardan, qənaətcil istifadə olunmasını təmin edir. Deməli, bazar iqtisadiyyatı təsərrüfat mexanizmində mühüm dəyişikliklərin edilməsini, hər cür təsərrüfatçılıq hallarına qarşı mübarizə, idarəetmə məsələlərinin həllinə prinsipcə yeni tərzdə yanaşmağı qarşıya qoyur. Indi idarəetmə əmək kollektivində müasir iqtisadi təfəkkürün formalaşmasına köməklik etməli, təsərrüfat məsələlərinin həllinə xalq təsərrüfatı baxımından yanaşmağı, idarəetmə vərdişini və elmini mənimsəməyi, səriştəli iş üslubunu öyrənməyi təmin etməlidir. Bu baxımdan hər bir təsərrüfat rəhbərinin və mütəxəssisin idarəetmə elminə yiyələnməsi müasir dövrdə ən başlıca və zəruri şərtlərindən biridir.

Beləliklə, sahə miqyasında, eləcə də ayrı-ayrı müəssisələrdə istehsal əlaqələrinin və əmək kollektivlərinin mütəşəkkilliyinin təmin edilməsində idarəetmə bir fəaliyyət növü kimi mühüm rol oynayır. Çünki idarəetmə ictimai-iqtisadi münasibətlərin konkret məqsədəuyğun təşkil edilməsi metodudur, bütöv bir sistemin ayrı-ayrı ünsürləri arasındakı əlaqəni təmin edən bir prosesdir. Idarəetmə əvvəlcədən nəzərdə tutulmuş və dərk edilmiş məqsədə nail olmaq üçün hər hansı konkret obyektə məqsədəuyğun təsiretmə vasitəsidir. Idarəetmə bütün obyektiv qanunlar sisteminin tələblərinin, həmçinin müasir cəmiyyətə, yəni bazar iqtisadiyyatına xas olan ictimai, kollektiv və şəxsi mənafelərin həyata keçirilməsi mexanizmidir. Deməli, sahə və müəssisə miqyasında idarəetmə mövcud qayda və qanunların həyata keçirilməsini, müəssisədə baş verə biləcək ziddiyətlərin (çatışmazlıqların, disproporsiyaların, qeyri-ahəngdarlıqların) aradan qaldırılmasını, sosial-iqtisadi inkişafın vəhdətinintəmin olunmasını, müsbət meyllərin daha da inkişaf etdirilməsini, həmin sosial-iqtisadi sistemlərin mənfi halların təsirindən uzaqlaşdırılmasını və s. nəzərdə tutur. Ona görə də idarəetmə insan amilindən, maddi-texniki ehtiyatlardan səmərəli istifadə olunmasını, idarəetmə fəaliyyəti qarşısında qoyulan vəzifələrə nail olmaq məqsədilə şüurlu sürətdə ardıcıl və planauyğun təsir vasitələrinin həyata keçirilməsini tələb edir.

Maddi istehsalın bütün sahələrində olduğu kimi, neftqazçıxarma sənayesinin idarəedilməsində əsas məqsəd sahənin bütün imkanlarından maksimum istifadə olunmasını təmin etməkdən ibarətdir. İdarəetmə əslində sahənin istehsal və elmi-texniki potensialından istifadə etmənin mühüm amilidir. İdarəetmə həm də işçilərin əmək fəaliyyətinin təşkil edilməsi və səfərbərliyə alınmasının başlıca formasıdır. Məlumdur ki, sosial-iqtisadi və mənəvi inkişafın əlaqələndirilməsi, ayrı-ayrı işçilərin və kollektivlərin fəaliyyətinin istiqamətləndirilməsi, sahə və onun müxtəlif bölmələrində baş verən bir sıra sosial-iqtisadi problemlərin həlli ilə əlaqədardır. Bütün bunlar və digər məsələlər idarəetməni zəruri edir və onun öyrənilməsinə olan tələbatı artırır.

İdarəetmə, bir fəaliyyət növü kimi çoxdan mövcuddur. Lakin əsrlər boyu idarəetmə prosesi sırf empirik xarakter daşımış və elmi əsaslaramalik olmamışdır. XX əsrin əvvəllərindən, yəni menecment fəaliyyətinin meydana gəlməsi ilə əlaqədar olaraq bu proses elmi müddəaların əsasında həyata keçirilir. Müasir dövrdə idarəetmə fəaliyyətinə olan tələbat obyektiv olaraq artmışdır. Bu aşağıdakılarla izah edilir:

a) Müxtəlif mülkiyyət formalarına əsaslanan istehsalların yaradılması, onların strukturunun müxtəlifliyi, sahə və sahələrarası istehsal əlaqələrinin mürəkkəbləşməsi;

b) Təşkilati, texniki və sosial əlaqələrin daha dərindən inteqrasiya olunması onların bir-birinə nüfuz etmələri;

c) Müasir elmi-texniki tərəqqinin nailiyyətlərindən daha səmərəli istifadə olunmasının zəruriliyi və onun özünün yüksək səviyyədə idarə edilməsi tələbi;

d) İstehsalın hərtərəfli intensivləşdirilməsi və beynəlmilələşdirilməsi, həmçinin istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi zəruriliyi;

e) Sosial-iqtisadi problemlərin kompleks həll edilməsi.

Beləliklə, müasir dövrdə idarəetmə dedikdə, aşağıdakılar nəzərdə tutulur: sahənin fəaliyyətinin bazarın tələb və təklifinə, konkret istehlakçının ehtiyaclarına və mənfəət gətirən məhsul istehsalına yönəltmək; daima istehsalın səmərəliliyini yüksəltməyə can atmaq, ən az məsrəflərlə optimal nəticələr əldə etmək; sahə və onun ayrı-ayrı vəsilələrinin fəaliyyətinin son nəticələri üçün məsuliyyət daşıyan rəhbərlərin idarəçilik qərarlarının sərbəst sürətdə qəbul edilməsini təmin edən təsərrüfat müstəqilliyi; bazarın vəziyyətindən asılı olaraq sahənin məqsəd və proqramını nəzərdən keçirmək və lazım gələrsə onlara düzəlişlər etmək; sahənin və onun vəsilələrinin fəaliyyətinin son nəticələrini bazarda mübadilə prosesində aşkar etmək; müasir kompüter texnikasına əsaslanan optimal və elmi cəhətdən əsaslandırılmış informasiya bazasından istifadə etmək.

Ümumiyyətlə, idarəetmənin məqsədi onun səviyyəsindən asılı olaraq xalq təsərrüfat, sahə, ərazi və müəssisə məqsədlərinə ayrılır. Xalq təsərrüfatı miqyasında idarəetmənin məqsədi sahə və ərazi idarəetmə prinsiplərinin düzgün əlaqələndirilməsindən ibarətdir. Sahə miqyasında idarəetmənin məqsədi aşağıdakılardan ibarətdir: xalq təsərrüfatının bu sahənin məhsullarına olan tələbatının müəyyən edilməsi və ödənilməsi; vahid texniki siyasətin həyata keçirilməsi; ETT-nin yeni nailiyyətlərininvə qabaqcıl istehsalat təcrübəsinin istehsala tətbiqini təmin etmək və s. Ərazi səviyyəsində idarəetmənin məqsədi yerli təbii ehtiyatlardan daha səmərəli istifadə olunmasını, rayonlararası və rayondaxili kooperasiyanin təşkili yolu ilə bu və ya digər rayonun kompleks inkişafını təmin etməkdən ibarətdir. Müəssisə miqyasında idarəetmənin məqsədi digər idarəetmə pillələrində olduğuna nisbətən çox cəhətli bir prosesi əhatə edir. Çünki o, müəssisənin bütün fəaliyyət dairəsi ilə əlaqədardır. Digər tərəfdən, hər bir idarəetmə pilləsi nəticə etibarilə insanların fəaliyyətinin nizamlanması, qaydaya salınması, kiçik və ya böyük kollektivlərin idarə edilməsi, bu isə istehsal, əmək kooperasiyasının həyata keçirilməsi, həmçinin canlı əməklə istehsal vasitələrinin müəyyən qaydada əlaqələndirilməsi ilə bağlıdır. Deməli, idarəetmə prosesi canlı və cansız təbiətin bütün hadisələrinə xas olan bir prosesdir. Bununla əlaqədar olaraq idarəetmənin iki əsas növünü: istehsalın idarə edilməsini və texnikanın idarə edilməsini fərqləndirirlər.

İstehsalın idarə edilməsi – onun inkişafının obyektiv qanunlarına uyğun olaraq ictimai əmək prosesinə nizamlayıcı təsir göstərməyin konkret tarixi üsuludur; sosial idarəetmənin əsas növlərindən biridir. Bazar iqtisadiyyatı şəraitində istehsalın idarə edilməsi üç əsas inkişaf mərhələsinə ayrılır. Kapitalizmin təşəkkül tapdığı mərhələdə kapitalist manifakturasının, fabriki sahibkar özü idarə edirdi, kapitalist istehsalının ümumi tənzimləyicisi kimi isə bazar mexanizmi çıxış edirdi. İri maşınlı istehsal mərhələsində idarəetmə funksiyası kapital-mülkiyyətdən ayrılır; idarəetməni muzdlu müdirlər həyata keçirir. Dövlət – inhisarçı kapitalizm dövrü istehsalın peşəkar təşkilatçılarının – menecerlərin formalaşması, idarəetmə prosesində müasir texniki vasitələrin tətbiqi, iqtisadiyyata dövlətin müdaxiləsi ilə xarakterizə olunur. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən ölkələrdə elmi idarəetmə sahəsi yalnız ayrı-ayrı şirkətləri, firmaları əhatə edir.

Texnikanın idarə edilməsi – texnoloji proseslərin (məsələn, faydalı qazıntıların çıxarılması, neft və qaz quyularının qazılması və istismarı, xammal və materialın emalı və s.), energetika proseslərinin (məs, enerjinin hasilatı, çevrilməsi, ötürülməsi və paylanması), nəqliyyat proseslərinin (yük və sərnişin daşınması), informasiya proseslərinin (informasiyanın toplanması, işlənməsi, saxlanması və ötürülməsi) idarəedilməsini özündə birləşdirir. Deməli, göstərilən amillər texnikanın idarə edilməsi obyektləridir.

Bazar iqtisadi münasibətləri dövründə təsərrüfat rəhbərliyinin keyfiyyətinə edilən tələbat xeyli dərəcədə artır. İstehsalın həcminin artması, təsərrüfat əlaqələrinin genişləndirilməsi, əmək kollektivinin mədəni texniki səviyyəsinin yüksəldilməsi və onların fəallığının artması istehsala rəhbərlik sahəsində təşkilatçılıq işinin daima yaxşılaşdırılmasını tələb edir. Hazırda istehsala rəhbərliyin təkmilləşdirilməsinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir: idarəetmə məsələlərinə kompleks yanaşma; sosial-iqtisadi məsələlərə proqram halında yanaşma; idarəetmə prosesinə məqsədli yanaşma; idarəetmə mexanizminin təkmilləşdirilməsi; idarəetmə kadrlarının günün tələbləri baxımından hazırlanmasının təşkili və onların təşəbbüskarlıqlarının artırılması; təsərrüfatın elmi əsaslar üzrə idarə edilməsi və s.

4.2.İstehsalın idarə edilməsinin prinsipləri.

İstehsalın idarə edilməsi müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdə istehsala rəhbərliyin əsas qaydaları, idarəetmə orqanlarına və onların iş üslublarına edilən tələblər, inzibati idarəetmə orqanlarının əmək kollektivləri ilə qarşılıqlı əlaqələri, istehsalın idarəetmə pillələri arasındakı qarşılıqlı münasibətlərin forma və üsulları müəyyən edilmişdir. Hazırda istehsalın idarə edilməsinin aşağıdakı prinsipləri vardır:

Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş idarəetmənin optimal uyğunlaşdırılması prinsipi. İdarəetməyə ehtiyacı olan vahid xalq təsərrüfatı kompleksinin inkişaf tələblərindən, həmçinin əmək kollektivlərinin istehsalın idarə edilməsinə cəlb etmək, bu sahədə onların fəallığını artırmaq zəruriliyindən irəli gəlir. İstehsalın idarə edilməsində mərkəziyyət və qeyri-mərkəziyyət üzvi sürətdə qarşılıqlı əlaqələndirilir və onlar bir-birlərini tamamlayırlar. Mərkəziyyət yuxarı orqanların aşağı orqanlar üçün sözsüz məcburiliyini, yüksək dövlət, plan və əmək intizamını nəzərdə tutur. Eyni zamanda o, istehsalın idarə edilməsində əməkçilərin iştirakına və onların yaradıcı fəallığının artmasına maneçilik göstərən bürökratizmlə bir araya sığmır. Müasir dövrdə qeyri-mərkəziyyət idarəetmə forması istehsal münasibətlərinin yetkinlik dərəcəsinin, əməkçilərin mədəni-texniki biliklərinin və onların sosial fəallığının artırılması, təsərrüfat mexanizminin səmərəliliyinin yüksəldilməsi əsasında inkişaf edir. Bazar iqtisadi münasibəti keçid dövründə mərkəzi idarəetmə orqanlarının səyləri getdikcə daha çox iqtisadi və sosial inkişafın strateji məsələlərinin həlli üzərində, elmi-texniki tərəqqi və investisiya qoyuluşu, ictimai istehsalın proporsionallığının təmin edilməsi, əməyin ödənilməsi və sosial təminat məsələlərinin qeyri-mərkəzləşdirilmiş qaydada həlli sahəsində əməli, vahid siyasətin həyata keçirilməsi üzərində cəmləşdirilir. Hazırda aşağı təsərrüfat pillələrinin operativ fəaliyyətinə mərkəzin müdaxiləsi təcrübəsi qətiyyətlə aradan qaldırılır.

Demokratik mərkəziyyət prinsipi - əsas, strateji məsələlərin həllində mərkəzləşdirilmiş rəhbərliyin demokratiyanın inkişafı ilə, idarəetmədə aşağı pillələrin rolunu, təşəbbüskarlığın artırılması ilə əlaqələndirilməsini nəzərdə tutur. Mərkəziyyətin ən mühüm təzahürü sənaye istehsalının inkişafında əsas istiqamətlərin, sürət və proporsiyaların müəyyən edilməsi, əmək haqqı və qiymət siyasətinin həyata keçirilməsində birüzə verir. İdarəetmənin demokratikləşdirilməsi təsərrüfata rəhbərlikdə müəssisənin aşağı pillələrinin, yəni şöbələrin, laboratoriyaların, elmi mərkəzlərin, sexlərin, istehsal sahələrinin və briqadaların hüquqlarının genişləndirilməsi və müəssisələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar olan məsələlərin həllində əmək kollektivlərinin rolunun artırılması ilə bağlıdır.

Təsərrüfat və sosial rəhbərliyin vəhdətliyi prinsipi – təsərrüfat məsələlərinin həllində dar çərçivəli idarəçilik və yerliçilik mövqeyindən yanaşma hallarını qəbul etmir. Bu prinsip idarəetmə çərçivəsi sistemində bir tərəfli yanaşma hallarının əleyhinədir, yəni sexin mənafeyi müəssisənin mənafeyi ilə, müəssisənin mənafeyi ümumidövlət mənafeləri ilə ziddiyyət təşkil etməməlidir. Bundan başqa, bu prinsip tələb edir ki, təsərrüfat məsələləri sosial məsələlərlə vəhdət halında həll edilsin. Bu o deməkdir ki, təsərrüfat rəhbərləri yalnız təsərrüfat məsələlərini deyil, eyni zamanda sosial məsələlərin həlli ilə də eyni dərəcədə məşğul olmalıdırlar. Deməli, sosial və təsərrüfat rəhbərliyinin vəhdətliyi prinsipi təsərrüfat məsələlərinin həllinə siyasi, psixoloji cəhətdən yanaşmağı tələb edir. Komandanın vəhdətliyi prinsipi – müəssisənin məqsəd və strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi üçün müxtəlif mütəxəssislərdən vahid bir idarəetmə komandasının yaradılmasını nəzərdə tutur. Bu istehsalın operativ və təsirli idarə edilməsinin vacib şərtlərindən biridir. İstehsala rəhbərlikdə belə bir prinsipin həyata keçirilməsi hər bir rəhbər işçinin hüquqları, vəzifələri və məsuliyyəti dairəsinin dəqiq müəyyən edilməsini nəzərdə tutur.

Kollegiallıq prinsipi – tələb edir ki, müəssisənin bütün işçiləri, xüsusilə də mütəxəssislər müəssisə fəaliyyəti inkişafının müəyyənləşdirilməsində, idarəetmə qərarlarının işlənib hazırlanmasında və icrasında, müəssisənin məqsəd və strategiyasının formalaşdırılmasında, əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar məsələlərin müzakirəsində və həllində fəal iştirak etsin və konkret məsələnin həllində onların fikirləri, təklifləri nəzərə alınsın. Müasir dövrdə istehsalın idarə edilməsində kollegiallıq prinsipinə əməl olunmasına böyük ehtiyac vardır, çünki sosial-iqtisadi məsələlər o qədər çətinləşmiş və mürəkkəbləşmişdir ki, kollegiallıq prinsipinə əməl etmədən onları müvəffəqiyyətlə həll etmək qeyri-mümkündür.



Hüquq, vəzifə və məsuliyyətin vəhdətliyi prinsipi – müasir şəraitdə istehsalın texniki səviyyəsinin yüksəldilməsi və intensivləşdirilməsi ilə, müəssisələrin təşəbbüskarlığının və təsərrüfat mexanizminin kökündən yenidən qurulması ilə obyektiv olaraq şərtləndirilir. Bu prinsip tələb edir ki, müəssisənin idarəetmə pillələrində çalışan hər bir işçi öz hüquq və vəzifələrini dərindən dərk etsinlər, onların həyata keçirilməsində müəyyən məsuliyyət hiss etsinlər.

Sistemlilik prinsipi – idarəetmənin məqsədinin, funksiyalarının və metodlarının tam vəhdət halında qarşılıqlı olaraq əlaqələndirilməsini nəzərdə tutur. İdarəetmə sistem halında yanaşma sosial-iqtisadi sistemlərdə baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərini nəzərə almağa imkan verir. Sistemlik prinsipi ümumi halda götürüldükdə obyektiv həqiqətin sistem bütövlüyü və onların daxilindəki ünsürlərin qarşılıqlı təsiri mexanizmindən ibarətdir. Bu reallığın xüsusi geoloji prizmasını, ölçüsünü müəyyən edir. Başqa sözlə, burda bir-birilə qarşılıqlı əlaqədə olan ünsürlərin çoxluğu və vəhdətliyi nəzərdə tutulur. Bu ünsürlər çoxluğu bütöv bir mükəmməl sistemi əmələ gətirməklə, aralarında inteqral xassəli qanunauyğunluqlar yaradır.
Yüklə 17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə