İstiliklə təchiz olunacaq ictimai və yaşayış binalarının sayı artır



Yüklə 61,5 Kb.
tarix14.07.2018
ölçüsü61,5 Kb.
#55554



İstiliklə təchiz olunacaq ictimai və yaşayış binalarının sayı artır

Payızın çiskin və yağışla, respublikamızın bəzi bölgələrində isə sel suları və sulu qarla müşayiət olunması, habelə yavaş-yavaş soyumaqda olan hava qışın yaxınlaşmasından xəbər verir. Hər fəslin öz çətinliyi olduğu kimi, qışın da öz qayğıları var. Bu, ilk növbədə qışın oğlan çağında məktəblərdə, xəstəxanalarda, uşaq evlərində, uşaq bağçalarında, digər ictimai-sosial obyektlərdə, eləcə də əhalinin istiliklə, elektrik enerjisi və qazla fasiləsiz təminatında özünü daha qabarıq göstərir. Odur ki, qarlı-şaxtalı günlərdə evdə bircə saat istilik, qaz, işıq olmayanda ovqatımız təlx olur. Bu cür neqativ hallarla qarşılaşmamaq üçün respublikanın aidiyyəti təşkilatları, istilik təsərrüfatının işçiləri yay aylarında mövcud qazanxanalar və istilik məntəqələrində yenidənqurma, habelə lazımi təmir-bərpa işləri aparmışlar. 

İstilik təchizatı ilə bağlı məsuliyyət "Azəristiliktəchizat" ASC-nin üzərinə düşür. Qışa hazırlıq vaxtında bu qurum tərəfindən yeni istilik təchizatı mənbələri yaradılmış, mövcud qazanxanaların qazla normal təchiz olunması üçün yeni qaz xətləri çəkilmiş, magistral və məhəlli istilik xətləri yenisi ilə əvəz edilmişdir. Cari ildə istiliklə təchiz olunacaq ictimai-sosial obyektlərin və yaşayış binalarının sayı artır. 
ASC-nin şöbə rəisi Rafiq Əliyev bildirdi ki, qışa hazırlıqla əlaqədar qazanxana və nasosxanalarda qazanlar, istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, istismarın etibarlılığını təmin etmək üçün nəzarət-ölçü cihazları və elektrik avadanlıqları işlək vəziyyətə gətirilmiş, bəzi yararsız hissələr yeniləri ilə əvəzlənmişdir. Sentyabr ayında magistral və məhəllədaxili istilik xətləri yoxlanılaraq sınaqdan çıxarılmış, qışda problem yarada biləcək istilik xətləri dəyişdirilmişdir.

Bunlardan əlavə, investisiya proqramına uyğun olaraq, "Azəristiliktəchizat" ASC tərəfindən 216 yaşayış binasında, 23 orta məktəbdə, 16 uşaq bağçasında və 20 səhiyyə obyektində istilik təchizatı bərpa olunmuşdur. Hazırlıq tədbirləri nəticəsində 13 yeni qazanxana tikilmiş, iki modul tipli daşınan qazanxana quraşdırılmış, 11 qazanxana müasir tipli avadanlıqla təchiz olunaraq modernləşdirilmiş, dörd istilik məntəqəsi modernləşdirilərək qazanxanaya çevrilmişdir.


233 yaşayış binasının aşağı paylayıcı istilik xətləri tam bərpa edilib, 21 məktəbin, 15 uşaq bağçasının,15 səhiyyə obyektinin məhəllədaxili, aşağı paylayıcı və binadaxili istilik sistemi yenisi ilə əvəzlənib. Bir sıra yaşayış binalarına gedən magistral və məhəllədaxili istilik xətlərinə xüsusi baxış keçirilib, bəzi istiqamətlərdə borular təzələnib, 296 yaşayış binasının istiliklə təmin olunması üçün məhəllədaxili və aşağı paylayıcı istilik xətlərində yenidənqurma işləri görülüb, bundan əlavə, 26 qazanxanaya yeni qaz xətti çəkilib. Başqa sözlə desək, indiyədək "Azəristiliktəchizat" ASC-nin tabeliyində olan 346 qazanxananın və 125 istilik məntəqəsinin qış aylarında fasiləsiz işləməsi təmin olunmuşdur. Müqayisə üçün onu da qeyd edək ki, ötən illərdə "Azəristiliktəchizat" ASC-də cəmi 166 qazanxana fəaliyyət göstərirdisə, bu il onların sayı 346-ya çatdırılıb, demək olar, istilik verəcək mənbə iki dəfədən çox artırılıb. 
Payız-qış aylarında "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhərində 2303 yaşayış binası, 187 məktəb, 150 uşaq bağçası, 83 səhiyyə obyekti və 218 digər sosial obyekt istiliklə təmin olunacaqdır.
Bunlardan əlavə, bu il "Azəristiliktəchizat" ASC respublikamızın bölgələrində mövcud ayrı-ayrı 17 yeni istilik mənbəyi quraşdırıb, 6 məktəbin, 7 uşaq bağçasının, 7 səhiyyə obyektinin binadaxili istilik sistemi və 111 yaşayış binasının aşağı paylayıcı istilik sistemlərini tam bərpa edib. Məsələn, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Sumqayıt şəhərinin 3-cü, 5-ci və 18-ci mikrorayonlarında və 18-ci məhəlləsində dörd yeni qazanxana tikib istifadəyə verib, 17 nömrəli məktəb üçün modul tipli qazanxana quraşdırıb. Bunların sayəsində Sumqayıt şəhərində əlavə olaraq dörd məktəb, beş uşaq bağçası, 5620 mənzilli 94 yaşayış binası istiliklə təchiz olunacaq. 
Mingəçevir şəhərində bu il ilk dəfə yeni tikilmiş qazanxana vasitəsilə 16 yaşayış binasına istilik veriləcəkdir. Cəmiyyətin xətti ilə Gəncə şəhərində, habelə Bərdə, Qusar, Şabran, Şamaxı, Xaçmaz, Yevlax, İsmayıllı və Ağstafa rayonlarında məktəb, uşaq bağçası, səhiyyə müəssisələri üçün yeni istilik mənbələri yaradılmış, digər müxtəlif tədbirlər görülmüşdür. 
Ümumiyyətlə, cari ilin payız-qış mövsümündə "Azəristiliktəchizat" ASC-nin xətti ilə respublikamızın regionlarında 76 məktəbin, 15 uşaq bağçasının, 63 səhiyyə obyektinin, 71 digər ictimai-sosial tipli obyekt və 145 yaşayış binasının istiliklə normal və fasiləsiz təmin olunması nəzərdə tutulub. 

Rəhman SALMANLI,


Rüstəm KAMAL,
"Azərbaycan"




Yüklə 61,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə