Kamilə Dadaşzadə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent



Yüklə 64,32 Kb.
Pdf görüntüsü
tarix08.10.2017
ölçüsü64,32 Kb.
#3888


Kamilə Dadaşzadə 

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 

Universitetinin “Musiqişünaslıq” kafedrasının müdiri 

e-mail: kamila-dadashzade@rambler.ru 

 

“ŞAH XƏTAYİ”: İSTİLAHDAN KONSEPTƏ DOĞRU 

 

Açar sözlər: “Şah Xətayi”, muğam, aşıq sənəti, konsept, freym. 

 

Ənənəvi incəsənətin  istilahları  bəzi hallarda önəmli mədəni-



tarixi  informasiyanın  daşıyıcısı  və  ötürüçüsü  olur.  Bu  baxımdan 

şifahi ənənəli musiqinin müəyyən terminlərinin öyrənilməsi xalqın 

mifik-fəlsəfi  görüşlər  sistemi,  mental  özəllikləri və  bədii dəyər-

lərinin araşdırılması üçün zəmin yarada bilər. Mübaliğəyə yol ver-

mədən həmin  istilahları  musiqi  mədəniyyətinin  inkişaf  tarixi 

mərhələlərinin özəlliklərini əks etdirən qiymətli mənbə də adlandır-

maq olar [Народное музыкальное творчество, 2005: 408]. Şifahi 

ənənəli Azərbaycan professional musiqisinin terminoloji toplusunun 

mühüm  informasiyaya  malik  olan  vahidlərindən biri də  “Şah 

Xətayi” istilahıdır. 

Azərbaycan mənəviyyatı, mədəniyyət və incəsənətinin seman-

tik müstəvisində Şah İsmayıl Xətayi obrazının müstəsna yeri vardır. 

Zəngin məna çalarları, bəzi hallarda isə öz polisemantizmi ilə seçilən 

bu obrazın rəngarəng təzahür formaları, əfsuslar olsun ki, lazımınca 

araşdırılmamışdır. Halbuki özünün dərin semantik qatlarında önəmli 

mədəni  informasiyanı  və  milli-mental özəllikləri  əks etdirən bu 

obraz  Azərbaycan mədəniyyəti və  incəsənəti kontekstində  hətta 

konsept kimi də təfsir edilə bilər. Bu müddəanı əsaslandırmaq üçün 

ilk  əvvəl elmi ədəbiyyatda  müxtəlif yozuma malik olan konsept 

anlayışı üzərində bir qədər ətraflı dayanaq. 

Məlum olduğu kimi, konsept (lat. conceptus – anlayış, məfhum, 

təsəvvür) koqnitiv linqvistikanın əsas anlayışlarından biridir [Croft, 

Alan, 2004]. Müasir linqvistikada konsept-biliklərin mental səviy-

yədə  tarixən  formalaşmış  təfəkkür  vahidinə  deyilir [Попова, 

Стернин, 2010:27]. Bu cür vahidlərdən ibarət olan mürəkkəb sis-

tem, yəni hər bir dildə mövcud olan bütün konseptlərin cəmi həmin 

70 

 



dilin konseptsferasını (D.Lixaçovun terminidir) təşkil edir. Səciyyə-

vidir ki, hər bir xalqın konseptsferasının zənginliyi bilavasitə onun 

mədəniyyyəti,  folkloru,  incəsənəti,  elmi  və  dinindən  asılıdır.  Bu 

baxımdan  konseptsferanı  hər  bir  xalqın  mədəni  özünəməxsus-

luğunun təmərküzləşmə sahəsi adlandırsaq, yanılmarıq. 

Konseptin məna  planı  ən  azı  iki  semantik  qrupdan  ibarətdir. 

Birinci qrupa konseptin dildə realizə olunmuş bütün variantları üçün 

ümumi  olan  və  leksik-semantik  paradiqmanı  təşkil  edən semalar 

daxildir. Həmin semantik vahidlər konseptin prototipik əsasını təşkil 

edir. İkinci qrup isə, heç olmazsa, bir neçə variant üçün ortaq olan 

və  özündə  dil  daşıyıcısının  mental  xüsusiyyətlərini  əks etdirən, 

etnosemantik  spesifikası  ilə  səciyyələnən semantik vahidlərdən 

ibarətdir.  Konsept  anlayışı  ilə  çox  sıx  şəkildə  bağlı  olan  “freym” 

istilahı  “biliklərin  struktur  baxımından  təzahürünü”  [Стренева, 

2005: 62] bildirir. Bu nöqteyi-nəzərdən  müəyyən  mürəkkəb kon-

septlər bir neçə freym şəklində də ifadə oluna bilər. 

Etnomusiqi mədəniyyəti sahəsində  konsept nəzəriyyəsinin 

tətbiqi bir çox ontoloji və qnoseoloji problemlərin həllində yardımçı 

ola bilər. Zənnimizcə, konseptsfera kimi mürəkkəb elmi kateqoriya 

daha dolğun şəkildə sinkretik təbiəti ilə seçilən epik sənətdə təzahür 

etmişdir.  Bu  baxımdan  epik  əsərlərin  müəyyən seqmentlərinin 

etnosun özəl mental xüsusiyyətlərini özündə qoruyan və əks etdirən 

vahidlər kimi araşdırılması maraqlı elmi nəticələr əldə etmək üçün 

imkan yarada bilər. 

Məruzədə  qarşıya  qoyulan  məqsəd  şifahi  ənənəli Azərbaycan 

musiqisində “Şah Xətayi” konseptinin təzahür formalarını araşdıra-

raq, onların mümkün qədər dolğun mənzərəsini yaratmaqdan ibarət-

dir. Onu da qeyd edək ki, 2009-cu ildə Bakıda keçirilən “Muğam 

aləmi”  Beynəlxalq  elmi  simpoziumunda  “Şah  Xətayi”  ad və  janr 

kimi” adlı məruzəsində Stiven Blam Azərbaycan muğamı, fars rədifi 

və  Xorasan  baxşılarının  ifa  etdiyi  havalarda  tədqiq etdiyimiz 

istilahın bəzi təzahür formalarından bəhs etmiş, “Şah Xətayi” şeir 

formasının  mənşə  etibarilə  aşıq  sənətinə  bağlı  olması  haqqında 

müddəa irəli sürmüş və belə qənaətə gəlmişdir ki, həmin “ritmik-

melodik çərçivələr həm Xorasan, həm də Azərbaycan muğamı üçün 

əvəzolunmaz  sayılır”  [Blam,  2009:  80].  Eyni  zamanda  alim 

“Azərbaycan aşıqlarının Xorasan baxşıları kimi musiqi ritmi və şeir 

71 


 


ölçüsü  eyni  olan  kombinasiyada  15  hecalıq  şeirlərin  oxuyub-

oxumadıqları” [Blam, 2009:81] faktının da ona naməlum olduğunu 

qeyd etmişdir. Bu məsələyə aydınlıq gətirmək üçün biz həm muğam, 

həm də aşıq sənətində “Şah Xətayi” istilahının mümkün qədər çox 

variantlarını əhatə etməyə cəhd göstərmişik. 

İlk əvvəl “Şah Xətayi” konseptinin muğam sənətində təfsirinə 

nəzər salaq. Çox böyük ehtimalla qeyd etmək olar ki, ilk dəfə elmi 

ədəbiyyatda  “Şah  Xətayi”  muğam  terminini  istifadə  edən  müəllif 

Mir  Möhsün Nəvvab  olmuşdur.  “Vüzuhül-ərqam”  risaləsində 

(1884) M. M. Nəvvab “Şah Xətayi”ni iki muğam dəstgahının şöbəsi 

kimi təqdim  etmişdir.  Nəvvaba görə,  “Şahnaz”  dəstgahında  “Şah 

Xətayi”  “Əbül-çəp”  və  “Azərbaycan”,  “Nəva”  dəstgahında  isə 

“Kərkuki” və “Əfşarı” arasında səslənən bir şöbədir. Forsad əl-Dauli 

Şirazinin 1904-cü ildə nəşr olunmuş elmi əsərində “Şah Xətayi” üç 

dəstgahda – “Şur”, “Segah” və “Nəva”da səslənən guşə kimi göstə-

rilmişdir [Blam, 2009: 81]. Bakı muğam məktəbinin nümayəndələri 

Mirzə  Ağakərim  Salikin,  Ağabala  Ağasəid  oğlunun  ifa  etdikləri 

“Şur”  dəstgahında  “Şah  Xətayi”  “Hicaz”dan sonra səslənən  guşə 

kimi təqdim  edilmişdir.  Mirzə  Mansurun 1935-ci ildə  musiqi 

məktəbləri  üçün  hazırladığı  muğam  proqramında,  Ə.Bakıxanovun 

“Şur” cədvəlində “Şah Xətayi” “Hicaz” və “Sarənc” arasında səslə-

nən  guşədir.  B.Mansurovun  repertuarında  “Şah  Xətayi”  “Şur”, 

“Dügah”, “Nəva”, “Bayatı-Qacar” kimi muğamların tərkib hissəsi 

kimi təqdim edilmişdir [Имрани, 2000: 103]. 

Müasir  muğam  ifacılarından  (xanəndələr  Canəli  Əkbərov, 

Qəzənfər  Abbasov,  tarzənVamiq Məmmədəliyev,  kamança  ifacısı 

Mirnazim  Əsədullayev)  aldığımız  məlumata görə,  bu  gün  “Şah 

Xətayi”  “Bayatı-Qacar”  muğamında  guşə  kimi ifa olunur. 

Səciyyəvidir ki, əksər müasir ifaçılıq variantlarında guşənin poetik 

mətninin  əsasını  Şah  İsmayıl  Xətayinin qəzəllərindən birinin son 

beyti təşkil edir: 

 

Şah Xətayi seyrə çıxdı, açdı Hürrün qəbrini, 



Bar ilahi, əfv qıl kim tövbəkarəm doğrusu. 

 

[Şah İsmayıl Xətayi, 1972: 104]. 



 

72 


 


Guşənin semantik məzmununu səciyyələndirərək, onun desiq-

natı kimi “həqiqət odu”nu (Ş.İ.Xətayi) – sakral başlanğıcı, təsəvvüf 

dünyagörüşünə  xas  olan  rəmzlər sistemini qeyd etmək  lazımdır. 

Qəzəlin yazıldığı rəməl bəhrinin özünəməxsus paradiqması guşənin 

modal səciyyəli metr-ritmik təşkilində də öz təcəssümünü tapır: 

 

 



 

“Şah Xətayi” konseptinin aşıq musiqisində rəngarəng təzahür 

formaları mövcuddur. İlk əvvəl qeyd edək ki, bizim günlərə qədər 

gəlib çatmış və ustad aşıqlar tərəfindən “məclis”, yaxud “səmayi” 

havalar adlanan örnəklər  çox  ehtimal  ki,  təriqət ayinləri ilə  bağlı 

yaranmışdır. Hal-hazırda da aşıqlar tərəfindən ifa olunan “Urfani”, 

“Baş  divani”,  “Mansırı”  və  digər havalar məhz  “səmayi”  havalar 

sırasına  daxildir.  Səciyyəvidir  ki,  bu  havaların  əksəriyyəti  (“Hey-

dəri”, “Sultanı”, “Baş divani”) Şah İsmayıl Xətayinin adı ilə bağlıdır. 

Ustad aşıqlardan (aşıq Murad Niyazlı, aşıq Mikayıl Azaflı, aşıq 

Şahbazi və d.) topladığımız məlumata görə, XVI əsrin birinci yarı-

sında  yaşamış  aşıq  Qurbani  “Mürşidi-kamilim,  Şeyx  oğlu  şahım” 

adlandırdığı  Şah  İsmayıl  Xətayiyə  altı  hava  həsr  etmişdir:  “Baş 

divani”,  “Sultanı”,  “Şah  Xətayi”,  “Şahsevəni”,  “Heydəri”,  “Ayaq 

divani” (Şahbazi, 2014: 64). Tədqiqatlardan birində qeyd olunduğu 

kimi,  “Qurbaninin  Şah  Xətayinin  şəninə  bəstələdiyi “Şah  sarayı”, 

“Şah  yuxusu”,  “Şah  durğuzanı”,  “Şah  Xətayi divanisi”  həmin 

günlərin  yadigarlarıdır”  [Paşayev,  1989:  28].  Onu  da  vurğulamaq 

lazımdır ki, “Şahsarayı” və “Şah Xətayi divanisi” havaları bu gün də 

səsləndiyi  halda,  digər  iki  havanın  mövcudluğu  nə  ifaçılıq 

praktikasında, nə də yazılı mənbələrdə qeydə alınmamışdır. 

İlk əvvəl qeyd edək ki, yaranması Qurbani tərəfindən ehtimal 

olunan “Heydəri” havasını muğam sənətində eyniadlı zərbi-muğa-

mın  prototipi  hesab  etmək olar. Bu örnəklərin  əsasında  duran 

freymin səciyyəvi xüsusiyyətlərindən biri ikipaylı dəqiq metr-ritmik 

73 


 


instrumental  giriş  ilə  improvizə  səciyyəli  vokal  partiyanın  uzlaş-

masından ibarətdir. 

Maraqlıdır ki, Azərbaycan aşıq sənətinin müxtəlif ifaçılıq mək-

təblərində “Şah Xətayi” (və yaxud “Şah İsmayılı”) adı ilə ifa olunan 

bir  neçə  hava  mövcuddur.  Aşıq  Məhəmmədhüseyn  Dehqanın 

(Urmiya),  aşıq  Şahbazinin  (Təbriz)  və  Məhəmməd  Sadaxlının 

(Borçalı)  ifa  etdikləri havalar intonasiya məzmunu  baxımından 

fərqlidir.  Lakin  onların  semantik sintaksisi səviyyəsində  nəzərə 

çarpan  qeyri-xəttiliyin  inkişaf  prinsipləri,  özünəməxsus  artikul-

yasiya xüsusiyyətləri bu havaların qədim mənşəyindən xəbər verir. 

Səciyyəvidir ki, bu aşıq havalarının adlarında kontaminasiya halları 

da müşahidə olunur. Aşıq Dehqanın ifa etdiyi “Şah İsmayılı” havası 

eyni zamanda  “Kəsmə  Kərəmi”,  Məhəmməd  Sadaxlının  isə 

repertuarındakı eyni adlı hava həm də “Koroğlu bozoxusu” adlanır. 

Biz Şah İsmayıl Xətayinin adı ilə bağlı olan “Baş Divani” və 

“Ayaq Divani”  aşıq  havaları  üzərində  xüsusi  olaraq  dayanmaq 

istərdik. İlk əvvəl qeyd edək ki, ayrı-ayrı ifaçılıq mühitlərində bu 

havaların  müxtəlif  adları  mövcuddur.  Belə  ki,  “Baş  Divani” 

havasının  “Məclis divani”,  “Başlanğıc”,  “Ayaq Divani”nin isə 

“Osmanlı  divani”,  “Meydan divani”,  “Bəhr divani”  və  s.  adları 

mövcuddur. Səciyyəvidir ki, hal-hazırda “Şah Xətayi” istilahı hər iki 

“Divani” havasına şamil edilir. 

“Divani”  musiqi silsiləsini  Şah  İsmayıl  Xətayinin  adı  ilə 

bağlılığını  şərh edən M.Qasımlının  fikrincə,  “Divani”  havalarının 

hamısı  XVI  əsrdə  –  Şah  İsmayıl  Xətayi  dövründə  yaradılmış  və 

dövlət başçısının saz-söz sevərliyini görən aşıqlar bu havaları ona 

həsr etmişlər. Əslində “Divani” təsəvvüf səciyyəli havadır. Haqqın 

–  tanrının,  ilahinin  dərgahına,  divanına  üz  tutub  çalınan  havadır. 

Aşıqlar məclisə başlayarkən özlərini haqqın divanında, dərgahında 

saydıqları üçün ilk öncə istisnasız olaraq “Baş Divani”yə məhz bu 

səbəbdən tuturlar” [Qasımlı, 2002: 80]. 

Əlavə edək ki, “Baş Divani” havasının bütün semantik çalarları 

bilavasitə təsəvvüf dünyagörüşü ilə uzlaşdığı halda, “Ayaq Divani”-

nin məzmunu döyüş, mübarizə əhvali-ruhiyyəsi ilə bağlıdır. Belə-

liklə, iki “Divani” havasının prototipik əsasını türk epik yaradıcı-

lığının  əsas məna vahidlərindən olan –  “qudsallıq”  (sakrallıq)  və 

“savaş” konseptləri təşkil etmişdir. 

74 


 


Məlumdur ki, Şah İsmayıl Xətayinin heca vəzni ilə yanaşı, əruz 

vəznində  yazdığı  şeirləri də  aşıqlar  tərəfindən ifa olunurdu. 

H.Araslının fikrincə,” Xətayinin əruz vəznində yazdığı qəzəllər saz 

havalarına uyğunlaşdırılaraq aşıqlar tərəfindən oxunurdu. (...) qəzəli 

aşıqlar  son  zamanlara  qədər ustadnamələr  sırasında  oxuyurdular” 

[Araslı, 1960: 33–34]. Ədəbiyyatşünaslıqda hətta belə bir fikir də 

mövcuddur ki, “Xətayi qəzəllərinin sazla oxunması, eyni zamanda 

divani aşıq  şeirinin  də  formalaşıb  meydana  çıxmasına  səbəb 

olmuşdur” [Paşayev, 1989: 18]. 

Təbii  ki,  əruz vəznində  yazılan  şeirlər  aşıqlar  tərəfindən ifa 

olunarkən  onların  sintaqmatik  quruluşu  müəyyən dəyəşikliklərə 

məruz qalırdı. Başqa sözlə, “misralar saza gələndə sınır, hər qəzəl 

misrası iki yerə bölünüb bir beytə çevrilir. On beş hecalı divaninin 

hər beytində  birinci misra səkkiz,  ikinci  misra  yeddi  hecalı  olur” 

[Paşayev, 1989: 19]. Lakin eyni zamanda qeyd etmək lazımdır ki, 

“Ayaq Divani”  havasının  bəzi ifaçılıq  variantlarının  metr-ritmik 

təşkilində əruz bəhrinin təzahürünü görmək mümükündür. Belə ki, 

etnomusiqişünas  T.Məmmədovun  müşahidələrinə  görə,  aşıq 

Əmrahın ifa etdiyi “Ayaq Divani” havasında “divani şeir quruluşu 

əruzun rəməl bəhrinə uyğun gəlir” [Məmmədov, 1989: 120]. 

Səciyyəvidir  ki,  “Xorasanda  “baxşı”  adlandırılan  el  şairlərinə 

görə “Şah Xətayi” adı altı müxtəlif melodik çərçivəni özündə bir-

ləşdirən, fa`ilatün fa`ilatün fa`ilatün fa`ilün formatında 15 hecadan 

ibarət şeir ölçüsü ilə ahəng təşkil edən musiqi ritminə malik janrdır. 

Baxşılar “Şah Xətayi” kəlamı və ya “Nəvai” kəlamından danışarkən 

onlar  vahid  melodik  çərçivədə  oxunan  “Nəvai”  və  ya  (...)  “Şah 

Xətayi” adlanan fa`ilatün fa`ilatün fa`ilatün fa`ilün ölçüsündə olan 

şeirləri nəzərdə tuturlar” [Blam, 2009: 79–80]. Deməli, “Şah Xətayi” 

istilahının məna çalarlarından biri Azərbaycan muğamının eyniadlı 

guşəsində,  “Ayaq divani”  (və  ya  “Şah  Xətayi divanisi”)  aşıq 

havasında,  Xorasan  baxşılarının  yaradıcılığında  təzahür  edən və 

rəməl bəhrinin müəyyən qəlibinə əsaslanan freym ilə bağlıdır. 

Bütün  bu  faktları  ümumiləşdirərək  çox  böyük  ehtimalla  fərz 

etmək olar ki, “Şah Xətayi” istilahı ənənəvi musiqidə ilk əvvəl rəməl 

bəhrinin  müəyyən metr-ritmik modusuna əsaslanan freymə  şamil 

edilmişdir. Divani şeir formasının və eyniadlı aşıq havalarının XVI 

əsrdə,  Şah  İsmayıl  Xətayi  dövründə  yaradılmasını  nəzərə  alsaq, 

75 


 


sözügedən  freymin  xronotopunu  aşağıdakı  kimi təyin etmək olar: 

XVI əsr, Səfəvilər dövləti. Bir daha qeyd edək ki, həmin modusa 

əsaslanan freym bu gün də ənənəvi Azərbaycan musiqisində “Şah 

Xətayi” muğam guşəsində və “Ayaq divani” aşıq havasında təzahür 

etməkdədir.  Zaman  keçdikcə  “Şah  Xətayi”  termini həm  müstəqil 

freym,  həm də  bir  neçə  freymi  özündə  ehtiva edən konsept kimi 

tətbiq edilməyə başlamışdır. 

Beləliklə,  həm  muğam,  həm də  aşıq  sənətində  “Şah  Xətayi” 

istilahının  təzahür  formalarının  araşdırılması  bizi  belə  qənaətə 

gətirmişdir  ki,  “Şah  Xətayi”  şifahi  ənənəli Azərbaycan musiqi 

konseptsferasının ən zəngin konseptlərindən biridir. Onun tərkibinə 

daxil olan freymləri aşağıdakı kimi təqdim etmək olar: 

 

“Şah Xətayi” konsepti 

 

freym 


№ 

Muğam sənəti 

Aşıq sənəti 

1. 


“Şah Xətayi” 

“Ayaq divani” 

2. 

“Heydəri” 



“Heydəri” 

3. 


 

“Baş divani” 

4. 

 

“Sultanı” 



5. 

 

“Şah Xətayi” 



6. 

 

“Şahsevəni” 



 

İfadə planında semantik paradiqma şəklində təqdim olunan bu 

konsept müxtəlif tarixi dövrlərə aid freymlərdən ibarətdir. Mühüm 

etnosemantik məzmuna malik olan bəzi freymlərin prototipik əsası, 

yuxarıda qeyd etdiyimiz kimi,əski türk konseptləri ilə bağlıdır. 

Aparılmış  araşdırma  nəticəsində  belə  qənaətə  gəlmək  olar  ki, 

“Şah Xətayi” konsepti muğam və aşıq sənətinin qarşılıqlı əlaqələri-

nin öyrənilməsi baxımından böyük maraq kəsb edir. Bu konseptin 

bəzi təzahür formaları (“Heydəri” və “Şah Xətayi divanisi” ilə bağlı 

olan freymlər)  bu  sənət növlərinin  kəsişdiyi  məqamlarının  parlaq 

ifadəsidir. 

Tədqiq etdiyimiz konseptdə Azərbaycan mənəvi dünyasının ən 

ali zirvələrindən biri, müasirləri tərəfindən “Sahibi seyf vəl-qələm” 

(“Qılınc  və  qələm sahibi”)  adlandırılan  Şah  İsmayıl  Xətayi 

76 

 



şəxsiyyətinin mühüm cəhətləri (ürfanilik və sərkərdəlik) öz əksini 

tapmışdır.  Özündə  etnik  tarixi  və  təfəkkür  tərzinin  müəyyən 

tərəflərini  əks etdirən  “Şah  Xətayi”  konseptini mahiyyət etibarilə 

“etnospesifik konsept” kateqoriyasına aid etmək olar. 

Bir  istilahdan  bütün  xalqın  etnopsixoloji  özəlliklərini  əks 

etdirən  anlayışa  doğru  uzun  təkamül  yolu  keçmiş  “Şah  Xətayi” 

konsepti müasir Azərbaycan incəsənətində də yeni mətnlərin yaran-

masına təkan verir. 

 

Ədəbiyyat: 

Araslı H. Aşıq yaradıcılığı. B., 1960. 

Blam S. “Şah Xətai” ad və janr kimi // “Muğam aləmi” Beynəlxalq 

elmi simpoziumun materialları. B., Şərq-Qərb, 2009. 

Croft W., Alan D. Cognitive Linguistics. Cambridge: Cambridge Uni-

versity Press, 2004. 

Qasımlı M. Şah İsmayıl Xətayinin poeziyası. B., Elm, 2002. 

Məmmədov T. Azərbaycan aşıq yaradıcılığı”. B., Apostrof, 2011. 

Paşayev S. Azərbaycan folkloru və aşıq yaradıcılığı. B., 1989. 

Şah İsmayıl Xətayi. Sazım. B., Gənclik, 1972. 

Şahbazi S. İran aşıqları və ədəbiyyatı, I cild, Tehran, 2014. 

Имрани Р. Бахрам Мансуров. Баку, Элм, 2000. 

Народное музыкальное творчество (отв. pед. О. Пашина). Санкт-

Петербург, 2005. 

Попова З., Стернин И. Когнитивная лингвистика. М.: АСТ: Восток-

Запад, 2010. 

Стренева Н. Понятийный потенциал термина «фрейм» // Вестник 

ОГУ, №11 (105), 2005. 

 

 

77 



 


Kamila Dadash-zadeh 

Phd in art history, associate professor 

The head of “Musicology” Department 

of Azerbaijan State University of Culture and Art 

e-mail: kamila-dadashzade@rambler.ru 

 

“SAH KHATAYİ”: FROM TERM TO CONCEPT 

 

Abstract 



 

Keywords: “Shah Khatai”, mugham, ashig art, concept, frame. 

 

In the paper author analyses the interpretation forms of “Shah 

Khatai”  concept in the Azerbaijan professional music of oral 

tradition. As the result of the analysis of different samples of 

mugham and ashig art, author has come to the conclusion that this 

concept consists of different frames.  One of the frames in the 

structure of which the features of aruz metre ramal are reflected 

is 


an example of the interaction of mugham and ashig art. It forms the 

basis of the mugham gushe “Sah Khatai”  and ashig tune “Ayag 

Divani”.

 Due to, frames reflecting different mental features “Shah 

Khatai” could be included in the category of ethno-specific concepts.

 

“Sah Khatai” is one of the richest in terms of semantic concepts of 



traditional Azerbaijani music.

 

 



 

78 


 

Yüklə 64,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə