Kiçik janrın böyük ustası



Yüklə 55,12 Kb.
tarix20.10.2017
ölçüsü55,12 Kb.
#5541

S.VURĞUN ADINA MƏRKƏZİ KİTABXANANIN

TƏŞKİLATİ – METODİKİ ŞÖBƏSİ

Kiçik janrın böyük ustası

/M.C.Paşayev – 100/
METODİK VƏSAİT

SUMQAYIT - 2008

Tərtib edən: Axundzadə Natəvan - S.Vurğun adına mərkəzi kitabxananın təşkilati – metodiki şöbəsinin böyük metodisti

Redaktor: Qasımova Pərvanə - MKS-in elmi katibi

“Mir Cəlal xalqımızın qəlbində, mədəniyyət və

elmimizin tarixində yaşayacaq şəxsiyyətlərdən

biridir”


Yaqub İsmayılov

Mir Cəlal həm gözəl hekayə ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınır, həm ədəbiyyatımızın yaradıcılarından biri, həm də gözəl ədəbiyyatşünas alim kimi qiymətləndirilir. Mir Cəlal əli qələm tutan gündən ömrünün sonuna qədər həm bədii ədəbiyyat, həm də ədəbiyyatşünaslıq sahəsində eyni həvəs və coşqunluqla , eyni ardıcıllıq və uğurla yorğunluq bilmədən çalışmış, zəngin və məhsuldar yaradıcılıq yolu keçərək yüzdən artıq kitab çap etdirmişdir. Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil kəndində anadan olmuşdur. Lakin sonralar ailəsi Gəncə şəhərinə köçmüş, ibtidai təhsilini burada almış, uşaqlıq və gənclik illərini bu şəhərdə keçirimişdir. 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş, oranı bitirdikdən sonra Gədəbəy yedillik məktəbinə müəllim göndərilmişdir. 1929-1930-cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitunun Dil-ədəbiyyat fakultəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitunun aspiranturasında təhsilini davam etdirmiş, “Kommunist” və “Gənc işçi” qəzetlərində işləmişdir. 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin İctimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir. Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi almışdir. Görkəmli nasir Mir Cəlal yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orjinallığı ilə Azərbaycan yazıçıları içərisində özünəməxsus yer tutur. Mir Cəlal ədəbiyyatımızda gözəl hekayələr ustası, rəngarəng mövzulara həsr olunmuş romanlar yaradıcısı, ədəbiyyatımızın klassik və müasir dövrünü, müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifi kimi tanınmışdır.

Mir Cəlal bədii yaradıcılığa 1928-ci ildən başlamışdır. İlk hekayə və oçerkləri 1930-cu ildə çap olunmuşdur. İlk hekayə və oçerkləri “Qızıl Gəncə”, “Ədəbiyyat cəbhəsində”, “Hücum” jurnallarında və “Gənc işçi” qəzetində dərc olunmuşdur. Dövrün ruhuna uyğun olaraq “Sağlam yollarda” adlandırdığı ilk oçerklər kitabı 1932-ci ildə çap olunmuşdur. O, ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərin müəllifidir. Mir Cəlal diqqətəlayiq romanlar müəllifi kimi də tanınmışdır. “Dirilən adam” və “Bir gəncin manifesti” romanalrı yazıçının dəyərli əsərlərindən biridir. Yazıçının ilk romanı “Dirilən adam”da olan xüsusiyyətlər onun ikinci romanı “Bir gəncin manifesti” ndə daha qabarıq şəkildə təzahür edir. “Bir gəncin manifesti” romanı “Dirilən adam” dan beş il sonra yazılmışdır. Sonralar romançı Mir Cəlal həyatımızın aktual problemlərinə həsr olumuş “Açıq kitab”(1941), “Təzə şəhər” (1948-1950), “Təzə şəhər” (1950), “Yolumuz hayanadır” (1952-1957) kimi romanları yarandı.

Bədii ədəbiyyatın müxtəlif janrlarına müraciət edən Mir Cəlal yaradıcılığında kiçik hekayələr xüsusi yer tutur. 1940-cı ildə Mir Cəlalın hekayələrinin rus dilinə Əziz Şərif tərəfindən tərcümə olunması gözəl bir təşəbbüs kimi qiymətləndirilməlidir. Ədibin istedadlı gənclərə olan məhəbbətini, analıq şərəfini və uşaqlara qayğı məsələsini ürəklə tərənnüm etdiyi “Bostan oğrusu”, “Yanlış barmaqlar”, “Mərkəz adamı” kimi hekayələr tərbiyəvi əhəmiyyətli olduğu üçün yüksək qiymətləndirilmişdir. O “Pərzad”, “Qaymaq”, “Dost görüşü”, “Qonaqpərəst” kimi hekayələrində Azərbaycan xalq adət və ənənələri ilə bağlı motivlərə xüsusi diqqət yetirib, hekayələrin həyat və məişətlə üzvi əlaqəsindən bəhs edir. Böyük Vətən müharibəsinə, ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orjinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir. Böyük vətən müharibəsi dövründə “hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ədəbiyyatın da istiqamətini, yaradıcılıq pafosunu və inkişaf yolunu müəyyənləşdirən xarakterik əlamət oldu.

Böyük Vətən müharibəsi Mir Cəlalın ədəbi-elmi fəaliyyətində yeni səhifələr açır. Müharibənin əvvəllərində Uzaq Şərqdəki ordu hissələrinə gedən, habelə döyüşən ordunun həyatı ilə yaxından tanış olan ədib çoxlu oçerk, hekayə və publisist yazıları ilə nəzəri cəlb edir. Mir Cəlal “Yollar” “Boz adam” (1941), “Axşam səfəri” (1942), “Atlı” (1942), “Snayper” (1942) heakyələrinin mövzusunu bilavasitə cəbhə həyatından, müharibə səhnələrindən götürülmüş və səciyyəvi fəaliyyət prosesində açılan döyüşçü surəti yaratmağa çalışmışdır.

Böyük Vətən müharibəsinə, ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orjinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir. Müharibədən sonra, xüsusən ədibin anadan olmasının 50 illiyi münasibəti ilə yazılan məqalələrdə yazıçının əsərlərindəki realizmə, yeniliyin köhnəlik üzərindəki qələbəsinə və müəllif dilinin gözəlliyinə daha çox diqqət yetirilmişdir.

Mir Cəlal müharibə illərində dramaturgiya sahəsində də fəaliyyət göstəir. Azərbaycan xalqının qəddar düşmənlərinin keçmişi qaytarmaq kimi alçaq niyyətləri onun “Mirzə Xəyal” adlı komediyasında ifşa olunmuşdur.

Mir Cəlal yaradıcılığında yumordan çox satiradan istifadə edirdi.

1928-ci ildən yaradıcılığa başlayan Mir Cəlal əvvəlcə şeirlə, tənqidlə məşğul olmuş, sonra “Mirzə Xəyal” adlı komediya yazmışdır. Ədibin bir silsilə təşkil edən hekayələri içərisində “Anket Anketov” xüsusi yer tutur. “Anket Anketov” hekayəsi 1937-ci ildə yazılmışdır. “Heykəl ucalanda” hekayəsi elə bil “Anket Anketov” hekayəsinin xronoloji davamıdır. 1962-ci ildə”Heykəl ucalanda” və “Ay İsmayıl, başa sal” adlı satirik hekayəsi yazılmışdır.

Ədəbi fikrimizin tarixinə Mir Cəlal həmçinin görkəmli tənqidçi-ədəbiyyatşünas kimi də daxil olmuşdur. O, Azərbaycan ədəbiyyatının 1975-ci illərədək keçdiyi yola, sənətkarlıq, realizm və xəlqilik axtarışlarına, ədəbi prosesin mənzərəsinə, janrların vəziyyət və imkanlarına dair məzmunlu çıxışlar edir, məqalələr yazır, tədqiqat işləri aparırdı. Mir Cəlal haqqındqa alim və tənqidçi kimi danışarkən hər şeydən əvvəl göstərmək lazımdır ki, məhdud ixtisas çərçivəsi onun fəaliyyəti üçün yad anlayışdır. O, müxtəlif zamanlarda ədəbiyyatımızın Nizamidən başlamış S. Vurğunadək davam edən dövrünün ayrı-ayrı elmi-nəzəri problemlərinin tədqiqi ilə məşğul olmuş və qiymətli əsərlər yazmışdır.

Mir Cəlalın 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Mir Cəlal ədəbi-tarixi tədqiqləri və dərslikləri ilə bir neçə nəslin tərbiyə edilməsində iştirak etmişdir. Onun Firidun Hüseynbala ilə birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” və ədəbiyyatşünas Pənah Xəlilovla müştərək yazdığı “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi bu gün də öz elmi-nəzəri vəzifə pedaqoji əhəmiyyətini saxlayır. Bu dərsliklər indi də öz elmi-nəzəri və pedaqoji əhəmiyyətini saxlayır. Bu dərsliklər respublikamızda istər orta və istərsə də ali məktəblərdə ədəbiyyat fənninin səmərəli tədrisinə xidmət göstərməkdir.

Mir Cəlal sadəcə bir ədib-müəllim deyildir, o alimdir, ədəbiyyatşünasdır, elmi kadrlar yetişdirmək də onun çoxcəhətli fəaliyyətinə daxildir.



Mir Cəlal Paşayevin ədəbi irsinin

kitabxanalarda təbliği.
Azərbaycan xalqının böyük yazıçı-alimi Mir Cəlal Paşayevin 2008-ci il aprelin 26-da anadan olmasının 100 illik yubileyi tamam olur. Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin ədəbi və ictimai fəaliyyətini, yaradıcılıq xüsusiyyətlərini, əsərlərinin yaranma tarixini öyrənmək, onun irsini oxuculara çatdırmaq və təbliğ etmək sahəsində kitabxanaların üzərinə böyük vəzifələr düşür.

Yubiley ilində bütün mədəni-maarif müəssisələri ilə yanaşı kitabxanalar da fəal iştirak etməli, böyük yazıçının həyat və fəaliyyətinə həsr olunmuş ədəbiyyatın oxucu kütləsi arasında geniş təbliğ olumasına səylə çalışmalıdırlar. Mərkəzi kitabxanada və onun filiallarında tədbirlər planı işlənib hazırlanmalı və yazıçının yubileyi yüksək səviyyədə keçirilməlidir.

Yubiley ilində kitabxanalar Mir Cəlal Paşayevin əsərlərinin və onun haqqında çap olunmuş kitabların, həmçinin dövri mətbuat materiallarının geniş oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın bütün formalarından; kitab sərgilərindən, kitabxana plakatlarından, stendlərdən, oxucu konfranslarından, biblioqrafik xülasələrdən, məruzə və mühazirələrdən və s. geniş şəkildə istifadə etməlidirlər.

Kitabxanalarda əsasən əyani şəkildə təbliğat formalarının imkanlarından geniş istifadə olunmalıdır. Çünki əyani təbliğat daha geniş oxucu kütləsini sistemli şəkildə əhatə edə bilir və onların mütaliəsinə müsbət təsir göstərir. Belə ki, əyani yollarla ədəbiyyat təbliğinin formaları olan kitab sərgiləri və kitabxana plakatları 15-20 gündən tez dəyişdirilmir və bu müddətdə ona mümkün qədər çox adam baxa bilir. Əyani təbliğat bilavasitə gözlə görmə prinsipinə əsaslanır. Yeri gəlmişkən deyək ki, gözlə görüb qavramanın daha təsirli iş metodu olduğu artıq kitabxanaların praktiki iş təcrübələri ilə təsdiqlənmişdir.

Hər hansı kütləvi tədbirin səmərəli təşkili kitabxanaçıların yaradıcılıq bacarığından çox aslıdır. Bu baxımdan oxucu konfransı geniş kütləvi tədbir formalarından biridir. Oxucu konfransı, görüş, ədəbi-bədii gecə, sual-cavab gecələri və s. kimi tədbirlərin təşkilində əvvəlcədən ayrıca proqram tərtib edilməlidir. Kitabxanaçı proqramda keçirilən tədbirin adını, giriş sözü və eləcə də çıxış edəcək başqa şəxslərin adını göstərməlidir. Bütün bunlarla yanaşı, tədbirin harada, nə vaxt keçiriləcəyi qeyd edilməlidir. Əsasən tədbirin çoxluğuna yox, onun keyfiyyətli və məzmunlu keçirilməsinə fikir verilməlidir.

Tədbirin yüksək səviyyədə təşkili sayəsində kitabxanaçı oxucuların kitablardan daha çox istifadə etməsinə nail ola bilər. İş planında il ərzində 3-4 oxucu konfransı nəzərdə tutulmalıdır. Konfransa hazırlıq işi 1,5 aya qədər davam edə bilər. Konfransın mövzusu üzrə fondda olan kitabların bir neçəsi seçilib ayrılmalı və onlar məruzəçiyə hazırlaşmaq üçün tövsiyyə olunmalıdır. Ümumiyyətlə, kitabxanaçı konfransda çıxış edəcək hər bir oxucunu ədəbiyyatla təmin etməlidir, konfransa hazırlaşan oxucularla əlaqəyə girib onların çıxışlarının nə vaxt hazır olacağını da müəyyənləşdirməlidir. Yalnız bundan sonra konfransı keçirmək üçün vaxtı təyin edib, elan yazmaq lazımdır. Kitabxanaçı oxucu konfransının maraqlı və səmərəli keçməsi üçün məruzə və çıxışlara ədəbiyyat müəllimlərini, ziyalıları cəlb etməlidir. Bu işdə müəllimlərin və fəal oxucuların gücündən geniş istifadə etmək lazımdır. Bununla bərabər, kitabxanaçı təşkil etdiyi hər bir tədbirdə özü də çıxış etməlidir. Kitabxanaçı, tədbirin mövzusu üzrə kitabxana tərəfindən həyata keçirilmiş məsələlərdən danışmalıdır. Mir Cəlal ədəbi irsinin təbliği üçün keçirilən oxucu konfransında müzakirə olunan əsərlərin nə dərəcədə əhəmiyyətli və təsirli olması, bu günün tələbləri ilə necə səslənməsi əsas götürülməlidir.

Oxucu konfransını aşağıdakı mövzular ətrafında təşkil etmək olar:

1. Mir Cəlal Paşayevin həyatı

2.Yazıçının yaradıcılığı

3. Mir Cəlal Paşayevin hekayə və povestləri

4. Yazıçı istedadlı bir romançı kimi

5.Yazıçının satirik əsərləri

6. Mir Cəlal Paşayevin elmi-tənqidi məqalələri

Oxucu konfranslarını müxtəlif adlar altında keçirmək olar. Məsələn: “Görkəmli alim və pedaqoq Mir Cəlal Paşayev”, “Böyük yazıçı M. C.Paşayev”, “Böyük realist sənətkar M. C. Paşayev”, “Mahir hekayə ustası Mir Cəlal” və s.

Kifayət qədər ziyalı qüvvəsi, kitabxanalar, kitabxana fəalları vardır ki, bunların qüvvəsindən tədbirlər zamanı istifadə etmək olar. Məruzələr və mühazirələr vasitəsilə kitabxanaya çoxlu oxucu cəlb etmək mümkündür. Bütün bu cəhətlərinə görə məruzə və mühazirələr kitabxanaların kütləvi tədbirləri sırasında təsirli və əhəmiyyətli təbliğat forması sayılır.

Qeyd etmək lazımdır ki, kitabxanalarda ədəbi-bədii gecələrin təşkili də vacib tədbir vasitələrindən biridir. “Qaynar həyat və iti qələm “ adlı ədəbi-bədii gecə keçirmək olar.

Ədəbi-bədii gecə iki hissəyə bölünür. Tədbirin birinci hissəsində ədəbi mövzu və onun müəllifi haqqında rəsmi çıxışlar olmalı və məlumatlar verilməlidir. Gecənin ikinci hissəsində isə tədbirin mövzusu ilə bağlı bədii qiraət və səhnəciklər göstərilməlidir.

Ədəbi-bədii gecənin məzmunlu və maraqlı olması məqsədi ilə 1,5 aya yaxın hazırlıq işləri aparılmalıdır.

Kitabxanalarda keçirilən kütləvi tədbirlərin ən canlı və maraqlı formalarından biri sual-cavab gecələridir. Mövzusundan aslı olmayaraq sual-cavab gecələri canlı söhbət və müsahibə şəklində keçirilir, dinləyiciləri maraqlandıran sualların aydınlaşdırılmasına xidmət edir. Sual-cavab gecələrinə Mir Cəlal irsinə, həyatına yaxından bəld olan insanları cəlb etmək lazımdır.

Mir Cəlal Paşayevin yaradıcılığının təbliğində sual-cavab gecələrinin keçirilməsi olduqca məqsədəuyğundur. Suallar elə tərtib olunmalıdır ki, müəllifin həyat və yaradıcılığı haqqında oxuculara düzgün və geniş məlumat verilsin.

Nümunə olaraq sualları aşağıdakı kimi tərtib etmək olar:

1. Mir Cəlal Paşayev haqqında nə bilirsiz və sizi onun həyat və yaradıcılığından nə maraqlandırır?

2. Yazıçı məşhur “Bir gəncin manifesti” romanında nə demək istəmişdir?

3. Yazıçının hansı əsərində Sumqayıt şəhərindən danışılır? /“Təzə şəhər”/

4. Mir Cəlal Paşayevin publisistik fəaliyyəti haqqında nəyi bilirsiz?

5. Bu gün Azərbaycan ədəbiyyatında dəyərli yer tutan hansı əsərini tanıyırsız?

6. Mir Cəlal Paşayevin hansı əsərləri tamaşaya qoyulmuşdur? /”Dirilən adam”/

7. Gənc nəslin tərbiyəsində Mir Cəlal Paşayevin mövqeyini necə qiymətləndirirsiz?

8. Mir Cəlal Paşayevin hansı əsərləri bu günlə səsləşir?
Kitabxanalarda keçirilən kütləvi tədbirlərin biri də biblioqrafik icmallardır. Belə icmallar yeni kitablar haqqında oxuculara məlumat vermək üçün təşkil edilir.

Biblioqrafik icmal keçirmək üçün Azərbaycan alimlərinin, yazıçılarının, publisistlərin əsrlərini nəzərdən keçirmək, M. C. Paşayev haqqında yazılmış kitabları seçmək, bu əsərlər haqqında olan qəzet və jurnal məqalələrini araşdırmaq lazımdır.

Kitab təbliğinin ən canlı formalarından biri də sərgilərdir. Kitab sərgisi üçün adətən oxucuları maraqlandıran ən qiymıətli ədəbiyyat seçilir. Əlbəttə, yaxşı sərgi, onun ədəbiyyatının və sitatlarının düşünülmüş surətdə seçilməsi oxucuların nəzərini dərhal cəlb edir. Sərgiləri lazımi səviyyədə hazırlayıb oxuculara təqdim etmək lazımdır. Sərgi də, çalışmaq lazımdır ki, zövqlə qurulsun.

Aşağıda sərgi nümunəsi təqdim edirik:
1. Başlıq: Mir Cəlal Paşayev-100

2.Yazıçının şəkli

3. Yazıçının seçilmiş əsərləri

4.Əsərləri.

5. Sitat

6.Haqqında olan ədəbiyyat

7.Dövri mətbuat materialları.

Mir Cəlalın həyat və yaradıcılığının

əsas tarixləri

1908 Mir Cəlal Əli oğlu Paşayev aprel ayının 26-da

Cənubi Azərbaycanın Ərdəbil kəndində anadan olmuşdur
1924 Gəncə Darülmüəlliminə daxil olmuşdur

1928 Darülmüəllimi bitirib, Gədəbəy yeddillik

məktəbində direktor vəzifəsində çalışmışdır

1929-1930 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir

1930 Kazan Pedaqoji Institunun Dil-ədəbiyyat

fakultəsinə daxil olmuşdur.


1932 “Sağlam yollarda” adlı ilk kitabı çapdan çıxmışdır

1936-1941 APİ-də vəADU-da müəllimlik etmişdir.

1940 Filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1946 “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə

görə” medalı ilə təltif edilmişdir.

1947 “Azərbaycan ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru

alimlik dərəcəsi almışdsır.

1948 Azərbaycan Dövlət Universitetində professor vəzifəsinə seçilmişdir

1951 “ Təzə şəhər” romanı yazılmış /Sumqayıta həsr olunmuşdur/
1958 “Yolumuz hayanadır” romanı çapdan çıxmışdır /M. Ə. Sabirə həsr olunmuşdur/
1958 Anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq “Şərəf nişanı” ordeni və

“Qabaqcıl maarif xadimi” nişanı ilə təltif olunur

1968 “Bir gəncin manifesti” əsəri Respublika mükafatına layiq görülmüşdür.

1969 Azərbaycanın “Əməkdar elm xadimi” adına layiq görülmüşdür.

1978 28 sentyabr 1978-ci ildə vəfat etmişdir.

Mir Cəlal haqqında deyilən fikirlər:
“Mir Cəlal mahir bir hekayə ustasıdır. Onun hekayələri yığcam və ibrətlidir. Mir Cəlalın hekayələrindəki sənətkaranə sadəlik, fövqəladə təbiilik, heyranedici səmimilik təqdirəlayiqdir”
Məmməd Arif
“Qısa və mənalı yazmaqda Füzulini, Mirzə Cəlili, Sabiri həmişə, hamıya örnək hesab elər, nümunə gföstərərdi. Füzuli poeziyası və poetikasının incəliklərini ümumiləşdirən tədqiqat əsəri ilə ədib özünü böyük qəlb şairinin incə bilicisi kimi tanıtmışdı.”
Firidun Hüseynov
“Mir Cəlal intellektual aləmi zəngin və müxtəlif sahəli yazıçılarımızdandır.”
Abbas Zamanov
“Mir Cəlalda, heç şübhəsiz, əyləncəli hekayə yazmaq qabiliyyəti vardır. Hər hansı şəkildə təzahür edən bu qabiliyyət həmişə böyük bir ənənənin inkişafı ilə bağlıdır. Bu onun sənətinin güclü cəhətidir.”
İ. Sats
“Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanının hər bir sözü öz avtobioqrafiyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyacanı dərhal oxucuya təsir edir...”
Jak Rıkaçev
“Aldığımız cəbhə məktubunda bir döyüşçü yazır ki, Mir Cəlalın “Vətən yaraları” hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum”
Səməd Vurğun
“Mir Cəlal intizar səhnələri yaratmağı sevir. Hekayələrində də nəzərə çarpan bu cəhət roman və povestlərində özünü daha çox hiss etdirir.

Cəfər Xəndan
“Onun satirik qələmində bəzən C Məmmədquluzadənin, bəzən də, Ə. Haqverdiyevin cizgilərinə rast gəlirik. Lakin Mir Cəlalın yumor və satirası özünəməxsusdur.”
Məmməd Arif

“Bir gəncin manifesti” Mir Cəlal yaradıcılığının bütün gözəl keyfiyyətlərinin vəhdətidir. Bu, nəinki Mir Cəlalın, mən deyərdim nəsrin ən gözəl nümunələrindən sayıla bilər.


Bəxtiyar Vahabzadə

Ədəbiyyat siyahısı:

Əsərləri.
1. Seçilmiş əsərləri: -B.:Şərq-Qərb, 2005.

2. Seçilmiş əsərləri: 4- cilddə -B.: Azərnəşr, 1986-1987.

3. Seçilmiş əsərləri: 4- cilddə -B.:Azərnəşr, 1967-1968.

4. Bir gəncin manifesti: Roman. B.: Gənclik, 1980.

5. Dirilən adam: Roman və hekayələr.-B.: Yazıçı, 1978.

6. İnsanlıq fəlsəfəsi: hekayələr,-B.: Azərnəşr, 1961.

7. Yaşıdlar: Roman və hekayələr, -B.: Azərnəşr, 1984.

8.Ləyaqət: Hekayələr və povest.-B.: Yazıçı, 1984.


Haqqında:

1 Vahabzadə B.

Sadəlikdə böyüklük. B; Yazıçı, 1978

2. Hacıyev A.

Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq. B; Yazıçı, 1986.

3.Fikrin karvanı. B; Yazıçı, 1984.

4.Məmməd A.

Sənətkar qocalmır. B; Yazıçı, 1980.

5. İsmayılov Y.

Mir Cəlalın yaradıcılığı. B; Elm, 1975.

6. Hüseynov Ə.

Mir Cəlal. B; Yazıçı, 1991.

7. Zamanov A.

Əməl dostları. B; Yazıçı, 1979.

8. Xəndan C.

Seçilmiş əsərləri. B; Azərbaycan nəşriyyatı, 1972.



9. Yazıçı və müəllim; /Azərbaycan dili və ədəbiyyat tədrisi. 1989, №1
Yüklə 55,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə