Kitabxanaların fəaliyyətinin modernləşdirilməsi



Yüklə 41,14 Kb.
tarix14.01.2018
ölçüsü41,14 Kb.
#20601

Kitabxanaların fəaliyyətinin modernləşdirilməsi


Müasir dövrdə kitabxanalar bəşəriyyətin mədəni, elmi irsinin qoruyucusu və ən əsası dünya informasiya məkanı ilə birbaşa əlaqə yarada biləcək mərkəz olmağa doğru gedir. Yeni tipli cəmiyyət olan informasiyalaşdırılmış vətəndaş cəmiyyəti gələcək kitabları yalnız müxtəlif növ çap məhsulların saxlayıcısı kimi yox, həm də avtomatlaşdırılmış xidmət komponentlərini özündə cəmləşdirməklə oxuculara lokal və “On line” (uzaq məsafədən) rejimdə xidmət göstərə bilən informasiya müəssisəsi kimi görmək istəyir. Bu tələbə cavab vermək və dünya informasiya bazasında mövcud rəqabətlə ayaqlaşmaq üçün isə kitabxanalar öz iş prinsiplərində dəyişikliklər etməli, müasir dövrün qarşıya qoyduğu tələblərə uyğunlaşmalı, dünya kitabxana təcrübəsində mövcud yenilikləri öyrənməli və fəaliyyətlərində tətbiq etməlidirlər. Bu yenilik və nailiyyətlərin kitabxanalara tətbiqi oxuculara kitabxana-informasiya xidmətinin səviyyəsinin yüksəldilməsini, onlara operativ, dolğun informasiya xidmətinin həyata keçirilməsini təmin etməlidir. Oxucu sorğularının tam və dolğun ödənilməsi üçün kitabxanalar ənənəvi fondla bərabər zəngin elektron mətn, audiovizual və müasir dövrün tələblərinə cavab verəcək elektron kataloq sisteminə malik olmalıdırlar.

Məlumdur ki, kitabxana kataloqu hər bir kitaxananın ədəbiyyat fondunun məzmununu açır və oxuculara xidmət prosesində bələdçilik edir. Oxuculara xidmət və kitabxananın digər bütün fəaliyyəti məhz onun üzərində qurulur. Müasir dövrdə informasiyanın sürətlə artması və köhnəlməsi oxuculara operativ və coğrafi uzaqlıqdan asılı olmayaraq xidmət göstərilməsini diqtə etdiyindən ənənəvi kitabxana kataloqlarını bu gün elektron kataloqları əvəz edir.

Elektron kataloq oxuculara şəbəkə vasitəsilə kitabxananın ədəbiyyat fondunun tərkibi ilə tanış olmağa, öz sorğularına operativ və kitabxanaçı biblioqrafın köməkliyi olmadan uzaq məsafədən cavab almağa, ədəbiyyatı uzaq məsafədən sifariş verməyi təmin edir. Kitabxanalar üçün isə elektron kataloq kitabxana fondunun real uçotunu, oxucuların statistikasını, maraq dairəsinin müəyyən edilməsini, kitabın hərəkətinin izlənilməsini (yəni ədəbiyyatın kimdə olması, nə zaman qaytarılması, hansı müddətə götürülməsi və s.) ədəbiyyat fondunun oxucu sorğusuna uyğun komplektləşdirilməsini və yeniləşdirilməsini, oxuculara müasir səviyyədə “On line” olaraq xidməti təşkil etməyə imkan verir (oxuculara və kitabxanalara elektron göndərmə, metodik rəhbərlik və s.).

İnformasiyalaşdırılmış cəmiyyətin əsas atributu olan qloballaşma aydın məsələdir ki, kitabxanalardan da yan keçə bilməz. Yəni kitabxanalar yanlız konsorsium və ya digər kitabxanalarla yaradıcı əlaqəlar qurmaqla müasir tələblərə uyğun öz funksiyalarını yerinə yetirə bilərlər. Qarşılıqlı əlaqələr, qarşılıqlı maraqlar isə elektron-informasiya mübadiləsi əsasında qurulur. Elektron-informasiya mübadiləsi isə yalnız elektron kataloq vasitəsilə həyata keçə bilər. Elektron kataloq həmçinin kataloqlaşdırıcı və biblioqraf əməyini avtomatlaşdırmaqla kitabxananın kadr və maliyyə ehtiyatlarından səmərəli istifadəsini təmin edir. Bu isə keçid dövrünü yaşayan Azərbaycan kitabxanaları üçün önəmli amillərdən biridir. Digər tərəfdən elektron kataloq kitabxanaçı kadrlardan müasir kitabxana- informasiya texnologiyalarını bilməyi tələb etdiyindən, kitabxanaçıların intellektual səviyyələrinin yüksəldilməsi üçün stimul yaradır. Elektron kataloqunun ənənəvi kitabxana kataloqundan əsas üstünlüklərindən biri oxucu sorğusunun daha dolğun yerinə yetirilməsidir. Belə ki, elektron kataloq Avtoritet yazılardan istifadəni təmin edir, ədəbiyyatın təsviri daha geniş biblioqrafik ünsürlər əsasında aparıla bilir. Bu gün rəqəmli texnologiyanın inkişafı kağız üzərindəki informasiyanın elektron formaya çevrilməsinə imkan verdiyindən elektron kataloqdan istifadə edən oxucu On line olaraq öz tələbatına uyğun ədəbiyyatın kitabxanada olması haqqında biblioqrafik məlumat almaqla yanaşı, onun elektron versiyasını da əldə edə bilər.

Elektron kataloq kitabxananın fondu haqqında biblioqrafik informasiyanın ənənəvi kataloqdan fərqli olaraq daha etibarlı qorunmasını təmin edir. Belə ki, ənənəvi kataloqdan fərqli olaraq kataloq kartoçkalarının məhv olması ilə həmin ədəbiyyat haqqında informasiya itirlmiş olur. İtirilmiş informasiyanın bərpası üçün onun aşkar edilməsindən asılı olaraq əlavə vaxt və maliyyə resursları tələb olunur. Xüsusuilə çoxmilyonlu fonda malik olan kitabxanalarda bu proses çox çətindir. Elektron kataloqda informasiyanın müntəzəm surətdə ehtiyat surətinin saxlanılması, elektron biblioqrafik informasiya bazasının, xüsusi yüksək texniki göstəricilərə malik kompüterlərdə- serverlərdə saxlanılması, informasiyadan istifadənin “imtiyazlı hüquq” rejimi və elektron kataloqun texniki təminatına müntəzəm göstərilən diaqnostik və profilaktik tədbirlər informasiyanın təhlükəsizlik problemini həll edir. Elektron kataloqun tətbiqi kitabxana fondunun real uçotuna nail olmağı mümkün etdiyindən, həmçinin “intizamsız” oxucularla (ədəbiyyatı vaxtında qaytarmayan, onu itirən, xəsarət yetirən və s.) effektiv mübarizə aparmağa da imkan yaradır. Bunun nəticəsində isə digər oxucuların ədəbiyyatdan istifadə hüquqları müdafiə edilmiş olur.

Kitabxana işində informasiyaların qorunub saxlanılması və ötürülməsinin yeni formasını həyata keçirən avtomatlaşdırılmış kitabxana sisteminin mövcudluğu isə kitabxanaları ədəbiyyat anbarından yalnız çap nəşrlərinə deyil, eləcə də müxtəlif informasiya resurslarının əksəriyyətinə girişi təmin edən məlumat mərkəzinə çevirən mühüm bir sahə etmişdir.

Keyfiyyətli kitabxana-informasiya sistemi, “sifarişçi-server” şəbəkə texnologiyasına əsaslanan və vahid məlumatlar formatından istifadə zamanı başlıca kitabxana-informasiya proseslərinin kompleks avtomatlaşdırılmasını təmin edən, vahid birləşmiş informasiya sisteminin mövcudluğu və kitabxananın bütün sahələrini əhatə edən ümumi kitabxana şəbəkəsinin mövcudluğunu ehtiva edir. Avtomatlaşdırılmış kitabxana- informasiya sistemi həmçinin kitabxanada kitabın yolunun tam dövrəsinin avtomatlaşdırılması texnologiyasını və həmçinin texniki və proqram vasitələrini özündə əks etdirir. Bu işin əsasını isə aşağıdakı göstərilən yarımsistemlər təşkil edir: ədəbiyyatın qeydiyyatı və sifarişi , elektron kataloqun formalaşdırılması ilə ədəbiyyatın sistemləşdirilməsi və kataloqlaşdırılması, beynəlxalq kitab mübadiləsi, kitabxanalararası abonement , biblioqrafik göstəricilərin yaradılması, oxucuların qeydiyyatı, istifadəçilərə milli və xarici məlumatlar bazası əsasında informasiya xidmətinin göstərilməsi.

İndiki dövrdə ayrı-ayrı qabaqcıl ölkələrdə mövcud olan kitabxanaların işinin vəziyyətinin təhlili göstərir ki, inkişaf etmiş bütün ölkələrdə məhz bu istiqamətdə işlər daha müvəffəqiyyətlə aparılır. Hazırda bütün dünyada kitabxana proseslərinin kompleks avtomatlaşdırılması tələblərinə cavab verən bir neçə avtomatlaşdırılmış kitabxana-informasiya sistemi mövcuddur ki, bunlardan biri də VTLS/VIRTUA proqramıdır. Bu sistem keçən əsrin sonlarında ABŞ-ın VTLS İnc. firması tərəfindən işlənib hazırlanmışdır.

Sistem ən vacib şəbəkə imkanlarına malikdir. Odur ki, sistemin mükəmməlliyi ondan həm lokal şəbəkələrdə və həm də internetdə istifadə etməyə imkan verir. Ona görə də bu sistem milli, akademik, kütləvi və fondunda milyonlarla nəşr saxlanılan iri həcimli kitabxanalarda istifadə etmək üçün nəzərdə tutulmuşdur. Onu da deyək ki, VIRTUA sistemi oxucuların sorğularına cavab və əvvəllər təqdim olunmayan yeni xidmət növü yaratmağa geniş imkan verir.Oxucular indi VIRTUA elektron kataloqunun köməkliyilə İnternet vasitəsilə kitabın elektron sifarişini verə bilirlər. Bundan əlavə oxuculara digər bir xidmət növü, şəxsi elektron formulyara giriş də təqdim olunmuşdur. Buradan “hansı kitabı sən abonementə götürmüsən”, “onları sən nə vaxt təhvil verməli” və yaxud “vaxtını nə vaxta qədər uzada bilərsən” kimi məlumatları öyrənmək mümkündür. Bundan əlavə oxucu bu üsulla sorğu zamanı digər bir oxucuda olan ədəbiyyatı saxlatdıra bilər. Bununla da sanki oxucu kitaba “növbəyə durur”. Kitab digər oxucudan geri qaytarılan kimi, avtomatik olaraq sorğu haqqında məlumat görünür və kitab növbəti oxucuya verilmək üçün kənara qoyulur.

VTLS oxuculara digər xidmət növünü də təqdim edir. Məsələn, kitabxananın gələcək oxucusu istədiyi vaxt İnternet vasitəsilə özü haqqında ən vacib məlumatları daxil edib şəxsi kartoçkasını doldura bilir. Qeydiyyat bürosu isə bu məlumatları yoxlayıb oxucu biletinə dair məlumatları və parolu oxucuya bildirir. Beləliklə oxucu kitabxananın mənəvi istehlakçısına çevrilir.Bütün bu üstünlükləri nəzərə alaraq M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası 2000 –ci ildən etibarən yeni informasiya texnologiyaları vasitəsilə xidmətin daha keyfiyyətli olmasını təmin etmək qənaətinə gələrək, kitabxana fəaliyyətinin bütün sahələrində ciddi dəyişikliklər həyata keçirmək işinə başlamışdır. İşin yeni prinsipial istiqamət üzrə əsası qoyulduqdan sonra, istifadəçilərin sorğularının ödənilməsi üçün ən yeni şəbəkə texnologiyalarının tətbiq edilməsi işi ön plana çəkilmişdir. Elə o vaxtdan da kitabxana yeni şəraitdə öz qüvvəsini işçi personalının təlimi, avtomatlaşdırılmış kitabxana sistemi əsasında İnternet resurslarına giriş işinə, müasir xidmət kompleksinin tətbiq edilməsinə və struktur dəyişikliklərinə yönəltmişdir. Belə ki, kitabxana öz tərəfdaşları ilə birlikdə avtomatlaşdırılmış sistemlərin öyrənilməsi və araşdırılması ilə məşğul olmuş, dünya standartlarına uyğun, beynəlxalq səviyyədə işləyəcək bir sistemin- VTLS İnc.(ABŞ) seçilməsinə qərar vermişdir. Bundan sonar kitabxana “Maşınla oxunan elektron kataloqun yaradılması” adlı layihə ilə 3 təşkilata- Avrasiya fonduna, ACİYF-na “Soros”-a və İRTCL-ə müraciət etmiş, layihənin maliyyə dəstəyini əldə edə bilmişdir.

Nəhayət, bu layihənin bəhrəsi kimi 2005-ci ilin yanvar ayından Azərbaycan Milli Kitabxanasında Elektron resurslarının yaradılması şöbəsi fəaliyyətə başlamışdır. Yeni açılan şöbə elə həmin vaxtdan etibarən müxtəlif funksional avtomatlaşdırılmış kitabxana sistemi olan VTLS sisteminə malik olmuş və elektron kataloqunu da məhz VTLS proqramında MARC 21 formatında tərtib etməyə başlamışdır. Azərbaycan Milli Kitabxanası VTLS proqramının bütün modullarını əldə etmişdir. Hazırda sistemin Komplektləşdirmə, Kataloqlaşdırma, Oxucu qeydiyyatı və axtarış modulu olan OPAC fəaliyyət göstərir və digər modullardan istifadə etmək üçün hazırlıq işləri görülür. Bu sistem vasitəsilə Azərbaycan Milli Kitabxanası elektron kataloqunun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi, milli biblioqrafiyanın tərtibi kimi mühüm işlərlə daha intensiv məşğul olmaq imkanı qazanmışdır. Göründüyü kimi VTLS oxuculara xidmətlə bağlı informasiya resurslarının yaradılması üçün kompleks sistem təqdim edir. Bu proqram artıq uzun müddətdir ki, müxtəlif ölkələrdə müvəffəqiyyətlə fəaliyyət göstərərək özündə Oxucu-Kitabxana-İnformasiya sxemi üzrə yeni informasiya texnologiyalarının ən müasir elementlərini toplamışdır. Hazırda oxucuların kitabxaxanın elektron resurslarına uzaq məsafədən girişi korporativ şəbəkə vasitəsilə həyata keçirilir. Oxucuların Azərbaycan Milli Kitabxanasının elektron kataloquna uzaq məsafədən girişi artıq 2006-cı ilin mart ayından təmin olunur. 

Bu sistem Azərbaycanda kitabxana proseslərini dolğun şəkildə özündə realizə edən, İnternet vasitəsilə dünyaya və respublikaya yayımlanan ilk sistemlərdən biridir.

Yuxarıda qeyd edildiyi kimi Milli Kitabxana elektron kataloqunun məlumat bazasına biblioqrafik yazıları məhz MARC 21 formatına daxil edir. Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasına ədəbiyyat 3 istiqamətdə daxil edilir: 

• Kitabxanaya daxil olan yeni ədəbiyyat;


• Arxiv şöbəsinə toplanmış və əks-xronoloji ardıcıllıqla seçilən ədəbiyyat;
• Kitab verilişi məntəqəsində oxucular tərəfindən qaytarılan və daha çox tələb olunan ədəbiyyat.
Azərbaycan Milli Kitabxanasında elektron kataloqunun məlumat bazasına 1992-ci ildən indiyə kimi Azərbaycan dilində olan aşağdakı ədəbiyyat növlərinin biblioqrafik yazıları daxil edilir:

• Monoqrafiyalar;


• Seriya ilə nəşr olunan monoqrafiyalar;
• Dissertasiya və avtoreferatlar;
• Not-musiqi nəşləri;
Kartoqrafik nəşlər;
• Elektron resurslar.

Milli Kitabxananın elektron kataloqunun məlumat bazasına, həmçinin rus, ingilis və digər xarici dillərdə də ədəbiyyat növlərinin biblioqrafik yazıları daxil edilir.

Elektron kataloqunda biblioqrafik yazılar AACR2-yə uyğun olan “Правила составления библиографического описания” (2-е изд., перераб.и доп. М., 2003) nəşri əsasında tərtib olunur.

Hal-hazırda elektron kataloqunda 60 mindən artıq biblioqrafik yazı tərtib olunaraq məlumat bazasının yaddaşına 250 min nüsxəyə qədər ədəbiyyat daxil edilmişdir. Bunların içərisində klassiklərimizdən Z. Marağayinin, F. Köçərlinin, Ü. Hacıbəylinin, M.Ə. Sabirin və digərlərinin bəzi əsərlərinin elektron vatiantı da var ki, oxucular bu haqqda məlumatı elektron kataloqun biblioqrafik yazısında görə bilərlər.

Bu sahədə görülən işləri davam etdirməklə və bir çox faydalı tədbirlər həyata keçirməklə, Milli kitabxana Azərbaycanda Kitabxana işinin inkişafına öz töhfəsini verecəkdir.

Xələfov A.A., Qurbanova A. Kitabxanaların kompüterləşməsinin əsasları:


Dərslik.- B.:Bakı Universiteti Nəşriyyatı, 2006.-205 s.
Xələfov A.A., Hüseynova A. Elektron kataloqlarının əhəmiyyyəti və təşkili prinsipləri//
Bakı Universiteti Xəbərləri: Humanitar elmlər seriyası.-2004.-№4.- A.288-290
Qafurova L. Kitabxana işinə yeni baxış [ Tbilisi təəssüratları. Söhbəti yazdı N. Nərimanoğlu] // Mədəni-maarif.- 2000.- №1. S.35-36.
Tahirov K. İnternet və kitabxana: [ M.F. Axundov adına Azərbaycan Kitabxanasının direktor müavini ilə müsahibə] // Respublika.-2003.-13 iyul.- S.6.
Hacıyeva M. Kitabxanaların yeni əməkdaşlıq formaları // Mədəni-maarif.-2003.- №10.-S.42-45.
Tahirov K. Axundov kitabxanası elektronlaşır: [M.F. Axundov adına Milli Kitabxananın direktoru ilə müsahibə] //Mərkəz.-2005.12 avqust.-S.12.
Tahirov K. Milli Kitabxana elektronlaşdırılır: [ M.F. Axundov adına Milli Kitabxaxanın direktoru ilə müsahibə] Üç nöqtə.-2005.-27 avqust.-S.8.
Rüstəmov Ə.,Mustafayeva N. Elektron kitabxana problemi: Elektron kitabxana resurslarının qısa xarakteristikası // Kitabxanşünaslıq və biblioqrafiya.-2005.- № 2.-S.30-40. 

* * *
Каленов Н.Е. Электронные каталоги; МАRС –формат и автоматизация библиотечной технологии // Применение ЭВМ в информационно-библиотечной технологии: Сб. науч.тр./ БЕН РАН.- М.,1995,-С.3-10.


Клиндух И.Ф. Электронный каталог. Проблемы создания и ведения // Библиотековедение.-1995. №6.-С. 73-82.
Лавренова О.А. Электронный каталог // Библиотекарь. -1990-№10.-С.68-71.
Лобанова Э.Ш. Долгий путь эволюций форматов: От МАRС 1 до МАRС21 // Библиотека.- 2003.-№ 9.С.55-57.
Скворцов В.В. Форматы МАRС21, UNIMARC, RUSMARC-их настоящее и будущее // Справочник библиотекаря.- СПБ: Профессия, 2003.С. 75-83.

Hazırladı: Xətai rayon MKS-nin direktoru Oruc Quliyev





 

Yüklə 41,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə