Kjy98uyoijpoklık



Yüklə 45,85 Kb.
tarix15.03.2018
ölçüsü45,85 Kb.
#31461
növüYazı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi

Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sultan nəslindən olan yazıçı,

general, hacı
İsmayıl bəy Qutqaşınlı - 210”

Avropa tərzində yazılmış ilk hekayəmiz”

“Metodiki məktub”

Tərtib etdi: Mahmudova Reyhan
“Metodika-biblioqrafiya” şöbəsi

Neftçala - 2016


İsmayıl bəy Qutqaşınlı - 210

XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan realist-maarifçi ədəbiyyatının yaradıcılarından olan, Avropa stilində ilk milli ədəbiyyatımızı çap etdirən, rus ordusunun generalı, Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvü Hacı İsmayıl bəy Qutqaşınlı (1809-1861) Azərbaycan oxucusuna “Rəşid bəy və Səadət xanım “ hekayəsindən və “Səfərnamə” yol qeydlərinə görə tanışdır. Əslində isə müəllifin başqa əsərlərinin də olması şübhə doğurmamalıdır. Tarixin keşməkeş və burulğanlarından keçə bilməyən nə qədər qiymətli incilər itib-batmış, bəziləri isə Salman Mümtaz kimi şərəfli və qeyrətli ədəbiyyatşünaslarımızın misilsiz səyi nəticəsində üzə çıxarılmış, sanki həyata ikinci kərə qaytarılmışdır.

İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Adı da bu bayrama görə verilmişdir.

Atası Hacı Nəsrullah Sultan Qutqaşın  mahalının son sultanı olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. Həmin dövrdə keçmiş xan və bəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyası onların uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayırdı. Nəsrulla sultan çar Rusiyasına etibar etmirdi. Bu inamsızlıq qarşılıqlı idi. Belə təklif Nəsrullah sultana da gəlmişdir. Qutqaşınşünaslığın banisi Salman Mümtaz ” "Rəşid bəy və Səadət xanım" hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı" məqləsində yazırdı: "Özünün böyük və görkəmli oğullarını dürlü-dürlü bəhanələrlə evdə saxlayıb aciz və fərsiz zənn etdiyi kiçik yaşlı İsmayıldan çar-naçar əl-çəkməyə məcbur oldu. Fərsiz nəzərə gələn İsmayıl təhsilini ikmal etdikdən sonra elə bir kamallı, qabiliyyətli igid oldu ki, əqilli və bacarıqlı sayılan qohum və qardaşları onun yanında hər bir cəhətdən heç mənziləsində qaldılar"

İsmayıl Qutqaşınlı 1822-ci ildə rus ordusunda xidmətə başlamışdır. Peterburqda dörd il kadet məktəbində oxumuş, 1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlamışdır.

İsmayıl bəy Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrdə iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür. Müharibələr qurtardıqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi ilə əlaqədar bir müddət Varşavada yaşamışdır. O, hərbi işi dərindən öyrənmiş, sıravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlmişdir.1841-ci ildə İ.Qutqaşınlı istefaya çıxmış və öz vətəninə qayıdaraq, Qutqaşın və Şamaxıda yaşamış, dərs demişdir.Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda "Bəy kommissiyası"nda işləmişdir. İ.Qutqaşınlı 1852-ci ildə Məkkəyə-Həcc ziyarətinə getmiş, qayıdandan sonra Şamaxıda və Qutqaşında yaşamışdır. Elə həmən ildə general-mayor rütbəsinə yüksəlmişdir. O, 1861-ci ildə Ağdaş mahalında (bəzi mənbələrə görə Tiflis şəhərində) karvansarada yemək yeyərkən Rusiya irticaçı dairələrinin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı hacı Tutu xanım Bikə ilə birgə zəhərlənmişlər ,ədib 14 avqust 1861-ci ildə vəfat etmiş, həyat yoldaşı hacı Tutu xanım Bikə isə 1862-ci ildə dünyasını dəyişmişdir. Belə ehtimal olunur ki, 1854-cü ildə o Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşadan Azərbaycan və Dağıstanda üsyanlar təşkil etməyə çağıran məktub İsmayıl bəy Qutqaşınlıya çatmalı ikən erməni M.T.Loris-Məlikovun əlinə düşmüşdür. Nəticədə İ.Qutqaşınlı 1855-ci ildən nəzarət altına düşdü.

İsmayıl bəy Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanın böyük maarifçi alimləri - Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir,  Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatında "paqonlu maarifçilər" adı ilə məşhurdurlar. İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə arvadı ilə “həcc ziyarətinə”getmək məqsədi ilə Yaxın Şərq ölkələrinə səyahətə getmişdir.

Böyük ədib deyilənlərə görə iki dəfə müqəddəs Həcc ziyarətində olmuş, özü ilə qırx nəfəri də ziyarətə aparmışdır (ədibin bu vəsaitə gücü çatması ağıla batan hesab olunur). Bu səyahəti ilə əlaqədar 1967-ci ildə çap olunmuş "Səfərnamə" adlı yol qeydlərini (əlyazmaları şəklində Qutqaşındakı pirlərdən tapılmışdır) yazmışdır. Əsər Qutqaşınlının getdiyi yolun coğrafiyasının öyrənilməsində böyük əhəmiyyət daşıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi tapılmışdır. İsmayıl bəy istefaya çıxdıqdan sonra Azərbaycan xalqının maariflənməsində və oyanmasında aktiv fəalliyyətə başlamışdır. Sözsüz ki, bu da çar hökumətinin maraqlarına cavab vermirdi. Ona görə də Qutqaşınlını tezliklə aradan götürmək üçün planlar cızılırdı.

İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir  nəsr, hekayə  janrını gətirən yazıçıdır. Qutqaşınlı yaradıcılığının şah əsəri "Rəşid bəy və Səadət xanım" əsəridir. Bu əsərdə iki zadəgan ailəyə məxsus olan gənclərin məhəbbətindən bəhs edilir. Bundan başqa bəzi mənbələrə görə Qutqaşınlının "Tutu" adlı 400 səhifəlik əsəri də olmuşdur. Ancaq bu əsər itirilmiş və günümüzə gəlib çatmamışdır.

İ.Qutqaşınlı "Miskin" təxəllüsü ilə şeirlər də yazmışdır. Təəssüf ki, onun əlyazmaları və şəkilləri 1930-cu illərdə- repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb. Ancaq ona aid olması iddia edilən və 1973-cü ildə aşkarlanan, 1999-cu ilin aprelin 22-də Qəbələdə "Qəbələ" qəzetində nəşr edilən "İki quşun söhbəti" adlı şeir də var. Bu məsələ hələ ki mübahisə mövzusudur.

XIX əsrdə xalqın bütün təbəqələrinin məhəbbətini qazanan, adı dillərdə dolaşan, sözün əsl mənasında böyük insan olan Hacı İsmayıl bəy Nəsrulla sultan oğlu Qutqaşınlı, əsərlərinin çapına çalışmaması, vərəsəsi olmaması, zamanın girdabının bəy, sultan şəcərəsinə amansız olması səbəbiylə sanki yerli-dibli yox olmuşdu. Nə xoş halına ki, Salman Mümtaz kimi Azərbaycan ədəbiyyatının qeyrətli təəssübkeşi, qiymətli əlyazmalarından ötəri tacir atasından qalan var-dövləti qızırqanmayan və ədəbiyyatımızın saysız-hesabsız nəhənglərini üzə çıxaran böyük insan tam 20 il adını ilk dəfə eşitdiyi İsmayıl bəy Qutqaşınlının və əsərin sorağına düşdü. Nəhayətdə fransız dilində çap olunan ilk Azərbaycan bədii əsəri- ”Rəşid bəy və Səadət xanım” hekayəsi Salman Mümtazın qələmindən çıxan “Avropa təsirində yazılmış ilk hekayəmiz” məqaləsi ilə ikinci dəfə həyata vəsiqə qazandı.

İsmayıl bəy Qutqaşınlı “Rəşid bəy və Səadət xanım” əsərinə verdiyi süjet xəttində o dövr üçün xarakterik olan müsəlman dünyasına xas evlənmələrə bir etiraz notu çalmışdır. O dövrdə cavanlar evlənmək istərkən seçib-sevilmək hüququndan məhrum idilər. Amma əsərin qəhrəmanları cəsarət taparaq bu sədləri keçmiş, öz sevgiləri uğrunda mübarizə aparmışlar. O dövr üçün xarakterik olmayan bu evlənmə sanki cavanlara bir cığır göstərirdi. Əsər Avropa oxucusuna Azərbaycan mühitini, məişətini, adət-ənənələrini, milli psixologiyasını tanıdır, azərbaycanlılar haqqında müsbət rəy formalaşdırır, öz qəhrəmanlarını sevdirir.

İsmayıl bəy Qutqaşınlının dövrümüzə gəlib çatan ikinci əsəri “Səfərnamə” adlanır. İstefada olan rus ordusunun generalı İsmayıl bəy Qutqaşınlı bundan sonrakı həyatını müsəlman olaraq yaşamaq (çar ordusunda qulluq edərkən nə qədər müsəlman qardaşlarının nahaq qanına bais olduğunun günahlarını yumaq üçün) və həyatdan getmək üçün müsəlmanların müqəddəs şəhəri hesab olunan Məkkə şəhərinə -həcc ziyarətinə gedir. Səfər təəssüratlarının yer aldığı bu qeydlər “Səfərnamə” adı altında toplanmışdır. Əsərin yazılmasından təqribən iki yüz il keçsə də min illər boyu xristian-müsəlman yürüşlərinin şahidi olmuş yerlərin təsviri, tarixi şəxsləri, Nuh peyğəmbərdən üzü bu yana o torpaqlarda dəfn olunmuş peyğəmbərlər, həmçinin, Məhəmməd peyğəmbərin qəbrinə kimi, “müqəddəs Kəbə”nin ziyarət məqamları, səfər boyu rastlaşdığı xalqların adət və ənənələri, coğrafi mövqeyi, kənd təsərrüfatı, bitki aləmi və Nəmrudun xaraba qalmış şəhərinin sütunlarından tutmuş digər lənətlənmiş xaraba şəhərlərə kimi məlumat verdiyi üçündür ki, bu gün də maraqla oxunur. Məlumatlara görə ikinci dəfə həcc ziyarətinə gedən İsmayıl bəy Qutqaşınlı ailəsi olsa da övladları olmadığına görə iki nəfər qulu ölkəsinə gətirərək burada allaha xatir azad etmiş, sonralar onların hər biri üçün toy etmişdir.

Ömrünün yarıdan çoxunu rus mühitində, Avropa mədəniyyətinin təsir çərçivəsində keçirən İsmayıl bəyin dünyagörüşü bir qərbli və şərqlinin həyata baxışlarının qovuşan nöqtəsi idi. ”Miskin” təxəllüsü ilə ədəbi fəaliyyətlə məşğul olmuşdur, sanki sonunun necə olacağını görürmüş kimi (övladı olmadığından kitabxanası qarışıq nə varidatı qalmışdısa “aparan aparanın” olub.)

İsmayıl bəy Qutqaşınlı Tutu xanım Bikə ilə birgə Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir.

İsmayıl bəy Qutqaşınlının adı Azərbaycan xalqının qəlbində daim yaşayır. Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə İsamyıl bəy Qutqaşınlının adı verilmişdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılmış, xatirə-ev muzeyi yaradılmışdır. Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə də Qutqaşınlının adı verilmişdir.

Əlavə məlumat.

Mən Quba əyalətindən süvarilər toplamaq işinə idarəmdəki xüsusi tapşırıqları yerinə yetirən Pavlovsk polkunun ştabskapitanı Qutqaşınlını ezam etmişəm. Hörmətli Zaqafqaziya bəyləri ailəsindən çıxan bu adam mənə özünün dərin düşüncəsi və sədaqəti ilə məlumdur”.

Qafqazın baş hakimi baron V.Q.Rozenin knyaz Çernişevə göndərdiyi 1837-ci il 10 dekabr tarixli məktubu.

 

Onu hamımız “Rəşid bəy və Səadət xanım” adlı fransız dilində yazdığı uzun hekayə ilə tanıyırıq. Azərbaycanın ilk generalı olduğu da söylənilir, rus ordusuna sadiq hərbçi, Azərbaycan millətinin maariflənməsini hədəf götürmüş yazıçı kimi də qeyd olunur. Mənbələr azdır, bu azlıq içərisində onun həyatından bəzi nümunələri diqqətinizə çatdırırıq:



 

`Hərbidə qazandığı uğurlar son ucunda 1838-ci ildə ona mayor, 1839-cu ildə podpolkovnik, 1843-cü ildə polkovnik, 1850-ci ildə dekabrın 6-da isə topçu-general-mayoru rütbəsi verilir. 1851-də ildə iki min manat gümüş pul miqdarında maaşla istefaya çıxsa da, ehtiyatda olan zabit kimi fəaliyyət göstərir, müəyyən hərbi işlərdə çalışır. İstefasından sonra Şamaxıda və Qutqaşında pedaqoji fəaliyyətlə məşğul olur. 1850-ci ildə Rusiya Kənd Təsərrüfatı Cəmiyyəti Qafqaz şöbəsinin, 1864-cü ildə isə Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvlüyünə seçilir. Həmin coğrafiya cəmiyyətinin digər üzvlərindən biri Mirzə Fətəli Axundzadə idi.

 

Səfərləri zamanı İsmayıl bəy rus ziyalıları ilə münasibətlər qurur, Avropa mədəniyyətinin üstünlüklərini anlayıb,  öz xalqına mütərəqqi ideyaları aşılamağa çalışır. O, Dağıstan valisi, Tarku Şamxalının dul qadını, Usmiyevlərdən olan qumuq qızı Bikə xanımla ailə həyatı qurub. İsmayıl bəy haqqında ilk məlumatları  verən Salman Mümtaz onun haqqında yazırdı: “…Öz vaxtında fövqaladə ehtiram və nüfuza malik olan bu zatın türkcə qeyri-mətbu bəzi əsəri və fransızca da həyatımıza dair mətbu bir hekayəsi vardır.



  General Əliağa Şıxlınski xatirəsində yazır ki, o, Bum və Qutqaşın kəndlərində olarkən İsmayıl bəyin tanınmış şair olduğunu qardaşı Məhəmmədağa Şıxlınskidən eşidib. Onun adının ilk dəfə çəkildiyi ədəbi qaynaq Hüseyn əfəndi Qaibzadənin “Azərbaycanda məşhur olan şüəaranın əşarına məcmuə”dir. Həmin məcmuədə verilmiş “Mədəd” adlı mürəbbedə Qasım bəy Zakir oğlu və qardaşı oğlu ilə bağlı bir problemlə əlaqədar İsmayıl bəyə müraciət edib.

İsmayıl bəy 1849-cu ildə öz vəsaiti hesabına Şamaxı müsəlman məktəbi üçün bina kirayə edib, müəllim və xidmətçilərin maaşlarını ödəyib, istefaya çıxdıqdan sonra həmin məktəbdə rus dili müəllimi kimi fəaliyyət göstərib. İsmayıl bəyin həyatı haqqında onun qohumları, kəndliləri maraqlı xatirələr danışıblar. Əhvalata görə İsmayıl bəy İstanbulda olarkən, bir alverçidən şabalıdın qiymətini soruşub, lakin alverçi onun görkəminə baxıb deyib ki, “bu sənin xörəyin deyil”. Qüruruna toxunduğundan İsmayıl bəy Qutqaşına xəbər yollayıb ki, 40 dəvə yükü şabalıd göndərsinlər. Şabalıd gətirilib və İsmayıl bəy onu camaata paylayıb. Sultana xəbər çatdığında o bunun səbəbi ilə maraqlanıb, həmin alverçini cəzalandırılıb.

  Heç kimin ayağına durmağı sevmədiyindən, həmişə evinə gələnlər onun ayaqüstə olduğunu görərmişlər, daima nökəri Çərkəzə kasıblara taxıl paylamaq göstərişi verərmiş.

  Əlyazmanı uzun zəhmətin bahasına ilk dəfə Salman Mümtaz əldə edib. Salman Mümtaz öz məqaləsində, kitabın izinə necə düşdüyünü, uzun illərdən sonra nəhayət Xasay xan Usmiyevin sayəsində 1922-ci ildə əldə etdiyini yazıb. Kitabı Xasay xandan 2-3 aylığa əmanət alan Salman Mümtaz onu tərcümə etmək istəyib, lakin səpmə yatalaq xəstəliyinə tutulduğuna görə əmanəti geri qaytarıb, yenidən istəyəcəyini bildirib. Lakin Salman Mümtazın xəstəliyi 6 ay çəkib, bu müddətdə isə Xasay xan Vladiqafqazda vəfat edib, əsərin izi itib. 1932-ci ildə Salman Mümtaz Azərbaycan  Dövlət Muzeyinə elmi işçi təyin olunub, xoş təsadüfdən məlum olub ki, Xasay xan kitabı başqa kitablarla birlikdə muzeyə satıb.

  Əsəri ilk dəfə Səlim bəy Behbudov tərcümə edib, lakin Azərnəşrdə çapı nəzərdə tutulsa da, alınmayıb. 1937-ci ildə Salman Mümtazın həbsindən sonra əsər yenidən unudulub, iki il sonra 1939-da “Ədəbiyyat qəzeti”ndə türkcəmizdə dərc olunub. 1956-da isə ilk dəfə olaraq kitab formasında çap olunub. Salman Mümtaz həmçinin İsmayıl bəyə məxsus “Tutu” adlı əsəri də tapıb, lakin sürgünə göndəriləndən sonra kitabxanası dağıdıldığına görə günümüzə çatmayıb.
  Xalqımızın unudulmaz vətənpərvər övladı, maarifçi, hərbiçi ,müəllim, şair, ictimai xadim hacı İsmayıl bəy Qutqaşınlı haqqında tədbir keçirmək, məlumat informasiya günləri, sərgilər təşkil etmək bizim üzərimizə düşən şərəfli yükdür.Bu mənada

kitabxanaçılarımız ədibin anadan olmasının 210 illiyinə həsr olunmuş yubiley münasibətilə

1.“Avropa tərzində yazılmış ilk hekayəmiz”.
2. ”Sultan nəslindən olan yazıçı, general, hacı İsmayıl bəy Qutqaşınlı”.

3.“İsmayıl bəy Qutqaşınlı-210”.


4. “Qeyrətli ədəbiyyatşünas Salman Mümtazın 20 il sorağında olduğu ədib İsmayıl bəy Qutqaşınlı”.
5. “Qafqazdan Kəbə ziyarətinə gələn ən əliaçıq ziyarətçi”-başlıqları ilə sərgilər, informasiya dəqiqələri təşkil edə bilərlər.
Təşkil olunan tədbirlər həmişə olduğu kimi saytda əks olunur.

Daha çox əhəmiyyət kəsb edir.

Sərgi təşkil edərkən aşağıdakı kitab və məlumat mənbələrindən istifadə edə bilərsiniz:


  1. İsmayıl bəy Qutqaşınlı. Əsərləri: - Təkrar nəşr.- Bakı: Lider nəşriyyatı, 2005.- 224 s.

2 .”Odlar yurdunun övladları Rusiya tarixində “(Rus dilində).

3. Nərimanoğlu Məhəmməd. Qəbələnin “yaddaş kitabı” \\ Azərbaycan qəzeti.

4.Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə. III cild.-Bakı: Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyası, 1978. -600 s.

5.Əhmədov S. Azərbaycan tarixində100 şəxsiyyət: -Bakı: Ayna mətbu evi, 2006. -268 s.


İnternetdə:

http:www. Youtube. Com/ ” İsmayıl bəy Qutqaşınlı”


http:www/kitabxana.Net/

http://az.wikipedia.org


Neftçala-MKS

“Metodika və biblioqrafiya” şöbəsi.



Mahmudova R.-2016.
Yüklə 45,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə