Konsilium. 007. № S. Əziz Məmmədkərim oğlu Əliyev



Yüklə 42,33 Kb.
Pdf görüntüsü
tarix10.05.2018
ölçüsü42,33 Kb.
#43375


Konsilium.- 2007.- № 1.- S. 5-9. 

 

Əziz Məmmədkərim oğlu Əliyev 

 

Mirməmməd Cavadzadə

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun direktoru

AMEA-nın həqiqi üzvü, akademik  



 

Bu il Azərbaycanın böyük ictimai-siyasi xadimi, tibb elmləri doktoru, professor, görkəmli pedaqoq 

və  səhiyyə  təşkilatçısı  Əziz  Məmmədkərim  oğlu  Əliyevin  anadan  olmasının  110  ili  tamam  olur.  Əziz 

Əliyev Azərbaycan xalqının XX əsrdə yetirdiyi dəyərli sımalardan biridir desək, yanılmarıq. Onun adı 

Azərbaycan təbabətinin korifey alimləri M. Mirqasımov, M. Topçubaşov, Ə. Qarayev kimi şəxsiyyətlərlə 

bir sırada çəkilir. 

 

Əziz  Əliyevin  qeyri-adi  təşkilatçılıq  qabiliyyəti,  elmi  təfəkkürü,  pedaqoji  təcrübəsi  bu  gün  də 



xalqımız üçün nümunədir. Azərbaycan həkimləri bu görkəmli şəxsiyyətin xatirəsini daim uca tutur, onun 

şanlı həyat yolunu, elmi irsini öyrənir və gənc nəslin tərbiyəsində örnək kimi istifadə edirlər. 

Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci ilin yanvar ayının birində İrəvan quberniyasının Hamamlı 

kəndində Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində anadan olmuşdur. Anası Zəhra xanım о 

dövrün zəngin ailələrindən birinin övladı idi. Zəhra xanımın atası İbrahim bəy Süleymanbəyov dövrünün 

tanınmış ziyalısı, əsil-nəcabətli, imkanlı bəy nəslindən idi. 

Əziz Əliyevin atası Məmmədkərim kişi Hamamlının sayılan-seçilən sakinlərindən biri idi. Bacarıqlı, 

uzaqgörən, insanlarla ünsiyyət yaratmağı bacaran bir şəxs olduğu üçün 1898-ci ildə Məmmədkərim kişi 

İrəvan  quberniyasının  Uçkilsə  uyezdində  kəndxuda  təyin  edilir.  О  vaxtlar  İrəvan  Zaqafqaziyanın  iri 

şəhərlərindən  biri  idi.  Uşaqlarının  təhsilini  təmin  etmək  üçün  Məmmədkərim  kişi  1905-ci  ildə  İrəvana 

köçməli olur. Beləliklə, Əziz Əliyev ailəsinin yaşadığı İrəvan şəhərində rus-tatar məktəbində təhsil alır. 

1908-ci ildə şəhər gimnaziyasına daxil olur. Gimnaziyada ancaq əla qiymətlərlə oxuduğu üçün Əziz təhsil 

haqqından azad edilir. 

Əzizin  ailəsi  1908-ci  ildə  Rusiyanın  Çita  şəhərinə  köçür  və  o,  1914-cü  ilə  kimi  bu  şəhərdəki 

gimnaziyada oxumalı olur. 1914-cü ildə onun ailəsi yenidən İrəvana qayıdır və Əziz burada orta təhsilini 

davam etdirir. İrəvan gimnaziyasını 1917-ci ildə qızıl medalla bitirən Əziz ali təhsil almaq arzusunda idi. 

Lakin ailəsinin maddi vəziyyəti buna imkan vermir. Əziz Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin 

Tağıyevə müraciət etməyi qərara alır. Hacı bu gəncin müraciətinə diqqət və qayğı ilə yanaşır və ona təhsilini 

davam etdirmək üçün  maddi yardım göstərir. Hacının köməkliyilə Əziz Peterburqa gedir və Hərbi-Tibb 

Akademiyasına daxil olur. Akademiyanın birinci kursunu bitirdikdən sonra Rus imperiyasında baş verən 

məlum  hadisələr,  eləcə  də  İrəvan  azərbaycanlılarına  qarşı  təxribatlar  Əziz  Əliyevi  təhsilini  yarımçıq 

qoymağa vadar edir. 

Həmin  dövrdə  Əziz  ailəsi  ilə  birlikdə  əvvəl  Şərurun  Şahtaxtı  kəndinə,  sonra  isə  İranın  Ərəblər 

kəndinə  köçür.  Qaçqınlıq  həyatına  dözə  bilməyən  Zəhra  xanım  Ərəblər  kəndində  vəfat  edir.  Şahtaxtı 

ermənilərdən  təmizləndikdən  sonra  Əzizin  ailəsi  Şahtaxtıya  qayıdır.  Burada  Ə.  Əliyev  tibbi  fəaliyyətlə 

məşğul olur və ailəsini dolandırmağa çalışır. 

Əziz  Əliyevin  Bakı  həyatı  1923-cü  ildən  başlanır.  Burada  o,  Bakı  Xalq  Komissarlığı  Sovetində 

əvvəlcə iş icraçısı, sonra isə ümumi şöbənin müdir müavini vəzifələrində çalışır. Bu müddət ərzində tibb 

fakültəsində təhsilini davam etdirir və 1927-ci ildə həkim diplomu alır. Ali təhsilini başa vurduqdan sonra 

Əziz Əliyevin həyatı üç böyük sahəni əhatə edir: elmi araşdırmalar, səhiyyənin və tibb təhsilinin təşkili və 

ictimai-siyasi fəaliyyət. 

 

ELM 

İnstitutu bitirdikdən sonra Əziz Əliyev klinik ordinaturaya, sonra isə aspiranturaya göndərilir. Əziz 

Əliyevin  tədqiqatlarının  əsas  istiqaməti  eksperimental  təbabətin  inkişafına  yönəlmişdi.  Onun  elmi 




əsərlərində laborator diaqnostikanın əsasları, allergiya sensibilizasiya problemləri, eksperimental nefrit və 

desensibilizasiya  məsələləri,  biokimyəvi  tədqiqatlar  xüsusi  yer  tutur.  1929-cu  ildə  o,  aspiranturanı 

müvəffəqiyyətlə bitirir və namizədlik dissertasiyası müdafiə edir. 

Əziz Əliyev qazandığı müvəffəqiyyətdən sonra arxayınlaşan insanlardan deyildi. O, daim axtarışda 

olan, elmin enişli-yoxuşlu yollarında qətiyyətlə irəliləyən araşdırmaçı idi. Əziz Əliyevin elmdə fəth etdiyi 

növbəti zirvə doktorluq dissertasiyası idi. Onun 1937-ci ildə «Eksperimental nefrit» mövzusunda müdafiə 

etdiyi  dissertasiya  milli  kadrlar  arasında  müdafiə  olunmuş  ilk  doktorluq  dissertasiyalarından  biri  idi  və 

müəllifin klinisist-tədqiqatçı kimi istedadını üzə çıxarmışdı. Bu elmi  əsər kəskin nefritin  patogenezində 

allergiyanın  roluna  həsr  olunmuşdu.  Tədqiqatlar  kəskin  nefritin  müalicəsində  spesifik  və  qeyri-spesifik 

terapiyanın  seçilməsini  şərtləndirirdi.  О  da  qeyd  olunmalıdır  ki,  bu  əsər  SSRİ  Elmlər  Akademiyasının 

mükafatına layiq görülmüşdü. 1939-cu ildə isə Ali Attestasiya Komissiyasının qərarı ilə Əziz Əliyevə tibb 

elmləri doktoru alimlik dərəcəsi verilir. 

Elmi  tədqiqatlar  apardığı  müddət  ərzində  Əziz  müəllim  tibb  sahəsində  bir  sıra  elmi  əsərlər  dərc 

etdirir.  Bunların  arasında  fakultə  terapiyası  klinikasında  işləyərkən  azərbaycan  dilində  yazdığı  «Klinik 

analizlər» kitabı xüsusi əhəmiyyət kəsb edir. Bu əsər respublikamızda Azərbaycan dilində çap olunan ilk 

dərsliklərdən  biri  olduğu  üçün  qısa  müddət  ərzində  tələbələrin  və  müəllimlərin  stolüstü  kitabına 

çevrilmişdi. «Klinik analizlər» əsərinə о dövrdə kafedra müdiri işləmiş professor G. Yeqorov rəy vermiş, 

kitabın əhəmiyyətini və aktuallığını qeyd etmişdi. Respublikanın görkəmli alim və pedaqoqlarının yekdil 

rəyinə görə, bu kitabın Azərbaycan həkimlərinin kliniki hazırlığında əvəzsiz rolu olmuşdur. 

 

TƏŞKİLATÇI 

Professor Əziz Əliyev gözəl alim olmaqla yanaşı, fenomenal təşkilatçılıq qabiliyyətinə malik insan 

idi. Əziz müəllimin səhiyyə və tibb təhsilinin təşkilatçısı kimi fəaliyyəti haqqında əfsanələr dolaşır. Onun 

işgüzarlığı,  prinsipiallığı,  bacarığı  onu  həmkarlarına  sevdirmiş,  işlədiyi  bütün  sahələrdə  ona  hörmət 

qazandırmışdı. İşlədiyi sahələr isə çox müxtəlif idi... 

Əziz  Əliyev  Azərbaycan  Səhiyyə  Komissarlığında  müalicə  şöbəsinin  müdiri,  Xalq  Komissarının 

müavini, Dövlət klinikasının direktoru, Dövlət Klinik İnstitutunun direktoru, Bakı səhiyyə şöbəsinin rəisi, 

Azərbaycan  Dövlət  Tibb  institutunun  direktoru,  Azərbaycan  SSR  Xalq  Səhiyyə  Komissarı,  Həkimləri 

Təkmilləşdirmə institutunun direktoru vəzifələrində çalışmışdır. Xalq Səhiyyə Komissarlığında çalışdığı 

illərdə  Əziz  Müəllim  elmi-pedaqoji  fəaliyyətini  davam  etdirirdi.  Onun  elmi  əsərlərinin  bir  qismi  məhz 

həmin illərdə işıq üzü görmüşdü. 

Elmi  araşdırmalara  bağlılıq,  gənclərlə  çalışmaq,  onları  öyrətmək  və  tərbiyə  etmək  istəyi  Əziz 

müəllimi Azərbaycan Dövlət Tibb İnstitutu ilə doğmalaşdırır. Əziz Əliyev qısa fasilə ilə altı il bu təhsil 

müəssisəsinin  rəhbəri  vəzifəsində  çalışmışdır.  Tibb  İnstitutunda  işlədiyi  dövrdə  bu  böyük  kollektivin 

professor-müəllim heyətinə rəhbərlik etməklə yanaşı, Əziz Əliyev tələbələrlə six ünsiyyətdə olur, onların 

təlim-tərbiyəsinə,  elmə  dərindən  yiyələnmələrinə  böyük  diqqət  yetirirdi.  Onun  elmi  əsaslandırılmış, 

xəstəliklərin hərtərəfli analizi haqqında maraqlı mühazirələrini tələbələri bu gün də xatırlayırlar. 

Xalq Səhiyyə Komissarlığında çalışdığı dövrdə rəhbərlik Əziz Əliyevi səhiyyə təşkilatının ən çətin 

və məsuliyyətli sahələrinə göndərirdi. Hər hansı problem yaranan zaman yada düşən ilk şəxs Əziz Əliyev 

olurdu. Çünki bütün respublika bilirdi ki, Əziz Əliyev işgüzarlığı və tələbkarlığı hesabına təyin olunduğu 

bütün  sahələrdə  yüksək  peşəkarlıq  nümayiş  etdirəcək,  tapşırılan  işin  öhdəsindən  müvəffəqiyyətlə  gələ 

biləcək.  Məhz  buna  görə  də  Gəncə  səhiyyəsində  mövcud  problemləri  həll  etmək,  Bakı  şəhərində  tibb 

xidmətinin səviyyəsini yaxşılaşdırmaq Əziz Əliyevə həvalə olunmuşdu. 

 

İCTİMAİ XADİM 

Əziz  Əliyevin  təşkilatçılıq  qabiliyyəti  respublikanın  о  zamankı  rəhbərliyi  tərəfindən  çox  yüksək 

qiymətləndirilirdi.  Əziz  müəllim  Azərbaycan  Ali  Sovetinin  katibi,  Azərbaycan  SSR  Xalq  Səhiyyə 

Komissarı,  Dağıstan  Vilayət  PK-nın  birinci  katibi,  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  sədr  müavini 

vəzifələrində çalışmışdır. Əziz Əliyev 1941-ci ilin sentyabrından 1942-ci ilin martına qədər İrandakı Sovet 

qoşunları 47-ci ordusunun hərbi şurasının üzvü vəzifəsində işləyib. 




Əziz Əliyevin Dağıstanda işlədiyi dövr çox şərəfli və mürəkkəb dövr olmuşdu. Faşist Almaniyasının 

Sovet İttifaqına gözlənilməz hücumu nəticəsində Qafqazın alınması təhlükəsi yaranmışdı. Almanlar artıq 

Mozdok şəhərinə yaxınlaşmışdılar. Qafqazın astanasında yerləşən çoxmillətli Dağıstan vilayətinin böyük 

strateji və siyasi əhəmiyyəti var idi. Həmin dövrdə SSRİ rəhbərliyi əvvəlcə Dağıstan xalqlarını, sonra isə 

azərbaycanlıları  köçürmək  planları  hazırlayırdı.  Bu  arada  işə  Mircəfər  Bağırov  qarışır.  Bağırov  Stalini 

inandıra bilir ki, Dağıstan xalqlarının köçürülməsi məqsədəuyğun addım deyil. Stalin Dağıstana rəhbərlik 

məsuliyyətini şəxsən Mircəfər Bağırova həvalə edir. 

Bu dövr istər Dağıstan, istərsə də Azərbaycanın tarixində çox çətin və mürəkkəb dövr idi. Bağırov 

başa düşürdü ki, Dağıstan xalqları sürgün edilərsə, azərbaycanlıları da eyni aqibət gözləyə bilər. Bir sözlə

Dağıstanda xalqımızın müqəddəratı həll olunmalı idi. Ona görə də Bağırov Dağıstana rəhbərlik etmək üçün 

işgüzar, mətin və inanılmış adam göndərməli idi. Bağırov bu məsuliyyətli vəzifəni Əziz Əliyevə həvalə 

edir və tezliklə yanılmadığını görür: Əziz Əliyev bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir. Onun Dağıstana 

rəhbərlik etdiyi dövrdə respublikada sabitlik və əmin-amanlıq hökm sürürdü. Əziz Əliyev Dağıstan xalqları 

arasında böyük hörmət və nüfuz qazanır. Ə. Əliyevin Dağıstanda işlədiyi illər onun mənalı ömrünün ən 

şərəfli və ləyaqətli dövrü olmuşdu. Əziz müəllim bu qardaş respublikada fədakarlıqla çalışmış, Dağıstan və 

Azərbaycan xalqları arasında dostluq əlaqələrini möhkəmlətmiş, öz fəaliyyətilə Azərbaycan xalqına şərəf 

gətirmişdi. 

Dövlət və partiya orqanlarında işlədiyi dövrdə Əziz Əliyev SSRİ və Azərbaycan SSR Ali sovetlərinin 

deputatı seçilmişdir. Ali seçkili orqanlarda bütövlükdə 18 il fəaliyyət göstərmişdir. Bu dövrdə Əziz Əliyev 

SSRİ  Ali  Sovetinin  qərarı ilə  iki  dəfə  “Lenin  ordeni”  (1942  və  1944-cü  illər),  “Qırmızı  Əmək  Bayrağı 

ordeni”  (1943)  və  «I  dərəcəli  vətən  müharibəsi  ordeni»  (1945)  ilə  təltif  edilmişdir.  Ona  «Qafqazın 

müdafiəsi uğrunda», «Almaniya üzərində qələbəyə görə», «1941-45-ci illərdə Böyük Vətən müharibəsində 

şərəfli əməyə görə», «Moskvanın 800 illiyinə görə» medallar verilmişdir. 

 

TƏBABƏT ELMİ VƏ TİBB TƏHSİLİ 

Əziz  Əliyevin  ömrünün  son  illəri  (1951-1962)  tibb  elmi  və  təhsili  ilə  bağlıdır.  O.  1951-ci  ildə 

Azərbaycan  Səhiyyə  Nazirliyi  Bərpa  Cərrahlığı  və  Ortopediya  institutunun  direktoru  təyin  edilir  və  bu 

vəzifədə 1956-cı ilə qədər çalışır. Həmin institutun fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqla yanaşı, 

özü də dəyərli elmi araşdırmalar aparır. Onun elmi əsərləri İkinci Dünya müharibəsində sağlamlığını itirmiş 

şəxslərin  bərpa  müalicəsinin  təşkili  məsələləri,  neft  sənayesində  və  kənd  təsərrüffatında  travmatizmin 

azaldılması yolları və digər aktual problemlərə həsr olunmuşdur. Əziz Əliyevin həmin dövrdə çap olunmuş 

elmi əsərləri indi də öz aktuallığını itirməmişdir. Hal-hazırda Azərbaycanda, eləcə də dünya miqyasında 

ölüm səbəbləri arasında qan-damar sistemi xəstəlikləri və bəd xassəli şişlərdən sonra travmatizm üçüncü 

yeri tutur. Professor Əziz Əliyevin Ortopediya, Travmatologiya və Protezləşdirmə İnstitututunda direktor 

olduğu  dövrdə  hər  il  yekun  elmi  konfransları  keçirilmiş  və  elmi  məcmuələr  nəşr  olunmuşdur.  Hər 

məcmuədə onun institut direktoru kimi problem məqaləsi verilir və travmatizm dövlət əhəmiyyətli problem 

kimi təhlil olunurdu. 

Ə.  Əliyev  uzun  müddət  hal-hazırda  onun  adını  daşıyan  Həkimləri  Təkmilləşdirmə  İnstitutuna 

rəhbərlik  etmişdir.  Həmin  dövr  institutun  inkişafının  çiçəklənmə  dövrü  idi.  Əziz  Əliyev  institutun 

professor-müəllim və müdavim heyəti üçün Vətənə, xalqa, elmə təmənnasız xidmətin canlı nümunəsi idi. 

O, kollektivə həyat təcrübəsindən irəli gələn, sınanmış üsullarla rəhbərlik edirdi. Ona görə də Əziz Əliyevin 

ətrafında yüksək səviyyəli intellektual şəxslər toplanmışdı. Onun böyük nüfuzu, tələbkarlığı, işgüzarlığı 

sayəsində  Azərbaycan  Həkimləri  Təkmilləşdirmə  institutu  Sovet  İttifaqının  ən  nüfuzlu  təhsil 

müəssisələrindən biri səviyyəsinə ucaldı. Artıq 60-cı illərdə İttifaq miqyaslı institut statusu almış bu təhsil 

ocağında  bütün  Sovet  respublikalarından  gələn  həkimlər  ixtisaslarını  artırır  və  yeni  ixtisaslara 

yiyələnirdilər. 

Ə. Əliyev böyük səhiyyə təşkilatçısı kimi fəaliyyətinin bütün mərhələlərində müstəsna keyfiyyətləri 

ilə seçilmişdir. Onun şəxsiyyətində formal və rəsmi liderlik xüsusiyyətləri vəhdət təşkil edirdi. Əziz Əliyev 

haqqında  yazılmış  xatirələrdə  tez-tez  vurğulanan  xüsusiyyət  onun  rəhbərlik  etdiyi  bütün  sahələrdə 




idarəetmənin  ən  çətin  problemi  olan  konfliktlərin  həlli  yollarının  tapılması  idi.  Əziz  Əliyev  idarəçiliyi 

əxlaqa, milli dəyərlərə, insani keyfiyyətlərə əsaslanan müdriklik rəmzidir. 

Ə.  Əliyevin  həyat  yolu,  gördüyü  işlər  bugünkü  və  gələcək  nəsillərə  qiymətli  töhfədir.  Onun  adı 

ölkəmizin hər yerində hörmətlə yad edilir, işləri vətənə və xalqa təmənnasız xidmətin parlaq nümunəsi kimi 

təbliğ olunur. 

 

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun professor-müəllim heyətinin xahişini 



nəzərə  alaraq,  Azərbaycan  Respublikası  Nazirlər  Sovetinin  27  sentyabr  1962-ci  il  tarixli  773  saylı 

Qərarına əsasən, bu instituta professor Əziz Əliyevin adı verilmişdir. Ölkəmizin iqtisadi, sosial və mədəni 

inkişafı naminə Azərbaycan Respublikası Prezidentinin siyasətinə müvafiq olaraq, ADHTİ tibb elminin, 

səhiyyənin və tibb təhsilinin təkmilləşdirilməsi üçün mümkün olan bütün imkanlardan istifadə edir, Ə. 

Əliyevin qoyduğu irsi qoruyur və inkişaf etdirir. 

 

 



Yüklə 42,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə