KüSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 322,12 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix26.03.2018
ölçüsü322,12 Kb.
#34302
  1   2   3   4   5   6   7   8   9   ...   13


KÜSKÜN  GÖZƏLÇƏLƏRİMİ  XATIRLAYARKƏN. 

 

  



 

        Doxsan yaşım tamam olan gün özümə hədiyyə etmək qərarına gəldim – gənc bakirə qızla dəli bir 

eşq gecəsi keçirmək.  Keçmiş zamanlarda əlinə «təzə-tər» qızlar düşən kimi öz xeyirxah müştərilərinə 

xəbər verən gizli görüş evinin sahibəsi Rosa Kabarkası xatırladım. Mən onun iyrənc təkliflərinə 

şirnikmirdim, o isə mənim prinsiplərimin təmizliyinə inanmırdı. «Əxlaq zamana baxır, – o, 

bədxahcasına gülümsəyirdi, – vaxt gələr, özün əmin olarsan». Rosa məndən azca kiçik idi və çox illərdi 

ondan xəbər-ətər eşitməmişdim, ola bilsin, artıq ölmüşdü. Ancaq elə ilk kəlmədən  səsini telefonda 

tanıdım və salamsız-filansız dedim: 

   – Bu gün – hə. 

   O, köks ötürdü: ay tənha qoca, iyirmi ildi itib-batmısan  və yalnız ona görə qayıtmısan ki, mümkün 

olmayanı xahiş edəsən. Ancaq onun peşəsi öz sözünü dedi, seçmək üçün mənə bir yığın variant təklif 

elədi, di gəl, əfsus, hamısı istifadə olunmuşlardı. Mən israr etdim, bakirə qız olmalıdır, özü də bu gecə. 

Rosa təşvişlə soruşdu: «Sən nəyi sınaqdan keçirmək istəyirsən?» «Heç nəyi, – o, mənim ən yaralı 

yerimə toxunmuşdu, – nəyi bacardığımı, nəyi bacarmadığımı özüm yaxşı bilirəm». O, halını pozmadan 

dedi ki, müdriklər çox şeyi bilirlər, ancaq hər şeyi yox: «Dünyada bir qız qalıbsa, o da  sənin kimi Qız 

bürcü altında doğulanlardır. Sən niyə əvvəlcədən mənə xəbər vermirdin?»  «Təb birdən gəlir», – dedim. 

«Ancaq gözləyə də bilər», – həmişə hər şeyi istənilən kişidən yaxşı bilən Rosa cavabımı verib soruşdu 

ki, «bazarı» yaxşı öyrənmək üçün ona, heç olmasa, iki gün vaxt vermək olarmı. Tamamilə ciddi surətdə 

etiraz etdim ki, bu cür işlərdə mən yaşda adamların hər günü ilə bərabərdir. «Olmur, olmasın, – o, 

tərəddüd etmədən dedi, – eybi yox, lənət şeytana, belə daha maraqlıdır, bir saatdan sonra sənə zəng 

vuraram». 

   Bunu deməsəm də olardı, çünki elə baxan kimi görünür: mən yaraşıqlı  deyiləm, utancaq və 

ümumiyyətlə, keçmişdənqalma adamam. Ancaq belə olmaq istəmədiyimdən, özümü elə göstərməyə 

başladım ki, guya, hər şey əksinədir. Bu gün səhər açılanda, nəhayət, qərara  aldım ki, heç olmasa, 

vicdanımı sakitləşdirmək üçün, əslində, necə olduğumu özümə deyim. Və Rosa Kabarkasa qeyri-adi 

zəngdən başladım. Çünki mən indi anlayırdım ki, bu, yeni həyatın başlanğıcı olub. Adətən adam bu 

yaşda dünyasını dəyişir.                                                             

 

                                                         *       *       *. 



 

   Mən San Nikolas parkının güney səmtində, müstəmləkə üslubunda tikilmiş evdə yaşayıram, bütün 

ömrümü də bu evdə qadınsız, var-dövlətsiz keçirmişəm; valideynlərim də bu evdə yaşayıb ölüblər və 

mən də bu evdə, doğulduğum çarpayıda, tezliklə gəlməsini istəmədiyim bir gündə ağrısız, tək-tənha 

ölmək istəyirəm. Atam bu evi XIX əsrin sonunda hərracdan alıb, alt mərtəbəni burada cah-cəlallı dükan 

açan italiyalıların konsorsiumuna kirayəyə verib, ikinci mərtəbəni isə onlardan birinin qızı, Motsartın 

gözəl ifaçısı, poliqlot və haribaldiçi Florina de Dios Karqamantosla xoşbəxt yaşamaq üçün özünə 

saxlayıb. Bu gözəl qadının şəhərdə heç kimdə olmayan bir cəhəti də vardı: o, mənim anam idi. 

    Gipslə suvanmış tağları, şahmatvari yığılmış florensiya mozaikalı döşəməsi olan bu ev geniş və 

işıqlıdır;  şüşəli dörd qapı evi qurşayan eyvana çıxır, anam mart axşamlarında öz  italyan əmiqızıları ilə 

burada məhəbbət ariyaları oxuyurdu. Eyvandan San Nikolas parkı, kilsə və Xristofor Kolumbun 

heykəli, bir az uzaqda sahildəki çaxır zirzəmiləri, onlardan arxada isə mənsəbində 20 liq yayılıb 

şaxələnən, yatağına sığmayan böyük Maqdalena çayı görünür. Evin yeganə nöqsanı – gün ərzində 

növbə ilə bütün pəncərələrdən boylanan günəşdir, ona görə hamısına pərdə asmaq lazım gəlir ki, siesta 

vaxtı od tutub yanan alaqaranlıqda birtəhər yata biləsən. Otuz iki yaşımda tək qalanda valideynlərimin 

otağına köçdüm, kitabxananın qapısını açıb, həyatda mənə lazım olmayacaq hər şeyi satmağa başladım  

və aydın oldu ki, kitablardan və üstünə val qalaqlanmış pianoladan başqa hər şey elə artıq imiş. 



   Mən qırx il «Diario de-la-Pas» üçün xəbərlər hazırlamaqla məşğul olmuşam, işim qısa dalğalarda, ya 

Morze əlifbasında səmanın ənginliklərinə yayılan dünya xəbərlərini tutub, yerli əhaliyə çatdırmaq idi. 

Bu gün yaşamaqdan çox, artıq ölüb getmiş peşəyə görə aldığım təqaüdlə candərdi sürünürəm; latın və 

ispan qrammatikasından dediyim dərslərə görə mənə ondan da az pul verirlər, artıq yarım əsrdir 

yorulmadan hər bazar yazdığım məqalələrə görə, demək olar ki, heç nə, məşhur ifaçılar gələndən-

gələnə  çap etdirdiyim musiqi və teatr haqqındakı məlumatlara görə isə, ümumiyyətlə, heç nə vermirlər. 

Başqa bir işlə məşğul olmamışam, ancaq yazmışam, intəhası, məndə xüsusi bir qabiliyyət, istedad 

yoxdur, dramaturgiya kompozisiyasının qanunlarından qəti xəbərsizəm və  yalnız ona görə bu işə baş 

qoşmuşam ki, ömrüm boyu oxuduğum saysız-hesabsız kitabdan öyrəndiyim biliklərin gücünə 

inanmışam. Kobud desək, mən – nəslimin şan-şöhrətsiz davamçısıyam, əgər başıma gələn və bu 

xatirələrdə danışacağım o böyük məhəbbət olmasa idi, gələcək nəsillərə məndən heç nə qalmayacaqdı. 

   Həmişəki kimi doxsan yaşımda da ad günüm səhər saat beşdə yadıma düşdü. Həmin gün yeganə işim 

«Diario de-la-Pas»ın bazar sayı üçün məqalə yazmaq idi. Özümü xoşbəxt saymamaqdan ötrü ideal 

səhər idi: hava işıqlaşandan sümüklərim sızıldayırdı, dalım alışıb-yanırdı, üstəlik də, üç aylıq 

quraqlıqdan sonra ildırım çaxırdı. Qəhvə hazır olana kimi yuyundum, sonra bir fincan ballı qəhvə 

içdim, moniokadan hazırlanmış içi cemli iki  kökə ilə qəlyanaltı edib, kətan ev kostyumumu geyindim. 

   Həmin gün məqalənin mövzusu, əlbəttə ki, mənim doxsanilliyim idi. Heç vaxt yaş haqqında 

fikirləşməmişdim. Nə qədər sular axıb… Aylar, illər gəlib keçib… 

   Uşaq vaxtı eşitmişdim ki, adam öləndə onun saçlarında yuva salmış bitlər ölənin doğmalarına xəcalət 

verərək, yastığın üstü ilə dəhşətlə qaçışırlar. Bu, məni o qədər heyrətləndirmişdi ki, məktəbə gedəndə 

saçımı dibdən qırxdırıb, itlər çimizdirilən cod sabunla keçəlimi yumuşdum. Başqa sözlə desək, 

uşaqlıqdan utancaqlıq hissinin məndə ölüm haqqında təsəvvürdən yaxşı formalaşdığını indi anlayıram. 

   Artıq bir neçə aydır, yubiley məqaləmin, bir qayda olaraq, ötən illər haqqında sızıltı yox, qocalığın 

mədhi olacağını düşünürdüm. Hansı məqamda qocaldığımı dərk etdiyimi xatırlamağa başladım, belə 

çıxdı ki, bu günə lap az qalmış. Belim ağrıyanda mənim qırx iki yaşım var idi, çətin  nəfəs alırdım, 

durub həkimə getdim. O, ağrılarıma əhəmiyyət vermədi: «Sizin yaşınız üçün normal haldır», – dedi. 

Mən onda yaşımı yada salıb, ilk dəfə qocalıq haqqında düşündüm, ancaq çox tezliklə bunu unutdum. 

Hər gün yeni bir ağrı ilə oyanmağa vərdiş etdim, illər keçirdi və hər gün bir başqa yerim bir başqa cür 

ağrıyırdı. Hərdən mənə elə gəlirdi, ölüm qapının ağzını kəsdirib, ancaq o biri gün ağrılar yerli-dibli 

yoxa çıxırdı. Məhz o vaxtlar kimsə dedi ki, qocalığın ilk əlaməti – adamın atasına oxşamağa 

başlamasıdır. Onda düşündüm, görünür, əbədi cavan qalmağa məhkumam, çünki mənim at profilim heç 

vaxt nə atamın sərt qəraibli profilinə, nə də anamın Roma imperatoruna xas profilinə oxşayacaq. 

Məsələ ondadı ki, ilk dəyişikliklər elə yavaş gedir, adam bunu hiss etmir, daxilən özünü əvvəllər 

olduğu kimi görməkdə davam eləyir, başqaları isə ona baxdıqca bu dəyişikliyi sezirlər. 

   Beşinci onillikdə ilk yaddaş pozuntularını hiss edəndə, qocalığın nə olduğunu anlamağa başladım. 

Eynəyimi öz üstümdə tapana qədər bütün evi alt-üst edirdim, ya gözümdə eynək duşun altına girirdim, 

ya da uzağı göstərən eynəyi çıxarmadan yaxını göstərən eynəyi taxırdım. Elə oldu ki, bir dəfə yediyimi 

unudub, ikinci dəfə səhər yeməyi yedim və dostlarıma bir həftə əvvəl danışdığımı təkrar söyləyəndə 

onların necə narahat olduğunu sezdim. Yaddaşımda o vaxta qədər tanış sifətlərin və adların siyahısı var 

idi, ancaq onlarla görüşdüyüm vaxt sifətlərlə adları birləşdirə bilmirdim. 

   Seksual mənada yaş heç vaxt məni qayğılandırmayıb, çünki imkanlarım məndən  çox qadınlardan 

asılı olub – nəyi, necə, nə vaxt etmək lazım olduğunu onlar bilirlər. Xırda bir uğursuzluqla qarşılaşan 

kimi həkimə qaçan səksən yaşlı uşaqlara indi gülməyim gəlir, onların xəbəri yoxdur ki, doxsanda lap 

betər olacaq, ancaq artıq əhəmiyyəti olmayacaq: bu risk – sağ olduğunun əvəzidir. Və həyatın təntənəsi 

elə ondadır ki, qocaların yaddaşı ikinci dərəcəli şeyləri yadda saxlamır və çox nadir hallarda əsl 

mənada əhəmiyyətli olan şeylər sarıdan bizə naxələflik eləyir. Siseron bunu bir kəlmə ilə ifadə eləyib: 

«Elə bir qoca yoxdur ki, xəzinəsini harada gizlətdiyini unutsun». 

   Avqust günəşi parkdakı badam ağaclarının arasından şaxıyanda və quraqlığa görə bir həftə gecikmiş 

poçt daşıyan çay gəmisi uğultu ilə liman kanalına girəndə bu və digər düşüncələrlə öz qeydlərimin ilk 



Yüklə 322,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə