Law on Industrial and Municipal wastes of the Republic of Azerbaijan



Yüklə 147,93 Kb.
tarix16.11.2017
ölçüsü147,93 Kb.
#10635

Law on Industrial and Municipal wastes of the Republic of Azerbaijan.




İstehsalat və məişət tullantıları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, istehsalat və məişət tullantılarının (bundan sonra - tullantıların) insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi təsərrüfat dövriyyəsinə cəlb olunması məqsədilə tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini və hüquqi münasibətləri müəyyən edir.

I fəsil


ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Əsas anlayışlar

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:



istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr;

məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar;

təhlükəli tullantılar - tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar;

təhlükəsiz tullantılar - ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən tullantılar;

təkrar xammal - texniki və уa texnoloji imkanlar, həmçinin iqtisadi səmərəlilik nəzərə alınmaqla təsərrüfat fəaliyyətində təkrar istifadə oluna bilən tullantılar;

yararsız tullantılar — istifadə olunma xüsusiyyətləri məhdud olan, təkrar istifadəsi iqtisadi baxımdan səmərəli olmayan tullantılar;

tullantıların emalı — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət;

tullantıların yerləşdirilməsi — tullantıların saxlanılması və ya basdırılması üzrə həyata keçirilən fəaliyyət;

tullantıların zərərsizləşdirilməsi — ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması.

tullantılar - qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar;

tullantıların idarə olunması - tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət;

tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsi;

tullantıların çeşidlənməsi - tullantıların müəyyən əlamətlərinə (növünə, tərkibinə, xüsusiyyətinə və s.) görə toplanması;

Tullantıların daşınması - tullantıların əmələ gəldiyi, yerləşdirildiyi, istifadə və utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və obyektlər arasında daşınması;

tullantıların utilizasiyası - tullantılardan lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması;

tullantıların basdırılması - sonradan istifadəyə yararlı olmayan tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsi;

tullantıların istifadəsi - tullantılardan malların (məhsulların) istehsalında və ya enerji əldə edilməsində istifadə olunması;

tullantıların yerləşdirilmə obyekti - tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş qurğu (poliqon, şlam-anbar və başqaları);

tullantıların sərhədlərarası daşınması - ən azı iki dövlətin mənafeyinə toxunmaq şərtilə tullantıların bir dövlətin ərazisindən digər dövlətin ərazisinə və ya ərazidən keçməklə, yaxud hər hansı dövlətin yurisdiksiyası altında olmayan əraziyə və ya ərazidən keçməklə daşınması;

tibbi tullantılar - səhiyyə və baytarlıq obyektlərində və tibbi manipulyasiya zamanı əmələ gələn tullantılar;

təhlükəli tullantıların pasportları - təhlükəli tullantıların müvafiq tullantı növünə və təhlükəlilik dərəcəsinə aidiyyətini təsdiq edən, onların tərkibi barədə məlumat verən sənəd;

tullantıların növü - tullantıların təsnifatı sisteminə uyğun olaraq ümumi əlamətlərə malik olan tullantılar;

tullantıların istehsalçısı - fəaliyyəti nəticəsində təhlükəli və ya digər tullantıların əmələ gəlməsinə səbəb olan istənilən şəxs, yaxud bu şəxs məlum olmadıqda, tullantıların sahibi olan və/və ya onlara nəzarəti həyata keçirən şəxs;

tullantıların sahibi (mülkiyyətçisi) - tullantıların istehsalçısı, yaxud onların sahibi olan fiziki və ya hüquqi şəxs;

texnoloji proses - istehsalat vahidinin işə salınmasının təsdiq edilmiş müddəti ilə texnoloji reqlamentə uyğun fəaliyyəti;

istehsalat tullantılarının əmələ gəldiyi yerlər - onların əmələ gəldiyi texnoloji proses, yaxud istehsal sahələri (müəssisələr);

tullantıların identifikasiyası - pasport məlumatlan və ya yoxlama sınaqları əsasında konkret təhlükəli tullantıların hansı tullantı növünə və xüsusiyyətinə aidiyyətinin müəyyən edilməsi proseduru;

az tullantılı texnologiya - ənənəvi üsullarla müqayisədə məhsulun alınması nəticəsində tullantıların nisbətən az həcmdə əmələ gəlməsinə imkan verən istehsalat prosesi.
M a d d ə 2 . Tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının

qanunvericiliyi

Tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Zərərli qazlar, çirkab suları və radioaktiv tullantıların idarə olunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
M a d d ə 3 . Qanunun tətbiq sahəsi

Bu Qanun Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində tullantılar əmələ gələn və tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə şamil olunur.


M a d d ə 4 . Tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri

Tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri aşağıdakılardır:

əhalinin sağlamlığının və ətraf mühitin ekoloji tarazlığının qorunması;

ekoloji tarazlığın və iqtisadi maraqların təmin olunmasının elmi cəhətdən əsaslandırılması;

tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən müəssisələrin yaradılması, bu məqsədlə dövlət və özəl müəssisələrin, habelə xarici investorların vəsaitlərinin cəlb edilməsi;

təhlükəli tullantıların ekoloji baxımdan əsaslandırılmış idarəetmə sistemini yaratmaqla, onların sərhədlərarası daşınmasının minimuma endirilməsi;

təhlükəli və başqa tullantıların ekoloji cəhətdən özünü doğrultmuş üsullarla onların əmələ gəldiyi mənbənin mümkün qədər yaxınlığında istifadəsi və zərərsizləşdirilməsi;

təhlükəli tullantıların yarandığı yerlərdə onların azaldılması və minimuma endirilməsi məqsədilə az tullantılı texnologiyaların yaradılması və tətbiqi;

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təhlükəli tullantıların təsnifatı və pasportlaşdırılması əsasında onların dövlət uçotunun aparılması.

təbiəti mühafizə tələblərinə, ekoloji tarazlıq normalarına, gigiyena normativlərinə və sanitariya qaydalarına əməl olunmasına nəzarət;

tullantıların klassifikasiyası və pasportlaşdırılması əsasında dövlət uçotunun aparılması;

ictimai təşkilatların, maraqlı şəxslərin informasiya alınmasına təminat verilməsi;

əhalinin mənafeyi ilə bağlı qərarlar qəbul edilərkən ictimai rəyin nəzərə alınması;

tullantıların idarə olunması sahəsində çalışan işçilərin sosial müdafiəsi;

tullantılarla əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsi zamanı ölkənin milli mənafelərinin nəzərə alınması.
M a d d ə 5 . Tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsi sahəsində dövlət hakimiyyət orqanlarının vəzifələr

Tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsində dövlət hakimiyyət orqanlarının vəzifələri aşağıdakılardır:

tullantıların idarə olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi;

qanunvericilik aktlarının və məqsədli proqramların hazırlanması, təsdiqi və onların yerinə yetirilməsinə dövlət nəzarəti;

tullantıların toplanması və emal üçün qanunvericilikdə müəyyən edilən qaydada iqtisadi həvəsləndirmənin təmin olunması;

müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] ilə razılaşdırılmaqla tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılması;

tullantıların aşkar edilməsi və onların təkrar emalı məqsədilə müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi;

tullantıların idarə olunmasında ətraf mühitə dəyən zərərin zərər yetirən tərəfindən ödənilməsinin təmin edilməsi;

dövlət ekoloji ekspertizasının aparılması;

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tullantıların sərhədlərarası daşınması qaydalarının müəyyənləşdirilməsi;

tullantılarla bağlı fəaliyyətdə xüsusi razılıq sisteminin tətbiq edilməsi; tullantıların idarə olunmasına dair dövlət standartlarının, normalarının və normativlərinin işlənib hazırlanması və tətbiq edilməsi;

tullantıların əmələ gəlməsi anından tam kənarlaşdırılmasına qədər onların dövlət uçotunun və hesabatlarının aparılması

dövlət kadastrının aparılması;

əhalinin məlumat almasının təmin olunması;

faciə və bədbəxt hadisələrin aradan qaldırılması;

tullantıların saxlanılması, istifadəsi və zərərsizləşdirilməsi ilə əlaqədar obyektlərin layihələşdirilməsi və tikintisi;

tullantılardan tam istifadə və onların əmələ gəlməsinin azaldılmasında iqtisadi, sosial və hüquqi şərtlərin təmin edilməsi;

tullantıların idarə olunmasının yerli Özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tullantılarla bağlı fəaliyyət nəticəsində çirklənmiş sahələrin bərpa edilməsi;

tullantıların emalı üzrə qurğuların sertifikatlaşdırılması və onların yerləşdirildiyi yerlərin qeydiyyata alınması, həmçinin təhlükəli tullantıların idarə edilməsi üzrə tələblərin həyata keçirilməsi;

tullantıların idarə olunması ilə bağlı qaydaların (daşınma, saxlanma və s.) işlənilməsi və bu qaydaların icrasının təmin edilməsi mexanizminin hazırlanması;

hər bir təhlükəli tullantı daşıyıcısının uçotunun aparılması və hər bir təhlükəli tullantı istehsalçısının hər il əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların növünü, miqdarmı, eləcə də emal və basdırılma üsullarını göstərməklə uçotunun aparılması.

qanunvericilikdə nəzərdə tutulan digər vəzifələrin həyata keçirilməsi.

M a d d ə 6 . Tullantılarla əlaqədar mülkiyyət münasibətləri

Xammal, material, yarımfabrikat, digər əşya və ya məmulatların, habelə malların (məhsulların) istifadəsi nəticəsində əmələ gəlmiş tullantılar üzərində mülkiyyət hüququ onları əmələ gətirən mənbələrin mülkiyyətçisinə məxsusdur. Tullantılar üzərində mülkiyyət hüququ tullantıların özgəninkiləşdirilməsi haqqında alğı-satqı, mübadilə, bağışlama müqaviləsi və ya digər sövdələşmə əsasında başqa şəxsə verilə bilər.

Mülkiyyətçi tullantılardan təkrar xammal kimi istifadə edilməsini və onların təkrar emal üçün digər müəssisələrə göndərilməsini təmin etməli, istehsal prosesində və xidmət sahələrində əmələ gələn, təkrar xammal kimi istifadə olunan, təkrar emal üçün digər müəssisələrə göndərilən, ləğv edilməsi məqsədilə müvəqqəti saxlanılan və ləğv edilməyə göndərilən tullantıların uçotunu aparır və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat təqdim edir.

Təhlükəli tullantıların ləğv edilməsi mövcud qanunvericiliyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının icazəsi və nəzarəti altında həyata keçirilir.

Təhlükəli tullantıların mülkiyyətçisi təhlükəli tullantıları başqa şəxsin mülkiyyətinə keçirə, əgər həmin şəxsin təhlükəli tullantıların idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirməyə hüququ varsa, mülkiyyətçi kimi qalaraq təhlükəli tullantılara sahiblik, istifadə və ya sərəncam hüququnu ona verə bilər.

Tullantıların üzərində mülkiyyət hüququndan imtina etmək məqsədilə onların mülkiyyətçi tərəfindən atıldığı, yaxud hər hansı başqa yolla saxlanıldığı təqdirdə mülkiyyətində, sərəncamında və ya istifadəsində atılmış tullantıların yerləşdiyi torpaq sahəsi, sututarı və ya başqa bir obyektin olduğu şəxs onların istifadəsinə başlamaqla və ya mülki qanunvericiliyə uyğun olaraq onların şəxsi mülkiyyətə çevrilməsini təsdiq edən digər hərəkətləri etməklə onların öz mülkiyyətinə çevirə bilər.

II fəsil
TULLANTILARIN İDARƏ OLUNMASINA DAİR TƏLƏBLƏR
Maddə 7 . Bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvinə aid tələblər
İstismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər:

ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə;

əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar.

Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır.

M a d d ə 8 . Tullantılarla bağlı istehsalat tələbləri

İstehsal prosesində hüquqi və fiziki şəxslər:

ətraf mühitin qorunması üçün, müəyyən olunan standartları, normaları və keyfiyyət üzrə tələbləri nəzərə almalı;

qanunvericiliklə nəzərdə tutulmuş hallarda təhlükəli tullantılarla bağlı fəaliyyəti xüsusi razılıq əsasında həyata keçirməli;

az tullantılı texnologiyaları mənimsəməli;

istehsal prosesində əmələ gələn tullantıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada inventarlaşdırmalı və bu barədə, eləcə də tullantıların dövriyyəsi haqqında müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] məlumat verməli;

tullantılarla bağlı istehsalat nəzarətini həyata keçirməli;

qəza hallarının qarşısının alınması üçün tədbirlər görməli, ekoloji tarazlığın pozulmasına səbəb olan qəza təhlükəsi yarandıqda və ya baş verdikdə bu barədə müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] və əhaliyə məlumat verməlidirlər.

Zərərsizləşdirilməsi mümkün olmayan təhlükəli tullantılar əmələ gətirən fəaliyyətin həyata keçirilməsi qaydası qanunvericiliklə müəyyən olunur.

M a d d ə 9 . Tullantıların emalı şərtləri

Tullantıların emalı zamanı aşağıdakılar təmin edilir:

tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi;

texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi;

tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması;

tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması;



ətraf mühitin mühafizəsi məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması;

yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması;

tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi;

tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi;

M a d d ə 10. Tullantıların emalı yerlərinə tələblər

Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır.

Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır.

Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır.

Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır.

Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər.

Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır.

M a d d ə 11. Tullantıların yerləşdirilməsinə tələblər

Tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir.

Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır.

Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyaclan üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır.

Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir.

Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır.

Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar.

Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-aynlıqda toplanmalıdır.

M a d d ə 12. Şəhərlərin digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblər

Zərərsizləşdirilmək məqsədilə məişət tullantıları əhali tərəfindən müəyyən olunmuş yerlərdə yerləşdirilməlidir. Müəyyən olunmayan yerlərdə bu tullantıların atılması, saxlanılması və basdırılması qadağandır.

Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir;

Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir.


Maddə 12-1. Bərk məişət tullantıları poliqonlarına dair tələblər

Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün sahə şəhər və digər yaşayış məntəqələrinin və şəhərətrafı zonaların planlaşdırılması və tikilməsi üzrə təsdiq olunmuş baş planlara və ya layihələrə uyğun olaraq ayrılmalıdır. Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün ərazi ekoloji normalara və Azərbaycan Respublikasının insan sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində digər qanunvericilik aktlarına cavab verməlidir.

Bərk məişət tullantıları poliqonlarında müəssisələrin tullantılarının yerləşdirilməsi ekoloji, sanitar-epidemioloji qaydaların və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir.

Onların öz-özünə alışıb yanmasının qarşısının alınması və xəbərdarlıq edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır.

Maddə 12-2. Əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsinə tələblər

Hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 12-3. Təhlükəli tullantıların idarə olunmasına dair tələblər

Ətraf mühitə və insan sağlamlığına zərərli təsirin təhlükəlilik dərəcəsindən asılı olaraq təhlükəli tullantılar müvafiq icra hakimiyyəti orqanlarının tullantıların idarə olunması sahəsində müəyyən etdikləri meyarlara uyğun olaraq təhlükəlilik dərəcələrinə bölünürlər.

Fəaliyyəti prosesində təhlükəli tullantıların əmələ gəldiyi fiziki və hüquqi şəxslər bu tullantıların konkret hansı təhlükəlilik dərəcəsinə aid olduğunu tullantıların idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş qaydada müəyyən etməlidirlər.

Təhlükəli tullantılar üçün pasport tərtib edilməlidir. Təhlükəli tullantıların pasportu təhlükəli tullantıların tərkibi və xüsusiyyətləri barədə məlumatlar, onların təhlükəlilik dərəcələrinin qiymətləndirilməsi əsasında tərtib olunur. Pasportlaşdırma qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Fiziki və hüquqi şəxslərin təhlükəli tullantıların əmələ gəlməsinə şərait yaradan fəaliyyəti ətraf mühit və insan sağlamlığı baxımından tullantıların təhlükəsiz idarə olunmasını təmin etmək üçün texniki və ya digər imkanlar olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Maddə 12-4. Tibbi tullantıların idarə olunmasına dair tələblər

Tibbi tullantıların idarə olunmasına dair tələblər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Müalicə-profilaktik və baytarlıq müəssisələrinin fəaliyyət profilindən asılı olmayaraq tibbi tullantılar toksiki və yoluxdurucu təhlükəlilik növünə görə qruplaşdırılır. Tibbi tullantıların hansı təhlükəlilik növünə aid edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.


Maddə 12-5. Neft, qaz və elektroenergetika sənayesində tullantıların idarə olunması

Neft, qaz və elektroenergetika sənayesində tullantıların idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.


Maddə 12-6. Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların idarə olunması sahəsində işləmələrinə icazə verilmiş şəxslərin peşə hazırlığına dair tələblər
Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların idarə olunması sahəsində işləmələrinə icazə verilmiş şəxslər (işçilər) təhlükəli tullantılarla işləmək hüququ barədə şəhadətnamələrlə (sertifikatlarla) təsdiqlənən peşə hazırlığına malik olmalıdırlar.

İşçilərin təhlükəli tullantılarla, habelə təhlükəli və son dərəcə təhlükəli tibbi tullantılarla işə buraxılmasına görə məsuliyyəti təşkilatın müvafiq vəzifəli şəxsi daşıyır.

M a d d ə 13. Tullantıların daşınmasına tələblər

Tullantıların müvafiq növ nəqliyyat vasitəsində daşınması qaydası, yükləmə və boşaltma işlərinin yerinə yetirilməsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına tələblər (norma və qaydalar) müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.

Nəqliyyat vasitəsinə yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantının daşınmasını həyata keçirənlər ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.

Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların nəqliyyat vasitələrində daşınması qaydası bu sahədə mövcud olan dövlət standartları və normativləri əsasında müəyyən olunur.

Təhlükəli tullantıların daşınması aşağıdakı şərtlərlə həyata keçirilməlidir:

təhlükəli tullantıların daşınmasına dair bildiriş;

təhlükəli tullantıların pasportunun olması;

xüsusi avadanlıqlar və işarələrlə təchiz olunmuş nəqliyyat vasitəsinin olması; təhlükəli tullantıların nəqliyyat vasitəsində daşınması ilə bağlı təhlükəsizlik tələblərinə əməl olunması;

təhlükəli tullantıların miqdarını, onların daşınma məqsədini və təyinat yerini göstərən sənədlərin olması.

Maddə 14. Tullantıların sərhədlərarası və tranzit daşınması

Təhlükəsiz emalı mümkün olmayan, habelə tranzit daşınmaq, basdırılmaq və zərərsizləşdirilmək məqsədilə bu tullantıların Azərbaycan Respublikasına gətirilməsi qadağandır.

Tullantıların istifadə edilmək məqsədilə Azərbaycan Respublikasının ərazisinə idxalı, habelə ixracı və tranzit daşınmaları qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli orqan tərəfindən verilən icazə əsasında həyata keçirilir.

Təhlükəli tullantıların sərhədlərarası daşınması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

III fəsil



TULLANTILARLA BAĞLI FƏALİYYƏTƏ NƏZARƏT

Maddə 15. Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti

Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] tərəfindən həyata keçirilir.

Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə:

hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması;

təqsirkar hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunan qaydada məsuliyyətə cəlb olunması;

qanunvericiliyin tələblərinin pozulması nəticəsində insan sağlamlığına və ətraf mühitə dəyən zərərin ödənilməsinə görə iddia qaldırılması;

mülkiyyətçilər tərəfindən tullantılarla bağlı uçot və hesabatın düzgünlüyü;

sanitariya, gigiyena, əksepidemik və təbiəti mühafizə tədbirlərinin yerinə yetirilməsinə, gigiyena və ekoloji normativlərə əməl olunması;

baş vermiş fəlakət və qəzaların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi;

mövcud istehsal proseslərinin tullantılarla əlaqədar təhlili, tullantıların həcminin və təhlükəlilik dərəcəsinin azaldılması imkanlarının araşdırılması;

əhalinin tullantılara dair informasiya almaq hüququna əməl olunması;

əhalinin sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyətin məhdudlaşdırılması, dayandırılması və ona xitam verilməsi barədə qərar qəbul edilməsi;

tullantıların idxalı, ixracı və tranzit daşınmasına nəzarət daxildir.

Maddə 16. Tullantılarla bağlı istehsalat nəzarəti

Tullantılarla bağlı təsərrüfat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar bu sahədə istehsalat nəzarətini təşkil etməlidirlər.

İstehsalat nəzarətinin məqsədi ekoloji, sanitariya və digər tələblərin yerinə yetirilməsini yoxlamaqdan ibarətdir.

istehsalat nəzarətinin təşkili qaydaları müvafiq qanunvericiliyə əsasən müəssisə və təşkilatlar tərəfindən müəyyənləşdirilir.

M a d d ə 17. Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət

Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət qanunvericilikdə müəyyən olunan qaydada ictimai birliklər, əmək kollektivləri və vətəndaşlar (əhali) tərəfindən həyata keçirilir.

Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir.

IV fəsil


TULLANTILARLA BAĞLI İQTİSADİ TƏNZİMLƏNMƏ

M a d d ə 18. Tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimlənmə

Tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimlənmə onun həcmi, təhlükəlilik dərəcəsi və yerləşdirilmə normativləri nəzərə alınmaqla tullantının toplanmasına, yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqq ödənilməsi prinsipinə əsaslanır.

Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqq tullantıların həcminin (kütləsinin), növünün və digər xüsusiyyətlərinin nəzərə alınması ilə müəyyən edilir və çirkləndirici tərəfindən ödənilir.

Hüquqi və fiziki şəxslərin ödəmələrindən əldə olunan vəsait təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə sərf olunur.

Tullantılarla əlaqədar iqtisadi stimullaşdırma formaları və onun tətbiqi mexanizmi, habelə tullantıların toplanmasına, yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqq ödənilməsi, onun həcmi və bölüşdürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.

M a d d ə 19. Tullantılarla bağlı normativlər

Tullantıların ətraf mühitə və insan sağlamlığına təsir həddini nizamlayan normativlər müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.

İdxal, ixrac və asqı-satqı obyekti olan tullantılar qanunvericilikdə müəyyən olunan qaydada sertifikatlaşdırılır.

M a d d ə 2 0. Tullantılarla bağlı dövlət uçotu və hesabat

Hüquqi və fiziki şəxslər tullantıların əmələ gəlməsinin, istifadəsinin, yerləşdirilməsinin, başqasına verilməsinin və ya satılmasının müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada və müddətdə ilkin uçotunu aparır, müvafiq dövlət orqanına hesabat təqdim edirlər.

Hüquqi və fiziki şəxslər tullantıların uçotu ilə bağlı informasiyanın qanunvericilikdə müəyyən edilən müddət ərzində saxlanılmasını təmin edirlər.

Tullantılarla bağlı dövlət uçotu və hesabatı vahid sistem üzrə hazırlanır və aparılır.
M a d d ə 21. Tullantıların dövlət kadastrı

Tullantıların dövlət kadastrına onların uçotuna dair sistemləşdirilən məlumatlar daxil edilir.

Tullantıların dövlət kadastrı tullantıların siniflərə (dərəcələrə) bölünmə sistemlərini, onların yerləşdirilməsi obyektlərinin siyahısını, bank məlumatlarını və tullantıların emal texnologiyalarını əks etdirir.

Tullantıların dövlət kadastrının aparılması qaydası və onun məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

V fəsil

YEKUN MÜDDƏALARI

M a d d ə 2 2. Beynəlxalq əməkdaşlıq

Tullantılarla bağlı fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həyata keçirilir.

M a d d ə 2 3. Mübahisələrin həll edilməsi

Tullantılarla bağlı mübahisələr qanunvericilikdə müəyyən edilən qaydada müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və yerli icra hakimiyyəti orqanları] və məhkəmələr tərəfindən həll edilir.

M a d d ə 2 4. Tullantılar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 30 iyun 1998-ci il

514-IQ





Yüklə 147,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə