Lecture 8 A. Aristotelin kosmoqoniya və kosmologiyası



Yüklə 89,12 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü89,12 Kb.
#12061


Lecture 8 

A.

 

Aristotelin kosmoqoniya və kosmologiyası 

Aristotel tam səma hadisələrini, hərəkəti 55 sfera ilə izah edirdi; Günəş, 

planetlər və tərpənməz ulduzlar büllur sferalar üzrə sabit sürətlə dövr 

edirlər. Ulduzların tərpənməz sferasından kənarda –“o tərəfdə” yerləşən 

xüsusi bir sfera vardır, ona ilk hərəkət verilib və bu, digər dövretmə 

hərəkətlərinin səbəbi, qaynağıdır. Hər sfera ardıcıl olaraq ondan kiçik olan, 

yəni mərkəzə-Yerə doğru baxdıqda ondan sonrakı sferanı hərəkətə gətirir. 

Aristotel Günəşdən istilik yayılmasını (Günəş od-alov deyil, efirdən 

ibarətdir) Günəşin Yer ətrafında dövr edərkən efirə təsir etməsi ilə izah 

edirdi. Aristotelə görə Bizim Qalaktika (Süd yolu) ulduzların  Yer ətrafında 

dövr etməsi nəticəsində buxarlanmanın alışması, alovlanmasıdır.  

Aristotel kainatın hərəkətsiz mümkün olmadığını söyləyir və hərəkəti qeyri-

maddi varlığın, düşüncənin, “ilk işəsalan”ın başladığını irəli sürürdü. Maddi 

kainatın hüdudlarından kənarda ilahi dünyanın varlığını qəbul edirdi. “Göy 

haqqında” əsərində o, yazırdı: “Göy yaradılmayıb və məhv ola bilməz...O 

əbədidir, başlanğıcı və sonu yoxdur”.   

Aristotel Yerin Kürə şəkilli olmasını təsdiqləyən faktları yada salır: Yer 

kürə şəkilli olmasa Ay tutulmasında onun kölgəsi əyrixətli olmazdı. O, 

şimala və ya cənuba səfər edərkən görünən ulduzların (üfüqün) vəziyyətinin 

xeyli dəyişdiyini, Yunanıstanda olduğundan fərqli ulduzlar göründüyünü 

həm yerin kürəşəkilli olması ilə, həmçinin bu kürənin səmavi ölçülərlə 

müqayisədə o qədər də böyük olmadığı ilə izah edirdi.  

Kainatın elementləri dairəvi hərəkət edirlər (Ayüstündə), sonsuz dairə 

yoxdur, yəni Kainat sonludur. Üstəlik sonsuz olardısa, onun mərkəzi 

olmazdı; Kainatın isə mərkəzi var –Yer kürəsi. Mükəmməl olan Kainat 

sferik şəkildə olmalıdır, çünki sfera yeganə mükəmməl fiqurdur; üstəlik 

sfera fırlanarkən tutduğu yer dəyişmir. Ayın işıqlı və qaranlıq hissəsini 

ayıran sərhəd xətti Ayın kürə şəkilli olduğunu göstərir. Ulduzlar da 

kürəşəkilli olmalıdırlar, çünki onlar özbaşına deyil, təsadüfən deyil, təbii 

olaraq hərəkət edirlər (xüsusi hərəkət üzvləri yoxdur!) və onlar üçün kürə ən 

uyğun şəkildir/formadır.  

Arisotelin sistemində Kallippin 34 sferasına əks istiqamətdə fırlanan daha 

22 sfera əlavə edilmişdi; bunlar daxili sferaları neytrallaşdırmaq (Saturn və 

Yupiterdə üç-üç, Mars, Venera, Merkuri və Günəşdə dörd-dörd) və növbəti 

planetə ancaq günlük fırlanma hərəkətini ötürmək üçündür

.

Ay axırıncı səma 




cismi olduğu üçün (tərpənməz ulduzlar sferasından yerı doğru baxanda) 

neytrallaşdırıcı sferalara ehtiyac qalmırdı.  

Ulduzların tərpənməz olmasını Aristotel göy qübbəsinin gün ərzində yer 

ətrafında fırlanması zamanı ulduzların eyni sürətə malik olması ilə izah 

edirdi. Göyün Yerə bir qədər yaxın olan hissəsi isə tam mükəmməl deyil və 

tam mükəmməl olmayan səma cisimlərinin - Günəş, Ay və planetlərin 

məskənidir. Planetlərin fırlanması, eləcə də sağa doğru hərəkəti zamanı 

qəribə geriləmələrin, hərdən sola doğru hərəkətlərin müşahidə olunması bu 

səma cisimlərinin mükəmməl olmadığına işarədir. Qeyri-mükəmməl 

meteoritlər, kometlər (“odlu meteorlar”) “Aydan aşağıdadır” (təbii ki, bu 

belə deyil-H.İ.) 

Əgər yer daimi dəyişmələrin, doğum və ölümün məskənidirsə, ölümlü-

olumlu dünyadırsa, göy əbədi və mükəmməl olanın məskənidir. Kainat 

sferalarının bir-birindən düz mütənasib (xətti) şəkildə aralı olması, yəni 

mərkəzdən məsafənin xətti artması kainata dayanıqlıq verir, kainat daxili 

sürtünməyə məruz qalsa da (və bu səbəblə sferalar qızsa da) “dağılmır”. 

Aristoteldə əsas səma cisimləri yerə yaxınlığına görə aşağıdakı ardıcıllıqla 

düzülüb: Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter, Saturn. Evdoks və 

digər riyaziyyatçı-astronomlar (Ptolomey də daxil olmaqla) kainatı 

öyrənmək üçün riyazi model qurmuşdular, Aristotel isə öz görüşlərini 

gerçək mexanizm kimi təqdim edirdi (məsələn, efir təbiətli şəffaf sferalar). 

Lakin Evdoksda olduğu kimi Aristotelin Kainatında da izahı olmayan 

suallar vardı: Venera və Mars`ın geriyə hərəkət zamanı başqa vaxtlarda 

olduğundan xeyli daha parlaq görünmələrinin səbəbi məlum deyildi.  

Aristotel əbədi olan ilkin ali təkanverici qüvvə (Tanrı) ilə yanaşı digər 

sferaların hərəkəti ilə məşğul olan əbədi, amma “daha kiçik” ilahi qüvvənin 

varlığına da işarə vururdu. Orta əsrlərdə Aristotelin bu fikirlərini Foma 

Akvinski xristian teologiyasına uyğunlaşdırılmaq istiqamətində inkişaf 

etdirmişdi.  

Meteorologiya və kimya üzrə əsərlər müəllifi idi. Aristotel dörd element və 

soyuq, isti, quru, yaş kimi xassələr vasitəsilə suyun dövranı, həmçinin 

atmosfer və okean arasında qarşılıqlı əlaqə, quru və dənizlərin ölçülərinin 

dəyişməsi kimi məsələlərə aid maraqlı fikirlər söyləmişdir. Lakin, 

Aristotelin bu əsəri əsasən özünü doğrultmayan mühakimə və nəticələrdən 

ibarətdir desək çox səhv etmərik. Aristotelin səhv nəzəriyyələri uzunömürlü 

oldu və onun böyük nüfuzuna görə elmin inkişafına müəyyən dərəcədə 

mane oldu. Heliosentrik sistemin təsdiqi üçün “Kopernik, Kepler və Qalileo 



həm Aristotel`lə, həm Bibliya ilə mübarizə aparmalı oldular”(B. Russell, 

səh. 206).  



B.

 

Aristotelin biologiyası 

Aristotel biologiya üzrə araşdırmalarında fizika ilə müqayisədə daha təcrübi 

olmuş, dənizçilər, xüsusilə balıqçılar, həkimlər və əkinçilərin bilik və 

müşahidələrindən istifadə etmiş, özü də tələbələri ilə birlikdə botanika, 

zoologiya, anatomiya, fiziologiya və psixologiya sahələrində mühüm 

müşahidələr aparmış (məsələn, Lesbos adasında Feofrastla birlikdə), 

deyilənə görə öz bioloji kolleksiyası olmuşdur. Makedoniyalı Aleksandrın 

yürüşləri və bəzi digər səfərlər zamanı Aristotelin bitki və bağ 

kolleksiyasının zənginləşdirildiyi güman edilir.  

Ən böyük uğurları (az olmayan ziddiyyətləri və səhvləri ilə yanaşı) bir sıra 

hallarda dərin müşahidələr aparmağa müvəffəq olduğu zoologiya üzrədir 

Biologiya üzrə baş əsəri 9 kitabdan ibarət olan “Heyvanların tarixi”dir. 

Heyvanlar aləminin təsnifatını vermiş, 500-dən artıq heyvan adı çəkmiş, bir 

çoxlarının ətraflı təsvirini vermişdir (özü yarma-kəsmələr etmişdir). Dəniz 

heyvanları, həmçinin quşlar barədə müşahidələri xüsusilə incə və 

uzunömürlü olmuşdur. Heyvanları “qanlı” (istiqanlı, qırmızıqanlı?) və 

“qansız” (soyuqqanlı?) kimi iki sinfə ayırmışdır. Qanlıları bala doğan 

dördayaqlılar (məməlilər), yumurta ilə çoxalan dordayaqlılar, dəniz 

məməliləri və quşlar altsiniflərinə ayırmışdır. Qansızları isə ilbizlər 

(mollusks), xərçəngəbənzərlər (crustacea), qınlılar-zirehlilər (testacea) və 

həşarətlər-cücülər altsiniflərinə bölmüşdür. O, delfinlərin (həmçinin balina 

və su donuzlarının) suda yaşamasına və balıqlara oxşamasına baxmayaraq, 

onların bir çox cəhətlərə görə balıqlara deyil, quruda yaşayan heyvanlara 

oxşadığını yazır. Delfin istiqanlıdır, onun ciyərləri var və o, hava ilə nəfəs 

alır. Delfin qidalanma cəhətdən də balıqdan fərqlidir. Suda yaşayan və 

qismən suda yaşayan heyvanları (timsah, qunduz) fərqləndirir, onları (və 

ümumiyyətlə canlıları, müqayisəli şəkildə) anatomik və həyat tərzi 

baxımından təsvir edirdi.  

Aristotel canlıların əmələ gəlmə və inkişafı barədə fikirlər yürütmüş 

(cücənin inkişafını dəqiq təsvir edə bilmişdi), əmələ gəlmənin mütləq bir 

səbəb üzündən baş verdiyini və nəticədə hazırkı vəziyyəti aldığını deyirdi. 

O, doğum zamanı ürəyin vurmasını həyatın ilk işarəsi hesab 

etmişdi.Aristotelin metafizikasına görə mayalanmış yumurta və ya rüşeym 

potensial insandır, doğulub böyüməkdə olan insan (məsələn, kitab oxuyan) 

isə aktual/gerçək insandır. O, ibtidai rüşeymin canlıya çevrilməsini 



ibtidaidən, mükəmməl olmayandan mükəmməlliyə keçid, yəni aşağı 

formadan yuxarıya keçid və ya təkamül kimi qiymətləndirirdi. Aristotel bir 

tərəfdən yeni insanın və heyvanın doğulmasında ata və ananın hər ikisinin 

mühüm və bənzər rol oynadığını, iki tərəfdən də “toxum”un iştirak etdiyini 

deyir, uşaqların öz valideynlərinə bənzəməsini də bununla izah edirdi 

(valideyndə olan çapıq həmin yerdə övladda da təkrar oluna bildiyini qeyd 

edirdi). Digər yandan isə atanın/erkəyin daha tam və “isti”, ananın/dişinin 

isə tamamlanmamış/soyuq olduğunu iddia edirdi (?). İstilik mükəmməlliyə 

yaxınlıq demək idi. Aristotelə qədər hakim olan baxışa görə övlad erkəyin 

içindən hazıra yaxın vəziyyətdə bir toxum kimi gəlir, qadın sadəcə övladın 

dünyaya gəldiyi yer/məkan rolu oynayır. Aristotel burada qadının da mühüm 

olduğunu desə də, onu “eyni dərəcədə mühüm” hesab etmir. Ana yumurtası 

maddədir, ata ona daha yüksək statusu olan forma verir. Atanın toxumu 

qandan tam bişmiş şəkildə əmələ gəlir və ona forma/şəkil vermək olur, 

ananın sperma “toxum”u isə yarıbişmiş olur.  

Qan damarların bağırsaqlardan sorduğu qidadır deyir və qanın azalmasını 

bu baxımdan qidalanmanın durması və ya zəif olması ilə əlaqələndirirdi. 

Aristotel`in irsiyyət sahəsində maraqlı fikirləri vardı.Atası zənci, anası 

yunan olan ailənin uşaqları hamısı ağ rəngli olmuş, nəvələr arasında isə 

zəncilər də doğulur; Aristotel zəncilik ünsürlərinin orta nəsildə, yəni 

övladlarda necə gizləndiyi məsələsini qoymuşdu. 

Canlı orqanizmin orqanları birlikdə onun bədənini təşkil edir, forması isə 

həmin orqanları vahid üzvi varlıq kimi təşkil edən, bəslənmə, böyümə, 

çoxalma, hiss və hərəkəti müəyyən edən ruhdur. Böyümənin səbəbi istilik-

hərarətdir (“heyvani istilik”dir, həyat verən, canlı saxlayan qüvvədir). Bu 

hərarətin qaynağı ürəkdir, qanın qaynaması damarların/nəbzin vurmasına 

səbəb olur. İnsanı heyvanlardan fərqləndirən ağıl və ruh da ürəkdədir. 

Ürəyin hərarəti ağciyərləri genişləndirir, yeni hava çıxır, qanla təmas edərək 

köhnəlir (qan onu qızdırır, o, qanı soyudur). Beyin qızmış qanı, daxili 

hərarəti soyudur (ifraz etdiyi seliklə), nizamlayır. Beyin soyuq, onurğa iliyi 

isə istidir. Bağırsaqlar ürəyin köməyilə qidanı bişirir. 

Bitkilərdən fərqli olaraq heyvanlar hissetmə və hərəkət orqanlarına 

malikdirlər, insanlar isə əlavə olaraq rasional ruha, düşüncə qabiliyyətinə 

sahibdirlər. İnsan və ali (kamil) heyvanlar dişi maddəni (menstrual qanı) və 

erkək formanı-ruhu (toxum) verməklə yeni canlını meydana gətirirlər. İkinci 

sinif heyvanlar içəridə yetişdirilmiş yumurta ilə bala çıxarır, daha aşağı sinif 

olan qansızlar isə sürfə (grub, maggot) ilə çoxalırlar (sürfə sonra yumurtaya 

çevrilir). Qanlı heyvanların öz istiliklərini soyudan mexanizmə ehtiyacları 




var. Nəfəs almada soyuma vəzifəsini havanı alan ağciyərlər, balıqlarda isə 

bu işi su görür. Aristotelin orqanlar sıralamasında ürək hiss və duyğuların 

yuvası olmaqla mərkəzi orqandır. Aristotel tək insanın deyil, heyvanların da 

ruhu olduğunu iddia edirdi.  

Aristotel qulağın quruluşunu nisbətən yaxşı bilir, görməni Empedokles kimi 

obyektdən çıxan hissəciklərin gözə, gözün nəmliyinə toxunması ilə izah 

edirdi. Aristotel zooloji araşdırmaların mühüm olduğunu, buna az fikir 

verildiyini qeyd edirdi (“Heyvanların hissələri haqqında”). 

Hətta daha çox uğur qazandığı biologiyada Aristotelin səhvləri az deyil. 

Yuxarıda deyilənlərə əlavələr: bitkilərdə erkək-dişi olmur, ağlın əsas orqanı 

ürəkdir, beyin ürəyin qızmasının qarşısını almaq, onu soyutmaq üçündür; 

arteriya və vena arasındakı fərqi dərk edə bilməmişdi...O, qan damarları və 

onların növləri, əzələlər, qabırğalar (guya hər tərəfdə 8 qabırğa var) 

haqqında bir şey bilmirdi. Bioloji sistemində də, fəlsəfi sistemindəki kimi 

qadınlara aşağı yer verir, diş sayının qadınlarda kişilərdən az olduğunu iddia 

edirdi. 


 

C.

 

Fəlsəfə və onun sahələri 

Fəlsəfəni insanın özünü dərk etməsi, insanın həyatın mənası üzərində düşünməsi 

və bir şeylər anlaması, bilik və dəyərlər sistemi kimi anlayanlar da, onu xüsusi 

həyat tərzi ilə səciyyələndirənlər də olmuşdur. Əsil fəlsəfə ağlın hüdudlarını 

qavramaqdır (Nietzsche), “fəlsəfə qarın doyurmaz, amma ruhu təmin edər” (W. 

James).  

Qautam bir hökmdar oğlu idi, amma xoşbəxtliyi zənginlikdə görmürdü. Zəngin 

həyatdan uzaqlaşıb ağrı-acını dəf etmək üçün düşünməyə, yol axtarmağa başladı. 

Həqiqəti dərk edəndə “Budda”, yəni “oyanmış”, “aydın olmuş” adını aldı. Həqiqət 

ifrata varmalar arasındakı “orta yol” imiş. Konfuçius insanın fəzilət sahibi 

olmasını, belə olduqda dövlətin daha yaxşı idarəediləcəyini irəli sürdü. Onun 

fəlsəfi idealı yaxşı, fəzilətli insan və yaxşı təşkil olunmuş cəmiyyət idi. Platona 

görə fəlsəfə “ölüm üçün bir hazırlıqdır” (bu dünya əsas/gerçək deyil).  

Amma fəlsəfənin bir zehni fəaliyyət olduğu şübhə doğurmur. Düşünmə sənətidir 

fəlsəfə. Fəlsəfə “böyük” suallar və məsələlər üzərində sistemli, azad, tənqidi 

düşüncədir. Həyat nədir? Var olan nədir? Xoşbəxtlik nədir? Bilmək nədir? 

Düşüncə və bədən arasında nə əlaqə var? 



Fəlsəfə ayrı-ayrı elmlərin məşğul olmadığı çox ümumi suallar üzərində çərçivəsiz 

düşünmədir. Fəlsəfə elmdir, ya sənət? Yaspers: Fəlsəfə bir hədəfə, bir nəticəyə 

çatmaq deyil, daima yolda olmaqdır!  

“İnsan heyvanla Tanrı arasında gərilmiş bir ipdir”(Nietzsche). İnsan ağlı və iradəsi 

olan canlıdır, o nə heyvandır, nə də Tanrı. Alışqanlıqdan, ətalətdən, ənənədən azad 

düşüncə qabiliyyəti tələb edir fəlsəfə, əks halda heyrətə yer qalmaz və “böyük” 

suallar yaranmaz. Şübhə də mühümdür, “şübhədir hər həqiqətin anası” (H. Cavid). 

Şübhə və maraq! 

İnsanın nə və kim olduğunu düşüncə tarixindən, o cümlədən fəlsəfədən bir qədər 

anlamaq mümkündür. Çox şeyi seçə bilməmişik - valideynlərimizi, vətənimizi, 

dilimizi, dinimizi, boy-buxunumuzu,... Əlimizdə olan, seçə biləcəyimiz şeylər 

arasında ən qiymətlisi özümüzü inkişaf etdirməkdir. Bilik qazanmaq,önyarğısız 

düşünmə qabiliyyətinə malik olmaq, xarakterimizi yaxşılaşdırmaq, özümüzü 

yetişdirmək mümkün deyilmi? 

Fərdin azadlığı və cəmiyyət qarşısında məsuliyyət bir-birinə mane olmurmu? 

Demokratik mədəniyyətin formalaşmasında fəlsəfənin də payı var. Bilik/elm və 

fəlsəfə fərqli insanları bir-birinə yaxınlaşdırır, eyni yerə yığır. Bu fərqlilikləri 

görməklə, səbəbini anlamaqla xoşqılıqlı olmaq ehtimalı artır. Özünü dərk edən 

başqalarını qəbul etməyə çalışır, bu belədirmi? Gerçək, həqiqət fərqli 

düşüncələrdən doğur. Voltaire: “Söylədiklərinizin heç birində sizinlə eyni görüşdə 

deyiləm, ancaq onları söyləmə haqqınızı ölüncəyə qədər müdafiə edəcəm”. 

Platonun olimpiadaya 3 növ insanın gəldiyini deyir: idmançılar-şöhrət sevənlər; 

satıcılar-pul və maddə sevənlər; ziyalılar-müdriklik sevənlər (öyrənmək, anlamaq, 

səbəbləri bilmək-nə pul, nə şöhrət).  

Fəlsəfə bir dildir - anlayışların dili, dəyərlərin dili, ideyaların dili. Düşüncə ilə dil 

və danışıq arasında birbaşa əlaqə varmı? Biri o biri olmadan mövcud olub fəal ola 

bilərmi? Çox zaman mənfi cavab verirlər. Düşüncənin fəallığı onun sözlə ifadəsi 

deyilmi? Sözlərin ifadə etdikləri qavramlar düşüncənin daşıyıcıları deyillərmi? 

Fəlsəfə təvazökarlıq sevir. Filosof mütləq həqiqətə sahib deyil, müdrik də deyil, 

bilmək istəyən, heyrət edə bilən, müdrikliyə can atandır. Filosof kimdir? Hər şeyi 

sağlam, amma şübhəçi, üsyankar ağlın süzgəcindən keçirən; analiz (anlayışları 

hissələri ilə qavramaq) və sintez edən (hissələrdən inşa edən) düşüncə, yəni 




analitik (ayırıcı) və sintetik (qurucu) düşüncə sahibi; mütləq, tam və qəti həqiqətə 

iddia etməyən (elmdən fərqli olaraq); təcrübənin qulu olmayan;  

Fəlsəfənin məşğul olduğu, əhatə etdiyi məsələlər 3 əsas hissəyə/başlığa ayrıla bilər: 

Bilik/bilgi, varlıq, dəyər! 



Bilgi fəlsəfəsi.Epistemologiya/Bilik nəzəriyyəsi. Bilgi nədir? Onun doğru olub-

olmamasını necə bilmək olar? Bilginin qaynaqları.. Subyektlə (bilmək istəyənlə) 

obyekt (bilinilməsi istənən) arasında münasibət. Biliyin imkanı və imkansızlığı, 

qaynağı və ölçüləri. Məntiq –zehnimiz düzgün şəkildə necə işləyir? Şübhəçi 

(skeptik), empirist (əsas olan təcrübədir. Tabula Rasa), rasionalist (bilik əldə etmək 

üçün sağlam düşüncə kifayətdir, təcrübəyə ehtiyac yoxdur), intuisionist, pozitivist, 

praqmatistlər,... 

Məntiq-düşüncənin/zehnin prisipləri. Deduksiya, silloqizm, induksiya. 

Düşüncənin, zehnin qramatikasıdır Məntiq. 

Elm fəlsəfəsi. Elmi biliklərin özəllikləri. Elmi nəzəriyyələrin təbiəti. Elmin 

qanunları. Elmdə kumulyativlik.  



Varlıq fəlsəfəsi/Ontologiya. Varolan nədir? Gerçəklik nədir? Varolanın təbiəti və 

növləri. Zehin/ağıl və bədən münasibəti? Determinizm və azad iradə. Şüur-

materiya: dualizm (şüur materiyadan ayrı mövcuddur)-monizm. Kosmoqoniya. 

Zaman nədir? Materializm və idealizm.  

Bunları nəzəri fəlsəfə adlandırmaq olar. Metafizika?! (Aristoteldə “ilk fəlsəfə”): 

Varlıq fəlsəfəsi+Kosmoqoniya (kainatın mənşəi) və ya nəzəri fəlsəfə (sinonim 

kimi). Universallar. 

Əxlaq fəlsəfəsi/Etika/Moral Philosophy. Həyatın mənası? Xoşbəxtlik, azadlıq, 

məsuliyyət. Niyyət, ya nəticə? (olmalı olanlar! Olanları isə psixologiya öyrənir) 



Siyasət fəlsəfəsi. Siyasi anlayışların təbiəti. İnkişafın əsası nədir – azadlıq, 

iqtisadiyyat, hakimiyyət əzmi, tanınma/şöhrət hissi, yaşamaq uğrunda mübarizə, 

yaradıcılıq ehtirası? Normativ yanaşma: dövlət, siyasət necə olsa yaxşıdır? 

Hakimiyyət kimlərin olmalıdır? Mövcud vəziyyəti, olanları isə siyasi elmlər 

öyrənir. 



Din fəlsəfəsi. Tanrı!? Ağıl və inanc arasında münasibətlər. Dostoyevskiy: Tanrı 

yoxsa, hər şeyə izin var!? 



Sənət fəlsəfəsi/Estetika. Gözəllik duyğusu. Zövq. Sənət və doğru. Sənət və əxlaq. 

Təqlid. Romantizm... 



Təhsil fəlsəfəsi. Tarix fəlsəfəsi. Dil fəlsəfəsi. Hüquq fəlsəfəsi... 

Fəlsəfə qədim zəka fəaliyyətidir, psixologiya/ruh fəlsəfəsi ondan ayrıldı. 

Sosiologiya və antropologiya nisbətən daha yeni fəaliyyət sahələridir. 

D.

 

Aristotelin metafizikası 

Aristotel öz metafizika sistemini əsasən ardıcılları tərəfindən “Metafizika” 

adlandırılmış əsərində qurmuşdur. Əsərin ilk cümləsi belədir: “All men by 

nature desire to know”. Aristotel üç növ elmdən söhbət açır: nəzəri elmlər 

(görməyə, seyr etməyə, mühakimə yürütməyə əsaslanan, şeylərin təbiətini 

anlamağa çalışan; məsələn, fizika, riyaziyyat, metafizika/teologiya-

gerçəkliyi və varlığı araşdıran “ilk fəlsəfə”), poetik və ya 

məhsuldar/yaradıcı elmlər (yaratmağa, meydana gətirməyə əsaslanan; 

məsələn, sənətlər, o cümlədən incəsənət, poeziya, musiqi) və əməli və ya 

praktik elmlər (icra etməyə, həyata keçirməyə əsaslanan; məsələn, yaxşılıq 

və ya pislik etmək, əxlaq, siyasət). Bunları bir düşüncə tərzi kimi də şərh 

etmək olar. Platon riyaziyyatı ən yüksək elm saydığı halda Aristotel riyazi 

obyektlərin müstəqil varlıqları yoxdur deyir və fizikanı riyaziyyatdan üstün 

tutur. Fiziki obyektin bütövləşmiş maddi və forma tərəfi, riyazi obyektin 

ancaq forma tərəfi var. O, riyazi obyektləri ağlın məhsulu deyil, hisslər 

aləmindən mücərrədləşdirmək yolu ilə alınmış varlıqlar kimi şərh edirdi. 

Aristotelə görə birinci yerdə metafizika, ikincidə fizika, üçüncüdə riyaziyyat 

durur. 


Aristotel varlıq məsələsini araşdırarkən həm ümumiyyətlə varlığı 

(Ontologiya), həm də ən mükəmməl, ən tam varlığı, yəni Tanrını 

(Teologiya) başa düşür.Yunan fəlsəfəsi “dəyişməyən nədir?” sualına cavab 

aramış və müxtəlif cavablar təklif etmişdi (su, hava və s.). Herakleitos isə 

hər şeyin dəyişdiyini söyləmişdi. Aristotel varlığı çoxmənalı, çoxanlamlı bir 

şey kimi şərh etmiş, Platon`la müqayisədə varlığa daha geniş anlam vermiş, 

daha çevik, daha yumşaq yanaşma göstərmişdir. O, İdeyaları və ya 

Aristotelin öz termininə görə Formaları da, maddi olanı da varlıq kimi qəbul 

etmişdir. Bu yanaşma nə materializm, nə idealizmdir -bu dünya ilə tam 

əlaqədə olmaq və...materialist olmamaq nəzəriyyəsidir!! 




Fərdi olan varlıqlar dəyişən (amma onlar maddi və müstəqil varlığa 

sahibdirlər), İdeyalar və ya Formalar isə dəyişməyən (və müstəqil varlığa 

sahib olmayan) varlıqlardır (Platonda varlıq bu ikincilərdir). Formalar 

universaliyanı təcəssüm edirlər, onlar növü göstərirlər, xüsusi olanı deyil. 

Eyni zamanda onlar öz-özlərinə görünmürlər, yalnız xüsusi vasitəsilə 

görünürlər. Xüsusi olanı Aristotel substansiya adlandırır (“Vasif” 

substansiya, “insan” isə universaliyadır). Yəni burada bir linqvistik 

hadisədən, xüsusi və ümumi isim və ya sifətlərdən söhbət gedir. Onu da 

deyək ki, Aristotel`in daxil etdiyi çoxsaylı terminlərin böyük hissəsi elmdə 

yaşadı! Məhz bu lingvistik baxımdan da Aristotelin “mahiyyət” anlayışına 

verdiyi əhəmiyyəti vurğulamaq mümkündür. Mahiyyət obyektə xas olan, 

onu müəyyən edən əsas keyfiyyətdir, bu keyfiyyətsiz həmin obyekt (əşya, 

şəxs) tanınmaz, yəni bu keyfiyyət dəyişsə obyekt həminki obyekt deyil. 

Maddiyyət əvəzinə funksionallıq (nə? necə? nə üçün?), yəni obyektin 

mahiyyəti (essence) önə çəkilir. Aristotel gözəl misal çəkir: baltanın ruhu 

olsa, o ruh kəsməkdən ibarət olardı.  

Aristotel Platondan fərqli olaraq ümumi və ya mücərrəd olanın (məsələn, 

insan, at) deyil, xüsusi, konkret və ya fərdi olanın (Vasif, Altay, John; Qırat, 

Bozat) müstəqil varlıq olduğunu deyir. B. Russell`ə görə bəzən elə təsəvvür 

yaranır ki, Aristotel “yeni lüğət vasitəsilə Platonizmi izah edir” (səh. 165). 

B. Russell Aristotel metafizikasının qeyri-müəyyənliklərindən, birqiymətli 

anlaşılmadığından, neqativlərindən danışır. Biz pozitiv düşüncə ilə Aristotel 

metafizikasının əsaslarını anlamağa çalışırıq.  

Aristotel aşağıdakı dörd növ dəyişmənin olduğunu deyir: 1) məkanda 

yerdəyişmə, 2) keyfiyyət dəyişməsi (xəstələnmə kimi), 3) böyümə və ya 

kiçilmə, 4) doğulma və yoxolma. O, dəyişən şeyə maddə, maddədə baş 

verən, bir-birini əvəz edən keyfiyyətlərə isə forma deyir. Forma (keyfiyyət) 

ancaq maddə ilə birlikdə vardır, müstəqil olaraq deyil. Maddəsi olmayan tək 

varlıq Tanrıdır. Tanrı saf formadır, heç bir maddə qarışığı yoxdur. Tanrının 

təbiəti düşüncədən və ya əqli fəaliyyətdən ibarətdir. “İlahi düşüncənin 

düşündüyü şey onun özü olmalıdır,...onun düşüncəsi düşüncənin 

düşüncəsidir” (1074b). Yəni Tanrı düşünəndir, düşünüləndir və düşüncədir, 

bu səbəblə də ən yüksək, ən mükəmməl həyatdır, yəni xoşbəxtlikdir. Tanrı 

nə kainatı, nə də insanı yaratmamışdır, bir növ kimi insanlar da əzəli və 

əbədi varlıqlardır. Aristotelin dünyanı və insanı yaratmayan, onlarla 

maraqlanmayan Tanrısı böyük dinlərin Tanrısından köklü surətdə fərqlidir.  

Maddə qeyri-müəyyəndir, onu müəyyən edən, ona keyfiyyət verən 

formadır. Bu baxımdan elmin mövzusu maddə deyil, formadır. Maddə 




potensial, onun aktualı isə formadır. Ay-altı dünyada dörd təməl 

elementlərin qarışmasından minerallar və canlıların ən bəsit hissəsi olan 

toxumalar əmələ gəlir.  Toxumalarda orqanlar, orqanlardan orqanizmlər 

əmələ gəlir. Heyvanlar orqanizmlərdirlər. Ən yüksək dərəcədə təşəkkül 

tapmış heyvan və ya varlıq isə insandır. İnsanın maddəsi onun bədəni, 

forması isə düşünən varlıq olan ruhudur. Aristotel növlər arasında keçişin 

mümkünlüyünü qəbul etmir. Növlər sabitdir. Aşağı növdən olan varlıqlar 

yuxarı növdən olan varlıqların maddəsi ola bilir. Aristotel dəyişmələri, 

xüsusilə üzvi aləmdə, başqa bir cəhətdən də təhlil edir. A adlı şeyin dəyişib 

B adlı başqa bir şey olması necə baş verir? Məsələn bir toxum necə ağaca 

çevrilir? Görünür ki, A hələ A ikən (bir fakt kimi) həm də potensial olaraq 

B-dir (yəni B-yə çevrilmək imkanı var). Toxum var olduğu anda, bir fakt 

kimi toxumdur, ancaq gizli bir güc kimi, daxili bir qüvvə və ya potensial 

olaraq həm də ağacdır. Eynilə bir uşaq çox ehtimal ki (sağ qalsa), böyüyüb 

yetkin bir adam olacaq. Potensial qüvvə sanki ağılda, zehindədir, baxılan 

zamanda faktik olaraq yoxdur, görünmür. Lakin bəlli şərtlər daxilində 

toxumun ağaca çevrilə bilməsi (hətta mütləq belə olacağı) məlumdur. 

Tanrıda maddə yoxdur, potensial yoxdur, o, tam aktualdır. 



E.

 

Aristotelin məntiqi 

Aristotel dövründə yunancada məntiq (loqikhe) sözü yoxdu və o, “analitik” 

kəlməsindən istifadə etmişdi (logik sözü isə dialektika sözünə yaxın məna 

daşıyırdı). Məntiq üzrə əsərləri küllisinə “Orqanon” (alət, vasitə) adını onun 

ardıcılları vermişdi. Aristotel məntiqi zəka fəaliyyətinə giriş kimi anlayır, 

onu elm deyil, sənət, üsul sayırdı. İki təklifdən üçüncünün bir nəticə olaraq 

alınması (doğru olması) deduksiyadır; məsələn, “bütün insanlar ölümlüdür”, 

“Sokrates insandır”, deməli “Sokrates ölümlüdür”. Aristotel anlayışları 

“kateqoriyalar” adlandırır (yer, zaman, keyfiyyət, kəmiyyət kimi). Onlar bir-

birindən asılı olmayan, biri digərinə keçməyən varlıq tipləridir. Anlayışlar 

arasında münasibəti, onlar arasındakı əlaqəni bildirən təkliflər məntiqin 

digər təməl hissəsidir. Aristotel əsasən iki fikirdən üçüncünün bir nəticə 

olaraq alınması tipli məntiqi silloqizmi araşdırır. 

Aristotel “Sokrates”i kiçik, “insan”ı orta və “ölümlü”nü böyük 

termin/qavram sayır (xüsusidən ümumiyə); çoxluqlar mənada Sokrates 

insanlar çoxluğuna, insan ölümlülər çoxluğuna daxildir. B.Russell 

Aristotelin “bütün yunanlar insandır” kimi ilkin şərtin yunanların 

varlığından asılı olduğunu, bunu zəif nöqtə olduğunu qeyd edir; eynilə 

“bütün insanlar ölümlüdür” kimi ilkin şərtin induksiyaya əsaslandığını, 

ancaq təcrübədən irəli gəldiyini, bu ilkin şərtin metafizik səhv olduğunu 




qeyd edir; hələ ki, sağ yaşayan insanlar var bu ilkin şərt formal məntiq 

baxımından yəqin deyil, ancaq ehtimaldır.  

Deduksiya elmin üsuludur, elm səbəbdən nəticə almaqdır. Lakin Aristotel 

elmdə deduksiyanın yetərli olmadığını, müşahidə və sınaqlar aparılması və 

onlardan nəticə çıxarılması, yəni induksiyanın zəruriliyini deyirdi. 

Ümumidən xüsusiyə, xüsusidən ümumiyə - hər ikisi vacibdir. Birincisi ağlın 

qüdrətini, şübhəsizliyi göstərirkən, ikinci daha anlaşılan və daha geniş 

yayılmış olandır. Lakin müşahidə və sınaqların tam əhatəli ola bilməməsi 

problemi də mövcuddur.  

Aristotel elmdə səbəblərdən bəhs edərkən ən yaxın səbəblərin mühüm 

olduğunu deyir; məsələn, insandan bəhs edərkən vacib olan onun heyvan 

olması və ya daha ümumi desək, dörd təməl maddədən ibarət olması deyil, 

düşünən varlıq olmasıdır. O, doğruluğu tam məlum olmayan, amma 

ağlabatan  təkliflərin də deduksiya yolu ilə araşdırılması və ağlabatan 

nəticələrin əldə edilə bilməsinə etiraz etmir. Aristotel sofistik 

mühakimələrin, yanıltmacların da təbiətini təhlil etmiş, ümumiyyətlə, dil 

fəlsəfəsinə də öz töhfəsini vermişdi.  

Aristotel məntiqin əsaslarını yazan, məntiqi sistemləşdirən ilk şəxsdir, özü 

də bunu qeyd edir. O, baxılan obyektlərin təbiətindən asılı olmayan sabit 

qaydaları müəyyən etmiş, onların vasitəsinə silloqizmin müxtəlif şəkillərini 

təhlil etmişdir. Neoplatonçuluqda Aristotelin məntiqini əsasən Platon 

fəlsəfəsinə mütləq giriş olaraq daxil edir, qiymətləndirirdilər. “17-ci əsrə 

kimi Aristotel məntiq üzrə nüfuz sahibi idi” 

(Nicolas Burbaki. Eléments 

d`histoire des mathématiques, Hermann. Rusca: səh. 14). 

Kant Aristotel 

məntiqindən sonra məntiqdə kəşf etməyə çox şey qalmadığını düşünürdü 

(“Saf Ağlın Tənqidi”).  



Aristotel ruh haqqında  

Aristotel “Ruh haqqında” əsərində Ruhun təbiətini araşdırmışdır. Yaşayan 

təbii cisim maddəyə və formaya malikdir, onların sintezidir, ruh onun 

formasıdır, zehni (passiv) fəaliyyətidir, ona xas olan fəaliyyətdir, onun ilk 

fəaliyyətidir, onun təbiətidir. Yatan adamın ruhu tam fəal deyilsə də, o var, 

zamanında (oyananda) fəallaşa bilir. Bədən ruhun maddəsidir, qüvvəsidir. 

“Əgər göz bir heyvan olsa, görmə onun ruhu olardı, balta bir canlı olsaydı, 

kəsmə onun ruhu olardı”. Deməli, ruh bədəndən ayrılmazdır. Platondan 

fərqli olaraq Aristotelin ruh nəzəriyyəsində bədən lazımsız və ya zindan 

deyil.  



Bitkinin ruhunu “bəsləyici” (törəmə, yeni nəsil əmələ gətirmə də buna 

daxildir), heyvanın ruhunu “duyğulu”, insanın ruhunu “ağıllı” ruh kimi 

səciyyələndirmək olar. Ağıllı ruh həm də duyğulu və bəsləyicidir, duyğulu 

ruh həm də bəsləyicidir. Duyma, onun üstündə xəyal gücü (təxəyyül), onun 

da üstündə düşünmə yer alır; onlar bir-birindən təcrid olunmayıb, əksinə 

bir-birinə təsir edir, bir-birinin içinə girir. Bilmək, bilik əldə etmək 

duyğudan təxəyyülə, təxəyyüldən təcrübəyə, təcrübədən mühakiməyə, və 

nəhayət qavramağa uzanan bir yolda əldə edilir.  

Aristotelə görə ruh bədənlə birlikdədir, bədəndən ayrı mövcud deyil, ruh 

köç etmir (Pifaqorçuların tam əksi!) və ruh bədənlə eyni zamanda ölür. Ruh 

bədənin/maddənin formasıdır, aktuallığıdır, bədənin mahiyyətidir. Ağıl/zəka 

ruhdan yüksəkdir, ağlın təbiəti mürəkkəbdir, o, sanki başqa növ (yüksək!?) 

ruhdur və ayrı yaşaya bilir, əbədi və ölümsüzdür; riyaziyyatı və fəlsəfəni 

anlayan, qavrayan odur (?!) 

(Ruh haqqında, 407-415)

. Düşünən və ya ağıllı ruh 

nədir? Biliyi yaradan, meydana çıxaran Fəal Ağıl`dır, passiv ağıl deyil. Fəal 

ağıl işıq kimidir, onun sayəsində passiv ağıl fəallaşır. Aristotel “yalnız fəal 

ağıl ölümsüz və əzəli-əbədidir” deyir. Fəal Ağlın nə olduğu haqqında böyük 

mübahisələr olub (Tanrı deyilsə, ali bir mövqedədir...). Aristotel praktik 

ağlın arzudan, nəzəri ağlın isə düşüncədən doğduğunu deyir. Xəyal gücünü 

də, düşüncəni də fəallaşdıran arzu olsa da, bir şeyin yaxşı və ya pis olması 

düşüncənin uyğun olaraq təsdiq və ya inkar etməsi ilə bağlıdır. Bir şeyin 

həyata keçməsi üçün arzu və düşüncə birləşməlidir. Ağıl/Ağıllı ruh insanın 

özündən yüksəkdə durur, onda bir ilahilik var, onun idarəsində/iradəsində 

olan həyatda bir ilahilik var. 



 

Yüklə 89,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə