MəDƏNİYYƏt və turizm naziRLİYİ zaqatala rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ zaqatala rayon məRKƏZLƏŞDİRİLMİŞ kitabxana sistemi



Yüklə 95,03 Kb.
tarix21.06.2018
ölçüsü95,03 Kb.
#50293

AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
ZAQATALA RAYON MƏDƏNİYYƏT VƏ TURİZM ŞÖBƏSİ

ZAQATALA RAYON

MƏRKƏZLƏŞDİRİLMİŞ KITABXANA SİSTEMİ

http://oxu.azstatic.com/uploads/w1siziisijiwmtuvmdivmtgvmtqvmdkvntqvnjewl0vsawfnyv92ywhpzc5qcgcixsxbinailcjlbmnvzguilcjqcgcilcitcxvhbgl0esa4mcjdlfsiccisinrodw1iiiwinjiwedq2nvx1mdazrsjdxq?sha=3d196ab1

ƏLAĞA VAHİD-120

ZAQATALA-2015

Tərtib edən: S.Rəhimova-metodika və biblioqrafiya şöbəsində böyük metodist


Redaktor: G.Məmmədova- MKS-nin direktoru

Kompyuter

yığımı: S.Rəhimova-metodika və biblioqrafiya şöbəsində böyük metodist

Əlağa Vahidin anadan olmasının120 illik yubileyi münasibəti ilə kitabxana filialları üçün hazırlanmış metodiki vəsait /tərt. ed. S.Rəhimova; red. G.Məmmədova; Zaqatala rayon Mərkəzi kitabxanası.- Zaqatala, 2015.- 13 s.

Zaqatala rayon Mərkəzi kitabxanası 2015

Tərtibçidən

Bu vəsaiti XX əsr Azərbaycan qəzəl janrının ən böyük nümayəndəsi və ən qüdrətli ustası Əlağa Vahidin anadan olmasının 120 illiyi münasibətilə sizə təqdim edirik. Onun nə fəxri adı, nişanı, nə mənsəbi, nə də vəzifəsi vardı. O, sadəcə olaraq xalqın dərin məhəbbətini qazanmış şair idi. Ə.Vahidi ədəbiyyat tariximizdə bir şair kimi tanıdan və sevdirən, şübhəsiz ki, onun qəzəlləridir. Vahidin qəzəlləri xalqın zövqünə uyğun olaraq yaradılmışdır.

Kitabxana işçilərinə təqdim edilən bu vəsaitdə Əlağa Vahid yaradıcılığını təbliğinə kömək məqsədilə keçiriləcək tədbirlərdən bəhs edilmişdir. Ssenarinin yazılmasında filologiya elmləri doktoru  Vüqar Əhmədin “Elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələr” adlı kitabından istifadə edilmişdir.

Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi

haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin (Əlağa Məmmədqulu oğlu İsgəndərovun) anadan olmasının 120 illiyi tamam olur. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şair Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli Azərbaycan şairi Əlağa Vahidin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2015-ci il.

Əlağa Vahid-120
Əlağa Məmmədqulu oğlu İsgəndərov (Əlağa Vahid) 1895-ci il oktyabr ayının 15-də Bakıda doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almış, mollaxanada iki il oxuduqdan sonra, yoxsulluq üzündən təhsilini yarımçıq qoyub işləməyə başlamışdır. Atası çox erkən vəfat etdiyi üçün əmisinin himayəsində böyümüşdür. Ədəbi fəaliyyətə 1914-1915-ci illərdən başlamışdır. Məktəbdə təhsil almaq imkanı olmasa da, öz üzərində müstəqil çalışmışdır. Erkən yaşlarından dahi qəzəl ustadı M.Füzulinin bir çox qəzəllərini əzbər bilmiş, M.Ə.Sabirin satiralarını, Seyid Əzimin mənzum hekayələrini, qəzəllərini dönə-dönə oxumuşdur. Qəzet və jurnalları müntəzəm mütaliə etmiş, bədii yaradıcılıqla dərindən maraqlanmış, dövrün problemlərinə, tələblərinə diqqət yetirmişdir. Bir müddətdən sonra mətbuatda Sabiranə şeirlər çap etdirməyə başlamışdır. 1915-1916-cı illərdən “Məzəli”, “Babayi- Əmir”, “Tuti”, “Molla Nəsrəddin” kimi jurnallarla əməkdaşlıq etmiş və həmin jurnallarda çoxlu satirik şeirlər dərc etdirmişdir. Bu şeirlərin həm ideya-məzmununda, həm poetikasında ustadı M.Ə.Sabirin təsiri aydın duyulsa da, getdikcə ahəngdə, məcazlı deyimlərdə və bədii ifadə vasitələrində gənc şairin dəsti-xətti özünü hiss etdirmişdi.

Ə.Vahidin 1916-cı ildə ayrıca nəşr olunmuş “Tamahın nəticəsi” adlı ilk kitabçasında uşaqlar üçün nəzmə çəkdiyi üç mənzum hekayəsi verilmişdir. Bu kitabça istedadlı gəncin necə bir ciddiyyət və qətiyyətlə yaradıcılıq aləminə gəldiyini sübut etmişdir. 1919-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti ordusunda xidmət etmiş, yazdığı şeirlərini “Əsgər”, “Əsgər Əlağa Vahid”, “Əxz əsgər şöbəsi əsgərlərindən Əlağa Vahid” imzaları ilə nəşr etdirmişdir. Ədəbiyyata “Olmadım bir ləhzə, ya rəbb, mən cahan mülkündə şad” misrası ilə başlanan müxəmməslə gələn şair I Dünya müharibəsinin, 1918-1920-ci illərdə xalqımızın başına gələn faciələrin, 1937-ci ilin repressiyasının, II Dünya müharibəsinin törətdiyi fəlakətlərin şahidi olmuş, əzablarını çəkmişdir. O, 1935-ci ildə “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Nəşriyyatında korrektor olmuşdur. Bakı ədəbi mühitinin tanınmış qəzəl şairi M.Ə.Yusifi Əlağaya “Vahid” təxəl-lüsünü götürməyi məsləhət görmüşdür. O, klassik qəzəl məktəbinin istedadlı yetirməsi kimi, öz dəsti-xətti ilə seçilməyə başlamışdı. XX əsrin 30-cu illərində və sonralar, onun qəzəlləri ədəbi tənqiddəki yanlış meyllər nəticəsində dövri mətbuata buraxılmasa da, xalq arasında böyük sürətlə yayılmış, tanınmış müğənnilərin oxuduqları muğamat və mahnı mətnləri kimi ürəklərə yol tapmış, sevilmiş, dillər əzbəri olmuşdur. Klassik Azərbaycan ədəbiyyatında - Nizami, Xaqani, Fələki və Nəvai poeziyasından tərcümələr etmişdir. II Dünya müharibəsində “Əmək igidliyinə görə” medalı ilə təltif edilmişdir. 1959-cu ilin oktyabr ayından respublika əhəmiyyətli fəxri təqaüd almışdır. Əlağa Vahid 1965-ci il sentyabr ayının 30-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Paytaxtımızda heykəli ucaldılmış, 1991- ci ildə haqqında “Qəzəlxan” adlı tammetrajlı bədii film çəkilmişdir.

Əlağa Vahidin anadan olmasının 120 illiyi ilə əlaqədar

kitabxanaların qarşısında duran vəzifələr


Bu il Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında 18 mart 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə əlaqədar olaraq bütün mədəni-maarif müəssisələrində o cümlədən kitabxanaçıların qarşısında da mühüm vəzifələr durur. Bu münasibətlə hər bir kitabxanada tədbirlər planı işlənib hazırlanmalıdır. Bu mövzudan bəhs edən kitabların, həmçinin dövrü mətbuat materiallarının geniş oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın bütün formalarından, kitab sərgilərindən, kitabxana plakatlarından, stendlərdən, oxucu konfranslarından, biblioqrafik xülasələrdən, məruzə və mühazirələrdən və s.geniş şəkildə istifadə edilməlidir.

Keçirilən tədbirlərdə ilk növbədə “Əlağa Vahid-120”, “Vahid – məhəbbət ocağı” və s. kimi başlıqlarla kitab sərgiləri tərtib olunmalıdır. Sərgidə Vahid irsini təbliğ edən qəzəllərin toplusu, Vahid haqqında yazılmış kitablar, dövrü mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin foto-surətindən də istifadə etmək olar. Həmçinin sərginin oxucu tərəfindən marağının daha da cəlb edilməsi üçün şairin qəzəllərindən parçalar vermək olar. Sərgi üçün nəzərdə tutulan materialları aşagıdakı formada yerləşdirmək olar.

1. Başlıq: “Əlağa Vahid”-90”

2. Əlağa Vahidin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



3. Kitabların sərgisi

4. Dövrü mətbuatda nəşr olunan materiallar.


“Vahid, hələ qarşında böyük bir gələcək var!”, “Vahidəm, mən də bu elin, bu yurdun şairiyəm”, “Xalqın böyük söz ustadı – Əlağa Vahid”və s. başlıqlardan istifadə edərək kitabxanada oxucu konfransı , şairin qəzəllərinin müzakirəsi, sual-cavab gecəsi, ədəbi-bədii gecə və s. keçirmək olar. “Vahidəm –xəlqimin qəzəl şairiyəm” adlı hazırladığımız ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik.

“Vahidəm –xəlqimin qəzəl şairiyəm” adlı ədəbi-bədii gecənin


SSENARİSİ
I aparıcı Elə adlar var ki, onları eşidəndə təqdim və tərifə gərək olmur. Onlar nə əlavə izahata, nə köməkçi bir əlamətə, nə də fəxri bir ada, nişana, təmtəraqlı ünvana möhtac görünmürlər.
II aparıcı Belə adların, bu cür adamların şöhrəti təbii, hörməti qanuni olur. Belə şəxsiyyətlərin qazandıqları məhəbbət sonsuz, etimad isə misilsizdir. Onların yazdıqları, dedikləri insanı saflaşdıran, ucaldan, nəcibləşdirən təsir və təlqin qüvvəsi kəsb edir.
I aparıcı XX əsr Azərbaycan qəzəl janrının ən böyük nümayəndəsi və ən qüdrətli ustası Əlağa Vahid belə bir təlqin qüvvəsinə malikdir. Onun nə fəxri adı, nişanı, nə mənsəbi, nə də vəzifəsi vardı. O, sadəcə olaraq xalqın dərin məhəbbətini qazanmış şair idi.
II aparıcı Ə. Vahidin ömründən keçən onilliklər təsdiq edir ki, o, xalqının ən unudulmaz, adı və xatirəsi daim əziz tutulmuş, hörmətlə yad olunmuş oğullarından birdir.
I aparıcı Əlağa Vahid 1895-ci ildə Bakının Masazır kəndində Məmmədqulu İsgəndərovun ailəsində dünyaya gəlib. Atası dülgər, anası evdar xanım idi.
II aparıcı Balaca Əlağa o dövrdə Bakıda və Azərbaycanın əksər bölgələrində "dəbdə” olan mollaxanada üç ilə yaxın təhsil alır. Ancaq ehtiyac ucbatından bu təhsilini yarımçıq qoyur.
I aparıcı Ancaq maddi vəziyyətinin yaxşı olmaması gənc Əlağanın oxumağa olan həvəsini öldürə bilmir və o, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin, Racinin əsərlərini oxuyur, onlardan bəhrələnir.Bakıdakı tütün fabrikində çilingər kimi işə düzəlir. Çilingərlikdən də bir şey çıxmadığını görən gələcəyin məşhur qəzəlxanı atasının peşəsinə - dülgərliyə meyil edir və çox mahir usta olmağı bacarır.
II aparıcı 1914-cü ildə ədəbiyyata yenicə gələn şair I Dünya Müharibəsinin dəhşətlərini görmüş, “Olmadım bir ləhzə ya rəbb, mən cahan mülkündə şad” demiş, Azərbaycan Demokratik Respublikasının yaranmasını ” Könüllər şad olan gündür bu bayramda, bu bayramda” sözləri ilə qarşılamış, sonrakı illərdə yazdığı əsərlərini də xalqının taleyi ilə bağlamışdır.

I aparıcı Əlağa Vahid yaradıcılığının ilk illərində Sabirin satira yolunu sevə-sevə davam etdirir, özünəməxsus deyim tərzi ilə müasirlərindən fərqlənirdi. “Babayi-Əmir”, “Övraqi-nəfisə”, “Tuti”, “Məzəli” kimi satirik dərgilərdə tənqidi şeirlərlə çıxış edən müəllif cəhalətin fəsadlarını göstərməklə insanları maarifə səsləyirdi.


II aparıcı Bədii ədəbiyyata satirik şeirlərlə qədəm qoyan Ə.Vahid öz satirik əsərlərini böyük Sabirin təsiri altında yazmışdır.
Oxucuların ifasında “Qocalıqdan şikayət” şeiri söylənilir.
Qocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!

Düşməyir indi cavanlıq ələ, fəryad ölürəm!


Gözümün nuru gedib, dizdə yoxumdur taqət,

Baxıram mən işin əzvayişinə hər saət,

Görürəm hərdəm özümdə bir əcaib halət,

Gecələr sübhə kimi bir yata bilməm rahət,

Qocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!

Düşməyir indi cavanlıq ələ, fəryad ölürəm!


Bir kəsim qalmamış ərz edəm ona əhvalımı,

Dərd çəkməkdən ağarmış bu qara saqqalım,

Qırılır evdə acından gecələr ətfalım,

Bir günü eyləməz imdad mənə iqbalım,

Qocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!

Düşməyir indi cavanlıq ələ, fəryad ölürəm!


Necə asudə olur dərdü bəladan başım?

Ağlamaqdan coşub ümmanə dönüb göz yaşım?

Himmət etməz mənə əsla nə qohum, qardaşım,

Belə bir gündə ki, həşdadı keçibdir yaşım...

Qocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!

Düşməyir indi cavanlıq ələ, fəryad ölürəm!


Xoş o günlər ki, cavanlıqda cəlalım var idi,

Haq bilir kim, nə qədər dövlətü malım var idi,

Hə ki, bir böylə mənim fikrü xəyalım var idi,

Nə də bir böylə mənim dərdü məlalım var idi.

Qocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!

Düşməyir indi cavanlıq ələ, fəryad ölürəm!


II aparıcı 1920-ci illərdə Vahid yaradıcılığının yeni dövrü başlayır. O, Tənqid- Təbliğ teatrında fəal iştirak edir. O vaxtlar həmin teatrın repertuarı əsasən Ə.Haqverdiyev, Süleyman Sani Axundov, S.Rüstəm və başqa yazıçıların pyeslərindən ibarət idi. Tamaşalar zamanı, pərdələr arasında səhnəciklərdə məşhur artistlərdən Mirzağa Əliyev və Hacıağa Abbasovla birgə satirik kupletlərlə çıxış etməsi Vahidi daha da həvəsləndirir və onu müasirliyə səsləyirdi.
I aparıcı Digər tərəfdən həmin illərdə onun “Kommunist”, Yeni yol” qəzetlərində, “Molla Nəsrəddin”, “Şərq qadını”, “İnqilab və Mədəniyyət” jurnallarında həm lirik və həm də satirik şeirləri dərc olunurdu.
II aparıcı Bu şeirlərin əsas mövzusu mədəniyyətə, maarifə çağırış, avamlığa, cahilliyə, zülmə etirazdır. Əlağa Vahid yaradıcılığına nəzər salarkən biri-birini tamamlayan iki xüsusiyyət görürük: “Lirik Vahid daha Füzuli məktəbinin, satirik Vahid isə böyük Sabirin yetişdirməsidir.” Bunu özü də dəfələrlə etiraf edib. “Böyük Füzulinin xaki-payı” olması ilə öyünüb, Sabirə “möhtərəm, böyük şair” deyib.
I aparıcı Füzuli ədəbi məktəbinin ən əlaçı şagirdlərindən biri olan Ə. Vahid klassik poetika qanunlarına çox dərindən bələd olduğu üçün olduqca səti, rəvan, vahid ölçüdə və vahid qafiyə prinsipi əsasında qəzəllər yazmışdır.
II aparıcı Ə.Vahid qəzəllərinin çox orijinal avazı vardır, sanki bu qəzəllər Azərbaycan musiqisinin təməli, kökü olan muğamların hər guşəsi üçün cilalanmışdır. Xanəndələrin muğam üstündə Vahid qəzəllərindən istifadə etməsi, onların ifa zamanı nəfəslərinə, zəngulələrinə, xırdalıqlarına yardımçı olur, onların öz səslərindən məharətlə istifadə etməsi üçün zəmin yaradır.
I aparıcı Məlumdur ki, Ə.Vahid Azərbaycan milli musiqisini və muğamını çox sevdiyi üçün muğam ifaçıları – xanəndələrlə, müğənnilərlə dostluq və əməkdaşlıq etmiş, bəzi qəzəllərində klassik xanəndələrimizin ifaçılıq məharətini vəsf etmiş, bəzi xanəndələrin sifarişi və xahişi ilə qəzəllər yazmışdır.
II aparıcı Ümumiyyətlə, musiqiyə böyük qiymət verən və musiqi ab-həvası ilə yazıb-yaradan Ə.Vahid musiqi zövqünü, musiqidən alınan həzzi hətta min sevgili-canandan belə artıq hesab etmişdir.
I aparıcı Ə.Vahid Azərbaycanın bir çox şairləri ilə dostluq və yoldaşlıq edir və qəlbində onlara qarşı olduqca səmimi bir məhəbbət bəsləyirdi. Vaxtaşırı bu söz və qələm ustaları ilə görüşən şair onlara şeirlər və qəzəllər həsr edir və onların sənətini, şəxsiyyətini öz əsərlərində böyük sevgi ilə hallandırmaqda xüsusi zövq alırdı.
II aparıcı O, dövrünün məşhur qəzəlxanları Ağadadaş Müniriyə, Məşədi Azərə, Əbdülxaliq Yusifə, eyni zamanda ədəbiyyatşünas – alim Salman Mümtaza və s. öz əsərlərində yer ayırmış, onlara dərin məhəbbətini bildirmişdir.
I aparıcı Bundan başqa, Ə.Vahid qüdrətli Azərbaycan şairləri Səməd Vurğuna, Süleyman Rüstəmə və başqalarına qəzəllər həsr etmişdir. Səməd Vurğunun fitri istedadından, böyük sənətindən, eyni zamanda yüksək mənəvi keyfiyyətlərindən və söhbət açan Vahid ən gözəl qəzəllərindən birini ona həsr etmişdir.
II aparıcı Ə.Vahidin ən çox sevdiyi və hörmət bəslədiyi, eyni zamanda öz dövrünün ən qüdrətli dramaturqu hesab etdiyi sənətkar isə dahi Hüseyn Cavid idi. Hüseyn Cavidin əlçatmaz sənətinə və yüksək şəxsiyyətinə intəhasız məhəbbət bəsləyən Ə. Vahid Hüseyn Cavid represiya qurbanı olandan sonra ürək yanğısı ilə böyük ədibi belə xatırlayıb:
Cavid əbədidir, qalacaq nami cahanda,

Məhv etmə, cəllad onu xəlqin nəzərindən.

Ölməz o böyük dahi, böyük bir gələcək var,

Övladi-Vətən zövq alacaq hər əsərindən.


I aparıcı Ürəyi sevgi və məhəbbətlə dolu Vahid Azərbaycanın və Azərbaycan xalqının vurğunu idi.
II aparıcı Ə. Vahidin yazdığı bütün əsərlərində vətənpərvərlik mövzusu üstünlük təşkil edirdi . Onun vətən mövzusu ilə bağlı şeirləri şairin öz mənəviyyatının tərənnüm yolu ilə ifadəsidir.
I aparıcı Şair Vətənə olan sevgisini bülbülün çəmənə dəlicəsinə vurğunluğu ilə müqayisə edir:
Ürəyimdə o qədər sevgi varımdır Vətənə,

Necə ki, bülbüli-şeyda olur aşiq çəmənə.


Oxucunun ifasında “Vətən” şeiri səsləndirilir.

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir xeymə qurdum.

Keçdi xəyalımdan o gözəl yurdum,

Dumanlar başında duman göründü.
Gəmimiz Suxuma çatan çağında,

Hiddətli dalğalar yatan çağında,

Günəşin üfüqdə batan çağında,

Sahillər qarşımda ümman göründü.


Qara dəniz kimi eşqimlə çoşdum,

Xülyalar içində sanki bihuşdum

Vətən arzusulə nəğmələr qoşdum,

Tufanlar gözümə dastan göründü.

Dünyalar cəzb edən bu xoş mənzərə,

Şövqümü artırdı gözəl Xəzərə.

Çarpdıqca vətənim, elim nəzərə

Təbiət də mənə heyran göründü.


Deyirlər, bülbülə çəmən yaxşıdır,

İnsana laləzar Vətən yaxşıdır.

Vahid! Sorma, Vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm xəndan göründü.


I aparıcı Vətənin, xalqının, torpağını ürəkdən sevən Vahid xalqın milli dəyərlərinə, adət-ənənələrinə, bayram və mərasimlərinə böyük məhəbbət bəsləyir, yeri gəldikcə milli adət-ənənələrimizi, tariximizi, bir sözlə xalqımızın mənəvi aləmini özündə əks etdirən, möhtəşəm əsərlər yaradırdı:
Oxucu Novruz Bayramına həsr edilmiş qəzəli söyləyir.
Bayram yeli əsdi, gülüzarim təzələndi,

Şadlıq gətirən xəlqə baharım təzələndi.

Hər il bu ili bayram edir xalqımız azad,

Tarixlərə səbt oldu vüqarım, təzələndi.

Gülşəndə açıb gül, eləyir aləmi xoşhal

Eşq əhlinə xoş nəğməli tarım təzələndi

Qızlar bürünüb al qumaşa işvə naz ilə,

Könlüm sevən aşiq-deyə, yarım təzələndi.

Ellər geyinər fəxr libasın belə gündə

Həftsin düzülən nəqşi-nigarım təzələndi

Vahid yazacaq məmləkətə, millətə təbrik,

İl döndü, fələk döndü, diyarım təzələndi.


II aparıcı Şairin klassik irsində meyxana, həcv formasında yazılan şeirlər də mühüm yer tutur. Ümumiyyətlə, qəzəllə yanaşı, meyxana da Vahid yaradıcılığının əsas qollarından birini təşkil edir.
I aparıcı Vahid meyxana janrında da öz qələmindən məharətlə istifadə etmiş, təsirli şəkildə məşhur ictimai-siyasi və tənqidi məzmunlu meyxanaları ilə çıxış edib geniş rəğbət qazanmışdır.
II aparıcı Ə. Vahid gözəllik və məhəbbət şairidir. Lirika, xüsusilə məhəbbət lirikası, qəzəl, rübai, şeir Vahidin poetik təbinin ən doğma, ən munis yavrusudur.
I aparıcı Ə.Vahid insan qəlbinin gözəl, bakir hisslərin qədəmin qəlibində əks etdirməyi bacarır. Ən əsası odur ki, Ə. Vahidin bütün məhəbbət şeirlərində vətən və xalq məfhumları leytmotiv kimi səslənir:
Bu fəxrdir mənə, Vahid ki, xalq şairiyəm,

Böyük Füzulilərin xaki-payinin biriyəm.


II aparıcı Ə.Vahidi ədəbiyyat tariximizdə bir şair kimi tanıdan və sevdirən, şübhəsiz ki, onun qəzəlləridir. Vahidin qəzəlləri xalqın zövqünə uyğun olaraq yaradılmışdır.
I aparıcı Yaşadığı keşməkeşli, ziddiyyətli bir dövrün gözəllik, məhəbbət nəğmələri olan bu qəzəllərin bir səciyyəvi cəhəti onlarda lirik qəhrəman olan məşuqənin, onun gözəlliyinin şərhinə geniş yer verilməsidir.
II aparıcı Vahid dönə-dönə gözəllik idealını irəli sürür. Hər qəzəlində sevgilinin gözəlliyindən danışmağı özünə borc bilir. Zahiri gözəllik canlı, insani gözəlliklə vəhdətdə götürülür. Hisslərin təzahürü, hərarəti insanı həyəcanlandırır, heyran edir. Hər dəfə oxunsa da, bu qəzəllər təzə, yeni görünür. Bu qəzəllərdə təkrar olunmaz bir insanilik vardır:
Oxucu gözəlliyə həsr olunmuş qəzəl söyləyir.
Gözəllər içrə sən, ey mahiparə birdənəsən.

Gözəllərin gözüsən, zülfüqarə birdənəsən.

Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,

Bu çeşmi - məst ilə qılan işarə bir dənəsən.

Sən olmasan məni hicran dəmi həlak eylər,

Şikəstə könlümə aləmdə çarə bir dənəsən.

Zəmanə əhlinə məşhursan gözəllikdə,

Bu sirr gizli deyil, aşikarə bir dənəsən.

Rəqibi qoyma yaxın vəsminə, xəyanət edər

Ki, qorxuram səni çəksin kənarə birdənəsən.

O zövqü dövləti-dünyaya vermərəm hərdən

Məni fəqirə də qılsan nəzirə bir dənəsən.

Gözəl həyatını Vahid fənaya sərf etmə,

Səni zəmanə yetirməz dübarə birdənəsən.


I aparıcı Ə.Vahid bütün yaratdığı əsərlərin demək olar ki, əksəriyyəti bədahətən söylənmiş, sonra həmin nümunələr ya özü tərəfindən, ya da onu sevənlər tərəfindən qələmə alınarmış.
II aparıcı Vahidin qəzəlləri insan haqqında dərin düşüncələrin məhsuludur. Bu qəzəllər ancaq geniş fəlsəfi mənada aşiqanə əsərlərdir. İnsanlığın, gözəlliyin, idealın təsdiqidir.
I aparıcı Prezident İlham Əliyevin böyük qəzəlxanın 120 illik yubileyinin qeyd edilməsi haqqında 18 mart 2015-ci il tarixli sərəncamında da şairin dərin lirizmi ilə səciyyələnən zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus hadisə kimi qiymətləndirilir.
II aparıcı Əlağa Vahid 1965-ci il sentyabr ayının 30-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

I aparıcı Həmişə mən varam aləmdə ölmərəm Vahid

Əsərki, qaldı cahanda o, ölməmək kimidir. -deyən şair haqqında 1991- ci ildə “Qəzəlxan” adlı tammetrajlı bədii film çəkilib.
II aparıcı Paytaxtımızda heykəli ucaldılıb.
I aparıcı Həyatını şairin yaradıcılığına həsr etmiş görkəmli Vahidşünas alim Məmməd Nuru oğlu sənətkarın çap üzü görməyən yeni əsərlərini, mərsiyə, aforizm və epitafiyalarını nəşr etdirib.

II aparıcı Yaxşı ki, xanəndələrin dodaqları, ürəkləri, avazları Vahiddən ayrılmayır.

I aparıcı Yaxşı ki, Vahid ədbi məktəbinin onlarca nümayəndəsi yetişib və yetişməkdədir.

II aparıcı Nə qədər ki, kürreyi ərzdə Azərbaycan xalqı, Azərbaycan respublikası, Bakı var, Abşeron var, Vahid də var.

Aparıcılar Vahidim şeirini söyləyir.

Füzuli yadigarı ey qəzəlxan ustadım,

Şeir-qəzəl gülşəni dahiyanə «Büstanım».

Bədahətən söz dedin, deyilənlər ürəkdən

Sözlərin xəbər verir saf arzudan – diləkdən.

Duyğuları muğamlı söz sultanı Vahidim,

Yazdıqların ilhamlı söz sultanlı Vahidim,

Azərbaycan dayaqlı söz sultanı Vahidim,

Abşeironun, Bakının hər qarışı izindir,

Adın gəzir muğamla, «Muğam» sənin özündür,

Yaşamısan yüz ili möhtəşəmlə, vüqarla

Meyxana, qəzəllərin həmişə tər sözündür.

Şeirində ayrılmadın sevgili canan ilə,

Qəzəllərin həmahəng həm bəm, həm də zil ilə,

Guşələrdə yarandı çox qəzəllər xəlvəti,

Ədəbi bir məktəbi yaratdın əməlinlə…


II aparıcı Hörmətli tədbir iştirakçıları bununlada Ə.Vahidin anadan olmasının120 illiyinə həsr olunmuş tədbirimiz sona çatdı.
SON

ƏDƏBİYYAT



  1. Vahid, Əlağa.Seçilmiş əsərləri / Ə.Vahid; tərt.: Q. M. Məmmədli, R. Quliyev, A. Ə. Paşayev. - Təkrar nəşr. - Bakı: Lider nəşriyyat, 2005. - 472 s.



  1. Vahid, Əlağa (1895-1905). Qəzəllər: şeir / Ə. Vahid; baş red. Ə. Quliyev; red. V. Məmmədəliyev; tərt.ed. B. Ə. Nəbiyev. - Bakı: Çaşıoğlu, 2004. - 368 s.



  1. Əlağa Vahid (Əlağa Məmmədqulu oğlu İsgəndərov): biblioqrafiya /tərt.-müəl. İ.İsrafilov; red. M.Mehdiyeva; AEA N.Gəncəvi ad. Azərbaycan Ədəbiyyatı Muzeyi.- Bаkı: Azərbaycan Ensiklopediyası, 1997.- 60 s.



  1. Əlağa Vahid haqqında bildiklərimiz /tərt. M.Nuruoğlu; elmi red. M.Aslanov.- Bakı: ŞərqQərb, 1995.- 240 s.



  1. Zeynalova, A. Əlağa Vahidin poetik irsi /A.Zeynalova; elmi red. M.Qasımlı; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Dillər Un-ti.- Bakı: Elm və təhsil, 2011.- 268 s.



  1. Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı(18 mart 2015-ci il) // Azərbaycan. - 2015.-19 mart.- № 62.- S.1 .



  1. Hüseynov, Rafael. Qəzəl xanı / R. Hüseynov // 525-ci qəzet. - 2009.-17 yanvar. - N 10. - S. 15-18



  1. Mədətoğlu, Əbülfət. Əlağa Vahid 1895-də yox, 1891-də doğulub: Bunu Qorxmaz Əlicanzadə sənədlərlə sübut edir / Ə. Mədətoğlu // Ədalət. - 2011.-17 fevral. - №30. - S.6

İnternetdə

www.anl.az



elibrary.azlib.net

www.az.wikipedia.org
Yüklə 95,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə