Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 2,19 Mb.
səhifə1/8
tarix18.05.2018
ölçüsü2,19 Mb.
#44613
  1   2   3   4   5   6   7   8



MEHRİ XATUN
DİVAN


مهري خاتون

ديوان
BAKI - 2011

TürkSOY kitabxanası seriyası: 11
AMEA Folklor İnstitutu Elmi Şurasının

qərarı ilə çap olunur


Mehri Xatunun 550 illik yubileyinə həsr olunur
Çapa hazırlayan

və ön sözün müəllifi:



Ramiz ƏSKƏR
Redaktoru:

akademik İsa HƏBİBBƏYLİ
Sponsoru:

Bədirxan HAQVERDİYEV
Mehri Xatun. Divan. Bakı, MBM, 2011, 368 s.

Kitabda məşhur qadın-şair, ümumtürk ədəbiyyatının tanınmış nümayəndəsi Mehri Xatununun divanına daxil olan qəzəl, qəsidə, təxmis və məsnəviləri toplanmışdır. Kitab 31 mart - 4 aprel 2009-cu ildə İstanbulda TürkSOY tərəfindən təşkil olunan «Türk Ləhcələri Arasında Uyğunlaşdırma Çalışmalarının Bugünkü Durumu və Qarşılaşılan Problemlər» mövzusunda Beynəlxalq simpoziumun tövsiyələrinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilir.


İSBN: 978-9952-29-041-7

© Mehri Xatun

Ó Ramiz Əskər

BİR QADININ QƏLBİ VƏ QƏLƏMİ
Türk ədəbiyyatı qədim, köklü və zəngindir. Məsələn, Osmanlı dövründə qələmə alınmış təzkirə və cünklərdə 3.200 şairin adı çəkilir. Əgər buraya Azərbaycanda, Orta Asiyada və digər türk bölgələrində yaşayıb yaratmış saz-söz sahiblərini də əlavə etsək (ki, Osmanlıdan çox-çox olar) bu rəqəm bəlkə də 10.000-ə yaxınlaşar. Bu rəqəm içində qadınların xüsusi çəkisi çox cüzidir. Beş-altı əsr bundan əvvəl isə türk dünyasında qadın şairlərin sayı barmaqla sayılacaq qədər azdır – təxminən iyirmi-otuz nəfərdir. Çünki islam dini, sosial həyat və cəmiyyət qadının yaradıcı zəkasının parlamasına imkan verməmişdir. Pərdə arxasında imperatorları, sultanları, şahları idarə edən qadının həyatın müxtəlif sahələrində, o cümlədən də ədəbiyyatda söz sahibi ola bilməməsinin əsas səbəbi budur. Lakin bütün dini və sosial qadağaları vurub keçən qadınlar da olmamış deyil. Təxminən min il əvvəl Gəncədə öz şeiri-sənətilə yüksələn Məhsəti bütün qadın şairlərə örnək olmuşdur. Onu daha sonrakı dönəmlərdə Zəynəb Xatun, Mehri Xatun, Ayşə Hübbi Xatun, Gülbədən Bəyim, Leyla xanım, Cahan Xatun Üveysi, Heyran xanım, Xurşid Banu Natəvan kimi parlaq istedad sahibi qadınlar izləmişlər. Bunların arasında Mehri Xatunun özəl bir yeri var.

Əsl adı Mehrinnisa, yaxud Xeyrünnisa olan Mehri Xatun bundan beş əsr yarım öncə 1460-cı ildə Osmanlı imperiyasının Amasya şəhərində dünyaya göz açmışdır. Onun atası Amasya qazısı Həsən Amasyəvi (Məhmət Çələbi) tanınmış şair olmuş, Bəlayi təxəllüsü ilə şeirlər yazmışdır. Babası Şücaəddin Pir İlyas isə tanınmış xəlvəti şeyxi idi.

Mehri Xatun ailəsinin imkanları sayəsində yaxşı ev təhsili almış, atasından ərəb və fars dillərini, ədəbiyyat nəzəriyyəsini, Şərq şeirinin poetik sistemini, məşhur şairlərin yaradıcılığını, öz dövrünün elmlərini öyrənmişdir. Gənc Mehri fövqəladə gözəlliyi və dərin biliyi ilə dillərə dastan olmuş, hətta məşhur səyyah Övliya Çələbinin diqqətini özünə cəlb etmişdir. O, Mehrinin savadı haqqında yazmışdır: “Yetmiş cild kitabi-mötəbəri hifz edib cümlə üləmanı mübahiseyi-ulüm və fünunda aciz qoymuşdur.” Bu qabiliyyəti sayəsində Mehri Xatun yerli saray çevrəsinə daxil ola bilmişdir.

Osmanlı ənənəsinə görə, şahzadələr gənclik illərində idarəçilik və dövlətçilik təcrübəsi əldə etmək üçün Amasyada və ya Manisada valilik edirdilər. Ona görə də Bursa, Ədirnə və İstanbul kimi Osmanlıya paytaxt olmuş şəhərlərdən kənаrda yerləşən bir sıra iri əyalət mərkəzlərində, o cümlədən Amаsyada və Manisada da ədəbi mühitlər yaranmış, ədəbiyyat inkişaf etmişdir. Bunda şeiri-sənəti himayə edən, bir çox hallarda özləri də şeir yazan şahzadələrin müstəsna rolu olmuşdur. Sultan II Bəyazidin özünün, sonra isə oğlu Əhmədin Amasyada vali olduqları dövrdə bu ədəbi mühitdə bir çox məşhur şairlə yanaşı adlı-sanlı qadın şairlər də yetişmişdir. Onları birləşdirən ümumi özəllik parlaq istedad sahibi, eyni zamanda savadlı, varlı və nüfuzlu ailələrə mənsub olmalarıdır.1

Bunların arasında Mehri Xatundan əvvəl və sonra yaşamış iki şairəni xüsusi qeyd etmək olar. Onlardan biri Zeynəb Xatundur (ö. 1471-74?). Atası qazı olduğu üçün yaxşı təhsil ala bilmiş, öz dövründə fаrsca və türkcə yаzdığı qəzəllərlə tanınmışdır. Mənbələrdə divan tərtib edərək Fatehə təqdim etdiyi barədə bilgilər olsa da, bu divan indiyədək tаpılmаmışdır. Onun bəzi qəzəllərinə nəzirə məcmuələrində rаst gəlmək mümkündür. II Bəyazidin şahzadəsi Əhmədin Amаsya valiliyi dönəmində həmin çevrədəki şairlər arasında olmuş, lakin sonralar ərinin və çevrəsinin basqısı altında şeiri tərk edərək inzivaya çəkilmişdir. Onun Mehri Xatuna parlaq bir örnək təşkil etdiyinə heç bir şübhə yoxdur.

Mehri isə öz növbəsində əslən аmаsyalı olan başqa bir qadın şairə – Ayşə Hübbi Xatuna (ö. 1589/90) təsir etmişdir. O, II Səlimin şahzadəliyi dövründə onun müəllimi olan Şəms Əfəndinin аrvаdı və Beşiktaşlı Yəhya Əfəndinin nəvəsidir. Şəms Əfəndi 1551-ci ildə vəfat edincə, Аyşə Xаtun padşah müsahibəsi və nədiməsi olmuş, bu vəzifəsini III Murad zamanında da dаvаm etdirmişdir. Təzkirələrdə şeirlərindən verilən bəzi örnəklərlə yаnаşı ərəb dilindən çevirdiyi „İmad ül-cihad“ adlı bir əsəri vardır. Qəza və qazilik mövzusundakı düşüncələrini ehtiva edən bu əsərdə bəzi qəzəlləri də yer almaqdadır1.

Bu qadın şairlərin ədəbiyyatda qadına xas özəl bir üslub yaradıb-yaratmadıqları mübahisə mövzusudur. Lakin daha incə və lətif şeirlər yaratdıqları hamı tərəfindən qəbul edilir. Onların yaradıcılığında nəzirəçilik gələnəyinin, yəni bəyəndiyi şeirlərə nəzirə yazmağın rolu böyük olmuşdur. Məsələn, Mehri Xatun bir çox müasirinin, xüsusən də Nəcati, Güvahi, Afitabi və Münirinin qəzəllərinə nəzirə yazmışdır. Savadlı və istedadlı şairənin, heç kimə könül verməyən və bütün evlilik təkliflərini rədd edən gözəl qadının cürəti və dikbaşlığı, kişilərə meydan oxuması onlar tərəfindən qısqanclıqla qarşılanmışdır. Hətta Nəcati ilə Mehri Xatun arasında poetik duel də yaşanmışdır. Təzkirələrdə verilən məlumatlara görə bunun bir neçə səbəbi olmuşdur. Bunlardan biri də Nəcatinin sultandan Mehri Xatuna nəzərən daha az ən’am almasıdır.

II Bəyazid (1481-1512) dövrünə aid «Ən’amat dəftəri»ndə sultanın bütün şairlərə verdiyi ən’amların axça ilə miqdarı, xələtlərin isə parça-qumaş növü qeyd edilmişdir. Həmin siyahıdan anlaşıldığına görə, yalnız 1503-11-ci illər arasında sultan tərəfindən şairlərə 478.500 axça ehsan edilmişdir. Şairlərdən Mövlana İdris 112.000 axça, Katibi 34.000, Səbai 30.500, Ruhi 25.000, Firdövsi 21.000, Maili 20.000, Mehri Xatun və Səfai adama 13.000 axça, Ömər Çələbi və Cövhəri adama 6.000, Nəcati 5.000 axça almışdır. Bu siyahı 500 axça ilə Məsud bin Mühiddinə qədər davam edir1.

Sultanlar tərəfindən şairlərə verilən maddi dəstək ən’am, xələt və ülufə şəklində sonrakı əsrlərdə də davam etmişdir. Bəzi hallarda isə sultanların şairlərə diqqəti ehsan və bəxşişlərlə yanaşı onları hər hansı vəzifəyə təyin etmək, vəzifədə olanları daha yuxarı məqamlara çıxarmaq şəklində təzahür etmişdir.

Görünür, Nəcati onun şeirlərinə nəzirə yazan bir qadının daha çox ən’am almasını içinə sindirə bilməmişdir. Ehtimal ki, elə bu münasibətlə üç hərfli iki kəlmənin – eyb və hünərin ayrı məna daşıdıqlarını vurğulayaraq Mehri Xatuna xitabən yazmışdır:

Ey mənim şeirimə nəzirə deyən,

Çıxma rahi-ədəbdən, eylə həzər,


Demə kim, iştə vəznü qafiyədə

Şeirim oldu Nəcatiyə həmsər.


Hərfi üç olmaq ilə ikisinin
Birmidir filhəqiqə eyb ü hünər?

Mehri Xatun qadını xor görən bu düşüncəyə bir şeirində belə cavab vermişdir (müənnəs qadın, müzəkkər kişi deməkdir):

Bir müənnəs yeydir kim, əhl ola,

Min müzəkkərdən ki, ol naəhl ola.


Bir müənnəs yey ki, zehni pak ola,

Min müzəkkərdən ki, biidrak ola.

Şairə öz həmkarının könlünü daha sonra bu misralarla alaraq onun böyük sənətkar olduğunu etiraf etmişdir:

Mehri, Nəcati şeirinə dersən nəzirə, leyk

Sən bir gəda vü müflis, o bir padişah ilə.

Mehri Xatun haqqında ədəbi çevrədə və bəlkə də xalq arasında yayılan dedi-qodular bu füsunkar qadının (hər halda, bir nakam məhəbbət üzündən) ömrünün sonuna qədər ərə getməməsilə və bütün taliblərini rədd etməsilə də bağlıdır. Məşhur şair və təzkirəçi Aşiq Çələbinin verdiyi məlumata görə, o, bir çox adlı-sanlı igidlərin, hətta Paşa Çələbinin də evlənmə təklifini nəzakətlə rədd etmiş, şair Zati bu münasibətlə küfrə varan ifadələrlə dolu bir qitə yazmışdır.1 Bunu Mehri Xatunun şəxsi taleyinin uğursuzluğu olaraq qiymətləndirməklə yanaşı, ədəbi taleyinin şansı kimi dəyərləndirmək yanlış olmaz. Çünki ailə həyatı qurduğu təqdirdə ədəbi fəaliyyətini nə şəkildə davam etdirəcəyi barədə mühakimə yürütmək o qədər də asan məsələ deyil.

Mehri Xatunun şeirlərindən analaşıldığına görə, o bəzi kişilərə bəslədiyi rəğbəti, dostluq duyğularını zaman-zaman misralara çevirmişdir. Bunların arasında şair Nəcatini, Sinan Paşanın oğlu İskəndəri və Əbdürrəhman Müəyyidzadəni qeyd etmək olar. Ancaq sonradan məlum olduğuna görə, bunlar sırf platonik səciyyə daşımışdır. Üstəlik, şairə bəzi şeirlərini sırf kişi mövqeyindən yazmış, qadın gözəlliyini vəsf etmişdir. Bu da məşhur türkoloq Hammer-Purqştal tərəfindən onun “türk Safosu” adlandırılması ilə nəticələnmişdir. (Yunan əsatirində Safo özü kimi başqa bir qadın olan Afroditaya aşiq olmuşdur). Türk ədəbiyyatşünası Sənnur Sezən bu adda bir kitab yazmışdır.2

Bütün ömrü boyu Amasyada yaşayan Mehri Xatun öz doğma şəhərinin gözəlliklərini, Ladiq, Köniçək kimi görməli yerlərini bir rəssam kimi təsvir və tərənnüm etmişdir. Bəzi şeirlərində bu şəhərdə möhnət çəkdiyini qeyd etsə də, onda dərin bir Amasya sevgisi sezilir. Şairə yalnız bir dəfə İstanbula gedəndə Konstantiniyyənin daha gözəl olduğunu etraf etmişdir:

Keçmiş ki, heyf, Mehri, Amasiyyədə ömrün,

Kostantinədə, aqil isən, getmə, qal imdi.

Mehri Xatun 1506/07, bəzi məlumatlara görə isə 1514-cü ildə vəfat etmiş, babası şeyx Pir İlyasın türbəsində dəfn edilmişdir. Şarənin ölümündən sonra təzkirəçilər vicdani bir narahatlıqla onun məsumluğu, saflığı, xoş rəftarı və təmiz əxlaqı barədə bir-birindən gözəl fikirlər söyləmişlər. Məsələn, Gəlibolulu Əli "Zənni-dəhr firibinə (zəmanənin müvəqqətiliyinə) aldanmayıb dünyaya mərdanəliklə gəlib getdi" deyə yazmışdır. Xınalızadə Həsən Çələbi isə öz fikirlərini belə ifadə etmişdir: "Gərçi Mehri yaşadığı dönəmdə zəriflər və şairlərlə söhbətdə və dostluqda sevgi və şəfqət üzrə olurdu, lakin onun möhürlü kisəsinin günəşinə yabançı əli ərməmiş, namus və iffət pərdəsinə xərək əli dəyməmişdir". Lətifinin Mehri barədə söylədikləri də çox poetik, bir o qədər də səmimidir: “ Dənizin dərinliyindəki incilərdən üstün dərəcədə təmiz olan, vüslət hərəmini yabançıdan, o gizli xəzinəni qara ilandan qoruyaraq, nə nisan damlalarından gümüş sədəfini qaldırmış, nə də bir araya gəlmə şəbnəmindən rəngli qöncəsini su ilə doyurmuş və bil-cümlə, nə kimsə onun iki yarım narından dad almış, nə də kimsə onun gümüş hovuzuna balıq salmışdır".

* * *

Merhi Xatunun bugün əldə bir divanı (onu Sultan II Bəyazidə göndərmişdir), ümumən 255 şeiri vardır. Əlavə olaraq, Sultan Əhmədə həsr etdiyi qəsidənin içində ayrı rədiflərlə daha dörd şeirinin, “sana” rədifli qəzəlinin içində bir əlavə şeirinin olduğunu nəzərə alsaq, Mehrinin şeirlərinin miqdarı 260 olar. Bunlardan 205-i qəzəl, qalanları qəsidə, təxmis, müstəzad, münacat və dördlük formasında yazılmış əsərlərdir. Əruzun müxtəlif bəhrlərində qələmə alınan bu şeirlər öz məzmununa görə standart divan ədəbiyyatı nümunələridir. Onların arasında eşqə-məhəbbətə, gülə-bülbülə, şama-pərvanəyə, həsrətə, hicrana, aşiqin vəfasızlığına, məşuqun göz yaşlarına, rəqibin, əğyarın hiyləgərliyinə, taleyin amansızlığına, dövranın qəddarlığına, bəxtinin qaralığına həsr olunmuş şeirlər üstünlük təşkil edir. Poetik füqurlar və obrazlar da bütünlüklə Şərq poeziyası stilindədir: gül və gülüstan, şeyda bülbül, rəna dilbər, mahi-təban, sərvi-xuraman, ləli-ləb, ləli-bədəxşan, çeşmi-giryan, abi-heyvan, ahü fəğan, cövrü cəfa, zülfi-səmənsa, külbeyi-əhzan, xaneyi-qəm, tiri-xədəng, xar-tikan, yarın kuyi, kuyin itləri, astana və s. Burada orijinal olan şey şairənin öz üslubu, deyim tərzi, poetik təfəkkürüdür.

Burada Mehri Xatun poeziyasının bəzi xüsusiyyətləri barədə danışmaq istəyirik.



Dilin sadəliyi Mehri Xatun yaradıcılığının ən əsas xüsusiyyətidir. Bu baxımdan o, Füzulidən və Nəvaidən daha çox Nəsimiyə və Həbibiyə, Babura və Sultan Hüseyn Bayqaraya yaxındır. Şeirlərində izafət tərkiblərinin azlığı da diqqəti cəlb edir; üç tərkibli izafətlər olduqca seyrəkdir. O, bəzən izafət qəlibini çevirərək türkcə verir. Məsələn, xəyali-dilbər kimi daşlaşmış bir izafəti “dilbər xəyalı” kimi işlədir:

Çün dilə dilbər xəyalı gəldi mehman olmağa.

Yaxud səhni-gülüstan izafətini türk dilinin qaydalarına uyğun olaraq „gülüstan səhni” şəklinə salır:

Gülüstan səhninə gəldi bu gün bir qönçələb gülrux.

Şairin dilində bu tipli ifadələr çoxdur.

Mehri Xatunun şeirlərinə sadəlik, axıcılıq və dərin lirizm hakimdir, onlar asan əzbərlənir və yadda qalır. Məsələn, olmasın rədifli qəzələ nəzər salaq:

Kimsələr mənciləyin eşqə giriftar olmasın,

Kimsənin mənciləyin sevdiyi əğyar olmasın.


Kimsənin yarı gözündən dur olub yad olmasın,

Kimsələr qəm xanəsində çarü naçar olmasın.


Kimsələr dilxəstə olub düşməsin yardan cüda,

Kimsənin şəhrində aləm gözünə dar olmasın.


Kimsələrin gül kimi yarı üzünə gülməsin,

Kimsələr bülbül kimi fəryad edib zar olmasın.


Dilərəm haq həzrətindən Mehri kimi, dostum,

Gecə-gündüz zarı qıl, yarın sana yar olmasın.



Qəzəllərin böyük əksəriyyətində sevən, yanan, yarına qurban olmaq istəyən qəlbin hər cür fədakarlığa, hətta ölümə hazır olduğunu görürük:

Gör necə dərdə yesir oldun, ey biçarə başım,

Bulmadım, qaldı sənin dərdinə bir çarə, başım...
Üzümü xak edəyin getdiyi yollara həbib,

Səni həmsər edəyin basdığı daşlara başım.


Görə dursun bu gözüm barı ölüncə üzünü,

Kəfənin boynuna taxıb vara, yalvara başım.


Müddəi nüktələriylə sinəmin qüssələri,

Mehriyi öldürə bir gün, səni qurtara başım.



Şairə bəzi qəzəllərində isə doğrudan-doğruya ölüm arzulayır:

Əhd etmiş idin Mehriyi öldürməyə, cana,

Bənzər, bəyim, ol əhdlə peyman unuduldu.

***


Qəhri-əğyar ilə bıçaq sümüyə ərmişdi,

Cövri-yar ilə bu gəz keçdi sümükdən iliyə.


Rahi-eşqində ömür keçdi mülazimlik ilə,

Ya gəl öldür, ya qəbul eylə məni bəndəliyə.



Öz mehrini sevgilisindən axıra qədər əsirgəməyən Mehri çox zaman əməyinin heçə getdiyini dilə gətirir:

Baş qoşub, zülfünə, Mehri, quru sevdalar ilə,

Yel kimi yeldi yolunda, yelə verdi əməyi.

Mehri Xatun poeziyasının xüsusiyyətləri barədə, əslində, çox danışmaq olar. Ancaq bu qısa önsözdə hər şeydən bəhs etməyə imkan yoxdur. Oxucular kitabı oxuyarkən bu zərif qəlbli nalan və nakam qadının ürək çırpıntılarını, incə, hərir mehrini, onun sehrli qələminin möcüzələrini özləri görəcək və təqdir edəcəklər.

Hazırda elm aləminə Mehri Xatun divanının dörd əlyazma nüsxəsi məlumdur. Bunlardan biri Aya-Sofyada (124 şeir), biri İstanbul Universitetində (216 şeir), biri İstanbuldakı Milli kitabxanada (128 şeir), digəri isə Sankt-Peterbuqda saxlanır.

Mehri Xatunun divanı ilk dəfə Moskvada tanınmış rus türkoloqu Yelena Muştakova tərəfindən geniş önsöz və şərhlərlə birlikdə çap olunmuşdur1. Şairin öz vətəni Türkiyədə onun yaradıcılığı haqqında xeyli məqalə yazılsa da, divanının elmi-tənqidi mətni hazırlansa da2, təəssüf ki, divanın özü hələ də nəşr edilməmişdir. 2004-cü ildə Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutu Mehri Xatunun divanını çapdan buraxmışdır3. Kakajan Atayev və Rəhmanberdi Qodarovun hazırladıqları bu nəşr ümumən qənaətbəxş olsa da, orada bəzi sözlər düzgün oxunmamış, xüsusilə Türkiyə türkcəsinə məxsus kəlmələr doğru analaşılmamış, durğu işarələrinin gəlişi-gözəl qoyulması nəticəsində mətnin dərk edilməsi xeyli çətinləşmişdir.

Mehri Xatun yaradıcılığı Azərbaycanda, təəssüf ki, bilinmir. Bakı Dövlət Universitetinin türk xalqları ədəbiyyatı kafedrasının dərs proqramında bu bənzərsiz sənətkara ayrıca saat həsr edilmir, yalnız ümumi icmalda adı çəkilir və qısa məlumat verilir. Bunun başlıca səbəbi odur ki, şairin Azərbaycanda kitabı bir yana, heç bir şeiri belə işıq üzü görməmişdir. Halbuki ümumtürk ədəbiyyatının ən böyük qadın şairi məhz Mehri Xatundur. Ona görə də şairənin 550 illiyi münasibətilə bu kitabı çapa hazırladıq. Ümid edirik ki, bundan sonra Mehri Xatun yaradıcılığı ciddi şəkildə tədris və tədqiq ediləcək, geniş oxucu kütləsi bu istedadlı, zərif qadının yaradıcılığı ilə yaxından tanış olacaq, onun adı daim Məhsəti, Heyran xanım və Natəvanla bir cərgədə çəkiləcəkdir.

Biz bu kitabı da TürkSOY kitabxanası seriyasından nəşr edirik. Bu həmin silsilədən bizim 11-ci, bir qadın sənətkara həsr olunan ilk kitabımızdır. Biz böyük türk dünyasının UNESCO-su olan TürkSOY-un nəcib fəaliyyətini ürəkdən dəstəkləyirik. Qismət olsa, gələcəkdə də türk dünyasının seçkin şairlərinin əsərlərini Azərbaycan oxucularına təqdim edəcəyik.

Onu da qeyd etmək istəyirəm ki, bu kitab da həmin silsilədən olan digər kitablarımız kimi könüllülük təməlində ərsəyə gətirilmişdir. Onu çapa hazırlayan və kiçik bir önsöz yazan bəndəniz Ramiz Əskər, kitabı ciddi şəkildə redaktə edən hörmətli akademik İsa Həbibbəyli bütün işləri heç bir əməkhaqqı və ya honorar almadan türklük naminə təmənnasız yerinə yetirmişlər. Bizi ağrıdan cəhət odur ki, maddi imkansızlıq üzündən kitabı 2010-cu ildə, yəni Mehri Xatunun 550 illik yubileyi ilində nəşr edə bilmədik. Yeganə təsəllimiz isə qısa bir gecikmə ilə olsa da, onu, nəhayət, oxuculara təqdim etməyimizdir.

Kitab uşaqlıq dostum və qohumum, türk dünyasının gerçək təəssübkeşi, əsil türkçü, qeyrətli vətəndaş və ziyalı Bədirxan Nəriman oğlu Haqverdiyevin maddi dəstəyi ilə işıq üzü görmüşdür. Bu nəcib hərəkətindən dolayi ona və əməyi keçən hər kəsə səmimi təşəkkürlə,


Ramiz ƏSKƏR,

Bakı, 19 fevral 2011-ci il.

1
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün


Buyi-zülfün kimi ənbərbarü mişkin olmaya,

Xəddü qəddin kimi rə’na sərvi-nəsrin olmaya.


Bəstəri-nəsrin gərəkməz bir dəm aram etməyə,

Asitanın kimi dil miskinə balin olmaya.


Varmıdır bir yer qəmindən ağladıqca, dostum,

Gözlərimin qanlı yaşı ilə rəngin olmaya.


Gərçi qəmzən qəsdi-can etməkdə tirəndazıdır,

Leyk çeşmin kimi qan içici bidin olmaya.


Olmadı bir dəm düşəldən Mehri eşqin narına,

Sinə yanıb, dil köyünüb, didə nəmgin olmaya.

2
Qəzəli-rəna

Məfā’ilün fə’ilātün məfā’ilün fe’ülün
Təbarəkallah, əgər dilbər isə, ancaq ola,

Gözəllər içrə bu gün sərvər isə, ancaq ola.


Çü düşdü şövqi-ruhi-afitabı çöhrəsinin,

Cahanə verdi ziya, ənvər isə, ancaq ola.


Saçından oldu müəttər dimaği-ruyi-cahan,

Abiri-müşk ilə bu ənbər isə, ancaq ola.


Həzar yerdə dələr sinəsini üşşaqın,

Xəddinin qəmzələri xəncər isə, ancaq ola.


Dilində şamü səhər Mehrinin budur zikri,

Təbarəkallah, əgər dilbər isə, ancaq ola.


3
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün


Xoş görür məndən rəqibi, rəhm edib canan ona,

Necə qatlansın bu ürək, necə desin can ona.


Aşiqin haqqında çox söz söylər inanma, rəqib,

Adət olmuşdur cahanda, dostum, böhtan ona.


Dil mərəzinə ləbindən eyləməsən gər əlac,

Hikmət ilə çarə bulmaz, olsa min Loğman ona.


Atsa qəmzən tirini can putəsinə qaşların,

Gösrərir dil dəxi, cana, cövhəri-peykan ona.


Əqlü, küllü danişü elmil-ülul əlbabi-bab,

Görməsə hüsnün kitabından deriz nadan ona.


Hər səhər badi-səba baği-cahanda dilbərin,

Zülfünə urduqca şanə müşk edər əfşan ona.


Səfheyi-hüsnündə başlamış vəfa rəsmin yazar

Lacivərd ilə yədi-qüdrət xətti-reyhan ona.


Eşq meydanında top olsa günəş, olmaz əcəb,

Kim qəmər hər dəm hilalından sunar çovqan ona.

Dil dilərmiş eydi-vəslinçün kəman əbruların,

Çoxdan etdim, dostum, mən canımı qurban ona.


Xəttin inşasın həddin üstündə kim yazdı əcəb,

Kim Qaraman katibin olmuş dürur heyran ona.


Yollar üzrə Mehrinin hər dəm görür xak olduğun,

Bir nəzər qılmaz, nədir cürmü əcəb, sultan ona.


4
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün


Dostum, çün üzə gəlmək eyləmişsən hu sana,

Yürü, ey hərcayı, var, bundan qeyri «yahu» sana.


Gəl axıtma gözlərimin qanlı yaşın, sevdiyim,

Ocağına su qoyar, xeyr etməz axır bu sana.


Çeşminə can verdik, ey dil, pəndimi guş etmədin,

Gör necə sehr etdi axır bu iki cadu sana.


Öldürürsən lə’lin abi-heyrətilə gər məni,

Təşnə candır, haq daddırmasın bir içim su sana.


Zülməti-qəmdə qoydusa səni yarın, qəm yemə,

Bulunur, Mehri, cahandır, yenə bir mahru sana.

5
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Gəlmişəm üz sürəyü, doğru qılıb rah sana,

Dilərəm ərz qılam halımı, ey şah, sana.


Anca ədl issi şahənşahi-cahansan ki gələr,

Asitanana günəş xidmətə hərgah sana.


Canü dildən oxur, ey ruxları gül, mədh sana

Ruzi-şəb bülbüli-can sübhü səhərgah sana.


Yaxdı, yandırdı, şəha, təşnə dili qeyrət odu,

Zülməti-qəmdə qoyma, Xızır ola həmrah sana.


Növcavan edə Züleyxa kimi, ey Mehri, səni,

Qıla gər lütf ilə Yusif nəzərin şah sana.

6
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Necə fəryada vara nalələrim, ah, sana,

Necə bir ərz edəyim halımı hərgah sana.


Eşidib bülbüli-şeyda məgər ahi-səhərim,

Çağırıb dərd ilə der ah məni vah sana.


Hüsni-sərmayəsi əldən gedəcək bir gün ola,

Bildirə etdiyini, sevdiyim, Allah sana.


Gün üzün bürci-şərəf üzrə tülu etdiyiçün,

Gecələr sübhə deyin tənə qalar mah sana.


Xak edər qeyrət odu bu dili-miskini yaxıb,

Belə yanında rəqib olalı həmrah sana.


Necə səngindil imişsən ki, əsər etmədi heç

Aşiqi-şuridələr ahı səhərgah sana.


Növcavan etdi Züleyxa kimi, Mehri, səni eşq,

Qılalı lütf ilə Yusif nəzərin şah sana.

7
Hərfi-ba

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Neylədim, netdim, günahım bilməzəm bu mən qərib,

Gördüyüncə üz çevirər, üzümə baxmaz həbib.


Gah ki bir göz ucuyla mərhəba eylərdi yar,

Yenə bənzər ki, araya fitnə buraxdı rəqib.


Can zəif oldu fəraqından, mədəd qıl, dostum,

Xəstədil dərdinə lütf et, gəl, əlac et, ey təbib.


Zülfünün çəngəlinə urma rəqibi xəşm edib,

Hey, bu bir kəlbi-ləindir, tax bunun boynuna ip.


Taleyin yoxdur gözəllərdən, ey Mehri, çarə nə?

Qisməti-ruzi-əzəldə sana bu olmuş nəsib.


8

Hərfi-ta



Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Ol cahan gülzarının rə’na qəzəlxanı dürüst,

Xoş tamam etmiş bu beyti içrə divanı dürüst,

Xətti-reyhan kim dolanmışdır gülüstanı dürüst,

Halədir kim, dövr edibdir mahi-tabanı dürüst.


Can ilə qıldım tamaşa ruyi-cananı dürüst,

Saneyi-qüdrət ki, nəqş etmiş gülüstanı dürüst,

Səhifeyi-xəddində yazmış xətti-reyhanı dürüst,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Qaməti can gülşənində sərviyü ər-ər bağlamış,

Hüsnünün şəmsi cahan bağına ənvər bağlamış,

Ruxlarında kakilin müşkünü ənbər bağlamış,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Qaşları qövsi-fələkdir, surəti bədri-qəmər,

Gün cəmalıdır cahan ruyinə verən nurü fər,

Qaplamışdır dilbərin guya miyanını kəmər,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Cəm olub bir bəzmə gəlmişlər neçə cananələr,

Halqa qurmuş mürği-cana zülfü, tökmüş danələr,

Şəm’i-rüxsarına ol məhruların pərvanələr,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Dövr edər cami-şərabı saqiyi-mehparələr,

Nuş edər eşqi-meyindən aşiqi-biçarələr,

Ol mahı qılmış əhatə, göz açıb səyyarələr,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Can alar çeşmi, dili yağma qılar, hökmi-rəvan,

Leyk qılsa bir nəzər, hüsnü bağışlar cana can,

Der görən onun giribanilə gərdanın həman:

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Şəhri-Amasiyyədə bir xubü rə’na gül’üzar,

Hər tərəfdə canü dildən səd həzar üşşaqı var,

Çerəsində dairə çəkmişdir onun kuhsar,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Taleyin sə’d oldu, Mehri, yandı bəxtın əxtəri,

Başına doğdu qəmi-zülmətdə dövlət xavəri,

Ol mələkmənzər qəmər cəhr ilə çərxin çənbəri,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.

9
Məf’ūlü fā’ilātü məf’āīlü fā’ilün
Cana, yetir bu canıma, cövri-cəfalar et,

Zəcr isə cana ancaq ola, gəl vəfalar et.


Möhnətlər ilə qarşına öldükcə aşiqin,

Sən oyna, gül rəqib ilə xoş-xoş səfalar et.


Aşiqlərini bigünah öldürmə, dostum,

Öldür rəqib kafiri, barı qəzalar et.


Lütf eylə, qıl əlac bu gün, ey təbibi-can,

Dil xəstədir fəraqınla, gəl dəvalar et.


Şirin ləb ilə ağzına söymüş, ey Mehri, yar,

Ömrü çox olsun, əl götür, imdi dualar et.

10
Məf’ūlü fā’ilātü məf’āīlü fā’ilün
Düşmən qamu kişiyə rəqib oldu aqibət,

Gör taleyim ki, mana həbib oldu aqibət.


Dil dərdinə dəvalar umarkən verən mənə

Şərbət yerinə zəhri-təbib oldu aqibət.


Lütfü vəfası müddəiyə oldu daima,

Cövrü cəfası mana nəsib oldu aqibət.


Saldı məni qapılara, bietibar edib,

Yanında müddəi yürüdür oldu aqibət.


Çoxdur cahanda dərdü nigar ilə mübtəzəl,

Mehri sənin eşiyində qərib oldu aqibət.

11
Hərfi-se

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Eşq babından mənimlə eylədi ol yar bəhs,

Canla verdim cavabın, etmədi təkrar bəhs.


Müşkülüm həll olmaz idi guşeyi-dərsxanədə,

Etməsəm hüsnün kitabından, şəha, hər var bəhs.


Ey müdərris, çünki sən təhsili-canan etmədin,

Qilü qal içrə qılıb sən eyləmə naçar bəhs.


Müshafi-hüsnünü zülfündən sual etmiş rəqib,

Eyləmək caizmidir Qur’andan küffar bəhs.


Elmi-eşqi biz, ey Mehri, şöylə təhsil eylədik,

Şimdi hər aşiq bizim ilə etməyə qorxar bəhs.


12
Hərfi-cim



Fāilātün fāilātün fāilātün fāilātün
Bir dəm ol dilbər cəmalından iraq olmaq nə güc,

Bir nəfəs cananəsiz aləmdə sağ olmaq nə güc.


Gülüstanda qönçənin yanında xar olmaq nə xoş,

Lalə kimi bülbülün bağrında dağ olmaq nə güc.


Mən gədasını qoymazlar üz sürəm dərgahinə,

Padişahın asitanında yasaq olmaq nə güc.


Çeşmi xəşm etdikcə, cana qəmzəsi xəncər çəkər,

Məst əlində, dostlar, qılınc, bıçaq olmaq nə güc.


Gülşəni-hüsni-kənarın tutdu, Mehri, xətti-yar,

Bülbülün tazə gülüstanında zağ olmaq nə güc.


13
Hərfi-ha



Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Dostum, ərz et cəmalın, canımız bulsun fərəh,

Küfri-zülfünü görüb, imanımız bulsun fərəh.


Çün dilə dilbər xəyalı gəldi mehman olmağa,

Peşkəşi-can verəlim, mehmanımız bilsun fərəh.


Cami-lə’lindən nigarın, saqiya, bir badə sun,

Məclisimiz gərm olub, dövranımız bulsun fərəh.


Zülməti bir cür’ə ilə xaneyi-dildən götür,

Ol səfadan külbeyi-əhzanımız bulsun fərəh.


Xubların vəsfin, ey Mehri, şöylə təqrir eylə sən,

Kim oxursa dəftəri, divanımız bulsun fərəh.


14
Hərfi-xi



Məfā’īlün məfā’īlün məfā’īlün məfā’īlün
Bu könlüm zövrəqin aldı bu gün bir qönçələb gülrux,

Yaşım dəryasına saldı bu gün bir qönçə ləb gülrux.


Bəlləndi qəddi-naz ilə, sallahıb sərəfraz ilə,

Gülüstan səhninə gəldi bu gün bir qönçələb gülrux.


Bəlakeş bülbülüm bildi, fəğanımdan səfa buldu,

Üzümə gül kimi güldü bu gün bir qönçələb gülrux.


Dilə gərçi cəfa qıldı, birinə min vəfa qıldı,

Bizə vəslin əta qıldı bu gün bir qönçələb gülrux.


Alıb şirin zəban ilə əlindən Mehrinin varın,

Aha, gəldim deyü yeldi bu gün bir qönçələb gülrux.


15
Hərfi-dal



Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Eylədi yar məni dərdiylə avara, mədəd,

Ölərəm, etməz isə həsrətlə çarə, mədəd.


Öldürərəm der imiş zülfünə çeşmin məni yar,

Vermə cəllad əlinə, as məni ol dara, mədəd.


Çeşmi-məstin yenə nahaq yerə qan eyləməsin,

Suçunu bildirə qətlin sana bir para, mədəd.


Şərbəti-lə’lin imiş xəstə dilə, dost, şəfa,

Dəmidir, eylə dəva bu dili-bimara, mədəd.


Bir nəfəs qıldı ki, Mehri, verə can firqət ilə -

Çıxmasın həsrət ilə hey, mədəd ol yara, mədəd.


16

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün


Zülfi-müşkinin nola boynuma saldıysa kəmənd,

Dostum, lazım dürur divanəyə, əlbəttə, bənd.


Elmi-caduluqda bir ustaddır çeşmin sənin,

Görsə Harut ilə Marutu, keçərdi onlara bənd.


Ruxların dil şahını mat eylədi bir lub ilə,

Gözlərin can fərzinə hacət deyil sürmək səmənd.


Kəlləsin ortaya qoyub öykünmüş lə’linə,

Anın çün çarsular içrə bərdar oldu qənd.


Gərçi çox seyr eylədim baği-cahan səhraların,

Rasti-qəddin kimi heç görmədim sərv bülənd.


Qoy bizi mahruların mehrilə var sən, fariq ol, 

Naseha, etməz əsər rüsvayi-eşq olana pənd.


Xubların tiği-cəfasından üzüm döndərməzəm,

Doğrasalar sinəmi gər zirə-zirə, bənd-bənd.


Dərpəyincə yollarına düşdüyüm dilbərlərin,

Der görən «xeyli bəlakeşdir bu Mehri, dərdmənd».


İllər ilə mən üzün görməm, dariğa, ah, kim,

Sayəsində xoş keçər dildarımın hər ləvənd.


17
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Künci-qəm viranəsində şimdi yarımdır nəməd,

Sayəvanım, məhrəmim, aləmdə varımdır nəməd.


Mən gəda halına həmdərd olmadı illa ki bu,

İzzü cahım, həmdəmim, həm şəhriyarımdır nəməd.


Tən ənis olmuşdur, ondan ayrı olmaz bir nəfəs,

Sevdiyim, yarım, vəfadarım, nigarımdır nəməd.


Qış günündə gah ki əsdikcə badi-zəmhərir,

Xaneyi-xəlvətgahimdə gərmi-narımdır nəməd.


Ey fələk, Mehri siyapuş etdin isə qəmmidir?

Qaliba, cəm olmadan ruh ixtiyarımdır nəməd.

18
Hərfi-zəl

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Yox sanardım aləm içrə can ilə sərdən ləziz,

Hey nələr varmış cahanda dəxi bunlardan ləziz.


Ləzzətin uşbu cahanın şnmi bildik, hasili

Yox imuş ruyi-zəmində vəsli-dilbərdən ləziz.


Ləblərin soğduqca, cana, ağzıma şəkər yağar,

Şöylə şirin loxmadır paludeyi-tərdən ləziz.


Aşiqə baş ağrıdıb ərz etmə, naseh, cənnəti,

Ləblərin sorduq nigarın abi-kövsərdən ləziz.


Şimdi bu tutikəlama mübtəladır, Mehri kim,

Söyləsə şirin sözi qəndi-mükərrərdən ləziz.


19
Hərfi-ra



Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Atəşi-eşqə ol aşiqlər ki, canın yaxdılar,

Buldular vüsləti-əbəd, çün kim cahanın yaxdılar.


Yanmasınmı aşiqi-biçarələr pərvanə vəş,

Mahrular çünki hüsni-şəm’danın yaxdılar.


Hicr ilə sanma səni yaxdı vücudum xublar,

Ey neçə dil mülkətinin xanimanın yaxdılar.


Lə’linə öykündüyüçün lalə rüxsarına şəm’,

Laləyə dağ urdular, şəm’in zəbanın yaxdılar.


Dililə can verdi Mehri tərcüman dilbərlərə,

Aldılar könlün əcəb, bu tərcümanın yaxdılar.


20
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün


Aşinalər sağlıq ilə eyləsin seyranlar,

Durduğunca bu cahan, gəldikcə bu dövranlar.


Dur düşdün çünki, ey dil, bülbüli-gülzardan,

Getdi güllər, biz qılalım naleyü əfğanlar.


Bəstəri-nəsrində aram eyləsin xoş dostlar,

Cismimizə pürələr ursun bizim dəndanlar.


Yesin, içsin xoş bular yaylaqlarında dəmbədəm,

Udalım biz qəm evində kasə-kasə qanlar.


Qaldı isə cismin bu şəhrin istisində, çarə nə,

Bəs məkanıdır qərib olanların külhanlar.


Yox dürur, Mehri, bu gün dəvaya mane gösrtərir,

Vaz gəl, hərcayılardır şimdiki yaranlar.

21
Məf’ūlü fā’ilātü məf’āīlü fā’ilün
Ey dil, bahar fəsliyü çün dövri-lalədir,

La deməziz ki, aşiqə sevda həvalədir.


Bəzmi-çəməndə, səhni-gülüstanda dövr edən

Saqi əlində sağəri-safi-piyalədir.


Dilbər cəmali üzrə ərəqlər ki düzülüdür,

Gül yaprağında sanasan onu ki jalədir.


Mə’şuq əlində cövrü, cəfayü, itapü naz,

Aşiq dilində şamü səhər ahü nalədir.


Bu ruz içində guşeyi-gülşəndə, Mehriya,

Dövlət anın ki, həmdəmi bir çeşmi-əladır.

22
Qəzəli-qərra

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Əşki-çeşmimdən olur cuş etdiyi irmağlar,

Dudi-ahımdandır əbr olduğu hər dəm dağlar.


Ruzi-şəb yaşlar tökər dolub, sərgərdan olub,

Giryeyü zarı ilə durmaz nə üçün ağlar?


Naləm eşitdikcə titrər bərg, aram eyləməz,

Yaşımı gördükcə hər abi-rəvanlar şağlar.


Gözlərimə sənsiz, ey ruhi-rəvanım, bir nəfəs,

Gülşən ilə, neyləyim, külhan görünür bağlar.


Gəldiyincə güldürürsən gül kimi dil bülbülün,

Getdiyincə laləvəş bağrımda qorsan dağlar.


Firqətin zəxmilə Mehri çoxdan olardı həlak,

Müstədam ol, yenə vəslin ona mərhəm bağlar.

23
Fāilātün fāilātün fāilātün fāilün
Ol mübarək zatına hər dəmdə sihhət yaraşır,

Ol mütəhhər çeşminə hər anda rahət yaraşır.


Dari-rüfətdə səfayü zövqlə leylü nəhar,

Səhni-sihhətdə gözəl xanımla söhbət yaraşır.


Ol vücudi-nazəninindən iraq olsun ələm,

Düşməninə xaneyi-qəm içrə möhnət yaraşır.


Təb neçün tutar səni, tutsun rəqib kafiri,

Sana sihhətlər, əduna rəncü zillət yaraşır.


Tiği-qəhr ilə ədunun başını qət’ etməyə,

Zatına cürətü, həm bazuna qüvvət yaraşır.


Ney kimi inləyən hər dəm həsud olsun müdam,

Cəngü qanun ilə hər dəm sana işrət yaraşır.


Haq bağışlasın, ilahi, səni ol validənə,

Kim onun bir danəsisən, sana rəf’ət yaraşır.


Həmdulla kim, mülaqat oldu Mehri daiyə,

Der görərlər: «Zatına ərkani-dövlət yaraşır».


24
Məf’ūlü məf’āīlü məf’āīlü fe’ūlün


Ol kani-vəfa xoş bizə göstərdi kərəmlər,

Basdı kərəmindən üzüm üstünə qədəmlər.


İsa nəfəsi eylədi biz mürdəni zində,

Qəmgin dilimiz buldu fərəh, getdi ələmlər.


Lütfiylə qıldı dili-viranəmi mə’mur,

Könlün xoş edə hər dəm onun xub sənəmlər.


Etdi bizi ol zati-şərifiylə müşərrəf,

Görməyəsəriz həşrə deyin qüssəvü qəmlər.


Mehri, neçəsi şərh edəsən vəsfi-bəyanın,

Təqrir edəmməz dil, nə hu təhrir qələmlər.

25

Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə