Məktəbqədər yaşda oyun və onun inkişafetdirici əhəmiyyəti



Yüklə 59,7 Kb.
səhifə1/4
tarix27.01.2022
ölçüsü59,7 Kb.
#83201
  1   2   3   4
ink.mwhit


Məktəbqədər yaşda oyun və onun inkişafetdirici əhəmiyyəti.

Fəaliyyət sahəsi kimi oyun uşaqların həyatında xüsusi əhəmiyyətə malikdir. Uşağın bütün mənəvi-əxlaqi keyfiyyətlərinin inkişafı, xüsusilə fiziki sağlamlığı ilk öncə oyun fəaliy­yətinə bağlı bir prosesdir. Oyun məktəbəqədər yaşlı uşaqların inkişafına aid görkəmli tədqiqatçı alimlərin yaradıcılığında həmişə diqqət mərkəzində olmuşdur. Uşaqların sosiallaşması forması olan oyunlar fövqalədə və çox vacib fəaliyyət sahəsi kimi aləmi dərk etməyi təmin edir, insanlar arasında münasibətlərin səmərəli olmasına əlverişli imkanlar açır. Oyun uşağın gələcək həyatının bu günkü gün təqlidi, ona oxşamaq üçün nümunəvi hərəkət və davranışlardır. Oyun uşağın gələcək həyatının bu günkü gün təqlidi, ona oxşamaq üçün nümunəvi hərəkət və davranışlardır. Oyun uşağı gələcək həyata hazırlayır, onun psixi inkişafı üçün şəraitin yaradılmasını təmin edir.

Müasir uşaqlar sürətlə inkişaf edir. Belə bir təbii sayıla biləcək fikri də məqbul saymalıyıq ki, uşaqlar ahıllar üçün möcüzədir. Həqiqətən də cəmiyyətin elmi-texniki tərəqqisi yeni doğulan nəsillərin yaşlı nəsillər üçün qeyri-adi, möcüzəli aləm olduğunu təsdiq edir. Onların ehtiyacları adi bacarıqlarla-oxumaq, yazmaq və oxumaqla bitmir. Bu yaşda uşaqlar yaş və idrak səviyyəsinə uyğun olaraq, yaxşı oxuyur və dünyanı anlayırlar. Onlar məktəbə hazırlıq dövründə müəyyən ahəngdar inkişaf keyfiyyətlə­rinə yiyələnir, informasiya texnologiyaları ilə tanış olurlar. Bu prosesdə uşaq aşağıdakı göstəriciləri özündə ehtiva edir:

1. Təcrübə bazasını

2. İdrakın inkişafını

3. Emosional inkişafı

4. Dil (nitq) inkişafını

5. Fiziki hazırlığı

6. Ünsiyyət bacarığını

7. Dinləmə qabiliyyətinı

8. Fərqləndirmə və hafizəni

9. Eşitmə qabiliyyətinı

10. Kitaba münasibətı

11. Ümumi və psixoloji hazırlığı.

Bu deyilənlərdən aydın olur ki, bu gün uşaqların hərtərəfli inkişafı üçün axtarış üsullarının seçilməsi xüsusi aktuallıq kəsb edir. Tədrisə texnologiyalar gəlir, təlimin tempi yüksəlir, informasiyanın həcmi artır ki, bu da gələcək məktəblinin intensiv işlə­mə­sinə, yeniliyə, inkişaf etdirən vasitələrə meyl və maraq göstərəməsinə səylərini artırmağı tələb edir.

İnkişafetdirici oyunlar, ümumiyyətlə oyunlar ən sadə və uşaqları təbiətən inkişaf etdirmə xüsusiyyətləri ilə məktəbə hazırlayır. İnkişafetdirici oyunlar aşağıdakı prinsip­lər əsasında yaranır:

1. Təlim və oyunun birliyi prinsipi

2. Oyundan fəal idrak fəaliyyətinə keçid prinsipi

3. Oyun və tapşırıqların tədricən mürəkkəbləşdirilməsi prinsipi

4. Uşağın əqli inkişafının fəallaşdırılması prinsipi

Bu prinsiplər inkişafetdirici oyun mahiyyətini ifadə edir və elə şərait formalaşdırır ki, uşağın hərtərəfli inkişafının səmərəliliyi təmin olunur. Məlumdur ki, hər bir yaş dövrü uşağın inkişafının yeni xüsusiyyətlərini əks etdirir.İnkişafetdirici oyunlar həyat fəaliyyəti üçün zəruri bacarıq və vərdişlər formalaşdırır. Məsələn, əşyanı əldə etməyə və onu saxlamağa nail olmaq,diqqəti saxlaya bilmək, səbirli olmaq və s. Oyun prosesin­də uşaqlar öz emosional aləmini formalaşdırır, kiçik motorika təkmilləşdirilir.

Bu gün pedaqogika və psixologiya elmləri öz qarşısına məktəbəqədər tərbiyənin sistemli məqsədini qoyur və uşaqların ahəngdar inkişafını, məktəbə qəbul olunmasının hərtərəfli inkişaf səviyyəsini formalaşdırmağa çalışır. Uşağın şəxsi keyfiyyətləri aktiv fəaliyyət prosesində formalaşır ki, bu da hər bir yaş dövründə yeni məzmun, dəyişmiş və yeniləşmiş keyfiyyət kimi üzə çıxır. Oyun məktəbəqədər yaşda belə bir fəaliyyətdir. İstər ilk, istərsə də böyük yaş dövründə oyunun səviyyəsindən və tipindən asılı olmayaraq uşaqların müstəqil olmaq imkanları artır, həmyaşıdları ilə öz arzusuna uyğun olaraq münasibətləri zənginləşir, özünün bilik və bacarıqlarını dərinləşdirir və reallaşdırır.

Məktəbəqədər yaş dövrü qısa müddətli, lakin uşaq şəxsiyyətinin formalaşmasında mühüm mərhələdir. Bu illərdə uşaq onu əhatə edən aləm haqqında ilkin biliklər əldə edir, onda insanlarla müəyyən münasibətlərin formalaşması başlayır. Əməyə, düzgün davranış və hərəkətlər üçün vərdiş və adətlər yaranır, xarakter cəhətdən möhkəmlən­miş olur. Bütün bunlar uşağın əsas fəaliyyət sferası kimi oyunda öz əksini tapır. Oyun zamanı uşağın diqqəti, yaddaşı, təxəyyülü, intizamlılığı, cəldliyi, çevikliyi və digər keyfiyyətləri inkişaf edir.

Oyunda uşaq şəxsiyyət kimi formalaşır: onda elə psixi xüsusiyyətlər inkişaf edir ki, bu xüsusiyyətlər ona əməkdə və təlim fəaliyyətində uğuqlar gətirir, insanlarla münasibəti yeni keyfiyyətlərlə zənginləşir.

Oyun – həyatın əksidir desək, səhv etmərik. Uşaqların yaşlıları təqlid etməsi oyunda təzahür edir. Lakin uşaq fəaliyyəti kopya etmir, o şəxsi təcrübəsi ilə həyatında qazandığı müxtəlif təssüratları da kombinə edir, birləşdirir.

Oyun müstəqil fəaliyyətdir. Bu prosesdə ilk dəfə olaraq uşaq öz həmyaşıdları ilə münasibətdə olur. Onları bir məqsəd birləşdirir: birgə səylər və müvəffəqiyyət, ümumimaraq və hiss-həyacan, xoş təəssürat. Oyun zamanı uşaq özünü kollektivin, qrupun üzvü kimi hiss etməyə başlayır, yoldaşlarının davranışlarını öz hərəkətini, düzgün qiymətləndirməyə çalışır.

Oyun uşaqların əqli tərbiyəsinin çox mühüm vasitəsidir. Bağçada və evdə alınmış bilik praktikada tətbiq olunur və inkişaf edir. Günün müxtəlif hadisələri, nağıl və digər folklor nümunələrindəki epizodların təkrarı, xəyalda canlandırılmasızamanı uşaq bu mövzular haqqında düşünür, nəyi gördüyünü, nəyi oxuduğunu və danışmadığını fikrində, təsəvvüründə yenidən canlandırır. Belə bir cəhət yəni, bir çox hadisələr, onların mahiyyəti uşaq üçün daha aydın görünür.

Oyunda həyati təəssüratların ifadəsi mürəkkəb prosesdir. Oyunda əqli fəallıq həmişə təxəyyüllə sıx bağlıdır. Təxəyyül axtarış vasitəsi kimi üzə çıxır və inkişaf edir. Bu vasitə “fikirləşdiyini”, nəzərdə tutduğunu yerinə yetirmək üçün zəruridir. Məsələn, mağaza üçün zəruri malların toplanılması vacibdir, əgər bu zəruri mallar çatımşırsa, onu özün hazırlamalısan; təyyarəni yola salmaq lazımdır, təyyarəni quraşdırmaq vacibdir.

Bütövlükdə oyunun uşağın inkişafında rolunu qısa, konkret şəkildə qiymətləndir­mək üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

1. Oyun uşaqlara və yaşlılara sevinc, fərəh gətirməlidir. Uşağın hər bir uğuru uşağın, tərbiyəçi-pedaqoqun, yaşlıların müvəffəqiyyətidir. Onunla birlikdə sevinmək, uşağa qanad vermək, onu ruhlandırmaqla gələcək uğurlara təminat yaratmaq deməkdir.

Müşahidə edin, uşaq sizin (gülməyinizdən, yaxud fərəhlənməyinizdən) məmnun qalırmı.

2. Uşağı oyuna maraqlandırın, təpki göstərməyin. Təhqirlərə əl atmayın. Oyun həddən artıq olmamalı, uşağı təngə gətirməməlidir.

3. Bütün tapşırıqları uşaq müstəqil şəkildə yerinə yetirməyi bacarmalıdır. Səbr nümayiş etdirilməli, söz, jest, baxışlardan istifadə olunmamalıdır.İmkan vermək lazım­­dır ki, uşaq buraxdığı səhvlər haqqında özü fikirləşsin və onların aradan qaldırılmasına səy göstərsin. Çətin tapşırıqların təshihini tədricən və uşağın özünün bilavasitə iştirakı ilə aparmaq lazımdır.

4. Müqayisələrin çətinliyini anlamaqla, ilk əvvəl uşağa hansı tapşırığı verməyi dəqiq şəkildə müəyyənləşdirmək lazımdır. Bu zaman vacibdir ki, tərbiyəçi-müəllim veriləcək sualı (yerinə yetirəcək vəzifəni) özü sınaqdan keçirsin.

5. Çalışmaq lazımdır ki, uşaq gücü çatan məsələni, yaxud onun hissələrini öyrən­mək­dən başlasın. Hər hansı bir məsələ üzrə vəzifənin yerinə yetirilməsi uşaq üçün mümkün olmalıdır. İlk başlanğıcdan müvəffəqiyyət qazana bilmək vacib şərtdir.

6.Əgər uşaq tapşırırğı düzgün icra edə bilmirsə,siz əvvəlcədən onun inkişaf səviy­yəsini müəyyən edə bilərsiniz. Fasilə verin, bir neçə gündən sonra sadə tapşırırqlarla başlayın. Daha yaxşı olar ki, uşaq öz imkanları daxilində tapşırıqları seçib özü yerinə yetirməyə çalışsın. Ona toxunmayın.

7. Hər bir uşağı oyun komplekti üzrə ayırmaq lazımdır.

8. Uşağa hansı qayda ilə oyun vermək lazımdır. Bildiyimiz kimi Mariya Mentes­sorinin metodikasının əsas ideyası ondan ibarətdir ki, istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişafetdirici mühit lazımdır. Naxışlar qurmaq, müxtəlif güllərdən kubiklər düzəltmək məqsədilə aparılan oyunlarda gülləri və formanı fərqləndirməkdən başlamaq lazımdır. Ümumi qaydalar isə uşağın inkişafını müşahidə etmək, onun uğurlarını qeyd etmək və müəyyənləşdirmək, nə vaxt və hansı oyunlarla bağlanmaq kimi vəzifələrlə əlaqədardır.

9. Uşaqların böyüməsi sürətlə gedir, ona görə də bu və ya digər oyun növünə maraqları soyuya bilər. Oyunu bir ay və daha çox “unudun”, sonra isə “təsadüfən” oyuna yenidən qayıdın, bu zaman uşaqlar sanki köhnə dostları ilə görüşür, onlar bir-birini çoxdan görməyənlər vəziyyətində olur.

10. Oyunu gözləyin, digər oyuncaqlarla bir yerə qoymayın. Əgər uşaq özü həmin oyuncağı soruşur, yaxud özü oynamaq istəyirsə, bu daha yaxşıdır. Ona görə də oyuncaqlar görünən yerdə, lakin çox da mümkün, əlverişli olmayan yerdə saxlanmaldır.

11.Kiçik yaşlı uşaqlar üçün nağıllar və digər uşaq folkloru üzrə şəxləndirilən obraz­lar daha maraqlı görünür. Bu zaman rəsmlərdən, fiqurlardan, naxışlar və müxtəlif bəzək məmulatlarından istifadə fayda verər.

12. Mütəhərrik oyunlar uşaqların yürüməsi, qaçması, yaxud oynaması üçün əlverişli şərait yaradan vasitələrdən biridir. Burada tezlik, sürətlilik, çeviklik və cəldlik kimi keyfiyyətlərin formalaşmasına geniş imkanlar açılır. Mütəhərrik oyunlar güclü olmaq, çətinliklərə üstün gəlmək, maneələri aradan qaldırmaq üçün də səmərəli, çox faydalı vasitədir. Uşaq üçün oyun maraqlı görünmürsə, bu cəhət iki səbəblə bağlıdır:

1) Uşaqda oyun üçün keyfiyyətlərin inkişafı zəif olur. Uşaq özünü gücsüz, qüvvətsiz hiss edir.

2) Böyüklər onların həvəsini söndürür, yaxud zor-güclə hər hansı bir oyuna təşviq edir.

13.Uşaqları oyun zamanı sərbəst,təbii şəraitə, vəziyyətə hazırlayın.Onun yüksələn fəallığını dayandırmayın.

14. Nə vaxt ki, artıq mənimsənilmiş məsələlər üzrə modellər, yaxud naxışlar hazırlanıb, quraşdırılır, yenisi haqqında fikirləşin.

15. Yarış zamanı vaxt ölçənlə (saniyə ölçən) həll olunmuş vəzifələrin sürətini dəqiq, ədalətli və obyektiv şəkildə ölçmək lazımdır. Sürətlə inkişaf edən 6-7 yaşlı uşaqlar bəzi hallarda yaşlılara qalib gəlir. Bu zaman hər bir yaşlı öz məğlubiyyətini etiraf etməyi bacarmalıdır.

Bu yuxarıda göstərilənlərdən çıxış edərək qeyd qeyd etmək olar ki, məktəbəqədər yaşlı uşaqların təlimi və tərbiyəsi sistemində oyun çox böyük yerə və mövqeyə malik­dir. Pedaqoji-psixoloji ədəbiyyatda uşaqların oyun fəaliyyətinin formalaşması və inkişafı problemi geniş şəkildə əks olunmuşdir. Tərbiyəçi-pedaqoqlar bu istiqamətdə aparılan tədqiqatların nəticələrindən bəhrələnməli,istifadə imkanlarından faydalan­ma­ğı bacarmalıdır.

Oyun fəaliyyəti uşaq şəxsiyyətinin hərtərəfli inkişafı üçün mühüm əhəmiyyətə malik olmaqla yanaşı onların idrakının inkişafı ilə birbaşa bağlıdır. Bu mənada oyu­nun düzgün formalaşdırılması əqli vəzifələrin həllinə də əsaslı təsir göstərir. Oyun həm də böyük təhsil əhəmiyyətinə malikdir.O təlim məşğələlərinin gedişi ilə bilavasitə əla­qə­­dardır. Gündəlik həyati müşahidələr zamanı da oyun fəaliyyətinin nəticələri uşaq­ların idraki fəaliyyətinin formalaşması imkanıdır.

Oyun yalnız şəxsiyyətin inkişafına təsir etməklə qalmır. O həm də idtak prose­sinin formalaşmasına, nitq və iradi hərəkət və davranışların yaranması və inkişa­fına təsir göstərir. Əlbəttə məktəbəqədər yaşlı uşaq fəaliyyətinin müxtəlif növləri vasitəsilə inkişaf edir, lakin əsas, əhəmiyyətli yeri oyun tutur. Oyun məktəbəqədər fəaliyyət döv­ründə aparıcıdır, heç bir digər fəaliyyət sahəsi məktəbəqədər yaşlı uşaqların idrakının inkişafında bu cür güclü təsirə malik deyildir.

Məktəbəqədər yaşlı uşaqların oyun fəaliyyətinin növləri haqqında tədqiqatçı-alimlərin araşdırmalarında verilən təsnifatları aşağıdakı kimi ümumiləşdirmək olar:

1. Qaydalı-oyunlar. Oyunun bu növü mütəhərrik və didaktik olmaqla iki böyük qrupda birləşdirilir.

2. Sujetli-rollu oyunlar.

3. Yaradıcı oyunlar.

İndiyədək öyrəndiklərimizdən aydın olur ki,oyun uşaq fəaliyyətinin əsas növüdür. Bu fəaliyyət növü uşağın idrakını, fəaliyyətə təşəbbüsünü, müvəffəqiyyətlərə nail olmasını,oyunda könüllü iştirakını təmin etmək məqsədini güdür. Oyunda uşağın fiziki və mənəvi ehtiyacları təmin olunur, əqli keyfiyyətləri formalaşır, iradi keyfiyyətlərə sahiblənir, oyun uşağın fəaliyyətinin vahid forması olur ki, bu da onun bütün hallarda təşkilinə cavabdehlik yaradır. Oyunda uşaq özünün mənəvi və fiziki keyfiyyətlərini inkişaf etdirir. Oyunla uşaq kollektivinin təsir gücü daha da artır.

Kiçik yaşlı məktəbəqədər yaşlı uşaqlar üçün mütəhərrik (hərəkətli) oyunlar həyati ehtiyacdır. Onların köməyi ilə müxtəlif bir çox məsələlər və mühüm olan vəsifələr; təhsilləndirici, tərbiyəedici və sağlamlaşdırıcı vəzifələr uğurla həyata keçirilir. Oyun pro­­sesində uşaq motorikasının inkişafı və təkmilləşdirilməsi üçün münbit şərait yara­nır. Mənəvi kiyfiyyətlər formalaşır, kollektivdə yaşaya bilmək üçün adətlər, vərdişlər yaranır və inkişaf edir. Oyun bütün psixi proseslərin daha çox aktiv olmasına müsbət emosional fon verir.

Oyunda birgə fəaliyyət uşaqları biri-birinə yaxınlaşdırır. Mütəhərrik oyunların mənbəyi xalq oyunlarının qaydalarına əsaslanır. Azərbaycan xalqının uşaq folklorunun tərkib hissələrindən biri olan mütəhərrik oyunlar çox qədim tarixə malikdir. Bu oyun növü nəsldən-nəslə keçərək inkişaf etmiş, yaxşı mənəvi sərvətlər kimi bu günümüzə gəlib çatmış, xalqın məişətini, adət-ənənələrini özündə birləşdirərək struktur-məz­munca zənginləşmişdir. Mütəhərrik oyunlar xalqın təfəkkür tərzini, istək və arzularını ifadə edən oyun nümunələridir. Mütəhərrik oyunlar uşaqlarda yeriş, qaçış, hoppanmaq, tullanmaq, çism atmaq və s. hərəkət vərdişləri tərbiyə edir ki, bu cür vərdişlər uşaqda cəldlik, çeviklik, dözümlülük kimi keyfiyyətlərin formalaşmasına, əqli inkişafına, iradi keyfiyyətlərinin inkişafına kömək edir.

Ədəbiyyatda Azərbaycan mütəhərrik uşaq oyunlarını iştirakçıların hüquqlarından asılı olaraq, onları quruluş və qaydalarına görə aşağıdakı qruplara bölürlər:

“1. Mübarizə aparan iki tərəfin rəhbərsiz oyunlari. Oyunda iştirak edən bütün iştirakçılar bərabər hüquqludurlar. Bu qrupa “Bənövşə”, “Göyçək mələk” kimi oyunlar aiddir.

2. Hər oyunçunun özünə cavabdeh olduğu və öz bacarığını göstərməyə çalışdığı rəhbərsiz oyunlar. Bu qrupa “Uçurma”, “Ənzəli” və başqa oyunlar daxildir.

3. Rəhbərlə idarə edilən oyunlar. Bu oyunlarda rəhbərlər və tabe olanlar-siravi iştirakçılar olur. Burada rəhbərlər “hərtərəfli hakimiyyətə” malikdir, onlar oyunçunu oyundan kənar edib başqasını qəbul edə bilərlər. Belə oyunlarda rəhbərlərin hərəkəti və hücumları hakimiyyəti idarə edənlərin hüquqları ilə uyğunlaşır. Güman etmək olar ki, bu tip oyunlar içtimai inkişafda hakimiyyətin dəyişməsi ilə meydana gəlmiş və zaman keçdikcə onların məzmunu və xüsusiyyətləri də dəyişmişdir. Hakim siniflərin meydana gəlməsinin təsiri ilə yaranan “Xan-xan”, “Gizir”, “Qara qazan” kimi idman oyunları və məişət bayramlarında icra edilən “Nənə can” fikrimizə sübutdur”.1

Mütəhərrik oyunların məzmununda hərəkət durur. Bağça tərbiyəsində bütün yaş qruplarında mütəhərrik oyunlar əksəriyyət təşkil edir. Bütün növ hərəkətlərin inkişafı (qaçmaq, hoppanmaq, dartınmaq və s) uşaqların yaş dövrlərinin xüsusiyyətləri ilə uzlaşır. Bu prosesdə oyun qaydalarının gözlənilməsi, bu və ya digər hərəkət qaydalarına əməl edilməsi, bütün qaydaların oyunun məqsəd və mənasına uyğunlaşdırılması uşaqlarda yüksək tərbiyəvi və əqli keyfiyyətlərin formalaşmasına əsaslı təsir vasitəsidir.

Kiçik qruplarda tərbiyəçi oyunun məzmununu və və qaydalarını işin gedişində, böyük yaş qruplarında isə prosesin başlanğıcında izah edir. Mütəhərrik oyunlar idman guşəsində, yaxud gəzinti zamanı az saylı və ya bütün qrupla aparılır. Mütəhərrik qruplar fiziki məşğələlərin tərkibində də həyata keçirilir. Uşaqların oyunu mənim­səmə­sindən sonra, müstəqil olaraq oyunu təkrar etməsi xüsusi vaciblik qazanır.

1. Ağayev H.H, Hüseynov S.S. Azərbaycan uşaq mütəhərrik oyunları, Bakı, Maarif, 1989.

Tərbiyəçi-pedaqoq yuxarı məktəbəqədər yaş dövründə ona nail olmalıdır ki, bu yaşda uşaqlar mütəhərrik oyunları müstəqil şəkildə icra etsinlər. Bunun üçün onlarda oyunun bu növünə maraq oyatmaq lazımdır. Bayramlarda, asudə vaxtlarda, gəzintilər zamanı uşaqların mütəhərrik oyunları təşkil etmək bacarıqları yaşlı nəsillərdə məmnun­luq hissi oyadır və belə tədbirlərin xoş əhval-ruhiyyə ilə başa çatmasına şərait yaradır. Mütəhərrik oyunların xarakter xüsusiyyətləri-bir orqanizm kimi kompleks təsirə malik olması və uşaq şəxsiyyətinin hərtərəfliliyinə (fiziki, əqli, əxlaqi, estetik, əmək tərbiyəsi) yönəlikliyi oyunun bu növünə həmişə ehtiyac olduğunu göstərir.

Məktəbəqədər tərbiyə işində istifadə olunan oyunlar arasında didaktik oyunlar xüsusi yer tutur. Didaktik oyun-dünyanı dərketmə vasitəsidir. Oyunun bu növü uşaqların rəng, forma, materialın, əşyanın xüsusiyyəti, bitkinin inkişafı, heyvanların həyat tərzi haqqında bilik və təsəvvürlərini genişləndirmək imkanına görə misilsizdir: Bu növ oyunlar zamanı məktəbəqədər yaşlı uşaqların müşahidə bacarığı inkişaf edir, maraq dairəsi genişlənir, zövqü və tələbatları təzahür edir. Didaktik oyunlar (bəzən idraki oyunlar da adlandırırlar) xüsusi situasiyaların yaradılması, reallığın model­ləşdirilməsidir.

Didaktik oyunların texnologiyası problemli təlimin konkret texnologiyasıdır. Bu prosesdə uşaqlar bir sıra mühüm xüsusiyyətləri mənimsəyirlər:

- oyunda idrak fəaliyyəti öz-özünə fəallaşır, təbiət və cəmiyyətdə inkişaf, hərəkət haqqında yeni fikir üzə çıxır.

- informasiyanın bir çoxu xaricdən yox, daxili ehtiyacdan yaranır, fəaliyyətin öz nəticələrindən doğur.

Didaktik oyunlar təlim metodu kimi özündə böyük imkanları birləşdirir ki, bu imkanlar aşağıdakılardan ibarətdir:

- idrak proseslərini fəallaşdırmaq, məktəbəqədər yaşlı uşaqların maraq və diqqətini tərbiyə etmək;

- qabiliyyəti inkişaf etdirmək, uşaqları həyati situasiyalara daxil etmək;

- uşaqlara düzgün hərəkət qaydalarını öyrətmək, hər şeyi bilmək həvəsini inkişaf etdirmək;

- uşaqların bilik və bacarıqlarını möhkəmləndirmək.

Oyunun qaydalar əsasında qurulması təfəkkür proseslərini zənginləşdirir, özünü tənzimləmə və təkmilləşdirmə inkişaf edir, uşağın sərbəstliyi möhkəmləndirilir. Oyun uşağın müstəqilliyə doğru yolunu açır, qarşıya çıxan problrmlərin həlli yolunda yeni üfüqlər açır.

“Məktəbəqədər təhsilin kurikummun”da göstərildiyi kimi didaktik oyunlarda “Oyuncaqlar və stolüstü çap oyunları uşaqların inkişafı üçün mühüm vasitədir. Ona görə də əşyanın rəngi,forması böyüklüyü ilə əlaqədar olan oyunlar keçirmək lazımdır. Belə oyunlar uşaqların diqqətinin, təfəkkürünün, qavrayışının, təxəyyülünün, kiçik motor hərəkətlərinin inkişafını təmin edir. Oyuncağı hissələrinə ayırmaq və yığmaq üzrə oyunların təşkili məqsədəuyğundur”.1

Müasir məktəbəqədər təhsilin qarşısında duran əsas məsələ biliklər sisteminin formalaşdırılmasıdır. Bu təhsil pilləsiyüksək nəzəri səviyyə ilə zənginləşdirilməli, idrak fəallığının inkişafı ilə bilavasitə əlaqələndirilməli, uşaqların müstəqilliyi ilə sıx bağlı olmalıdır. Uşaqların idrak fəallığının və müstəqilliyinin inkişafı müasir məktəbə­qədər təhsil üçün yalnız zəruri təlim nəticələri kimi yox, həm də öz biliklərinə inam hissi yaratmalıdır.

Didaktik oyunlar məktəbəqədər yaşlı uşaqların unikal təlim formasıdır. Didaktik oyunların müsbət tərəflərindən biri də ondan ibarətdir ki, onlar qazanılmış bilikləri yeni situasiyada, həm də mənimsənilmiş material xüsusi təşkil olunmuş təcrübi işlərdə istifadə olunur. Bu isə pedaqoji prosesə özünəməxsusluq gətirməklə maraq doğurur.

Tədqiqatçılar sübut edirlər ki, əgər məktəbəqədər yaşlı uşaqları praktikadan

gənarlaşdırsaq, bu zaman uşaq inkişafın başlıca mənbəyindən kənarda qalmış olar. Bu zaman yaradıcılıq impulsu, həyati təcrübəni mənimsəməyə ruhlandırma, sosial təcrübənin əlamət və nişanələri, fərdi özünütənzimləmə, ətraf aləmin dərketmə prosesinə fəallıq və c. bu kimi zəruri keyfiyyətlərdən məhrum olar.

Yuxarıda deyilənləri ümumiləşdirmiş olsaq aşağıdakı nəticələrə gəlmək olar:

________________



  1. Məktəbəqədər təhsilin kurikulumu, Bakı, 2017, səh.57

- Oyun hərtərəfli və stimullaşdırıcı, məktəbəqədər yaşlı uşaqların təlimində güclü motivasiya yaradıcıdır;

- Oyun zamanı bütün psixi proseslər fəallaşır, o məktəbəqədər yaşlı uşaqların rasional və emosional təlimində ahəngdar birliyi təmin edir;

- Oyun uşaqların hər birini fəal işə cəb edir;

- Didaktik oyunların təşkili tədris məqsədlərini yüksək enerji sərf etməklə yerinə yetirməyə imkan verir;

- Didaktik oyun zamanı uşaqlarda daxili asıllıq, tələbat yaranır. Uşaq nə vaxt ki, acislikdən yaxa qurtarır, onda belə bir hiss, duyğu baş qaldırır: “mən də bacararam”.

- Didaktik oyun təlim fəaliyyətinin üsuludur; onda üzvü surətdə idrak vəzifələri qoyulmuşdur.

Uşaqlar fəaliyyət prosesində iştirak etməkdən həmişə məmnunluq duyurlar. Məktəbəqədər yaşlı uşaqların yenilikçi mövqeləri ona müsbət emosional münasibətlərin yaranmasına səbəb olur. Lakin bununla belə bu oyun növlərinə uşaq­la­rın şüurunda başlıca oyun növü olmasına imkan vermək olmaz. Oyun uşaqlar üçün olduqca asan olmamalıdır. Bu tərbiyəçi-pedaqoqun əsas vəzifələrindən biridir. Zəruridir ki, pedqaqoq hər bir uşaq və onun fəaliyyətinin qiymətləndirilməsində ruhlandırcı münasibət göstərsin.

Beləliklə, göstərməliyik ki, didaktik oyunun inkişafetdirici potensialı və onun məktəbəqədər yaşlı uşaqların idrak fəallığına təsiri aşağıda göstərilənlərdən asılıdır:

- İdrak informasiyalarının məzmunundan, oyunun mövzusu ilə bağlı olmasından:

- Fəaliyyət kimi oyun prosesinin təmin edilməsindən:

- Məqsədə çatmaq tələbindən:

- Müstəqil vasitələrin tapılmasından;

- Oyundaş ilə işi düzgün qurmasından.


Yüklə 59,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə