Mənim düşüncəm(1) Allah yoxdur



Yüklə 39,74 Kb.
tarix06.02.2018
ölçüsü39,74 Kb.
#26217

Mənim düşüncəm(1)

Allah yoxdur

Yəqin bu fikirlə hər kəs razılaşar ki, gün ərzində biz insanlar nə isə bir yeniliklə qarşılaşırıq. Bu yenilikləri ya eşidirik, ya görürük, ya da düşünürük. Eyni zamanda nələrisə unuduruq. Təbii ki, qarşılaşdığımız yeniliklər unutduqlarımızdan daha çox olmalıdır. Əgər bu belə olmasa, onda dahi mütəffəkkir Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsinin bəzi obrazlarına çevrilərik. Bəs həyatımızı hekayələrin, əsərlərin, nağılların obrazları kimi yox, özümüz kimi yaşamağımız üçün nə etməliyik? Bunun üçün ən azı bu suallara cavab tapmalıyıq ki, biz kimik? Biz nə üçün yaranmışıq? Bütün bu olanların səbəbi və mənası nədir? Məncə insanlarin böyük bir qismi bu suallara cavab tapmaqda çətinlik çəkir. Hətda bəziləri “ən yaxşısını Allah bilər” deyib keçirlər. Ümumiyyətlə bizlər kainatın görə bilmədiyimiz, dərk etmədiyimiz hissəsini Allah adlandırırıq. Qədim tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı dövrlərdə insanlar müxtəlif canlı və cansız varlıqlara inanıblar. Zaman keçdikcə insan beyni də formalaşıb, 5-6 faiz inkişaf edib və ucu-bucağı görünməyən kainatın sahibi bir taxta parçası yox, Allah olduğunu başa düşüblər. Görəsən insan beyni 50-60 faiz inkişaf etsəydi nələr baş verərdi? Gəlin heç bu hissəni düşünməyək. Düşünək ki, hal-hazırki əqli faiz dərəcəmiz nələri dərk etməyimizə imkan verir?

Hər birimiz bir ailədə böyümüşük və ailənin fərqi yoxdur ata ya ana bir böyüsü, idarə edəni olub. Eyni zamanda yaşadığımız kəndin, rayonun, şəhərin, ölkənin bir böyüsü, idarə edəni var. Məntiqlə düşünəndə dünyanın da nə isə bir varlıq tərəfindən idarə olunduğuna əmin oluruq. O varlığı isə Allah adlandırmışıq (əslində mən Ona başqa ad da verə bilərəm). O Allah ki, səmaların ən böyük planetindən, yerlərin ən kiçik həşəratına qədər hər şeyi idarə edir. Sözsüz ki, bizi də idarə edən Odur. Burdan belə bir sual çıxa bilər ki, O, əgər bizi də idarə edəcəkdisə, onda niyə 72 milyon canlı içərisində bizə şüur verib? Bizdə digər canlılar kimi şüursuz yaşaya bilərdik. Deməli bizi özünə ən yaxın varlıq kimi yaradıb. Bəlkə də dünyanı bizə bağışlayacaq. Bəlkə də əqli faiz dərəcəmiz 100 faiz olanda özümüzə Allah deyəcəyik. Bəlkə də Allah bizik, bizdən başqa Allah yoxdur deyəcəyik. Hər şey ola bilər. Bir dəqiqə sonra nə baş verəcəyini tam düzgün şəkildə heç kim deyə bilməz. Hətda bir göz qırpımında Allah adlandırdığımız O varlıq bütün dünyanı alt-üst edə bilər. Əgər bütün bunları 5-6 faiz əqli dərəcəmizlə düşünə biliriksə və özümüzə oxşar bir varlıq yarada bilmiriksə deməli bizi yaradan Allah ən ali və ən müqəddəs varlıqdır. Biz heç vaxt Onu inkar edib, “Allah yoxdur” deyə bilmərik.

Elşad Barat

Mənim düşüncəm (II)

DÖVRÜN PEYĞƏMBƏRİ

Hələ uşaq idim. Hər tərəfi sanki, dağlarla hörülmüş kəndimizdən başqa bir yer görməmişdim. Bu dağlardan sonrakı həyatı düşünməmişdim də. Elə bilirdim ki, həyat bizim bu yoxsul kəndimizdən ibarətdir. Bütün günü həmyaşıdlarımla müxtəlif oyunlar, yarışmalar keçirərdik. Bir də baxardıq ki, hava qaralıb, axşamdır. Dağlışardıq. Gecələr isə hərdən otağın bir kənarında səssizcə oturub nənəmin namaz qılmasını seyr edərdim. Əsasən də namazın sonunda nənəmin əllərini göyə qaldırıb nəsə pıçıldaması mənim üçün maraqlı idi.

Heç kimi dinləməyən zaman, axıb gedirdi. Artıq məktəbə gedirdim. Uşaqlardan, müəllimlərdən yeni şeylər öyrənirdim. Özüm kəndimizin qocaman dağlarını aşa bilməsəm də, fikirlərim, düşüncələrim aşa bilmişdi. Bir gün yenə nənəmin namazını seyr edirdim. Həmişəki kimi namazın sonunda əllərini qaldırıb nəsə pıçıldayan nənəmə heç düşünmədən “nənə əllərini göyə qaldırıb nə deyirsən” dedim. Nənəm heç üzümə də baxmadı. Pıçıltılarını bitirib parçanın arasında olan yumru daşı öpdükdən sonra çox asta şəkildə daşı parçaya büküb taxcaya qoydu. Dönüb xoş bir təbəssümlə “ gəl yanıma” dedi. Durub qaçdım üstünə. Başıma sığal çəkə-çəkə “dua edirəm” dedi. Mənim üçün duanın necə edildiyinin maraqlı olduğunu hiss edən nənəm “məsələn: bizi bu dava-dalaşdan, axan günahsız qanlardan xilas edən dövrümüzün peyğəmbərinə Allahdan can sağlığı diləyirəm” dedi. Yenə də çox şeyi başa düşmədim.

Aylar, illər geridə qalmışdı. Orta məktəbi bitirmişdim. Nənəmin xeyir-duasını alıb ali məktəbə imtahan verməyə gedirdim. İmtahan verib universitetə daxil oldum. Universitet həyatı məni biraz da uşaqlığımdan uzaqlaşdırdı. Artıq düşüncələrim kəndimizin dağlarını deyil ölkə sərhədlərini aşa bilmişdi. Uşaqlığımı unutsam da, nənəmin dediyi “dövrümüzün peyğəmbəri” sözlərini unutmamışdım. Heç indi də unutmamışam. Bəs nənəmin dediyi “dövrümüzün peyğəmbəri” kimdir? Ümumiyyətlə İslamdan müəyyən qədər məlumatı olan bir insan kimi düşünürəm ki, təxminən ayrı-ayrı dövrlərdə yaşayan peyğəmbərlər Allah tərəfindən biz insanlara göndərilmiş elçilərdir. Onların işi isə dövrünün camaatına düz yol göstərmək, Allaha inandırmaq, insanlar arasına sülh yaratmaq kimi şeylər olub. Düşünürəm ki, bizim də dövrümüzün peyğəmbərləri var. Axı Allah bu qədər insanları öz başına buraxmaz. Bir rəhbər, bir peyğəmbər göndərər. Mənə elə gəlir ki, peyğmbər vəzifələrini icra edən prezidentlərə nənəmin dediyi kimi “dövrün peyğəmbəri” demək olar.

Mənim düşüncəm (III)

ANA HAQQI

“Ana müqəddəsdir”! “Ana haqqı Allah haqqıdır”! “Cənnət anaların ayaqları altındadır”! Düşünürəm ki, bu kimi kəlamları siz də eşitmisiz. Tarix boyunca analar haqqında deyilən gözəl sözlər çoxdur. Elə bir tanınmış yazıçı, şair, siyasətçi, rəssam, alim yoxdur ki, ana haqqında gözəl fikir söyləməsin. Çünki, kainatda Adəm və Həvvadan başqa hər kəsin bir anası olub və yaxud da var. Bəs anaların ünvanına deyilən bu qədər kəlanların hamısını biz başa düşürük? Bu fikrlərin hamısında ana adına edilən hörmət, verilən qiymət qədər real həyatda da dediyimiz sözə əməl edirik? Təəssüf ki, yox, belə kəlamları bəzi insanlar başa düşmədən, kəlam demək xatirinə, el gözünə deyirlər. Heç bəziləri demirlər də.

Müxtəlif insanların müxtəlif varlıqlara müxtəlif yanaşma tərzi var deyə bilərəm. Lakin, düşünürəm ki, hər birimiz müqəddəs dediyimiz anaya elə müqəddəs varlıq kimi yanaşmalıyıq. Əslində anaya müqəddəsliyi biz verməmişik, elə yaranışdan müqəddəsdir O.

Sənə də tanıtdı səni O insan,

Sənə özündən də yaxın kəsdir O.

Sən ona vermədin müqəddəsliyi,

Elə yaranışdan müqəddəsdir O.

Bu yaxınlarda televiziya kanallarının birində övladı tərəfindən vəhşicəsinə döyülmüş günahsız, yaşlı bir ana gördüm. O ananın həsrət dolu, qəmli, kədərli, yandırıcı baxışları sanki, mənim də ruhumu yandırıb kül etdi, öz arzuları kimi. Etiraf edim ki, göz yaşlarımı saxlaya bilmədim. Bilirsiz niyə? Bir anlığa ana qayğısı, ana laylası, ana məhəbbəti, anaya aid olan bildiyim çox şey beynimdə canlanıb, qəlbimə köz saldı. Yəni bu qədərmi dəyərsizləşdin Ana! Talehində özünə qənim övlad dünyaya gətirmək, böyütmək də var imiş sənin. Amma sən gör nə qədər böyük qüvvəsən ki, bütün bunlara dözə bilirsən.

Bircə toxunuşu yarama məlhəm.

Əlləri şəfalı, o sehrbazdır.

Nə böyük qüvvədir, nə böyük insan.

Qarşında min kərə əyilsən azdır.

Çoxlarının ömrü boyu ayaq basmadığı qocalar-analar evinə sonuncu dəfə gedəndə dəqiqləşdirdim ki, insan uşaq olanda anasının südünə, laylasına, qayğısına, sevgisinə ehtiyacı olduğu kimi anaların da qocalanda övlad qayğısına, sevgisinə ehtiyacı olur. Bu qayğını, bu sevgini verməmək bir qırağa, hətda bəzi övladlar üçün analarını bir qırağa-qocalar evinə atması normal hala çevrilib. Düzdür ki, övladını atan analar da var. Amma bu da var ki, yüz övlad bir anaya dəyməz.

Hə, bir də bu günki cəmiyyətimizdə belə bir xoşagəlməz hal da var ki, bəzi insanlar analara dünyasını dəyişəndən sonra qiymət verməyə başlayırlar. Sağlığında aylarla yanına getmədiyi qoca anasının indi qəbri üstə hər gün gedib “ana, məni niyə yetim qoydun” deyən bəzi “övlad”lara demək istədiyim çox sözlərim var. Lakin, bir neçə cümlə ilə onlara çatdırmaq istəyirəm ki, özün öz əllərinlə qırdığın aynanı min bir yollarla bərpa edə bilərsən, amma o aynada özünü tam görə bilməyəcəksən. Hər gün, hər saat, hər dəqiqə yarımçıq olduğunu, köməksiz, gücsüz olduğunu anlayacaqsan. Mən bu kiçik yazımda analar haqqında düşüncələrumi tam şəkildə qələmə ala bilmədim. Təbii ki, bu belə də olmalı idi. Çünki, ana adının dayandığı zirvə haqqında mənim iyirmi faiz məlumatım varsa, o məlumatımın da iyirmi faizini bu məqalədə cəmləşdirə bildim.

Çoxumuz elə bilirik ki, ana, bizi dünyaya gətirən insandır. Hə bu həqiqi mənada düzdür. Lakin, bununla bitmir. İndi insan yarada bilən sünii aparat da düzəldilib. Aparat ana. Onda ona da ana deməliyik? O da müqəddəsdir? Bu fikir kökündən səhvdir. Bilirsiz, düşünürəm ki, indiyə qədər heç biriniz düşünməmisiz ki, niyə Ana Vətən, Ana torpaq, Ana yurd, Ana xətt, Ana səhvə və s. diyirlər? Elə ata vətən, ata torpaq, ata səhvə və s. diyərdilər də. Bu barədə bir azca düşünməyi məsləhət görürəm.

Əziz oxucular! Ana haqqında günlərlə, saatlarla danışmaq olar. Çox danışıb sizləri yormaq istəmirəm. Analar barədə bu yazdığım kiçik məqaləmin sonunda “qadın” və “ana” anlayışlarını dərindən düşünüb müsbət bir nəticə çıxarmağınızı xahiş edirəm. Deyirlər ki, “qadın böyük qüvvədir”. Qadının isə ən böyük vəzifəsi, ən böyük müqəddəsliyi analıqdır. Ana və “əls ana” anlayışları da var. Onu da deyim ki, pis ana, pis qadın yoxdur. Ona görə də anaları, qadınları həmişə sevək, başımıza tac edək. Unutmayaq ki, anaya vurulan ən böyük zərbə övladı tərəfindən unudulmaqdır. Övladın etdiyi ən böyük günah ana haqqını tapdalamaqdır. Çünki, ana haqqı Allah haqqıdır.

MƏNİM DÜŞÜNCƏM (IV)

MƏNİM DİLİM

Hər bir millətin öz dili var. Azərbaycan Respublikasında doğulduğuma görə, azərbaycanlı ailəsində dünyaya gəldiyimə görə, ilk dəfə “ana”, “vətən” sözlərini Azərbaycan dilində dediyimə görə mənim də doğma dilim – ana dilim Azərbaycan dilidir. Heç düşünmüsüz ki, doğma dilə niyə ana dili deyirlər? Düşünürəm ki, hər bir körpə ilk olaraq onu dünyaya gətirən anasının səsini-laylalarını eşidir. Ona görə də doğma dilə ana dili deyirlər.

Anam səni laylasında sevdirib,

Ana dilim, doğma dilim, öz dilim.

Ana, Vətən mənasında sevdirib,

Ana dilim, doğma dilim, öz dilim.

Hər bir insanın doğma dilə münasibəti vətənə, anaya olduğu hörməti, bəslədiyi məhəbbəti kimi olmalıdır. Təssüf ki, bu belə deyil. Bu gün hərtərəfli inkişaf etmiş ölkəmizdə yaşayan, işləyən insanlardan bəziləri inandırım ki, heç doğma dilini bilmir. Bax bu faciyədir. Əsl faciyə. Bir insan ki, öz dilini “ala başına, kül başına” bilirsə, o insan nə vətəndən, nə torpaqdan, nə anadan, nə də özündən danışa bilməz. Mən çox görmüşəm belə insanlar, o insanlar ki, hal-hazırda Azərbaycan vətəndaşıdır, mənim ölkəmin, mənim torpaqlarımın üzərində gəzir, mənim dağlarımın havasını udub, bulaqlarımın suyunu içib mənim dilimi bilmir. Bu mənə xəyanətdir, azərbaycançılığa, yoxsa özünə?

Elə hey danışırsan.

Vallah yaman dillisən.

Sözündən baş açmadım.

Deyəsən yadellisən.

Azərbaycanın dünyaya inteqrasiyası, sürətli inkişafı göz qabağındadır. Xarici ölkələrə gediş-gəliş, iş birliyi, müqavilələr filan. Təbii ki, bunlar bizim xeyrimizədir. Amma bu o demək deyil ki, biz öz dilimizi unutmalıyıq. Nə qədər xarici dil öyrənsək də öz dilimiz bizə doğma olmalıdır. Bir çox insanlar isə xarici ölkələrə gedib dəyib qayıdandan sonra öz dilin unudur. Əslində unudmur, sadəcə özünü unudmuş kimi göstərir və bununla sanki fəxr edir. Belə insanları heç başa düşə bilmirəm vallah. Mən də xarici dil bilirəm və bu mənim bir hobbimdir. Ömrüm yetənə qədər də başqa-başqa dillər öyrənəcəyimi düşünürəm. Amma dünyanın bütün millətlərinin dilini öyrənsəm də mənim üçün ən dəyərli, ən müqəddəs dil öz dilim-Azərbaycan dilidir.

Bu torpağın hər ovucun sevirəm!

Gəl, cəlladım, kəs başımı, deyirəm:

mənim yurdum Azərbaycan elidir,

mənim dilim Azərbaycan dilidir.

Bilirsiz ki, neçə illər SSRİ-nin əsarətində olmuşuq və bu da bizi rus dilini öyrənməyə məcbur edib. Amma sevindirici haldır ki, artıq 20 ildir müstəqilik. Müstəqil olmağımıza baxmayaraq bu gün ölkəmizdə bir çox idarə və təşkilatlarda Azərbaycan dilini mükəmməl bilməyən rusdilli insanlar çalışır və hətda böyük konfranslar da rus dilində aparılır. Bax mən bununla razılaşa bilmirəm. A kişi, əvvəla biz Azərbaycanlıyıq, ikincisi də əgər dünyada beynəlxalq dil olaraq ingilis dili seçilibsə, niyə rus dilində danışmalıyıq? Buna bizi məcbur edən nədir axı? Gənclərdən çox eşitmişəm ki, filan yerə iş üçün müraciət etdim, amma ingilis dilini bilmədiyimçün işə götürmədilər. Düzdür, biz gənclər beynəlxalq dil olaraq ingilis dilin öyrənməliyik, amma indi ingilis dilin “ya vəlvələdən, ya zəlzələdən” bilməyən gənclər bu ölkədə işləyə bilməz? Doğma vətənində bir tikə çörək pulu qazana bilməz?

Görmədim bir ingilis öyrənə mənim dilimi,

Niyə öyrənməliyəm mən dilini ingilisin?

Çox eyblərimiz var, çox yazmaq olar. Bu kiçik məqaləmi oxayan insanlara demək istəyirəm ki, əziz həmvətənlilərim, əziz gənclər, xarici dil öyrənməliyik düzdür, amma öz dilimizi heç vaxt unutmayaq. Həmişə üstün tutaq. Dilimiz bizə bayraq, vətən, ana qədər əziz olmalıdır.

ELŞAD BARAT

şair-publisist

MƏNİM DÜŞÜNCƏM (V)

Mən insanam yoxsa adam?

Dünya yaranmışdı, canlılar da var idi. Böyük Allahımız tək “ol” sözü ilə insandan başqa bütün varlıqlardan yaratmışdı. Lakin, O, elə bir varlıq yaratmaq istəyirdi ki, yaratdığı bütün varlıqlardan ali olsun. Yaratdı da. Bir adam-Adəm peyğəmbəri yaratdı. Sonra Həvva anamızı və daha sonra onların vasitəsi ilə başqa adamlar yaratmağa başladı. Nəhayət adamlar çoxaldı və bu adamlarda insanlaşma mərhələləri getməyə başladı. Adəm peyğəmbərdən başlayaraq bütün adamlarda insani hislər var idi, amma bu, əsl insan demək deyildi. Sonradan adamlar fərqli dövrlərdə sürü, tayfa və digər şəkildə yaşamışlar.

İndi başqa dövrdü, elə bir dövrdü ki, hər kəs özünə insan deyir. Kiməsə yaxınlaşıb desən ki, sən insan deyilsən, əminliklə deyə bilərəm ki, səni o dünyalıq da etməsə, mütləq xəstəxanalıq edəcək. Halbuki, onun özündən insanla adamın fərqini soruşsan susub qalacaq.

Haldan hala keçən hal,

Nə hallar altındadır.

Sənin insan olmağın,

Suallar altındadır.

Bir yaxşı məsəl var: “adam olmaq asandır, insan olmaq çətin”. Heç uzağa getməyib, bu məsəldən nəticə çıxaraq. Niyə insan olmaq çətindir? Hər kəs dünyaya gələndə cüzi şüurlu olub və çox şeyi dərk etməyib. Sonra illər keçdikcə ailədə, cəmiyyətdə formalaşmağa başlayıb. Kimisi insan olub, kimisi adam. Hər kəsə adam demək olar, amma hər kəsə insan demək olmaz. Niyə demək olmaz? Yuxarıda qeyd etdiyimiz kimi, çünki, insan olmaq çətindir. Hər adam özündə bütün insani keyfiyyətləri cəmləşdirə bilmir. Bəs insani keyfiyyətlər nədir? Mən düşünürəm ki, insanı insan edən onun şüurudur. Adamın da şüuru var. Lakin, o öz şüurundan lazımı qaydada istifadə etmir. Heyvanla insanın da əsas fərqi şüurdur. Şüurundan tamam istifadə etməyən adamın heyvandan heç bir fərqi yoxdur.

Böyük müdriklərdən biri bir dəfə palçıqdan adam fiqurları düzəldib yan-yana düzürmüş. Soruşurlar ki, dədə, nə düzəldirsən? Cavab verir ki, adam. Deyirlər ki, bəs adam düzəltmək çətin şeydir, sən Tanrı ha deyilsən. Qayıdır ki, ruzisini verməyəndən sonra ora-burasını dəlib adam düzəltməyə nə var ki?...

Adam demişkən və müdriklərdən söz düsmüşkən bir əhvalat da yadıma düşdü- bir dəfə dahi türk filosofu Cəlaləddin Rumi günün günorta çağı əlində çıraq şəhər meydanında gəzirmiş. Və bir-bir adamlara yaxınlaşaraq əlindəki lampanı onun üzünə yaxınlaşdırıb diqqətlə baxır, sonra başını bulayıb növbəti adama yaxınlaşırmış. Axırda həmşəhərlilərindən biri dözməyib soruşur- Rumi əfəndi, günün-günorta çağı əlində çıraq nə axtarırsan? Cavab verir ki,- İnsan! Həmin adam soruşur ki, bəs bu boyda camaatı görmürsən mi? Rumi deyir- Mən insan axtarıram övladım, adamlar çoxdur, amma insan tapa bilmirəm!..

Zərdüşt də insan idi- Həqiqi insan, Dədə Qorqud da insan idi- Uca insan, Babək də insan idi- Böyük insan, Nizami də insan idi- Müdrik insan, Nəsimi də insan idi- Kamil insan, Xətai də insan idi- Qüdrətli insan... Böyük Türk Xalqının içindən çıxan bu adı çəkilən dahilər Tanrının Elçiləri missiyasını yerinə yetiriblər. Amma Həqiqilik, Ucalıq, Kamillik, Böyüklük, Müdriklik və Qüdrətlilik çox az insana nəsib olurmuş. Bu yaradılışda səhv sayılacaq qədər böyük yanlışlıq var imiş- Insanla adamın fərqi qədər böyük...

“Qızıl qələm” media mükafatı lauretı

şair-publisist



Elşad Barat
Yüklə 39,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə