«Mənim Elektron Hökumətim»



Yüklə 28,17 Kb.
tarix25.06.2018
ölçüsü28,17 Kb.
#51285

«Mənim Elektron Hökumətim» 
Azərbaycanda «e-hökumət» portalı (www.e-gov.az) yaradılandan üzübəri həm Bakı şəhərində, həm də əksər bölgələrdə əhalinin müxtəlif təbəqələrindən olan bəzi insanlar artıq rahat nəfəs almağa başlayıblar. Çünki onlar www.e-gov.az-dan və bəzi dövlət orqanları tərəfindən yaradılmış e-xidmətlərdən istifadə etməklə, artıq dövlət qurumlarına ayaq döyməkdən, saatlarla növbə gözləməkdən, məmurların qəbullarına girmək üçün kimlərəsə minnətçi düşməkdən, üzləşdikləri problemlərin qısa müddətdə həlli üçün məmurlara, yaxud vasitəçi şəxslərə «hörmət» etməkdən, süründürməçilikdən, vaxt itkisindən, əlavə xərclərdən, əsəb və stressdən xilas olublar. Belə sakinlərdən biri olan Kürdəmir rayon sakini Rəşad Məmmədov deyir ki, yaşadığı kənd İmişli rayonunun yaxınlığında yerləşir. Həmin kənddən Kürdəmir rayon mərkəzinə avtobus marşrutu olmadığından yerli sakinlər taksilərin xidmətlərindən istifadə etmək məcburiyyətində qalırdılar: «Yaşadığım kənddən rayon mərkəzinə 1,5 - 2 saatlıq yoldur. Üstəlik, bir nəfər üçün gediş haqqı 2 manatdır. Məsafənin uzaqlığı və gediş haqqının bahalığı kənd sakinlərinin həm vaxt itkisi üzləşməsinə, həm də əlavə xərcə düşməsinə gətirib çıxarırdı. Məlumatsızlıq və savadsızlıq üzündən bizə lazım olan sənədləri düzəltdirmək üçün əlavə pul xərcləyirdik. Amma www.e-gov.az-ın və e-xidmətlərin istifadəyə verilməsindən sonra sanki çiynimizdən ağır yük götürülüb. İstər qızmar yay günlərində, istərsə də küləkli-yağışlı və qarlı havalarda evimizdən bayıra çıxmayaraq, rahatlıqla www.e-gov.az-dan və e-xidmətlərdən istifadə edirik, nəyi necə etməyi bacarırıq. Ona görə də sığorta və pensiya məsələləri, eləcə də digər problemlərlə əlaqədar rayon mərkəzinə gedənlərin sayı azalıb, onların əlavə xərcə düşməsinə lüzum qalmayıb, yerli sakinlərin işləri xeyli asanlaşdırıb».

Amma Rəşad Məmmədovun sevinə-sevinə, ağızdolusu danışdığı xoşagələn vəziyyəti ölkənin əksər yaşayış məntəqələrində müşahidə etmək çox zordur. Çünki «e-hökumət»in mahiyyətinin və dövlət orqanlarının təqdim etdiyi e-xidmətlərin geniş kütləyə çatdırılmasında kifayət qədər problemlər mövcuddur. Bu istiqamətdə apardığımız araşdırmaların nəticələrini təqdim edirik:

1) Azərbaycanda 66 rayon, 77 şəhər, 1013 şəhər rayonu, 257 qəsəbə, 1719 kənd ərazi dairəsi və 4260 kənd yaşayış məntəqəsi var. Amma araşdırmalarımıza görə, rayon və şəhər icra hakimiyyətlərinin internet portallarında hər hansı bir e-xidmət yaradılmayıb və sözügedən qurumlar www.e-gov.az-a hələ də qoşulmayıblar. Hətta bu qurumlarda çalışanların müəyyən hissəsi e-hökumət və e-xidmətlər barədə məlumatsızdırlar.

2) «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq olunmuş elektron xidmətlərin portala inteqrasiyası barədə Məlumat»a əsasən, e-xidmətlərin www.e-gov.az-a inteqrasiyası üzrə xidmət təchizatçıları arasında qeyri-fəal qurumlar hələ də var. Araşdırmalarımıza görə, bu ilin oktyabrın 1-dək www.e-gov.az-a 48 qurum fiziki olaraq qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 446 elektron xidmətdən «e-hökumət» portalına inteqrasiya olunanların sayı 296-ya çatıb. Dövlət qurumlarının saytlarında olan xidmətlərin sayı 475-olduğu halda, onlardan yalnız 381-u vahid portal (bir pəncərə prinsipi) vasitəsilə əhaliyə təqdim olunub. Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) www.e-gov.az-a qoşulan təchizatçılar arasında qeyri-fəallıq göstərən əsas dövlət qurumları olublar. Belə ki, adları çəkilən qurumların təsdiq olunmuş bir neçə e-xidməti olsa da, bu xidmətlərdən www.e-gov.az-da olanların və adıçəkilən portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı o-dır. DMAA həmçinin www.e-gov.az-a inteqrasiyada qeyri-fəal xidmət təchizatçıları sırasına daxil olan sonuncu qurumdur. Onun təsdiq olunmuş e-xidmətlərinin sayı 3, DMAA-ın saytında «Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı» üzrə 3 və «Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı» üzrə isə 3 xidmət yerləşdirilib. Bəzi qurumlar özlərinin təsdiq olunmuş e-xidmətlərinin sayının azlığına görə də diqqəti cəlb edir. Məsələn, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Respublika Baş Prokurorluğu kimi dövlət qurumlarının hər birinin yalnız 1 təsdiq olunmuş e-xidməti var. Bəzi qurumlar isə təsdiq olunmuş e-xidmətlərinin müəyyən hissəsini www.e-gov.az-a inteqrasiya edən təchizatçılar sırasında yer alıblar. Şübhəsiz ki, bəzi dövlət qurumlarının passivliyi də e-xidmətlərdən və www.e-gov.az-dan yüksək səviyyədə istifadəyə və «e-hökumət»in nüfuzunun artmasına ciddi maneə törədir.

3) Araşdırmalarımıza görə, bəzi dövlət qurumlarının www.e-gov.az-da təqdim etdiyi e-xidmətlərə dair hər hansı bir reqlament, şəkilli material, təlimat və videotəlimat yoxdur. Onların yoxluğu isə istifadə qaydalarını anlamaqda çətinlik çəkən vətəndaşların www.e-gov.az-dakı e-xidmətlərdən normal istifadəsinə imkan vermir. Əhalinin www.e-gov.az-dan asanlıqla istifadəsi üçün bu portalın www.youtube.com-da yaradılan www.youtube.com/elektronhokumet videokanalında «E-hökumət» quruculuğuna dair videomateriallar, elektron xidmətlərdən istifadə üzrə videotəlimatlar və digər videoçarxlar ictimaiyyətin istifadəsinə verilib. Dövlət qurumlarının da www.youtube.com vasitəsilə bu cür təbliğat aparmalarına ehtiyac var.

4) Məlumdur ki, www.e-gov.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (keçmiş RİTN) verdiyi e-imza kartı, «E-hökumət» sistemi tərəfindən vətəndaşa verilmiş kod, mobil autentifikasiya sertifikatı və smartfonla daxil olmaq mümkündür. Amma bu sahədə də xeyli problemlər var. Məsələn, www.e-gov.az-dan istifadə etmək istəyən vətəndaş ona kod-parolun verilməsi üçün elektron qaydada müraciət edə bilər. Bu prosesdə şəxsiyyət vəsiqəsi ilə yanaşı, vətəndaşın öz adına olan mobil telefon nömrəsi və ümumvətəndaşlıq pasportu (xarici pasport), sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsi kimi müvafiq sənədlərin birindən istifadə olunur. Ancaq təkcə Bakıda deyil, bölgələrdə də bəzi vətəndaşların şəxsiyyət vəsiqətələrinin istifadə müddəti bitib. Ona görə də həmin vətəndaşların kod-parol almaları üçün etdikləri elektron müraciət qəbul olunmur. Yaxud bəzi vətəndaşlar elektron ərizə ilə müraciət edərkən müddəti bitmiş şəxsiyyət vəsiqələrinin hansı səbəblər üzündən vaxtlı-vaxtında dəyişdirilməməsi ilə bağlı sorğu-suala tutulacaqlarından, cərimə olunacaqlarından və digər problemlərlə üzləşə biləcəklərindən ehtiyat etdikləri üçün kod-parol almaq, www.e-gov.az-dan və e-xidmətlərdən istifadə etmək istəmirlər. Üstəlik, əksər vətəndaşların ümumvətəndaşlıq pasportunun, Dövlət Sosial Sığorta Şəhadətnaməsinin olmaması, bəzi vətəndaşların onlara hədiyyə kimi verilmiş, yaxud başqasının adına alınmış mobil telefon nömrələrindən istifadə etmələri kod-parolun alınmasında yaşanan problemlər sırasındadır. Bundan başqa, əksər bölgələrdə kod-parollarla bağlı maarifləndirilmə işlərinin aşağı səviyyədə olması onlara marağı artıra bilmir. Ona görə də kod-parol alanlar daha çox Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki istifadəçilərdir.

5) Ölkəmizdəki əksər yaşayış massivlərinin internetlə təminatı qənaətbəxş deyil. Həmin məkanlarda böyük ərazini əhatə edən yüksək sürətli WI-FI simsiz internet xidməti yoxdur. Məsələn, Tərtər rayonunun ən böyük yaşayış massivlərindən biri olan Seydimli kəndində 690 ev təsərrüfatı olsa da, cəmisi 4 evdə internet var. Həmin evlərin bəzi sakinləri isə internetdən yalnız müxtəlif video və aduiomaterialları izləmək, «Skype»də və sosial şəbəkələrdə söhbətləşmək və yazışmaq, eləcə də əyləncə materiallarına baxmaq üçün istifadə edirlər. Ona görə də internetlə təminatın lazımi səviyyədə olmaması www.e-gov.az-dan və e-xidmətlərdən istifadəni xeyli çətinləşdirir.

6) Seydimli kəndində kompüter sistemindən istifadə etməyi və yeni metodlarla işləməyi bacaranlar çox azdır. Üstəlik, kənd sakinləri www.e-gov.az və e-xidmətlər barədə heç bir nəzəri məlumata və praktiki təcrübəyə malik deyillər. Düzdür, ayrı-ayrı dövlət qurumları vətəndaşlara e-xidmətlər və e-imza kartı barədə məlumat vermək və onlardan istifadə bacarığını aşılamaq üçün bəzi bölgələrdə maarifləndirici seminarlar keçirirlər. Ancaq bir rayon, yaxud bir neçə rayonu əhatə edən bölgə üzrə belə seminarın il ərzində yalnız 1-2 dəfə keçirilməsi kifayət etmir. Ona görə də təkcə Seydimlidə deyil, digər yaşayış massivlərində də www.e-gov.az və e-xidmətlər, onlardan istifadə qaydaları ilə bağlı təbliğat aparmaq, maarifləndirmənin əhatə dairəsini genişləndirmək və əhalinin bu barədə məlumatlandırılması səviyyəsini yüksəltmək üçün qəsəbələrdə və kənd ərazi dairələrində mobil ofislərin, səyyar və ya xüsusi qrupların yaradılmasına ehtiyac var. Bundan əlavə, həm bu məqsədlər, həm də yerli sakinlərin kompüter sistemi barədə elementar biliklərə yiyələnmələri üçün hər bir orta məktəbdə olan informatika müəllimlərinin müxtəlif təlimlərə cəlb edilməsi yolu ilə təkmilləşdirilməsi, onların vasitəsilə təhsil ocaqlarında kənd və qəsəbə sakinlərinə ödənişsiz internet, kompüter və sair barədə bilgilərin verilməsi və əyani təcrübənin öyrədilməsi mütləq vacibdir. Bunlarla yanaşı, www.e-gov.az və e-xidmətlər barədə ətraflı və dolğun məlumatların əks olunduğu, onlardan istifadə qaydalarını öyrədən əyani vəsaitlərin, məsələn, kitabça və bukletlərin çap olunması, reqlament, şəkilli material, videomaterial və videotəlimatların yerləşdirildiyi disklərin hazırlanması, həmçinin, bütün bunların vətəndaşlara təmənnasız paylanılması əhalinin maariflənməsində mühüm rol oynayar.

7) Araşdırmalarımıza görə, Seydimli kənd sakinlərinin təxminən 60 faizi mobil telefon işlətsə də, mobil internetdən istifadə edən yaşlı nəslin nümayəndələri yoxdur. Yaşlıların böyük əksəriyyəti internetə çıxışı məhdud olan mobil telefonlardan yalnız zəng etmək və zəngi qəbul etmək üçün istifadə edirlər. İnternetə çıxışı olan mobil telefonları olan yaşlılar isə mobil internet şəbəkəsindən necə istifadə etməyi bacarmırlar. Gənclər isə mobil internetdən yalnız sosial şəbəkələrdən istifadə etmək, musiqilər dinləmək, kliplərə baxmaq və digər məqsədlər üçün yararlanırlar. Bu da onu göstərir ki, təkcə Seydimlidə deyil, digər yaşayış massivlərində də yaşlı nəslin nümayəndələri arasında mobil internetlə bağlı maarifləndirmə işləri ya aşağı səviyyədə aparılır, ya da ümumiyyətlə, aparılmır. Gənclər isə həm maarifləndirmə işlərinin lazımi səviyyədə təşkil olunmaması, həm də mobil internet tariflərinin baha olması üzündən www.e-gov.az-a və e-xidmətlərə, onların mahiyyətini anlamağa və onlardan istifadəyə maraq göstərmir və asudə vaxtlarını daha çox mobil internet vasitəsilə əylənməyə ayırırlar. Bundan başqa, Seydimli kəndində yalnız bir neçə nəfər «notebook»dan istifadə etməyi bacarır. Amma bu kənddə istər «notebook»larda, istərsə də adi kompüterlərdə «Azerfon», «Azercell» və «Bakcell»in «DATA-kart»larından normal istifadə qəlizləşir. Üstəlik, çökəklik ərazilərdə sözügedən kartlar vasitəsilə internet şəbəkəsinə daxil olmaq qeyri-mümkündür.

8) www.e-gov.az-ın xidmətlərinə aztəminatlı əhalinin ehtiyacı daha çox olsa da, bu təbəqədən olanların «e-imza» kartlarını almaları ciddi problemə çevrilib. Düzdür, 3 illik müddətə verilən «e-imza» fərdi şəxslərə 36 manata satılır. Ancaq aztəminatlı, xüsusilə də bəzi çoxuşaqlı ailələrin bu kartları almağa maddi imkanları yetmir. Ona görə də bu cür ailələrə qiymət məsələsində güzəştlərin edilməsi, yaxud «e-imza»nın pulsuz verilməsi üçün il ərzində bir neçə dəfə kampaniyanın aparılması effektli olar. Vurğulamaq yerinə düşər ki, əksər vətəndaşlar «e-imza» və bu kartdan istifadə qaydaları barədə heç bir nəzəri və praktiki məlumata malik deyillər. Hətta Məlumat Hesablama Mərkəzinin «157» Zəng Mərkəzinə ünvanlanan müraciətlərin analizi də göstərir ki, vətəndaşların bir qismi www.e-gov.az-da onlayn qeydiyyatdan keçmək üçün bəzi e-xidmətlərdən sona qədər istifadə edə bilməyib. Bəzi vətəndaşlar «e-imza»dan istifadə etməyi bacarmadıqları, sənədləri sözügedən kartla ilə imzalaya bilmədikləri üçün «157»yə müraciət edirlər.

Yuxarıda sadaladığımız faktlar göstərir ki, «e-imza», mövcud e-xidmətlər və onlardan istifadə qaydaları haqqında KİV-lərdə, internetdə və digər sahələrdə reklam və təbliğat işlərini təşkil etmək, www.e-gov.az-da bütün e-xidmətlərin istifadə təlimatlarını yerləşdirmək, həmin xidmətlərdən istifadə sahəsində vətəndaşların bilik və bacarıqlarının artırılması və digər məsələlərin həlli üçün zəruri tədbirlər həyata keçirilməlidir. Əgər yuxarıda sadaladığmız problemlər öz həllini taparsa, internetin və informasiya texnologiyalarının inkişafı hesabına Azərbaycan yaxın illərdə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşacaq, respublikamız BMT-nin «E-hökumət»in inkişaf səviyyəsinə görə reytinqində daha yüksək yerlərdən birini tutacaq.

Təbriz VƏFALI



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin «Mənim Elektron Hökumətim» mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir
Yüklə 28,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə