MəRKƏZİ bankin səDRİn biRİNCİ MÜAVİNİ CƏnab a. QuliyeviN ÇixişI



Yüklə 18,71 Kb.
tarix04.04.2018
ölçüsü18,71 Kb.
#35885

BANK SİSTEMİNİN YENİ İNKİŞAF DÖVRÜNƏ ADAPTASİYASI

(İSLAHATLAR, NƏTİCƏLƏR, PERSPEKTİVLƏR)

MƏRKƏZİ BANKIN SƏDRİN BİRİNCİ MÜAVİNİ

CƏNAB A.QULİYEVİN ÇIXIŞI
Hörmətli həmkarlar!

Hörmətli konfrans iştirakçıları!

Xanımlar və cənablar!

Giriş

Sizi Bank-maliyyə sisteminin yeni inkişaf dövrünə adaptasiyası mövzusunda keçirilən II Bankçılıq Forumunda salamlamaqdan məmnunam. Bu Forum ölkə iqtisadiyyatı üçün olduqca mühüm bir dövrə təsadüf edir. 2014-cü ildən başlayan qlobal çağırışlara uğurla adaptasiya olan milli iqtisadiyyatımız özünün keyfiyyətcə yeni inkişaf dövrünə transformasiya etmişdir. Bu transformasiya iqtisadi artımın canlandırılması baxımından ölkənin maliyyə-bank sektorunun qarşısında mühüm vəzifələr qoyur.

Artıq yeni inkişaf modelinin ana təməli olan makroiqtisadi sabitlik üzrə ilkin pozitiv nəticələr əldə olunmuşdur. Bu strateji istiqamətdə Mərkəzi Bank da hökumətlə birlikdə çevik makroiqtisadi siyasət manevri həyata keçirmişdir. Makroiqtisadi manevr fiskal dayanıqlığa, monetar çevikliyə və maliyyə sabitliyinə fokuslanmışdır. Fürsətdən istifadə edib makroiqtisadi sabitlik üzrə AMB tərəfindən görülən işləri və əldə etdiyimiz nəticələri Sizinlə bölüşmək istərdim.

Makroiqtisadi sabitlik üzrə

görülən işlər və nəticələr

Makroiqtisadi sabitliyin təmin olunması məqsədilə ilk manevrlərdən biri çevik-üzən məzənnə rejiminə keçid və bu əsasda ölkənin xarici balansının tarazlaşdırılması olmuşdur.



Hazırda tədiyə balansı profisitlidir. Tədiyə balansının cari əməliyyatlar hesabında 1.1 mlrd.dollarlıq profisit yaranmışdır və ilin sonuna bu profisitin artacağı gözlənilir. Buna səbəb neftin dünya qiymətinin artması, idxalın azalması və qeyri-ixracın isə artmasıdır. Cari dövrdə neftin orta qiyməti 53 dollar olmuşdur ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 21% çoxdur. Son vaxtlar neftin qiyməti artaraq 60 dollar ətrafında sabitləşmişdir. İdxalın həcminin isə 2017-ci ilin sonuna 6.5 mlrd. dollara qədər azalacağı gözlənilir. İdxalın azalmasına paralel olaraq qeyri-neft ixracının genişlənməsi də müşahidə edilir. Qeyri-neft ixracı 9 ayda təxminən 31% artmışdır. Bütün bunların nəticəsi olaraq cari ildə strateji ehtiyatlar təxminən 12% artaraq 42 mlrd. dolları ötmüş, o cümlədən Mərkəzi Bankın ehtiyatları 31% artmışdır.

Profisitli tədiyə balansı valyuta bazarı və manatın məzənnəsinin stabilləşməsində əsas şərt kimi çıxış edir. Milli valyuta ilin əvvəlindən 4%, fevral ayının sonundakı 1 ABŞ dolları 1.92 manat mövqeyindən isə 11.5% möhkəmlənmişdir.

Monetar şərait də kontrtsiklik olmaqla əsasən fiskal və bank sektorlarının likvidlik ehtiyaclarına təmin etmişdir. 2017-ci ilin ötən dövründə manatla pul bazası 11%-dən çox artmışdır. Bu da iqtisadiyyatın kreditləşməsi üçün əlavə resurs rolunu oynaya bilər.

Son 2 ildə kredit aktivliyi əhəmiyyətli azalsa da, bank sektorunda yüksək likvidlik iqtisadiyyatın maliyyələşməsinə yönələ bilər. Yüksək likvidlik şəraitində Mərkəzi Bank aktiv sterilizasiya həyata keçirmiş, sterilizasiya alətlərinin çeşidi və əhatəsi genişlənmişdir. Hazırda hərraclarda iştirak edən bankların sayı ilin əvvəlində 5 dəfə artaraq 20-a yüksəlmişdir. Bu dövr ərzində Mərkəzi Bankın likvidliyin verilməsi alətlərinə heç bir tələb olmamışdır.



Faiz siyasəti antiinflyasiya məqsədi daşıdığı üçün dəyişdirilməmişdir. 2017-ci ilin 10 ayında orta illik inflyasiya 13.7% təşkil etməsini və gözləntiləri nəzərə alaraq cari ildə Mərkəzi Bank uçot dərəcəsinə konservativ yanaşmışdır. Qeyd etməliyəm ki, inflyasiya əsasən qeyri-monetar amillər, xüsusilə də xarici ərzaq qiymətlərinin artımı, inzibati qiymətlərin yüksəlməsi, ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri ilə dəyişmişdir.

Bütövlükdə, əldə olunmuş makroiqtisadi sabitlik qeyri-neft sektorunda iqtisadi artım templərinin bərpasına imkan vermişdir. Cari ilin 10 ayında qeyri-neft sektorunda 2.1%-lik iqtisadi artım qeydə alınmışdır.

Mövcud vəziyyət milli iqtisadiyyatda adaptasiya proseslərinin uğurla başa çatmasını və yeni artım modelinin reallaşdırılması üçün ilkin şərtlərin artıq formalaşdığını deməyə əsas verir.



MONETAR İSLAHAT GÜNDƏLİYİ

Milli iqtisadiyyatda yenidənbalanslaşma proseslərini monetar siyasətlə aktiv dəstəkləmək üçün 2018-ci ildə Mərkəzi Bank əsasən dayanıqlı artımın stimullaşdırılması və maliyyə sabitliyinin təmin olunmasını diqqət mərkəzində saxlayacaq. 2018-ci ildə inflyasiya üzrə proqnozlaşdırılan 6.1%-lik inflyasiyaya nail olmaq üçün Mərkəzi Bank tərəfindən hökumətlə koordinasiya olunmuş şəkildə siyasət yürüdüləcək.



Sərəncamındakı bütün alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank inflyasiyaya azaldıcı təsir göstərən monetar şərait yaratmağa çalışacaqdır. Bu monetar şərait məcmu tələbin inflyasyon artımını məhdudlaşdırmağa və eyni zamanda milli valyutada yığımları stimullaşdırmağa xidmət edəcəkdir.

Məzənnə sabitliyi 2018-ci ildə də diqqət mərkəzində saxlanılmalıdır. Biz məzənnənin əlverişli səviyyəsini qorumalıyıq ki, tədiyə balansının yaxşılaşması davam etsin.

Hazırda dünyanın aparıcı ölkələrində iqtisadiyyatın müxtəlif sahələrində idarəetmə proseslərinin şəffaflıgını və effektivliyini artırmaq məqsədilə “blockchain” texnologiyalarının istifadəsi genişlənir. Qeyd etməliyəm ki, Mərkəzi Bank bu tendensiyaları daim diqqət mərkəzində saxlayır. Bu sahədə “blockchain”in hüquqi infrastrukturunu yaratmalıyıq, sonra onun texnoloji tətbiqinə keçməliyik. Məqsəd bu texnologiyaların üstünlüklərindən ölkə iqtisadiyatı, habelə bank və maliyyə sektorunun inkişafı üçün istifadə etməkdir.

Mərkəzi Bank eyni zamanda kriptovalyutalarla bağlı tənzimləmə üzrə beynəlxalq təcrübəni də diqqətlə izləyir. Hazırda kriptovalyuta ilə bağlı Mərkəzi Bankın mövqeyi konservativdir.



Yekun

Yekunda mən Forum iştirakçılarını qeyd edilən istiqamətlərdə müzakirələrə dəvət edirəm və forumun işinə uğurlar arzu edirəm.



Diqqətinizə görə təşəkkür edirəm!


Yüklə 18,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə