Mərkəzləşdirilmiş Kitabxana Sistemi 9 noyabr Dövlət Bayrağı Günüdür



Yüklə 141,66 Kb.
tarix24.02.2018
ölçüsü141,66 Kb.
#27560



Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi
9 noyabr Dövlət Bayrağı Günüdür
c:\users\администратор\desktop\15624.jpg
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

Metodiki vəsait

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  Əsasnamə ilə təsdiq edilmişdir.

Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009 - ci il noyabrın 17 - də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9 - u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir. Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların , o cümlədən Avropa Şurasının tam hüquqlu üzvü olub, üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanmağa, bizim varlığımızı, gücümüzü bütün dünyaya yaymağa başlayıb. Biz hədsiz qürur hissi keçiririk ki, Dövlət Bayrağımız bu gün dünyanın bütün qitələrində, mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır. Bütün dünya azərbaycanlılarını bu müqəddəs bayraq, azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə səsləyirik. Azərbaycan bu gün tam müstəqil siyasət yürüdür, xalqımız bu siyasətin real nəticələrinin canlı şahididir. Bax bu gün yüksək nailiyyətlərlə xalqımız öz əziz bayramını – Dövlət Bayrağı gününü qeyd edir.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə qərara alıram: 1. Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həlletsin. İlhamƏliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 noyabr 2009-cu il.
Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız
Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.

Ümummilli lider Heydər Əliyev

Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli - mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

İlham Əliyev

Azərbaycan Respublikasının prezidenti
Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun Milli Bayrağı - Dövlət bayrağıdır.

Respublikamızın dövlət bayrağı – müstəqil Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş, mavi, qırmızı, yaşıl rəngli 3 zolaqdan ibarətdir. Bu rənglər xalqımıza və dövlətimizə aid olan üç mühüm cəhəti özündə birləşdirir. Mavi rəng türk soyumuzu, qırmızı rəng müasirliyimizi, yaşıl rəng isə müqəddəs İslam dinini ifadə edir. Bu gün Konstitusiya ilə müstəqil Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri sayılan üçrəngli bayrağımızın yaranma tarixi XIX əsrin əvvəllərinə təsadüf edir. Bu bayraq 1918 - 1920 - ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarındandır. Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası 1918 - ci il noyabrın 9 - da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlı və üzərində ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq olunması haqqında qərar qəbul etmişdir. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin ömrü uzun olmadı, o, qonşu iri dövlətlərin məkrli planları nəticəsində 1920 - ci ildə süqut etdi. Xalq üçrəngli bayrağından məhrum edilsə də, ona olan sevgini ürəyində yaşatdı. Düz 70 il xalqın qəlbində istiqlal sevgisi və istiqlalın rəmzi olan üçrəngli bayrağa məhəbbət səngimədi. İnsanlar milli bayrağımızın nə vaxtsa yenidən başımız üzərində dalğalanacağına həmişə böyük ümid bəsləyirdilər.

Xalqın arzuları 70 il ötəndən sonra həyatda öz təsdiqini tapdı. Üçrəngli bayrağımız əvvəlcə qədim Naxçıvan torpağında qaldırıldı. 1990 - cı il noyabrın 17 - də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar respublikanın dövlət bayrağı kimi təsdiqləndi. 1991 - ci il fevralın 5- də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanunu qəbul etdi.

Bəli, üçrəngli bayrağımız Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Respublikamızın prezidenti xarici ölkələrə səfərlərə getdikdə milli bayrağımız onu qəbul edən dövlət tərəfindən qaldırılır. Təntənəli mərasimlərdə dövlət bayrağı gətirilərsə, tədbirdə iştirak edən hərbiçilər hərbi salam verirlər, mülki şəxslər isə bayrağa dərin hörmət əlaməti olaraq baş geyimlərini çıxarırlar. Belə təntənəli mərasimlər qapalı yerlərdə keçirildikdə iştirakçılar bayrağın gətirilməsini ayaq üstə qarşılayırlar. Biz üçrəngli milli bayrağımızın respublikamızda bütün təşkilatların, o cümlədən Prezident Aparatının , Milli Məclisin binası üzərində dalğalanmasından böyük qürur hissi keçiririk. Bu gün milli bayrağımız həmçinin müstəqil Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların iqamətgahları önündə qaldırılıb. Milli bayrağımız respublikamızın Fransa, Almanya, Çin, Rusiya, ABŞ, Türkiyə, İran və digər xarici ölkələrdəki səfirliklərinin yerləşdikləri binalarda, beynəlxalq sularda üzən gəmilərimizdə əzəmətlə dalğalanır. Üzərində milli bayrağımızın əksi həkk olunmuş “Azal” Hava Yollarının təyyarələri dünyanın, demək olar ki, bütün ölkələrinə məxsus hava məkanlarında uçur. Birləşmiş Millətlər Təşkilatının Nyu – Yorkdakı iqamətgahı önündə 180 - dən artıq müstəqil dövlətin bayrağı asılıb. Onların arasında üçrəngli bayrağımız xüsusilə seçilir.


Xalqımız tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bu gün öz yüksəlişinin ən uca zirvəsindədir. Təbii ki, bayrağımızın həmişə ən yüksəklərdə görünməsi dövlətimizin gücündən, artan nüfuzundan xəbər verir.

Hər bir müstəqil dövlətin tanınması üçün dövlət rəmzləri zəruridir. Azərbaycan dövlətinin də müstəqilliyini simvolizə edən öz bayrağı, gerbi və himni var. Dünyada Azərbaycanın suverenliyini tərənnüm edən bu rəmzlərə ölkəmizdə hədsiz hörmətlə yanaşılır. Dövlət və hökumət də bunun üçün əlindən gələni edir. Bütün təhsil, səhiyyə və mədəniyyət ocaqlarında, ictimai yerlərdə dövlət rəmzlərimizi əks etdirən panno və lövhələr qoyulur, standartlar asılır, nəşr olunan kitab və dərsliklərdə də simvollarımızın əksi vurulur, himnimizin mətni yazılır, radio və telekanalllarda, idman yarışlarında, eləcə də müxtəlif səpkili tədbirlərdə himnimiz mütəmadi olaraq səsləndirilir.

Hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milii – mənəvi irsi, qlobal planda maddi və mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir.

Bayraq tarix boyu özünü özü kimi anlayan hər bir ailənin, hər bir tayfanın , hər bir qəbilənin , hər bir cəmiyyətin , xalqın, millətin özünü təqdim rəmzi olub. Ona görə bayrağa namus kimi, qeyrət kimi, qala kimi baxıblar əcdadlarımız. Gil lövhələrə yazı qazıyan ulularımız deyirdilər: “Enməz Bayraq”. Yenilməz bayraq gəzəridir, yaşarıdır, səmalarda yellənəndir. Bayrağı yenilməz edən millətin övladlarıdır. Vaxtilə siyasət meydanlarından endirilmiş Azərbaycanın Müstəqillik Bayrağı yenidən Bakının, Azərbaycanın üstündə dünyanın ən hündür bayraq səviyyəsinə qaldırıldı və bu gün səmada. Fəxr, qürur duyduğumuz Bayrağımız!

Məlumdur ki, 1918 - ci il iyun ayının 21 - də dövlət bayrağı barədə ilk hökumət fərmanı imzalanmışdı. Lakin qırmızı rəngli, ağ yerli ayparası və səkkiz guşəli ulduzu olan, bir növ Osmanlı imperatorluğunun bayrağını andıran ilk dövlət bayrağımız qısa ömürlü olur. 5 ayı tamam olmamış Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 9 noyabr 1918 - ci il tarixdə bu bayrağın təsvirini dəişməklə ay - ulduzlu üçrəngli bayraq ehtiva etdiyi məna və mahiyyətinə görə müqəddəs rəmzə çevrilir və milli bayraq statusu qazanır. Zaman - zaman üçrəngli bayraq milli dirçəlişimizin, milli savaşımızın, istiqlal uğrunda mücadiləmizin qida mənbəyinə, cövhərinə, mayasına çevrilir.”Türkləşək, islamlaşaq, müasirləşək” deyən Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu kimi neçə - neçə millət fədailərimizin, ideya - düşüncə sahiblərimizin ruhunu oxşayır.

Üçrəngli bayraqla bəzənən günlərimiz ömrümüzün ən əziz , yadda qalan anları, möhtəşəm günləri olub. O günlərin, o anların həyacanını illər boyu yaşamışıq. 1988 - ci ildə üçrəngli bayraq Azadlıq hərəkatına rəvac verən dəstələrin başları üstə qalxdı. Hər ürəkdə bu bayrağı dalğalanan gördük

2003 - cü ildə cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə bu inkişaf və quruculuq prosesləri yeni mərhələyə qədəm qoymuşdur. Son 10 il ərzində aparılan islahatlar daha da sürətlənmiş, Müstəqil Azərbaycanın üçrəngli bayrağı daha da yüksəklərə qaldırılmış, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. Bayraq bizim üçün bir də ona görə əzizdir ki, həm işğalçı qüvvəyə qarşı mübarizələr aparılan xanlıqlar dövründə, həm ilk müstəqil Azərbaycan dövlətinin yaradılması və qorunması üçün aparılan mücadilə dövründə, həm də ötən əsrin son onilliyində baş verən ictimai – siyasi proseslərdə, xüsusən, 20 Yanvar faciəsi və Qarabağ uğrunda gedən savaşlarda qocalı - cavanlı, qadınlı, kişili istənilən azərbaycanlı bayrağı qorumaq üçün öz canını əsirgəməmişdir. Bəli, onlar bir daha sübut etmişlər ki, bizim bayrağımız fəxrimiz, iftixarımız və qürur mənbəyimizdir.

Hər dəfə paytaxtımızdakı “Azneft” meydanının yanından keçərkən Xəzərin sahilində əzəmət, qələbə, milli mənlik rəmzi olan üçrəngli bayrağımızın vüqarla dalğalandığını görəndə qürur hissi keçirməyə bilmirsən. Bəli, taleyin qisməti ilə biz indiki nəslə respublikamızın müstəqillik əldə etməsini, onun başlıca dövlət atributlarından biri olan Azərbaycan bayrağının qəddini düzəltməsini görmək nəsib oldu. İndi bayrağımız xarici ölkələrdə respublikamızı təmsil edən səfirliklərimizin binası üstündə dalğalanır. Xarici ölkələrin respublikamıza təyin olunan elçiləri öz etibarnamələrini təqdim etmək üçün Prezident cənab İlham Əliyevin qəbuluna gələrkən fəxri qaravulun önündən ötərək buradakı Azərbaycan bayrağının qarşısında ayaq saxlayıb baş əyirlər.

Hamımıza məlumdur ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün əlindən gələni etdi. Güclü, qüdrətli dövlət quraraq onu gələcək nəsillər üçün əmanət qoyub getdi. Göstərdi ki, müstəqillik Azərbaycan xalqının milli sərvətidir. Bu sərvət daimidir, dönməzdir, əbədidir. Onu qorumaq isə zaman - zaman dünyaya gələcək yeni - yeni nəsillərin müqəddəs borcudur.

Bəli, hər bir xalqın ən müqəddəs rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir.

“Bayraq” sözü bir müstəqillik işarəsidir. Müasir anlamda bayraq dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi funksiyasında işlənməkdədir. Dövlət bayrağı müqəddəs anlam daşıyır. Millətin qeyrəti, namusu, şərəfi, ləyaqəti bayraqda ifadə olunmuşdur. Bayraq milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür.

Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Dövlətin müstəqilliyinin simvolu olan bayraq bütün nəsillər üçün müqəddəs və yenilməzdir. Həmrəylik, türkçülük, dini dəyərlərə hörmət, müasirlik rəmzi olan bayrağımız həm də milli birliyin simvoludur. Bu gün bütün sahələrdə bir – birindən əhəmiyyətli uğurlara imza atan Azərbaycanın yeganə problemi Ermənistan – Azərbaycan , Dağlıq Qarabağ münaqişəsidir. Dövlətimizin uğurlu siyasəti bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına , bayrağımızın işğal altındakı torpaqlarımızda dalğalanacağına böyük əminlik yaradır.

Dövlət başçısı İlham Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti isə bu ülvi arzunun, prinsipial məqsədin gerçəkləşəcəyinə birmənalı əminlik yaradır. .

Bu gün Azərbaycan adlı bir məmləkət bütün Avropanı qazandığı iqtisadi nailiyyətləri ilə fəth edirsə bu daim uca tutduğumuz bayrağımıza sədaqət rəmzidir. Amma müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayrağımızın dalğalanacağı daha bir ünvan bizi gözləyir. Bu ünvan Qarabağımızdır.

9 noyabr Dövlət bayrağı Günü münasibəti ilə respublikamızın hər yerində olduğu kimi, kitabxanalarda, lisey və gimnaziyalarda, ümumtəhsil məktəblərində, muzeylərdə və s. yerlərdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin sırasına Bayrağımızla, Dirçəlişimizlə, Müstəqilliyimizlə bağlı ilk növbədə sərgi, kitab icmallarını, oxucu konfranslarını, inşa, şeir, rəsm müsabiqələrini, ədəbi-bədii kompozisiyaları və s. daxil etmək olar. İlk növbədə kitabxanalarda Bayraq Günü ilə bağlı sərginin tərtib olunması vacibdir. Sərgilərə müxtəlif başlıqlar vermək olar.

Məsələn: “Üçrəngli bayrağınla məsud yaşa Azərbaycan”,” Bir kərə yüksələn bayraq, bir daha enməz”, İlhamla, inamla dalğalanan bayrağımız”,”Azərbaycan bayrağı – fəxrimiz, vüqarımız”,”Bayraq müstəqilliyimizin simvoludur”,”Qüdrətli Azərbaycanın gücünün, əbədi müstəqilliyinin parlaq nümunəsi bayrağımız”,”Bayrağımız qürur mənbəyimizdi”,”İnkişaf yolumuzun rəmzi - bayrağımız”,“Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru”, “Milli dirçəliş yolu milli birlikdən keçir” və s.

Bayraq Günü ilə bağlı kiçik yaşlı oxucular üçün nağıl otağında Azərbaycan, Vətən, Bayraq, Dirçəliş, Müstəqillik mövzusunda yazıçı və şairlərin qələmə aldığı əsərlərdən ucadan oxular, səhərçiklər hazırlamaqla, onlarda vətənə məhəbbət aşılamaq, bayrağımızın tarixini, mənasını başa salmaq olar. Həmçinin bayraqla əlaqədar filial kitabxanalarında keçirilən tədbirlərdən biri də sual-cavab gecələri, viktorinalar, oxucular arasında bilik yarışmalarıdır. Bu tədbirlər oxucuların mövzu ilə əlaqədar biliklərini üzə çıxardır, bilmədiklərini isə öyrədir. Sual-cavab gecələri və viktorinalar canlı söhbət və müsahibə şəklində keçirilir. Bu da oxucuları Azərbaycanın tarixi, bayrağı ilə bağlı olan sualların aydınlaşdırılmasına xidmət edir.

Kitabxanalarda Bayraq günü ilə bağlı kitabxanaçı oxucularla söhbət apara bilər. Bildiyimiz kimi kitabxana bilik məbədgahıdır, kitab və ədəbiyyat isə tərbiyə işində böyük qüvvədir, Azərbaycan bayrağının nə kimi əhəmiyyət daşıdığının təbliği, izahı və öyrədilməsində kitabxanaların özlərinə məxsus spesifik imkanları vardır. Yəni başqa sözlə desək, kitabxanalar kitabın tərbiyəvi rolundan geniş və hərtərəfli, məqsədyönlü istifadə etməklə, təhsil müəssisələri ilə birlikdə vətəni, onun atributlarını necə sevməyin öyrənilməsi işində yaxından iştirak etməlidir. Mənim fikrimcə kitabxanaçı elmdə öyrənməyin sirlərini öyrədən mütəxəssis sayılır.


Kitabxanaçılıq işində adətən belə bir qayda özünü doğrultmuşdur ki, məktəblilərin, yeniyetmələrin, gənc oğlan və qızların düşünmək və öyrənmək qabiliyyətini fəallaşdırmaq üçün hansı iş üsulundan istifadə edilirsə, edilsin kitabxananın apardığı söhbət aparıcı rol oynayır.

Məhz bu məqsədlə kitabxanaçı uşaqlara, məktəblilərə, yeniyetmələrə öyrətməlidir ki, müstəqillik yolunda xalqımızın göstərdiyi vətənpərvərlik onların vətənə sevgisindən doğur. Bayrağımızın, Dirçəlişimizin, Müstəqilliyimizin, Konstitusiyamızın təbliğı mövzusunda olan tədbirlərdə məktəblilərdə, gənclərdə Vətənə , doğulduğu torpağa, mənsub olduğu xalqa, dövlətə və onun rəmzlərinə dərin hörmət hissi aşılanmalıdır. Dövlətimizin himni, Dövlət gerbi, Milli bayrağının mənasının izah edilməsi, bunların müqəddəslik ideyasının oxuculara öyrədilməsi ön plana çəkilməlidir.

Kitabxanada mövzu ilə bağlı inşa, rəsm müsabiqəsi keçirmək olar və bu tədbirlər oxucular üçün maraqlı olar.

Şeir müsabiqəsinin keçirilməsi də təqdirə layiq olardı. Şeir müsabiqəsi uşaqların ən çox sevdiyi tədbirlərdən biridir. Çünki, uşaqlar belə tədbirlərdə özlərinin şeir demək bacarıqlarını nümayiş etdirirlər. Bu tədbir yaxşı olardı ki, orta və yuxarı yaş qrup oxucular arasında keçirilsin.


Oxucular əllərində Azərbaycan bayrağı Tünzalə Ağayevanın ifasındaMən fəxr edirəm ki, Azərbaycanlıyammahnısının sədaları altında səhnəyə daxil olub, şeirlərini deməyə başlayırlar.

Ay – ulduzlu bayrağım

Başım üstə hər zaman,

Alov kimi dalğalan.

Sənə kəc baxanların

Gözünə çöksün duman.

Ay ulduzlu bayrağım,

Günəş üzlü bayrağım.

Rəngin mavi, al, yaşıl,

Sənə necə yaraşır...

Seyr etdikcə hüsnünü

Sevincim aşıb – daşır.

Ay – ulduzlu bayrağım,

Günəş üzlü bayrağım.

Günəş göylərdə sönməz,

Uçan ox geri dönməz.

Bir kərə qalxan bayraq,

Heç vaxt bir daha enməz.

Ay – ulduzlu bayrağım,

Günəş üzlü bayrağım.

And içib birər – birər,

Balaca Heydərçilər.

Onlar qaldıracaqlar

Səni günəşə qədər,

Ay ulduzlu bayrağım,

Günəş üzlü bayrağım.


Azərbaycanım

Göz açıb dünyaya gəldiyim gündən,

Ömrümü adına bağlamışam mən.

Sənsiz mən kiməm ki, vətən, ay vətən,

Ay arzum, diləyim, ruhum, vicdanım

Könlümün sevinci Azərbaycanım.

Sən varsan, ömrüm də güllü bahardır,

Mənə hər addımda taleyim yardır.

Sənsiz yerişim də müşkül olardı

Sənsən üfüqlərdə şəfəqim, danım,

Hər qumu bir inci Azərbaycanım!

Nə çoxdur dünyada ellər, obalar,

Hər elin öz adı, öz ünvanı var,

Övlada can deyən anası olar, 13

Qoysana adını hər yerdə anım,

Həmişə birinci Azərbaycanım!

Qara daşa dəyməz gövhərim sənsiz,

Bu geniş dünyada yox yerim sənsiz,

Bir gün dara düşsəm, de görüm, sənsiz

Hikmət döyüşündə neçə dayanım,

Sözümün qılıncı Azərbaycanım!

Seyran Cavadov

Vətənin qüruru, xalqın qüruru,

Müqəddəs varlıqdır, dövlət bayrağı!

Ucadan ucadır, uludan ulu,

Azadlıq rəmzidir, dövlət bayrağı!

Bir dəfə qalxıbdır. Bir daha enməz.

Düşmən qarşısında heç vaxt əyilməz.

Döyüşdə qalibdir, rəngi dəyişməz.

Ölkəyə şöhrətdir, dövlət bayrağı!

Bayraqlar içində ucadır başı.

Tarixi varaqla, bilinmir yaşı.

Onunla fəxr edir, hər vətəndaşı.

Günəştək parlaqdır, dövlət bayrağı!

Bayrağa baxıram, göyləri dəlir,

Başının üstündə, duman çəkilir.

Xəyala dalıram, ruhum dincəlir.

Qürur mənbəyidir, dövlət bayrağı!

Milli qürurumuz, gərəyimizsən,

Sən bizim şərəfli tariximizsən.

Zaman dəyişsə də dəyişməmisən,

Sonda qürurumsan dövlət bayrağı!

Müstəqil dövlətin rəmzidir bayraq!

Azad bir dövlətin əzmidir bayraq!

Azəri xalqının fəxridir bayraq! 1

Yaşa səni, yaşa üçrəngli bayraq !


Əli Köçkün
Gerbim, himnim, bayrağım

Sərvətimdi, varımdı

Yenilməz vüqarımdı.

Andım, iftixarımdı

Gerbim, himnim, bayrağım.

Sinəmdəki bu həvəs,

Şəhid qanına əvəz.

Aləmə salıbdı səs

Gerbim, himnim, bayrağım.

Ana Kürdü, Arazdı,

Vəsf eləsəm də azdı.

Təzə bahardı, yazdı

Gerbim, himnim, bayrağım.

Varlığımdır, səddimdir

Basılmaz sərhəddimdir.

Səsim, imzam, xəttimdir

Gerbim, himnim, bayrağım.

Kəpəzdi, Savalandı

Ürəyimdəki qandı.

Anam Azərbaycandı

Gerbim, himnim, bayrağım.

Bayrağımız

Ay – ulduzlu gur şəfəqli,

Göz oxşayan, bər – bəzəkli,

Göy, qırmızı, yaşıl rəngli,

Dalğalanan bayrağımız.

Sən millətin qürurusan,

Odun şöhrət, sünbülün şan. 15


Yenilməzdir Azərbaycan.
Ucal hər an bayrağımız.

Tanrı bizi darda qoymaz.

Gözəlliyə fələk qıymaz.

Səndən heç vaxt könül doymaz.

Məğrur dayan, bayrağımız.

Öz yerin var yer üzündə,

Bir bəzəksən el gözündə.

Şuşada, Cıdır düzündə.

Qalx, dalğalan, bayrağımız.
Azərbaycan Xalq Cumhuriyyətinin Milli Bayrağı
Türkistan elləri öpüb alnını,

Söyləyir dərdini sənə, bayrağım.

Üç rəngin əksini “Quzğun Dəniz” dən,

Ərmağan yolla sən yara, bayrağım.

Gedirkən Turana çıxdın qarşıma,

Kölgən dövlət quşu, qondu başına.

İzin ver, gözümdən coşan yaşıma,

Dinlətsin dərdini aha, bayrağım.

Qanı Xan soyundan aldığın rəngi,

Qucamış ilhamla müsəlman bəyi.

İlhamın övladı, dinin dirəyi,

Gətirdin könlümə səfa, bayrağım.

Köksümdə tufanlar, gəldim iləri,

Öpüm kölgən düşən mübarək yeri.

Allahın yıldızı, o gözəl pəri,

Sığınmış qoynunda Aya, bayrağım!


Əhməd Cavad.

Bayraq


Torpağım üstünə kölgələr salan

Mənim varlığımın cilası – bayraq.

Zəfərdən doğulmuş Göytürkdən qalan

Qurdbaşlı bayrağın balası bayraq.


Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı Vətən görmüşəm.

Zəfər güllərini dövri – qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq – öz yurduma öz hakimliyim.

Harda əcdadımın ayaq izi var,

Bu zəfər bayrağım orda dikəlsin.

Keçdiyi yerlərdə dağlar – yamaclar

Onun huzuruna salama gəlsin.

Tarixdən qədimdir, zamandan qoca

Mənim bayrağıma sancılan hilal.

Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan bayrağı müasir gəncliyin gözü ilə” konfrans da təşkil etmək mümkündür. Konfransdan öncə onun proqramı tərtib olunmalı, konfransın keçiriləcəyi dəqiq vaxt müəyyən olunmalıdır. Proqramda konfransda çıxış edəcək qonaqların, müəllimlərin və şagirdlərin adları, onların çıxış edəcəkləri mövzular, tədbirin keçiriləcəyi məkan və zaman qeyd olunur. Konfrans zamanı Azərbaycan bayrağı ilə bağlı kitabxana rəhbərliyi, siyasətçilər, müəllimələrin çıxışları dinlənilir. Oxucu konfransının planını sizə təqdim edirik:

Oxucu konfranslarını müxtəlif adlar altında keçirmək olar. Məsələn:


”Birliyimizin sübut günü”

“Bir kərə yüksələn bayraq bir daha enməz”

“Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol”

“Azərbaycan dövlətinin müstəqilliyi əbədidir” və s.


1. Giriş hissə (Milli Bayrağımız haqqında məruzə)

2. 9 noyabr Milli Bayraq Günü haqqında kitabxana rəhbərliyinin, siyasətçilərin, oxucuların və şairlərin çıxışları.

3.Yuxarı sinif şagirdlərindən ibarət olan oxucuların “Milli Bayraq Günü” ilə bağlı məruzələri.

Tədbir zamanı siyasətçilər, müəllimələr, gənclər və təşkilat nümayəndələri məruzə edirlər. Gənclərimizin Azərbaycan bayrağı haqqında fikirləri, ideyaları, gələcək planları barədə çıxışları dinlənilir. Hər bir tədbir iştirakçıları dinlənildikdən sonra, onlara oxucular tərəfindən suallar verilir və iştirakçılar verilən suallara açıqlıq gətirirlər.

Kitabxanalarda keçirilən silsilə tədbirlərdən biri də kitab icmalıdır. Azərbaycan bayrağının tarixi, əhəmiyyəti haqqında yazılmış kitabların icmalının keçirilməsində məqsədimiz oxucular arasında bayrağımızla, dirçəlişimizlə, müstəqilliyimizlə bağlı nəşr olunan bir çox kitablarla oxucuları tanış etməkdir.

Kitabxanada keçiriləcək tədbirlərin ən maraqlısı ədəbi-bədii gecədir. Ədəbi bədii gecə əsasən üç hissədən ibarət olur. Birinci hissədə tədbirdə iştirak edən qonaqların çıxış və məruzələri dinlənilir. İkinci hissədə isə Bayrağımızla, Müstəqilliyimizlə bağlı bir çox vidolentlər, müxtəlif slaydlar nümayiş olunur. Üçüncü hissədə ədəbi - bədii kompozisiya iştirakçılara təqdim olunur. Həmçinin tədbirin bədii hissəsində müxtəlif şeir və musiqilər də səslənir.


Tədbirə kitabxananın müdiriyyəti tərəfindən milli Qəhrəmanlar, görkəmli şəxslər, müəllimlər ,şairlər, yazıçılar və bir sıra qonaqlar dəvət olunur. Foyenin və zalın divarlarına Bayraq haqqında deyilmiş sitatlar yazılmış plakatlar asılır.

Qeyd etdiyimiz kimi, tədbir bir çox başlıqlar altında keçirilə bilər. İndi isə “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı ədəbi bədii gecəninin ssenarini sizə təqdim edirik. Tədbir Azərbaycanın Dövlət himni ilə başlayır.

Səhnəyə üçrəngli Azərbaycan bayrağı gətirilir. Səhnə bayram əhval-ruhiyyəsi ilə bəzədilir. Bir çox sitatlar səhnənin divarından asılır. Məsələn:” 9 noyabr İnqilab, oyanış bayramıdır”,”Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru”, ”9 noyabr milli şüurun yüksəliş günü”,”Birliyimizin sübut günü” ,“Müstəqillliyimiz əbədidir”, “İnsanlara hüriyyət, millətlərə istiqlal”, “Haqq verilməz, alınar!”,”Bir daha yüksələn bayraq, bir daha enməz” , “Bayrağımız qürur mənbəyimizdir”, “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir”, “Bir kərə yüksələn bayraq, bir daha enməz”, ”Azərbaycan bayrağı – fəxrimiz, vüqarımız”, ”Bayraq müstəqilliyimizin simvoludur”, ”Ölkəmizin unudulmaz tarixi hadisəsi”, “Üçrəngli bayrağınla məsud yaşa Azərbaycan!” və s.
Səhnədə Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın müstəqilliyi, inkişafı yolunda gördüyü işlərdən bəhs edən şəkillər, Bayraq haqqında yazılmış şeirlərdən parçalar asılır.

Tədbirin başlanğıcında bayraq haqqında hazırlanmış slayd tədbir iştirakçılarına təqdim olunur. Sonra aparıcılar əllərində Azərbaycan bayrağı himnimizin sədaları altında səhnəyə daxil olurlar:

I Aparıcı: Əziz və hörmətli qonaqlar! Hamınızı bu əziz bayramda xoş

gördük. Aylı - ulduzlu üçrəngli bayrağıma baxıram - alnım

açılır, qəlbim gülür, sinəm dağa dönür. Başımın üstündə

bayrağım dalğalanırsa, mən vüqarlıyam, ucadan ucayam, xalqım

azaddır, ölkəm müstəqildir, suveren dövlətim var. Bayraq mənim qələbə sevincimdir – Vətənimin zəfər günündə göylərə yüksəldilir, bayraq mənim qəm sirdaşımdır – məmləkətimin kədər, hüzn anlarında endirilir. Bayraq qürur duyduğum nişanədir – dövlətin varlığını sübut edir dünyada, millətimin imzasını təsdiqləyir imzalar içində. Harada ki, üçrəngli bayraq dalğalanır – ora mənim Vətənimdir, Azərbaycan məkanıdır, orada yurdumun sədası, sözü - söhbəti var. Sevilən şairimiz Bəxtiyar Vahabzadə “Bayraq” şeirində yazır:

“Bayraq mənliyimdir,

Bayraq kimliyim

Bayraq – öz yurduma öz hakimliyim.



II Aparıcı: Bəli, bayraq dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq,

bir sözlə müqəddəslik rəmzidir. Millətin, xalqın qeyrət simvoludur. Ölümün üstünə bayraq naminə yerimişlər.



Cəngi sədaları altında oxucu səhnəyə çıxıb Fazilə Qaraxanqızının “Dalğalansın bayrağımız şeirini söyləyir.

Dalğalansın bayrağımız

Bu gün babam Xətainin

Nəvələri səngərdədir.

Azərbaycan torpaqları

Etibarlı əllərdədir.

Bəndik cəngi sədasına ,

Bir anda səfərbər olaq.

Əsir düşmüş torpaqları

Düşmənlərdən geri alaq.

Nicat tapsın, azad olsun

Əsirlikdən torpağımız.

Dalğalansın qoy üçrəngli

Ay - ulduzlu bayrağımız.



I Aparıcı: Milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın

suverenliyini təmin etdi, tarixi yaddaşın formalaşmasında

müstəsna əhəmiyyət kəsb etdi. il ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirildi, dövlətçilik ənənələri zənginləşdirildi.

Vətənin qüruru, xalqın qüruru,

Müqəddəs varlıqdır, dövlət bayrağı!

Ucadan ucadır, uludan ulu,

Azadlıq rəmzidir, dövlət bayrağı!
II Aparıcı: Bəli, bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını,

xalqın amallarını obrazlı və bədii dildə ifadə edən mühüm amillərdəndir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc mənbəyi sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin , təfəkkür və düşüncə tərzinin , mənəvi dünyasının göründüyü ən şəffav və dəqiq meyardır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı buxtasının ərazisində qürurla dalğalanır, bütün dünyaya müstəqil dövlətin varlığını nümayiş etdirir.

Bayraqlar içində ucadır başı.

Tarixi varaqla, bilinmir yaşı.

Onunla fəxr edir, hər vətəndaşı.

Günəştək parlaqdır, dövlət bayrağı! 26

.

I Aparıcı: 2010 - cu il sentyabrın 1- də Prezident İlham Əliyevin iştirakı ilə

Bakıda Dövlət Bayrağı Meydanının açılışı keçirildi və dünyanın ən böyük bayrağı paytaxtımızın səmasında dalğalandı. Bayraq dirəyinin hündürlüyü 162 metr, onun zirvəsində dalğalanan üçrəngli bayrağın uzunluğu 70, eni 35 metrdir.

Meydanda Dövlət Bayrağı Muzeyi yaradılıb. Onun əsas rəmzlərindən biri olan üçrəngli bayrağımız müstəqilliyimizin qarantıdır.

Bu bayraq millətə tutdu üzünü,

Bayraqdar ecazkar xilaskar oldu.

Elə həkk elədi ”Allah” sözünü,

Bağrının başında məşələ döndü.
İndi isə gəlin oxucularımızın ifasında Azərbaycan Respublikasının müstəqilliyindən, bayrağından bəhs edən ədəbi bədii kompozisiyaya tamaşa edək. İştirakçılar alqış sədaları altında əllərində Azərbaycan bayrağı səhnəyə daxil olurlar.

Əcdadımız Koroğludur, Babəkdir bizim

Nizamilər, Füzulilər vətəniyəm mən,

Nəsimiyə öyrətdim ki, igidlik, dözüm

Soyulsa da qoy dönməsin əqidəsindən,

Odlar yurdu, Odlar yurdu Azərbaycanım,

Naxçıvanam, Lənkəanam,Qarabağam mən.

Yolun azmış azğınlara bir həyəcanam,

İldırımlar səcdə edən yanar dağam mən.

Sonra oxuculardan biri aşağıdakı misraları deyir:

Oxu, dodağım mənim!

Alış, ocağım mənim!

İstiqlal havasını, xoşbəxtlik nəğməsini

Ürəkdə yanan işıq, damarda qan oxusun!

Ölməz Əhməd Cavadın”Azərbaycan” şeirini

Ölməz Səməd Vurğunun “Azərbaycan” şeirini

Azərbaycan oxusun!!! Azərbaycan oxusun!!!



Səhnədə şəhidlər mahnısı səsləndirilir.

Cəngi” musiqisinin sədaları altında “Bayraq” gününə həsr olunmuş təntənəli ədəbi bədii kompozisiya başa çatır.


I Aparıcı: Böyük iftixarla öpüb altından keçdiyimiz dövlət bayrağımızın

müqəddəsliyini və zərb - məsələ çevrilmiş bu sözləri heç vaxt unutmamalıyıq: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa, Vətəndir” Dünyanın hər guşəsində qəlbi vətən eşqi ilə çırpınan bütün azərbaycanlıları, respublikamızın gələcəyə nikbin baxan vətəndaşlarını Dövlət bayrağı Günü münasibəti ilə təbrik edir, hamıya vahid ideya ətrafında birləşmək, qarşıda duran nəhəng işlərdə uğurlar arzulayırıq. Bütün sevimli oxucularımızı bu münasibətlə təbrik edirik və şəhid qanı ilə yoğrulmuş bu nurani Bayrağımızın hər zaman ucalmasını Rəbbimizdən diləyirik!

Yaşasın Milli Bayrağımız!

Ədəbiyyat siyahısı:

1. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Bakı, Azərnəşr, 1997 – 1998, I – VIII kitablar.

2. Əliyev Heydər. Müstəqillik yolu(Seçilmiş fikirlər). Bakı, 1997. Tərtib edənlər: prof. Ş.Əsgərov, prof. S. Xəlilov.

3. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1996.

4. Azərbaycan bayrağı. Vaqif Kəhrizli, Bakı, “Yazıçı” nəşriyyatı – 2011, 192 səh.

5. Azərbaycan Xalq Cümhuriyyəti (1918 1920).

6. Azərbaycan Demokratik Respublikası. Tarix, ictimai – siyasi və ədəbi – mədəni həyat. Bakı,”Gənclik”, 1992. Tərtib edəni:prof. Vilayət Quliyev.

7. Anar. Azərbaycançılıq haqqında düşüncələr. – “525 – ci “ qəzet,24 – 25. 02. 2000 – ci il.

8. Şəmsizadə Nizaməddin. Azərbaycan ideologiyası. Bakı,1996.

9. Vətənə nəğmə çələngi. “Poeziya günü” toplusunun xüsusi buraxılışı V46 Bakı,”QOLİAF” Nəşriyyat evi, 2011, 496 səh.



10. Can Azərbaycan. Bakı, Qanun, 2006. 252 səh.
Tərtib edən MKS-nin metodisri (Yarıyeva Səadət)
Yüklə 141,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə