Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında



Yüklə 217,49 Kb.
səhifə1/3
tarix22.05.2018
ölçüsü217,49 Kb.
#45394
  1   2   3

Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydası təsdiq edilsin (əlavə olunur).

3. "Mexaniki nəqliyyat vasitələrinin və qoşquların dövlət qeydiyyat Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 5 dekabr tarixli 262 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 15 mart 1999-cu il


     № 39

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


 

Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir.



1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri")* onlara məxsus olan:

1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində;**

2) tramvayları və tolleybusları yerli icra hakimiyyəti orqanlarında; **

[1] 3) traktorları, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində; **

[2] 4) ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrini, həmçinin bu bəndin 3) yarımbəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrini Azərbaycan RespublikasınınFövqəladə Hallar Nazirliyində; **[3]

[4] 5) yarış məqsədli idman nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər; **

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin //çıxarılıb// mexaniki nəqliyyat vasitələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyində** //çıxarılıb// dövlət qeydiyyatına alınırlar.[5]

Digər silahlı birləşmələrin mexaniki nəqliyyat vasitələri həmin dövlət orqanları tərəfindən dövlət qeydiyyatına alınırlar.

1.3. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların //çıxarılıb// ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. [6]

Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir.



Qeyd: Xüsusi xidmət və əməliyyat orqanlarının istifadəsi üçün nəqliyyat vasitələrinə qeydiyyat zamanı verilmiş dövlət qeydiyyat nişanlarından başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi rəhbərliyinin icazəsi ilə əlavə dövlət qeydiyyat nişanları verilə bilər.

1.4. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda:

1) əldə edildiyi vaxtdan on gün ərzində;

2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində;

3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində: [7]

4) xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan on gün ərzində;

5) Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini qeydiyyata aldırmalıdırlar.

1.5. Nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. [8]

1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər:

nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini;

nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; [9]

qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını;

nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini;

özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini;

bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini;

nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. [10]

Nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan ticarət təşkilatlarının, komisyon mağazaların uçotunun aparılmasını, satılmış avtomobillərin yol hərəkətinə müvəqqəti buraxılması üçün "tranzit" nişanları və hesab-arayış blankları ilə təchiz olunmasını və onların sərf edilməsinə müvafiq qaydada vaxtaşırı nəzarəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

1.7. Uçotda dayanan və qeydiyyata alınmış nəqliyyat vasitələri və onların mülkiyyətçiləri barədə mərkəzləşdirilmiş və regionlar üzrə qeydiyyatın uçot bazasından məlumat almağa yalnız təhqiqat, istintaq, məhkəmə və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların hüququ vardır.

1.8. Azərbaycan Respublikasının ərazisində:

1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan;

2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi qəti qadağandır.

1.9. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu //çıxarılıb// yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilə bilər. [11]



2. NƏQLİYYAT VASİTƏLƏRİNİN QEYDİYYATI

2.1. Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.

2.2. Fiziki şəxslərin nəqliyyat vasitələri onların daimi, yaxud müvəqqəti (daimi qeydiyyat olmadıqda) yaşayış yeri üzrə qeydiyyata alınır.

Mülkiyyətçisinin yaşayış yeri üzrə qeydiyyata alınmasına maneçilik törədən səbəblər meydana çıxdıqda (mülkiyyətçinin müqavilə üzrə müvəqqəti iş yerinə, oxumağa, hərbi xidmətə, yaxud başqa səbəbdən nəqliyyat vasitəsindən istifadə edilməsi mümkün olmayan yerə getməsi) ikitərəfli yazılı razılıq əsasında nəqliyyat vasitəsini, mülkiyyətçinin qohumlarının yaşayış yerində, həmçinin müqavilə vaxtı qurtardıqdan, təhsili, yaxud hərbi xidməti başa vurduqdan sonra mülkiyyətçinin qayıdacağı əvvəlki yaşayış yerində qeydiyyata almağa icazə verilir. Bu hallarda nəqliyyat vasitəsinin mülkiyyətçisi yuxarıda göstərilənlər barədə təsdiqedici sənədlər təqdim etməlidir.

2.3. Hüquqi şəxslərin nəqliyyat vasitələri onların yerləşdiyi ərazi üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda qeydiyyata alınır. İdarə, müəssisə və təşkilatların hüquqi şəxs olmayan filiallarının, bölmələrinin və başqa tərkib hissələrinin istifadəsində olan nəqliyyat vasitələri onların yerləşdikləri bölgələrdə qeydiyyata alına bilər. Belə halda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində hüquqi şəxsin-mülkiyyətçinin adı, ünvanı və əlavə olaraq nəqliyyat vasitəsini istifadə edən filialın ünvanı göstərilir.

2.4. Avtomobil sənayesi zavodlarının istehsal etdiyi və Müdafiə Nazirliyinin təsdiq etdiyi texniki şərtlər əsasında istehsal olunmuş avtonəqliyyat vasitələri istisna olunmaqla, digər avtonəqliyyat vasitələri qeydiyyata alınarkən, mülkiyyətçilər qeydiyyat məntəqəsinə nəqliyyat vasitəsinin konstruksiyasının yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş şəhadətnaməni (onun kserosurətini) təqdim etməlidir. Nəqliyyat vasitəsinin hərəkət şəraitini məhdudlaşdıran şərtlər olduqda, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və qeydiyyat kartoçkasında məhdudiyyətin məzmunu barədə müvafiq qeydlər aparılır.

2.5. "Əməliyyat xidmətlərinin nəqliyyat vasitələri, rəngli qrafik sxemləri, tanınma nişanları, xüsusi işıq və səs siqnalları" dövlət standartlarının və digər standartların, həmçinin onların əsasında hazırlanmış bölgə standartının aid edildiyi xüsusi nəqliyyat vasitələrində həmin standartlara müvafiq rəng və tanınma yazısı olmalıdır.

2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeydiyyata alınan nəqliyyat vasitəsinə dövlət texniki baxış talonu verilir.[12]

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi ilə bağlı hərəkətlər iş günü ərzində fasiləsiz olaraq həyata keçirilir.

Nəqliyyat vasitəsinin müayinəsi növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılır.

Texniki müayinə həmin orqanların müfəttişi (inspektoru) və ya baş müfəttişi (baş inspektoru) tərəfindən həyata keçirilir. Müayinənin nəticəsi barədə ərizədə müvafiq qeyd aparılır və ya akt tərtib edilib möhürlə təsdiqlənir.

2.7. Qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq və digər səbəblərdən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbləri qeyd etməli və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar tərəfindən ona göstəriləcək xidmət üçün əlavə rüsum ödəməlidir. Rüsumun ödənilməsi barədə sənədtəqdim edildikdən sonra beş gün ərzində həmin orqanlar nasaz nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə keçirməlidirlər.[13]



Qeyd. Bu bənddə göstərilən müddətin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.8. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir:

1) ərizə;

2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); [14]

3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;

4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) //çıxarılıb// və yığımların ödənilməsi barədə sənəd;[15]

5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

2.8-1. Nəqliyyat vasitəsinin sahibi və ya ona sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı dövlət qeydiyyatını həyata keçirən orqanlara internet vasitəsilə elektron formada müraciət edə bilər. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən orqan müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün “Elektron növbə” idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsini müəyyən edir və bu barədə (tarix və vaxt göstərilməklə) onlara eyni qaydada məlumat verir.

2.8-2. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən orqanın rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində dövlət qeydiyyatının həyata keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Əsasnamənin 2.8-ci bəndində göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi dövlət qeydiyyatını həyata keçirən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.[16]

2.8-3. Bu Əsasnamənin 1.2-ci bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.[17]

2.9. Nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir:

istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər;

nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı;

komisyon və ticarət təşkilatlarının verdiyi arayiş-hesab;

vətəndaşların mülkiyyətinə satılması istisna olmaqla, Müdafiə Nazirliyinin və digər silahlı birləşmələrin müvafiq qurumlarının verdiyi hesab-naryad, hərbi hissənin yekun aktı və texniki vəziyyət haqqında akt; [18]

əl ilə idarə edilən avtomobillərin, yaxud motoarabacıqların verilməsi barədə sosial təminat orqanlarının arayışı;

qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr;

nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin Qeydiyyat-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir;

müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər.

2.10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisində uçota alınmış və nəqliyyat vasitələrinin alqı-satqısı üzrə ixtisaslaşmış hüquqi şəxs statuslu müəssisə, təşkilat və firmalar tərəfindən respublikaya satış üçün gətirilmiş təzə nəqliyyat vasitələri, onları almış hüquqi və fiziki şəxslərin adına, həmin nəqliyyat vasitələrinin respublikaya gətirilməsinə dair gömrük sənədləri, satılmaq barədə arayış-hesab, tranzit nişanları və bu Əsasnamənin 2.8.-ci bəndində nəzərdə tutulmuş digər müvafiq sənədlər əsasında qeydiyyata alınır.

2.11. Qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır.

Sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və dövlət qeydiyyatından keçirilməsi qadağandır.

2.12. Bu Əsasnamənin 2.11-ci bəndində uyğun sərbəst quraşdırılmış və hazırlanmış nəqliyyat vasitələri mülkiyyətçilərinin adına aqreqatların, dəstlərin (qovşaqların), hissələrin və materialların alınmasının qanuniliyinə təsdiq edən sənədlər əsasında "Avtomobilçi" cəmiyyətinin texniki nəzarət komissiyasının rəyini və DYP İdarəsi ilə razılaşdırılmış "Fərdi qaydada hazırlanmış nəqliyyat vasitələrinə texniki tələblər"ə uyğun olarsa bu Əsasnamənin 2.8.-ci bəndində göstərilən qaydada həmin nəqliyyat vasitələri qeydiyyata alınır. İstehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir.

2.13. İdman saraylarında, stdionlarda idman tədbirdləri vaxtı əşya lotoreyası keçirilərkən və başqa hallarda vətəndaşların udduqları nəqliyyat vasitələri mağazanın verdiyi arayış-hesab əsasında bu Əsasnamənin 2.8.-ci bəndində göstərilən qaydada qeydiyyata alınır. Arayış-hesabın əks tərəfi lotoreya komissiyasının üzvləri tərəfindən doldurulmaqla avtomotonəqliyyatı udmuş şəxs haqqında məlumatlar yazılır, lotoreya komissiyasının sədri və tədbir keçirən idarənin rəhbərliyi tərəfindən imza edilir və möhürü ilə təsdiqlənir.

2.14. Müvafiq dövlət orqanlarının komisyon ticarət mağazaları vasitəsi ilə satdığı (müsadirə edilmiş, yaxud mülkiyyətçisi olmayan) nəqliyyat vasitələri məhkəmənin qərarı (qərardadı), yaxud digər səlahiyyəti dövlət orqanlarının qərarları və mağazanın arayış-hesabı əsasında bu Əsasnamənin 2.8.-ci bəndində göstərilən qaydada qeydiyyata alınır. Maliyyə, yaxud digər dövlət orqanlarından komisyon mağazaya qəbul edilmiş nəqliyyat vasitəsinin qeydiyyat sənədləri olmadıqda alıcıya verilən arayış-hesabda "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olmadan qəbul olunub və satılıb" yazılmalı və bu qeyd mağaza müdirinin imzası və möhürlə təsdiq edilməlidir.

2.15. İstehsalçı müəssisənin və avtotəmir zavodlarının texniki şərtlərinə müvafiq olaraq nəzarət sınağı keçən nəqliyyat vasitələrinə bir ildən çox olmayan müddətə üzərində "Sınaq" işarəsi yazılmış qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.

2.16. Sınaq keçən təcrübə nümunəli nəqliyyat vasitələrinin qeydiyyatı zamanı "Sınaq" işarəsi qeyd olunmuş qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Qeydiyyata almaq üçün əsas kimi nəqliyyat vasitəsinin texniki tapşırıqda nəzərdə tutulmuş təhlükəsizlik tələblərinə uyğun olması və sınağa buraxılması barədə istehsalçı müəssisənin ekspert rəyi qəbul edilir.

2.17. Əvvəllər qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "İnterpol" Milli Mərkəzi Bürosu vasitəsi ilə edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə qeydiyyat orqanına müvafiq konsul şəhadətnaməsi təqdim edilir.



Yüklə 217,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə