Microsoft Word 25qezet. 2009. 18noyabr. S docx



Yüklə 27,5 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü27,5 Kb.
#7122


Bəşəriyyət əleyhinə törədilən ağır cinayət 

 

Dağlıq Qarabağ: yaddaşlarda qalan izlər 

 

“XX  əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı  dəfələrlə  təcavüz edilib, 



soryqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün 

Azərbaycan xalqını sarsıtmış, xocalılara ağır mənəvi zərbə olmuşdur. Ancaq xocalılar hətta 

genosid günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-

bərabər döyüşdə igidliklə vuruşmuş və bu şəhərin ölməzlik tarixini yaratmışlar...” 

 

Heydər Əliyev 

 

Yeni və  ən yeni tariximizin yaxın dövrünə  nəzər salsaq görərik ki, ermənilər öz 

havadarlarının dəstəyi ilə xalqımıza qarşı dəfələrlə qanlı cinayətlər törətmişlər. Bu cinayətlərin 

sırasına 1905-1907-ci illərin qanlı hadisələrini, 1918-ci ilin mart soyqırımını, 1937-ci ilin 

repressiyalarını, 1948-1953-cü və 1988-ci illərin deportasiyalarını aid etmək olar. Müxtəlif 

zamanlarda törədilən bu hadisələr zamanı dinindən, dilindən, irqindən və milliyyətindən asılı 

olmayaraq, on minlərlə azərbaycanlı günahsız yerə qətlə yetirilmişdir. 1 milyondan artıq adam 

isə öz el-obasından, yurd-yuvasından didərgin salınmışdır. “Dənizdən-dənizə Böyük 

Ermənistan” yaratmaq xülyasına qapılan mənfur qonşularımızın törətdikləri qatı cinayətlərdən 

biri də Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə onlar Xankəndi 

(Stepanakert)  şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı  şəhərinə 

hücum edərək, bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutmuşlar. 

Hadisələrin gedişatını bir qədər aydın izləsək görərik ki, Xocalının işğalı xüsusi plan 

əsasında həyata keçirilmişdir. Belə ki, 1991-ci ilin oktyabr ayından bu şəhər ermənilər tərəfindən 

blokadada saxlanılırdı. Həmin ayın 30-dan Azərbaycanla avtomobil əlaqəsi kəsilən Xocalının 

yeganə  nəqliyyat  əlaqəsi də hava xətti ilə mümkün olurdu. Şuşa  şəhərinin səmasında mülki 

vertolyotun vurulması  və  nəticədə 40 nəfərin həlak olması hadisəsindən sonra bu əlaqə  də 

kəsilmişdir. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu vertolyotu qəbul edən Xocalı tam 

mühasirə  şəraitində yaşamışdır. Bundan istifadə edən erməni silahlı  dəstələri isə fevral ayının 

ikinci yarısından başlayaraq  şəhəri toplardan, ağır zirehli texnikalardan atəşə tuturdular. Lakin 

milis və milli ordumuzun döyüşçülərindən, əli silah tuta bilən şəhər sakinlərindən təşkil olunmuş 

yerli özünümüdafiə dəstəsi son ana qədər düşmənə müqavimət göstərmişdir. 

Ermənilərin Xocalıya hücum etməsinin başlıca səbəbi şəhərin strateji mövqeyi olmuşdur. 7 

mindən artıq  əhalisi olan bu yaşayış  məntəqəsi Xankəndindən 10 kilometr Cənub-Şərqdə, 

Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməklə 

böyük  əhəmiyyət kəsb edirdi. Əgər Qarabağdakı yeganə aeroportun da burada yerləşdiyini 

nəzərə alsaq, Xocalını ələ keçirmək üçün ermənilərin o dövrdə necə canfəşanlıq etdiklərini aydın 

təsəvvür etmək olar. Sonralar ermənilər özləri də etiraf etmişlər ki, şəhərə hücum zamanı başlıca 

məqsəd Xocalı platsdarmının məhv edilməsi, həmçinin bu məntəqədən keçən Əsgəran-Xankəndi 

yolunun boşaldılması və azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi olmuşdur. 

Xocalıya hücum fevralın 25-də, axşam saat 23:00-da 366-cı alayın hərbi texnikasının 

döyüş mövqelərinə çıxarılması ilə başlanmışdır. Əvvəlcə şəhər toplardan, tanklardan, “Alazan” 

tipli raketlərdən iki saat ərzində aramsız atəşə tutulmuşdur. Xocalıda yanğınlar baş vermiş  və 

fevralın 26-sı  səhər saat 5 radələrində  şəhər tam alova bürünmüşdür. Hücum üç istiqamətdə 

aparıldığından şəhərdəki 2500-ə yaxın əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdur. 

Tezliklə müəyyən edilmişdir ki, bu da ermənilərin növbəti düşünülmüş hiyləsidir. Çünki 

Naxçevanik kəndi yaxınlığında çaşqın,  əliyalın, dinc əhalinin qarşısı erməni silahlı  dəstələri 

tərəfindən kəsilərək gülləbaran edilmişdir. Qarlı  aşırımlarda və meşələrdə  zəifləmiş, taqətdən 

düşmüş insanların çox hissəsi də  məhz  Əsgəran-Naxçivanik arasındakı  ərazidə erməni 

qəsbkarları tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. 




Həmin günlərdə Azərbaycan hərbçiləri Xocalı sakinlərinin köməyinə çata bilməmişdir və 

hətta sonradan cəsədlərin götürülməsi də mümkün olmamışdır. Bu müddətdə isə ermənilərin ağ 

geyimli xüsusi qrupları meşələrdə gizlənmiş sağ qalan insanların axtarışını apararq onları  əsir 

götürmüş  və çoxsaylı  işgəncələrə  məruz qoymuşlar. Yalnız fevralın 28-də, tərkibində yerli 

jurnalistlərin də iştirak etdiyi qrup iki vertolyotla Xocalı sakinlərinin qətlə yetirildikləri əraziyə 

gedə bilmişlər.  İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, həmin gün ermənilərin 

güclü atəşi altında yalnız 4 cəsədi götürmək mümkün olmuşdur.  

Qocalara, uşaqlara, qadınlara belə  rəhm edilməyən bu qanlı faciənin törədilməsində 

ermənilərlə bərabər, 366-cı motoatıcı alayın şəxsi heyəti də yaxından iştirak etmişdir. Həmçinin 

alayın komandanlığının cinayət sövdələşməsi və  məsuliyyətsizliyi nəticəsində  hərbi texnikanın 

bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verilmişdir ki, bu da erməni qaniçənləri 

tərəfindən azərbaycanlılara qarşı növbəti cinayətlərin törədilməsinə və separatçılıq hərəkatlarının 

davam etdirilməsinə rəvac vermişdir.  

XX  əsrin  ən qanlı faciəsinin törədilməsində Azərbaycanın o dövrdəki rəhbərliyinin 

məsuliyyətsizliyi də önəmli rol oynamışdır. Belə ki, ölkənin o zamankı rəhbərliyi respublikanın 

ərazi bütövlüyünün, vətəndaşların təhlükəsizliyinin təminatçısı kimi Qarabağda, o cümlədən də 

Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri tədbirlər görməmişdir.  Ən 

acınacaqlı hal isə ondan ibarət olmuşdur ki, qanlı faciə baş verəndən sonra rəsmi orqanlar xalqın 

qəzəbindən qorxaraq erməni vandallarının törətdiyi qətliamı, vəhşiliyi gizlətməyə çalışmışlar. 

Xocalı faciəsinin soyqırımı faktı kimi açıqlanmaması və bununla bağlı dünya ictimaiyyətinə heç 

bir məlumatın verilməməsi də ağır nəticələrə gətirib çıxarmışdır.  

Həqiqətdə isə  vəziyyət doğrudan da acınacaqlı idi; dinc əhaliyə qarşı  həyata keçirilən 

qətliam nəticəsində ümumilikdə 613 nəfər həlak olmuşdu ki, onlardan da 63 nəfəri uşaq, 106 

nəfəri qadın, 70 nəfəri qoca və ahıl sakinlər idi. 487 nəfər yaralıdan isə 76 nəfərini uşaqlar təşkil 

edirdi. Həmçinin, faciə zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 

uşaq isə valideynlərdən birini itirmişdi.  Əhalinin 1275 nəfəri ermənilər tərəfindən  əsir 

götürülmüşdü. 150 nəfər Xocalı sakinindən isə bu günə kimi xəbər tutmaq mümkün deyil.  

Təəssüflər olsun ki, dünya ictimaiyyətinin gözü qarşısında baş vermiş bu qanlı faciəyə 

həmin dövrdə heç bir hüquqi-siyasi qiymət verilməmiş, onun icraçıları heç bir məsuliyyətə cəlb 

olunmamışlar. Halbuki yalnız 366-cı motoatıcı alayın əsgəri Viktoriya İvlevanın, hərbi təyyarəçi, 

mayor Leonid Kravtsevin şahid kimi söylədikləri, eləcə də Xocalı faciəsinin iştirakçısı, erməni 

yazıçısı Daud Xeyriyanın kitabındakı qeydlər faciənin səbəbkarlarının cəzalandırılması üçün 

tutarlı faktlardır. Ümumiyyətlə isə “Xocalının işğalına dair istintaq materiallarından” aydın 

olmuşdur ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 

2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun 

qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və 

praporşik iştirak etmişdir.  

Erməni qaniçənlərinin Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırım və 

işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə siyasi qiymət vermək mərhum Prezident 

Heydər  Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.  İlk növbədə 

Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit 

olunmuş, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli işlər görülmüşdür. H.Əliyevin 

təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı 

soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə  səbəbləri, 

günahkarlar təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya 

ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr 

kimi önə çəkilmişdir.  

1996-cı il fevralın 24-də xocalılarla görüşən Prezident Heydər  Əliyev Xocalı faciəsinin 

xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulayaraq demişdir: “Bir tərəfdən bu, 

hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə  sədaqətinin nümunəsidir, ikinci 

tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən 

soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür.  Əgər Xocalı faciəsi bir tərəfdən erməni 




işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt 

respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanətkarlığı 

nəticəsində olubdur. Ona görə  də biz bu soyqırımını pisləməliyik, ermənilərin bu vəhşiliyini 

dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə 

etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik”. 

Mərhum Prezident Heydər  Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut 

dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-

sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi 

yad edilir. Xalqımızın 1990-cı ilin yanvarından sonra bir daha öz milli kimliyini, düşmənə qarşı 

mübarizə  əzmini, qətiyyətini, döyüş ruhunu nümayiş etdirdiyi həmin məqam bu gün dövlət 

başçısı İlham Əliyev tərəfindən də ehtiramla anılır. Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən 

olan Xocalı soyqırımının, eləcə  də xalqımızın üzləşdiyi digər faciələrin dünya ictimaiyyətinə 

çatdırılması istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir.  

Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün 

sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəlmişdir. Hazırda Ermənistanda mühüm dövlət 

postları tutanlar, o cümlədən müdafiə naziri Seyran Ohanyan, eks-prezident Robert Köçəryan və 

hazırkı prezident Serj Sarkisyan, eləcə  də digərləri baş vermiş soyqırımın günahkarları kimi 

beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bir sözlə, cinayət cəzasız qalmamalıdır. 

Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq 

təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan 

torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına,  əsl soyqırım hadisəsi kimi 

beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. 



 

 

Rufik İSMAYILOV 



 

525-ci qəzet.- 2009.- 18 noyabr.- S.4. 

Yüklə 27,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə