Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLĐKASININ
Q A N U N U
Maddə 1. Qanunun təyinatı
Bu Qanun Azərbaycan Respublikasında qeyri-dövlət (özəl) mühafizə
fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətləri tənzimləyir, onun
hüquqi əsaslarını, prinsip və vəzifələrini, habelə qeyri-dövlət (özəl) mühafizə
fəaliyyəti subyektlərinin dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən
edir.
Maddə 2. Əsas anlayışlar
2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
2.0.1. qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti (bundan sonra “özəl
mühafizə fəaliyyəti”) - qeyri-dövlət (özəl) mühafizə müəssisəsi və ya hüquqi
şəxsin mühafizə bölməsi tərəfindən fiziki və ya hüquqi şəxslərin mülkiyyətinin
hüquqa zidd qəsdlərdən qorunması məqsədilə bu Qanunun 5-ci maddəsində
nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsi;
2.0.2. qeyri-dövlət (özəl) mühafizə müəssisəsi (bundan sonra “özəl
mühafizə müəssisəsi”) - fiziki və ya hüquqi şəxslə bağlanmış müqavilə əsasında
bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərini göstərən,
müvafiq qaydada dövlət qeydiyyatından keçmiş və müvafiq icra hakimiyyəti
orqanından xüsusi razılıq (lisenziya) almış hüquqi şəxs;
2.0.3. hüquqi şəxsin mühafizə bölməsi - hüquqi şəxsin öz mühafizəsini
təmin etmək məqsədilə tərkibində yaradılan, müvafiq icra hakimiyyəti
orqanından alınmış xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən struktur
qurumu;
2.0.4. mühafizəçi - xüsusi hazırlıq keçmiş, bu Qanunla müəyyən edilmiş
qaydada özəl mühafizə müəssisəsində və ya hüquqi şəxsin mühafizə bölməsində
əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşı;
2
2.0.5. mühafizə olunan obyekt - özəl mühafizə müəssisəsi və ya hüquqi
şəxsin mühafizə bölməsi tərəfindən hüquqa zidd qəsdlərdən mühafizə edilən
daşınmaz (binalar, tikililər, qurğular, ərazilər və s.) və burada yerləşən daşınar
əmlak (nəqliyyat vasitələri, avadanlıqlar, pul vəsaitləri, qiymətli əşyalar və s.);
2.0.6. buraxılış rejimi - şəxslərin və ya nəqliyyat vasitələrinin mühafizə
olunan obyektə nəzarətsiz girişi (çıxışı), habelə bu obyektə əmlakın nəzarətsiz
gətirilməsi və ya bu obyektdən əmlakın nəzarətsiz çıxarılması imkanlarını
istisna edən qayda və tədbirlərin məcmusu;
2.0.7. obyektdaxili rejim - mühafizə olunan obyektin hüdudlarında
müəyyən edilən qayda və tədbirlərin məcmusu.
Maddə 3. Özəl mühafizə fəaliyyəti haqqında qanunvericilik
Özəl
mühafizə
fəaliyyəti
haqqında
qanunvericilik
Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının
digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 4. Özəl mühafizə fəaliyyətinin prinsipləri
4.1. Özəl mühafizə fəaliyyəti qanunçuluq, humanizm, insan və vətəndaş
hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir.
4.2. Özəl mühafizə fəaliyyəti dövlət orqanları, o cümlədən hüquq-
mühafizə orqanlarının fəaliyyətini məhdudlaşdırmamalı, üçüncü şəxslərin hüquq
və azadlıqlarını pozmamalıdır.
Maddə 5. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar
göstərilən mühafizə xidmətlərinin növləri
5.1. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar aşağıdakı
mühafizə xidmətləri göstərilə bilər:
5.1.1. mühafizə olunan obyektlərin qorunması;
5.1.2. mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimlərin
təmin edilməsi;
5.1.3. mühafizə olunan obyektlərdə təhlükəsizlik siqnalizasiyası
avadanlıqlarının layihələşdirilməsi, quraşdırılması və istismarı ilə əlaqədar
texniki xidmətlərin göstərilməsi;
3
5.1.4. hüquqa zidd qəsdlərdən mühafizə məsələləri ilə bağlı fiziki və
hüquqi şəxslərə tövsiyələrin hazırlanması.
5.2. Özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə bölmələri
tərəfindən bu Qanunla nəzərdə tutulmayan mühafizə xidmətlərinin göstərilməsi
qadağandır.
Maddə 6. Özəl mühafizə fəaliyyətinin xüsusiyyətləri
6.1. Bu Qanunun 5-ci maddəsində göstərilən mühafizə xidmətləri yalnız
bu məqsədlə təsis edilmiş, müvafiq xüsusi razılıq (lisenziya) almış özəl
mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən həyata
keçirilə bilər.
6.2. Özəl mühafizə fəaliyyəti dövlət mühafizəsi obyektlərinə, siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən və dövlət orqanları
tərəfindən mühafizə olunan obyektlərə münasibətdə həyata keçirilmir.
6.3. Özəl mühafizə fəaliyyətində fiziki şəxslərin həyat və sağlamlığına,
ətraf mühitə zərər vurmayan texniki və digər vasitələrdən, operativ radio və
telefon rabitəsindən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etməyə
icazə verilir.
Maddə 7. Özəl mühafizə müəssisəsi
7.1. Özəl mühafizə müəssisəsi qanunvericiliyə müvafiq olaraq hüquqi
şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, nizamnamə və özəl mühafizə
fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət
göstərir.
7.2. Özəl mühafizə müəssisələri sahibkarlıq fəaliyyətinin digər növləri ilə
məşğul ola bilməz.
7.3. Özəl mühafizə müəssisəsi mühafizə xidmətlərinin göstərilməsi üçün
fiziki və ya hüquqi şəxslərlə mülki qanunvericiliklə və bu Qanunla müəyyən
edilmiş qaydada yazılı formada müqavilə bağlamalıdır.
7.4. Mühafizə xidmətlərinin göstərilməsi ilə əlaqədar özəl mühafizə
müəssisəsi ilə fiziki və ya hüquqi şəxs arasında bağlanan müqavilədə
aşağıdakılar göstərilməlidir:
7.4.1. tərəflər haqqında məlumatlar, o cümlədən özəl mühafizə
müəssisəsinə verilmiş xüsusi razılığın (lisenziyanın) nömrəsi və verildiyi tarix;
4
7.4.2. özəl mühafizə müəssisəsi tərəfindən göstəriləcək mühafizə
xidmətlərinin növləri;
7.4.3. tərəflərin hüquq və vəzifələri;
7.4.4. göstərilən mühafizə xidmətlərinin qiyməti;
7.4.5. müqavilənin bağlandığı tarix və qüvvədə olduğu müddət;
7.4.6. müqavilə şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti.
7.5. Müqavilə, onun icrası ilə bağlı materiallar və digər sənədlər özəl
mühafizə müəssisəsi tərəfindən müqavilənin qüvvədə olduğu, lakin 3 ildən az
olmayan müddətdə saxlanılmalıdır.
7.6. Özəl mühafizə müəssisəsinə mühafizəçi vəzifəsinə qəbul bu Qanunun
9-cu maddəsinin tələblərinə riayət edilməklə həyata keçirilir.
Maddə 8. Hüquqi şəxsin mühafizə bölməsi
8.1. Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının
ərazisində yerləşən hüquqi şəxslər öz mühafizəsini təmin etmək məqsədilə
xüsusi razılıq (lisenziya) əsasında mühafizə bölməsi yarada bilər.
8.2. Mühafizə bölməsi yaradan hüquqi şəxs aşağıdakılar göstərilməklə
bölmənin Əsasnaməsini hazırlamalı və təsdiq etməlidir:
8.2.1. mühafizə bölməsinin hüquqi şəxsin strukturunda yeri;
8.2.2. mühafizə bölməsi tərəfindən göstəriləcək mühafizə xidmətlərinin
növləri;
8.2.3. mühafizə bölməsinin quruluşu və idarəçilik sistemi;
8.2.4. mühafizə bölməsinin rəhbərinin hüquq və vəzifələri, onun hüquqi
şəxsin digər vəzifəli şəxsləri ilə tabeçilik münasibətləri;
8.2.5. bölmənin mühafizəçilərinin hüquq və vəzifələri;
8.2.6. mühafizə bölməsinin fəaliyyətinə xitam verilməsinin qaydası.
8.3. Hüquqi şəxsin mühafizə bölməsi yalnız tərkibində olduğu hüquqi
şəxsə məxsus obyektlərin mühafizəsi üzrə xidmətlər göstərə bilər.
8.4. Hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə qəbul bu
Qanunun 9-cu maddəsinin tələblərinə riayət edilməklə həyata keçirilir.
5
Maddə 9. Mühafizəçiyə münasibətdə irəli sürülən tələblər
9.1. Mühafizəçi vəzifəsinə 20 yaşına çatmış, mühafizəçilər üçün xüsusi
hazırlıq kursunu bitirmiş Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur.
Şəxs özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə
mühafizəçi vəzifəsinə işə qəbul edilərkən işəgötürən tərəfindən namizəd barədə
3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına müəyyən olunmuş
qaydada məlumat verilməlidir.
9.2. Mühafizəçilərin, habelə özəl mühafizə müəssisələrinin və hüquqi
şəxslərin mühafizə bölmələri rəhbərlərinin xüsusi hazırlıq, təkmilləşdirmə və
ixtisas artırma kursları siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilən dövlət təhsil müəssisələri və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilmiş xüsusi razılıq (lisenziya) əsasında qeyri-dövlət ixtisaslaşmış
təhsil müəssisələri tərəfindən həyata keçirilir. Kursların proqramının və ixtisas
tələblərinin müəyyən olunması və onlara riayət olunmasına nəzarət müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
9.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizəçinin özəl
mühafizə fəaliyyətinə yararlı olub-olmamasının yoxlanılması üçün, o, işə qəbul
edilən zaman ilkin, sonra isə ildə bir dəfədən az olmayaraq tibbi müayinələrdən
keçirilir.
9.4. Aşağıdakı şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz:
9.4.1. ruhi xəstəlik, alkoqolizm, narkomanlığa düçar olmaması barədə
müvafiq tibbi rəy təqdim etməyən şəxslər;
9.4.2. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
9.4.3. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş
şəxslər (qadınlar, habelə qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə
çağırışdan azad edilənlər istisna olmaqla);
9.4.4. sağlamlıq barədə müvafiq tibbi arayış təqdim etməyən şəxslər;
9.4.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunan
və ya qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum
olunmuş şəxslər.
9.5. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsinin
rəhbəri vəzifəsinə bu Qanunla mühafizəçilər üçün nəzərdə tutulmuş tələblərə
6
cavab verən, ali təhsilli, bu vəzifənin icra edilməsi üçün nəzərdə tutulmuş xüsusi
hazırlıq kurslarını bitirmiş Azərbaycan Respublikasının vətəndaşları təyin oluna
bilər.
Maddə 10. Mühafizəçinin hüquq və vəzifələri
10.1. Mühafizəçi mühafizə etdiyi obyektin təhlükəsizliyinin təmin
edilməsi məqsədilə aşağıdakı hüquqlara malikdir:
10.1.1. mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən
buraxılış rejiminə və obyektdaxili rejimə riayət olunmasını tələb etmək;
10.1.2. mühafizə olunan obyektlərə giriş və çıxış zamanı Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada fiziki şəxsləri
(xidməti vəzifələrini icra edən hüquq-mühafizə və digər dövlət orqanlarının
əməkdaşları istisna olmaqla), onların əşyalarını və nəqliyyat vasitələrini texniki
vasitələr tətbiq etməklə və ya tətbiq etmədən nəzərdən keçirmək;
10.1.3. mühafizə olunan obyektlərdə hüquqa zidd hərəkətlər törətmiş
şəxslər mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları və ya fiziki qüvvə
işlətdikləri hallarda həmin şəxsləri fiziki qüvvə tətbiq etməklə hadisə yerində
saxlamaq və dərhal müvafiq icra hakimiyyəti orqanına təhvil vermək;
10.1.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan
obyektlərin hüdudlarında saxlamaq, gəzdirmək və qanunla müəyyən edilmiş
qaydada və hallarda təyinatı üzrə istifadə etmək.
10.2. Mühafizəçinin vəzifələri aşağıdakılardır:
10.2.1. mühafizə olunan obyektlərə münasibətdə hüquq pozuntusu baş
verdikdə onun baş vermə vaxtı, yeri, halları, hüquq pozuntusu törədən şəxsin
saxlanılması, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətinin
əsaslandırılması, hüquq pozuntusunun qarşısının alınması və mühafizə olunan
obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə
özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbərini
yazılı surətdə məlumatlandırmaq;
10.2.2. fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu
barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına
məlumat vermək;
10.2.3. cinayət və ya inzibati xətanın əlamətləri olan əməl törədildiyi
halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;
7
10.2.4. cinayət əməlinin əlamətləri aşkar edildikdə müvafiq təhqiqat və ya
istintaq orqanının əməkdaşları hadisə yerinə gələnədək cinayətin izlərinin və
sübut mənbəyi ola biləcək digər maddi obyektlərin qorunub saxlanması, həmin
orqanlara ibtidai araşdırma ilə əlaqədar bütün zəruri yardımın göstərilməsi,
şahidlərin müəyyən edilməsi üçün tədbirlərin görülməsi;
10.2.5. xüsusi vasitəni və ya mühafizəçi vəsiqəsini itirdikdə dərhal
müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;
10.2.6. tutduğu vəzifədən azad edildikdə istifadəsində olan xüsusi
vasitələri, mühafizəçi vəsiqəsini və geyim formasını özəl mühafizə
müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbərinə təhvil
vermək.
10.3. Mühafizəçi tərəfindən şəxslərin hüquq və azadlıqlarının pozulması
qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Maddə 11. Özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə qarşı
qadağalar
11.1. Özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə aşağıdakılar
qadağan edilir:
11.1.1. törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları
hüquq-mühafizə orqanlarından gizlətmək;
11.1.2. əməliyyat-axtarış tədbirlərini, habelə qanunvericiliklə dövlət
orqanlarının səlahiyyətlərinə aid edilmiş digər tədbirləri həyata keçirmək, bu
Qanunla nəzərdə tutulmayan digər mühafizə xidmətləri göstərmək;
11.1.3. özünü prokurorluq, daxili işlər, milli təhlükəsizlik, fövqəladə
hallar, ədliyyə, vergi, gömrük və ya digər dövlət orqanlarının əməkdaşı kimi
təqdim etmək, həmin orqanların, habelə Silahlı Qüvvələrin və başqa silahlı
birləşmələrin xüsusi və ya hərbi geyim forması, fərqlənmə nişanları və digər
simvollarından istifadə etmək;
11.1.4. hüquq-mühafizə və digər dövlət orqanları əməkdaşlarının qanuni
səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətmək;
11.1.5. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan
obyektin hüdudlarından kənara çıxarmaq;
11.1.6. mühafizəçinin geyim formasını mühafizə olunan obyektin
hüdudlarından kənarda daşımaq;
8
11.1.7. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri istifadə etmək üçün
kənar şəxslərə vermək;
11.1.8. mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli
şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçiləri və ya qanuni
sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkiliş
aparmaq;
11.1.9. özəl mühafizə fəaliyyəti ilə əlaqədar malik olduqları şəxsi, ailə,
peşə, kommersiya, bank və s. sirr təşkil edən məlumatları, habelə belə
məlumatları əks etdirən sənədləri yaymaq, satmaq, başqasına vermək, onlardan
mühafizə xidmətləri göstərilən fiziki və ya hüquqi şəxslərin maraqlarına zidd və
ya digər şəxslərin maraqlarına uyğun istifadə etmək;
11.1.10. dövlət qulluğunda olmaq;
11.1.11. işlədiyi özəl mühafizə müəssisəsi hər hansı digər kommersiya və
ya qeyri-kommersiya təşkilatına mühafizə xidmətləri göstərirsə, həmin
kommersiya və ya qeyri-kommersiya təşkilatında mühafizə fəaliyyəti ilə bağlı
olmayan vəzifə tutmaq;
11.1.12. fiziki şəxslərin hüquq və azadlıqlarına qəsd edən, onların
həyatını, sağlamlığını, şərəf və ləyaqətini, əmlakını və qanuni mənafelərini
təhlükə altına alan hərəkətlərə yol vermək.
11.2. Özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə hüquq-mühafizə
orqanları əməkdaşlarının hüquqi statusu şamil edilmir. Özəl mühafizə fəaliyyəti
göstərən şəxslər tərəfindən bu Qanunun 11.1-ci maddəsində göstərilən əməllərin
törədilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Maddə 12. Mühafizəçinin geyim forması və mühafizəçi vəsiqəsi
12.1. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi
mühafizəçiləri geyim forması və müvafiq mühafizəçi vəsiqəsi ilə təmin
etməlidir.
12.2. Mühafizəçilərin geyim formaları Azərbaycan Respublikasının
Silahlı Qüvvələri və başqa silahlı birləşmələrin, prokurorluq, daxili işlər, milli
təhlükəsizlik, fövqəladə hallar, ədliyyə, vergi, gömrük və digər dövlət
orqanlarının xüsusi və ya hərbi geyim formalarından aşkar və aydın şəkildə
seçilməlidir. Mühafizəçinin geyim formasının və vəsiqəsinin nümunəsi müvafiq
icra hakimiyyəti orqanı ilə razılaşdırılır.
9
12.3. Özəl mühafizə müəssisəsi və hüquqi şəxsin mühafizə bölməsinin
mühafizəçisinin geyim formasının üzərində həmin müəssisənin tam adı, fərdi
qeydiyyat nömrəsi, habelə mühafizəçinin adı və soyadı göstərilməlidir.
Maddə 13. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsində fiziki
qüvvənin və ya xüsusi vasitələrin tətbiqi şərtləri və hüdudları
13.1. Özəl mühafizə fəaliyyətini həyata keçirərkən mühafizəçilərə yalnız
mühafizə olunan obyektlərin hüdudlarında bu Qanunla və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda və
qaydada fiziki qüvvənin, habelə özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin
tətbiqinə icazə verilir.
13.2. Bu Qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin və ya xüsusi
vasitələrin tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır.
13.3. Mühafizəçi fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edərkən aşağıdakı
şərtlərə riayət etməlidir:
13.3.1. insana qarşı fiziki qüvvə və ya xüsusi vasitələr yalnız son zərurət
və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə
lazımi nəticə vermədikdə, hüquq pozuntusunun xarakterindən və ictimai
təhlükəlilik dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq
edilməlidir;
13.3.2. öz xidməti vəzifələrini icra etməsi və fiziki qüvvə və ya xüsusi
vasitə tətbiq etmək niyyəti barədə buraxılış və obyektdaxili rejim qaydalarını
pozan şəxslərə xəbərdarlıq etməlidir;
13.3.3. hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik
dərəcəsindən, eləcə də ona göstərilən müqavimətin dərəcəsindən asılı olaraq
vurulan zərərin minimal olmasına cəhd etməlidir;
13.3.4. bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsini
təmin etməlidir;
13.3.5. fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu
barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına
məlumat verməli və özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə
bölməsinin rəhbərinə ətraflı yazılı məlumat hazırlamalıdır.
13.4. Mühafizə olunan obyektə qrup halında və ya silah işlətməklə basqın
edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla
qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, yaxud digər fiziki və
10
ya psixi qüsurları aşkar bilinən şəxslərə, habelə insanların toplaşdığı və ya kənar
şəxslərin zərər çəkə biləcəyi yerlərdə fiziki qüvvənin və ya xüsusi vasitələrin
tətbiqi qadağandır.
13.5. Fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edildiyi hər bir hal
barədə mühafizəçi tərəfindən təqdim olunmuş məlumat əsasında özəl mühafizə
müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri xidməti
yoxlama aparmalı və fiziki qüvvə və ya xüsusi vasitənin tətbiqinin qanunauyğun
olub-olmaması barədə müvafiq rəy hazırlamalıdır. Fiziki qüvvə və ya xüsusi
vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy özəl
mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri
tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına və prokurorluq
orqanlarına təqdim olunur.
13.6. Mühafizəçinin öz səlahiyyətlərini, zəruri müdafiə və ya son zərurət
hədlərini, habelə cinayət (inzibati xəta) törətmiş şəxsin tutulması üçün zəruri
olan tədbirlərin həddini aşaraq fiziki qüvvə və ya xüsusi vasitə tətbiq etməsi
qanunvericiliyə müvafiq olaraq cinayət, inzibati, mülki-hüquqi və intizam
məsuliyyətinə səbəb olur.
13.7. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən xüsusi vasitələr onların mühafizəsini, təhlükəsizliyini təmin edən və
kənar şəxslər tərəfindən ələ keçirilməsini istisna edən şəraitdə qanunvericiliklə
müəyyən edilmiş qaydada saxlanılmalıdır.
Maddə 14. Özəl mühafizə fəaliyyətində fiziki qüvvənin tətbiqi
Mühafizə olunan obyektlərə qəsd edən cinayət əməlləri və ya inzibati
xətaların qarşısını almaq, bu əməlləri törədən şəxsləri saxlamaq, eləcə də öz
qanuni tələblərinə müqaviməti aradan qaldırmaq üçün mühafizəçi ona həvalə
olunmuş vəzifələrin icrasını başqa üsullarla təmin edə bilmədikdə fiziki qüvvə
tətbiq edə bilər.
Maddə 15. Özəl mühafizə fəaliyyətində xüsusi vasitələrin tətbiqi
15.1. Xüsusi vasitələr özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilmiş xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə
istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməyə əsasən əldə oluna,
saxlanıla və təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilə bilər.
15.2. Özəl mühafizə müəssisələri və ya hüquqi şəxslərin mühafizə
bölmələri tərəfindən əldə oluna, saxlanıla və təyinatı üzrə istifadə edilə bilən
xüsusi vasitələrin siyahısı, habelə xüsusi vasitənin özəl mühafizə müəssisəsi və
ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və
11
ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
15.3. Mühafizəçi tərəfindən xüsusi vasitə yalnız aşağıdakı hallarda tətbiq
oluna bilər:
15.3.1. mühafizəçilərin həyat və sağlamlığına real təhlükə törədən
basqınları dəf etdikdə;
15.3.2. mühafizə olunan obyektə və ya mühafizəçilərə bir qrup şəxs
tərəfindən və ya silah, yaxud silah qismində istifadə edilən əşyalar tətbiq
edilməklə törədilən hücumun qarşısını alarkən, belə hücumun qarşısını digər
üsullarla almaq mümkün olmadıqda;
15.3.3. fiziki şəxsin həyat və sağlamlığı və ya mülkiyyət əleyhinə cinayət
törədən zaman yaxalanan şəxslər qaçmağa cəhd göstərdikdə və ya silahlı
müqavimət göstərəcəyini ehtimal etmək üçün kifayət qədər əsas olduqda həmin
şəxslər saxlanılarkən, digər vasitələrlə onların saxlanılması mümkün olmadıqda;
15.3.4. saxlanılan şəxslər mühafizəçinin xidməti otağına və ya hüquq-
mühafizə orqanına gətirilərkən müqavimət göstərdikdə;
15.3.5. mühafizəçinin qanuni tələblərini yerinə yetirməyən nəqliyyat
vasitəsinin sürücüsünün mühafizə olunan obyektdə saxlanılması zəruri olduqda;
15.3.6. mühafizəçinin xüsusi vasitələrini ələ keçirmək cəhdinin qarşısını
aldıqda.
Maddə 16. Özəl mühafizə fəaliyyətində texniki vasitələrdən istifadə
edilməsi
16.1. Özəl mühafizə fəaliyyətini həyata keçirərkən texniki və digər
vasitələrdən istifadə insanların hüquq və azadlıqlarını pozmamalı, onların həyat
və sağlamlığına, habelə ətraf mühitə zərər vurmamalıdır.
16.2. Mühafizə olunan obyektlərdə texniki vasitələrdən istifadə mühafizə
olunan obyektlərin mülkiyyətçilərinin və ya hüquqi şəxsin müvafiq vəzifəli
şəxslərinin yazılı razılığı ilə həyata keçirilir.
16.3. Özəl mühafizə fəaliyyətini həyata keçirərkən gizli qaydada
informasiya alınması üçün nəzərdə tutulmuş, bu məqsədlə uyğunlaşdırılmış və
ya proqramlaşdırılmış texniki vasitələrdən istifadə olunması qadağandır.
Maddə 17. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi
razılıq (lisenziya)
12
17.1. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq
(lisenziya) bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi
aktları əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
17.2. Xüsusi razılıq (lisenziya) olmadan özəl mühafizə fəaliyyətinin
həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada məsuliyyətə səbəb olur.
17.3. Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və ya
əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi
şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə
yaradılmış hüquqi şəxslər, habelə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər özəl
mühafizə müəssisəsi yarada, özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsinə rəhbərlik edə, mühafizəçi qismində fəaliyyət göstərə
bilməz.
17.4. Bu Qanunun 17.3-cü maddəsində göstərilən hüquqi şəxslər öz
mühafizəsini təmin etmək məqsədilə mühafizə bölməsi yarada bilər.
17.5. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsinin
mühafizəçilərinin ümumi say həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq olunur.
17.6. Özəl mühafizə fəaliyyətində bu Qanunun və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarının müddəalarının pozulması özəl
mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılığın
(lisenziyanın) fəaliyyətinin dayandırılması və ya ləğv edilməsinə əsasdır.
Maddə 18. Özəl mühafizə fəaliyyəti göstərən şəxslərin sosial və
hüquqi müdafiəsi
Mühafizəçilərin xidməti vəzifələrinin icrası zamanı həlak olması, bədən
xəsarəti alması, sağlamlığına digər zərərin dəyməsi halları işəgötürənin vəsaiti
hesabına icbari sığorta olunmalıdır.
Maddə 19. Özəl mühafizə müəssisəsinin dövlət orqanları ilə qarşılıqlı
əlaqələri
19.1. Özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə bölmələri
ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması, milli təhlükəsizliyin
təmin edilməsi, mülkiyyətin mühafizəsi və digər sahələrdə dövlət orqanları ilə
əməkdaşlıq edirlər.
13
19.2. Özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə
bölmələrinin dövlət orqanları ilə qarşılıqlı əlaqələri və fəaliyyətlərinin
koordinasiyası onların arasında bağlanmış müqavilə əsasında qarşılıqlı məlumat
mübadiləsi, birgə və ya razılaşdırılmış tədbirlər formasında həyata keçirilə bilər.
Maddə 20. Özəl mühafizə fəaliyyətinə nəzarət
20.1. Azərbaycan Respublikasının ərazisində özəl mühafizə fəaliyyətinə,
eləcə də bu fəaliyyət çərçivəsində xüsusi vasitələrin dövriyyəsinə nəzarət
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
20.2. Özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə bölmələri
özəl mühafizə fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının verdiyi yazılı sorğulara əsasən müvafiq sənədləri, yazılı və şifahi
məlumatları həmin orqana təqdim etməlidirlər.
20.3. Bu Qanunun 10.2.1 və 13.5-ci maddələrində nəzərdə tutulmuş
məlumatlar, rəylər və digər zəruri sənədlər özəl mühafizə müəssisəsi və ya
hüquqi şəxsin mühafizə bölməsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmış qaydada sənədləşdirilməli və 3 il ərzində saxlanılmalıdır.
Maddə 21. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulmasına görə fiziki və hüquqi şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
Đlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2007-ci il
№ 266-IIIQ
Dostları ilə paylaş: |