RAST MÜZİKOLOJİ DERGİSİ
Uluslararası Müzikoloji Dergisi
www.rastmd.com
Doi:10.12975/rastmd.2016.04.02.00076
1200
AQŞIN ƏLİZADƏ YARADICILIĞINDA YENİ
TƏMAYÜLLƏRİN ƏKSİ
Aybəniz Növrəsli
1
ÖZET
Təqdim edilən məqalədə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi
Aqşın Əlizadənin yaradıcılığı XX əsr musiqi mədəniyyəti məcrasından araşdırılaraq təhlil
olunmuşdur. O, Azərbaycan milli musiqisinin ilk neofolklorçu bəstəkarı, Qara Qarayev
ənənələrinin mahir davamçı və inkişafçısı, bir sözlə, bir çox yeniliklərə imza atan bəstəkar
olmuşdur. Belə ki, o, Azərbaycan milli musiqili teatr janrları içərisinə mühüm əlavələr edərək
ilk milli qəhrəmanlıq baleti –“Babək”in yaradıcısı olmuşdur. Bundan əlavə, simfonik və kamera
orkestri, kamera –instrumental yaradıcılıq sahəsindəki yenilikləri də danılmazdır. O,
neofolklorçu bəstəkar olmaqla yanaşı, neoklassik cərəyanın da parlaq nümayəndəsi olmuş, bir
çox müasir bəstəkarlıq texnikalarını öz yaradıcılığında təcəssüm etdirmişdir. Onun
“Aşıqsayağı”, “Pastoral”, “Cəngi” kimi əsərləri kamera orkestri üçün yazılmış ilk janr
şəkilləridir.
Anahtar Kelimeler: Aqşın Əlizadə, bəstəkar, neoklassisizm, neofolklorizm, süita, simfoniya,
balet, milli ənənə, xor
REFLECTION OF INNOVATIVE TRENDS IN AKSHIN
ALIZADEH`S CREATION
Aybeniz Novrasli
ABSTRACT
This article reveals the features of the style of creativity prominent Azerbaijani composer
AgshinAlizade, in the context of the music of the twentieth century.He is the first in Azerbaijan
music neofolkloristcomposer who developed the tradition of Kara Karayev, in a word, an
innovator who has made an indispensable contribution. AgshinAlizadeh is the first composer
who wrote a ballet on the heroic theme. In addition, it should be noted his pioneering
discoveries in the field of symphonic and chamber music. As the first neofolklorist, it is also
considered striking neo-classical Azeri music. Composer addressed many of the techniques in
his work. His work for chamber orchestra "Ashigsayaghi", "Pastoral", "Jangi" is the first genre
paintings.
Keywords:AgshinAlizadeh, composer, neoclassicism, neofolklorism, suite, symphony, ballet,
national traditions, choir
1
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası aybeniz.mf@gmail.com
Növrəsli A. Rast Müzikoloji Dergisi, Cilt IV, Sayı 2, Bakü Özel Sayısı (2016)s. 1200-1204
1201
ОТРАЖЕНИЕ НОВАТОРСКИХ ТЕНДЕНЦИЙ В ТВОРЧЕСТВЕ
АКШИНА АЛИЗАДЕ
Айбениз Новрасли
РЕЗЮМЕ
В предлагаемой статье раскрываются черты стиля творчества видного
Азербайджанского композитора АкшинаАлизаде в контексте музыки ХХ века. Он
является первым неофольклористом в Азербайджанской музыке, композитором, который
развил традиции Кара Караева, одним словом, новатором, который внес незаменимый
вклад.АкшинАлизаде является первым композитором, который написал балет на
героическую тему.Помимо этого, нужно отметить его новаторские открытия в сфере
симфонической и камерной музыки. Являясь первым неофольклористом, он также
считается ярким неоклассиком азербайджанкой музыки. Композитор обращался многим
техникам в своем творчестве. Его произведении для камерного оркестра «Ашугская»,
«Пасторал», «Джанги» являются первыми жанровыми картинами.
Ключевые слова:АкшинАлизаде, композитор, неоклассицизм, неофольклоризм, сюита,
симфония, балет, национальные традиции, хор
GİRİŞ
Dövründən asılı olaraq yaranmış müasir bəstəkarlıq texnika və metodlarına müraciət hər
bir yaradıcı şəxsin öz seçimi ilə bağlıdır. Hər dövrün öz müasirlik təmayülləri mövcuddur ki, bu
da özündən sonrakı mərhələlərdə aktuallığını itirir və yeniliklərin yaranmasına təkan verir.
Təkan dedikdə, bu, özünü pozitiv və neqativ tərəfdən göstərə bilər. Yəni hər hansı bir istiqamət,
metod – ümumən, meydana çıxan “yenilik” özündən əvvəlki mərhələnin aparıcı ənənəsinə ya
etiraz olaraq yaranır, ya da onu inkişaf etdirərək daha təkmilləşmiş forma almasına dayaq olur.
Misal olaraq – serial texnikanın “çərçivəli” quruluşuna əks qütbdə yaranmış aleatorik metodu;
yaxud klassik üslubun təkmilləşməsi məqsədilə yaranmış neoklassik istiqaməti göstərərək
deyilən məntiqi sübut etmək olar. XX əsrin 60 – cı illəri Azərbaycanda musiqi istiqamətinin
dəyişildiyi, yeniliyə üz tutduğu bir mərhələ idi. Bu “yenilikçi hərəkatı”nın başçısı isə artıq
Azərbaycan musiqisinin təşəkkülündəki rolu ilə özünü təsdiqləmiş, bir sıra janrları yüksək
inkişaf nöqtəsinə çatdırmış, bəzi janrların isə etalonunu yaratmış Qara Qarayev idi. Q.Qarayev
sayəsində Azərbaycan musiqi mədəniyyəti onun estetikası və poetikasında yerini tapmışdır.
60 - 70 – ci illər Azərbaycan musiqi tarixi və incəsənətinin intibahı, Q.Qarayev,
F.Əmirov, Niyazi, C.Hacıyev kimi sənətkarların yaradıcılıq dövrünün zirvəsinə təsadüf etdiyi
üçün bu dövrdə yaradıcılığa qədəm qoyan gənc bəstəkarları sözün yaradıcı mənasında xoşbəxt
adlandırmaq lazımdır. Məhz həmin dövrdə yaradıcı nəslə qoşularaq artıq özünün ilk uğurlu
addımlarını atmış və onun gələcəyinə böyük ümidlər bəsləyən müəllimləri – Q.Qarayev və
C.Hacıyevin gözləntilərini illər sonra doğruldacaq gənc bəstəkar Aqşın Əlizadə idi.
Danışılan dövr Azərbaycan musiqisi kontekstində inkişaf etmiş təmayüllərə nəzər
salsaq, neoklassik, neofolklor, aleatorik, seria metod və üslubların istifadəsinə rast gəlinir. Adı
çəkilmiş terminlərə bütövlükdə bir bəstəkar yaradıcılığında müraciət olunması musiqişünaslığın
diqqətini özünə cəlb edən cəhətdir. Bu xüsusiliyi müasir Azərbaycan musiqisinin inkişafında
ideya və mənəviyyatından irəli gələni əsirgəməyən A.Əlizadə yaradıcılığında müşahidə etmək
olar.
Aqşin Əlizadə Yaradiciliğinda Yeni Təmayüllərin Əksi(Müvafiq Əsərlər Nümunəsində)
1202
Yaradıcılığının ilk dövrlərindən etibarən Qərbi Avropa meylləşməsinə o qədər də
üstünlük verməyərək bu üsullara tabe olmanı çərçivələnməyə bərabər tutan A.Əlizadə Qərbi
Avropa texniki vasitələrini Azərbaycan musqisinə bilavasitə tabe etdi.
O, xarici bəstəkarları təqlid etməyi onların dünyalarına qəfil daxil olmağa bərabər hesab
edir. Müasir musiqi və musiqi texnikalarını inkar etməyən A.Əlizadə bu metodlardan istifadəyə
qədər professional bəstəkarlıq məktəbi keçməyi, klassik janrların hamısında əsər yazmağı labüd
hesab edir. “Pikasso kimi rəssam - modernist olmazdan əvvəl adi at rəsmini çəkməyi bacarmaq”
məntiqinə əsaslanır.
Onun yaradıcılığına daxil olan istər kiçik, istərsə də böyük həcmli əsərlərdə akademik
bəstəkarlıq üslubu müasirliyin çoxsaylı təmayüllərilə birləşmişdir. Bəstəkar təkcə hər hansı bir
müasir texniki bəstəkarlıq metoduna istinad edərək əsər yazmağı düzgün hesab etmir və
çərçivələnmədən uzaq olmağı üstün tutur. A.Əlizadə müasir texnikadan məqsədyönlü şəkildə
istifadə etməsə də, bu, onun yaradıcılıq laboratoriyasında çox vaxt qeyri – ixtiyari alınır.
Bu baxımdan onun yaradıcılığında məqsədyönlü şəkildə yalnız aleatorik üsluba
istinadən yazılmış yeganə əsər vardır. “Ekspressiyalar” adlanan pyes 12 simli alət üçün nəzərdə
tutulmuşdur. Bu, Azərbaycan musiqisində müasir texnika – aleatorika əsasında yazılmış ilk
əsərlərdən olub Q.Qarayevin başlanğıc qoyduğu müasir texnikalara müraciətin davamıdır.
Hər bir Azərbaycan bəstəkarı öz yaradıcılığında Qərb və Şərq konteksti ilə qarşılaşır və
hər bir “musiqi dövləti”nin öz milli istifadə mənbələri olduğu kimi Azərbaycan musiqisində də
bu məntiq özünü təsdiq edir. Bu baxımından yeni musiqi istiqaməti, neofolklorizm kəşf olunur.
A.Əlizadə bu istiqamətin parlaq nümayəndəsi kimi çıxış edərək xalq musiqimizdən sitat
şəklində deyil, özünəməxsus tərzdə yeni texniki vasitələrə istinadən istifadə etmiş, beləliklə öz
seçilən dəst – xəttini yaratmışdır. A.Əlizadənin kamera orkestri üçün yazdığı “Aşıqsayağı”
pyesi aşıq melosunun müasir interpretasiyada təqdimindən ibarətdir. “Aşıqsayağı” ilə yanaşı, bu
baxımdan yazılması 1978 –ci ilə aid olan “Cəngi”nin də adı çəkilməlidir.
Milli folklor nümunəsi olan kollektiv rəqs “Cəngi”yə də ilk dəfə Ü.Hacıbəyli müəllif
imzası atmış, sonradan A.Əlizadə müraciət edərək onu məzmun baxımından neofolklor
nümunəsinə çevirmişdir. Bəstəkarlıq metodu yönümündən nəzər yetirsək, “Cəngi” müasir
bəstəkarlıq texnikası sayılan, əsası amerika bəstəkarı F.Glass tərəfindən qoyulmuş minimalizm
üslubunda yazılmışdır.
A.Əlizadə yaradıcılığında digər bir janr neologizmi özünü “Bayatılar”da aydın
açıqlayır. Müasirlik yolunda janrın inkişafına təkanı A.Əlizadənin Azərbaycan musiqisində
yaratmış olduğu a`capella üçün folklor mətnli ilk silsiləvi əsər -“Bayatılar” vermişdir. Bu əsər –
1969 – cu ildə bəstəkarların Ümumittifaq müsabiqəsində I yerə layiq görülmüşdür. İnstrumental
müşayiətsiz nəzərdə tutulma əsərin neofolklor cəhətlərindən biridir.
“Bayatılar” 10 hissədən ibarət olub Azərbaycanın müxtəlif zonalarından toplanmış mətn
əsasında yazılmışdır. Əsərdə texnika baxımından sonorika, janr baxımından mərsiyə tipli oxuma
aleatorik ifa tərzi ilə açıqlanır.
60 –cı illərdə Azərbaycan musiqisinə daxil olan yeni istiqamətlərdən biri –
neoklassisizm idi ki, Azərbaycan müasir bəstəkarlıq məktəbinin zirvəsində duran Q.Qarayev
tərəfindən onun son prelüdlərində musiqimizə gətirilmişdir. Bu ənənə A.Əlizadə yaradıcılığında
da parlaq şəkildə əks olunaraq böyük bədii əhəmiyyət kəsb edən II - Kamera simfoniyasının
yaranmasına gətirib çıxarır.
Neoklassisizm – “neo – classicisme” sözündən yaranaraq XX əsr akademik musiqi
cərəyanı olub nümayəndələri erkən klassisizm və klassisizməqədərki dövrün üslub
Növrəsli A. Rast Müzikoloji Dergisi, Cilt IV, Sayı 2, Bakü Özel Sayısı (2016)s. 1200-1204
1203
xüsusiyyətlərini əks etdirməyə çalışmışlar. Bu cərəyan 1920 - 1930 – cu illərdə yüksək inkişaf
mərhələsinə çatmış, Azərbaycan musiqisinə 60 – cı illərdə daxil olmuşdur.A.Əlizadə
yaradıcılığında neoklassik ünsürlər kamera orkestri janrı üçün nəzərdə tutulmuş əsərdə özünü
göstərmişdir. Kamera simfoniyasını bəstəkar alman rəssamı A.Dürerin qravürlərinin
mövzularından ilhamlanaraq yazmışdır.
Simfoniyada neoklassisizmin bariz cəhəti kimi əsərin III hissəsində XVII – XVIII
əsrlərin musiqisini imitə edən melodiyada çembalo alətinin antik abu – hava təəssüratı
yaratmasını göstərmək olar.
Neoklassik əsərlərin xarakteri üslublaşmaya çox yaxındır. Üslublaşma – hər hansı bir
üslubun xarakterik cəhətlərinin həmin üslub üçün adətkar olmayan bədii kontekstdən imitasiyası
deməkdir. Bu istiqamətin xüsusiyyətləri – antik incəsənət, İntibah dövrü, barokko və ya
klassisizm dövrü ənənələrinə qayıdışdan ibarətdir. Neoklassisizmdə qədim musiqi sanki təqlid
olunaraq musiqinin modernizasiyaya uğramış dili ilə həmahəngləşir, müasir musiqi vasitələri ilə
əks olunur.
A.Əlizadənin Kamera simfoniyasında yeni təmayüllər – neoklassisizm neofolklorizmlə
birləşir. Bu simfoniyanın əsasını konsert başlanğıcı təşkil edir. Əsərin yazıldığı dövrdə kamera
orkestri üçün bəstələrin artması həmin dövrdə N.Rzayevin başçılığı ilə Kamera orkestrinin
yaranmasından irəli gəlirdi. Silsiləvilik və obraz dairəsi baxımından ABA quruluşlu
simfoniyanın kənar hissələri daha çılğın, qədim klassik rəqs janrı manerasında, ikinci hissə
subyektiv lirik mərkəz rolunu oynayaraq sonor effektli monodik Rast ladına əsaslanır.
Bu simfoniyanın I hissəsinin sonunda istifadə olunan – XVI əsrdə Azərbaycanda
məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olan “Qarabağın ağırı”, sonralar isə - XIX əsrin
sonu, XX əsrin əvvəllərində “Vağzalı” adlanan rəqsin kiçik elementlərinin işlənilməsi
neofolklor ənənəsindən xəbər verir. Mövzu “doğranaraq” ibarələrə bölünür, bu hissə daxilində
əsas və köməkçi mövzuların dəfələrlə təkrarı əsəri minimalistik üsluba yaxınlaşdırır.
Bəstəkar bu üslubda yazılmanı qarşısına məqsəd qoymasa da, I hissəni ideyalarında
formalaşan və həmin dövr Azərbaycan musiqisi üçün mümkün olan “xammal”dan istifadə
edərək meydana gətirmişdir.
Bu nümunədə də təsdiq olunur ki, bəstəkar xalq musiqisindən nümunə olaraq sitat
gətirməmiş, mövzunu əsas özəyindən yaratmışdır.
II hissədə milli musiqi ilə Avropa musiqi janrının birləşməsi müşahidə olunur. Muğam
təfəkkürü xoral janrı ilə birləşir. Neoklassisizm üçün vacib cəhət polifonik – İ.S.Bax
yaradıcılığındakı janrlara yenidən müraciətdir. Bu, birbaşa olaraq Q.Qarayev yaradıcılığında da
özünü göstərmiş olur. Yada salaq ki, Q.Qarayev ilk dəfə Azərbaycan musiqisinə xoralı tətbiq
etmişdir.
Əsərin orkestrləşməsi Avropa alətləri əsasında olsa da, onlar arasında yaranmış tembr
münasibətləri milli Azərbaycan alətlərinə yaxınlaşır.
Simfoniyanın ən kiçik elementlərinə belə böyük diqqət və professionalllıqla yanaşma
Concerto grosso`dan gələn ənənənin tətbiqi kimi qəbul oluna bilər.
1966 – cı ilə təsadüf edən premyera Moskva Bəstəkarlar evində keçmiş, əsərə görə
bəstəkar Lenin komsomolu mükafatı qazanmışdır.
Bəstəkar ciddi klassik janr nümunəsi sayılan, ilk uğurlu əsəri olaraq 1959 –cu ildə
Moskvada gənc bəstəkarların yaradıcılıqlarına Ümumittifaq baxışda I dərəcəli Diplomla təltif
olunmuş fortepiano üçün Sonatasında da neoklassisizm metodlarına istinad etmişdir. Yəni
klassik forma daxilində xalq melodizmindən sitat kimi deyil, metod, vasitə kimi istifadə - təkrar,
Aqşin Əlizadə Yaradiciliğinda Yeni Təmayüllərin Əksi(Müvafiq Əsərlər Nümunəsində)
1204
variantlıq, sadə melodik dil, zidd melodik fikirlərə demək olar ki, müraciət etməmək – Aqşın
Əlizadə neofolklorizminin xarakter cəhətləri kimi ilk əsərində təcəssümünü tapır.
SONUÇ
Aqşın Əlizadə 60 – cı illərdə Azərbaycan musiqisinə daxil olmuş, Q.Qarayev və
C.Hacıyev məktəbinin nümayəndəsidir. Həmin dövr musiqidə baş verən “hadisələrə” fəal
şəkildə qatılan bəstəkar yazdığı əsərlərə ətrafda baş verən abu – havanı hopdurmağı
bacarmışdır. Yaradıcılığında dövrün səciyyəvi təmayüllərini əxz etdirməklə neoklassisizm,
neofolklorizm, sonor, aleatorika kimi texnika və istiqamətləri Azərbaycan musiqisinin
mənbələri ilə birləşdirməyə nail olmuş və beləliklə, öz dəst – xəttini yaratmışdır.
KAYNAKLAR
1.
Dadaşzadə Z., Simfoniyanın fəzası. Bakı, 1999
2.
Tağızadə A., A.Əlizadə. Bakı, 1986
Dostları ilə paylaş: |