Mübariz Süleymanlı
ƏHMƏD AĞAOĞLUNUN
“İSLAMA GÖRƏ VƏ İSLAMİYYƏTDƏ
QADIN” ƏSƏRİNƏ ELMİ-TƏNQİDİ
YANAŞMALAR
Azərbaycan Milli Elmlər Akademiyası
Memarlıq və İncəsənət İnstitutunun
Elmi Şurasının 14 may 2008-ci
il tarixli
(protokol № 2) qərarı ilə çap olunur
Bakı – 2008
3
ÖN SÖZ
Əhməd bəy Ağaoğlu “
İslama görə və islamiyyətdə qadın” əsərində
islamın tarixi proses içindəki macərasına bağlı olaraq qadın mövzusunu
işləmiş, islamaqədərki vaxtlardan son dövrlərədək qadının ictimai möv-
qeyinin keçirdiyi dəyişikliyi qələmə almışdır. Kitab, Qafqazda müsəl-
man qadının durumunun yaxşılaşdırılması üçün mütərəqqi islahatların
zəruriliyini nəzərdə tutan ilk əsərlərdən biri olması baxımından önəm-
lidir. Ağaoğlu bu kitabında XIX əsrin sonu və XX əsrin əvvəlində
Qərbdə qadın haqlarının tərəqqi meylindən
söz açaraq islamiyyətdən
öncə ərəblərdə və İranda, islam həyatında və islam mənbələrinə
istinadən qadın mövzusunu müzakirəyə girişir.
“
İslama görə və islamiyyətdə qadın”ı qələmə aldığı dövrdə hələ ki,
türkçü cərəyan içində yerini almamış olan Ağaoğlu, islam mədəniy-
yətinə yenilikçi bir anlayışla yanaşmaqdadır və Z.Göyalpda olduğu kimi
“islamlaşmaq” ideyasını Qərb dəyərlərindən qopmaq və ya uzaqlaşmaq
olaraq deyil, yeni bir kimlik çərçivəsində islamın çağdaşlaşması ehtiyacı
formasında düşünməkdədir. Özünü aşkar büruzə verdiyi kimi, bəhs
edilən əsərini qələmə aldığı dönəmdə Ağaoğlu əsasən İran və ərəb mə-
dəniyyətini ittiham etməkdədir. Bu məsələ ilə bağlı mülahizələri müəy-
yən bir inkarçılıq mövqeyindədir. Belə bir yanaşmanı,
Ağaoğlunun ilk
növbədə İran və ərəb dünyası ilə ortaq kimlik bağının qopardılması
qayğıları kimi başa düşə bilərik.
Ağaoğluna görə, qadının Hz. Məhəmməd zamanında tutduğu möv-
qe, qədim İran və islam öncəsi ərəb mədəniyyətindəki halı ilə müqayi-
sədə olduqca yüksəkdi. Ancaq sonralar İran və şiə təsirləri səbəbilə və
rəhbər sinif və üləmadan bəzi şəxslərin öz mənafelərini hər şeydən
irəlidə tutmaları sonucunda qadının vəziyyəti geriləmişdir. İslam öncəsi
türklərdə də qadının durumunun yüksək olduğunu bildirən Ağaoğlu,
ancaq
son dönəmdə, fars və süryani kültürünün müqavimətinə dözə bil-
məyərək türk islamının da qadına gərəkən dəyəri verməkdən uzaqlaş-
dığını irəli sürməkdədir. Əsərini yazdığı dönəmdə Azərbaycanda qadın,
Ağaoğlunun ifadəsi ilə, dini təəssübün ifrat basqısı altında olmaqdadır.
Ailə həyatı və qadın məsələsində liberal bir mövqe tutmuş Ağaoğ-
luna görə ailə üzvlərini bir-birinə bağlayan əlaqələr zorakılıqdan uzaq
olmalıdır; ailə qurumu könüllü birgəyaşayışa və bağlılığa, qarşılıqlı
sevgiyə, haqlarda bərabərliyə və səmimiyyətə söykənməlidir.
Evlilik və
4
ailə qurumu, mühafizəkar ənənəvi qaydalar əsasında deyil, sərbəst
qarşılıqlı fərdi anlaşmalar təməlində qurulmalıdır.
1
Onun bu görüşləri,
islamiyyətin ilk ortaya çıxdığı dönəmlərdə girişdiyi reformalarla toplu-
ma yeni bir dinamizm və kimlik qazandırmağa, ancaq zaman keçdikcə
bu yüksək dəyərlərin kənar təsirlərlə pozulmağa məruz qalması
fərziyyəsinə dayanmaqdadır. Bundan çıxış edərək islamın (üzərindəki
“yabançı yük” atılaraq) şiə-fars kültürünün mənfi çöküntülərindən
təmizlənərək, başqa
sözlə desək, mirasının önəmlicə bir bölümünün
rədd edilərək islahatlara tabe etdirilməsinin vacibliyi qənaətinə gəlir.
Fəqət bu təmizləmədən sonra geriyə nəyin qalacağı şübhəlidir. XX yüzil
şərtlərindən bir xeyli uzaq olduğu qəbul edilə biləcək “islamın səadət
əsri” dövrünə və islam peyğəmbərinin güclü islahatçı şəxsiyyətinə daya-
nan Ağaoğlunun əsl amacı qərbçi reformalara zəmin hazırlamaqdır.
Ötən əsrin əvvəllərində baş verən siyasi və mədəni proseslərin nəti-
cələrini bir
daha gözdən keçirmək, bu kimi tarixi təcrübələrdən fayda-
lanmaq mənasında Ə.Ağaoğlunun çoxsaylı analitik yazıları, o cümlədən
sözügedən əsəri günümüzdə də öz aktuallığını saxlamaqdadır. Hələ XIX
yüzilin ikinci yarısından gündəmə gələn çağdaşlaşma, qərbliləşmə,
mədəniyyətdə reformalar kimi mövzular
bu gün belə müzakirə obyekti
olaraq qalmaqdadır. Şərq cəmiyyətlərinin tənəzzüldən qurtulub tərəqqi
yolu tutmalarında Türkiyə və Azərbaycan aydınlarının din amilinə və
qadının ictimai həyatdakı mövqeyinə dair müzakirələri bu gün də
ehtiyac duyduğumuz təcrübələrdəndir. Kürəsəlləşmə prosesində nələrin
mənimsənilməsinə və nələrin mühafizə edilməsinə doğru qərar verə
bilmək üçün də elmi-mədəni irsimizə yenidən
diqqət yetirilməsində
fayda vardır. Şərq və Qərbin çağdaş siyasi-mədəni hadisələrini diqqətlə
izləmiş və yazılarında fərd, demokratiya, qadın haqları kimi mövzulara
dönə-dönə müraciət etmiş Ə.Ağaoğlunun “
İslama görə və islamiyyətdə
qadın” əsərinin rus dilindən Azərbaycan dilinə tərcümə edilərək yayın-
lanması və əsərin orijinal variantının da eynilə kitaba salınması bu ba-
xımdan təqdirəlayiq bir işdir. Mübariz Süleymanlının belə bir təşəbbü-
sünü dəstəkləyirik və qənaətimizcə onun “Əhməd Ağaoğlunun “İslama
görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar” adlı araş-
dırması mövzuya dair bir sıra suallara aydınlıq gətirməkdədir.
Doç. Dr. Ufuk Özcan
1
Ahmet Ağaoğlu, “
Üç Medeniyet”, İstanbul, 1972, s. 96.