Microsoft Word Dahi b?st?kara sevgi v? ehtiramla



Yüklə 132,03 Kb.
Pdf görüntüsü
tarix04.07.2018
ölçüsü132,03 Kb.
#53335


Qara Qarayevin musiqi dünyası – dünən, bu gün, sabah 

 

Zəngin və yüksək mədəniyyətə malik olan xalqımız daim 

özünün yetişdirdiyi adlı-sanlı, görkəmli, istedadlı övladları ilə 

fəxr edir. Dahi bəstəkar, ictimai xadim, akademik, böyük 

müəllim və gözəl insan olan Q.Qarayev məhz belə nurlu, işıqlı 

insanlardandır. Ömrü əbədiyyətə qovuşmuş dahi bəstəkarın bu 

gün 91 yaşı tamam olur. Bildiyimiz kimi, Azərbaycan 

Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə dahi 

bəstəkarın 90 illik yubileyi bütün dünyada böyük təntənə ilə 

qeyd olundu. 

 

Q.Qarayevin adı Azərbaycan xalqı üçün daimi və  əzizdir. 

Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi 

sənətkarın musiqi dühasının sehrinə düşməsin, onun “Yeddi gözəl”, 

“İldırımlı yollarla” baletlərindən, “Leyli və  Məcnun” simfonik 

poemasından xəbərsiz olsun. Q.Qarayev öz əsərləri ilə daim sevilən 

və insanı düşündürən sənətkardır, çünki o, həmişə doğma torpaqdan 

qüdrət almış, muğam, aşıq musiqisi, xalq nəğmələri kimi milli 

musiqimizin saf çeşməsindən su içmişdir. 

Eyni zamanda Q.Qarayev bəşəri hörmət qazanmış sənətkardır. 

Çünki sənət yolunda yeni cığırlar açaraq, yalnız özünəməxsus üslub 

yaratmış  bəstəkar təkcə öz xalqının deyil, həm də dünya musiqi 

tarixinin bütün dövrlərinin nailiyyətlərini mənimsəmiş, dünya 

musiqi mədəniyyəti xəzinəsini misilsiz əsərləri ilə 

zənginləşdirmişdir.  

Qudrətli bəstəkarın irsi son dərəcə geniş  və  zəngindir. Bunu 

onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək 

olar. Demək olar ki, Q.Qarayev bütün janrlarda eyni coşqunluqla 

çalışmış, novatorluğu və  bədii cəhətdən yüksək səviyyəsi ilə 

fərqlənən yeni əsərlər yaratmışdır. Bəstəkarın geniş şöhrət qazanmış 

və musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuş baletləri

simfonik poeması, simfoniyaları, kamera-instrumental əsərləri, 

kinofilm və teatr tamaşalarına yazılmış musiqisi bunu bir daha 

təsdiq edir. 

Qeyd etdiyimiz kimi, bəstəkarın yaradıcılığı mövzu cəhətdən 

də çox zəngin və rəngarəng olmuşdur. Onu ən müxtəlif dövrün şair 

və yazıçılarının yaradıcılığı, xalq əfsanələri cəlb edirdi. Bura 



N.Gəncəvi, V.Şekspir, A.Puşkin,  İ.Servantes, Ö.Xəyyam kimi dahi 

korifeylərin adları daxildir. İstər klassik Şərq, istər müasir məişət və 

istərsə  də bir sıra dünya xalqlarının mövzularından bəstəkar eyni 

ilhamla və  məharətlə istifadə edərək onları özünün təkrarolunmaz 

musiqisi ilə ölməzlik zirvəsinə qaldırmışdır. 

Q.Qarayevin  ən vacib mövzulara, kəskin həyati konfliktlərə 

həsr olunan yüksək idealları, insan mənəviyyatının zənginliyini və 

gözəlliyini tərənnüm edən baletləri həqiqi insanpərvərlik ruhu ilə 

doludur.  İncə, lirik hisslərlə yazıb-yaradan sənətkar heyranedici 

ustalıqla öz qəhrəmanlarının daxili aləminə nüfuz edir. Bəstəkarın 

baletləri Azərbaycan balet sənətinin inkişafında  əhəmiyyətli və 

keyfiyyət etibarı ilə yeni bir mərhələ sayılır. Sənətkar öz əsərlərində 

rəqslərin əyləndirici ünsürlərə malik olması təsəvvürlərinə tamamilə 

üstün gəlmiş, realist musiqili - xoreoqrafik dram yaratmışdır. 

Q.Qarayevin “Yeddi gözəl” baletində klassik irsə müraciət 

edilmişdir. O, keçmiş  və  qədim bir əfsanə vasitəsi ilə öz xalqının 

gözəl mənəvi xüsusiyyətlərini və azad surətdə sevib-sevilmək 

arzularını  tərənnüm etmişsə, “İldırımlı yollarla” baletində müasir 

dövrün olduqca mühüm bir mövzüsunu- irqi ayrı-seçkilik və 

müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizə mövzusunu 

təcəssüm etdirmişdir.  

Bəstəkarın musiqili səhnə əsərləri içərisində onun C.Hacıyevlə 

birlikdə yazdığı  və milli opera sənətini zənginləşdirən “Vətən” 

operasını da xüsusi qeyd etmək lazımdır. Böyük vətənpərvərlik ruhu 

ilə yazılmış “Vətən” operası öz ideyası ilə bu günlərlə  səsləşərək, 

vətənpərvərliyi tərənnüm edir, Azərbaycan gənclərinə vətənə böyük 

sədaqət hisslərini aşılayır. Heç təsadüfi deyil ki, 28 yaşlı sənətkar bu 

operaya görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 

Azərbaycan simfonik və kamera-instrumental musiqisinin 

inkişafında ən mühüm səhifələrdən biri Q.Qarayevin adı ilə bağlıdır. 

Onun bu janrda yazdığı əsərləri bütün dünyanı gəzərək ən müxtəlif 

ölkələrin simfonik orkestrləri tərəfindən ifa olunur. İllər boyu 

simfonik musiqinin müxtəlif janrları üzərində  işləyən Q.Qarayev 

mühüm yaradıcılıq prinsiplərinə daim sadiq qalmışdır. Bəstəkar, 

simfoniya, poema və süitalarında muğamlardan, xalq mahnı  və 

rəqslərindən, aşıq yaradıcılığından ustalıqla yararlanmışdır. Bununla 

yanaşı, rus, türk, ispan və başqa xalqların musiqisnin bir sıra 

xüsusiyyətlərindən istifadə etmişdir.  




Q.Qarayevin yaradıcılığında onun istedadını eyni dərəcədə 

parlaq və maraqlı sürətdə xarakterizə edən daha bir musiqi sahəsi 

vardır. Bu, kamera-instrumental musiqidir. Azərbaycan musiqisi 

üçun bu sahə olduqca yeni idi. Məhz buna görədir ki, Q.Qarayevin 

instrumental-kamera  əsərləri xüsusi ilə diqqətəlayiqdir.Gənc 

bəstəkarın Puşkin  şeirinin gözəlliyinə valeh olduğu və “Tsarskoye 

selo” heykəlinin - sındırdığı su qabına kədərlə əyilmiş qızın poetik 

obrazını musiqi vasitəsi ilə əks etdirdiyi vaxtdan uzun illər keçsə də, 

fortepiano üçün yazılmış əsər bu vaxta qədər radio verilişlərində və 

konsertlərdə səslənir.  

Bəstəkarın bütün yaradıcılığı boyu müraciət etdiyi və yalnız 

doğma xalqının poetik folklorunu deyil, həmçinin digər xalqların da 

lirik şeirlərini əhatə etdiyi vokal əsərləri onun yaradıcılıq qüdrəti və 

əzəmətini çox gözəl təcəssüm etdirir. Bəstəkarın romansları, 

mahnıları bu janrda yazılmış ən gözəl sənət nümunələridir. 

Kinonu öz xarakteri etibarı ilə “böyük müasir bəstəkarlıq 

məktəbi” adlandıran Q.Qarayev, kino musiqisi üzərində  də çox 

məhsuldar işləmiş, klassikaya çevrilən  əsl sənətkarlıq nümunələri 

yaratmışdır. “Leyli və  Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq 

sahillərdə”, “Bir məhəlləli iki oğlan” və s. kinofilmlərə, “Nikbin 

faciə”, V.Şekspirin “Antonio və Kleopatra” dram tamaşalarına 

yazdığı musiqi onun yaradıcılığının parlaq səhifələrini təşkil edir.  

Q.Qarayev istedadlı publisist kimi özünün musiqi-estetik 

görüşlərini də son dərəcə inandırıcı  və sadə  şəkildə ifadə edib. 

Müasir bəstəkarlıq yaradıcılığı üslubundakı tipik və xarakterik 

cəhətləri elmi dəlillərə  əsaslanır. Bəstəkarın tutarlı fikirləri və 

uzaqgörənliyi, həmçinin Azərbaycan musiqisinə  həsr olunmuş 

məruzə və məqalələrində də öz əksini tapmışdır.  

Q.Qarayev yaradıcı kadrların tərbiyəsinə böyük əmək sərf 

etmişdir. 1946-cı ildən etibarən Ü. Hacıbəyov adına Azərbaycan 

Dövlət Konservatoriyasında bəstəkarlıq sinfini aparan Q.Qarayev 

onlarca bəstəkar yetişdirmiş, bütöv bir musiqi-yaradıcılıq məktəbi 

yaratmışdır. Arif Məlikov,Vasif Adıgözəlov, Adil Bəbirov və 

başqaları onun ənənələrini davam etdirmişlər.  

İllər keçəcək, qərinələr dolanacaq, dahi Azərbaycan bəstəkarı 

Q.Qarayev musiqisinin zəngin xəzinəsi insanların ilham mənbəyi 

olaraq qalacaqdır. Onun özünə qarşı sonsuz tələbkarlığından doğan 

və bizə qoyub getdiyi irs dərinliyi və zənginliyinə görə tükənməzdir. 




Bizdən sonra gələcək nəsillər bu tükənməz xəzinədə özləri üçün hər 

dəfə yeni-yeni tapıntılar kəşf edəcəklər. 



 

 

Jalə Qulamova, 

sənətşünaslıq namizədi 

 

Mədəniyyət.-2009.-5 fevral.-S.3. 

 

Yüklə 132,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə