Mədətoğlu Ə.
“Çox istəyirəm ki, hərb himnimizi də yazım”
"Üzeyir bəyin bünövrəsini qoyduğu bəstəkarlıq
məktəbinin bənnası Qara Qarayev oldu"
Həmsöhbətim tanınmış bəstəkar, Musiqi Akademiyasının müəllimi, Dövlət
Himnimizi bərpa etmiş Aydın Əzim Kərimoğludur -Aydın müəllim, xoş gördük,
necəsiniz?
- Sağ olun, hamı kimi çalışıram ki, mən də bu zamanla dil tapıb yaşayım.
- Aydın müəllim, biz bir xoş təsadüfdən görüşdük, açığı çox arayıb-
axtarmışdım, haralardaydınız, niyə görsənmirdiniz?
- Mən o qədər də uzaqda deyildim, qardaş məmləkətdə, Türkiyədə idim. Bir
səyahətə çıxmışdım. 1995-ci ildə iş elə gətirdi ki, orada da təsadüf nəticəsində məni
Mersin universitetinə dəvət etdilər və təklif olundu ki, bu universitetdə bəstəkarlıq
fakültəsini yaradım. Mən də razılıq verdim. Düşündüm ki, bir ilə işləri yoluna
qoyub, vətənə qayıdaram. Amma bir də onda baxıb gördüm ki, artıq 10 il keçib.
Fakültə də yaranıb, onun üçün lazım olan xeyli işlər də görülüb, ilk məzunlarım da
var. Onlardan dörd nəfəri dövlət Konservatoriyasına bəstəkarlıq kafedrasında
simfoniya sinfini, biri isə fortopiano sinfini bitirdi. Yəni bir az da konkret desəm
mən nəzəri cəhətdən lazım ola işləri də gördüm, praktiki olaraq tələbələrim də bu
gün Türkiyənin musiqi aləmində öz sözünü deməkdədir. Mən orada ürəkdən
işlədim, amma fikrim yenə Azərbaycanda idi. Səmimi deyəcəm, təhsil aldığım
Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasının məzunu və Qara Qarayevin
tələbəsi kimi Türkiyədə çox vicdanla hər iki böyük bəstəkarımızın adına layiq
işləməyə çalışdım. Sevinirəm ki, orada qazandığım uğurlar hər kəs tərəfindən
dəyərləndirildi. Məni Vətən çəkirdi. Bu gün Türkiyədəki tələbələrimlə əlaqə
saxlasam da, burda da qayıdandan sonra çox hörmətli Arif Məlikovun məni işlə
təmin etməsi ürəyimcə oldu, necə deyərlər unudulmadığımı hiss etdim.
- Aydın müəllim, hər bir sənət adamı, o cümlədən də bəstəkar həm öz
müəllimi ilə, həm də yaratdığı əsərlərlə tanınır. Yəni kimin tələbəsi olduğu, nəyə əl
atdığı cəmiyyətin diqqətində olur. Bu mənada sizin keçdiyiniz yol mənim üçün,
eləcə də oxucularımız üçün maraqlıdı.
- Əvvəla mən Qara Qarayevin sonuncu tələbələrindən biriyəm, necə
deyərlər sonbeşiyəm. Onu da deyim ki, Qara Qarayev Üzeyir Hacıbəyovun
bünövrəsini qoyduğu məktəbin bənnasıdı. Onun yaratdığı bəstəkarlıq məktəbi təkcə
sovet dönəmində deyil, bu günün özündə də dünyanın hər yerində qəbul olunur və
tanınır. Çünki Q.Qarayev dünyanın iki-üç ən böyük bəstəkarlarından biridir ki, o
həm bəstəkar kimi, həm də pedaqoq kimi çox yüksək mərtəbəni qazanıb. Hər bir
sənətdə fərd olaraq sənətinin biricisi, yaradıcısı olmaq mümkündü, amma onun
müəllimi olmaq, artıq bu ikinci dahilik, ikinci böyüklükdür. Q.Qarayev də həm
bəstəkar kimi, həm də müəllim kimi çox uca bir zirvədə dayanır. Mənim bəxtimə
Asəf Zeynallı adına musiqi məktəbində Xəyyam Mirzəzadədən, Konservatoriyada
isə Qara Qarayevdən dərs almaq xoşbəxtliyi düşüb. Onu da deyim ki, Üzeyir
Hacıbəyovun xidmətləri o qədər böyükdür ki, hələ bundan sonra on-on beş əsrə də
gedib çatacaq. Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyli, Tofiq Quliyev,
Cahangir Cahangirov və digərləri Üzeyir bəyin məktəbinin davamçıları və
yaşadanlarıdırlar. Təəssüf ki, Qara Qaryevlə onun yaratdığı məktəb bitsə də, digər
bəstəkarlarımız Arif Məlikov, Xəyyam Mirzəzadə və başqaları o məktəbin ikinci
bir həyatını yaratdılar. Və bu gün də həmin məktəb öz fəaliyyətini davam
etdirməkdədir. Qara Qarayevin yaratdığı bəstəkarlıq məktəbi özünün ənənələri ilə
bütün ondan sonrakı dövrlər üçün birmənalı qəbul olunmaq haqqı qazandı. Və
sevinirəm ki, mən də o məktəbin məzunu olmuşam.
- Siz öncə qeyd etdiniz ki, Türkiyədə bəstəkarlıq məktəbini yaradıb, onun
nəzəriyyəsini tələbələrizə öyrətdiniz. Yəni, həyatınızda təkcə yazıb-yaratmaq yox,
həm də öyrətmək mərhələsi də müəyyən yer tutur..
- Bəli, bu doğrudan da məsuliyyətli və çətin bir işdi. Böyük Qara Qarayev
həmişə deyirdi ki, siz oxuyub məktəbi qutaracaq, diplom da alacaqsınız, ancaq əsil
məktəb həyatın özüdü. Siz o məktəbin dərslərini kamil öyrənə bilsəniz, onda
həyatda uğurlar qazana biləcəksiniz və böyük ustadım bunun ardınca onu da
vurğulayırdı ki, mən bağbanam siz isə meyvə tinkləri. Onu becərdikcən qurumuş
budaqlarını kəsdikcə mən sevinirəm, barını görəndə daha da xoşbəxt oluram.
Amma o tink quruyanda, bar verməyəndə ürəyim ağrayır, təəssüflənirəm. Çalışmaq
lazımdır ki, əkib-becərdiyinin barın görəsən. Bu mənada mən də həm Türkiyədə,
həm də bu gün çalışdığım kafedrada hər bir öyrənciyə həmin o sevgiylə, o istəklə
yanaşıram.
- Aydın müəllim, mən sizi daha çox bu gün bizim şövqə gətirən, az qala döyüşə
çağıran himnimizin bərpacısı kimi tanımışam. Ümumiyyətlə yaradıcılıq yolunuz
barəsində nə deyə bilərsiniz?
- Mənim həyatımın ən maraqlı, ən gözəl anlarından biri də böyük Üzeyir
bəylə təmasda olmağımdı. Sovet dönəmində biz "Azadlıq" radiosuna gizli də olsa
qulaq asırdıq. Mən həmin radioda Üzeyir bəyin yazdığı Cümhuriyyət himnin bir
neçə dəfə eşitmişdim. Rəhmətlik Yusif Səmədoğlunun təhriki ilə mən arxivə üz
tutdum. Arxivdə Üzeyir bəyin əsərinin yalnız melodiyaları, cizgiləri qalmışdı.
Böyük həvəslə son dərəcə diqqətlə çalışıb həmin eskizlər üzərində himnimizi bərpa
etdim və bundan da qürur duyuram. O ki, qaldı yaradıcılığa mən xeyli mahnılar,
simfonik əsərlər müəllifiyəm. Simfonik əsərlərim sovet dönəmində SSRİ
Bəstəkarlar İttifaqının Plenumunda, eləcə də dünyanın bir çox möhtəşəm zallarında
və tədbirlərində səslənib. Daha çox isə teatr, eləcə də kinofilmlər üçün musiqilər
yazmışam.
- Aydın müəllim, sirr deyilsə daha çox hansı sənət adamları ilə işləməyə üstünlük
vermisiniz?
- Unudulmaz rejissorumuz Hüseynağa Atakişiyevlə 60-dan çox tamaşaya musiqi
yazmışam, onlardan üçü beynəlxalq festivallarda birinci yer tutub. Bunlar Şandor
Petefinin (bu Macar festivalı idi) "Pələng və kaftar", Brextin "Arturo Uinin
karyerası" və Raço Sayananın "Ustalar" (Bolqar festivalı) əsərləri idi. Sonra
"Romeo və Cülyetta"ya musiqi yazmışam, hətta Şəki teatrı üçün yazdığım musiqi,
bu gün Rusiyanın mədəniyyət naziri olan Şvıdkoy Moskva qostrolundan sonra
"Pravda" qəzetində yazdığı məqalənin böyük bir hissəsini də mənim musiqimə həsr
etmişdi. Bu həmin dövr üçün çox böyük qiymət idi. O cümlədən çox böyük
rejissorumuz olan Mehdi Məmmədovun hazırladığı Hüseyn Cavidin "İblis"
tamaşasına musiqi yazdım və bu tamaşa dövlət mükafatı aldı. Və bir faktı da deyim
ki, bu gün hamının sevdiyi Brillant Dadaşova mənim həmin musiqimdə Çingənənin
mahnısını ifa edibdi. Mənim son dərəcə yaxın dostum olmuş rəhmətlik Vaqif
Mustafazadə mahnılarımın ən gözəl ifaçılarından idi. Onunla birlikdə oxumuşduq
Asəf Zeynallıda. Mən Əhməd Cavadın "Bayrağım" şerinə xor və solist ifası üçün
simfonik əsər də yazmışam. Bu da bundan öncəki qurultayda səslənibdi. Çox
istəyirəm ki, hərb himnin də yazım, ancaq bunun üçün hələlik elə bir uğurlu söz
mətni tapa bilmirəm. Ümumiyyətlə məqsədim dövlətin simvolları ilə bağlı mahnılar
yazmaqdı. Bir şeyi də əlavə edim ki, bu gün Türkiyədə hakimiyyətdə olan baş nazir
Ərdoğan İstanbulun meri olanda mənə müraciət etdi və mən onun sifarişi ilə
"Mehmetlər" marşlarını yazdım. Bu gün də həmin marşlar Türkiyədə ifa olunur və
buna görə çox məmnunam. Və qürur duyuram ki, həmin 6-7 marş Türkiyədə
simfonik orkestrin ifasında səslənir.
- Aydın müəllim, siz şairlərdən kimlərin yaradıcılığına müraciət edirsiniz?
- Daha çox Aşıq Ələsgərin, Nəsiminin, Füzuli, Hüseyn Cavidin, Abbas
Tufarqanlının sözlərinə tez-tez üz tuturam. Mən hazır şer mətninə musiqi yazıram.
Musiqini hazırlayıb, şeri axtarmağı xoşlamıram. Yəni mən bu yolu tutmuşam. Bu
günkü şairlərimizdən Dilsuz Mustafayevin şerlərinə də müraciət etmişəm. Elə ilk
mahnımı da onun şerinə yazmışam, bu da onun ilk mahnısı idi. Həmin vaxtlar bir
yerdə işləyirdik. Mahnı "El içində bir yar sevdim" adlanır. Onu Brillant Dadaşova
oxuyub. Mənim mahnılarımı Flora xanım, Akif İslamzadə ifa ediblər. Rəhman
Əlizadənin sözlərinə də mahnılar yazmışam. Özü də mən mahnını yazandan sonra
onu hər müğənniyə vermirəm. Mütləq o ifanın sahibini axtarıb tapıram, sonra
mahnı ortalığa çıxır. Ümumiyyətlə isə Flora xanımla, Mübariz Tağıyevlə işləmək
çox xoşdur. Aşıq Ələsgərin sözlərinə böyük bir əsər yazmışam, lakin orkestrdə ud
və saz ifaçıları, yəni mənim ürəyim istədiyi səviyyədə hələlik tapa bilmədiyimdən
bu əsərin də ifası hələ öz vaxtını, məqamını gözləyir. Təsəvvür edin ki, mən
Hüseyn Cavidin "İblis"də "Sərməsti eşq ol..." misraları ilə başlayan mahnısını özüm
oxumuşam. Çünki o səsə uyğun ifaçı tapa bilmədim. Ola bilsin ki, bu mənim şəxsi
problemimdi. Hər səsi bəyənmirəm.
- Aydın müəllim, bir məqama da toxunmaq istərdim. Bu gün qəribə bir
mühit yaranıb, necə deyərlər az qala bütün müğənnilər həm mahnının mətnini, həm
musiqisini yazır, həm də ifa edirlər. Biz sözlə musiqi mədəniyyətimizdə bir şou
yaşanır.
- Burada qorxulu heç nə yoxdur. Dünyanın hər yerində bu cür proseslər baş
verib. Zaman özü hər şeyi ələkdən keçirib. Nə yaxşıdırsa, nə dəyərlidisə o
yaddaşda, tarixdə qalır. O ki, qaldı həvəskar bəstəkarlara bu sovet dönəmində də
olubdu və bu gün də həmin həvəskarların bir çox gözəl mahnıları ifa olunmaqdadır.
Professonal bəstəkarların yaradıcılığında qüsurların olması isə bağışlanmaz haldır.
Çünki onlar bu sənətin nəzəriyyəsini də bilirlər, texnikasını da. Onların nöqsana yol
verməyə haqqı çatmır. Mənim çoxlu mahnılarım var, hələki ifaçılarını axtarıram.
Ümumiyyətlə bu gün hay-küy salanların bir gün gələcək ki, "barıtı" qurtaracaq.
Çünki onlar bu günlə, bazarla yaşayırlar. Əsil sənət isə qalacaq. Ona görə də
narahat olmağa dəyməz. Bircə zövqümüzü korlayırlar. Bax, bu bağışlanmaz haldır.
Çünki Səid Rüstəmovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin mahnılarının
yanında bu cür "bəstəçilik" çox ömür sürməz.
- Aydın müəllim, son olaraq bir məsələyə də münasibətinizi öyrənmək
istərdim. Çoxsaylı əsərlərin müəllifi, bəstələri ölkənin hüdudlarından kənarda
səslənən bir bəstəkarın gözdən iraq olması, az-az aranıb axtarılması sizə necə təsir
bağışlayır?
- Doğrusu mən bu cür yanaşma ilə razılaşmıram. Türkiyədə olanda da məni
buradakı dostlarım, musiqi biliciləri arayıb-axtarıblar, indi də axtarırlar. Təsadüfi
deyil ki, Vətənə dönən kimi Arif Məlikov məni işlə təmin etdi. Bunun özü mənə
olan böyük bir diqqətdi. Mənim əsas vəzifəm tələbələrimə bildiklərimi öyrətmək və
yaradıcılığımla məşğul olmaqdır. Qalanları isə hər kəsin öz insafına. Bu mənada
sizə də minnətdaram ki, məni redaksiyanıza dəvət edib, həmsöhbət oldunuz.
İnanıram ki, dediklərim hər kəs tərəfindən anlayışla qarşılanacaq.
Ədalət.- 2008.- 25 yanvar.- S. 4.
Dostları ilə paylaş: |