1
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
M.F.AXUNDOV adına
AZƏRBAYCAN MİLLİ KİTABXANASI
Ekologiya və kitabxanaların qarşısında
duran vəzifələr
BAKI – 2009
2
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
M.F.AXUNDOV adına
AZƏRBAYCAN MİLLİ KİTABXANASI
EKOLOGİYA VƏ KİTABXANALARIN QARŞISINDA
DURAN VƏZİFƏLƏR
Respublikanın kütləvi və ixtisaslaşdırılmış
kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana
Sistemləri üçün metodik tövsiyələr
BAKI – 2009
3
İxtisas redaktoru və buraxılışa məsul: K.Tahirov
Tərtibçi:
N.Alışova
Redaktor:
G.Səfərəliyeva
Ekologiya və kitabxanaların qarşısında duran vəzifələr
/ixtisas red.və bur.məsul K.Tahirov; tərt. ed. N.Alışova;
red. G. Səfərəliyeva; M.F. Axundov adına Azərbaycan Milli
Kitabxanası.- B., 2009.- 55 s.
© M.F.Axundov adına Milli Kitabxana, 2009
4
Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar
olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti
çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın
düşmənidir. Ona görə də qurub yaradın.
Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri
5
GİRİŞ
Təzadlarla
zəngin olan planetimizdə bütün digər elmlər
kimi ekologiya elminin də özünəməxsus kökləri və yaranma
tarixi vardır. Əsasən üzvü aləmdən bəhs edən ekologiya elmi
zaman-zaman həyatın zərurətindən doğan problemlərin
məhsulu kimi daim inkişaf edib bir çox qollara şaxələnərək
təkmilləşib, müxtəlif istiqamətlərə ayrılmışdır.
İkinci dünya müharibəsindən sonra bəşəriyyət bir daha
yəqin etdi ki, insanı təbiətdən ayrı dərk etmək olmaz. Çünki
təbiət anadır, insan isə onun övladıdır. Övlad anasının qədrini
bilməlidir. İnsanlığın əsas göstəricilərindən biri onu yaradıb
bəsləyənə hörmətdir. Son illərdə bütün dünyada insanı yaşadan
təbiətin həyəcan təbili çalınmaqdadır. Buna səbəb isə insanlar
tərəfindən vəhşicəsinə istifadənin nəticəsi olan atmosferdə
ozon dəliyinin əmələ gəlməsini, meşələrin qırılmasını, çirkab
tullantıların axar sulara və dənizlərə axıdılmasını, kimya
zavodlarının zərərli qazlarının havaya buraxılmasını və bir çox
səbəbləri göstərmək olar. Təbiətə, onun sərvətlərinə mənfi
münasibət XX əsrdə sanki özünün pik və kulminasiya
nöqtəsinə çatmışdır. Nəticədə ətraf aləm, canlı və cansız təbiət
güclü dəyişikliyə məruz qalmış, bir çox heyvan və bitki
növlərinin kökü kəsilmiş, bəziləri isə məhv olmaq ərəfəsində
olduqları üçün artıq “Qırmızı kitab”a düşmüşlər.
Hazırda dünyanın bütün ölkələrində ərzaq, içməli su,
zülal aclığı problemi, iqlim dəyişikliyi, demoqrafik partlayış
və digər qlobal problemlər başlayıb, ekoloji tarazlığın
pozulması yeyinti məhsullarını yararsız hala salıb, insanlar və
heyvanlar arasında ağır müalicə olunan keçici xəstəliklər
əmələ gəlib.
Ona görə də insanlar təbiəti qoruyub saxlamaq üçün
qlobal miqyaslı tədbirlər hazırlayıb həyata keçirməyə
məcburdurlar.
1972-ci il iyunun 5-də Stokholmda BMT-nin “Ətraf
mühitin mühafizəsi problemlərinə dair” konfrans keçirildi və
burada BMT-nin “Ətraf mühit haqqında Proqramı” qəbul