Microsoft Word geologiya-1-2011. doc



Yüklə 105,5 Kb.
Pdf görüntüsü
tarix07.04.2018
ölçüsü105,5 Kb.
#36436


 

 

125



UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1                                Təbiət elmləri seriyası                                 2011 

 

 

 

 

GEOLOGİYA

 

 

 

UOT 550.42 

ƏTRAF MÜHİTİN VƏZİYYƏTİNİN GEOKİMYƏVİ 

QİYMƏTLƏNDİRİLMƏSİNİN ƏSAS MƏSƏLƏLƏRİ 

 

V.M.BABAZADƏ*, H.S.BAĞIROV**, S.A.İSAYEV*, F.M.BABAYEV* 

*Bakı Dövlət Universiteti 

**Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

sokrat-paleo@rambler.ru 

 

Texnogen təsir şəraitlərində ətraf mühitin və onun komponentlərinin kimyəvi tərkibinin 



dəyişmə qanunauyğunluqlarının müəyyən edilməsi təbiətşünaslığın ən mühüm məsələlərindən 

biridir. Biosferin geokimyəvi öyrənilmə istiqamətlərinin gələcək inkişafına gətirib çıxaran 

uzlaşma geokimyəvi ekologiya, landşaftların geokimyası  və ekoloji geokimya kimi elmi 

fənnlərin ümumi səylərinə əsaslanmalıdır. Onlar müxtəlif mövqelərdən landşaftların kimyəvi 

tərkibini, müxtəlif mühitlərdə kimyəvi elementlərin miqrasiya proseslərini, canlı orqanizmləri 

və təbii amillərin təsirinə onların reaksiyasını öyrənir, ətraf mühitin vəziyyətinin geokimyəvi 

qyimətləndirmə  məsələlərini həll edir. Ətraf mühitin vəziyyətinin kəmiyyətcə qiymətləndiril-

məsinin mühüm şərti kimyəvi elementlərin yerdəyişməsinə onların mövcudluq (tapılma) 

formaları, həmçinin biosferin müxtəlif hissələrində elementlər arasında dəyişən qarşılıqlı 

münasibətlər nəzərə alınmaqla, müasir atom-ion səviyyəsində baxılma zərurətidir. 

 

 

Açar sözlər: geokimyəvi ekologiya, texnogenez, kimyəvi tərkib, biosfer. 

 

Landşaftın geokimyası elminin başlıca konsepsiyaları V.İ.Vernadski və 



B.B.Polınovun aşağıdakı ideyaları üzərində formalaşmışdır: canlı maddənin 

təbii landşaftda və bütövlükdə biosferdə atomların miqrasiyasında aparıcı rolu, 

elementlərin geokimyasının onların klarkları ilə  əlaqəsi, tarixilik, dövranlar 

ideyası, landşaft-geokimyəvi sistemlər və geokimyəvi baryerlər haqqında ba-

xışlar, elementlərin geokimyəvi təsnifatının yeni prinsipləri. M.A.Qlazovska-

yanın və A.İ.Perelmanın bu elmin metodologiyası  və metodikasının  ən  əsas 

problemləri üzrə  əsərləri landşaft geokimyasının inkişafı üçün böyük əhə-

miyyətə malikdir (elementar və yerli landşaftların təsnifatı, landşaft-geokim-

yəvi proseslər haqqında baxışların inkişafı, landşaft-geokimyəvi rayonlaşdır-

manın  əsaslarının, texnogen landşaftların geokimyası  nəzəriyyəsinin işlənil-

məsi [5]. 



 

 

126



Atomlar haqqında olan bütün elmlər kimi, landşaft geokimyası da tez-

liklə inkişaf etmiş  və yeni praktiki tətbiq sahələrini  əldə etmişdir. Son üç 

onilliklərdə ətraf mühitin problemləri aparıcı əhəmiyyət kəsb etmişdir. Hazırda 

landşaftın geokimyası, bütövlükdə geokimya elmi kimi, üç metodoloji yanaş-

manı istifadə edir. Birinci – kimyəvi elementlərin müxtəlif landşaftlarda miq-

rasiya proseslərinin öyrənilməsi; ikinci – sistemli yanaşma olaraq, biosferin və 

bütövlükdə noosfer landşaftlarının, elementar və geokimyəvi landşaftları 

tiplərinin, elementlərin paragen assosiasiya xüsusiyyətlərinin tədqiqi; üçüncü – 

ayrı-ayrı elementlərin geokimyası, – burada tədqiqat obyekti konkret kimyəvi 

elementdir və əsas məsələ onun müxtəlif proseslərdə və sistemlərdə (təbii və 

texnogen geokimyəvi landşaftlarda, biosferdə  və noosferdə) özünü apar-

masıdır. Tətbiqi məsələlər içərisində başlıca diqqət  ətraf mühitin çirklən-

məsinə yönəldilmişdir [1-3, 5]. 

Landşaft geokimyası, elmin, fiziki coğrafiyanı  və geokimyanı  əlaqə-

ləndirən sərhəd sahəsidir, eyni zamanda bu əlaqə ikitərəfli xarakterə malikdir: 

landşaftın dərk edilməsi üçün təkcə geokimyəvi proseslərin təhlili mühüm 

deyildir, geokimyəvi proseslərin özünün dərk edilməsi də landşafta bağlılığı, 

landşaftın hərtərəfli öyrənilməsini tələb edir. Geokimyəvi qiymətləndirmə 

ətraf mühitin komponentlər üzrə öyrənilməsi mövqeyindən yerinə yetirilir. 

Kimyəvi elementlərin coğrafi örtükdə miqrasiyasının bilavasitə amilləri, onun 

həmişə birlikdə  fəaliyyət göstərən və geokimyəvi proseslərin fəal miqrant-

larının tərkibini, sürətini, istiqamətini və başqa xüsusiyyətlərini məcmu olaraq 

təyin edən komponentləridir.  İqlim enerjinin və rütubətin landşafta daxil ol-

masını müəyyən edir. Orqanizmlərlə transformasiya edilən Günəş radiasiyası 

geokimyəvi proseslərin enerjisinin ən mühüm mənbəyidir. Temperatur 

şəraitləri kimyəvi reaksiyaların sürətinə təsir edir. 

Landşaft – ümumi anlayışdır, coğrafi örtüyün hissəsidir; həmin hissədə 

fiziki-coğrafi şəraitlər (iqlim, relyef, ana süxurlar, aşınma məhsullarının xarak-

teri, boş süxurların tərkibi, qrunt və  səth suları, torpaq, bitki) yekcins olaraq 

qalır və qanunauyğun olaraq təkrarlanır, yaxud fiziki-coğrafi şəraitlərin dəyiş-

diyi halda, onların qanunauyğun təkrar olunan uyğunlaşması  ərazinin bütün 

davamiyyəti üzrə müşahidə olunur. Beləliklə, landşafta bir neçə on, yaxud yüz 

kvadrat metrlərlə ölçülən və relyefin hər hansı bir elementindən ibarət (mə-

sələn, qalıq yüksəkliyin zirvəsi, çayın terrası, delyuvi şleyfi və s.), bir süxuru, 

yaxud gətirmə çöküntüləri, yekcins torpaq və bitki örtüyü olan çox kiçik ərazi 

aiddir.  İrimiqyaslı  tədqiqatçılar zamanı  hər hansı  ərazini belə elementar 

landşaft vahidlərinə, yaxud B.B.Polınovun adlandırdığı kimi, elementar land-

şaftlara (İ.V.Larinə görə mikrolandşaft, L.S.Berq və N.A.Solnseva – «fasiya», 

V.N.Sukaçev – «biogeosenoz», M.A.Qlazovskaya – «elementar landşaft – 

geokimyəvi sistem») ayırmaq olar ki, bunlar relyefin müxtəlif elementlərinə 

mənsubdur və müxtəlif qalınlığa malikdir. Landşaftın qalınlığının dəyişməsi 

drenlənmə zonasında olan qrunt sularının yatma dərinliyi ilə  təyin olnur. 




 

 

127



Elementar landşaft hüdudunda bütün davamiyyət üzrə onun bütün kompo-

nentləri arasında (süxurlar, aşınma məhsulları, su, torpaq, bitki) geokimyəvi 

münasibətlər dəyişməz qalır, kimyəvi elementlərin müəyyən miqrasiya tipi 

yaranır və elementlərin konsentrasiya və yayılma qanunauyğunluqları daimi 

olur (landşaftın mövcudluğunun hər bir məlum anında). 

Hər bir elementar landşaftı kimyəvi elementlərin müəyyən miqdar sə-

viyyələri ilə geokimyəvi vertikal profilin müəyyən tipi ilə  səciyyələndirmək 

olar. Elementar landşaftların bütün müxtəlifliklərinə baxmayaraq, onları miq-

rasiya şəraitlərinə görə üç başlıca tipə bölmək olar: elyuvial, yaxud avtonom – 

relyefin yüksək elementlərinin landşaftları; superakval, yaxud hidromorf – 

qrunt sularının yaxın səviyyədə olduğu yerli enişlərin tabeli landşaftları; yerli 

hövzələrin subakval tabeli landşaftları. Yekcins geoloji quruluşlu və vahid 

formalaşma tarixi olan yer hüdudunda saydığımız üç elementar landşaftın 

məcmusunu elementar landşaftların geokimyəvi sırasını, yaxud B.B.Polınovun 

(1956) adlandırdığı kimi, yerli geokimyəvi landşaftı  əmələ  gətirir. Hər bir 

geokimyəvi landşaft hüdudunda elyuvial və tabeli superakval və akval ele-

mentar landşaftlar arasında geokimyəvi  əlaqə mövcuddur. Sonuncu hal isə 

geokimyəvi axtarışlar üçün böyük əhəmiyyət kəsb edir, çünki geokimyəvi 

landşaftlar daxilində elementlərin miqrasiya qanunauyğunluqları törəmə oreol-

ların və yayılma axınlarının tipini müəyyən edir [1, 3].  

Əlbəttə, morfoloji və tipoloji vahidləri müəyyən etmədən proseslərin ge-

dişini, landşaft komponentləri arasında qarşılıqlı əlaqəni aşkar etmək çətindir. 

M.A.Müseyibov (1971, 2003), kompleks əlamətləri ilə (növdaxili, relyef, 

qrunt suları, torpaq, bitki) ətraflardan fərqlənən xarakter sahələri mərz (uroçiş) 

kimi xəritələmişdir. Mərz və fasiya fərdi taksonomik vahidlərini bütün land-

şaftşünaslar birmənalı olaraq qəbul edirlər. Fasiyanı elementar landşaft hesab 

etsək, mərz pilləsini geokimyəvi landşafta uyğun tutmaq olar [4]. 

Litosferin geokimyəvi ekoloji funksiyalarının  əsas fərqli xüsusiyyəti 

onun tibbi-sanitar yönümlü olmasıdır. Bunun nəticəsində onun öyrənilmə 

sferinə (sahəsinə) elə geokimyəvi müxtəlifliklər daxil olur ki, onlar biotanın, o 

cümlədən, bir bioloji növ kimi – insanın vəziyyəti və  həyat fəaliyyəti üçün 

potensial təhlükədir, yaxud əksinə, canlılar üçün ən yüksək komfortabelliliyi 

təmin edir. Ekoloji-geokimyəvi tədqiqatların funksional ərazi (daha dəqiq – 

həcm) vahidləri geokimyəvi zonalar, geokimyəvi  əyalətlər və geokimyəvi 

anomaliyalardır; onlar «litosferin geokimyəvi müxtəlifliyi» kimi ümumi ad 

altında birləşdirilə bilər. Onların belə ierarxiyası litosferin geokimyəvi xassə-

lərini planetar (zonalar), regional (əyalətlər) və lokal (anomaliyalar) səviyyə-

lərdə öyrənməyə və təsvir etməyə imkan verir. Deyilənlər tam olaraq biogeo-

kimyəvi zonalara, əyalətlərə və anomaliyalara da aiddir, onları litosferin geo-

kimyəvi ekoloji funksiyalarının tədqiq edilməsi zamanı öyrənmək lazım gəlir. 

Litosferin geokimyəvi müxtəlifliyi elementlərin fonla müqayisədə  həm 

yüksək, həm də aşağı miqdarı ilə şərtlənə bilər. Depozitə edən mühitdən asılı 




 

 

128



olaraq aşağıdakı geokimyəvi müxtəlifliklər ayrılır: litokimyəvi – süxurların, 

torpaqların, dib çöküntülərinin, texnogen qruntların tərkibindən asılı olan; 

hidrogeokimyəvi – yeraltı sulardan; atmokimyəvi – torpaqların, süxurların, 

yeraltı suların qaz tərkbindən; biokimyəvi – biotadan asılı olan. 

Mənşə etibarilə litosferin geokimyəvi müxtəliflikləri içərisində  aşağı-

dakıları ayırmaq olar: təbii (təbii-tarixi) – planetin geoloji həyatı gedişində for-

malaşanlar; təbii-texniki (yeni yaranmışlar) – texnogenez zamanı  təbiəti mü-

hafizə tədbirlərinin aşağı səviyyədə tətbiq edilməsi, yüksək tullantılı texnolo-

giyanın istifadə edilməsi nəticəsində formalaşanlar. Onları zaman aspektində 

nəzərdən keçirdikdə, daha sabit olanlara təbii litokimyəvi anomaliyaları, əya-

lətləri və zonaları aid etmək olar. Geokimyəvi müxtəlifliklərin digər tipləri 

zaman üzrə böyük tərkib dəyişmələrinə malikdir ki, bunlar fiziki-kimyəvi, 

biogeokimyəvi, geodinamik, texnogen şəraitlərin kompleksindən asılıdır. 

Litosferin geokimyəvi funksiyasına biogeokimyəvi məzmunun daxil edilməsi 

onunla izah edilir ki, biogeokimyəvi funksional vahidlər litosferin geokimyəvi 

xassələrindən asılıdır, element daşıyıcıları isə bitkilərdir. Ona görə də biogeo-

kimyəvi müxtəlifliklərin belə mövqelərdən ekoloji-geokimyəvi tədqiqatların 

strukturuna salınması  nəinki özünü doğruldur, həm də vacibdir. Geokimyəvi 

müxtəlifliklərin ayrı-ayrı genetik tiplərində elementlərin qeyd olunan diferen-

siasiya xüsusiyyətlərini regionlarda ekoloji siyasətin düzgün işlənib hazırlan-

ması üçün nəzərə almaq lazımdır. Belə ki, texnogen mənşəli litokimyəvi 

anomaliyalar təbiilərdən fərqli olaraq, elementlərin profil üzrə paylanmasında 

səthə yaxın mövqeyə malikdir və geoloji mühitin çirklənmədən təmizlənmə-

sinin müxtəlif üsullarının istifadə edilməsi hesabına xeyli dərəcədə aradan 

qaldırıla bilər [6-7, 9]. 

Qeyd edək ki, ekoloji-geokimyəvi tədqiqatlar zamanı litosferin kimyəvi 

elementlərinin biotaya və insana – ilk növbədə onun sağlamlığına təsir yol-

larının aşkar olunması çox mühümdür. Belə təsirin üç əsas yolu ayrılır: hava-

toksikantların qaz, yaxud aerozol şəklində insan orqanizminə düşməsi; su – 

içməli su təchizatı üçün istifadə olunan yeraltı sulardan; qida – trofik zəncir 

üzrə bitkilərdən heyvanlara və insana. Onlar əksər hallarda birlikdə, yaxud cüt 

kombinasiyalarda təzahür etməklə, geokimyəvi amillərin təsir zonasında 

yaşayan əhaliyə neqativ təsiri gücləndirir. 

Ətraf mühitin vəziyyətinin geokimyəvi qiymətləndirilməsi zamanı kim-

yəvi elementlərin miqrasiya proseslərinin öyrənilməsi mühüm əhəmiyyət kəsb 

edir. Demək olar ki, bütün miqrasiya prosesləri su məhlullarında baş verir. 

Kimyəvi aşınma rütubətsiz mümkün deyildir. Geokimyəvi proseslərin xarak-

teri daha çox, landşaftda təbii suların mövcudluq formalarından, onların fiziki-

kimyəvi xassələrindən və  hərəkətindən asılıdır. Öz növbəsində saydıqlarımız 

iqlimlə, üzvi aləmlə, relyeflə və landşaftın başqa komponentləri ilə müəyyən 

olunur. 

Süxurlar miqrasiyaya cəlb oluna bilən elementlərin başlıca mənbəyidir. 




 

 

129



Bu zaman bu və ya digər kimyəvi elementin nə qədər ümumi ehtiyatları deyil, 

o qədər onun süxurlarda tapılma formaları  və  həmin kimyəvi elementin 

mütəhərrikliyinin (çevikliyinin) asılı olduğu süxur xassələri mühümdür. Hətta 

çox çevik elementlər belə (məs., natrium kimi), əgər aşınmaya çətin uğrayan 

süxurların tərkibindədirsə, onlar praktiki olaraq zəif miqrasiya qabiliyyətinə 

malik olacaqlar. Süxurlarda asan həll olan duzların mövcudluğu,  əksinə, uy-

ğun kimyəvi elementin miqrasiya qabiliyyətini kəskin surətdə yüksəldir. 

Süxurların yatım  şəraitləri dolayı yolla – səth və yeraltı suların hərəkətinin 

sürətinə  və istiqamətinə, həmçinin miqrasiya intensivliyinə  təsir göstərir. Bir 

çox kimyəvi elementlərin çevik, orqanizmlər üçün əlverişli (asan) formalarının 

çatışmazlığı, yaxud izafiliyi canlı orqanizmlərin müxtəlif funksiyalarının 

pozulmasında, onların normal inkişafının ləngimələrində ifadə olunan 

biogeokimyəvi anomaliyaların yaranmasına səbəb olur. 

Geokimyəvi amil kimi mühüm rol V.İ.Vernadskiyə görə, xüsusilə orqa-

nizmlərə – «canlı maddəyə» məxsusdur. Bu rol ondan ibarətdir ki, birincisi, 

məhz orqanizmlər, fotosintez prosesində Günəş enerjisini istifadə edərək, onu 

geokimyəvi proseslərin potensial və kinetik enerjisinə çevirirlər, ikincisi, 

orqanizmlər, demək olar ki, bütün elementləri bioloji dövrana cəlb edir, onları 

yenidən paylaşdırır, seçir və konsentrasiya edir, bununla da coğrafi örtüyün 

bütün üç geosferinin tərkib və quruluşunu dəyişirlər. 

Geokimyəvi proseslərin xarakteri və intensivliyi bilavasitə canlı mad-

dənin kütləsindən, onun illik məhsuldarlığından, orqanizmlərin ekoloji və 

bioloji xüsusiyyətlərindən, onların müəyyən kimyəvi elementləri seçməklə 

udma qabiliyyətindən və başqa xassələrindən asılıdır. Lakin üzvi aləmin bütün 

bu xassələri landşaftlar üzrə dəyişir. Hər bir landşafta biosenozların müəyyən 

toplusu xasdır, həm də ona kimyəvi elementlərin miqrasiyasının xüsusi tipi uy-

ğun gəlir. Məsələn, canlı maddənin daha böyük kütləsinin fəaliyyəti nəticə-

sində meşə landşaftlarında sular üzvi maddə ilə  zəngindir, maddələr dövranı 

yüksək intensivliklə  fərqlənir, ona kimyəvi elementlərin  ən böyük miqdarı 

cəlb olunur. Bioloji məhsuldarlığın asılı olduğu səhra landşaftlarında biogen 

dövran zəifdir, onda nisbətən az miqdar element iştirak edir. 

Relyefin geokimyəvi  əhəmiyyəti ondan ibarətdir ki, o, suların hərəkət 

istiqamətini istiqamətləndirir və beləliklə də, landşaftdan kimyəvi elementlərin 

çıxarılma intensivliyini (başlıca olaraq, asılı halda) və onların landşaft 

daxilində yenidən paylanmasını yerinə yetirir. Landşaftda elyuvial, suüstü və 

sualtı yerlərin (və uyğun fasiyaların) mövcudluğu relyeflə müəyyən olunur. 

Drenajın intensivliyi, bununla da – oksidləşdirici-bərpaedici şəraitlər relyefdən 

asılıdır. Alçaq düzən relyef rütubətin durğunluğuna səbəb olur, bu da izafi 

rütubətli iqlimdə sularda sərbəst oksigenin çatışmazlığına gətirib çıxarır və 

bərpaedici mühit yaradır. Parçalanmış relyefdə axın tez gedir, sular sərbəst 

oksigenlə  zəngindir, onlarda oksidləşdirici proseslər üstünlük təşkil edir. Be-

ləliklə, coğrafi örtüyün müxtəlif hissələrində kimyəvi elementlərin miqrasiya 




 

 

130



xüsusiyyətləri landşaftın bütün komponentlərin məcmusu ilə, yəni bütövlükdə 

landşaftla təyin olunur. Landşaftların geokimyəvi diferensiasiyası ümumi 

zonal və azonal coğrafi qanunauyğunluqlara tabedir [8]. 

Ətraf mühitin geokimyəvi vəziyyətinin qiymətləndirilməsi keyfiyyət və 

kəmiyyətcə ola bilər. Kəmiyyət etibarilə qiymətləndirmənin  əsasını landşaft-

geokimyəvi xəritələmə təşkil edir. Geokimyəvi landşaft xəritələri ətraf mühitin 

vəziyyətini, onların tərtib edilmə dövrü üçün, obyektiv və kompleks olaraq əks 

etdirir. Belə qiymətləndirmənin kompleksliyi işlərin metodikası ilə təmin olun-

muşdur, onların yerinə yetirilməsində  həm «texnogen yükün» xüsusiyyətləri, 

həm də biosferin ayrı-ayrı bloklarının bioloji (botanik), torpaq, geomorfoloji, 

atmosfer və geoloji xüsusiyyətləri nəzərə alınır. Qiymətləndirmənin obyekt-

liliyi də  tədqiqatların metodikasında nəzərdə tutulur, yəni antropogen fəaliy-

yətlə  əlaqədar törəyə bilən bütün dəyişikliklər keyfiyyətcə  hər bir klassifi-

kasiya səviyyəsində qeyd olunur. Qeyd etmək lazımdır ki, geokimyəvi landşaft 

xəritələrinin tərtib edilməsinin əsası üçün landşaftı təşkil edən və elementlərin 

(onların birləşmələrinin) miqrasiya xüsusiyyətlərini müəyyən edən ayrı-ayrı 

biokos sistemlər arasında olan mürəkkəb  əlaqə qanunauyğunluqları  nəzərə 

alınır. Geokimyəvi landşaftların müxtəlif hissələrində (mərtəbələrində) antro-

pogen dəyişmələrin tədrici inkişafının, landşaftda antropogen dəyişmələrin 

inkişaf qanunu ilə müəyyən olunan xüsusiyyətləri də nəzərə alınır. 

Geokimyəvi landşaftların xəritəsini tərtib etdikdən sonra öyrənilən ra-

yonda konkret dəyişmələrin inkişaf meyllərinin təyin edilməsinə başlamalıdır. 

Bu meylləri hər hansı konkret prosesin getməsi üzrə olan nəticələrin müəyyən 

edilməsi zamanı  aşkar etmək olar. Müəyyən keyfiyyət dəyişmələrinin inki-

şafında aşkar olunmuş meyllər sonrakı ekoloji-geokimyəvi işlərin aparılmasını 

əsaslı surətdə planlaşdırmağa imkan verir. Sonra ətraf mühitin vəziyyətinin, 

yaxud hər hansı texnogen və  təbii proseslərin bilavasitə keyfiyyətcə qiymət-

ləndirilməsi aparılmalıdır. Bunun üçün geokimyəvi landşaftların xəritələri 

üzərində mövcud təbii  şəraitlər üçün qeyri-adi olan geokimyəvi landşaftları 

ayırmaq zəruridir. Onları anomal adlandırırlar. Bəzən bir-biri ilə məkan, yaxud 

mənşə etibarı ilə bağlı olan anomal landşaftları ayrı-ayrı anomal zonalarda 

birləşdirirlər. Belə landşaftların və zonaların ayrılmasını  ərazilərin ilkin təd-

qiqatlarının nəticələri üzrə keyfiyyətcə qiymətləndirilməsinin  ən mühüm 

sonluğu kimi hesab etmək olar [1, 8]. 

Ərazinin ekoloji-geokimyəvi vəziyyətinin təkrar qiymətləndirilməsi 

aparıldıqdan sonra (faktiki olaraq, bu, monitorinq tədqiqatlarının başlanğıcıdır) 

alınan məlumatları ilk tədqiqatların nəticələri ilə müqayisə etmək olar, yəni iki 

ekoloji-geokimyəvi tədqiqatlar arasında olan vaxt ərzində baş vermiş təbii və 

antropogen proseslərinin nəticələrinin keyfiyyətcə qiymətləndirilməsinə keç-

mək olar. Belə ki, əksəriyyət hallarda ayrı-ayrı müəssisələrin, yaxud öz təsirini 

həmin vaxt müddətində başlamış  hər hansı proseslərin  ətraf mühitə uzun 

müddətli (təsirin  əvvəlindən mühitin vəziyyətinin sonuncu qiymətləndirmə 




 

 

131



vaxtına kimi) təsirinin nəticələrini qiymətləndirmək olar. Qeyd olunan (iki) 

tədqiqatlar arasında təsir göstərən bütün təbii və antropogen amillərin cəm 

təsirinin nəticələrini də təyin etmək mümkündür. 

Ətraf mühitin vəziyyətinin kəmiyyətcə qiymətləndirilməsində element-

lərin müxtəlif miqrasiya növlərinin qarışıq, mürəkkəb mənzərəsini nəzərə 

almaq lazımdır. Qeyd edildiyi kimi, biosfer üçün fiziki-kimyəvi proseslərin və 

mineral (kos) materialın məxsusi mexaniki miqrasiyasının canlı orqanizmlərin 

geokimyəvi işinin nəticəsi olan biogen miqrasiya ilə bir-birinə keçməsi 

səciyyəvidir. Lakin hazırda biosfer sürətlə noosferə keçir – V.İ.Vernadskinin 

müəyyən etdiyinə görə, bu, planetimizdə yeni geoloji hadisədir. Ona görə də 

mənimsənilən və artıq mənimsənilmiş rayonlarda ətraf mühitin vəziyyətinin 

qiymətləndirilməsi yalnız kompleks tədqiqatların aparılması nəticəsində müm-

kündür. Ətraf mühitin vəziyyətinin kəmiyyətcə qiymətləndirilməsinin mühüm 

şərti kimyəvi elementlərin yerdəyişməsinə onların mövcudluq (tapılma) for-

maları, həmçinin biosferin müxtəlif hissələrində elementlər arasında dəyişən 

qarşılıqlı münasibətlər nəzərə alınmaqla, müasir atom-ion səviyyəsində ba-

xılma zərurətidir. 

Ətraf təbii mühitin vəziyyətinin kəmiyyətcə qiymətləndirilməsi və xü-

susilə  də onun konkret polyutantlarla çirklənməsinə yol verməmək, yaxud 

onun yaxşılaşdırılması üzrə müəyyən ölçülərin (o cümlədən, inzibati) qəbul 

edilməsi üçün geokimyəvi landşaftların müxtəlif hissələrində çirkləndirici 

maddələrin yoxlama (nəzarət) qiymətlərini bilmək vacibdir. Bu, onun müxtəlif 

hissələri üçün, yol verilən konsentrasiya (qatılıq) (YVK, rus dilində  ПДК) 

adını almış yoxlama-nəzarət qiymətlərinin müəyyən edilməsini vacib say-

mışdır. Biosferi çirkləndirən maddələrin yol verilən konsentrasiyaları bir çox 

ölkələrdə normallaşdırıcı göstəricilər kimi daxil (qəbul) edilmişdir. Vahid 

YVK, o vaxtlar SSRİ kimi nəhəng ərazi üçün, sonradan Rusiya üçün də tətbiq 

olunub. YVK-lə yanaşı başqa (həmçinin normalaşdırıcı) göstəricilər, məsələn, 

ayrıca mənbə tərəfindən zaman vahidi ərzində çirkləndirici maddələrin yol ve-

rilən tullantısı (YVT) daxil edilmişdir. YVT, yüksəlməsi nəzəri cəhətcə qəbul 

edilən çirklənmə  mənbəyini  əhatə edən mühitdə YVK yüksəlməsinə  gətirib 

çıxarmalıdır. Bundan başqa, YVT təyin olunması zamanı çirklənmə mənbələ-

rinin birlikdə yerləşməsinin mümkün uzlaşmalarının bütün müxtəlifliyi nəzərə 

alınmır. Ekoloji geokimya və ümumiyyətlə, ekoloji baxımdan YVK praktiki 

fəaliyyətdə yalnız ilkin göstəricilər – oriyentirlər kimi istifadə edilə bilər. 

Hal-hazırda yol verilən konsentrasiyalara, insanı  əhatə edən mühitdə 

müxtəlif maddələrin miqdar normaları kimi baxılır. Belə miqdar normaları 

şəraitində insan, biosferin YVK təyin edilmiş hissələrində öz mövcudluğunu 

təhlükəsiz hesab edə bilər. Bu halda mövcudluq dedikdə, YVK təyin olunmuş 

rayonlarda yaşamaq, yaxud orada yalnız iş vaxtı olmaq başa düşülür. YVK 

müəyyən edilmiş məhsullardan və sudan istifadə də bura daxildir. Deyilənlər 

YVK ətraf mühitin bir sıra çirkləndiricilərinin (çox da ən təhlükəli olmayan) 




 

 

132



insan orqanizminə sürətli təsirinin yalnız bir və çox vaxt ən mühüm olmayan 

göstəricisi kimi baxmağa imkan verir. YVK çox müxtəlif konsentrasiyalarda 

olan müxtəlif kimyəvi elementlərin (onların zəhərli birləşmələrinin) insana 

birlikdə  təsir nəticələri tamamilə aydın deyildir və praktik olaraq nəzərə 

alınmır. Beləliklə, geokimyəvi cəhətcə bir-birinə oxşar elementlər üçün 

onların həm birinin nisbi (orta miqdarla müqayisədə) miqdarı həddindən artıq 

mühüm rol oynayır, çünki bu elementlərdən birinin eyni konsentrasiyası bir 

halda zəhərli olur, digər halda isə tamamilə zərərsiz. Yüksək, yaxud aşağı yerli 

fon miqdarlı böyük ərazilər (ayrı-ayrı rayonları  və  hətta bütöv geokimyəvi 

əyalətləri daxil edən) üçün, bir neçə kimyəvi elementin birlikdə zəhərli təsiri 

mövqeyindən, YVK işlənilməsi mümkün hesab edilə bilməz. 

Kimyəvi elementlərin və onların birləşmələrinin zəhərliliyi yalnız kon-

sentrasiyadan deyil, həm də onların biosferdəki mövcudluğunun formasından, 

çox vaxt isə növündən asılıdır. Belə ki, torpaqlarda əksər kimyəvi elementlər 

mineral formada olur. Mineral nə qədər çətin həll olunandırsa, onu təşkil edən 

kimyəvi elementlər orqanizmlər üçün o qədər az ələ keçə – mənimsənilə 

biləndir və deməli, hətta yüksək konsentrasiyalarda belə, onların zəhərli təsiri 

azdır. Süxurların müxtəlif tiplərində kimyəvi elementlərin təbii paylanması 

həddindən artıq qeyri-bərabərliklə fərqlənir. Orqanizmə düşən hər hansı kim-

yəvi element müəyyən konsentrasiyada və mövcudluq (tapılma) formasında 

zəhərli ola bilər. Qeyd etmək lazımdır ki, insan da daxil olmaqla, bütün canlı 

orqanizmlər üçün «faydalı» və «zərərli» kimyəvi element yoxdur. Orqanizmin 

normal inkişafı üçün bütün elementlər – biosferin müxtəlif hissələrində onların 

yalnız müəyyən konsentrasiyalarında və mövcudluq formalarında olduqda – 

vacibdir. Həm də  bəzi elementlər böyük, digərləri isə az konsentrasiyalarda 

lazımdır. 

Son onilliklərdə biosferdə, təbii analoqları olmayan texnogen birləşmələr 

get-gedə daha böyük rol oynamağa başlamışdır [1]. Onların bir çoxu üçün 

zəhərlilik və onun təzahür vaxtı  hələ  də  məlum deyildir. Ozon təbəqəsinin 

qalınlığına, son halda isə orqanizmlərin yaşamasına təsir edən freonun və onun 

parçalanma məhsullarının öyrənilməsi klassik misaldır. Texnogen birləş-

mələrin  əksəriyyəti üçün YVK yoxdur və yaxın vaxtlarda onları təyin etmək 

mümkün deyildir. YVK elementlərin, yaxud onların müəyyən birləşmələrinin 

zəhərli olmasını insana görə nəzərə alır. Belə ki, onların başqa orqanizmlərə, o 

cümlədən mikroorqanizmlərə  təsiri nəzərə alınmır, həmçinin mühüm bir 

məsələni nəzərə alınmalıdır ki, biosfer, canlı orqanizmlərin və mineral (kos) 

maddələrin sıx əlaqədə və qarşılıqlı asılılıqda olduğu xüsusi biokos sistemdir. 

Ekoloji, geoekoloji və s. tədqiqatlarla məşğul olanların təcrübi fəaliyyətində 

YVK istifadəsinin məhdudlaşdırılması barəsində danışmaqla yanaşı, onların 

nəzərinə, yol verilən konsentrasiyaların, konkret təbii şəraitlərdə daha münasib 

göstəricilərini təklif etmək lazımdır. 

Ayrı-ayrı iri regionlar üçün belə normalaşdırıcı göstəricilər kimi, konkret 




 

 

133



geokimyəvi landşaftlarda – torpaqlarda, səth və yeraltı sularda, yabanı bit-

kilərin əsas növlərində kimyəvi elementlərin yerli fon miqdarları istifadə oluna 

bilər. Yerli fon miqdarlarını öyrənilənlərə analoji olan, lakin texnogen təsirə 

uğramamış geokimyəvi landşaftlarda təyin etmək lazımdır. Bu, təbii fon 

konsentrasiyaların qiymətlərinə texnogenezin təsirini istisna etməlidir. Fərz 

edilən normalaşdırıcı göstəriciləri təyin edərkən ayrı-ayrı geokimyəvi land-

şaftları qruplarda birləşdirmək olar [3]. 

 

Abşeron yarımadasının təbii torpaqlarında və bitkilərində kimyəvi 



elementlərin fon miqdarları (n

10



-3

%) [3]. 

Abşeron 


yarımadası 

Təbii 


komponent 

V  Cr Mn Co Ni Cu Zn Pb 

Torpaq 

2.0 1.0 50.0 1.9 2.6 2.4 1.6 1.0 



Şimal-qərb 

Bitki-ot 

0.87 2.5 61.5  -  2.2 2.5 0.8 1.3 

Torpaq 


0.7  4.2 17.6 0.73 3.2 1.45 5.0  0.6 

Bitki-ot 0.30 

0.88 

7.5 


0.16 1.0  3.1 6.67 1.2 

Şərq 


Ağac 

0.16 0.88 20.7 0.18 1.0 3.7 6.0 1.5 

Torpaq 0.53 

2.3 


23.1 

0.85 



1.35 

1.31 


0.7 

Bitki-ot 0.38 

0.82 

11.0 


0.85 


2.9 

9.2 


1.0 

Mərkəzi 


Ağac(zeytun) - 0.86 

20.7 -  1.0 2.4  -  1.1 

Torpaq 

0.6 2.3 81.0 0.6 1.0 1.5 6.1 0.9 



Qərb 

Bitki-ot 0.28 

0.33 

10.3 


0.78 


2.0 

3.4 


1.4 

Torpaq 


0.9 3.1 13.0 0.4 1.1 1.4 3.5 0.6 

Cənub-qərb 

Bitki-ot 0.27 

0.57 


10.7 

0.55 



1.2 

0.7 


1.2 

 

Yarımadanın landşaft – geokimyəvi və biogeokimyəvi qiymətləndiril-



məsi məqsədilə torpaqlarda mikroelementlərin miqdarı üzrə  tədqiqatlar 

aparılmışdır.  Ərazi üçün torpaq – iqlim və litoloji – geokimyəvi  şəraitlərin 

spesifikliyi və müxtəlifliyi səciyyəvidir ki, bu da elementlərin miqdarı üzrə 

torpaqların təbii diferensiasiyasını müəyyən edir. 

Təbii – təkamül torpaqlarda elementlərin geokimyəvi fonunu müəyyən 

edən amil torpaq əmələgətirən süxurların mənşəyi və mineraloji tərkibidir. 

Qumlu və karbonat tərkibli dördüncü dövr və üst pliosen yaşlı torpaq əmələ-

gətirən çöküntülərdə  və bu çöküntülər üzrə boz-qonur torpaqlarda kimyəvi 

elementlərin ən aşağı miqdarları xarakterdir. Ümumi geokimyəvi xüsusiyyət – 

elementlərin miqdarının Yer kürəsi torpaqlarının üst səth qatında olan orta 

miqdardan aşağı olmasıdır. Yarımadanın qərb, cənub-qərb rayonlarının tor-

paqlarında elementlərin miqdarına palçıq vulkanı məhsulları təsir edir. Bu, Cu 

(KK 1,4-2,8), Pb, Co, Mn, Zn (klark miqdarına qədər), Ni, V (klarka çatmır) 

miqdarlarının yüksəlməsində, bor-molibden əyalətinin yaranmasında (B KK 

3,5-4; molibdenin miqdarı YVK-dan 1,5-2 dəfə artıq) özünü göstərir. Tex-

nogen təsir amili geokimyəvi fonun dəyişməsini boz-qonur torpaqlarda misin 

(KK 4, YVK-dan 2 dəfə artıq), qurğuşunun (KK 6-8, YVK-dan 6-8 dəfə çox) 

miqdarını artırmaqla göstərir. Buralarda Ni, V (klark səviyyəsinə qədər) və Cr 

(KK 1,6) miqdarları da yüksəlir. 



 

 

134



Humusun və  əksər elementlərin miqdarları arasında korrelyasiya 

əlaqələri adətən əhəmiyyətli səviyyəyə çatmır, Ni və V arasında mənfi asılılıq 

bəzən bu səviyyəyə çatır. Bu göstərir ki, torpaqların üzvi maddəsi həmin 

elementlərin ümumi miqdarına təsir etmir. Torpaqların kənd təsərrüfatı məq-

sədilə istifadəsi nəticəsində elementlərin geokimyəvi fonu təbii-təkamül tor-

paqlara nisbətən 1,2-3 dəfə azalır. 

Styudent  əmsalı  əsasında müəyyən edilib ki, torpaqlarda kimyəvi ele-

mentlərin normal yayılması zamanı onların orta miqdarları arasında olan 

fərqlər X

′-X″=1,3 olduqda, etibarlıdır. 

Yarımadada 10 növ ot bitkisinin, o cümlədən, ajı  və adi yovşan, dəvə-

tikanı, efedra, çılpaq biyan və dəvəqulağı (süpürgə) kimi müalicə bitkilərinin 

mikroelement tərkibi (küldə) öyrənilmişdir. Bitki növlərində rütubətlilik və 

küllülük də müəyyən edilmişdir. 

Öyrənilən bitkilər bəzən qurğuşunun klarkdan yüksək miqdarları ilə 

səciyyələnir. Demək olar ki, qalan başqa öyrənilən elementlər (Cu, Ni, Ti, Zn, 

V, Cr, Mn, Co) bitki külü üçün olan orta (klark) miqdardan aşağıdır. Bitkilər 

üçün Mn-Ni, Ti, V; Ni-Mn, V; Zn-Pb; Ti-V; V-Mn, Ni, Ti arasında 5% əhə-

miyyətlilik səviyyəsində birbaşa mühüm korrelyasiya əlaqələri səciyyəvidir. 

Bitkilərin quru maddəsində normal, çatışmaz və artıq miqdarda olan 

elementlər müəyyən edilib. Belə ki, onlar əksər elementlərin çatışmaz miq-

darları ilə  səciyyələnir. Eyni zamanda bu və ya digər elementi konsentrasiya 

edən bitki növləri ayrılır: efedra üçün Pb və Ti artıq miqdarları, çılpaq biyan 

üçün xromun artıq miqdarı xarakterdir. Dəvəqulağında kobaltın, adi və acı 

yovşanda mis və xromun, acı yovşanda sinkin, efedrada nikelin normal 

miqdarları aşkar olunub. 

Hesab etmək olar ki, Abşeron yarımadası ot bitkilərinin Co, Cu, Zn, Mn, 

Ni, Pb, Cr, Ti, V çatışmazlığı ilə səciyyələnən biogeokimyəvi əyalətdir. Həmin 

elementlərin eyni zamanda torpaqlarda da çatışmaz səviyyələri şəraitində bit-

kilərin bəzi növləri bir sıra elementləri toplamaqda seçmə qabiliyyəti nümayiş 

etdirir. 

Təbii landşaftlarda torpaqların regional geokimyəvi xüsusiyyəti dör-

düncü dövr – üst pliosen yaşlı əsasən balıqqulağı – qumlu, biogen əhəngdaşlı-

qumdaşlı çöküntülərdən ibarət torpaqəmələgətirən süxurların mineraloji tər-

kibi ilə  şərtlənən aşağı geokimyəvi fonun olmasıdır. Yarımadanın təbii land-

şaftları orqanizmlərin bioloji reaksiyalarının əksər kimyəvi elementlərin çatış-

mazlığı ilə müəyyən olunan biogeokimyəvi zonalardır. Torpaqlarda və bit-

kilərdə elementlərin miqdarı orqanizmlərin fizioloji funksiyalarının normal 

nizamlanma dərəcəsindən aşağıdır (mövcud normalara görə). Aşağı  dərəcəli 

element təminatı çox uzun müddət təbii geokimyəvi fondur və öyrənilən 

ərazidə endemik xəstəliklərin yaranmasına səbəb ola bilər. Mikroelementlərin 

mənfi balansı kənd təsərrüfatı məhsullarında da mövcuddur. 

Belə  vəziyyət, yəni torpaqlarda və bitkilərdə  əksər mikroelementlərin 



 

 

135



çatışmazlığı, bizim məlumatlarımıza görə, yarımada bitkilərində  və heyvan-

larında toksikozlar yaratmır. Öyrənilən bitki növləri elementlərin çox az 

miqdarlarına dözmək üçün yəqin ki, uyğunlaşmışlar. Əlbəttə, adaptasiyalı for-

malar sırasına bu ərazilərdə uzun müddət yaşayanlar (bitənlər, yabanı flora) 

aiddir, onlar təbii seçmə nəticəsində həyatın qeyri-əlverişli mühitinə, görünür, 

davamlılıq əldə etmişlər. Bunların arasında həmin rayonda qədimdən becərilən 

mədəni bitkilər də ola bilər. 

Bununla yanaşı, güclü texnogen çirklənmiş torpaqlarda öyrənilən ot 

bitkilərində çirkləndiricilərin təsiri nəticəsində (kimyəvi elementlərin, kompo-

nentlərin artıqlığı ilə) müxtəlif morfoloji (şübhəsiz ki, fizioloji də ola bilər) də-

yişmələrə uğramış növlərə də tez-tez rast gəlinir. Neftlə çirklənmiş ərazilərdə 

mikroelementlərin miqdarı bütövlükdə klark səviyyələri ətrafında dəyişir. 

Bakı  şəhəri neft-qaz yataqları  ərazisində yerləşərək təbii–anomal lito-

geokimyəvi  şəraitlə  səciyyələnir, burada zərərli kimyəvi elementlərin təbii 

mənşəyli yüksək konsentrasiyaları şəhər landşaftının yüksək çirklənmə səviy-

yəsini yaradır. Neft və qaz hasilatı  və emalı texnogen təzyiq yaradır, ekoloji 

vəziyyəti ağırlaşdırır.  Şəhərimizin xüsusiyyəti müxtəlif istehsalların və  tə-

sərrüfat fəaliyyəti növlərinin çirklənmə sahələrinin üst-üstə düşməsi, torpaqda, 

havada və bitki örtüyündə, səth və qrunt sularında, bəzi polielement texnogen 

geokimyəvi anomaliyaların formalaşmasıdır. 

Şəhərin bitki örtüyü havadan və çirklənmiş torpaqlardan daxil olan 

çirkləndiricilərin texnogen təsiri altındadır. Regional fonda bir sıra bitkilər 

bütövlükdə orta- və  zəif kontrastlı anomaliyalardır. Bakı bir sənaye mərkəzi 

kimi, ola bilər ki, özünün prioritet çirkləndiricilərinin tərkibindən asılı olan 

biogeokimyəvi ixtisaslaşmaya malikdir. 

Tədqiqatların komplekslilik tələbatlarının ödənilməsi və onların vahid 

metodika üzrə aparılması üçün ətraf mühitin ekoloji-geokimyəvi vəziyyətinin 

keyfiyyət və  kəmiyyətcə qiymətləndirmələri landşaft-geokimyəvi  əsasda ye-

rinə yetirilir. Hesab etmək olar ki, ekoloji-geokimya ümumi geologiyanın 

tərkib və ayrılmaz hissəsidir. Onun istifadə etdiyi anlayışlar, terminlər, müd-

dəalar sistemi geologiya, coğrafiya, biologiya və tibbi-gigiyenik profilli elmi 

və tətbiqi fənlərlə üzvi surətdə əlaqədardır. 

 

ƏDƏBİYYAT 

1.Алексеенко В.А. Экологическая геохимия. Учебник. М.: Логос, 2000, 627 с. 

2.Иванов В.В. Экологическая геохимия элементов. М.: Недра, 1994, 6 кн., 304 с. 

3.Исаев  С.А.,  Бабаев  Ф.М.,  Рагим-заде  А.И.,  Султанов  Р.Р.  Эколого-геохимическая 

оценка изменений в биосфере Абшеронского полуострова. Баку: МВМ, 2007, 470 с. 

4.Мусеибов М.А. Ландшафты Азербайджанской Республики. Баку: БГУ, 2003, 137 с. 

5.Перельман  А.И.,  Касимов  Н.С.  Геохимия  ландшафта.  Учеб.  пос.  М.:  Астрея-2000, 

1999, 768 с. 

6.Рябухин А.Г. Экологическая геохимия: из прошлого в будущее; от практики к теории. 

М.: МГУ, 2001, 23 с. 

7.Таусон  Л.В.  Современные  проблемы  геохимии  техногенеза.  Геохимия  техногенных 

процессов. М.: Наука, 1995, с.3-12. 




 

 

136



8.Теория и методология экологической геологии. М.: МГУ, 1997, 368 с. 

9.Экологические функции литосферы. М.: МГУ, 2000, 432 с. 



 

ОСНОВНЫЕ ЗАДАЧИ ГЕОХИМИЧЕСКОЙ ОЦЕНКИ СОСТОЯНИЯ  

ОКРУЖАЮЩЕЙ СРЕДЫ 

 

В.М.БАБА-ЗАДЕ, Г.С.БАГИРОВ, С.А.ИСАЕВ, Ф.М.БАБАЕВ 

 

РЕЗЮМЕ 

 

Установление закономерностей изменения химического состава биосферы в свя-



зи с проявлением биогеохимической функции человечества, решение задач, связанных в 

большей  мере  с  прикладными  исследованиями,  направленными  на  оценку  состояния 

качества  окружающей  среды,  выявление  масштабов  и  последствий  геохимиического 

преобразования биосферы в связи с техногенезом представляют собой важнейшую за-

дачу естествознания. Предметом познания являются геохимические процессы и взаимо-

действия  в  окружающей  среде,  обусловленные  сложным  сочетанием  природных,  при-

родно-техногенных  факторов,  а  также  эколого-геохимические  последствия  таких  про-

цессов  и  взаимодействий.  Экологическая  геохимия – составная  и  неотъемлемая  часть 

общей  химии.  Используемая  ею  система  понятий,  терминов,  положений  органически 

связывается с научными и прикладными дисциплинами геологического, географическо-

го, биологического и медико-гигиенического профиля. 

 

Ключевые слова: Экологическая геохимия, техногенез, химический состав, био-

сфера. 


 

THE MAIN TASKS OF THE GEOCHEMICAL  

ASSESSMENT OF THE ENVIRONMENT 

  

V.M.BABAZADEH, G.S.BAGIROV, S.A.ISAYEV, F.M.BABAYEV 



 

SUMMARY 

 

Establishment of laws of changing the chemical composition of the biosphere in 



relation to the manifestation of biogeochemical functions of humanity, the solution of 

problems related, to a greater extent, with the applied research aimed at assessing the state of 

the environment, identifying the extent and effects of the geochemical transformation of the 

biosphere in relation to technogenesis is an important task of science. The subjects of 

cognition are geochemical processes and interactions in the environment caused by a complex 

combination of natural, natural-technogenous factors, and environmental-geochemical 

consequences of these processes and interactions. Environmental Geochemistry is an integral 

part of General Chemistry. Its system of concepts, terms, provisions are organically linked 

with the scientific and applied disciplines of the geological, geographical, biological and 

medical-hygienic profiles. 



 

Key words: Environmental geochemistry, technogenesis, chemical composition, biosphere 

 

Redaksiyaya daxil oldu: 10.03.2011-ci il. 



Çapa imzalanıb: 27.05.2011-ci il. 

Yüklə 105,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə