Şəfəq İSLAMOVA
AMEA İqtisadiyyat İnstitutunun
kitabxana müdiri,
tarix üzrə fəlsəfə doktoru
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI KİTABXANA
ŞƏBƏKƏSİ BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İLLƏRİNDƏ
1941-ci il iyun ayının 22-də faşist Almaniyasının keçmiş Sovet İttifaqına
hücumu bütün sahələrdə olduğu kimi ölkə əhalisinin mədəni həyatını pozdu, o
cümlədən, kitabxana işinin də inkişafına mane oldu. Azərbaycanda da bütün
işlər müharibənin tələblərinə uyğun qurulmağa başladı, bütün qüvvələr qələbə
naminə xalqın mənəvi cəhətdən səfərbər edilməsinə yönəldi. Müharibə
illərində kitabxanaları qoruyub saxlamaq və əhaliyə kitabxana xidmətinin
təşkilini davam etdirmək üçün bir sıra tədbirlər həyata keçirilməyə başladı.
Baxmayaraq ki, minlərlə maarif işçiləri cəbhəyə göndərildi, lakin iş
dayandırılmadı. Müharibənin ilk günlərindən geniş təbliğat məntəqələrinə
çevrilən kitabxanalar öz işlərini “hər şey cəbhə üçün!”, “hər şey qələbə üçün!”
şüarı əsasında qurur, vətənpərvərlik aşılayan əsərləri təbliğ edirdilər.
Mədəni-maarif müəssisələrinin ən mühüm sahələrindən biri olan
kitabxanalar müharibənin ilk günlərindən başlayaraq cəbhənin və arxanın hərbi
əsaslar üzərində yenidən qurulması vəzifələri əsasında təbliğat-təşviqat işində
hökumətin dayaq bazası kimi xidmət etməyə başladılar.
Kitabxanalar Müdafiə Komitəsinin əmr və göstərişlərini geniş surətdə
təbliğ edir və onların yerinə yetirilməsi uğrunda mübarizə aparırdılar.
Müharibənin ilk günlərindən Azərbaycan Maarif Komissarlığının
göstərişi ilə SSRİ EA Azərbaycan filialının Mərkəzi Elmi Kitabxanasında
“Müharibə dövründə kitabxanaların vəzifələrinə həsr edilmiş Metodik
müşavirə keçirilmişdir. Bu metodik müşavirədə kitabxanaların qarşısında duran
vəzifələr izah edilməklə bərabər, görüləcək işlər haqqında konkret göstərişlər
verilmiş, kitabxana işinin yeni şəraitlə əlaqədar olaraq mühüm problemləri
müəyyənləşdirilmişdir”.
SSRİ EA Azərbaycan filialının kitabxana şəbəkəsinin əsas vəzifəsi bölmə
və institutların elmi-tədqiqat ehtiyaclarını ödəmək işinə xidmət etmək idi.
Müharibə illərində Azərbaycan alimləri akademik Y.H.Məmmədəliyevin
başçılığı ilə neft-kimya elmində böyük hadisə olan oktanlı aviasiya yanacağı
almağa nail olmuşdular. Tank əleyhinə yandırıcı, qarışıq və başqa partlayıcı
maddələr istehsal edilir, hərbi texnika üçün sürtkü yağlarının istehsal
texnologiyası hazırlanır, yeni neft yataqları kəşf edilirdi.
Kitabxanalar müharibə illərindəki hər cür çətinliklərə baxmayaraq öz
fondlarını yeni ədəbiyyatla zənginləşdirmək, onlarda olmayan nadir kitabları
əldə etmək sahəsində xeyli işlər görmüşlər.
II Dünya Müharibəsi illərində Mərkəzi Elmi Kitabxananın fonduna
ədəbiyyat aşağıdakı yollarla komplektləşdirilirdi:
1) Azərbaycan Respublikasının ərazisində çıxan ədəbiyyatın Kitab
Palatası tərəfindən məcburi nüsxələrinin alınması;
2) Azərbaycanın kitab mağazalarından, “Akademkitab”dan yeni
ədəbiyyatın alınması;
3) Kitab mübadiləsi yolu ilə;
4) Dövri nəşrlərə abunə yolu ilə.
Kitabxanaların komplektləşdirilməsi, demək olar ki, çox çətin şəraitdə
aparılırdı. Belə ki, yeni nəşrlər kitab mağazalarına az daxil olurdu. Əsas
etibarilə bukinist mağazalarında olan ədəbiyyatı əldə etmək olurdu.
1941-ci ildə Mərkəzi Elmi Kitabxana fondunun darısqal, yarıtmaz
vəziyyətdə olması, eyni zamanda, böyük sayda kitabların sahəvi kitabxanalara
(elmi-tədqiqat institutlarının kitabxana şəbəkələrinə) verilməsi dəqiq uçot işini
aparmağa çətinlik yaradırdı.
Ona görə də 1941-ci ildən etibarən kənardan gələn əlavə işçilər hesabına
yenidən inventarlaşdırma işinə başlanıldı. 1941-ci ildə 54925 nüsxə kitabı
inventarlaşdırmaq nəzərdə tutulduğu halda, cəmi 35842 nüsxə kitab
inventarlaşdırıldı. Plan işinin belə az yerinə yetirilməsinin əsas səbəbi fondun
yeni kitab saxlayıcılarına köçürülməsilə əlaqədar idi. Həmin ildə oxuculara
kitab verilişi də 9732 nüsxə olmuşdur. Bunlardan 3801 nüsxə abonementdən,
5931 nüsxə isə qiraət zalından verilmişdir.
Böyük Vətən Müharibəsinin ilk aylarından Azərbaycanda hərbi
xəstəxanalar yaradılmağa başladı. Azərbaycan KP MK və Azərbaycan SSR
XKS-nin qərarı ilə 1942-ci ilin yanvarında yaralı əsgərlərə və komandirlərə
Azərbaycan Respublikası Yardım Komitəsi yarandı. Qısa müddət ərzində
Bakıda və respublikanın bir sıra yerlərində 70 hərbi hospital təşkil edildi.
Məşhur cərrah M.Topçubaşovun hərbi cərrahiyədə yeni müalicə metodları ilə
minlərlə əsgər ölümdən xilas edildi.
Bu dövrdə kitabxanaların da qarşısında müharibəyə dair yazılmış
kitabları toplamaq, geniş zəhmətkeş və oxucu kütlələrinə məruzə və
mühazirələrlə xidmət etmək kimi çox mühüm vəzifələr dururdu. Azərbaycan
filialının kitabxana şəbəkəsi hərbi xəstəxanalarda təbliğat-təşviqat və kütləvi
işlərin təşkilində yaxından iştirak edirdilər.
Kitabxananın əməkdaşları müharibənin çətinliklərinə baxmayaraq,
hospitallara hamilik edir. 7 hospitalı bədii, tarixi əsərlərlə, əsgər oxucuların
tələbatını ödəyən ədəbiyyatla təmin edirdi. Yazıçı alimlərimiz çoxmilyonlu
sovet xalqının faşizmlə mübarizəsinə və müharibədə qələbəsinə həsr olunmuş
əsərlər yaradırdılar. Müharibədə döyüşən əsgərlərə SSRİ EA Azərbaycan
filialının kitabxana şəbəkəsi tərəfindən 502 bağlama kitab göndərilmişdi.
Məsələn, belə kitablardan: Böyük Vətən Müharibəsi: cəbhə və arxa. –
Bakı,1942; Faşizmlə mübarizə.–Bakı,1942; Rus artilleriyası dünya
müharibəsində. –I-II cild. – M., 1938 və s. göstərmək olar. İctimai elmlər
sahəsində çalışan alimlərimizdən H.Hüseynov və M.A.Dadaşzadənin
“Azərbaycan ədəbiyyatının qısa tarixi”, S.Vurğunun “Şəfqət bacısı”,
“Qəhrəmanlıq öyüdü”; S.Rüstəmin “Ana və poçtalyon”, R.Rzanın “Əsgər
ananın sözləri”, N.Rəfibəylinin “Get, sevgilim uğur olsun”, M.H.Vəkilovun
“Cavanşir” və s. kimi əsərləri dövrün mübarizə ruhu ilə səsləşən kitablarından
idi.
II Dünya Müharibəsi illərində Azərbaycan K(b)P MK və Azərbaycan
SSR XKS müharibə illərində SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialının fəaliyyətinə xüsusi diqqət yetirirdi. 1943-cü ilin noyabrında Mərkəzi
Komitə Elmlər Akademiyası filialının işi haqqında qərar qəbul etdi. Bu qərarda
filialın işini daha da yaxşılaşdırmaq, onun yeni institutlarını və bölmələrini
yaratmaq kimi geniş perspektivlər müəyyənləşdirildi.
Qərarda, həmçinin, kitabxanaların da işinin yaxşılaşdırılması, onların
yeni ədəbiyyatla təkmilləşdirilməsinə diqqət yetirilməsi, əlyazmalar fondunun
təşkili və s. məsələlər də öz konkret həllini tapdı.
1943-cü ildə SSRİ EA Azərbaycan filialının Mərkəzi Kitabxanası öz
işində əsas diqqəti yeni ədəbiyyatın komplektləşdirilməsinin nizama
salınmasına yönəltdi. Həmin ilin planına əsasən 4250 nüsxə ədəbiyyatın
alınması nəzərdə tutulmuşdu. Lakin kitabxanaya nəzərdə tutulduğundan 552
nüsxə artıq kitab daxil oldu. Beləliklə, daxil olan kitabların sayı 4802 nüsxəyə
çatdı. Bunlardan 2159 nüsxə kitab (rus dilində), 1388 nüsxə jurnal (rus
dilində), 441 xarici kitab və jurnallar, 814 nüsxə Azərbaycan və şərq dillərində
olan kitablar idi.
Daxil olan kitablar içərisində Qafqazşünalığa dair əsərlər xüsusi yer
tuturdu. Kitabxanaların fondundan istifadə Rəyasət Heyətinin 1940-cı ildə
təsdiq etdiyi və kitabxana tərəfindən işlənib hazırlanmış “Kitabxanadan istifadə
qaydaları” haqqında təlimata əsasən həyata keçirilirdi.
Hələ müharibə illərində “Elmi-maarif təbliğatının təşkili haqqında” qəbul
edilən qərar Mərkəzi Elmi Kitabxanada oxucular arasında elmi-təbii biliklərin
geniş surətdə təbliğini təşkil etməyə istiqamətləndirirdi. Qərarda ölkədə elmi-
maarif təbliğatının təşkili sayəsində olan nöqsanlar qeyd edilir və bu
nöqsanların aradan qaldırılması zəruri hesab edilirdi. Çünki həmin şəraitdə
oxucuların ümumi mədəni səviyyəsinin daha da yüksəldilməsində, keçmişin
qalıqlarının aradan qaldırılmasında təbii-elmi biliklərin təbliği böyük
əhəmiyyətə malik idi.
1943-cü ildə Mərkəzi Elmi Kitabxanada oxuculara 16000 nüsxə kitab verilmişdir.
Müharibə illərində kitabxana öz elmi-biblioqrafik fəaliyyətini də dayandırmamışdır.
Onun biblioqrafik fəaliyyəti əsasən kitab və əlyazmalar fondunun kartotekasının və
ölkəşünaslıq xarakterli göstəricilərin tərtib edilməsinə doğru yönəldilmişdir. Bütün
bunlarla yanaşı, kitabxanaya daxil olan yeni ədəbiyyatın siyahıları da tərtib edilir,
məlumat-biblioqrafiya işləri genişləndirilirdi. Həmin il kitabxana 6 kitab sərgisi təşkil
etmişdir. Bu sərgilər H.Zərdabiyə, Ə.Haqverdiyevə, görkəmli alim Nyutonun elm
tarixində roluna həsr edilmiş sərgilər idi.
Bu dövrdə institut və bölmələr nəzdində yaranmış olan kitabxanalar öz işlərində
Mərkəzi Elmi Kitabxananın metodik köməkliyindən istifadə edirdilər. Belə ki, Mərkəzi
Elmi Kitabxana elmi-tədqiqat institutlarının kitabxanalarına komplektləşdirmə işinin
təşkilində, kitabxana işinin müxtəlif məsələlərində, kitabxanaların hesabatlarına nəzarət
etməkdə və s. köməklik edirdi. Şəbəkə kitabxanalarının hesabatları dinlənilir, kitabxana
işi məsələləri müzakirə edilir, işlərində olan çatışmazlıqlar göstərilirdi. Kitabxana işçiləri
də bu məsləhətlərdən öz işlərində istifadə edirdilər.
SSRİ EA Azərbaycan filialının Mərkəzi Elmi Kitabxanasının işində ən böyük
nailiyyət “SSRİ EA Azərbaycan filialının 10 illik nəşrlərinin biblioqrafiyası”nın
tərtibidir (15 çap vərəqi həcmində M.P.Karpinskaya tərəfindən tərtib edilmişdir).
Müharibə şəraitinin olmasına baxmayaraq, SSRİ Elmlər Akademiyası
Azərbaycan filialının kitabxana şəbəkəsi hərbi hospitallara xidmət etməklə yanaşı,
özlərinin daxili işlərinə də diqqət yetirirdilər. Şərq ədəbiyyatı şöbəsində şərq
əlyazmalarının və qədimdə çap olunmuş kitabların seçilməsi və qiymətləndirilməsi üzrə
xüsusi komissiya yaranmışdı. Komissiya qiymətli əlyazmaların, köhnə nəşr olunmuş
kitabların əldə edilməsi sahəsində böyük işlər görmüşdür. Mərkəzi Elmi Kitabxananın
Şərq ədəbiyyatı şöbəsinə qiymətli ədəbiyyatın toplanılması sahəsində böyük köməkliyi
Rəyasət Heyətinin sədr müavini H.Hüseynov etmişdir. O, eyni zamanda, komissiyanın
sədri idi. Ümumiyyətlə, həmin komissiya bu dövrdə digər kitabxanalara da (məsələn,
kütləvi) şərqə dair kitabların komplektləşdirilməsi işinə, əlyazmaların toplanmasına
köməklik etmişdir.
1945-ci il mart ayının 7-də SSRİ EA Azərbaycan filialı və respublikanın bir sıra
digər elmi-tədqiqat idarələri əsasında Azərbaycan Respublikasının Elmlər Akademiyası
yarandı. Həmin ildə kitabxananın həyatında yeni inkişaf mərhələsi SSRİ EA
Azərbaycan filialının Respublika Elmlər Akademiyasına çevrilməsilə başlandı.
Azərbaycan Respublikası Elmlər Akademiyasının yaranması ilə əlaqədar olaraq
onun kitabxana şəbəkəsi də xeyli genişləndi. 1945-ci ildə təşkil edilən kitabxanalardan
biri Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi nəzdindəki kitabxana idi. Bu
kitabxana Muzeyin hədiyyə fondunun, həmçinin, T.B.Saltıkov-Şedrin adına Leninqrad
Dövlət Kütləvi Kitabxanasının fondundan alınmış nəşrlərin əsasında təşkil edilmişdir.
Fondda bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və tənqid, dilçilik və muzeyşünaslığın və s.
məsələlərinə dair əsərlər vardır. Azərbaycan klassiklərinin və alimlərinin nadir nüsxələri
xüsusilə qiymətlidir. Onların içərisində Qətran Təbrizi, Nizami Gəncəvi, M.P.Vaqif,
M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə və b.-nın əsərləri, İranda və Türkiyədə
nəşr edilmiş bir sıra jurnallar da vardır.
Rus ədəbiyyatı klassiklərindən A.S.Puşkinin, L.N.Tolstoyun, M.Y.Ler-montovun,
A.P.Çexovun, A.M.Qorkinin və b. əsərləri buraya toplanmışdı.
Həmin ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində də kitabxana təşkil
edilmişdi. İnstitutun fonduna torpaqşünaslığa, aqrobiologiyaya, üzümçülüyə aid,
həmçinin botanika, biologiya, coğrafiya, meşəçilik üzrə əlaqədar məsələlərə həsr edilmiş
əsərlər “Poçvovedenie”(1904-cü ildən), “İzvestiya AzFAN SSSR”(1936-cı ildən),
“Dokladı AN SSSR”(1938-ci ildən), “İzvestiya AN SSSR.Seriya biologiya” (1939-cu
ildən), “Dokladı AN AzSSR” (1945-ci ildən) və s. dövri mətbuat nəşri də toplanmışdı.
Artıq 1945-ci ildə Azərbaycan Respublikasının Elmlər Akademiyasının 16
institut kitabxanası, 3 muzey kitabxanası və 4 baza (Kirovabad, Stepanakert, Naxçıvan
və Quba bazaları) kitabxanası fəaliyyət göstərirdi. Kitabxanaya bütün keçmiş Sovet
İttifaqında nəşr olunan ədəbiyyatın məcburi pullu nüsxəsini əldə etmək səlahiyyəti
verildi. Azərbaycan Respublikasında Elmlər Akademiyasının təşkili ilə əlaqədar olaraq
Mərkəzi Elmi Kitabxananın işi yenidən təşkil edilmiş, onun ştatı və funksiyaları
genişləndirilmişdir.
Böyük Vətən Müharibəsi ölkəmizdə başqa sahələrə olduğu kimi, kitabxana işinə
də böyük zərbə vurmuşdu. Alman – faşist işğalçıları 43 min kitabxananı və 100
milyondan artıq kitabı məhv etmişdilər. Müharibə qurtarmamış alman – faşist
işğalçılarından azad edilmiş ərazidə kitabxanaları bərpa etmək üçün Dövlət ədəbiyyat
fondu yaradıldı. Bu fond ölkədə alman-faşist işğalçıları tərəfindən dağıdılmış
kitabxanaları bərpa etmək üçün olduqca böyük rol oynadı. AEA Mərkəzi Kitabxanası
da dağıdılmış kitabxanaların bərpasında onlara ədəbiyyat göndərməklə yaxından iştirak
etmişdi.
Bu dövrdə respublikamızda da kitabxana işi sahəsində geriləmə və tənəzzül özünü
göstərirdi. Bu tənəzzül əsas etibarilə kitab fondlarının və maddi vəsaitlərin azalmasında
özünü göstərirdi.
Şiddətli vuruşmalarda faşizmə qarşı misilsiz qəhrəmanlıq salnaməsində
Azərbaycan xalqı çoxlu parlaq səhifələr yazmışdır. Azərbaycanın igid oğulları Böyük
Vətən Müharibəsi cəbhələrində qəhrəmancasına vuruşaraq adlarını əbədi
şöhrətləndirdilər.
Azərbaycan xalqının bu qəhrəmanlığına dair çoxlu monoqrafiya, dissertasiya,
oçerk, məqalə, xatirə və s. həsr olunmuşdur ki, bu materialları toplamağın, bir sistem
halına salmağın, dərc etməyin zəruriliyi hələ Vətənimizin başı üstünü təhlükə alanda –
1941-ci il dekabrın 2-də Azərbaycan KP MK-nın qərarında göstərilmişdi.
Müharibə haqqında, cəbhələrdəki qələbələrimizin əzəməti, arxa cəbhədə
əməkçilərimizin rəşadəti haqqında və s. yazılanların hamısını üzə çıxarmaq,
ümumiləşdirmək, qayğı ilə qoruyub saxlamaq çox mühüm ideoloji və elmi-məlumat
işidir. Bu məqsədlə də Azərbaycan Respublikasının EA İctimai elmlər üzrə Elmi
Məlumat Mərkəzi həmin mövzu üzrə əsas ədəbiyyatın biblioqrafiyasını tərtib etmişdir.
Biblioqrafiyaya 1941-ci ildən başlayaraq bu günə qədər respublikamızda, onun
ərazisindən kənarda Azərbaycan və rus dillərində çap olunmuş ədəbiyyat daxil
edilmişdir. Bunlar kitab və jurnal məqalələri olub, mövzu ardıcıllığına görə
yerləşdirilmişdir. Azərbaycanın mərd oğul və qızlarının böyük qələbəmizdəki
xidmətlərinin öyrənilməsi bu gün də davam etdirilir.
ƏDƏBİYYAT
1.
Azərb.EA Arxivi. F.5,siy.1,arx.185,qutu 14. – S.55.
2.
Azərb.EA Arxivi. F.5,siy.1,arx.230,qutu 14. – S.5.
3.
Azərbaycan SSR Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası: Bələdçi. –
Bakı: Elm.1990.- S.29; 88.
4.
Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi. -Bakı: Azərnəşr,1974. –
S.129.
5.
Xələfov A.A. Böyük Vətən Müharibəsi illərində Azərbaycanda kitabxana işi
(1941-1945-ci illər) // ADU-nun Elmi Əsərləri. Kitabxanaşünaslıq və biblioqrafiya
seriyası. – Bakı,1971. – S.33.
6.
Материалы к истории библиотечного дела в СССР (1917-1959гг.). -
М.,1964. – С.152-153.
Ш. И.ИСЛАМОВА
БИБЛИОТЕЧНАЯ СЕТЬ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ
АЗЕРБАЙДЖАНА ЗА ГОДЫ ВЕЛИКОЙ ОТЕЧЕСТВЕННОЙ ВОЙНЫ
РЕЗЮМЕ
В статье рассказывается о деятельности библиотек, формах обслу-живания
населения, проблемы охраны и оборота документов, о вопросах перестройки
пропагандистской и агитаторской работы библиотек на фронте в годы Великой
отечественной войны
Sh.İ.İSLAMOVA
THE LIBRARY’S NETWORK OF THE NATIONAL ACADEMY
SCIENCES OF AZERBAIJAN IN THE YEARS
OF GREAT PATRIOTIC WAR
SUMMARY
Activities of the libraries in the article in the years of the Great Patriotic War,
forming of the service of the libraries to the population, it has guarded them and
encirlement have been important problems as like problem base of the government on
the bases of posts of the reconstructing on military bases of the front of to keep in the
work of propaganda and agitation.
Dostları ilə paylaş: |