Microsoft Word KÜLTÜr evreni sayı. doc



Yüklə 316,04 Kb.
Pdf görüntüsü
tarix20.08.2018
ölçüsü316,04 Kb.
#63728


KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



93 

 

 



 

 

«YENİ FÜYUZAT» JURNALI VƏ POEZİYADA  



NOVATORLUQ 

 

THE JOURNAL OF “YENİ FÜYUZAT” AND NOVATORITY 

IN POETRY 

 

ЖУРНАЛ «ЕНИ ФЮЗАТ» («НОВЫЙ ФЮЗАТ») И 

НОВАТОРСТВО В ПОЭЗИИ 

 

 

Doç. Dr. Hüseyn HEŞİMLİ

*

 

 

 

Özet  

Bildiride; 1910-1911 yıllarda Bakü’de yayımlanan  “Yeni Füyuzat” dergisinde 

yer almış poyeziya (şiir) problemleri araştırılıyor. Aynı zamanda lirik janrlardan 

şarkı, marş (harb şarkısı) ve sonet türünün gelişme çağları da inceleniyor. 

Anahtar kelimeler: Yeni Füyuzat, poyeziya (şiir),  şarkı, marş (harb şarkısı), 

sonnet. 


 

Abstract 

The article investigates poetry issues in the journal of “Yeni Fuyuzat” issued in 

Baki in 1910-1911. It looks into the development of traditional lyrical genres, as 

well as works written in the genres of shargy (chant), march, sonnet. 



Key words: Yeni Fuyuzat, poetry, shargy (chant), march, sonnet. 

 

 



XIX əsrin ortalarından etibarən Azərbaycan ədəbiyyatı janr-üslub təkamülünün 

yeni mərhələsinə  qədəm qoyur. Bir tərəfdən, folklordan və klassik ədəbiyyatdan 

gələn janrlar yeni dövrün tələblərinə  uğyun olaraq ideya-məzmun, mövzu-

problematika baxımından diqqətəlayiq təkamül keçirir, bir sıra təzə  məziyyətlərə 

yiyələnir. Digər tərəfdən isə  cəmiyyətin, dövrün sosial-iqtisadi və  mədəni inkişaf 

mənzərəsinin, yeniləşmə meyllərinin, Avropa ilə artan əlaqələrin spesifikası 

fonunda Qərb mənşəli bir sıra janrların söz sənətimizə daxil olması prosesi gedir. 

                                                 

*

 Nahçıvan Devlet Üniversitesi Rektör Yardımcısı/AZERBAYCAN 




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



94 

İyirminci əsrin əvvəllərində janr təkamülü və novatorluğu istiqamətindəki axtarışlar 

yeni bir vüsət alır. Bu proses lirik janrların timsalında da aşkar müşahidə edilir. 

Belə ki, bəhs olunan dövrdə  həm  ənənəvi lirik janrlar müvafiq təkamülə  uğrayır, 

həm də bir sıra yeni janrlar ədəbi mühitdə vətəndaşlıq hüquqi qazanmağa başlayır. 

Bu da təsadüfi deyildi. Çünki ustad ədəbiyyatşünas, akademik İsa Həbibbəylinin 

qeyd etdiyi kimi, yeni zaman «ənənəvi poetik formaların üzərində müəyyən 

yaradıcılıq əməliyyatı aparmağı və ya yeni janrlara müraciət etməyi bir vəzifə kimi 

qarşıya qoyurdu» (1, s.61). 

Lirikanın təkamül və novatorluğu iyirminci əsrin ilk iki onilliyndə «Füyuzat» 

ədəbi məktəbi nümayəndələrinin yaradıcılığında da qabarıq nəzərə çarpır. 1906-

1907-ci illərdə Bakıda çıxan, cəmi 32 saydan sonra bağlanan «Füyuzat» bu 

baxımdan  əhəmiyyətli işlər görmüşdür. 1910-11-ci illərdə Bakıda nəşr olunan 

«Yeni Füyuzat» jurnalı digər sahələrlə yanaşı, poeziyanın yaradıcılıq axtarışlarına 

rəvac vermək baxımından da öz sələfinə ədəbi sədaqətini nümayiş etdirmişdir. 

İlk sayı 18 oktyabr 1910-cu il tarixdə çıxan «Yeni füyuzat» həmin il oxucularla 

on bir dəfə görüşmüş, 1911-ci ildə isə on sayın nəşri gerçəkləşmişdir. 15 mart 

1911-ci ildə  çıxan 10-cu, ümumən isə 21-ci sayından sonra çar hakim dairələri 

türkçülük, islamçılıq, müasirlik qayəsi daşıyan bu jurnalın fəaliyyətini dayandırmış, 

onun nəşrinə  rəhbərlk edən  Əhməd Kamalı  və  Əlipaşa Səbur Hüseynzadəni 

Bakıdan sürgün etmişdir.  

«Yeni füyuzat»ın «sər mühərrir»i, «Füyuzat»dan tanıdığımız Osmanlı ziyalısı 

Əhməd Kamal, «sahibi-imtiyazı  və müdiri-məsulu» isə  Əlipaşa Hüseynzadə idi. 

«Hər  şeydən bəhs edər həftəlik məcmuəyi-müsəvvərə» (şəkilli məcmuə) kimi 

fəaliyyətə başlayan jurnalda Osmanlı  ədəbiyyatından Namiq Kamal, Əhməd 

Kamal, Cəlal Sahir, Məhəmməd Cəlal,  Əşrəf və digərlərinin, M.Ə.Sabir, 

Ə.Qəmküsar, A.Şaiq, N.Bəsir,  Ə.Səbur, B.Seyidzadə kimi Azərbaycan  şairlərinin 

əsərləri ilə yanaşı, dünya klassikasına da müəyyən yer ayrılırdı. L.N.Tolstoy, 

A.S.Puşkin haqqında məqalələrin, N.A.Nekrasovdan tərcümənin verilməsi və s. bu 

baxımdan əlamətdardır. 

«Yeni füyuzat»dakı  şeir nümunələri ilə tanış olduqda onların bir çoxunda 

təkamül və novatorluğun diqqətəlayiq təzahürü ilə qarşılaşırıq. Hər  şeydən öncə, 

onu deyək ki, jurnalda dərc olunmuş bir sıra şeirlər ənənəvi janrlarda yazılsalar da 

tematika və problematika baxımından müəyyən yenilik keyfiyyətlərinə malikdir. 

Belə nümunələrdə  ənənəvi mövzuların imkanları daxilində yeni ictimai 

mündəricənin boy verməsi maraq doğurur. Məsələn, jurnalın 1910-cu ildəki 2-ci 

sayında dərc olunmuş «Ah, Vətən» şeiri (müəllifi Ə.P., yəni Əlipaşa Səbur – H.H.) 

ənənəvi poetik formada vətəndaşlıq duyğularının qabarıq ifadəsi ilə  səciyyələnir. 

Şair istibdad məngənəsində əzilən Vətənin yanıqlı halını dilə gətirir: 

Olmadıq asudə möhnətdən cahanda bir zaman, 

Sıxdı zənciri-əsarət istədikcə bir aman. 

Əlaman, zülmündən, ey Zöhhaki-sani, əlaman. 

Xanimanlar eylədin viran cahan mülkində sən. 

Ah, istibdad ilə məhv oldu əbnayi-Vətən! (2, s.7). 




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



95 

«Yeni füyuzat»çıların qəzəl, növhə, mərsiyə və s. kimi klassik lirika janrlarına 

müraciətində tematik təkamül, məzmun yeniliyi daha aşkar görünür. 1910-cu ildə 

çıxmış 8-ci sayda Əli Ricai Daizadənin «Qəzəl»i özündə  cəmiyyət və zamanın 

ictimai bəlalarını, insan təbiətindəki naqislikləri, cəhaləti klassik üslubun imkanları 

daxilində əks etdirməsi ilə səciyyələnir:  

Cahan çeşmim önündə vadiyi-dəhşətnəmun olmuş, 

O vadidə bu insanlar giriftari-cünun olmuş. 

 

Edər əfradi-aləm dürlü-dürlü zülmlər icra, 



Sərapa gör bu aləm kim, nasıl dəryayi-xun olmuş... 

 

Həmiyyət görməz oldum firqəyi-islamda, heyfa, 



Onun üçün rayəti-iqbalü nüsrət sərnigün olmuş... (3, s.6). 

Yeri gəlmişkən deyək ki, «Yeni füyuzat»ın redaktoru Əlipaşa Hüseynzadənin 

bir neçə il sonra yazıb «Düşüncə yarpağı» (Bakı, 1915) kitabına daxil etdiyi eyni 

rədifli qəzəl  Ə.Ricainin bu şeirinə  nəzirə  təsiri bağışlamaqla  ənənəvi janrın yeni 

məzmun axtarışlarına nümunədir:  

Çıxıbdır zülm ərşə, gərdişi-dovran dun olmuş, 

Sərasər səfheyi-dünya dönüb bir bəhri-xun olmuş. 

 

Bütün yerlər təzəlzüldə, səmadan yağmada atəş, 



Məgər xəlq etdiyin insan, xudavənda, cünun olmuş? (4, s.65). 

Lirikanın təkamülünü izləmək baxımından  Əlipaşa Səburun «Suziş»  şeiri də 

maraqlı material verir. Müəllif Kərbəla faciələrini,  İmam Hüseyn müsibətlərini 

yanıqlı dillə  əks etdirir, «Ən  şanlı,  şərəfli bir mücahid, övladi –nəbi, Hüseyni-

cahid» - deyir. Bununla yanaşı, müsəlman aləminin iyirminci əsrin əvvəllərindəki 

ağır vəziyyətinə  də diqqəti yönəldir: «Batsın, batsın bu çərxi-dövran, islam ağlar, 

yanar müsəlman». Şeirin sonu isə dini məzmunlu qəmgin ovqatın öz yerini Vətənin 

ağır halından doğan ictimai kədərə, «Əğyar oxuna amac olan Vətənin» xilasına 

çağırış qayəsinə verir:  

Bir səs gəlir, baxın səmadən, 

Məvayi-şəhidi – Kərbəladən. 

Qurtar Vətəni, deyir, bəladən. 

Bir səs gəlir bana dəmadəm. 

Tutmaqda cahan Hüseynə matəm (5, s.7). 

Əliqulu Qəmküsarın «Şəhidi-hürriyyət Səid Səlmasinin ruhuna ithaf» şeiri 

məzmunca mərsiyə xarakterlidir, lakin müəllifin tematik təkamül yönlü poetik 

kredosu da diqqətdən yayınmır. Klassik lirikadakı dini məzmun daşıyan, yaxud 

ayrı-ayrı hökmdarların, əyanların ölümünə həsr edilən mərsiyələrdən fərqli olaraq 

burada Vətən və istiqlal naminə canından  

keçən gənc  şairin amal və  əməllərinə  bədii ehtiram əsas leytmotivdir. Yəni 

mərsiyənin özü 

dərin ictimai

 mündəricəyə malikdir: 



KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



96 

Ah, ey növcavan ki, qəlbində  

Daima bəslədin həvayi-Vətən. 

Vətən uğrunda, millət eşqində 

Laləgun oldu qanlarınla kəfən.  

Maraqlıdır ki, Ə.Qəmküsar nakam dostunun unudulmaz xatirəsini, amal 

uğrunda həlak olduğunu onun öz misralarından istifadə yolu ilə poetikləşdirmişdir. 

Belə ki, S.Səlmasi «Füyuzat»ın 1907-ci ildəki 25-ci sayında dərc etdirdiyi 

«Ləyaliyi-iztirar» sonetinin sonunda yazırdı: 

Fədayi-məsləkim olmuş həyati-istiqbal, 

Nisari-can edən olmazsa, etməz istikmal, 

Fəzayi-ərşi-ilahə üruc edən fəryad (6, s.414). 

Ə.Qəmküsar «gələcək həyatını  məslək yolunda fəda edən» S.Səlmasinin bu 

misralarını aşağıdakı kimi işlətmişdir: 

Dediyin tək həyati-istiqbal 

Oldu axır fədası məsləkinin. 

Can nisar etdin, etdin istikmal 

Qaim oldu əsası məsləkinin (7, s.8). 

«Yeni füyuzat»dakı bir sıra  şeirlərdə poetik strukturun təkamülü də qeydə 

alınır. Xüsusən Azərbaycan  şeirində iyirminci əsrin  əvvəllərindən işlənməyə 

başlayan yeni qafiyə modeli – dördmisralı  bəndlərin qapalı qafiyələnməsi (yəni 

abba) «Yeni füyuzat»da da nəzərə çarpır. Abdulla Şaiqin «Cəhalətlə mücadilə» 

(1910, №7, s.3), Mirzə Ələkbər Sabirin «Ruhum» şeirləri analoji xarakterdədir: 

Boşla bu cismi, cism mən deyiləm, 

Sənə müşkül olursa hicranım. 

Mən sənin, sən mənim dilü canım, 

Mən sənin kəndinəm, bədən deyiləm (8, s.4). 

Bütün bunlar poetexnik novatorluğun təzahürü idi.  

«Yeni füyuzat»dakı bir sıra şeirlər xüsusi ahəngdarlığı, müsiqiyə yatımlılığı ilə 

diqqəti çəkir.  Əhməd Kamalın «Tarzən cənab Zeynala» qeydi ilə çap etdirdiyi 

«Şərqi» məhəbbət duyğularının lirik-emosional təqdiminə  səciyyəvi nümunədir, 

eyni zamanda, o illərin poeziyasında yenicə möhkəmlənən sərqilərin poetik 

imkanlarının uğurlu təzahürüdür: 

Bir zamanlar mən idim taci-sərin, 

Şimdi kimdir, gözəlim, dəmgüzərin? 

Nerəyə getdi əcəb vədələrin? 

Mənə, ey vah ki, əğyar oldun! 

Gözəlim, şimdi kimə yar oldun? (9, s.4). 

Azərbaycan  ədəbiyyatında ilk nümunələri iyirminci əsrin  əvvəllərində 

yaradılan marş, sonet kimi janrlara da «Yeni füyuzat» biganə qalmamışdır. Əhməd 

Kamalın «Təraneyi-Vətən»  şeiri axıcılığı, çağırış ruhu, səfərbərlik ovqatı, 

coşqunluğu, emosionallığı ilə  əsl marş olmaqla ideya-bədii mükəmməlliyə 

malikdir. Oxucuları acınacaqlı hala düşmüş Vətənin köməyinə yetişməyə səsləyən 

şairin çağırışları poetik manifest təsiri bağışlayır:  




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



97 

Vətən əldən gediyor, 

Bizə fəryad ediyor, 

Yetiş imdadə, diyor. 

Yürü, fəryadına gəl! 

Vətən imdadına gəl!... 

Anamızdır, anamız! 

Bunu bizlər qanarız! 

Bu uğurda yanarız! 

Yürü, fəryadına gəl! 

Vətən imdadına gəl!... (10, s.4). 

Bu  şeir Bakıda 1919-cu ildə  çıxmış «Ordu marşları» kitabına da daxil 

edilmişdir. 

«Yeni füyuzat» jurnalında bir sıra sonetlərlə  də rastlaşırıq. Diqqətəlayiq 

nümunələrdən biri Əhməd Kamalın «Gözəlim, açma maziyi» sonetidir (11, s.8). 

Maraqlıdır ki, bu şeiri  Ə.Kamal «Füyuzat»ın 1907-ci ildəki 18-ci sayında dərc 

etdirmiş, adından sonra da belə bir qeyd vermişdir: «Şekspirin sone təbir olunan 

nəğmələrinə  nəzirədir». Bu isə  Ə.Kamalın sonetinin yazılmasında böyük sonet 

ustadı Vilyam Şekspirin təsirindən danışmağa  əsas verir. Lakin bu təsir daha çox 

ruh, qayə mövzu və ideya səviyyəsindədir, «İngilis soneti»nin forma əlamətlərinə 

burada əməl olunmamışdır. Daha doğrusu, Ə.Kamalın soneti «İngilis soneti» yox, 

italyan soneti formasındadır, yəni iki katren (dördlük) və iki tersetdən (üçlük) 

ibarətdir. Qafiyələnmə belədir: abab qdqd ppm mmp. O da diqqətdən yayınmır ki, 

bu soneti Ə.Kamal «Yeni füyuzat»da təkrar dərk etdirərkən  əvvəldəki qeydi 

çıxmış, əvəzində axırda şeirin Misirdə yazıldığını bildirmişdir. Bu isə o deməkdir 

ki,  şair həmin  əsəri Bakıya, «Füyuzat»da işləməyə  gəlməzdən  əvvəl, Misirdə 

çalışdığı zaman yazmışdır. Həmin sonetdə lirik qəhrəmanın təbəddülatlı ovqatı 

özünün poetik ifadəsini tapmışdır. Niskilli keçmişdən  əsən zəhərli havanın qəlb 

hərarətini söndürəcəyindən ehtiyatlanan lirik qəhrəman keçmişin qəmli səhnələri 

ilə aranı qapayan qara pərdənin açılmamasını, ötənlərin məchul qalmasını 

arzulayır. Xatırladaq ki, V.Şekspirin bir neçə sonetində qara rəngin, qara pərdə 

məfhumunun müxtəlif semantik çalarları vardır. Çox guman ki, Ə.Kamal 

«Gözəlim, açma maziyi» sonetini yazarkən belə poetik nümunələrdən 

faydalanmışdır. Onu da xatırladaq ki, bu sonet hələ «Füyuzat»da çıxandan az sonra 

Səid Səlmasi «Etmə israr» şeirini yazmış, Ə.Kamalın sonetindən bəzi misraları da 

əsərinə daxil etmişdi. 

«Yeni füyuzat»da başqa bir Osmanlı müəllifi Cəlal Sahirin «Son cavab» soneti 

«Bədaye-əşar» rubrikasında çap olunmuşdur (12, s.5). İtalyan soneti formasında 

yazılan, abab qdqd ppm eem kimi qafiyələnən bu sonet də  məhəbbət 

mövzusundadır:  

Sizi heç şimdi sevmiyor ruhum, 

Ürəyim qarşınızda bixəlcan. 

Kim demiş, eşqimizlə məcruhəm? 

Baxınız, gözlərim nasıl xəndan! 




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



98 

 

Söndü artıq təhəssüri-mazi, 



Həp xəyal oldu, şimdi, ox, sizi 

İnanın, sevgilim ki, sevmiyoram! 

Bir zamanlar odlu məhəbbətlə sevən, lakin həsrətində olduğu eşqi nazənin 

gözəldən görməyən lirik qəhrəmanın duyğularındakı  dəyişiklik,  əvvəlki 

məftunluqdan uzaqlaşması C.Sahirin sonetində əsas yeri tutur. 

«Yeni füyuzat»da Azərbaycan  şairlərindən  Əlipaşa Səburun, Bədrəddin 

Seyidzadənin də sonetləri dərc olunmuşdur. Jurnalın 1911-ci ildəki 4-cü sayında 

Əlipaşa Səburun «Hicran» soneti verilmişdir (13, s.5). Şeirin  əvvəlində «Səid 

bəyə» qeydi vardır. Çox güman ki, bu, Azərbaycan sonetinin ilk yaradıcılarından 

biri, «Füyuzat»da sonetlər dərc etdirmiş nakam taleli şair Səid Səlmasiyə işarədir. 

İtalyan soneti formasında, yəni iki vatren və iki tersetdən ibarət olan bu sonetdə 

lirik qəhrəmanın məhəbbət duyğuları, sarsıntılı ovqatı  təsirli bir dillə  qələmə 

alınmışdır:  

Ah, Ey sevdiyim, nasıl yaşasın, 

Söylə, sənsiz, səni sevən uşşaq? 

Ruhumu sənsən eyləyən təskin, 

Məni öldür də, məndən olma uzaq! 

 

At üzündən niqabı, ey canan! 



Nuri-çeşmindədir bütün əməlim.  

Yetişir çəkdiyim qəmi-hicran, 

Məni et naili-vəfa, gözəlim! 

 

Sevmişəm, mən səni yenə sevərim, 



Sönməsin həsrətinlə nəşələrim! 

Məni sən də sevirmisən? Heyhat! 

 

Şad ikən mən neyçin, nədən məhzun 



Oldum, olmaqda möhnətim əfzun, 

Böylə keçməkdə macərayi-həyat! 

Əlipaşa Səburun bu soneti ədəbi mühitdə maraqla qarşılanmış,  şair Mir 

Bədrəddin Seyidzadə eyni adlı sonet-nəzirə yazaraq «Yeni füyuzat»ın son sayında 

dərc etdirmişdir (14, s.10). Əsərin adından sonra müəllif özü də  «Əli Paşaya 

nəzirə» qeydini vermişdir.  Şeirdə  məhəbbətin təbəddülatlı duyğuları, hicranın 

qəlbdə oyatdığı sarsıntılar özünün poetik təcəssümünü tapmışdır: 

Ah! Ey sevgilim, nasıl edəyim? 

Bunca əsrari-eşqi dildə nihan? 

Gəlir cuşa xuni-dil daim, 

Qopur dildə sanki min tufan. 

O da maraq doğurur ki, M.B.Seyidzadə Əlipaşa Səburun bəzi misralarını eynilə 

işlətmişdir. Belə ki, Ə.Səburun sonetindəki ikinci katrenin üçüncü və dördüncü 



KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



99 

misraları M.B.Seyidzadənin sonetində birinci və ikinci tersetin ilk misraları ilə 

eynidir. Xatırladaq ki, Ə.Səburun bir sıra digər sonetləri də vardır və həmin əsərlər 

poeziyamızda bu janrın təşəkkülü mərhələsində mühüm rol oynamışdır. 

Deyilənlər göstərir ki, ötən əsrin əvvəllərində Azərbaycan poeziyasının ideya-

bədii təkamülündə, novatorluq axtarışlarında «Yeni füyuzat» jurnalının ciddi 

xidmətləri olmuşdur. Jurnalda həm Osmanlı  ədəbiyyatından, həm də Azərbaycan 

şairlərinin yaradıcılığından dərc olunan müxtəlif janrlı şeirlər (şərqi, marş, sonet və 

s.) bu baxımdan səciyyəvidir.  

 

İSTİNAD OLUNMUŞ QAYNAQLAR 

1.  Həbibov İ.Ə. Romantik lirikanın imkanları. Bakı: Yazıçı, 1984, 167 s. 

2.  Ə.P. Ah, Vətən // «Yeni füyuzat» jurnalı, Bakı, 1910, №2, s.7 

3.  Daizadə Əli Ricai. Qəzəl // «Yeni füyuzat», 1910, №8, s.6 

4.  Hüseynzadə  Əlipaşa Səbur. Zümzümə, düşüncə yarpağı (çapa hazırlayan 

və ön sözün müəllifi Hüseyn Həşimli). Bakı: Nurlan, 2004, 72 s. 

5.  Əli Paşa. Suziş // «Yeni füyuzat», 1910, №11, s.7 

6.  Səlmasi Səid. Ləyaliyi-iztirar // «Füyuzat» jurnalı. Bakı, 1907, №25, s.414 

7.  Nəcəfzadə Əliqulu. Şəhidi-hürriyyət Səid Səlmasinin ruhuna ithaf // «Yeni 

füyuzat», 1911, №2, s.8 

8.  Sabir Ə. Ruhum // «Yeni füyuzat», 1910, №11, s.4-5 

9.  Ə.K. Şərqi // «Yeni füyuzat», 1911, №2, s.4 

10. Kamal Əhməd. Təraneyi-Vətən // «Yeni füyuzat», 1910, №3, s.4 

11. Kamal Əhməd. Gözəlim, açma maziyi // «Yeni füyuzat» , 1911, №5, s.8 

12. Sahir Calal. Son cavab // «Yeni füyuzat»», 1911, №3, s.5 

13. Əlipaşa. Hicran // «Yeni füyuzat», 1911, №4, s.5 

14. Seyidzadə Mir Bədrəddin. Hicran // «Yeni füyuzat», 1911, №10, s.10  



 

 

Yüklə 316,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə