Microsoft Word Qlobal iqtisadi bohranin Az tesiri-new



Yüklə 87,44 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü87,44 Kb.
#12163


 

1

 



 

 

 

Qlobal iqtisadi böhranın Azərbaycana təsirləri: 

yeni miflər yeni reallıqlara qarşı 

 

 

Əgər sizin qonşunuz öz iş yerini itiribsə bu tənəzzüldür, 

 yox əgər siz öz işinizi itirmisinizsə bu artıq böhrandır. 

Harri Truman (ABŞ-ın 33-cü Prezidenti)  

 

   Son vaxtlar mətbuatda qlobal maliyyə və real sektor böhranının Azərbaycana mümkün təsirləri ilə 



bağlı bir-birinə tamamilə əks olan iki fikir səslənir: (a) böhran Azərbaycana çox ciddi təsir edib və bu, 

həm hökumətin büdcə-vergi və monetar siyasətində  dəyişikliklərə, həm də  sıravi insanların həyat 

səviyyəsinin daha da pisləşməsinə  səbəb olacaq; (b) krizis bizdən önəmli ölçüdə yan keçəcək, 

maliyyə bazarının inkişaf etməməsi və valyuta rezervlərinin həcmi bizi bu dəfə xilas edəcək. Əslində 

iqtisadi məntiq və həqiqət bu iki əks firkin aralığında bir yerdə gizlənib. Onu üzə çıxarmaq üçün ABŞ-

ın ipoteka bazarında başlayıb birjalara sıçrayan, oradan da real sektora sirayət edən qlobal iqtisadi 

böhranın mahiyyətinə və 2009-cu ildə gözlənilən mümkün fəsadlarına nəzər yetirək.  

   12 oktyabr 1977-ci ildə ABŞ prezidenti Cimmi Karter “qırmızı xətt” (kredit verilməsinin məhdudlaş- 

dırılması)  əleyhinə sazişi imzaladı. O vaxta qədər, kreditorlar əsas etibarilə yoxsul kateqoriyalara 

borc verilməsindən imtina edirdilər. Çünki onların fikrincə  aşağı  gəlirliliklə  zəif mənzil təminatının 

birləşməsi bir çox insanın öz kredit öhdəlikləri üzrə  vəsaitləri ödəyə bilməməsinə  səbəb olacaq. 

Beləliklə, borcverənlər riskli ipoteka kreditləri verməyə məcbur edildilər (bu “substandart” borclar da 

adlandırılır). Bu uğursuz biznes axını 1985-ci ildə Amerikanın yığım və borc institutlarını müflis etdi. 

Nəticədə hökumət öz uğursuz borclanmasını geri götürdü və kredit təşkilatlarını birləşməyə  təhrik 

etdi. Və əslində özü də bilmədən onlara uğursuzluğa düçar olmağın daha böyük imkanını açdı. Eyni 

zamanda, bir sıra digər problemlər monetar inzibatçıları narahat edirdi. 1997-ci ildə ABŞ fond bazarı 

digər kreditorların tənəzzül edəcəyi qorxusu ilə kəskin eniş yaşadı. Asiya bazarları çökdü. Meksika, 

Argentina və hətta Rusiya borcları üzrə defolt elan etdi. Hər dəfə də Qərbin maliyyə iqtidarları bazarı 

nəğd pul ilə boğaraq böhrana cavab verdi. 11 sentyabrdan sonra ABŞ Federal Ehtiyat Sistemi (FES) 

faiz dərəcələrini 6.25% səviyyəsindən investor etibarının azalmasının bazarları batıra biləcəyi 

qorxusu ilə yalnız 1% azaltdı. Ancaq yenə də, onların hərəkəti “kredit bumu”nu dəstəkləyən yanlış 

bazar reksiyasına səbəb oldu. Borclanmanın daha asan olduğu şəraitdə ipoteka müraciətləri kəskin 

artdı. Kreditorlar FES-in nəğd pul buraxılışları hesabına  əvvəlkindən daha çox substandart 

kreditlərini məmnuniyyətlə müştərilərə  təqdim etdilər. Ev alan insanların sayının artması isə ev 

qiymətlərini yüksəltdi. Ev almaq artıq müəyyən biznesə çevrilmişdi, spiralvari olaraq daha çox insan 

kredit götürür və  mənzil alırdı. Londonda və digər böyük maliyyə  mərkəzlərində son onillikdə 

hökumətin yüksək xərcləri dövlət borcunun artması ilə  də  nəticələndi. Özəl sektorun borcları  və 

mənzil qiymətləri isə daha dinamik templərlə artdı. Nəticədə isə likvidliyin kəskin azalması müşahidə 

olundu və dünya iqtisadiyyatı indiki duruma düşdü. 

   Geridə qalan 2008-ci ildə bir çox inkişaf etməkdə olan ölkələr yüksək faiz dərəcələri və  kəskin 

limitləşdirilmiş kreditlərlə qarşılaşdılar. 2009-cu ildə isə inkişaf etməkdə olan ölkələrdə ÜDM artım 

dinamikası 2007-ci ildəki 7.9% səviyyəsindən 4.5%-ə düşəcək. Özəl kapital axınının isə 2007-ci 

ildəki 1 trilyon dollar səviyyəsindən 2009-cu ildə 530 milyard dollara düşəcəyi proqnozlaşdırılır. 

Həmçinin ölkəsindən kənarda çalışıb ölkəsinə müntəzəm pul vəsaiti göndərən emiqrantların pul 

göndərişləri də azalacaq. Qlobal ticarət həcmi də 1982-ci ildən bu tərəfə ilk dəfə olaraq 2009-cu ildə 

azalacaq. Xarici investisiyalara və  qısa-müddətli kreditlərə  çıxış da çətinləşəcək.  İnkişaf etməkdə 

olan ölkələrin ixracının da səngiyəcəyi və iri həcmli kapitalın geri çəkiləcəyi də gözlənilir. Qlobal 

problemlər çoxtərəfli müzakirələr və həllər tələb edir ki, qlobal və milli liderlər də böhrandan çıxmaq 

üzrə  məsuliyyətin və imkanların bölüşdürülməsinə, iqtisadi böhranın arxasındakı insan faktorunun 

üzə  çıxarılmasına, yeni iqtisadi siyasətlərin müəyyən edilməsinə  cəhd göstərməlidirlər. Beynəlxalq 



 

2

maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı isə bu dövrdə maliyyə 



yardımı və güzəştli kreditləri artırırlar. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı önümüzdəki 3 ildə 

də kreditlərini 100 milyard dollar artırmaq niyyətindədir. Beynəlxalq İnkişaf Assosiasiyası isə yoxsul 

ölkələrə  əlavə 2 milyard dollar yardım ayıracaq. Burada əsas məqsəd ticarət və bank sektorunu, 

habelə infrastruktur layihələrini dəstəkləməklə özəl sektoru daha da gücləndirməkdir.  

   Maliyyə böhranının təsirindən  əvvəl bir sıra ölkələr artıq qida və yanacaq böhranından  əziyyət 

çəkirdilər. Bunun nəticəsində qlobal miqyasda 130-155 milyon insan kəskin yoxsulluğa düçar olmuş

əlavə 44 milyon uşaq tələbatdan daha az qida təchizatı ilə üzləşmiş, yüksək  ərzaq və yanacaq 

qiymətlərini kompensasiya etmək cəhdi həmin ölkələrin fiskal defisitini artırmışdır. Yoxsul və az gəlirli 

əhalisi olan ölkələr iqtisadi böhranın təsirini limitləşdirmək üçün beynəlxalq yardımlardan səmərəli 

istifadə etməli, infrastruktur və sosial investisiyaları azaltmamalı, biznes mühitini daha da 

təkmilləşdirməklə xarici investisiya axınını artırmalıdırlar. Vaxtilə maliyyə böhranı kimi başlayan bu 

böhran hal-hazırda real sektora sirayət edərək qlobal iqtisadi böhrana çevrilib və getdikcə işsizliyin 

yüksəlməsinə gətirib çıxarır. Problemin mənşə ölkəsi olan ABŞ onun fəsadlarını aradan qaldırmaq 

üçün artıq 787 milyard dollarlıq üçüncü iqtisadi stimullaşdırma paketini də təsdiqləyib. 

 

Qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsir kanalları: 

 

1. Ölkəyə daxil olan birbaşa xarici investisiyanın (FDI) məbləği dəyişibmi? 

 

   Qlobal  böhranın inkişaf etməkdə olan ölkələrə  ən mühüm təsir kanallarından biri xarici birbaşa 

investisiya axınının azalmasıdır. Azərbaycanda  əsasən dövlət investisiya proqramı  çərçivəsində 

infrastruktur layihələrinə qoyulan sərmayələr hesabına daxili investisiyanın artımı qarşılığında, 2008-

ci ildə ölkə iqtisadiyyatına yönələn birbaşa xarici investisiya bir qədər azalıb. Xarici mənbələrdən 

əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmi 2008-ci ildə 2.2 milyard manat (2.75 milyard 

dollar) təşkil edərək,  əvvəlki ilin müvafiq dövründəkindən  16.3% az olub. Əgər  əvvəlki illərdə (bu 

trend 2006-cı ildən sonra müşahidə olunur) azalmanın səbəbi daha çox neft-qaz layihələrinin 

investisiya repatriasiyası  mərhələsinə keçməsi ilə  əlaqədar olmuşdursa, 2008-ci ildə buna qlobal 

iqtisadi böhranın təsirlərini də əlavə etmək lazımdır. 

   Azərbaycana 2008-ci ildə yatırılan investisiya qoyuluşu üzrə xarici ölkələr və beynəlxalq təşkilatlar 

arasında  ən böyük paya Böyük Britaniya malik olub. Britaniya rezidentlərinin Azərbaycanda  əsas 

kapitala yönəltdiyi investisiyanın həcmi 1.27 milyard dollara yaxın və yaxud manat ekvivalentində 1 

milyard manat təşkil edib. Əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə Britaniya investorlarının 

sərmayə yatırımı 202 mln. manat və ya 16.5% azalıb. Böyük Britaniya ilə yanaşı Azərbaycan 

iqtisadiyyatının  əsas xarici investorlarının ilk beşliyinə ABŞ, Yaponiya, Türkiyə  və Norveç 

rezidentlərini daxil etmək olar. Bu dörd ölkəni təmsil edən investorların kapital qoyuluşu ümumi 

hesabda 941.3 mln. manata yaxındır, onların xüsusi çəkisi isə 42.3%-ə  bərabərdir. Xatırladaq ki, 

2008-ci ildə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə  mənbələrindən 9 

milyard manat həcmində və ya 2007-ci ildəkindən 34.3% çox investisiya yönəldilib. Ölkədə müxtəlif 

idxal mallarının satış həcmində də azalma var. Məsələn, bəzi avtomobil markaları üzrə 2008-ci ildə 

satış həcmi 40%-ə qədər azalıb. 

 

2. Azərbaycanın ticarət həcmi azalıbmı, qeyri-neft sektoru üzrə ixrac edilən mallara tələb 

azalıbmı? 

   2008-ci  il  ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 141 ölkə ilə aparılmış 

ticarət  əməliyyatlarının həcmi 54.9 milyard dollar olmuşdur. Bu müddət  ərzində 47.8 milyard  

dollar dəyərində 2127 adda mal ixrac, 7.2 milyard dollar dəyərində 5893 adda mal isə idxal olunmuş, 

ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 40.6 milyard dollar təşkil etmişdir. Lakin 2008-ci ilin son 

aylarında idxalın və ixracın həcmində nisbi azalma olub. Başqa maraqlı məqam ondan ibarətdir ki, 

əslində 2008-ci ildə ixracın təqribən 97%-ni neft və neft məhsulları təşkil etmişdir ki, bu da böhranın 

Azərbaycanın qeyri-neft ixrac mallarına təsiri vasitəsilə iqtisadiyyatımıza ciddi zərbə olacağı fikrini 

qısamüddətli dövrdə gündəmdən çıxarır. Orta və uzun müddətli iqtisadi dönəmdə isə ixracın 

diversifikasiyasını həyati dərəcədə aktual edir. 

 

3. Maliyyə sektorunda (həm özəl, həm dövlət fiskal alətləri üzrə) likvidlik və borclanma 

problemi varmı, habelə qiymətli kağızlar bazarında buraxılışların gəlirlilik və  dəyər azalması 

varmı? 



 

3

   İqtisadi böhranın Azərbaycanda həm dövlət və həm də özəl maliyyə sektoruna ciddi təsir etdiyini 



söyləmək olar. İlk öncə, dövlətin maliyyə rezervlərinə  və alətlərinə  təsirlərə toxunaq. Milli Bankın 

(MB) xarici valyutada beynəlxalq ehtiyatları (iyul 2008-ci il tarixə 6231.78 $) hansı şərtlərlə, hansı 

ölkələrdə saxlanılması ilə bağlı  məlumatlar dövlət sirri kimi qorunduğundan bu istiqamətdə riskləri 

alternativ dəyərləndirmək sadəcə mümkünsüzdür. Ancaq 2008-ci ildə Azərbaycanın Dövlət Neft 

Fondunun (DNF) vəsaitlərinin idarə edilməsi üzrə orta çəkili gəlirlilik (valyuta məzənnələrini nəzərə 

almadan)   3.79%  təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən  0.7% azdır. Dünya maliyyə böhranı 

şəraitində DNF xarici menecerlərin idarəetməsində olan aktivlərinin həcmini minimuma endirmək 

qərarına qəlib. Hazırda Fondun vəsaitlərinin 8%-i xarici menecer şirkətləri tərəfindən idarə 

olunur. Fond hesab edir ki, qlobal maliyyə bazarlarında olan çətinliklər səbəbindən vəsaitlərin xarici 

menecerlərin idarəçiliyində qalması lazımi səmərəni vermir. Bu zaman, xarici menecerlərin idarə 

etdiyi aktivlərdən fərqli olaraq, Fondun özü tərəfindən idarə olunan vəsaitlər üzrə daha çox gəlirlilik 

əldə olunur. Belə ki, 2008-ci ildə DNF-nin idarəetmədən  əldə etdiyi gəlirlilik illik 3.79% təşkil etjiyi 

halda, xarici menecerlərdən olan gəlirlilik illik 0%-ə bərabər olub. 2009-cu il yanvarın 1-nə Fondun 

aktivləri 2008-ci ilin əvvəlinə nisbətən 4.3 dəfə artaraq 9 milyard manata (11.2 milyard dollar) 

yaxınlaşmışdır. Lakin böhran dövründə elə davranmaq lazım deyil ki, sanki Neft Fondunda 11 

milyard deyil 111 milyard vəsait var. Başqa sözlə desək, DNF-dən dövlət büdcəsinə 2009-cu il üzrə 

4.9 milyard manatdan çox olan transfertlər limitləşdirilməlidir. 

   Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin gəlirləri 12 mlrd. 177 mln.  manat, 

xərcləri 12 mlrd. 355 mln. manat məbləğində  nəzərdə tutulmuşdur. 2008-ci ilə nisbətən dövlət 

büdcəsinin neftdən asılılığı bir qədər də güclənib. 2008-ci ildə birbaşa neft gəlirlərinin dövlət 

büdcəsinin gəlirlərində payı  62.4% səviyyəsində gözlənilirsə, 2009-cu ildə  həmin göstəricinin 

65.4%-ə çatacağı proqnozlaşdırılır. 2009-cu ildə neft sektorundan birbaşa daxilolmalar 7595 mln. 

manat, o cümlədən,  2680 mln. manat neft sektoru üzrə birbaşa vergi ödənişləri, 4915 mln. manat 

ARDNF-nin transfertləri (büdcə gəlirlərin 40.4%-i) təşkil edəcək. Cari ildə büdcə gəlirlərinin artımının 

(1693 mln. manat) 74%-i (1264.5 mln. manat) məhz neft sektoru üzrə ödənişlərin məbləğinin artımı 

hesabına baş verəcək. Eyni zamanda, büdcənin neft gəlirlərindən asılılığı qeyri-neft büdcə kəsirinin 

artımında da özünü büruzə verir. Əgər 2007-ci ildə dövlət büdcəsinin qeyri-neft büdcə kəsirinin qeyri-

neft sektorunda formalaşan ÜDM-ə nisbəti 32% təşkil etmişdisə, 2009-cu ildə  həmin göstəricinin 

42.5%-ə qədər yüksələcəyi gözlənilir. 

   2008-ci  ildə iqtisadi böhranla əlaqədar olaraq neftin qiymətinin illik amplitudası da yüksək 

olmuşdur. Belə ki, brent markalı neftin qiyməti il ərzində 144.9 ABŞ dollarından 38.1 ABŞ dollarına 

qədər dəyişmişdir. Azərbaycan üçün isə neftin hər barelinin 10 dollar ucuzlaşması 2.2 milyard dollar 

itki deməkdir. Lakin xam neftin hər bareli üçün qiymətin hətta 40 dollara düşəcəyi halda belə dövlət 

büdcəsinin icrasında problem gözlənilmir. Nəzərə almaq lazımdır ki, dövlət büdcəsində neft 

gəlirlərinin dörddə üçü DNF-nin transfertlərindən ibarətdir. 2009-cu il üzrə icmal büdcənin gəlirləri 

proqnozlaşdırılan zaman neftin hökumət tərəfindən hesablama bazası kimi istifadə etdiyi qiymət 

həddi (səlahiyyətli dövlət qurumlarının təmsilçilərinin çıxışlarında büdcə hesablamalarında xam 

neftin hər bareli üçün 70 dollar götürüldüyü qeyd olunsa da, 2009-cu ilin büdcə sənədlərində həmin 

göstərici 80 dollar göstərilib) özünü doğruldarsa, DNF-nin gəlirləri 14567 mln. manat təşkil edəcək. 

Bu halda, cari il üçün Fonddan proqnozlaşdırılan büdcə ayırmaları DNF-nin gəlirlərinin cəmi 34%-ni 

təşkil edəcək. Yuxarıda qeyd olunduğu kimi, ən pis qiymət ssenarisinin (məsələn, hər barel üçün 40 

ABŞ dolları) olacağı halda DNF-nin  proqnozlaşdırılan gəlirlərinin 2 dəfədən çox azalması 

mümkünsüzdür. Göründüyü kimi, hətta bu cür kəskin azalma şəraitində belə, DNF nəinki dövlət 

büdcəsi üzrə öhdəliklərini, habelə Fondun öz xərc öhdəliklərini də icra etmək imkanında olacaq. 

Lakin bu halda DNF-nin ümumi gəlirlərinin 60%-ə  qədəri dövlət büdcəsinə transfert edilə bilər.  

Nəticədə  neftin qiymətinin enməsindən itkilər dövlət bücəsində deyil, icmal büdcədə hiss olunacaq.  

   Fiskal siyasət alətlərinin böhranın diqtə etdiyi şərtlərə uyğunlaşdırılması ehtiyaclarına baxmayaraq, 



2009-cu ilin büdcəsində sosial xərclərin büdcədəki  birbaşa payı  3.3 faiz bəndi artaraq 25.6% 

təşkil etmişdir (2008-ci ilə nisbətən artım isə 39.3% olmuşdur). Bu xərclərin artımı Dövlət Sosial 

Müdafiə Fonduna taransfertlərin, sosial müavinətlərın,  əmək haqqı  və pensiya təminatı sisteminin 

təkmilləşdirilməsinə ayrılmış  vəsaitlərin artırılmasına imkan yaradacaq. Sosial müdafiə  və sosial 

təminat xərclərinin 39.3% artmasına baxmayaraq 2009-cu ildə pensiyaların baza hissəsinin 10 

manat artırılması  nəzərdə tutulur ki, bu da ölkədə pensiya sahəsində problemlərə adekvat sayıla 

bilməz. Pensiyaların sığorta hissəsi isə artıq ötən ilin inflyasiya səviyyəsinə uyğun indeksləşdiril- 

mişdir ki, bu da dolayısı ilə antiböhran tədbiri sayıla bilər.  

    Hökumət qlobal ərzaq böhranının təsirlərini azaltmaq məqsədilə  kənd təsərrüfatının 



inkişafını prioritet istiqamətlərdən biri elan edib və bu da 2009-cu ilin dövlət büdcəsi 


 

4

proqnozlarında özünü göstərir. 2009-cu ilin 4.7 milyard manatlıq sənaye və tikinti xərcləri fonunda 

kənd təsərrüfatı  xərcləri 44% artaraq 388,2 mln. manata catıb ki, bu artımın  əhəmiyyətli hissəsi 

hökumətin kənd təsərrüfatına dəstək tədbirlərinin maliyyələşdirilməsinə yönələcək. Bu tədbirlər kənd 

təsərrüfatı istehsalçılarına verilən subsidiyaların artırılmasını və “Əhalinin ərzaq məhsulları ilə etibarlı 

təminatına dair dövlət proqramının” reallaşdırılmasını  nəzərdə tutur. Kənd təsərrüfatı istehsalının 

artım tempi ilə müqayisədə subsidiyaların artımının dəfələrlə çox olması subsidiyaların 2009-cu ildə 

gözlənilən kənd təsərrüfatı istehsalında payının 5%-dən artıq olmasını şərtləndirəcək.  

   2008-ci ilin sonu 2009-cu ilin əvvəlində MB preventiv monetar tədbir olaraq pul siyasətini bir qədər 

yumşaltdı. MB İdarə Heyətinin qərarı ilə 2009-cu il fevralın 2-dən etibarən uçot dərəcəsi 3% 

endirilərək 5%-ə çatdırılıb. Faiz dəhlizinin yuxarı  həddi 13%-dən 10%-ə  qədər endirilib. Manat və 

xarici valyutada məcburi ehtiyat norması 6%-dən 3%-ə  qədər endirilib. Qlobal iqtisadi böhranın 

dərinləşməsi  şəraitində, 2009-cu ilin pul siyasətinin istiqamətinə uyğun olaraq Milli Bank, 

makroiqtisadi tarazlığın, maliyyə sabitliyinin dəstəklənməsi və ölkədə iqtisadi fəallığın saxlanılması 

məqsədilə onun yüngülləşdirilməsini davam etdirir. Ötən il həyata keçirilmiş analoji tədbirlər 

inflyasiya ehtimalını azaltmaq, eləcə  də böhranın bank sektoruna nəzərəçarpan təsirini yox etmək 

imkanı verdi. Məzənnə siyasətinin çevikliyinin artırılması üçün bivalyuta səbətinin struktur 

parametrləri yenilənmişdir ki, bu da ölkədə  rəqabət qabiliyyətini və maliyyə sabitliyini saxlamaq 

imkanı verəcək. Ötən il AMB-nin uçot dərəcəsi üç mərhələdə 15%-dən 8%-ə qədər azaldılıb. Ancaq 

bütün bu azaltmaların son nəticədə real sektora təsir etməsi bir qədər skeptikdir. Belə bir ciddi təsir 

üçün MB uçot dərəcəsini 2-3%ə  qədər endirməlidir. Habelə, antiböhran tədbirləri kimi, Milli Bank 

kommersiya banklarına vergi güzəştlərinin tətbiq edilməsini və daxili öhdəliklər üzrə  də  məcburi 

ehtiyat normalarının 0%-ə endirilməsini mümkün hesab edir.  

   Azərbaycanda hökumətin böhrana və onun fəsadlarına laqeyd olduğunu demək bir qədər 

məntiqsizdir. Ən azı ona görə ki, ölkədə kapitalın idarə edilməsi ilə biznesin tənzimlənməsi sistemi 

tam bir-birindən ayrılmayıb. Böhran dövrlərində isə itginin həcmi kapitalın miqdarı ilə mütənasibdir. 

Azərbaycan hökuməti kənd təsərrüfatı  məhsulları istehsalçılarının stimullaşdırılması  məqsədilə 

2009-cu il dövlət büdcəsindən müxtəlif subsidiyaların ödənilməsi ilə yanaşı, ixracatçıların böhran 

şəraitində problemlərinin aradan qaldırılması üçün fəaliyyət planını da hazırlayıb. Eyni zamanda, 

dünya maliyyə böhranı vəziyyətində Azərbaycanın sığorta bazarına dəstək üzrə tədbirlər hazırlanır. 

Bazarın təhlilindən sonra bəzi ehtiyat fondları kapitallaşmanın artırılması  və maliyyə böhranı 

vəziyyətində ehtiyat fondlarının dövriyyəsi üçün azaldıla bilər. Anti böhran tədbirlərindən biri, 

hökumətin maliyyə dəstəyinə sübut kimi sığorta şirkətlərinin üç il müddətinə mənfəətin kapitallaşma- 

sının artırılmasına yönəldilən hissəsinin vergidən azad edilməsi oldu. Böhranın sığorta  şirkətlərinə 

təsirinin minimuma endirilməsi üçün bu dövr ərzində  gərəksiz xərcləri azaltmaq, müştəri sayını 

artırmaq və bazar üçün yeni məhsullar hazırlamaq lazımdır. Hökumət isə öz tərəfindən 2008-ci ilin 

sonunda həm sığorta  şirkətlərini, həm də bankları  mənfəət vergisindən azad edərək mühüm bir 

addım atmış oldu. 

   Böhran dövründə Azərbaycanın xarici dövlət borcunun həcmi 2008-ci il ərzində 22.9% artaraq 

cari ilin yanvar ayının 1-nə 3 milyard dollara çatıb. Xarici borcun ümumi daxili məhsula (ÜDM) qarşı 

nisbəti son bir il ərzində 8.2%-dən 6.4%-ə düşüb. Adambaşına düşən xarici dövlət borcunun məbləği 

isə  əksinə, 283.8 dollardan 344.9 dollaradək artıb. Hökumət və dövlət qurumları  tərəfindən cəlb 

olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bu cür 

kreditlərin həcmi ümumi xarici borcun 88.5%-ni təşkil edib. Həmin məbləğin 40%-i və yaxud 1194.9 

mln. dolları elektrik enerjisi sektoruna, 7.7%-i (230.9 mln.) kənd təsərrüfatı, 22%-i isə (659.9 mln.) yol 

tikintisi və  nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün cəlb olunub. İqtisadi islahatlar üçün cəlb 

edilən kreditlərin məbləği 344.9 mln. dollar təşkil edib. Bu məbləğin 266 mln. dolları Dünya Bankı, 

78.9 mln. dolları isə Beynəlxalq Valyuta Fondunun kreditlərinin payına düşür. Maraqlıdır ki, 2008-ci 

ildə əlavə cəlb edilən və istifadə olunan xarici kreditlərin həcmi 58% artaraq 697 mln. dollara çatıb. 

Öz növbəsində, xarici borcun ödənilməsinə 286.3 mln. dollar xərclənib. Bu göstərici son bir il ərzində 

67.9% artıb və onun ¼ hissəsi borclar üzrə faizlərin ödənilməsinə sərf olunub. Qeyd edək ki, dövlət 

büdcəsi vəsaitləri hesabına xarici borcun ödənilməsinə 117.9 mln. dollar xərclənib. Dünya Bankı 

(DB) 2008-ci ilin yekunlarına görə Azərbaycanda cari hesab balansının ÜDM-ə nisbətinin 41.6% 

səviyyəsinə çatacağını, 2009-cu ildə isə bunun 30.7% olacağını proqnozlaşdırır. Qeyd edək ki, bu 

göstərici üzrə Azərbaycan  Şərqi Avropa və  Mərkəzi Asiya ölkələri arasında birinci yerdədir. Eyni 

zamanda, Azərbaycanın 2009-cu və 2010-cu illərdə  də lider mövqeyini qoruyacağı gözlənilir. 

Ümumilikdə isə sözügedən regionun ölkələrinin  əksəriyyəti mənfi cari hesab balansına malik 

olduğundan, bu göstəricinin ÜDM-ə faiz nisbəti də mənfidir. 




 

5

   Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2008-ci il üzrə  məcmu aktivlərinin gəlirlilik 



əmsalı (ROA) əvvəlki illə müqayisədə  0.4 faiz bəndi azalaraq 2.2%  təşkil etmişdir (bankların 

mənfəətinin artım tempinin aktivlərin artım tempini üstələdiyi  şəraitdə). Eyni zamanda, məcmu 

kapitalın gəlirlilik  əmsalı (ROE) da 2007-ci ilin yekunlarına nisbətdə 2008-ci ilin sonuna 0.6% 

azalmışdır. Bu, Azərbaycandakı bankların həm faiz və  həm də qeyri-faiz xərclərinin normadan 

yüksək olması ilə  əlaqələndirilə bilər. Habelə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 

verilən istehlak kreditlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 2334.9 mln. manat təşkil edib. Bu 

göstərici ötən il ərzində 40.9% artsa da, ötən ilin sonuncu rübündə onun azalması müşahidə 

olunub. Belə ki, istehlak kreditlərinin həcmi oktyabrda 2433 mln. manatdan 2365 mln. manatadək, 

noyabrda 2354 mln. manatadək, dekabrda isə 2335 mln. manatadək, ümumilikdə dördüncü rübdə 

98 mln. manat azalıb. 2009-cu ilin əvvəlində aparılmış sorğular göstərdi ki, Azərbaycan banklarının 

əksəriyyəti hələ  də istehlak kreditlərinin verilməsini bərpa etməyib.  İlin  əvvəlindən istehlak 

kreditlərinin verilməsinə başlamağa hazırlaşan banklardan bildiriblər ki, bərpa prosesi hələ də başa 

çatdırılmayıb. Borcların verilməsini davam etdirən bəzi banklar öz kredit siyasətlərini sərtləşdiriblər  

ki, bu da biznes-kreditləşməyə təsir göstərib.  

   Ölkədəki  qiymətli kağızlar bazarının strukturunu da tam optimal hesab etmək olmaz. Səhm 

buraxılışında dövlət müəssisələrinin payı 61%-i keçmiş, onun sahəvi strukturunda isə maliyyə, 

xüsusilə bank sektoru üstünlük təşkil edərək ümumi səhm buraxılışının 1/3 hissəsini təşkil etmişdir. 

Dövr  ərzində  səhm buraxılışı üzrə  əməliyyatların sayının 2007-ci ilə nisbətən 33% azalmasına 

baxmayaraq, onların məbləği 80% artmışdır. Korporativ istiqrazların emissiyası da 2008-ci ildə 2007-

ci ilə nisbətən 50% azalmışdır. 2008-ci ildə borc bazarının ümumi həcminin 94%-ni Milli Bankın 

qısamüddətli notları, 4.8%-ni dövlət qısamüddətli istiqrazları, 0.5%-ni korporativ istiqrazları ilə 

aparılan  əməliyyatlar, 0.7%-ni veksellər təşkil etmişdir. 2008-ci ilin ortalarından likvidliyə  tələbatın 

artması ilə  əlaqədar veksellərlə  əməliyyatlar genişlənmişdir. Belə ki, hesabat dövründə 63 mln. 

manat məbləğində 509 veksel buraxılışı dövlət qeydiyyatına alınmışdır ki, bu da 2007-ci ilin müvafiq 

göstəricilərindən say üzrə 5 dəfə, məbləğ üzrə isə 2 dəfə çoxdur.  

   2008-ci  ildə Milli Bankın qısamüddətli notları üzrə orta ölçülmüş  gəlirlilik səviyyəsinin azalaraq 

dövrün  əvvəlində keçirilmiş ilk auksiondakı  10.9%-dən sonuncu auksionda 4.7%-dək enməsi 

mərkəzləşdirilmiş kredit resursları üzrə Milli Bankın müəyyən etdiyi uçot dərəcəsinin 5%-ə  qədər 

azaldılması ilə izah olunur. Azərbaycan Maliyyə Nazirliyi ortamüddətli dövlət istiqrazlarının 

emissiyasını bərpa edib. Dövlət qısamüddətli istiqrazları üzrə isə gəlirilik səviyyəsi 2009-cu ilin əvvəli 

üzrə keçirilən hərraclarda ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.6% azalıb. 

 

4. Fəaliyyətini dayandıran və ya məhdudlaşdıran istehsal müəssisələri varmı, eyni zamanda 



bu proses kütləvi ixtisarlarla müşayiət olunurmu? 

 

   Son  qlobal  böhranla  əlaqədar olaraq, xüsusən, Azərbaycandakı xarici şirkətlərdə ixtisarların 



başlaması ilə bağlı müxtəlif məlumatlar da yayıldı. Eyni zamanda, işçilərin ödənişsiz məzuniyyətə 

göndərilməsi faktları da həm özəl sektorda, həm də dövlət təşkilatlarında mövcuddur. Əsasən Boru-

Prokat Zavodu, Baku Steel Company və digər kompaniyalarda belə hallar qeydə alınıb. Belə ki, 

böhranın olması yeni nəzərdə tutulmuş layihələrin, yaxud həyata keçirilən investisiya layihələrinin 

təxirə salınmasına gətirib çıxarır. Bu halda iş yerlərinin itirilməsi təhlükəsi yaranır. Bundan başqa, 

Azərbaycanda ixracyönümlü müəssisələrdə satış bazarının məhdudlaşdırılması ilə  əlaqədar 

müəyyən çətinliklər yaranıb. Məhdudlaşdırıcı tədbirlər nəticəsində müəssisələr xərclərini minimuma 

endirməyə çalışılır. Bunun yollarından biri də, təbii ki, ixtisarlardır. Azərbaycan Həmkarlar İttifaqları 

Konfederasiyası isə dünya maliyyə böhranı ilə əlaqədar ölkədə kütləvi ixtisarların qeydə alınmadığını 

bildirsə  də, indiyədək müxtəlif özəl və dövlət müəssislərində  3 minə yaxın işçinin ödənişsiz 



məzuniyyətə göndərildiyi də  məlumdur.  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi 

rəyinə  əsasən isə dünya maliyyə böhranı Azərbaycan vətəndaşlarının  əmək fəaliyyətinə  həddən 

artıq təsir göstərməyib (ancaq atılan önləyici tədbirlər vəziyyətin o qədər də sadə olmamasından 

xəbər verir). Nazirliyin monitorinq apardığı 3460 müəssisədə əmək müqavilələrinin cəmi 0.86%-i ləğv 

edilib. Ancaq bu da, hər şey demək deyil. Cünki müəssisələrin əmək müqaviləsi olmayan xeyli sayda 

işçilər calışdırdığı da faktdır və ixtisarlara ilk öncə onlar məruz qalırlar. 

   Artan işsizliyin əmək bazarındakı gərginliyi daha da yüksəltməməsi üçün hətta ölkəyə gələn əcnəbi 

işçilərlə bağlı da tənzimləyici tədbirlər gücləndirilib (bu tədbirlərdən bəziləri daha əvvəldən planlaşdı- 

rılsa da böhran onların tətbiqini sürətləndirdi). “Dövlət rüsumu haqqında” qanuna edilmiş son əlavə 

və dəyişikliklər əsasında artıq Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbiyə fərdi 

iş icazəsinin verilməsi üçün dövlət rüsumunun məbləği  1000 manat olacaq. İndiyə  qədər isə 



 

6

işəgötürən tərəfindən fərdi iş icazəsinin verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği 45, 



onun müddətinin uzadılması üçün dövlət rüsumunun məbləği 25 manat idi. Dövlət rüsumunun 

məbləğinin artması Azərbaycanda boş iş yerlərinin bundan sonra yerli vətəndaşlara təklif edilməsinə 

stimul yarada bilər. Bunlarla yanaşı,  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyəti dövlət 

qurumları ilə birgə “Əmək miqrasiyası kvotalarının müəyyən edilməsi qaydaları”nın da layihəsini 

hazırlayaraq hökumətə  təqdim edib. Artıq 2010-cu ildən ölkədə  əmək miqrasiyası kvotalarının 

müəyyənləşəcəyi və bununla bağlı proqnozlaşmanın aparılacağı gözlənilir. Əlavə olaraq qeyd edək 

ki, bundan sonra azərbaycanlı işəgötürənlər əcnəbi əmək miqrantlarını işə qeyri-qanuni cəlb etdikləri 

üçün daha çox cərimələnəcəklər. Yeni qanun layihəsi min manat həcmində  cərimə qoyulması  və 

hətta (xarici əmək miqrantlarının qeyri-qanuni işə cəlb edilməsinə görə) cinayət məsuliyyətinə cəlb 

olunmasını nəzərdə tutur. Fərdi iş icazəsi almadan əcnəbini işə cəlb edən işəgötürən isə 30-35 min 



manat  cərimələnəcək. 2008-ci il oktyabrın 1-nə  qədər ölkədə qeydiyyatdan keçmiş miqrantların 

sayının 3353 nəfər olduğu məlumdur. 2007-ci ildə bu rəqəm 507 nəfər olub. Qeydiyyatdan keçmiş 

əcnəbi vətəndaşların sayının 5.7 dəfə artmasına baxmayaraq, Azərbaycanda çalışan  əcnəbilərin 

sayı təxminən 13-15 min nəfərdir. Bu isə iş üçün icazə almış şəxslərin sayından 4-5 dəfə çoxdur. İlk 

dəfə olaraq 2008-ci ildə Azərbaycan  əhalisinin sayı ölkəyə 800 nəfərin miqrasiyası  nəticəsində 

mexaniki artım hesabına qismən çoxalıb.  İndiyədək ölkə  əhalisi təbii artım hesabına, yəni doğum 

hesabına artırdı. 

 

5. Ölkəyə daxil olan “işçi pulları” (remittances) və humanitar yardımların həcmi azalıbmı? 

 

   Azərbaycanın tədiyyə balansının strukturunda cari transfertlər üzrə 2008-ci ilin 2-ci və 3-cü 



rüblərində 2007-ci ilin müvafiq dövrünə nisbətdə azalma müşahidə olunub. Konkret olaraq 3-cü 

rüblərin müqayisəsində  58 mln. dollar azalma üzə  çıxır. Bu, əsasən, xaricdə yaşayan işçilərin 

ölkəyə göndərdikləri maliyyənin, habelə donor yardımlarının və qrantların azalmasının göstəricisidir.  

   Böhranın ciddi təsir etdiyi sahələrdən biri də, daşınmaz  əmlak bazarı oldu. Ölkənin Bakı başda 

olmaqla bir sıra bölgələrində daşınmaz əmlak bazarında yaranan durğunluğun bir səbəbi də xaricdə 

(xüsusən, Rusiyada) yaşayan həmvətənlərimizin ölkəyə göndərdikləri və ya gətirdikləri pul 

vəsaitlərinin azalması ilə bağlı olmuşdur. Hətta Dünya Bankının yerli nümayəndəliyi də bu azalmanı 

təsdiqləmişdir. Onu da nəzərə alaq ki, Rusiyada yaşayan azərbaycanlı mühacirlərin pul köçürmələri, 

digər ölkə  vətəndaşlarının pul köçürmələrini xeyli arxada qoyur. Rusiyada yaşayan azərbaycanlı 

mühacirlərin pul köçürmələri rəsmi məlumata  əsasən ölkənin ÜDM-nin təxminən  1%-ni  təşkil edir. 

Beynəlxalq təşkilatlar isə adambaşına düşən milli gəliri yüksək olmayan ölkələr üzrə xaricdən pul 

göndərişlərinin ÜDM-ə nisbəti üzrə orta göstəricinin  20% olduğunu müəyyən ediblər. Ölkələrdə 



“kölgə iqtisadiyyatı”nın və bazar münasibətlərinə keçidin səviyyəsi də, böhranın müxtəlif formada 

təzahür etməyini  şərtləndirir. Yəni bu, bir tərəfdən,  əlavə (qeyri leqal) maliyyə imkanları ilə balans 

yaradıcı  təsir effektinə malikdirsə, digər tərəfdən iqtisadi tənzimləməni çətinləşdirərək maliyyə 

sistemini əlavə risk altında qoya bilər. 

   Azərbaycan beynəlxalq humanitar yardımlardan asılı olan ölkələr sırasında olmasa da, həm 

makroiqtisadi göstəricilərin yaxşılaşması, həm də son qlobal iqtisadi böhranın fəsadı kimi ölkəyə 

daxil olan humanitar donor yardımları (ayırmaları) kəskin azalarsa, bunun ölkə daxilində bir sıra yerli 

humanitar təşkilatlara və  həssas  əhali qruplarına müəyyən təsiri ola bilər. BMT-nin Monterrey 

Konsensusunun şərtlərinə görə isə inkişaf etmiş ölkələr öz ümumi milli məhsullarının 0.7%-ni, inkişaf 

etməkdə olan ölkələr isə    0.15 - 0.2%-ni beynəlxalq inkişafa və qlobal böhranların nəticələrinin 

aradan qaldırılmasına ayırmalıdırlar. 

 

6. Manatın məzənnəsi və inflyasiya səviyyəsi necə dəyişib? 



 

   2008-ci ilin yekun inflyasiya səviyyəsi ilə bağlı ilk baxışda rəsmi məlumatlar ziddiyyətlidir. 16 

yanvar 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-

ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Burada Milli Bankın İdarə 

Heyətinin sədri bildirmişdir ki, “Ölkədə illik inflyasiya ötən ilə nisbətən bir qədər səngiməyə doğru 

getmişdir. Bildiyiniz kimi, ilin birinci yarısında bəzi beynəlxalq təşkilatlar ölkədə inflyasiyanın 25-27 

faiz səviyyəsində olacağını proqnozlaşdırırdılar. Qlobal amillərin, o cümlədən daxili siyasətin 

nəticəsində inflyasiya səviyyəsi proqnozlaşdırılan səviyyədən aşağı - 20% olmuşdur.”  Milli Bankın 

“2008-ci ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında hesabat”da isə 

göstərilir ki, “2008-ci ildə inflyasiya 15.4%  təşkil etmişdir ki, bu da beynəlxalq təşkilatların verdiyi 

proqnozlardan (20-22 faiz bəndi) aşağıdır.”   Milli Bank mütəxəssislərinin rəyinə görə, bu 



 

7

məlumatlarda 2008-ci il üçün inflyasiya səviyyəsi barədə  kənarlaşma  əslində hesablama 



metodologiyası ilə bağlıdır. Belə ki, ilk göstərici 2008-ci il ərzində hesablanan orta statistik istehlak 

səbətinin 2007-ci ilin analoji göstəricisi ilə müqayisəsindən, ikinci rəqəm isə 2008-ci ilin dekabr ayı 

üzrə orta istehlak səbətinin 2007-ci ilin dekabrı üzrə eyni göstəriciyə nisbətindən ortaya çıxmışdır. 

Hansı situasiyada hansı  rəqəmin rəsmi mövqe olaraq təqdim edilməsi kriteriyası isə  məlum deyil. 

Ancaq istənilən halda, ölkədə, bütün dünyada gedən kəskin ucuzlaşma fonunda ikirəqəmli dinamik 

inflyasiyanın olduğu  şübhəsizdir.  İqtisadi böhran dövründə inflyasiyaya təsir edə bilən faktorlardan 

biri də, manatın məzənnəsinin ildə orta hesabla dollar qarşısında  5% bahalaşan məzənnəsidir. 

2008-ci ilin büdcə zərfindəki rəsmi proqnozlara görə, Azərbaycanda önümüzdəki 3 ildə də, manatın 

bahalaşması davam edəcəkdir. Lakin son dövrlər bir sıra MDB ölkələrində (Qazaxıstan, Rusiya, 

Belarus, Qırğızıstan, Tacikistan) müşahidə edilən milli valyutanın devalvasiyasının Azərbaycanda da 

təkrarlana biləcəyi barədə  rəylər mövcuddur. Azərbaycan Milli Bank “yüksək inflyasiya, yoxsa 

konvertasiya itgiləri” dillemmasından çıxış yolunu konvertasiya itgilərinə  rəğmən məzənnədə 

devalvasiyaya getməməkdə görür. Çünki bu həm qeyri-neft sektoru üzrə  məzənnə riskinə  məruz 

qalan ixracın az olmasından, həm də MB-nin əsas rəsmi funksiyasının məhz inflyasiyanı 

stabilləşdirmək olmasından irəli gəlir. Beləliklə, gözləmək olar ki, 2009-ci il ərzində manatın kəskin 

devalvasiyası müşahidə edilməyəcək. Əgər bu tədricən baş versə belə, rəsmi məzənnə “1$ = 0.85 

qəpik” həddini keçməyəcək. Qlobal iqtisadi böhranın nəticəsində bütün dünyada dollarların geri 

yığılması prosesi isə sürətlənir və il ərzində dolların manatın məzənnəsini gərgin saxlayacağını 

inididən demək mümkündür. 

   Beləliklə, aparılan təhlil nəticəsində belə bir qənaətə gələ bilərik ki, son qlobal iqtisadi böhran öz 

unikallığı ilə  fərqlənir və Azərbaycana bütün əsas maliyyə  və mübadilə kanalları üzrə ciddi təsir 

göstərir. Lakin bu təsirin tam rəsmi diaqnostikası sistemli olmasa da, atılan bəzi preventiv addımlar 

hökumətin və biznes sektorunun mümkün risklərin fərqində olduğunu söyləməyə əsas verir. 



 

“Cavab tədbirləri kimi nə etmək olar?” sualına cavabımız aşağıdakı təkliflərdən ibarətdir: 

 

(a) süni qiymət artımlarına, inhisarçılığa və haqsız rəqabətə qarşı dövlət nəzarət tədbirlərinin 

gücləndirilməsi; 

(b) xaricdə saxlanılan valyuta ehtiyatlarının bir hissəsinin güzəştli  şərtlərlə yerli bankların 

istifadəsinə verilməsi, ümumiyyətlə, banklararası və əhaliyə ünvanlanmış güzəştli kreditlərin 

stimullaşdırılması; 

(c) fermerlərə  və digər sahibkarlara (xüsusən satış  və ya istehsal dövriyyəsi azalan) dövlət 

köməyinin artırılması, regional və sektoral vergi güzəştlərinin tətbiqi, qeyri-neft sektoru üzrə 

ixracın stimullaşdırılması; 

(d) dövlət investisiya proqramının prioritetlərinə yenidən baxılması, büdcə  vəsaitlərindən 

səmərəli istifadənin və dövlət maliyyə intizamının gücləndirilməsi;  

(e) problemli borc öhdəliklərinin bəziləri üçün seçməli qaydada dövlət zəmanətinin tətbiqi və 

qeyri-formal iqtisadiyyatın uçota götürülməsi; 

(f) sayı getdikcə artan işsizlərin təkrar peşə hazırlığını təmin edən layihələrin maliyyələşdiril- 

məsi və onlara verilən müavinətlərin artırılması; 

(g) ev təsərrüfatlarında və mülkiyyətindən asılı olmayaraq müəssislərdə bütün növ qənaətin 

stimullaşdırılması üçün məlumatlandırma kampaniyalarının aparılması; 

(h) qiymətli kağızlar bazarında korporativ borc kağızları sektorunun inkişafının iqtisadi 

yollarla təşviq edilməsi; 

(i) anti-inflyasiya tədbirləri kimi fiskal və monter alətlərdən heç birinə birmənalı üstünlük 

verməmək və onların kombinasiyasına çalışmaq. 

 

Mənbələr: Milli Bank, Dövlət Neft Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “APA” və 

“Trend” agentlikləri, Milli Büdcə Qrupu, Adam Smit İnstitutu (London), digər dövri nəşrlər. 

 

Fikir və rəylərinizi bu e-mail ünvanlarına yaza bilərsiniz: 

kenan@atib.az



acharkazov@atib.az

  

 

 

Azərbaycan-Türkiyə İş Adamları Birliyi 

Layihələr və Tədqiqatlar Şöbəsi 

Yüklə 87,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə