Microsoft Word seyidov text 72. doc



Yüklə 106,96 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü106,96 Kb.
#50155


MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7809



 

 

 

 

Tərlan SEYİDOV 

 

FƏRHAD BƏDƏLBƏYLİ 

Həyat və yaradıcılıq yolu 

 

 

 



SSRİ-nin və Azərbaycanın xalq 

artisti, Beynəlxalq müsabiqələr və Dövlət 

mükafatı laurearı, “Şərəf” ordeni kavaleri, 

professor Fərhad Bədəlbəyli – dünyanın 

bir çox ölkələrində adı yaxşı tanınan bir 

ifaçı, bir neçə nəsil pianoçular yetişdirmiş 

müəllim; Bakı Musiqi Akademiyasının 

rektoru, Azərbaycanın musiqi xadimləri 

birliyinin sədri, ictimai xadimdir. Milli 

musiqi incəsənətinin dönüş  məqamı bu 

görkəmli musiqiçinin adı ilə bağlıdır. 

Hər bir incəsənət tarixində təcrübələr bolluğundan sonra zaman keçdikcə yaradıcı nəticələr 

və mədəni dəyərlərin yaranması dövrü gəlir ki, bu dövrdə bir çox keçmiş sənətkarların axtarışları 

və nailiyyətləri daha tam və dolğun öz əksini tapmış olur. Belə zaman kəsiyi – incəsənətin inkişafı 

yollarının zirvəsini təşkil edir: bu dövrdən çox asanlıqla keçmiş şərh olunur və gələcək mənzərə 

açılmış olur.  

Belə  mərhələli dövrlərdə  sənətkarların yaradıcılığı geniş  məşhurluq  əldə edir, öz 

hüdudlarından, vətəninin sərhədlərindən kənara çıxaraq ümummilli əhəmiyyət kəsb etməyə 

başlayır. Bu, əsas etibari ilə milli mədəniyyətin gözəl  ənənələrinin aparıcı dünya incəsənəti 

ənənələri ilə uzlaşması nəticəsində baş verir. 

Azərbaycanın ifacılıq mədəniyyətində 60-70-ci illər məhz belə dövrlərdən idi ki, bu dövr 

görkəmli pianoçu F.Bədəlbəylinin sənəti ilə bağlı idi. Onun çoxşaxəli  yaradıcı, ifaçı, pedaqoji və 




MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7810

musiqili-ictimai fəaliyyəti Azərbaycan pianizminin inkişafında xüsusi rol oynamışdır və öz ölkəsi 

hüdudlarından çox kənara çıxaraq beynəlxalq nüfuz əldə etmişdir. 

Hələ o uzaq 1967 – 1968-ci illərdə 20 yaşlı  gəncin istedadı nüfuzlu beynəlxalq 

müsabiqələrdə öz parlaq təzahürünü tapdı. Bu, bir növ hesabat məqamı olub milli ifaçılıq sənətinin 

dünya səhnəsində gələcək uğurlarının başlanğıcını qoydu. 

1967-ci ildə Çexoslovakiyada keçirilən beynəlxalq müsabiqədə F.Bədəlbəylinin uğurlu 

çıxışından sonra F.Əmirovun dediyi sözlər buna parlaq nümunədir. “Gənc istedadlı pianoçunun 

nailiyyəti şəxsi nailiyyətdən kənara çıxır. Bu, Azərbaycan ifaçılıq məktəbinin ilk beynəlxalq uğuru 

idi ki, bizim həmyerlimizin parlaq sənəti “vizit kartı” oldu. Gənc musiqiçi Nizaminin dağları fəth 

etmiş  Fərhadı kimi Azərbaycan pianizmini dünyada tanıtdı”. [1] Q.Qarayevin sözlərini də yada 

salmamaq mümkün deyil. Artıq bir il sonra, 1968-ci ildə Lissabonada keçirilən Beynəlxalq 

müsabiqədə F.Bədəlbəylinin zəfərli qələbəsindən sonra Q.Qarayev demişdir: “F.Bədəlbəylinin 

Lissabonda məsuliyyətli yarışda qazandığı qələbə bütöv Azərbaycan musiqi mədəniyyəti üçün əsil 

bayram idi. Bu gün artıq biz deyə bilərik ki, Bakı “fortepiano əyaləti” kimi fəaliyyətinə son 

qoymuşdur”. [2] 

F.Bədəlbəylinin ifaçılıq və pedaqoji sənəti sayəsində yeni  şəraitdə Azərbaycanın ictimai 

həyatında dinləyicilərin bədii tərbiyəsində dünya və milli fortepiano klassikasının 

məşhurlaşmasında, həm də professional pianizmin inkişafında fortepianonun rolu həddindən çox 

artmışdı. Onun ifa zamanı orijinal sənəti, hüdudsuz virtuoz imkanları  və  nəhayət bəlkə  də milli 

köklərdən irəli gələn ehtiraslı, coşğun artist temperamenti dinləyici kütləsini fəth edir. 

F.Bədəlbəylinin ifaçılıq sənəti gənc pianoçuları beynəlxalq arenalarda öz güclərini 

sınamağa ruhlandırmışdır. Yeni laureatlar 7 illik fasilədən sonra, 70-ci illərin ortalarında peyda 

olur və indiyə qədər onların sıraları artmaqda davam edir. 

Belə böyük rezonansa səbəb olan ilk uğurlarına F.Bədəlbəyli hansı yollarla nail olmuşdur? 

Hələ uşaq ikən, Bülbül adına orta ixtisas musiqi məktəbində A.Kələntərdən təhsil alarkən istedadı 

ilə özünə diqqət çəkməyi bacarmışdı. Artıq o zaman o, öz gözəl fitri istedadı ilə, uşaqlıqdan kənar 

inadcıl işgüzarlığı, ciddiliyi və qarşıya qoyulmuş məqsədlərə nail olması ilə fərqlənirdi. Fərhad il 

ildən öz yaşıdlarını qabaqlayaraq qeyri-adi sürətlə inkişaf edirdi. Bir sözlə, o, məsuliyyətlə 

konservatoriya mərhələsinə çox yaxşı hazırlaşmışdı. 

“Mənə professor M.R.Brennerin sinifində oxumaq səadəti nəsib oldu. Bizim sinifimizdə 

həmişə yüksək tələbkarlıq, tələbələr arasında ciddi intizam atmosferi səmimi və xeyirxah 

münasibətlərlə uzlaşırdı. Bütün bunların fövqündə müəllimin yüksək nüfuzu durardı. Mayor 

Rafailoviç Brennerin mənim üçün etdiklərini qiymətləndirməmək qeyri-mümkündür. O, öz 

yetirmələrinə peşəkarlıq vərdişləri aşılamaqla yanaşı müstəqil düşünməyi, mülahizələr aparmaq 




MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7811

hisslərini tərbiyə edir, onların yaradıcılıq fantaziyasını formalaşdırır, sonra isə bütün cəhətləri 

düzgün qiymətləndirməyi bacarırdı. Bu keyfiyyətlər mənə müsabiqələrə hazırlıq mərhələsində çox 

kömək etdi. Müəllimim mənə qələbəyə inam, inadkarlıq hissləri aşılamışdı”. 

Əlbəttə ki, həm məktəb, həm də xüsusi ilə konservatoriya illərində F.Bədəlbəyli piano 

sənətinin sirrlərini metodik və ardıcıllıqla mənimsəmiş, virtuoz vərdişləri daha da dərinləşdirmiş, 

çox cəsarətlə  yeni-yeni fortepiano repertuarlarına müraciət etmişdir. Xüsusilə qeyd etmək 

lazımdır ki, hələ  gənc yaşlarından, həm valideynlərinin, həm də müəllimlərinin sayəsində o, 

məhdud professional sferada qapanmırdı. Təssüflər olsun ki, indiki zamanda gənc müsuqiçilərin 

təlim-tərbiyəsi son  dərəcə məhdud xarakter daşıyır. Tələbə sanki, sözün əsl mənasında seçilmiş 

alətə buxovlanır və onun ətrafında hər hansı bir vakuum yaranır. Bax, elə bu məsələdə  də 

F.Bədəlbəylinin ətrafında əlverişli, münasib atmosfer yaranmışdır.  

O, 1947-ci il dekabrın 27-də, məşhur rejissor, respublikanın xalq artisti Şəmsi 

Bədəlbəylinin ailəsində anadan olmuşdur. Gənc musiqiçinin yetişməsində onun əmisi – bəstəkar 

və dirijor, respublikanın xalq artisti Əfrasiyab Bədəlbəylinin də az zəhməti olmayıb. Yaradıcı 

musiqiçi kimi təşəkkül tapmasında, görkəmli dirijor, maestro Niyazinin rolu əvəzsizdir. Fərhadın 

sözləri ilə desək, onların daimi ünsiyyəti və müştərək çıxışları onun üçün əsl bədii dərketmə 

məktəbi olmuşdur. 

Müəllimləri, valideynləri gənc Fərhadın müxtəlif sənət sahələrində marağını təqdir edirdi. 

Kitab onun ən yaxşı dostu idi, bu və ya digər  əsəri estradaya çıxaranda pianoçu əsərin müəllifi 

haqda, onun dövrü və üslubu haqda müxtəlif mənbələrlə tanış olurdu. Gənc Fərhad qədim dünya 

tarixi ilə ciddi maraqlanır, hətta arxeoloq olmaq arzusu ilə yaşayırdı. Moskvaya, Leninqrada 

(Sankt-Peterburqa) səfərlər onun üçün sadəcə  əyləncə  və istirahət günləri deyildi. Ermitaja, Rus 

muzeyinə, Tretyakov qalereyasına, Puşkin adına muzeyə estetik “səyahətlər” onun yaddaşına 

parlaq, unundulmaz təəssüratlarla həkk olurdu. 

Belə  mənəvi “tamahkarlıq” musiqiçinin müstəqil dəst-xəttinin, fərdi yaradıcılıq yolunun 

formalaşmasına təsir göstərirdi. Bu cəhət özünü repertuar seçimində, bəstəkarlıq təşəbbüslərində, 

nəhayət pianoçuluq təcrübəsində  də büruzə verir: Fərhad daha fəal konsert proqramları ilə  çıxış 

etməyə başlayır. Daha sonra istedadlı ifaçı üçün vacib hesab edilən müsabiqələr mərhələsi gəlir. 

İlk sınaq o qədər də  uğurlu olmur – I kurs tələbəsi üçün Marqarita Lonq adına Beynəlxalq 

müsabiqənin seçmə  mərhələsində daha təcrübəli namizədlərlə  rəqabət aparmaq, əlbəttə ki, çətin 

idi.  

Lakin artıq bu dövr üçün Bədəlbəylinin xarakteri mətanətli və belə desək döyüşkən əhval-



ruhiyyəli olur. Öz qüvvəsinə, bacarığına inanan Fərhad, müəllimi M.R.Brennerin rəhbərliyi ilə 

yeni müsabiqələrə hazırlaşırdı. Qarşıya yeni məqsəd qoyulmuşdu: Qrades-Kralova şəhərində 




MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7812

keçirilən Smetana adına Beynəlxalq müsabiqədə qalib gəlmək. Fərhad bu müsabiqəyə müəllimi ilə 

Pyarnu şəhərində (Estoniya) gərgin iş rejimində düz 5 ay hazırlaşmışdır. Böyük zəhmət bu dəfə öz 

bəhrəsini verdi: 1967-ci ildə 20 yaşlı musiqiçi nüfuzlu müsabiqənin laureatı adına layiq görüldü. 

“Lyudova demokratiya” qəzeti F.Bədəlbəylinin “orijinal ifa tərzini, vulkanik texnikasını və “çılğın 

ehtirasını” xüsusi qeyd etdi. III mükafatla yanaşı, azərbaycanlı pianoçu Smetana əsərinin ən yaxşı 

ifası üçün də xüsusi mükafata layiq görüldü. Artıq o zaman Bədəlbəyli bir çox mütəxəssisləri 

qeyri-adi üslübu ilə heyran etmişdir ki, bu da Smetananın miniatürlərinin ifasında (“Çex rəqsləri”, 

prelüdlər, Polka formasında “Çexiya haqqında xatirələr”, “3 poetik polka”, “Toy səhnəcikləri”) öz 

əksini tapmışdır. 

Lakin əlbəttə ki,1968-ci il gənc musiqiçinin yaradılıq yolunda həllədici mərhələ oldu. Daha 

sonra Fərhad Lissabona, Viana da Mota adına Beynəlxalq müsabiqəyə yola düşdü. Bu müsabiqə 

olduqca mürəkkəb bir sənət yarışı idi. Yaradıcılıq fərdiliyini aşkarlamağa imkan verən rəngarəng 

proqram həmişə Lissabon yarışına çoxlu sayda musiqiçilər – fəal konsert ifaçılarını, eləcə  də

başqa müsabiqələrdə laureat olmuş pianoçuları  cəlb edir. Müsabiqənin 4 mərhələsində Bax, 

Motsart, Bethoven, Şopen, List, Raxmaninov, Skryabin, Debüssi və başqa bəstəkarların  əsərləri 

çalınır. Müsabiqənin proqramına mütləq portuqaliyalı bəstəkarın əsəri daxil edilməli idi: həmin il 

bu  əsər Viana da Motanın Balladası oldu. Finalçılar solo proqramla çıxış etməli idilər. Yekun 

turda fortepiano və orkestr üçün konsert ifa edilirdi. Artıq bu siyahı gənc pianoçuların qarşısına 

qoyulan ciddi tələbləri nümayiş etdirirdi. 1968-ci il müsabiqəsində ABŞ,  İspaniya, Braziliya, 

Kanada və başqa ölkələrdən gəlmiş 50-yə yaxın ifaçı  iştirak edirdi. Lissabon müsabiqəsinin 

nüfuzunu qeyd etmək üçün burada yüksək mükafatlar almış keçmiş sovet pianoçularının adlarını 

çəkmək kifayətdir: Naum Ştarkman, Qleb Akselrod, Vladimir Kraynev. 

Və budur: 1968-ci ildə onların siyahısına 2 nəfərin adı da əlavə edildi: nüfuzlu münsiflər 

heyəti I mukafatı Viktoriya Postnikovaya və Fərhad Bədəlbəyliyə verdi. 

Qara Qarayev yazırdı: “Lissabon yarışması kimi, belə  çətin müsabiqələrdə  çıxış etmək 

ifaçılardan yüksək ifa tərzindən savayı iradə, artistizm tələb edir. Bizim gənc həmyerlimiz göstərdi 

ki, o, bütün bu keyfiyyətlərə malikdir. F.Bədəlbəyli layiqli qələbə qazanmışdır və  mən  şübhə 

etmirəm ki, qarşıda onu yeni yaradıcılıq uğurları gözləyir”. [2] 

Lissabon müsabiqəsinin isti izləri ilə, o dövrdə münsiflər heyətinin üzvlərindən biri, 

Moskva Konservatoriyasının professoru, SSRİ-nin Xalq artisti Yakov Zak qeyd edirdi: 

“Müsabiqənin qalibi F.Bədəlbəyli dinləyiciləri gözəl ifa tərzi, dəqiq, qeyri-adi keyfiyyətə malik 

səs texnikası ilə heyran etdi. Şopenin si-bemol minor sonatası, Bethovenin mi minor sonatası, 

Ravelin sonatinası, Debüssinin etüdləri, Sen-Sansın II konserti onun ifaçılıq təfsirində  gənclik 



MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7813

təravəti, səmimiliyi, çılğın ehtirası ilə diqqəti cəlb edir. Azərbaycanlı pianoçunun parlaq istedadı 

hələ çox şeylər vəd edir”. [3] 

F.Bədəlbəylinin sənəti haqqında Moskva konservatoriyasının digər professoru, görkəmli 

pianoçu SSRİ-nin xalq artisti Yakov Fliyerin də söylədiklərini misal çəkək: “Seçim turlarında 

mən, F.Bədəlbəylini 2 dəfə dinləmişəm. Smetana adına Beynəlxalq müsabiqədə onun qazandığı 

nailiyyət məni çox sevindirdi. Belə ki, burada o, III mükafata və klassik çex bəstəkarının əsərinin 

ən yaxşı ifasına görə xüsusi mükafata layiq görüldü. Lissabon müsabiqəsində F.Bədəlbəyli bir 

daha təsdiq etdi ki, onun ilk uğuru (Smetana adına müsabiqədə qazanmış olduğu laureat adı 

nəzərdə tutulur – red.) [6] heç də  təsadüfi deyildi. Bu parlaq qələbə F.Bədəlbəylini dünyanın 

istedadlı gənc pianoçuları sırasına daxil etdi”. [7] 

Sonrakı illər ən nikbin ümidləri doğruldur. Müsabiqədə böyük uğur qazanan Fərhad gərgin 

iş rejimini zəiflətmir. M.R.Brennerin rəhbərliyi ilə yüksək səviyyəli məktəbin özülündə onun və 

digər azərbaycan pianoçularının dünyagörüşləri cəsarətlə inkişaf edirdi. Məhz M.R.Brennerin 

sinfində Fərhad ən müxtəlif və mürəkkəb yaradıcılıq məsələlərinin müstəqil həllinə nail olur və əsl 

“döyüşçü” kimi formalaşır. 

Fərhad Bədəlbəyli müasir pianoçuluq Olimpində möhkəm yer tutur. Müsabiqədə qazandığı 

qələbələr ona böyük konsert estradasına yol açır, yorulmaz yaradıçılıq axtarışlarına ilham verir. Bu 

mənada F.Bədəlbəyli gənc həmkarları üçün gözəl nümunədir. F.Bədəlbəylinin hazırki qastrol 

səfərləri dünyanın bir çox ölkələrindən keçir. Və  hər yerdə artistin çıxışları auditoriyanın “isti” 

münasibəti ilə qarşılanır. 

Bu uğurlar müəyyən mənada pianoçunun şəxsiyyətindəki səmimilik, ünsiyyət bacarığı ilə 

şərtlənir – sanki onu dinləyicilərlə hər zaman yaranmış möcüzəli cərəyan bağlayır. 

Xarici mətbuatda musiqiçinin çıxışlarına həsr olunmuş heç olmasa 2 rəyi nəzərdən keçirək. 

Portuqaliyanın “Premeyro Janeyro” qəzetinin tənqidçisi yazır: “Viana da Mota” adına IV 

Beynəlxalq müsabiqəsinin laureatı F.Bədəlbəylinin konserti oldu. Bələdiyyə teatrının zalı ağzına 

kimi dolu idi. Hamı səbirsizliklə pianoçu ilə görüşü gözləyirdi. Musiqiçi ümidləri doğrultdu. Bir 

daha  şahidi olduq ki, Rusiyanın fortepiano məktəbi necə güclüdür. Bədəlbəyli incə musiqi 

duyumunu, cilalanmış texnikanı, hərarətli ehtirası özündə birləşdirən,  əla, yüksək səviyyəli 

ifaçıdır. Haydnın sonatası bütün detalları, zərgər dəqiqliyi ilə, çox incə ifa olundu. Şuman 

valehedici səsləndi. Poeziya və ehtiras, lirika və faciə bütün bu cəhətlər pianoçunun ifasında 

mövcud idi. Konsertin II hissəsində ifaçılıq sənətinin yeni keyfiyyətləri üzə  cıxdı.  Şostakoviçin 

monumental prelüd və fuqası dinləyicini geniş  nəfəsi ilə heyran edərək, hərarətli alqışlarla 

qarşılandı, Raxmaninovun etüd-lövhəsi isə Bədəlbəylinin əsl virtuoz olduğunu göstərdi...”.[4] 



MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7814

Bu isə Belqradda çıxan “Borba” qəzetindəki rəydən bir fraqment: “Əvvəllər Yuqoslaviya 

musiqi sevərlərinə məlum olmayan F.Bədəlbəylinin çıxışı bizim üçün əsl kəşf oldu. Fortepianonun 

aydın, gözəl səsi, kamil pianoçuluq məharəti, müasir musiqinin həssaslıqla duyulması, ritm hissi – 

Gerşvinin fortepiano konsertinin təfsirində diqqəti cəlb etdi. Sanki, orkestrin özü bu istedadlı 

pianoçudan bir çox nüanslar əks edirdi”. [5] 

Bu və ya digər fikirlərdə rəyçilər azərbaycan pianoçusunun təmtəraqlı virtuoz ifasını xüsusi 

qeyd edirlər. Bu da, məhz belədir. Həm bərq vuran passajların şəbəkəsi, həm oktava fakturasının 

genişliyi, həm kəskin qarşıdurmaların dinamikası, həm effektli sıçrayışlar – bütün bunlar 

Bədəlbəylidə çox təsirli səslənir,  ən  əsası isə onun interpretator konsepsiyalarının ümumi bədii 

bitkinliyində çox harmonik vəhdət təşkil edir. Lakin özlüyündə fortepianonun coşğunluğu, hətta 

ən yüksək ifa tonusunda belə ifaçının diqqətini cəlb etmir. Texnika, konstruktiv cəhətlər obrazlar 

quruluşu axarında sədaqətli yardım göstərmiş olur. Heç bu da, əslində dinləyicilərlə qarşılıqlı 

münasibəti yaratmır. O zaman bizə elə  gəlir ki, birinci növbədə  Bədəlbəylinin təbiətdən gələn 

artistizmindən söhbət açmaq lazımdır. 

Ümumiyyətlə “artistizm” sözü qeyri-müəyyən anlam daşıyır və bu terminin dəqiq təyinini 

bəlkə  də heç kəs verə bilməz. Lakin buna baxmayaraq, çox qəribədir ki, hamı çox gözəl başa 

düşür ki, söhbət nədən gedir. F.Bədəlbəylinin musiqi ilə məşğul olma tərzi səs ifadəsinin təbiiliyi 

ilə, konstruktiv aydınlığı ilə, instrumental nitqin məntiqliyi ilə diqqəti cəlb edir. Onun bütün 

çıxışlarında dramaturji formanı, bədii təfəkkürün konsepsiyasını, artistizm genişliyini, yaradıcılıq 

fantaziyasının zənginliyini aydın görmək olar. 

Bədəlbəylinin ifasında  Şumanın “Karnaval”, “Noveletta”, yaxud “Simfonik etüdlər”, 

Raxmaninovun  İkinci konsertini (xüsusilə ikinci hissə),  Şopenin saysız-hesabsız  əsərlərini, o 

cümlədən si-bemol minor sonatasını dinləyərkən belə  qənaətə  gəlmək olar ki, ona daha çox, 

romantik coşğunluq, həyəcanlı çarpışmalar və  səmimi poetikliklə dolu olan musiqi yaxındır. 

Müəyyən mənada, bu, məhz belədir, buna əsaslanaraq, pianoçunu “fortepianonun şairi” 

adlandırırlar.  Şubert və Mendelsonun musiqisində o, hədsiz dərəcədə liriklik aşkar edir, onun 

təfsirində Listin şərh edilməsində  səmimi, patetik hisslər, Skryabin, yaxud Raxmaninovun 

miniatürləri isə  təsirli, emosional ruh yüksəkliyi ilə boldur... Şopenə  gəldikdə isə, o, kəmiyyət 

etibarilə artistin proqramlarında ən aparıcı yerlərdən birini tutur. Hətta mənə elə gəlir ki, onun çox 

sevdiyi Prokofyevdə belə, ön plana məftunedici lirika çıxır, halbuki o, Prokofyevin bir çox 

səhifələrindəki motorlu tokkatalılığı da öz əlində olduqca inamlı  tərzdə tutub saxlayır. Buna 

baxmayaraq, zəriflik, incəlik, aristokratik “nərmə-naziklik” pianoçunun xarakterinə uyğun deyil. 

Bədəlbəyli, özünün məharəti və  qığılcım saçan pianizmi ilə iri konturlara, dolğun, işıqlı  rəng  

çalarlarına  üstünlük verir. 




MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7815

Bütün romantik fikirlərə baxmayaraq, Bədəlbəyli özünü Bax, Haydn, Bethoven irsinin 

dərin şərhçisi kimi tanıtmışdır. Onun ən yaxşı nailiyyətləri sırasına  Haydnın  fa major sonatasının 

interpretasiyasını aid etmək olar. Burada o, həm birinci hissənin  şəffaflığı, həm ikinci hissənin 

yumşaq poetikliyi, həm də sevinc ifadə edən final üçün dəqiq boyalar tapır və hər yerdə dramaturji 

tənasüblük göstərərək, musiqini işıqlı və səmimiyyətlə zənginləşdirir. Motsartın re minor konserti 

də onda inandırıcı  səslənir. Zaman ötdükcə pianoçunun repertuarında Bethoven musiqisi 

əhəmiyyətli yer tutmağa başlayır. Özü də o, dahi bəstəkarın sonata yaradıcılığının müxtəlif 

mərhələlərini dərindən mənimsəyir. Pianoçu erkən əsərlərdə – Birinci, Beşinci, Altıncı, Səkkizinci 

sonatalarda özünü inamla hiss edir, Bethovenin son dövrə aid İyirmi yeddinci və Otuz birinci 

sonatalarında bədii yetkinlik nümayiş etdirir, dərin fəlsəfi məzmunu üzə çıxarır. Sarsılmaz pianoçu 

iradəsi, güclü dramatizm – artistin yaradıcı təbiətinə xas olan cizgilər olub, Bethoven sonatalarının 

şərhində öz parlaq ifadəsini tapır. Çox güman ki, indi Bethoven əsərlərinin məna dərinliyini dərk 

edərək, məhz burada pianoçunun daxili aləminin transformasiyası xüsusi bir qüvvə ilə sezilir. 

Beləliklə, Vyana klassiklərinin musiqisinə münasibətdə  də, Bələdbəyli öz yaradıcı 

təbiətinin emosional xüsusiyyətlərini qoruyub saxlayır. Burada da onun daxili ehtirası, parlaq 

ifadəliliyə  cəhd göstərməsi, musiqi axınının sərbəstliyinə meylliliyi üzə  çıxır. Onun çalğısı 

cəlbedici hərarət, səmimi hisslərin genişliyi ilə maraq doğurur. Lakin əgər gənclik çağlarında onun 

üçün emosional səciyyəvi idisə, indi qıvraqlığı qoruyaraq o, belə demək mümkünsə, heç əvvəldən 

düşünmədən, musiqi axınına dəqiq şəkildə nəzarət edir, onu zəruri tənasüblər istiqamətində tutub 

saxlayır. Bununla belə, coşğun pafos – Bədəlbəylinin dəst-xəttinin ayrılmaz xüsusiyyətidir. 

Nəhayət, artistin diqqət yetirdiyi daimi sahələrdən biri də  XX əsrin musiqisi və onun 

dəyərli nümunələridir. Burada, şübhəsiz ki, Prokofyevin əsərlərini qeyd etmək lazımdır.  İfaçıya 

onun qalibiyyətli dinamika ilə  qığılcım saçan “əzələli” ritmlərlə  zəngin musiqisi, fəal, sırf 

tokkatalı hərəkətlər çox yaxındır. Bədəlbəyli etiraf edərək, deyir: “Elə bəstəkar vardır ki, onu ifa 

etmək mənim üçün hər zaman böyük zövq bəxş edir. Bu, Sergey Prokofyevdir. Prokofyevdə alət 

duyumu özünün çox gözəl ifadəsini tapmışdır. O, böyük sənətkardır, onun pianizmi özündə 

dövrümüzün emosional nəbzini ehtiva edir. Prokofyev öz qüvvətli, möhkəm ritmi, “müəmmalı” 

musiqi obrazları, instrumental tokkatalılığı, nəhayət, öz təmkinli, bir qədər  də lirik və yığcamlığı 

ilə mənə yaxındır” və pianoçu Prokofyev musiqisində olan bütün bu gözəlliyi və əzəməti konsert 

səhnəsində gerçəkləşdirməyə nail olur. “Ötəri anlar”, “Xəyal”, “Sarkazmlar”, Üçüncü, Altıncı və 

Səkkizinci sonatalardakı melodik özünəməxsusluğu o, ritmik tərkiblərin kəskinliyi ilə 

uzlaşdırmağı bacarır. Pianoçunun həm bizim ölkədə, həm də xaricdə  dəfələrlə ifa etdiyi 

Prokofyevin fortepiano və orkestr üçün Birinci konsertinin interpretasiyası zamanı amiranə 

imperativlik, iri həcmlilik daha aydın hiss edilir. 




MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7816

O, Şostakoviçin sanballı re minor Prelüd və fuqasını böyük vüsətlə ifa edir; onun ifasında 

səslənən B.Bartokun sonatası ekspressiv dinamizm ilə donub qalmış dolğunluğun qəribə bir 

ahənglə uzlaşmasını nümayiş etdirir; Gerşvin və Vaqif Mustafazadənin konsertlərini, caz üslubunu 

gözəl duyaraq, böyük şövqlə ifa edir. 

Gördüyümüz kimi, Bədəlbəylinin repertuar diapazonu kifayət qədər inandırıcı  təsir 

bağışlayır və onun çoxcəhətliliyində hansısa bir dayaq nöqtələrini müəyyənləşdirmək çətindir. 

Pianoçu özü bu barədə bir dəfə belə qeyd etmişdir: “Məndə repertuar problemi yoxdur. Bu o 

demək deyil ki, mən hər şey ifa edirəm – xeyr, lakin buna baxmayaraq, bəzi pianoçuların hər şeyi 

ifa etməsinə bəzən qibtə edirəm. Mənim nəzərimcə, bir musiqiçi kimi mənim estetik mahiyyətimi 

daha yaxşı ifadə edən əsərləri daha çox ifa edirəm. Lakin bu və ya digər proqram seçimi zamanı 

tək öz şəxsi maraqları deyil,  dinləyici auditoriyasının tələblərini də  nəzərə almaq lazımdır. 

Konsert dinləyiciləri hökmən cəlb etməlidir”. 

Bəli, Fərhad Bədəlbəyli üçün zalın cavab reaksiyası olduqca vacibdir. O, belə deyək, 

qapalı, “laboratoriya” pianoçulardan deyil. Bəlkə elə bu səbəbdən o, müasirləri olduğu 

bəstəkarların yeni əsərlərini seçərkən bu qədər ciddidir? Milli fortepiano yaradıcılığında onu Qara 

Qarayev prelüdlərinin üçüncü və dördüncü dəftərindəki prelüdlərin fəlsəfi mahiyyəti, F.Əmirov və 

E.Nəzirovanın “Ərəb mövzularına konsert”in milli çalarları, T.Quliyevin pianoçu üçün xüsusi 

olaraq işlədiyi Ləzginkanın coşğunluğu  cəlb edir. 

 

Öz artistik individuallığı ilə  səslənən  əsər seçimi zamanı prinsiplərinə sadiq qalaraq, 



Bədəlbəyli iri həcmli  əsərlərə meylliliyini aşkar edir və burada bədii təfəkkürün genişliyini, 

artistik vüsət, yaradıcılıq fantaziyasının zənginliyini nümayiş etdirir. 

 

Bədəlbəylinin solo çıxışları çox vaxt sonata silsilələrindən təşkil olunur. Məsələn, onun ən 



yaxşı proqramlarından biri özündə Haydn, Bethoven, Prokofyevin sonatalarını  və Ravelin 

sonatinasını  cəm etmişdir. Bu əsərlərin hər birində  sənətkarın yetkin fərdiliyi, onun “itilənmiş” 

pianizmi,  ən  əsası isə, dünya fortepiano musiqisinin şah  əsərlərinin musiqi məzmununun ifadəsi 

zamanı ruh yüksəkliyi hiss olunmuşdur. Lakin Haydn, Motsart, Bethoven, Brams, Qriq, Sen-Sans, 

Raxmaninov, Prokofyev, Gerşvinin fortepiano konsertlərinin ifasında onun iri həcmli əsərlərə olan 

meylliliyi daha aydın surətdə özünü göstərir. Bu konsertlərdən çoxunun ifası zamanı solistin 

yaradıcı  tərəfdaşları arasında SSRİ xalq artisti Niyazi, V.Dudarova, V.Fedoseyev, respublikanın 

xalq artisti R. Abdullayev, məşhur xarici ölkə dirijorları Alfred Xeller (ABŞ), Hikmət Şimşək və 

Güner Aykal (Türkiyə), V.Sinayski və V.Mixnovski kimi dirijorlar olmuşlar. 



MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7817

F.Bədəlbəylinin ansambl ifaçılığını xüsusi qeyd etmək lazımdır – bu sahə onun ən çox 

sevdiyi ifaçılıq fəaliyyətidir. Hələ 1974-cü ildə o, qədim musiqi ansamblının yaradıcısı və rəhbəri 

olur, bu ansamblın repertuarına Bax, Hendel, Teleman, Perqolezi və başqa bəstəkarların əsərləri 

daxil idi. Sonrakı illərdə o, həmçinin kamera-instrumental musiqi ifaçılığına da tez-tez müraciət 

etmişdir. Lakin sözsüz ki, Bədəlbəylinin ansambl karyerasının  ən yüksək zirvəsi onun opera 

ulduzları ilə çıxışları olmuşdur. 1982-ci ildə o, SSRİ xalq artisti Bella Rudenko ilə parlaq duetdə 

çıxış edir. XVIII-XX əsrlərin opera və romans  musiqisinin şedevrlərindən təşkil olunmuş üç 

konsert proqramının ifası Amerika, Avropa və Asiyanın müxtəlif şəhərlərində baş tutmuş, sonralar 

Bakıda və Moskvada təkrarlanmışdır. Daha sonra – 80-ci illər Bakı, Moskva, Leninqrad, Kiyevdə 

görkəmli Azərbaycan musiqiçisi Rauf Atakişiyev ilə yaradıcılıq  əməkdaşlığı baş tutur, onların 

ifasında rus bəstəkarlarının vokal lirikası  səslənir. Son illər F.Bədəlbəyli Azərbaycan operasının 

ulduzları Fidan və Xuraman Qasımovalarla çıxış edir. Tənqidçilər onun təkcə müşayiətçi kimi 

deyil, məhz həmmüəllif kimi son dərəcə gözəl, çox nəfis ustalığını qeyd edirlər. F.Bədəlbəylinin 

Arif Manaflı (violin), Eldar İsgəndərov və Rasim Abdullayevlə (violonçel) duetləri həmçinin 

diqqətəlayiqdir. 

Peterburq musiqişünası  və pianoçusu L.Gekkelin fikrincə müasir ifaçılıq fəaliyyəti yeni 

müasir spesifik qarışığa malik ifaçı  şəxsiyyətlərin yaranması ilə  təzahür olur: təşkilatçı, konsert 

proqramlarının rejissoru. Hələ 70-ci illərdə Qara Qarayevin IV dəftər prelüdlərinin 

interpretasiyasının dramaturji həllində F.Bədəlbəyli bu cür rejissor işi ilə çıxış etmişdir. Bəstəkarın 

öz razılığı ilə onun ifasında ayrı-ayrı pyeslər fasiləsiz növbələşir. Hər prelüdün sonuncu səsini 

saxlayaraq pianoçu sanki dinləyicini gələcək musiqi dalğasına kökləyir. Bununla pyeslərin 

axıcılığına, fasiləsizliyinə nail olur. 

Fərhad Bədəlbəyli Qara Qarayevin fortepiano yaradıcılığının parlaq təfsirçisi kimi ən 

yüksək ifaçılıq nailiyyətləri  əldə etmişdir. F.Bədəlbəylinin interpretasiyasında bu silsilənin digər 

ifaçılarında tez-tez təsadüf olunan çətinliyə dözməzlik, yaxud şərhin “akademik” 

interpretasiyasının mübaliğəli soyuqluğu yoxdur. Onun ifasında hisslərin dolğunluğu, eyni 

zamanda – məzmunlu başlanğıc mövcuddur ki, bu da pianoçuya emosiyaları “aşmağa” imkan 

vermir. Bu, bir-birinə zidd olan cəhətlərin çarpışması onların üzvi bədii sintezi ilə nəticələnərək, 

silsilənin bitkin dramaturji xəttinin təşkilinə səbəb olur.  

Bədəlbəylinin Vaqif Mustafazadənin fortepiano konsertinin ifasına münasibəti də fərdidir. 

Pianoçu  əsərə özünün solo improvizasiyasını daxil edərək, bununla klassik konsertin qədim 

ifaçılıq  ənənələrini dirçəldir. Özü də hazırki məcrada solo improvizasiya öz mahiyyəti etibarilə 

xalq-instrumental sənətinin kökləri ilə sıx bağlıdır. 



MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7818

F.Bədəlbəylinin interpretasiyasında Fikrət  Əmirov və Elmira Nəzirovanın fortepiano və 

orkestr üçün Ərəb mövzularına Konsertinin interpretasiyası böyük şöhrət tapmışdır. 

F.Bədəlbəylinin ifasında bu ekspressiv musiqi, romantik əhval-ruhiyyə  və lirik obrazlılıq 

özünəməxsus inkişafını tapır. Bu cəhətlər dinamik cəhətdən gərgin inkişafın təntənəli və əzəmətli 

apofeoz ilə qarşılaşdırılmasında, mərd, iradəli obrazların muğam improvizasiyası ilə 

növbələşməsində, pianoçuya xas emosional səmimiliklə ifadə olunan milli səslənmə koloritində, 

əsasən də fortepianoda instrumental ifaçılıq  illüziyasının canlandırılmasında özünü göstərir. 

İsmayıl Hacıbəyovun “Vatto ruhlu eskizlər”ində  Bədəlbəyli XVII əsrin sonu-XVIII əsrin 

əvvəllərində yaşayıb-yaratmış fransız rəssamının bədii obrazını üslub cəhətdən məksimal dərəcədə 

yaratmağa müvəffəq olmuşdur. Pyeslərin səslənməsini həmin dövrün musiqisinə 

yaxınlaşdırmaqla, ifaçı bu məşhur rəssamın sənət  əsərlərinə xas olan spesifik janrvariliyi, bəzən 

kədər, bəzən isə kinayəni ifadə edə bilir. F.Bədəlbəyli  İ.Hacıbəyovun digər  əsərinə – Üzeyir 

Hacıbəyovun xalq çalğı alətləri orkestri üçün eyni adlı  əsərinin fortepiano və orkestr üçün 

transkripsiyası olan “Cəngi”yə də həyat vəsiqəsi vermişdir. 

Pianoçunun geniş repertuarı  sənətdə  həyata keçirdiyi interpretasiyaların hər dəfə 

yenilənməsinə  şövq edir. Öz repertuarına yeni əsərlər, xüsusilə yeni müəlliflərin  əsərlərini daxil 

etməklə, Bədəlbəyli sanki həmin  əsər üçün “köklənir”, bu musiqi üçün uzlaşdırılmış pianoçu 

üsulları  tətbiq edir. Yüksək professional mədəniyyət, azad texniki imkanlar müxtəlif fortepiano 

ədəbiyyatına müraciət etməyə imkan yaradır: qərbi avropa barokkosundan – Hendel, Bax – demək 

olar bütün xarici və rus klassik musiqisindən müasir bəstəkarların son əsərlərinə  qədər, onlar 

içərisində Azərbaycan bəstəkarının əsərləri əhəmiyyətli yer tutur. 

O, hər zaman daha çox və ən əsası dinləyici təbəqəsi üçün ifa etməyə can atır. F.Bədəlbəyli 

solo konsertlər, simfonik konsertlər verir, kamera-ansamblı gecələrində  çıxış edir və  nəhayət 

ifaçılıq fəaliyyətli ilə pedaqoji fəaliyyəti çox müvəffəqiyyətlə uzlaşdırır. Belə vəhdət yeni pianoçu 

nəslinə səciyyəvidir. 

Pianoçu milli mədəniyyətin quruculuğuna bir pedaqoq kimi də əhəmiyyətli töhfələr verir. 

Artıq xeyli ildir ki, o, Bakı Musiqi Akademiyasında dərs deyir. Musiqiçi belə deyir: “Müəllimliyi 

mən sırf bədii bir proses kimi qiymətləndirirəm və pedaqoji və konsert həyatını bir-birindən 

ayırmıram. Görkəmli pianoçuların fəaliyyəti pedaqogika və ifaçılığın qarşılıqlı  təsirinin 

səmərəliliyini tam mənada təsdiq edir”. O, çoxsaylı istedadlı ifaçı yetişdirmişdir – onların arasında 

respublika, regional və beynəlxalq müsabiqələr laureatı vardır. Müəllimləri M.R.Brenner 

(Peterburq xətti), Y.Zak və Y.Fliyerdən (Moskva xətti) əxz etdiyi ifaçılıq və pedaqoji təcrübə onun 

tədris üsulunun metodik prinsiplərinin əsasını təşkil edir. “Aydın, mütəşəkkil dramaturji plan, səs 

mədəniyyəti və üslubun akademik şəkildə ardıcıllaşması – Fərhad Bədəlbəyli pedaqogikasının 




MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7819

“təməl daşı”dır”. (A.Hüseynova) (137). [6] Professor Fərhad Bədəlbəylinin pedaqoji fəaliyyətinin 

kulminasiya nöqtəsi təbii ki, iki gözəl pianoçunun - onun məktəbinin yetirmələri olan beynəlxalq 

müsabiqələr laureatları, respublikanın əməkdar artisti Murad Adıgözəlzadə və Murad Hüseynovun 

ifaçılıq sənətidir. Onlar öz müəllimlərinin amalını  ləyaqətlə davam etdirərək, konsert 

fəaliyyətlərini pedaqoji iş ilə uzlaşdırırlar. 

Fərhad Bədəlbəyli “musiqi xadimləri” kateqoriyasına mənsubdur. Sürətlə inkişaf edən 

hazırki dövrdə, köhnənin keçmişə qovuşduğu bir zamanda, yeninin isə hələ təşəkkül tapmadığı bir 

anda o, baş verən proseslərdə  iştirakını  kəskin  şəkildə duyur. Və  yəqin ki, daha vacibi 

aşağıdakılardan ibarətdir – F.Bədəlbəyli doğma mədəniyyətin taleyinə  məsuliyyətini tam olaraq 

dərk edir. Azərbaycan musiqisinin gələcəyinə həsr olunmuş məqalə, müsahibə, kütləvi çıxışlarında 

o, Azərbaycan musiqisinin XX əsrdə əldə etdiyi nailiyyətləri itirmək təhlükəsindən xəbərdar edir. 

F.Bədəlbəyli daima dahi Üzeyir bəyin nəsihətlərini xatırladaraq, milli çərçivələrdə 

qapanmayaraq, dünya, Avropa mədəniyyəti ilə əlaqələri qorumağın, genişləndirməyin vacibliyini 

xüsusi qeyd edir. O, heç vaxt xoşagəlməz faktların, meyllərin sadəcə sadalanması ilə 

kifayətlənmir. F.Bədəlbəyli hər hansı bir problemə toxunanda, istər mədəniyyətimizin ağır maddi 

vəziyyətini, istər musiqi kadrlarının ölkədən çıxıb getməsini, istərsə  də konsert salonlarının 

boşluğunu vurğulayanda – həmişə böhran vəziyyətdən çıxış yollarını təklif edir. Özü də o, sadəcə 

təkliflərlə çıxış etmir, dediklərini praktiki cəhətdən həyata keçirir. 

Azərbaycan musiqi incəsənətinin gələcək inkişafında  əlbəttə ki, onun estitik baxışları 

böyük rol oynayır. 80-cı illərin sonu Azərbaycan mədəniyyətində  əmələ  gəlmiş  vəziyyəti  şərh 

edərkən F.Bədəlbəyli qeyd edir: “Məsələ ondadır ki, bu gün bizim mədəniyyətimizdə çox təhlükəli 

fikirlər hökm sürür ki, milli mənbələrə olan qayıdış qapalı dairəyə çevrilə bilər. Insanların öz 

doğma dilinə, mədəniyyətinə, milli ənənələrinə olan marağı bütləşdirilə bilər. Özünə qapanma, 

milliyinin təhrifi əyalətçiliyə, hətta mən deyərdim ki, bəsitliyə gətirib çıxarır. (7) 

İstər-istəməz tariximiz yada düşür. Professional musiqi sənətimizin ilk çağlarında 

Ü.Hacıbəyli  ənənəvi Azərbaycan incəsənətinin dünya musiqi klassikasının nailiyyətləri  əsasında 

professional musiqi yaradıcılığının inkişafı yollarında mühafizəkar (konservator) fikirlərlə 

mübarizə aparırdı. 

F.Bədəlbəyli söyləyir: “Üzeyir Hacıbəylinin böyüklüyü milli musiqini yalnız yeni pilləyə 

yüksəltməsi ilə sona çatmır, o, milli musiqini ümumbəşəri formalarla birləşdirmişdir. Məhz 

bundan sonra Azərbaycan musiqisi dünya səhnəsinə çıxmışdır”. 

Fərhad Bədəlbəylinin həmçinin müasir pianoçuluq məsələlərinə dair fikri də yerinə düşür: 

“Məlum olduğu kimi, musiqi tarixi  həm də ifaçılıq sənətinin qanunları üzrə inkişaf edir. XIX 

əsrdə bir qayda-qanun üzrə, XX əsrdə isə tamamilə ayrıları  əsasında ifa edirlər. Yəqin ki, XXI 




MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7820

əsrdə inkişaf daha yeni şəkildə davam edəcək... yeni üsul meydana çıxacaq: maksimum 

professionalizm şəraitində minimum emosiyalar... Moskva konservatoriyasında bizi tamamilə ayrı 

cür öyrədirdilər. O zamanlar “əsərin bütün dramaturgiyasını  təkcə  ağılla deyil, həm də ürəklə 

yaşamaq tələb olunurdu”.   

Fərhad Bədəlbəyli Azərbaycan musiqi mədəniyyətinin inkişaf yollarına dair görüşlərini 

respublikanın musiqi xadimləri ittifaqına və 1991-ci ildən Bakı Musiqi Akademiyasında rəhbərlik 

etdiyi andan bəri həyata keçirməyə başlamışdır. Respublika üçün ağır illərdə, əhəmiyyətli siyasi 

dəyişikliklər dövründə ali musiqi məktəbinə rəhbərlik edən Bədəlbəyli, tez bir zamanda və uğurla 

qəbul planını təhsis edir və bununla da ixtisasların daha  müntəzəm bölgüsünü tənzimləyir. Xalq 

çalğı alətlərində muğam ifaçılığı kimi xüsusi fənn daxil edir, yeni kafedralar yaradır – “Dirijorluq 

və orkestrləşdirmə”, “Orqan və klavesin”, “İncəsənət tarixi və  nəzəriyyəsi”. Musiqi 

Akademiyasının elm sahəsi də möhkəmlənir. Respublikada professional musiqi təhsilinin banisi 

Üzeyir Hacıbəylinin  ənənələrinə sadiq qalaraq, F.Bədəlbəyli Azərbaycan xalq musiqisinin 

əsaslarının öyrənilməsi üzrə iki elmi laboratoriya açır. Onun rəhbərliyi altında praktik musiqi 

pedaqogikası və təhsil metodikası sahələrində elmi fikir inkişafını tapır. Bakı Musiqi Akademiyası 

nəzdindəki məktəb-studiyada yaradılan bir sıra tədqiqi və  təcrübi-eksperimental iş  nəticəsində 

musiqi məktəbləri və texnikumlarının təlim-tərbiyə prosesində  tətbiq olunan faydalı metodik 

vəsaitlər və tövsiyələr meydana çıxır. Bunların içərisində  Fərhad Bədəlbəylinin mənimlə birgə 

həmmüəllif olduğu “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf 

proqramı”nın tərtibi xüsusilə fərqlənir.  

Fortepiano fakültəsində dərs alan tələbə-pianoçunun formalaşmasında F.Bədəlbəyli ən çox 

“əsasların  əsası” sayılan pianizmə xüsusi diqqət ayırır. Bu, ən  əsas texnika üzrə yoxlama 

tələblərində Çerni, Kramer və Klementinin təlimatlı etüdlərinin, Mendelsonun “Sözsüz 

mahnılar”ında və Fildin noktürnlərində  səs ifadəliliyinin aşkar edilməsi üçün F.Bədəlbəylinin 

tətbiq etdiyi göstərişlərdə öz əksini tapır. Bu məqsədlər həyata keçirilərkən təhsil alan hər bir 

pianoçunun “lakmus kağızı” kimi nöqsanlı və layiqli cəhətləri aşkarlanır. Müəllim, məhz bunları 

nəzərə alaraq tələbə ilə gələcək iş prosesini qurur. Həmçinin müasir milli fortepiano musiqisinin 

ifasında yoxlama sorğular vacib xarakter daşıyır. 

Milli pianoçu sənətinin inkişafında F.Bədəlbəylinin rəhbərliyi ilə  təşkil etdiyi yarışlar 

xüsusi diqqət çəkir. 

Öz səviyyəsinə (yüksək səviyyəli 49 iştirakçı), yaş həddinə (25 yaşa qədər) görə ən yaxşı 

pianoçu adı ilə 1996-cı ildə keçirilən Respublika müsabiqəsini qeyd etmək olar. Artıq 

müsabiqənin adı onun yüksək tələblərindən xəbər verir. Hər ifaçı  həm klassik, həm də müasir 

repertuarda özünü tam və hərtərəfli göstərməli idi. Müsabiqənin repertuarı virtuoz texniki sənəti, 




MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7821

geniş ifaçı palitrasını, müxtəlif  əsərlərin və müxtəlif ölkə  bəstəkarlıq məktəbi üslublarını  aşkara 

çıxarırdı. Burada çıxış edən ifaçıların tərkibi müsabiqənin yüksək professional səviyyəsi haqqında 

fikir söyləməyə imkan verir ki, onlar içərisində keçmiş illərin respublika müsabiqələrinin 

laureatları, hətta Beynəlxalq müsabiqələrin iştirakçıları var idi. Professor R.Quliyevin sədrliyi ilə 

münsiflər heyəti birinci yer üçün 2 mükafatı təcrübə keçən assistent Yuri Sayutkinə və BMA-nın 

V kurs tələbəsi Murad Adıgözəlzadəyə verir (hər ikisi professor F.Bədəlbəylinin sinfi). 

1999-u ildə F.Bədəlbəyli daha bir müsabiqəni – “İlin yaxşı konsertmeysteri ” – təşkil edir 

və keçirir. Müsabiqədə konsertmeyster ustalığı kafedrasının tələbələri ilə yanaşı Bülbül adına orta 

ixtisas musiqi məktəbinin və Bakı musiqi kollecinin tələbələri də iştirak etmişlər. Çıxış edənlərin 

qarşısında yüksək tələblərə baxmayaraq müsabiqə çox yüksək yaradıcı  mərhələdə keçərək 

istedadlı pianoçu konsertmeysterləri aşkar etmiş oldu. 1999-cu ilin ən yaxşı konsertmeysteri adına 

Tamilla Quliyeva layiq görüldü (professor N.İbrahimbəyovun sinfi). 

Və  nəhayət, 2007-ci ildə ilk Azərbaycan pianoçusu xalq artisti, professor Kövkəb 

Səfərəlibəyovanın anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən I Respublika müsabiqəsi 

geniş ictimai rezonansa səbəb oldu. Yarısı məktəb-studiyanın şagirdləri və keçmiş yetirmələri olan 

17 iştirakçı içərisində müsabiqə yeni istedadlı gənc pianoçuları aşkar etdi. F.Bədəlbəylinin sədrliyi 

etdiyi nüfuzlu münsiflər heyəti laureat adını BMA-nın tələbələri Ayan Salahovaya və Zakir 

Əsədova (O.Abasquliyev və  Ş.Behbudovanın sinfi) təqdim etdilər. III mükafat L.M.Rostropoviç 

adına musiqi məktəbinin şagirdi Z.Yusifliyə və BMA-nın nəzdində məktəb-studiyanın şagirdləri 

Fəqan Həsənli və  Nərgiz Kəngərliyə verildi. Müsabiqəyə onları professorlar O.Abasquliyev, 

T.Seyidov, müəllimlər M.Tuayeva və A.Əliyeva çalışdırmışdılar. 

Yeni, maraqlı musiqi layihələrində F.Bədəlbəylinin fəal iştirakını xüsusi qeyd etmək 

lazımdır. Bunların içərisində dünya musiqi təcrübəsində analoqu olmayan elmi-ifaçılıq 

konfransları  və müsabiqələrini misal göstərmək olar. Artıq 35 ildən çoxdur ki, F.Bədəlbəyli 

mənimlə birgə bu musiqi layihələrini əvvəlcə Respublika, sonra isə beynəlxalq səviyyədə həyata 

keçirir. 

Müsahibələrin birində Fərhad Bədəlbəyli aşağıdakıları söyləmişdir: “Hesab edirəm ki, hər 

bir kəs vicdanla çalışsa, biz öz mənəvi həyatımızın yeniləşməsi və yaxşılaşdırılmasında çox 

şeylərə nail olacağıq”. Fərhad Bədəlbəyli öz işini maksimal dərəcədə yerinə yetirir və inanır ki, 

Azərbaycan incəsənətinin gələcəyi onun uzun əsrlər boyu davam edən  şərəfli  ənənələrinə layiq 

olacaqdır. 

Onun professional və musiqili-ictimai fəaliyyəti son illər ərzində yeni, beynəlxalq dərəcəyə 

yüksəlmişdir. Hər ilin yay ayında Qəbələ  şəhərində keçirilən Beynəlxalq klassik musiqi 

festivalında bədii rəhbər və solist kimi böyük yaradıcılıq fəaliyyəti buna parlaq misalıdır. Festival 




MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7822

Heydər Əliyev fondunun təşəbbüsü və Azərbaycan mədəniyyət və turizm Nazirliyinin dəstəyi ilə 

təşkil olunmuşdur.  

Festivalda dünyanın müxtəlif ölkələrindən gəlmiş orkestr və solistlər iştirak edir: 

Londonun kral filarmonik orkestri, “Ranaana” İsrail simfonik orkestri, Yuri Başmetin rəhbərliyi 

ilə “Yeni Rusiya” Dövlət simfonik orkestri, Rauf Abdullayevin rəhbərliyi ilə Azərbaycan dövlət 

simfonik orkestri, Slaven filarmoniyasının “Tartini” kvarteti və başqaları. 

Solo ifaçılar-dünya ulduzları: Denis Matsuyev, Boris Beryuzovski, Anna Samuil, Oksana 

Yablonskaya, Vadim Repin, Alyona Bayeva, Dmitri Yablonski, Fərhad Bədəlbəyli, Murad 

Adıgözəlzadə, Vyaçeslav Voynarovski, Şlomo Mints, Sergey Leyferkus, Masimiliano Pisaniya və 

başqaları. 

Hər iki ildən bir festival çərçivəsində beynəlxalq fortepiano müsabiqəsi keçirilir. Qəbələ 

festivalı  və müsabiqəsinin iştirakçıları avropa, rus və azərbaycan musiqisini ifa edirlər. Dünya 

şöhrətli musiqiçilər ustad dərsləri keçirirlər. 

Qəbələ festivalı dünya musiqi həyatında mühüm hadisəyə çevrilmişdir. Dünyanın aparıcı 

televiziya kanallarından biri olan “Euronews”da onun ətraflı işıqlandırılması Azərbaycan musiqisi, 

ənənələri və mədəniyyətinə artan böyük maraqdan bəhs edir. 

Bu isə musiqiçi, ifaçı, təşkilatçı  və ictimai xadim F.Bədəlbəylinin  əsas məqsədlərindən 

biridir. O, tez-tez bu sözləri təkrarlayır: ”Bizim incəsənətimiz, gənc istedadlarımız, 

mədəniyyətimiz əldə silaha çevrilməlidir, biz məhz belə silahlarla mübarizə apararaq çox şeylərə 

nail ola bilərik”. Mədəniyyət “cəbhəsində” gedən bu mübarizə bir an belə  səngimək bilmir. Bu 

mübarizə bəzən bir çox siyasi aksiyalardan daha əhəmiyyətli və vacibdir. 

2016-cı ilin yazında F.Bədəlbəylinin ABŞ-na olan qastrol səfərləri bir daha bunları sübut 

edir. Florida ştatının müxtəlif  şəhərlərində tam anşlaq keçən 17 konsert nəinkı böyük musiqili, 

həm də böyük siyasi rezonans əldə etmişdir. 

Bütün çıxışlarında F.Bədəlbəyli  Ş.Prokofyevin I konserti ilə birgə müasir rus bəstəkarı 

Aleksandr Çaykovskinin xüsusi Qəbələ festivalı üçün yazılmış  və ilk dəfə 2012-ci ildə 

F.Bədəlbəyli, Y.Başmet, S.Paşazadə  və Dmitri Yablonski  tərəfindən ifa edilən “Xocalıya həsr 

edilmiş Rekviem” əsərini daxil etmişdir. 

Amerika qastrol səfərlərinin təşkilatçıları ilə uzun sürən danışıqlardan sonra F.Bədəldəyli 

Yerusəlim simfonik orkestrin müşayiəti ilə səslənən “Xocalıya həsr edilmiş rekviyem”dən əvvəl 

azərbaycan xalqının faciəsi haqqında müəyyən məlumatların verilməsinə nail olmuşdur və ABŞ-

da yaşayan insanlar bu haqda məlumatlanmışlar.  

Heydər  Əliyevin söylədiyi “Bu amansız və  qəddar soyqırım bəşəriyyətin dəhşətli 

faciələrindən biridir” – sözləri amerika musiqi mədəniyyətinə qızıl hərflərlə həkk olunmuşdur ki, 




MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017 

 

7823

bu da F.Bədəlbəylinin böyük xidmətlərindən biridir. Bu, mədəniyyət “cəbhəsində” 

qəhrəmanlıqdır. Amerika qastrol səfərlərindən sonra – yenə doğma Bakı  şəhərində, rəhbərlik 

etdiyi BMA-da çıxışlar və yenə növbəti Qəbələ festivalı  və müsabiqəsinə hazırlıq, yenə rektor, 

təşkilatçı, ifaçı və müəllim kimi fasiləsiz çalışmalar. 

Fərhad Bədəlbəyli Azərbaycanın bədii həyatında xüsusi yer tutur. Artıq erkən gənclik 

dövründə F.Bədəlbəyli milli incəsənətimizə yol açanlardan biri kimi daxil olmuşdur ki, məhz o, 

pianoçuların nüfuzlu beynəlxalq müsabiqələrində laureat adı almış ilk azərbaycan musiqiçisi 

olmuşdur. Lakin bu, başlanğıc, istinad nöqtəsi idi. Sonra çox sürətli yaradıcı yüksəliş baş verir ki, 

bura da zəngin zəkalı F.Bədəlbəyli şəxsiyyətin yeni-yeni imkanları aşkarlanır və meydana çıxırdı. 

O, bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsidir və onun fəaliyyətində 

yaradıcılıq və  təşkilatçılıq işi, maarifçilik və pedaqogika bir-biri ilə  sıx vəhdət təşkil edir. Onun 

yaradıcılıq coşğusu, inadkarlığı, məqsədyönlülüyü gənc nəslə  mənsub musiqiçilər üçün bariz 



nümunədir. 

 

Yüklə 106,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə