AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
Şəlalə NƏBİYEVA,
pedaqoji elmlər namizədi
ANA DİLİ TƏDRİSİ
METODİKASININ
AKTUAL PROBLEMLƏRİ
(Metodik vəsait)
Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-
Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı”
bölməsinin 17 noyabr 2009-cu il tarixli iclasının
qərarına əsasən çap edilir (pr. № 38).
BAKI-2010
2
Elmi redaktor:
Buludxan XƏLİLOV,
filologiya elmləri doktoru, professor
Rəyçilər:
Himalay QASIMOV,
filologiya elmlər doktoru, professor
Nadir ABDULLAYEV,
professor
Bu vəsait müasir təlim texnologiyalarının verdiyi imkanlar
daxilində ana dili tədrisinin bu gün üçün zəruri olan aktual
problemlərindən bəhs edir. Vəsaitdə “Ümumtəhsil məktəblərinin I-
IV sinifləri üçün kirrikulumları” konseptual sənədin ana dili ilə
bağlı hissəsinin izahı, fəal interaktiv təlimin əsas məqamları, yeni
qiymətləndirmə meyarları və s. məsələlərdən bəhs olunur. Vəsait
ibtidai sinif müəllimləri, müəllim hazırlayan universitetlərin ibtidai
təhsil pedaqogikası və metodikası fakültəsinin magistrləri, kollec və
məktəblərin pedaqoqları üçün nəzərdə tutulmuşdur.
3
ÖN SÖZ
1999-cu ildən Azərbaycan təhsil sistemində islahatlar
başlanmış və artıq onun bir sıra bəhrələri görünməkdədir. Təhsil
islahatlarının aparılmasının başlıca məqsədi Azərbaycan təhsilini
dünya standartlarına bərabərləşdirməkdir. Keçmiş SSRİ
dövründə təhsilin məzmununun zənginləşməsi uğrunda bir sıra
institutlar fəaliyyət göstərirdi. Lakin həmin fəaliyyət sovet
sərhədlərindən kənara çıxa bilmirdi. Inkişaf etmiş ölkələrin
təcrübəsi öyrənilmirdi. Buna şərait yox idi. Həmin ölkələrdə nə
varsa inkar olunur, təkcə sovet təhsil sisteminin üstünlüklərindən
danışılırdı. Dünya ölkələrinin təhsil sistemləri ilə qarşılıqlı
əlaqələrdən məhrum olduğuna görə sovet təhsili yeni ideyalarla
zənginləşə bilmirdi. Başqa sahələr kimi təhsil də daim yeniləşmə
prosesini keçirməlidir. Sovet təhsilində belə bir fikir
formalaşmışdı ki, tədris olunan hər hansı bir fənn daxilində
mümkün qədər çox məlumat, bilik, fakt və s. verilməlidir.
Nəticədə orta təhsili başa vuran uşaq çoxlu məlumatlar əldə edir,
amma həmin məlumatların əksəriyyəti həyatda ona lazım
olmurdu. Bu tendensiya isə təhsilin həddindən artıq yüklənmə-
sinə gətirib çıxarırdı. Bu gün Azərbaycan məktəblərində şagird-
lərin oxumağa marağının azalması, məktəblərdə bəzən anormal
vəziyyətlərin yaranması da bununla bağlıdır.
Uzun müddət tədris proqramları şişirdilmiş, dərsliklər
zəruri olmayan faktlarla, şagird üçün həyati əhəmiyyət kəsb
etməyən materiallarla yüklənmişdir. Nəzəri biliklərə daha çox
önəm verilmişdir. Uşaqlara gələcəkdə nəyin lazım olacağı nəzərə
alınmırdı. Cild-cild kitablar yazılmış, lakin onun təhsil işindəki
əhəmiyyətinin nədən ibarət olduğu barədə az düşünülürdü.
Təhsilin şagird bacarıqlarında oynamalı olduğu rol unudulmuşdu.
Buna görə də orta məktəbdə əzbərlənən bir sıra biliklər həyatda
praktikaya tətbiq edilmədiyinə görə unudulurdu. Deməli şagirdin
4
on il əzab-əziyyətlə əzbərlədiyi elmi müddəalar səmərəsiz imiş.
Başqa sözlə uşaq daha maraqlı, əyləncəli praktik məşğələlərə
cəlb olunsaymış onun vaxtı da hədər getməzmiş.
Azərbaycan təhsil sistemi bu gün belə bir həqiqəti dərk
edir ki, mövcud tədris proqramları mürəkkəbdir. Dərsliklər
şagirdə lazım olmayan müddəalarla yüklənmişdir. Buna görə də
şagird tədrisdə nəzərdə tutulan müddəaların 50% dən çoxunu
mənimsəyə bilmir. Mənimsədiklərinin isə çoxunu sonralar ona
lazım olmadığına görə yaddan çıxarır. Bütün bunları nəzərə
alaraq təhsil standartlarının yaradılması gündəmə gəlmiş və
2008-ci ildə “Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn
kurrikulumları” adlı konseptual sənəd yaranmışdır.
Azərbaycan müstəqilliyə çatdıqdan sonra təhsil
islahatları ciddi bir şəkil aldı. Bunun əsas səbəbi mövcud tədris
proqramlarının qüsurları, həmçinin Azərbaycan təhsil sisteminin
Avropaya inteqrasiya etməsi oldu. Bizim respublikamız həm
iqtisadiyyatda, həm mədəniyyətdə, həm də digər sahələrdə
dünyaya inteqrasiya etdiyi bir vaxtda təhsil həmin proseslərdən
kənarda qala bilməzdi. Bu, müstəqilliyimizin bizə verdiyi
töhfədir. Dünya təhsil sistemində baş verən daimi inkişaf prosesi
bizi düşünməyə həvəsləndirdi. Bəzi ziyalıların dilindən, mətbuat
orqanlarından müəllim hazırlığı ilə məşğul olan insanlardan belə
suallar eşidilməyə başladı: müasir dövrdə müəllim köhnə tərzdə
işləyə bilərmi? Bu sual əslində başqa bir sualı doğururdu.
Müəllim şagird üçün yeganə bilik mənbəyi ola bilərmi? Internet
şəbəkələrinin genişləndiyi, dünya şagirdin ovcunun içində olduğu
bir vaxtda onun özünün fərdi axtarışları üçün imkan yarandığı bir
zamanda şagirdə müstəqillik verməyin vaxtı çatmamışdımı?
Müasir uşaq lüzumsuz nəzəri bilikləri əzbərləməlidir, yoxsa onun
üçün zəruri olan praktik əhəmiyyətli ən mühüm bacarıqlara
yiyələnməlidir? Bu suallar təlimin məqsədləri haqqında yenidən
düşünmək məcburiyyətinə gətirdi və yeni bir sistemə keçməyin
zəruriliyini yaratdı.