Microsoft Word Sosial-siyasi-4-2011. doc



Yüklə 125,43 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü125,43 Kb.
#38480


 

43

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№4                                 Sosial-siyasi elmlər seriyası                               2011 

 

 



 

UOT 343.611; 343.615 

 

AZƏRBAYCAN RESPUBLİKASININ 1927 VƏ 1960-CI İLLƏR 



CİNAYƏT MƏCƏLLƏLƏRİNDƏ HƏYAT VƏ SAĞLAMLIQ 

ƏLEYHİNƏ İŞTİRAKÇILIQLA TÖRƏDİLƏN CİNAYƏTLƏRƏ 

GÖRƏ MƏSULİYYƏTİN TƏNZİMLƏNMƏSİ MƏSƏLƏLƏRİ: 

MÜQAYİSƏLİ TƏHLİL 

 

N.K.ƏLİYEV 

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 

nazim–aliyev @ mail.ru 

 

 Cinayət qanunvericiliyinin inkişaf tarixinin tədqiqi həm müxtəlif növ cinayətlərlə mü-



barizəyə dair qanunvericilik normalarının necə yaranması  və formalaşmasının öyrənilməsi, 

həm də qanunvericiliyin təkmilləşdirilməsi və  təkamülündə sabit meyllərin aşkar olunması 

üçün əhəmiyyət kəsb edir. Məqalədə Azərbaycanda sovet hakimiyyəti dövründə qəbul olunmuş 

1927 və 1960-cı illər Cinayət Məcəllələrində həyat və sağlamlıq əleyhinə iştirakçılıqla törədi-

lən cinayətlərə görə məsuliyyətin tənzimlənməsi məsələləri nəzərdən keçirilir. 1927-ci il CM-

də olduğu kimi 1960-cı il CM-də də həyat və sağlamlıq əleyhinə olan cinayətlərdə iştirakçılığa 

görə  məsuliyyətin diferensiasiyasının aparılmadığı, bu növ cinayətləri nəzərdə tutan mad-

dələrin heç birində eyni əməllərin iştirakçılıq qaydasında törədilməsinin nə  məsuliyyəti 

ağırlaşdıran hal, nə də dispozitiv əlamət kimi təsbit edilməməsi müəyyən olunur. 

 

 Açar  sözlər: cinayət qanunvericiliyi, cinayət hüquq münasibətləri, insan həyatı, sağ-



lamlıq, tarixi tədqiqat metodu, iştirakçılıq, məsuliyyətin diferensiasiyası 

  

 1922-ci il 30 dekabrda Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) ya-

radıldı, 31 yanvar 1924-cü ildə isə II Ümumittifaq Sovetlər qurultayı tərəfin-

dən ölkənin ilk Konstitusiyası qəbul olundu. Konstitusiya mülki və cinayət hü-

ququ, habelə mühakimə icraatı  əsaslarının müəyyən olunması  səlahiyyətini 

SSRİ-nin ali hakimiyyət orqanlarına verdi. Ona görə də, 1924-cü ilin 31 oktya-

brında SSRİ MİK tərəfindən «SSR İttifaqı və müttəfiq respublikaların cinayət 

qanunvericiliyinin əsas başlanğıcları», əsas başlanğıclara uyğun olaraq 1926 – 

1940-cı illərdə müttəfiq respublikaların yeni Cinayət Məcəllələri qəbul olundu.  

 Azərbaycan Respublikasının 1927-ci il 3 dekabrda qəbul edilən və 

1928-ci il 15 yanvarda qüvvəyə minən ikinci CM də 1924-cü ilin Əsas başlan-

ğıclarına uyğun qəbul edilmişdir. Əsas Başlanğıclarda olduğu kimi bu Məcəl-

lədə də iştirakçılığa həsr edilən yeganə 18–ci maddədə cinayətin iştirakçıları-

nın yalnız müəyyən növləri (cinayətin iştirakçısı, təhrikçisi və köməkçisi) 




 

44

müəyyən edildi, formaları nəzərdə tutulmadı. Həmin maddəyə əsasən ictimai 



müdafiə tədbirləri cinayətdə iştirak edənlərin hamısı, yəni təhrikçilər, icraçılar 

və köməkçilər haqqında, onların istər ictimai təhlükəli olmaları, istər cinayətdə 

iştirak etmələri dərəcəsindən asılı olaraq tətbiq edilir. Cinayət etməyə meyl et-

dirən şəxslər təhrikçi hesab edilirlər. Cinayət əməlində nə şəkildə olursa-olsun 

bilavasitə  iştirak edən  şəxslər icraçı hesab edilirlər. Məsləhət verməklə, yol 

göstərməklə, vasitə verməklə, maneələri aradan qaldırmaqla cinayət etməyə, 

cinayətkarı  və ya cinayət izlərini gizlətməyə kömək edən  şəxslər köməkçi 

hesab edilirlər. 

 CM-nin 18-ci maddəsində icraçıya və köməkçiyə verilən anlayışlar icra-

çılıq və köməkçilik üstündə cinayət məsuliyyətinin dairəsinin  əsassız olaraq 

genişləndirilməsini şərtləndirirdi. Maddənin məzmununa əsasən cinayətkarı və 

ya cinayətin izlərini gizlətməyi həm əvvəlcədən vəd edən, həm də əvvəlcədən 

vəd etməyən şəxslər köməkçi qismində iştirakçılar hesab olunurdu. Əsaslarda 

iştirakçılığın konstruksiyası qeyri-dəqiq müəyyən edildiyindən, bəzi müttəfiq 

respublikalarda cinayətin əvvəlcədən vəd edilmədən gizlədilməsi iştirakçılığa 

(məsələn, ölkəmizin cinayət qanununda) aid edilmişdi, bəzilərində isə (mə-

sələn, Ukrayna, Gürcüstan) iştirakçılığa aid edilməyərək müstəqil norma qis-

mində müəyyən edilmişdi (8, 31). Yəni bu dövrün qanunvericiliyi «cinayətdə 

əlaqədarlıq» institutunu tanımamış, cinayətdə  əlaqədarlıq faktik olaraq ci-

nayətdə iştirakçılıq institutu ilə udulmuşdur (6, 15). Beləliklə, 1927-ci il CM-

də  iştirakçılığın ümumi, növlərinin isə  dəqiq anlayışı verilməməklə yanaşı, 

formalarına qətiyyən toxunulmamış, cinayətdə iştirakçılığa görə məsuliyyətin 

differensiasiyası aparılmamışdır. Yalnız məcəllənin 52–ci maddəsində  cəza 

təyin edilərkən vəziyyəti ağırlaşdıran hallar sırasında, v) bəndində cinayətin 

bir güruh və ya quldur dəstəsi tərəfindən edilməsi göstərilmişdi.  

 1927-ci il CM-in Xüsusi hissəsi 9 fəsildən ibarət idi: I fəsil «Dövləti ci-

nayətlər», II fəsil «İdarəçilik qaydalarına qarşı başqa cinayətlər», III fəsil 

«Vəzifədən sui-istifadə etmək», IV fəsil «Kilsənin dövlətdən ayrılması haq-

qında qaydaların pozulması», V fəsil «Təsərrüfat cinayətləri», VI fəsil «Həyat, 

səhhət, azadlıq və  şəxsiyyətin ləyaqəti  əleyhinə olan cinayətlər», VII fəsil 

«Əmlak cinayətləri», VIII fəsil «Xalqın səhhətini, ictimai təhlükəsizliyi və in-

tizamı mühafizə edən qaydaların pozulması», IX fəsil «Əskəri cinayətlər» ad-

lanırdı.  

 VI fəslə daxil olan 171-ci maddə «vəziyyəti ağırlaşdıran hallarda qəsdən 

öldürmək» adlanırdı. Burada qəsdən adam öldürmənin tamah, qısqanclıq (175-

ci maddədə göstərilən  əlamətlərə müvafiq gəlmədikdə) və sair alçaq hiss 

üzündən; qəsdən öldürməyə  və ya bədənə  ağır xəsarət vurmağa görə ictimai 

müdafiə tədbirini çəkmiş şəxs tərəfindən; bir çox adamın həyatı üçün qorxulu 

və ya öldürülənə əzab verməklə; edilmiş başqa ağır cinayəti yüngülləşdirmək 

və ya gizlətmək məqsədilə; öldürülənin xüsusi qayğısı öhdəsində olan şəxs 

tərəfindən; öldürülənin köməksiz vəziyyətindən istifadə etməklə  və  hərbi 

qulluqçu tərəfindən vəziyyəti xüsusilə  ağırlaşdıracaq hallarda öldürmək kimi 




 

45

tövsifedici əlamətləri nəzərdə tutulmuşdu.  



 171-ci  maddədə göstərilənlərdən başqa vəziyyəti ağırlaşdıran hallarda 

qəsdən adam öldürməyə qan düşmənçiliyi zəminində, qadın azadlığı və qadın 

tərəfindən öz hüququnun həyata keçirilməsi zəminində qadının öldürülməsi 

əməlləri (müvafiq olaraq 172 və 173-cü maddələr) aid edilmişdi. Burada sa-

dalanan tövsifedici əlamətlərin bəziləri hazırda qüvvədə olan CM-də  nəinki 

ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə sayılmır, hətta adam öldürmənin 

yüngülləşdirici hallarına aid edilmişdir. Öldürülən üzərində xüsusi qayğı 

göstərmək vəzifəsi qohumluq münasibətindən, qanuni əsaslardan (qəyyumluq) 

və ya qısa müddətli olsa da, öhdəyə könüllü surətdə götürülmüş  təəhhüddən 

irəli gələ bilərdi. Buna görə  də ananın öz balasını  qəsdən öldürməsi, azyaşlı 

adamın himayəsində olduğu qohumları  tərəfindən qəsdən öldürülməsi, üzə-

rində qayğısını çəkmək öhdəliyi olan şəxs tərəfindən çolağın, şikəstin qəsdən 

öldürülməsi halları 171-ci maddənin «ğ» bəndi ilə tövsif edilmişdir (5, 295). 

 Məcəllənin 174-cü maddəsi «vəziyyəti ağırlaşdıran hallar olmadan qəs-

dən öldürmək» adlanırdı, dispozisiyası «171 – 173-cü maddələrdə göstərilən 

əlamətlər olmadan qəsdən öldürmək» məzmununda müəyyən olunmuşdu. Bu 

maddə ilə tövsif edilən  əməllərin dairəsinə  zərər çəkmişin xahişi  əsasında 

onun öldürülməsi, dalaşma zamanı baş verən adam öldürmənin müəyyən hal-

ları aid edilmişdir. CM-nin 175-ci maddəsi «vəziyyəti yüngülləşdirən hallarda 

qəsdən öldürmək» adlanırdı  və dispozisiyası «zərər çəkən tərəfindən edilən 

cəbr və ya ağır təhqir nəticəsində qəflətən baş verən şiddətli ruhi həyəcan təsiri 

altında qəsdən öldürmək» məzmununda müəyyən olunmuşdu. Beləliklə, 174-

cü maddədə sadə  qəsdən adam öldürmə, 175-ci maddədə isə yüngülləşdirici 

hallarda qəsdən adam öldürməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd 

edilən normaların təhlili göstərir ki, Azərbaycan Respublikasının 1927-ci il 

CM-də adam öldürmənin ağırlaşdırıcı hallarının sayı sadə qəsdən adam öldür-

mə  və yüngülləşdirici hallarda adam öldürmə növlərinin hesabına genişlən-

dirilmişdir. 

 CM-nin 176-cı maddəsi ehtiyatsızlıq üzündən və zəruri müdafiə həddini 

aşma nəticəsində öldürmək adlanırdı. 177-ci maddənin birinci hissəsi xəs-

təxanalardan və doğum evlərindən kənar yerlərdə  uşaq saldırmaq, həmçinin 

xəstəxanada və ya doğum evində, lakin maddənin qeydində göstərilən şərtləri 

pozmaqla uşaq saldırmanın bütün hallarına görə  məsuliyyət nəzərdə tuturdu. 

Qeydə  əsasən uşaq saldırmağa (aborta) yalnız hamiləliyin davam etməsinin 

hamilə qadının həyatını qorxu altına aldığı  və sağlamlığına ağır zərər vura 

bilmək qorxusunun olduğu, həmçinin ata-ananın ağır xəstəliklərinin irsi olaraq 

uşaqlara keçə biləcəyi hallarda ancaq xəstəxana və ya doğum evi şəraitində 

Xalq Səhiyyə Komissarlığının müəyyən etdiyi qaydalara uyğun icazə verilirdi. 

177-ci maddənin 1-ci hissəsi abortu həyata keçirən həkimin məsuliyyətini nə-

zərdə tuturdu. 177-ci maddənin 2-ci və 3-cü hissələrində müvafiq olaraq anti-

sanitariya  şəraitdə  və xüsusi tibbi təhsili olmayan şəxslər tərəfindən abortun 

həyata keçirilməsi, qadının uşaq saldırmağa məcbur edilməsi, 177-1-ci mad-




 

46

dədə isə hamilə qadının uşaq saldırmanın qadağan edilməsi haqqında qanunu 



pozmaqla uşağı saldırması üstündə məsuliyyət müəyyən olunmuşdu.  

 178-ci maddənin 1-ci hissəsi təqsirli şəxsdən maddi və ya başqa cəhət-

dən asılı olan şəxs ilə amansız rəftar еtmə və ya bu kimi yollarla onu özünü öl-

dürmə və özünü öldürməyə sui-qəsd etmək dərəcəsinə çatdırmaq, 2-ci hissəsi 

eyni hərəkətlərin nəticəsində özünü yandırmanın baş verməsi, 3-cü hissəsi 

yetkinlik yaşına çatmamış  şəxsi, yaxud hərəkətlərinin mahiyyətini anlamağa, 

əməllərinə  rəhbərlik etməyə iqtidarı olmayan şəxsin öz-özünü öldürməyə 

təhrik edilməsi və ya buna köməklik göstərilməsi, belə  hərəkətlərin həmin 

şəxsin özünü öldürməsinə  və ya buna cəhd etməsinə  səbəb olması üstündə 

məsuliyyət müəyyən olunmuşdu. Məhkəmə praktikasında insanlar arasında 

məhrəm əlaqələrin kəsilməsi özünü öldürməyə vadar etmək kimi, azyaşlıların 

özünü öldürməsinə kömək etmək isə CM-nin 171-ci maddəsi ilə  vəziyyəti 

ağırlaşdıran halda qəsdən öldürmək kimi tövsif olunmuşdur (5, 301). 

 Beləliklə, 1927-ci il CM-də  həyat əleyhinə cinayətlərin sistemi və  əla-

mətləri cüzi fərqlərlə, demək olar ki, 1922-ci il CM-si ilə eyni olmuşdur. 

Fərqli cəhətlərə əsasən aşağıdakılar aid idi: ehtiyatsızlıqdan adam öldürmə və 

zəruri müdafiə həddini aşmaqla adam öldürmə əməllərinə görə məsuliyyət bir 

maddədə (176-cı maddə) nəzərdə tutulmuşdu; məcəlləyə  təqsirli  şəxsdən 

maddi və ya sair cəhətdən asılı olmuş zərər çəkmiş şəxsi onunla amansız rəftar 

etmə və ya digər oxşar yol ilə özünü öldürmə dərəcəsinə və ya özünü öldür-

məyə sui-qəsd etmək dərəcəsinə çatdırma üstündə  məsuliyyət nəzərdə tutan 

norma daxil edilmişdi (178-ci maddənin 1-ci hissəsi), halbuki 1922-ci il CM-

də belə norma yox idi. 

 1927-ci il CM-də  həyat  əleyhinə olan cinayətlərin sanksiyaları da nis-

bətən yüngülləşdirilmişdi. Onların içərisində  ən ağır cinayət sayılan ağırlaş-

dırıcı hallarda qəsdən adam öldürməyə görə 10 ilədək müddətə azadlıqdan 

məhrum etmə cəzası müəyyən olunmuşdu. 1 sentyabr 1934-cü il tarixli qanunu 

ilə yalnız hərbi qulluqçu tərəfindən xüsusilə  ağırlaşdırıcı hallarda törədilən 

qəsdən adam öldürmə  əməli üstündə ölüm cəzası  nəzərdə tutuldu, qəsdən 

adam öldürmənin digər ağırlaşdırıcı hallarının sanksiyalarına hər hansı 

dəyişiklik edilmədi. Halbuki həmin dövrdə dövləti və əmlak cinayətlərinə görə 

məsuliyyət nəzərdə tutan normalarda ölüm cəzası heç də az sayda nəzərdə 

tutulmamış və kifayət qədər tətbiq olunmuşdur. 

 1927-ci il CM-nin 179-cu maddəsinin 1-ci hissəsində  bədənə  qəsdən 

eşitmə, görmə orqanlarının və ya başqa bir üzvünü itirməyə, sifətin izi 

silinməz bir halda eybəcərləşdirilməsi, ruhi xəstəliyə və ya həyat üçün qorxulu 

olan dərəcədə səhhətin pozulmasına səbəb olan ağır xəsarətin yetirilməsi, 2-ci 

hissəsində həmin xəsarətlərin ya zərərçəkmiş şəxsin ölümünə səbəb olması, ya 

əziyyət və ya əzabverici üsul ilə yetirilməsi, yaxud da yüngül formada olsa da, 

mütəmadi qaydada yetirilən xəsarətlərin nəticəsinin olması üstündə məsuliyyət 

müəyyən olunmuşdu. 180-ci maddədə  bədənə  həyat üçün təhlükəli olmayan, 

lakin səhhəti pozan və ya bədənin, yaxud da hansısa üzvünün funksiyasının 




 

47

uzun müddət pozulmasına səbəb olan qəsdən az ağır xəsarətin yetirilməsi, 



181-ci maddədə bədənə səhhətin pozulmasına səbəb olmayacaq dərəcədə qəs-

dən yüngül xəsarətin yetirilməsi, 182-ci maddədə  vəziyyəti yüngülləşdirən 

hallarda (zərərçəkmiş şəxs tərəfindən şəxsiyyətinə zorakılıq göstərilməsi və ya 

ağır təhqir nəticəsində  qəflətən baş vermiş  şiddətli ruhi həyəcanın təsiri 

altında) bədənə qəsdən ağır, az ağır və ya yüngül xəsarətin yetirilməsi, 183-cü 

maddədə ehtiyatsızlıq nəticəsində  bədənə  xəsarətin, 184-cü maddədə  qəsdən 

vurmaq, döymək və ya bədəni ağrıtmaqla nəticələnən sair zorakılıq hərəkət-

lərinin yetirilməsi üstündə məsuliyyət nəzərdə tutulmuşdu.  

 Qeyd  etmək lazımdır ki, Azərbaycan Respublikasının 1927-ci il CM 

RSFSR-in 1926-cı il CM-in nümunəsi  əsasında hazırlansa da, sağlamlıq 

əleyhinə yönələn cinayətlərə görə məsuliyyət nəzərdə tutan normalarda müəy-

yən fərqli cəhətlər də var idi. Belə ki, RSFSR-in 1926-cı il CM-də bədən xəsa-

rətlərinin ağırlıq dərəcəsinə görə iki növü fərqləndirilmişdi: qəsdən bədənə 

ağır xəsarət yetirmə (142-ci maddə) və qəsdən bədənə yüngül xəsarət yetirmə 

(143-cü maddə). Məcəllədə az ağır xəsarət növü nəzərdə tutulmamışdı, yüngül 

xəsarətin isə sağlamlığın pozulmasına səbəb olan və sağlamlığın pozulmasına 

səbəb olmayan növləri fərqləndirilmişdi.  Ədəbiyyatda haqlı olaraq göstəril-

mişdir ki, bədən xəsarətlərinin ikili bölgüsü təcrübədə ağır xəsarətlərə aid edilə 

bilinməyən az ağır xəsarətlərin yetirilməsinə görə məsuliyyətin əsassız olaraq 

yüngülləşdirilməsi üçün şərait yaratmışdır (10, 160). Lakin qeyd etmək la-

zımdır ki, RSFSR-in 1926-cı il CM-in 142-ci maddəsində ağır xəsarətə verilən 

anlayışda qanunvericilik tarixində ilk dəfə olaraq əmək qabiliyyətinin itiril-

məsi  əlaməti daxil edilmişdi. Azərbaycan Respublikasının 1927-ci il CM-də 

isə həmin əlamət nəzərdə tutulmamışdı.  

 VI fəslin adından göründüyü kimi burada şəxsiyyətin azadlığı, ləyaqəti 

və cinsi toxunulmazlığı əleyhinə olan cinayətlər (məsələn, şəxsi qanunsuz ola-

raq zorla azadlıqdan məhrum etmə – 185-ci maddə; qanunla müəyyən edilmiş 

qaydada boşanmış  ərə (arvada) yenidən evlənməsinə mane olma – 185-1-ci 

maddə; şəxsi qanunsuz olaraq ruhi xəstəxanalara yerləşdirmə – 186-cı maddə; 

uşağı oğurlama – 187-ci maddə; ata-ana, qəyyum və qohumlar tərəfindən ev-

lənməyə məcbur etmək – 188-ci maddə; qadını evlənmək məqsədi ilə oğurla-

maq – 189-cu maddə; cinsi yetkinliyə çatmamış şəxslərlə cinsi əlaqədə olmaq 

– 193-cü maddə; zorlama – 195-ci maddə; fahişəliklə məşğul olmağa məcbur 

etmək – 198-ci maddə; təhqir – 202-ci maddə; böhtan – 205-ci maddə və s.) də 

öz  əksini tapmışdır. Lakin bu fəslə daxil olan maddələrin heç birində eyni 

əməllərin iştirakçılıq qaydasında törədilməsi nə  məsuliyyəti ağırlaşdıran hal, 

nə də dispozitiv əlamət kimi müəyyən olunmamışdır.  

 Halbuki  Məcəllənin bəzi fəsillərində eyni əməllərin qrup halında törə-

dilməsi tövsifedici əlamət kimi müəyyən olunmuşdu. Məsələn, əmlak cinayət-

lərinə həsr edilən VII fəslin 206-cı maddəsinin a) bəndi xüsusi şəxslərə məx-

sus olan özgə əmlakının başqa şəxslərlə sözləşmədən edilmiş oğurluq, b) bəndi 

isə bu növ əmlakdan başqa  şəxslərlə dilbir etməklə edilən oğurluq, q) bəndi 




 

48

xüsusi şəxs tərəfindən başqa şəxslərlə dilbir etmədən dövlət və ictimai idarə-



lərdən və başqa saxlanc yerlərindən edilən oğurluq,  ğ) bəndi isə xüsusi şəxs 

tərəfindən başqa şəxslərlə dilbir etməklə göstərilən obyektlərdən edilən oğur-

luq üstündə cinayət məsuliyyəti nəzərdə tuturdu. «Başqa  şəxslərlə dilbir et-

məklə» edilmiş  oğurluq dedikdə, oğurluq etmə haqqında qabaqcadan əlbir 

olmuş bir neçə  şəxs tərəfindən edilən oğurluq halları anlaşılmışdır. 209-cu 

maddənin 3-cü hissəsi bir dəstə (iki və ya daha çox) şəxs tərəfindən edilən 

soyğunçuluq üstündə cinayət məsuliyyəti müəyyən etmişdi. Bir dəstə  şəxs 

tərəfindən edilən soyğunçuluq dedikdə isə, qanunun öz mətninə əsasən iki və 

ya daha çox şəxs tərəfindən edilmiş soyğunçuluq başa düşülmüşdür. Həyat və 

sağlamlıq  əleyhinə olan cinayətlər ilə müqayisədə dövlət mülkiyyətinə qarşı 

törədilən qəsdlərə görə daha ciddi məsuliyyət müəyyən olunmuşdur. Sosialist 

mülkiyyətinin oğurlanmasına görə güllələnmə  cəzasının da təyin edilməsi 

mümkün olduğu halda, qəsdən adam öldürməyə görə ən çoxu 10 il müddətinə 

azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu. 

 Eyni zamanda nəzərə almaq lazımdır ki, 1927-ci il CM-si Stalin repres-

siyası illərində qüvvədə olduğundan, Məcəllədə bilavasitə  nəzərdə tutulmasa 

da, məhkəmə-istintaq təcrübəsində müxtəlif  əməllərin  əksinqilabi dəstələr 

tərəfindən törədilməsi ağırlaşdırıcı hal kimi göstərilmiş və bu, cəza təyininə öz 

təsirini göstərmişdir. Ötən  əsrin 30-cu illərində «Moskva mərkəzi», «Kreml 

işi» və sair adlarla məşhurlaşmış cinayət işlərində siyasi fəaliyyətlərinə görə 

Q.E.Zinovyev, LB.Kamenev, N.İ.Buxarin və qeyriləri  əksinqilabi dəstələrin 

rəhbərləri kimi vətənə  xəyanətdə, terrorçuluq, casusluq fəaliyyəti ilə  məşğul 

olmalarına görə məhkum olunmuşdular. Belə şəxslər barəsində bir qayda ola-

raq güllələnmə cəzası təyin edilmiş və hökmlər çıxarılan gün də icra edilmiş-

dir. Bu proseslərdə dövlət ittihamçısı kimi çıxış edən A.Y.Vışinski iştirakçılar 

arasında cinayətin törədilməsinə dair razılaşmanın, təhrikçi və köməkçinin 

hərəkətləri ilə icraçının əməli arasında səbəbli əlaqənin mövcudluğunu zəruri 

hesab etmirdi. O, 19-cu əsr ingilis kriminalisti Stifenin müddəalarına  əsasla-

naraq iştirakçılıq üçün qəsd əlamətinin zəruriliyini inkar edir, ehtiyatsızlıqdan 

cinayətin törədilməsinə  təhrik edilməsinə görə  məsuliyyəti mümkün hesab 

edirdi (12, 108). İştirakçılığın anlayışının bu cür genişləndirilməsi obyektiv 

təqsirləndirməyə  gətirib çıxarmaqla,  əsassız repressiyalar üçün şərait yarat-

mışdır. Eyni proses Azərbaycan Respublikasında da baş vermişdir.  

 Əsasların 8-ci maddəsində cinayət məsuliyyətinə  cəlb etməyə imkan 

verən yaş həddinin müəyyən edilməsi səlahiyyəti müttəfiq respublikalara ve-

rilmişdi. Lakin «Yetkinlik yaşına çatmayanların cinayətkarlığına qarşı müba-

rizə  tədbirləri haqqında» 1935-ci il 7 aprel tarixli qanunu ilə müəyyən növ 

cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi 14-

dən 12 yaşa endirildi. Buraya adam öldürmə, zorakılıq göstərmə, bədənə xə-

sarət yetirmə, oğurluq cinayətləri aid edildi. SSRİ  MİK-nin 1937-ci il 2 okt-

yabr tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 10 ildən 25 

ilədək müddətə artırıldı, 1939-cu ildə isə məhkumların cəzalarından vaxtından 




 

49

əvvəl  şərti olaraq azad edilmələri institutu ləğv edildi. Beləliklə, 30-cu illər 



üçün cinayət-hüquqi siyasətin sərtləşdirilməsi xarakterik olmuş, cinayət qa-

nunvericiliyi üçün humanizm, qanunçuluq, ədalət prinsipləri elə də əhəmiyyət 

kəsb etməmiş, cinayət məsuliyyətinin  əsasını ictimai təhlükəli  əməldən daha 

çox, «xalq düşməni» və sair adlarla damğalanmış şəxsin «təhlükəliliyi» təşkil 

etmişdir (9, 44). 

 SSRİ Ali Soveti Rəyasət Heyətinin «Vətəndaşların şəxsi mülkiyyətinin 

mühafizəsinin gücləndirilməsi haqqında» 1947-ci il 4 iyun tarixli fərmanından 

sonra quldur basqını yolu ilə törədilən qəsdən adam öldürmə əməllərinin töv-

sifi məsələsi ortaya çıxdı. SSRİ Ali Məhkəməsi Plenumunun 1948-ci il 19 

mart tarixli qərarında müəyyən edildi ki, zərər çəkmiş  şəxsin ölümü ilə  nə-

ticələnmiş quldurluq əməli RSFSR CM-in qəsdən adam öldürməyə görə 

məsuliyyət nəzərdə tutan 136-cı maddəsi ilə deyil, 1947-ci il 4 iyun tarixli 

fərmanın 2-ci maddəsinin 2-ci hissəsi ilə tövsif edilməlidir. Qeyd olunan əmə-

lin bu cür tövsifi fərmanda quldurluğun tövsifedici əlamətlərinə görə CM-nin 

136-cı maddəsi ilə müqayisədə daha ağır cəzanın müəyyən edilməsi ilə əsas-

landırılmışdı (11,537).  

 1927-ci il CM-si qüvvəyə mindikdən az sonra onun digər fəsillərinə 

olduğu kimi şəxsiyyət əleyhinə olan cinayətlərə görə məsuliyyət nəzərdə tutan 

VI fəslin normalarına da dəyişiklik və əlavələr edilməyə başlandı. Məcəllənin 

ilk redaksiyasında qan düşmənçiliyi zəminində qəsdən adam öldürmə və qadın 

azadlığı zəminində qadının qəsdən öldürülməsi cinayətlərinin tövsifedici növ-

ləri kimi onların xüsusilə ağırlaşdırıcı hallarda törədilməsi nəzərdə tutulmuşdu. 

Lakin Azərbaycan MİK və XKS-in 29 dekabr 1928-ci il tarixli qərarı ilə Mə-

cəllənin 172-ci maddəsindən qan düşmənçiliyi zəminində xüsusilə ağırlaşdırıcı 

hallarda qəsdən adam öldürməyə aid göstəriş çıxarıldı. 27 iyul 1930-cu il ta-

rixli qanunla qadın azadlığı  zəminində qadınların qəsdən öldürülməsi tərki-

bində də eyni dəyişiklik aparıldı. 

 SSRİ MİK-nin 7 iyul 1934-cü il tarixli qərarı ilə qəsdən adam öldürmə-

nin yeni, xüsusilə ağır növü – hərbi qulluqçu tərəfindən xüsusilə ağırlaşdırıcı 

hallarda qəsdən adam öldürmə  tərkibi müəyyən edildi və bundan ötrü ölüm 

cəzası nəzərdə tutuldu. Azərbaycan SSR-in 5 yanvar 1935-ci il tarixli qanunu 

ilə CM-in qəsdən ağırlaşdırıcı hallarda adam öldürməyə görə  məsuliyyət nə-

zərdə tutan 171-ci maddəsinə yuxarıdakı məzmunda ikinci hissə əlavə edildi. 

Qeyd etmək lazımdır ki, həmin dövrdə qüvvədə olan cinayət qanunvericili-

yində  qəsdən adam öldürmənin yalnız bu növünə görə ölüm cəzası  nəzərdə 

tutulmuşdur. 12 oktyabr 1929-cu il tarixli qanun ilə CM-in öldürməklə hədə-

ləmə üstündə  məsuliyyət nəzərdə tutan 203-cü maddəsinin sanksiyasına bir 

ilədək müddətə azadlıqdan məhrum etmə cəzası daxil edildi, 19 iyun 1934-cü 

il tarixli qanun ilə isə həmin cinayətə görə cəza daha da gücləndirilərək azad-

lıqdan məhrum etmənin müddəti üç ilədək müəyyən edildi. 

 Cinsi münasibətlərə qəsd edən cinayətlər üzrə də dəyişiklik edildi, yet-

kinlik yaşına çatmamışlarla cinsi əlaqəyə girmə  tərkibində yaş  həddi dəyiş-




 

50

dirildi. Belə ki, 27 iyul 1936-cı il tarixli qanun ilə CM-in cinsi yetkinliyə 



dolmamış şəxslərlə cinsi əlaqədə olmaq üstündə məsuliyyət nəzərdə tutan 193-

cü maddəsinin 1-ci hissəsi yeni redaksiyada verildi. Əvvəlki redaksiyada 

nəzərdə tutulan «aşkar surətdə on dörd yaşına çatmamış və ya bu yaşa çatmış 

olsa da, lakin cinsi yetkinliyə dolmamış  şəxslərlə cinsi əlaqədə olmaq…» 

əvəzinə, yeni redaksiyada «on altı yaşına çatmamış və ya bu yaşa çatmış olsa 

da, lakin cinsi yetkinliyə dolmamış şəxslərlə cinsi əlaqədə olmaq» kimi müəy-

yən edildi. 14 iyul 1936-cı il tarixli qanunla nikah yaşına çatmamışlarla nişan-

lanmaya görə  məsuliyyət gücləndirilərək ondan ötrü azadlıqdan məhrum 

etmənin müddəti bir ildən üç ilədək müddətə artırıldı. Qanunla həmçinin özü-

nü öldürmə  dərəcəsinə çatdırmanın yeni, daha ağır növü müəyyən olundu: 

maddi və ya sair cəhətdən asılı olan şəxslə amansız rəftar etmə və ya digər bu 

kimi yolla özünü öldürmə  dərəcəsinə çatdırmanın həmin  şəxsin özünü 

yandırması ilə nəticələnməsi daha ağır cinayət hesab olundu və buna görə on 

ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutuldu (7, 23-24). 

 SSRİ-nin 1936-cı il Konstitusiyasının qəbulundan sonra müttəfiq res-

publikaların qanunvericilik sahəsində hüquqları xeyli məhdudlaşdırıldı. Belə 

ki, Konstitusiya ilə Məcəllələrin, o cümlədən, CM-nin qəbulu SSRİ-nin səla-

hiyyətinə aid edildi. Ona görə  də müttəfiq respublikalar bir qayda olaraq 

cinayət məcəllələrinin müvafiq maddələrini ümumittifaq qanunlarına uyğun-

laşdırmaq, Məcəllələrdə müvafiq dəyişikliklər aparmaqla məşğul olurdular. 

Bununla belə, həmin illərdə CM-nin şəxsiyyət əleyhinə olan cinayətlər fəslinin 

maddələrində nəzərə çarpan dəyişikliklər olmamışdır.  

 SSRİ Ali Soveti Rəyasət Heyətinin «Qəsdən adam öldürməyə görə cina-

yət məsuliyyətinin gücləndirilməsi haqqında» 30 aprel 1954-cü il tarixli fər-

manı ilə ağırlaşdırıcı hallarda törədilən qəsdən adam öldürmə əməllərinə görə 

ölüm cəzasının tətbiq edilməsinə icazə verildi. Lakin fərmanda ağırlaşdırıcı 

halların adları göstərilmədi. SSRİ Ali Məhkəməsi Plenumunun 21 may 1954-

cü il tarixli qərarında həmin halların aşağıdakı siyahısı müəyyən edildi: zərər 

çəkmiş  şəxsin  əmlakının  ələ keçirilməsi məqsədi, xuliqanlıq niyyəti, zərər 

çəkmiş  şəxsin qulluq fəaliyyətindən doğan intiqam məqsədi, amansızlıqla, 

zorlama ilə müşayiət olunan adam öldürmə əməlləri, təkrar və ya bir neçə şəx-

sin qəsdən öldürülməsi halları (10, 100). Göründüyü kimi qərarda sadalanan 

ağırlaşdırıcı halların siyahısı ilə Azərbaycan Respublikasının 1927-ci il CM-

nin 171-ci maddəsində (o cümlədən, RSFSR-in 1926-cı il CM-nin 136-cı 

maddəsində) göstərilən ağırlaşdırıcı halların siyahısı eyni olmamışdır. Bununla 

əlaqədar cinayət məcəllələrinə hər hansı dəyişiklik edilməsə də, sadalanan hal-

larda adam öldürməyə görə ölüm cəzası təyin edilərkən əməl SSRİ Ali Soveti 

RH-nin qeyd olunan fərmanına istinad edilməklə, CM-in göstərilən müvafiq 

maddələri ilə tövsif olunmuşdur. Banditizm, adam öldürmə ilə müşayiət olu-

nan quldur basqını əməllərinə görə ölüm cəzası təyin edilən hallarda da həmin 

fərmana istinad olunmuşdur (10, 100). Qeyd etmək lazımdır ki, SSRİ Ali 

Məhkəməsi Plenumunun 21 may 1954-cü il tarixli qərarında sadalanan halla-




 

51

rın əksəriyyəti sonrakı cinayət qanunvericiliyinin qəbulu zamanı nəzərə alındı. 



 Həm 1922-ci il, həm də 1927-ci il CM-də tədqiq etdiyimiz cinayətlərə 

görə məsuliyyət nəzərdə tutan normalar şəxsiyyətin həyatı, səhhəti, azadlığı və 

ləyaqəti əleyhinə olan cinayətlər fəslində yerləşdirildiyindən, bu fəsillərdə ək-

sini tapmış bütün cinayət növləri üzrə iki məcəllənin fərqli cəhətlərini müəy-

yən etməyə cəhd edək: 1) 1922-ci il il CM-si ilə müqayisədə 1927-ci il CM-də 

həyat və sağlamlıq əleyhinə olan cinayətlərin sistemində müəyyən dəyişiklik-

lər edildi. Əgər 1922-ci il CM-nin «Həyat, sağlamlıq, azadlıq və ləyaqət əley-

hinə olan cinayətlər» adlanan V fəsli qəsd obyektlərinə uyğun olaraq 5 hissəyə 

(adam öldürmə; bədən xəsarətləri və şəxsiyyətə zorakılıq göstərmə; təhlükədə 

qoyma; cinsi münasibətlər sahəsində cinayətlər; şəxsiyyət və onun ləyaqətinə 

qarşı digər cinayətlər) bölünmüşdüsə, 1927-ci il CM-də bu sistemdən imtina 

edildi və  şəxsiyyətin həyatı, səhhəti, azadlığı  və  ləyaqətinə qarşı olan cina-

yətlər hər hansı təsnifat aparılmadan, Məcəllənin VI fəslində yerləşdirildi, yəni 

əvvəlki Məcəllədən fərqli olaraq yeni Məcəllədə  şəxsiyyət  əleyhinə olan 

cinayətlər ayrı-ayrı qruplara bölünməmişdi; 2) 1927-ci il CM-də əvvəlki Mə-

cəllədə olmayan yeni cinayət tərkibləri nəzərdə tutulmuşdu. Məsələn, başqa-

larından maddi və  ya  sair  cəhətdən asılı olan şəxsi özünü öldürməyə  və ya 

özünü öldürmə  yə sui-qəsd dərəcəsinə çatdırmaq (178-ci maddə), hər hansı 

şəxsi öldürməklə və ya yanğın törətməklə hədələmək (203-cü maddə), affekt 

vəziyyətində  qəsdən yüngül xəsarət yetirmək və sairə; 3) 1922-ci il CM-də 

şəxsiyyət  əleyhinə cinayətlərin dairəsinə daxil edilən bəzi  əməllər yeni Mə-

cəllədə düzgün olaraq başqa müvafiq fəsillərdə yerləşdirildi. Məsələn, işçini 

bilə-bilə əmək qabiliyyətini itirə biləcək iş şəraitində qoymaq «Təsərrüfat ci-

nayətləri» fəslinə, xuliqanlıq «İdarəçilik qaydaları əleyhinə olan sair cinayət-

lər» fəslində nəzərdə tutuldu; 4) əvvəlki Məcəllənin bu fəslində müəyyən edil-

miş  bəzi cinayətlər yeni Məcəllədə  nəzərdə tutulmamışdı. Məsələn, zəruri 

müdafiə  həddini aşmaqla ağır xəsarət yetirmək, habelə hadisə yerində yaxa-

lanmış cinayətkarın tutulması üçün zəruri tədbirləri aşmaqla ona bü cür xəsarət 

yetirmək və s.  

 Fikrimizcə, 1927-ci il Məcəlləsində bu növ əməllərə görə məsuliyyətin 

nəzərdə tutulmaması düzgün mövqe olmamışdır. Ona görə də 1960-cı il CM-

də haqlı olaraq həmin cinayət tərkibi yenidən bərpa edildi, həm də  zəruri 

müdafiə  həddini aşmaqla az ağır xəsarətin yetirilməsinə görə  də  məsuliyyət 

müəyyən edildi (104-cü maddə); 5) 1922-ci il CM-də mövcud olmuş bir sıra 

cinayət tərkiblərinin yeni CM-də  əlavə, zəruri  əlamətləri müəyyən edilmişdi. 

Məsələn, affekt vəziyyətində  qəsdən adam öldürmə  tərkibi güclü ruhi həyə-

canın «qəflətən baş verməsi» kimi zəruri əlaməti ilə tamamlanmışdı. Əvvəlki 

Məcəllədə müxtəlif maddələrdə  nəzərdə tutulmuş  zəruri müdafiə  həddini 

aşmaqla adam öldürmək və ehtiyatsızlıq üzündən adam öldürmək  əməllərinə 

bu Məcəllədə bir maddədə məsuliyyət müəyyən olunmuşdu. Təqsirin müxtəlif 

formalarını nəzərdə tutan bu əməllərin belə birləşdirilməsi əlbəttə ki, düzgün 

mövqe deyildi. Ona görə Azərbaycan SSR-in 1960-cı il CM-də  həmin cina-




 

52

yətlər yenidən müstəqil maddələrdə nəzərdə tutuldu. Hadisə yerində yaxalan-



mış cinayətkarın tutulması üçün zəruri tədbirləri aşmaqla onun öldürülməsinin 

zəruri müdafiə  həddini aşmaqla adam öldürməyə  bərabər tutulması barədə 

göstəriş də həmin cinayət tərkibindən çıxarıldı.  

 1927-ci il CM-də ehtiyatsızlıq üzündən adam öldürmənin növlərə ayrıl-

ması  nəzərdə tutulmamışdı. Bir sıra cinayət tərkiblərinin (ehtiyatsızlıq üzün-

dən xəsarət yetirmək, zöhrəvi xəstəliyi başqa  şəxsə yoluxdurma, qanunsuz 

azadlıqdan məhrum etmə  və s.) əlamətləri dəqiqləşdirildi. 1927-ci il CM-də 

zorlamanın ağırlaşdırıcı hallarının dairəsi genişləndirdi.  Əvvəlki CM-də bu 

cinayətin ağırlaşdırıcı halı kimi zərərçəkmişin özünü öldürməsi ilə  nəticə-

lənməsi nəzərdə tutulurdusa, bu Məcəllədə düzgün olaraq zərərçəkmişin ağır 

xəstəliyə tutulması  və zorlamanın bir dəstə  şəxs tərəfindən törədilməsi də 

ağırlaşdırıcı halların siyahısına daxil edildi; 6) əvvəlki məcəllədən fərqli olaraq 

1927-ci il CM-də şifahi və yazılı təhqirə nisbətən hərəkətlə təhqir üstündə ağır 

cəza nəzərdə tutulmuşdu. Hərəkətlə  təhqirə görə 202-ci maddənin 2-ci his-

səsində ayrıca məsuliyyət müəyyən olunmuşdu. Buna təhqir etmək məqsədi ilə 

sillə vurmaq, üzə tüpürmək, ədəbsiz işarələri ehtiva edən hərəkətləri etmək aid 

edilmişdir. Maddəyə eyni zamanda belə bir qeyd daxil edilmişdi: «Qarşılıqlı 

təhqir məsuliyyətə səbəb olmur»; 7) 1927-ci il CM-nin qəbul edildiyi ərəfədə 

və qüvvədə olduğu ilk illərdə cəzanın yüngülləşdirilməsi ilə bağlı ümumi meyl 

CM-in  şəxsiyyət  əleyhinə cinayətlərə görə  məsuliyyət nəzərdə tutan norma-

larına da təsirsiz ötüşməmişdi. Belə ki, 1922-ci il CM-nin şəxsiyyət əleyhinə 

olan cinayətlər fəslinin 21 maddəsində azadlıqdan məhrum etmə cəzasının aşa-

ğı  həddi göstərilmişdisə, yəni «… az olmayaraq» şəklində müəyyən olun-

muşdusa, 1927-ci il CM-də yalnız iki cinayətə (xüsusilə ağırlaşdırıcı hallarda 

qan düşmənçiliyi zəminində  qəsdən adam öldürmə  və qadın azadlığı  zəmi-

nində qadının xüsusilə  ağırlaşdırıcı hallarda öldürülməsi) görə azadlıqdan 

məhrum etmənin aşağı həddi («beş ildən az olmayaraq) göstərilmişdi. Bundan 

əlavə, 1927-ci il CM-də  şəxsiyyət  əleyhinə olan cinayətlər fəslində «ciddi 

surətdə  təcrid etməklə azadlıqdan məhrum etmə»  şəklində sanksiya nəzərdə 

tutan maddələrin sayı xeyli azalmış, azadlıqdan məhrum etməklə  əlaqədar 

olmayan cəza növlərini (əsasən islah işləri və  cərimə) nəzərdə tutan mad-

dələrin sayı isə xeyli artmışdı. 

 Sovet İttifaqı Kommunist Partiyasının 1956-cı ildə keçirilən XX qurul-

tayından sonra yeni cinayət qanunvericiliyinin hazırlanması  işinə başlanıldı, 

cinayət qanunvericiliyi sahəsində ittifaq və respublika orqanlarının səlahiy-

yətləri müəyyən edildi: SSR İttifaqına cinayət qanunvericiliyinin əsaslarını, 

dövləti və  hərbi cinayətlər haqqında qanunları, müttəfiq respublikalara isə 

cinayət məcəllələrini qəbul etmək səlahiyyəti verildi. 1958-ci il dekabrın 25-də 

«SSR  İttifaqı  və müttəfiq respublikaların cinayət qanunvericiliyi əsasları» 

qəbul olundu. 1958-ci ilin Əsasları ilə cinayət hüququnda qanunçuluğun möh-

kəmləndirilməsi, humanizm və  ədalətin genişləndirilməsi istiqamətində ciddi 

dəyişikliklər edildi. Bu qanun sovet cinayət hüququnda ilk dəfə olaraq analo-




 

53

giya institutunu ləğv etdi. Əsaslar bir tərəfdən böyük ictimai təhlükəli sayıl-



mayan əməllərə görə cinayət məsuliyyətinin yüngülləşdirilməsini, digər tərəf-

dən, vətəndaşların həyat və sağlamlığı əleyhinə edilən cinayətlərə görə məsu-

liyyətin müəyyən dərəcədə gücləndirilməsini nəzərdə tuturdu. Cinayət hüqu-

qunun bir sıra digər institutları kimi iştirakçılığı tənzim edən normalar da xeyli 

təkmilləşdi. Azadlıqdan məhrum etmə  cəzasının müddəti azaldıldı, ölüm 

cəzası yalnız xüsusi təhlükəli dövləti cinayətlər və ağırlaşdırıcı hallarda qəsdən 

adam öldürmə  əməlləri üçün müəyyən edildi. Lakin sonradan bu cəza növü 

bəzi digər cinayət növləri, o cümlədən, dövlət əmlakının və ya ictimai əmlakın 

xüsusilə külli miqdarda talanması üstündə də nəzərdə tutuldu.  

Əsaslara uyğun olaraq 1959 – 1961-ci illərdə müttəfiq respublikaların 

yeni Cinayət Məcəllələri qəbul olundu. Azərbaycan Respublikasının 3–cü 

1960-cı il CM-in (1960-cı il dekabrın 8-də qəbul olunmuş, 1961-ci il martın 1-

də qüvvəyə minmişdir) 17-ci maddəsində iştirakçılığa ilk dəfə anlayış verildi: 

«İki və daha çox şəxsin cinayət etməkdə qəsdən birgə iştirakı iştirakçılıq hesab 

olunur». Bu məcəllədə iştirakçılığın ümumi anlayışının verilməsi əvvəlki CM-

lə müqayisədə müsbət mənada xeyli dönüş sayılsa da, hüquqi cəhətdən həmin 

anlayış tam mükəmməl deyildi. Həmin anlayışa görə xüsusən ehtiyatsızlıqdan 

törədilən cinayətlərdə iştirakçılığın mümkün olub olmaması məsələsi ətrafında 

ciddi elmi mübahisələr yarandı. CM-in ümumi hissəsində iştirakçılığın forma-

ları barədə heç bir məlumat verilməyərək, yalnız 37-ci maddəsində cəza təyin 

edilərkən məsuliyyəti ağırlaşdıran hallar sırasında cinayətin mütəşəkkil dəstə 

tərəfindən edilməsi göstərilmişdi.  

1960-cı il CM-in Xüsusi hissəsi 11 fəsildən ibarət idi: I fəsil «Dövləti cina-

yətlər», II fəsil «Sosialist mülkiyyəti əleyhinə olan cinayətlər», III fəsil «Şəxsiyyət 

əleyhinə olan cinayətlər», IV fəsil «Vətəndaşların siyasi və  əmək hüquqları 

əleyhinə olan cinayətlənr», V fəsil «Vətəndaşların şəxsi mülkiyyəti əleyhinə olan 

cinayətlər», VI fəsil «Təsərrüfat cinayətləri», VII fəsil «Vəzifə cinayətləri», VIII 

fəsil «Ədalət mühakiməsi əleyhinə olan cinayətlər», IX fəsil «İdarəçilik qaydaları 

əleyhinə olan cinayətlər», X fəsil «İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə 

olan cinayətlər», XI fəsil «Hərbi cinayətlər» adlanırdı.  

 Həyat və sağlamlıq əleyhinə olan cinayətlərin sistemi 1960-cı il CM-in 

ilk redaksiyasında  əvvəlki CM-lər ilə müqayisədə elə  də ciddi dəyişikliyə 

məruz qalmamışdı. III fəslə daxil olan 94-cü maddədə  qəsdən adam öldür-

mənin aşağıdakı ağırlaşdırıcı halları nəzərdə tutulmuşdu: 1) tamah məqsədilə 

adam öldürmə; 2) xuliqanlıq niyyətilə adam öldürmə; 3) zərər çəkmiş şəxsi öz 

qulluq və ya ictimai vəzifəsini yerinə yetirməsilə əlaqədar öldürmə; 4) iki və 

ya bir neçə şəxsi öldürmə; 5) müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində 

olan qadını öldürmə; 6) xüsusi amansızlıqla və ya bir çox şəxsin həyatı üçün 

təhlükəli olan üsulla adam öldürmə; 7) başqa cinayəti gizlətmə  və ya onun 

edilməsini yüngülləşdirmə məqsədilə, habelə zorlamaqla əlaqədar adam öldür-

mə; 8) xüsusi təhlükəli residivist tərəfindən, yaxud əvvəllər qəsdən adam 

öldürmüş olan, yəni bu Məcəllənin 94 - 96-cı maddələrində  nəzərdə tutulan 




 

54

cinayəti etmiş olan şəxs tərəfindən öldürülmə. Azərbaycan SSR Ali Soveti 



Rəyasət Heyətinin 1982-ci il 22 dekabr tarixli fərmanı ilə 8-ci bənd «xüsusi 

təhlükəli residivist tərəfindən, yaxud əvvəllər qəsdən adam öldürmüş olan şəxs 

tərəfindən adam öldürmə, bu Məcəllənin 96, 97 və 98-ci maddələrində nəzərdə 

tutulmuş adam öldürmə istisna olmaqla» redaksiyasında müəyyən olundu (4).  

 CM-in 95-ci maddəsində 94-cü maddədə göstərilən ağırlaşdırıcı əlamət-

lər olmadan qəsdən adam öldürmə, 96-cı maddəsində ananın yeni doğduğu 

uşağı doğum vaxtı və ya bilavasitə doğumdan sonra qəsdən öldürməsi, 97-ci 

maddəsində  zərər çəkən  şəxs tərəfindən edilən zorakılıq və ya ağır təhqir 

nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam 

öldürmə, 98-ci maddəsində zəruri müdafiə həddini aşmaqla adam öldürmə, 99-

cu maddəsində ehtiyatsızlıq üzündən adam öldürmə, 100-cü maddəsində təq-

sirli şəxsdən maddi cəhətdən və ya sair cəhətdən asılı olmuş zərər çəkmiş şəxsi 

onunla amansız rəftar etmə  və ya onun şəxsi ləyaqətini mütəmadi olaraq al-

çaltma yolu ilə özünü öldürmə dərəcəsinə və ya özünü öldürməyə sui-qəsd də-

rəcəsinə çatdırma, 101-ci maddəsində öldürməklə hədələmə üstündə məsuliy-

yət nəzərdə tutulmuşdu. Azərbaycan Respublikasının 1999-cu il 2 aprel tarixli 

qanunu ilə 1960-cı il CM-in həyat əleyhinə cinayətlərin sistemində evtanaziya 

əməli, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə 

tezləşdirmə  və ya həyatın davam etməsinə kömək edən süni tədbirləri 

dayandırma üstündə məsuliyyət müəyyən edildi (2). 

1960-cı il CM-in «Qəsdən bədənə ağır xəsarət yetirmə» adlanan 102-ci 

maddəsinin birinci hissəsində  həyat üçün təhlükəli olan və ya hər hansı bir 

orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, ruhi xəstəliyə və ya səh-

hətin başqa cür pozulmasına,  əmək qabiliyyətinin üçdə bir hissəsindən az 

olmamaqla uzun müddətə itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozul-

masına səbəb olan, yaxud sifətin izi silinməz dərəcədə eybəcərləşdirilməsində 

ifadə olunan xəsarət yetirmə, ikinci hissəsində eyni hərəkətlərin zərər çəkmiş 

şəxsin ölümünə  səbəb olması  və ya əzab və  işgəncə xarakteri daşıyan üsulla 

edilməsi üstündə məsuliyyət müəyyən olunmuşdu. 103-cü maddədə güclü ruhi 

həyəcan vəziyyətində  qəsdən bədənə  ağır xəsarət yetirmə, 104-cü maddədə 

zəruri müdafiə həddini aşmaqla bədənə ağır xəsarət yetirmə, 105-ci maddədə 

qəsdən bədənə az ağır xəsarət yetirmə, 106-cı maddədə qəsdən bədənə yüngül 

xəsarət yetirmə, 107-ci maddədə ehtiyatsızlıq nəticəsində bədənə ağır xəsarət 

yetirmə, 108-ci maddədə döymə və işgəncə vermə üstündə məsuliyyət nəzərdə 

tutulmuşdu. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1962-ci il 7 avqust 

tarixli fərmanı ilə CM-in 103, 104-cü maddələrində, 1982-ci il 22 dekabr 

tarixli fərmanı ilə isə 107-ci maddəsində eyni əməllərin az ağır xəsarətlə 

nəticələnməsi üstündə məsuliyyət müəyyən edildi (3, 4). 

III fəsil «Şəxsiyyət əleyhinə olan cinayətlər» adlandığından burada şəx-

siyyətin azadlığı, ləyaqəti, cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan 

cinayətlər də təsbit olunmuşdu. Lakin bu fəslin yalnız 109-cu maddəsinin (zor-

lama) ikinci hissəsində bir dəstə  şəxs (sonradan «bir qrup şəxs» adlandırıl-




 

55

mışdır) tərəfindən törədilən zorlama əməli tövsifedici əlamət kimi nəzərdə 



tutulmuşdu. Respublikamızda müstəqilliyin bərpasından sonra da, yəni 2000-

ci il 1 sentyabrınadək qüvvədə olan 1960-cı il CM-də dövrün tələblərinə uy-

ğun olaraq hazırda qüvvədə olan CM-də  həyat və sağlamlıq  əleyhinə olan 

cinayətlərin sisteminə daxil olan bir sıra cinayətlər öz əksini tapdı. Məsələn, 

1999-cu il 2 aprel tarixli qanun ilə 1960-cı il CM-də qanunsuz süni mayalan-

ma və embrionu implantasiya etmə (maddə 115-1), qanunsuz tibbi sterilizasiya 

(maddə 115-2), tibbi göstərişlər olmadan transplantasiya məqsədi ilə insan 

toxumalarının və orqanlarının götürülməsi (maddə 115-3), insanın orqan və 

toxumlarının alqı-satqısında iştirak etmə (maddə 115-4), qanunsuz biotibbi 

tədqiqatların aparılması (maddə 115-5), qanunsuz yeni diaqnostika və müalicə 

üsullarının, dərman vasitələrinin tətbiqi (maddə 115-6) əməllərinə görə məsu-

liyyət nəzərdə tutuldu (2). 

Göründüyü kimi 1960-cı il CM-in ümumi hissəsində  iştirakçılığın for-

maları müəyyən edilməməklə yanaşı, Xüsusi hissəsində  şəxsiyyət  əleyhinə 

olan cinayətlərdə yalnız zorlama əməlinə görə məsuliyyət nəzərdə tutan 109-

cu maddənin 3-cü hissəsində bir qrup şəxs tərəfindən törədilən zorlama əməli 

məsuliyyəti ağırlaşdıran hal qismində  təsbit olunmuşdur. Halbuki xüsusi his-

sənin digər fəsillərində az sayda olsa da, iştirakçılığın formalarından məsuliy-

yətin diferensiasiyası vasitəsi qismində istifadə olunmuşdur. Məsələn, «qabaq-

cadan əlbir olan bir dəstə şəxs» (83 mad. 2 his.; 84 mad. 2 his.; 85 mad. 2 his.; 

86 mad. 2 his. və s.); «bandalar təşkil etmə» (mad. 70); «cinayətkar dəstələr 

təşkil etmə» (70-1); «silahlı birləşmələr və ya qruplar yaratma» (mad. 70-2); 

«…təşkil olunmuş bir dəstə şəxs» (mad. 71) və sairə. Beləliklə, 1927-ci il CM-

də olduğu kimi 1960-cı il CM-də  də  həyat və sağlamlıq  əleyhinə olan cina-

yətlərdə  iştirakçılığa görə  məsuliyyətin diferensiasiyası aparılmamış, bu növ 

cinayətlərə görə  məsuliyyət nəzərdə tutan maddələrin heç birində eyni əməl-

lərin iştirakçılıq qaydasında törədilməsi nə məsuliyyəti ağırlaşdıran hal, nə də 

dispozitiv əlamət kimi müəyyən olunmamışdır. 

  

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı: Hüquq ədəbiyyatı, 1999,280 s. 

2.

 



Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 286. 

3.

 



Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1962-ci il, № 22, maddə 115. 

4.

 



Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1982-ci il, № 24, maddə 292. 

5.

 



Azərbaycan SSR Cinayət Məcəlləsi (Təfsir). Bakı: Azərnəşr, 1948, 538 s. 

6.

 



Qasımov A.E. Dəstə tərəfindən törədilən ictimai təhlükəli əməllərlə cinayət-hüquqi mü-

barizə. Bakı: Hüquq ədəbiyyatı, 2002, 160 s. 

7.

 

Məmmədov İ.P. Şəxsiyyət əleyhinə cinayətlərlə mübarizəyə dair Azərbaycan SSR cinayət 



qanunvericiliyinin inkişafı oçerki. «SSRİ-də şəxsiyyətin hüquqi müdafiəsi (Elmi əsərlərin 

tematik məcmuəsi)». Bakı: ADU, 1985, 95 s. 

8.

 

Кузнецова Н.Ф. Вопросы истории советского уголовного законодательства (Общая 



часть). Вест. Моск. Ун-та. Сер. 11, Право. 1991. № 4. с. 24-32. 

9.

 



Курс уголовного права. Общая часть: Учебник для вузов. Том 1: Учение о преступ-

лении.  Под  ред.  д.ю.н.,  проф.  Н.Ф.Кузнецовой  и  к.ю.н.,  доц.  И.М.Тяжковой.  М.: 

ИКД «Зерцало-М», 2002, 624 с. 



 

56

10.



 

Курс  уголовного  права.  Особенная  часть:  Учебник  для  вузов.  Том 3. Под  ред. 

д.ю.н., проф. Г.Н.Борзенкова и к.ю.н., проф. В.С.Комиссарова. М.: ИКД «Зерцало-

М», 2002, 470 с. 

11.

 

Пионтковский А.А., Меньшагин В.Д. Курс советского уголовного права. Особенная 



часть. Т.1. М.: Госюриздат, 1955, 800 с.  

12.


 

Уголовное право. История юридической науки. Отв. ред. В.Н.Кудрявцев. М.: Наука, 

1978, 310 с.  

 

ВОПРОСЫ РЕГУЛИРОВАНИЯ ОТВЕТСТВЕННОСТИ ЗА ПРЕСТУПЛЕНИЯ, 



СОВЕРШЕННЫЕ ПРОТИВ ЖИЗНИ И ЗДОРОВЬЯ В СОУЧАСТИИ  

В УГОЛОВНЫХ КОДЕКСАХ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ  

1927 И 1960 ГОДОВ: СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ 

 

Н.К.АЛИЕВ 

 

РЕЗЮМЕ 

 

 Изучение истории развития уголовного законодательства имеет значение как для 

исследования путей формирования законодательных норм в борьбе с отдельными вида-

ми  преступлений,  так  и  для  определения  тенденций  в  развитии  и  совершенствовании 

действующего  уголовного  закона.  В  статье  рассматриваются  вопросы  регулирования 

ответственности за преступления, совершенные против жизни и здоровья в соучастии в 

Уголовных  Кодексах  Азербайджанской  Республики,  принятых  в 1927 и 1960 годах.  В 

статье  указывается,  что  в  обоих  Кодексах (1927 и 1960 года)  не  предусматривалась 

дифференциация ответственности за соучастие в преступлениях против жизни и здоро-

вья, в соответствующих статьях соучастие не оценивалось как отягчающее обстоятель-

ство или диспозитивное свойство. 

  

Ключевые  слова:  уголовное  законодательство,  уголовно-правовые  отношения, 

человеческая  жизнь,  здоровье,  метод  исторического  исследования,  соучастие,  диффе-

ренциация ответственности. 

 

 

 

 

QUESTIONS OF REGULATION OF THE RESPONSIBILITY FOR CRIMES 

COMMITTED BY ACCOMPLICE AGAINST LIFE AND HEALTH IN CRIMINAL 

CODES OF THE AZERBAIJAN REPUBLIC 

IN 1927 AND 1960: THE COMPARATIVE ANALYSIS 

 

N.K.ALIYEV 

 

SUMMARY 

          

The article deals with the questions of regulating responsibility for accomplice crimes 

commited against life and health in the criminal codes of 1927 and 1960 adopted in 

Azerbaijan during the Soviet power. 

      

Key words: the criminal legislation, criminal legal relations, human life, health, a 

method of historical research, accomplice, differantation of the responsibility. 



Yüklə 125,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə