Microsoft Word Tariximizin qanla yaz?lm?s s?hif?l?ri ardi docx



Yüklə 39 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü39 Kb.
#50389
növüYazı


 

Tariximizin qanla yazılmış səhifələri 

  

Birinci dünya müharibəsinin  əvvəlindən bəri bütün Cənubi Qafqaz hüdudlarında 



müsəlmanların özlərinə  və  əmlakına qarşı törədilmiş zorakılıqları  təhqiq etmək məqsədilə 

Azərbaycan hökumətinin 1918-ci il 15 iyul tarixli qərarı ilə Fövqəladə  İstintaq Komissiyası 

(FİK) təşkil olunmuşdu.  

Ələkbər bəy Xasməmmədov onun sədri, Gəncə dairə  məhkəməsinin üzvləri  İsmayıl bəy 

Şahmalıyev və Andrey Fomiç Novatski, Gəncə mahal məhkəməsi prokurorunun müavini 

Nəsrəddin bəy Səfikürdski, Gəncə məskunlaşma idarəsinin üzvü Nikolay Mixayloviç Mixaylov, 

barışdırıcı hakimlər qurultayının keçmiş sədri, həqiqi mülki müşavir V.Qudvil və müəllim Mirzə 

Cavad Axundzadə komissiyanın üzvləri təyin edilmişdilər (Azərbaycan Respublikasının Dövlət 

Arxivi, fond 1001, siyahı 1s, iş 103, vərəq 2). 

Komissiyaya cinayət məhkəmə icraatı nizamnaməsinə uyğun olaraq məhkəmə-istintaq 

hakimiyyətinə məxsus səlahiyyət və hüquqlar verilmişdi.  

Ələkbər bəy Xasməmmədov mülkədar idi, Yelizavetpol mahal məhkəməsində andlı 

müvəkkil, AXC dövründə Gəncə şəhərinin başçısı olmuşdu, türk sosial-federalist inqilabçılarının 

"Qeyrət" partiyasını yaradanlardan (1905-ci il) biri Xəlil bəy Xasməmmədovun qardaşı idi.  

Azərbaycanın müxtəlif regionlarında öz həyatını  və sağlamlığını risk altında qoyaraq 

çalışan FİK üzvlərinin gərgin və vicdanlı əməyi sayəsində müxtəlif erməni silahlı təşkilatlarının 

azərbaycanlıları  məhv etmək üçün məqsədyönlü  şəkildə  həyata keçirdikləri zorakılıqlara dair 

qiymətli materiallar toplanıb rəsmiləşdirildi. Bu materialların əhəmiyyəti və dəyəri bundadır ki, 

onlar ciddi peşəkar iş nəticəsində hazırlanmış rəsmi sənədlərdir.  

1918-ci il noyabrın 22-də FİK-in sədri Ələkbər bəy Xasməmmədov respublikanın ədliyyə 

naziri F.X.Xoyskiyə "Bakı  şəhərinin müsəlman  əhalisinə qarşı törədilmiş zorakılıqlara dair" 

məruzə təqdim etmişdi. Ə.Xasməmmədov öz məruzəsində qeyd etmişdi ki, yaxşı silahlanmış və 

hərbi təlim keçmiş ermənilər şəhərin müsəlmanların sıx yaşadığı məhəllələrində kütləvi qırğınlar 

törətmişlər: "Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini öldürür, qılınc və 

xəncərlə onları  kəsib-doğrayır, süngüyə keçirir, evlərə od vurub yandırır, uşaqları oda atıb 

yandırır, üç-dörd günlük uşaqları havaya tullayıb süngüyə keçirirdilər. Evdə qalan, demək olar, 

bütün südəmər uşaqları öldürür, onların valideynlərinin dalınca qaçıb küçədə  qətlə yetirirdilər. 

Şəhərin elə bir məhəlləsi yoxdur ki, orada ermənilər müsəlmanları  qırmasınlar, çox az sayda 

adam öz həyatını xilas edə bilmişdirE Ermənilər müsəlmanları öldürməklə yanaşı, onların 

əmlakını məhv edir, ən dəyərlilərini özləri ilə aparırdılar. Müsəlmanları öldürüb izi itirmək üçün 

basdırırdılar. Təkcə bir yerdə torpağın altından qulağı, burnu kəsilmiş, qarınları  cırılmış 57 

müsəlman meyiti tapılmışdıE" (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, fond 277, 

siyahı 2, iş 16, vərəq 16). 

Komissiya üzvləri öz hesabatlarında  şahidlərin və  zərərçəkmişlərin ifadələri  əsasında 

müəyyənləşdirmişdilər ki, Bakının müsəlman  əhalisinə qarşı törədilmiş cinayətlərin başlıca 

qızışdırıcısı və iştirakçısı qismində S.Lalayevin istisnasız olaraq ermənilərdən ibarət dəstəsi çıxış 

etmişdir. 

Bakıda baş vermiş faciəli hadisələrin istintaqını bilavasitə aparmış komissiya üzvlərindən 

biri A.Y.Kluqe öz protokollarında göstərirdi ki, "Bakı hadisələri zamanı 11.000-dək müsəlman 

qətlə yetirilmişdir" (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, fond 277, siyahı 2, iş 27, 

vərəq 18). 

Bakıda törədilmiş  vəhşiliklərdən sonra heç bir müqavimətə rast gəlməyən və bu 

uğurlarından ruhlanan ermənilər öz çirkin niyyətlərini və  vəhşi planlarını Azərbaycanın 

qəzalarında daha arxayınlıq və  həyasızlıqla həyata keçirməyə başlamışdılar. Erməni 

millətçilərinin qanlı cinayətləri sırasında Şamaxı hadisələri xüsusi yer tutur. S.Şaumyanın əmri 

ilə guya sovet hakimiyyətinin rəsmiləşdirilməsi üçün oraya göndərilmiş  və  əksəriyyəti 

ermənilərdən ibarət olan silahlı quldur dəstələri  Şamaxını bütünlüklə talan və darmadağın 

etmişdilər.  




 

Bu hadisələri təhqiq etmiş  Gəncə dairə  məhkəməsinin, həmçinin Fövqəladə  İstintaq 



Komissiyasının üzvü A.F.Novatski öz hesabatlarında təəccüblə yazırdı: "...Ermənilər 1918-ci ilin 

18 (31) martında səhər erkən  Şamaxı  şəhərinə hücum çəkmişlər.  Şamaxı  cənubdan ermənilər, 

şimal-şərq tərəfdən malakanlar tərəfindən mühasirəyə alınmışdır. Bu dəstələr  Şamaxının 

müsəlmanlar yaşayan aşağı hissəsini bombardman etmişlər. Bu zaman şəhərin yuxarı hissəsində 

yaşayan ermənilər odlu silahlardan müsəlmanları atəşə tutmuşlar.  Şəhərə girməyə nail olmuş 

erməni və malakanlar müsəlmanları  məhv etməyə başlamışlar. Onlar irəlilədikcə evləri 

yandırmış, qarət etmiş, dinc əhalini qırmışlar" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 

1061, siyahı 1s, iş 99, vərəq 6). 

A.Novatskinin məlumatına əsasən, yanğın şəhərin bütün müsəlman hissəsinə yayılmış və 

ertəsi gün bunun yerində yalnız xarabazarlıq qalmışdır. Kişi, qadın, uşaq olmasına baxmayaraq, 

sakinlər küçələrdə gülləbaran edilmiş, onlara olmazın əzab-əziyyətlər və işgəncələr verilmişdir: 

"Küçələr zorlanmış, döşləri kəsilmiş, qarınları yarılmış, təhqirlərə məruz qalmış qadın cəsədləri 

ilə dolu idi, hətta nizələrlə torpağa saplanmış  uşaq meyitlərinə  də rast gəlmək olurdu" 

(Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 106, vərəq 6). 

FİK üzvünün hesabatında belə bir fikir əsas götürülür ki, ermənilər insanları yalnız onların 

müsəlman olduqlarına görə qırmışlar. Onlar müsəlmanların dini hisslərinə toxunmuş, məscidləri, 

müqəddəs yerləri təhqir etmişlər. "Küçələr, həyətlər, məscidlər insan cəsədləri ilə dolu idi. Bütün 

əmlak qarət edilərək erməni və malakan kəndlərinə aparılmışdı. Bütün məscidlər, o cümlədən 13 

məhəllə  məscidi və "Cümə  məscidi", buradakı müqəddəs ziyarətgahlar yandırılmışdı" 

(Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 108, vərəq 6). 

Ermənilər tərəfindən törədilmiş, kütləvi və məqsədyönlü xarakter daşıyan çirkin əməllərə 

Şamaxı  qəzasının bütün kəndlərində  də yol verilmişdi. A.Novatskinin əldə etdiyi məlumatlara 

əsasən, Navahı  kəndində "ermənilər kəndə soxularaq əhalini vəhşicəsinə döymüş, qaçanları 

güllələmiş,  əllərinə keçənləri süngüdən keçirmiş, xəncərlə doğramış, uşaqları valideynlərinin 

gözləri qarşısında süngülərə taxmış, qadınları zorlamış, döşlərini kəsmiş və nəticədə 555 kişini, 

260 qadını, 140 uşağı  məhv etmişlər" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, 

siyahı 1s, iş 110, vərəq 14). 

Tarixi mənbələrdən gətirilmiş misallardan da göründüyü kimi, Şamaxıda və  qəzanın 

müsəlman kəndlərində müsəlmanlara kütləvi  şəkildə divan tutulması, S.Şaumyanın 

həyasızcasına bildirdiyi kimi sovet hakimiyyətinin qurulması məqsədi deyil, millətçilik və dini 

qisasçılıq məqsədi daşıyırdı.  

Şamaxı hadisələrinə dair ədliyyə nazirinin adına hazırladığı  məruzəsində komissiyanın 

sədri Ə.Xasməmmədov yazırdı: "Stepan Lalayevin Samson Əmirov və Saatsazbekovla birlikdə 

erməni əsgərlərindən təşkil olunmuş böyük bir silahlı dəstənin başında Şamaxıya gəlişindən az 

sonra şəhərin bütün müsəlman hissəsi məhv edildi. Lalayevin əmri ilə əsgərlər gənc müsəlman 

qızlarını tutur, onları  Şamaxıdakı evlərinə aparır, soyundurur, güclə içirir, zurnada çalınan 

musiqi altında rəqs etməyə  məcbur edir, zorlayır, sonra isə  bəzilərini yerindəcə öldürür, 

bəzilərini isə hündür eyvanlardan küçəyə atırdılar" (Azərbaycan Respublikasının Dövlət Arxivi, 

fond 1061, siyahı 1s, iş 99, vərəq 6).  

Müsəlman  əhalisinə  Şamaxıda ermənilər tərəfindən divan tutulması 1918-ci ilin 

sentyabrına qədər davam etmişdi. Yalnız türk qoşun hissələrinin köməyə  gəlməsi erməniləri 

insanlığa zidd olan bu vəhşi əməllərdən əl çəkməyə məcbur etmişdi.  

O günlərdə "Azərbaycan" qəzeti yazırdı: "S.Lalayevin Şamaxı müsəlmanlarına tutduğu 

divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur" ("Azərbaycan" 

qəzeti, 21 (8) oktyabr, 1918, ¹ 19, vərəq 2). Ermənilərin vəhşilikləri o qədər dəhşətli idi ki, 

bunları xalqdan gizli saxlamaq mümkün deyildi. Şamaxı  dəhşətləri bütün ölkədə  əks-səda 

vermişdi. Bolşeviklər də öz mətbu orqanlarında  Şamaxı faciəsinə dair hesabat dərc etməyə 

məcbur olmuşdular, lakin burada Lalayevin törətdiyi vəhşiliyə yalnız bir ifadə ilə toxunulurdu: 

"... və dinc əhaliyə münasibətdə  ədalətsizliyə yol verilmişdir" (Azərbaycan SSR EA-nın 

xəbərləri, ¹ 2, 1989, səh. 123). İctimai rəyi sakitləşdirmək məqsədilə bolşeviklər Kojemyakonun 

başçılığı altında Fövqəladə  Hərbi-İstintaq Komissiyası yaratmışdılar. Komissiyanın fəaliyyəti 



 

nəticəsində S.Lalayevə qarşı dinc əhalinin məhv edilməsi və şəhərin yandırılması ittihamı irəli 



sürülmüşdü. Bu cinayətkarı həbs etmək lazım gəlirdi. Kojemyako S.Lalayevi komissiyaya dəvət 

edib onun həbs edildiyini bildirəndə Lalayev ona əhəmiyyət vermədən  Şaumyana zəng 

vurmuşdu.  Şaumyan isə Kojemyakonu aparata çağıraraq bunları bildirmişdi: "Bu nə 

şıltaqlıqdır?! Lalayevi həbs etmək düzgün deyil". Beləliklə, "demokratiyanın ideya rəhbəri" 

bütün bu qətl və soyqırımının əsas günahkarı olan cinayətkarı himayə etmiş, Lalayev isə heç nə 

olmayıbmış kimi "Daşnaksütyun" bürosu tərəfindən ona ayrılmış cangüdənlərinin  əhatəsində 

Velikoknyajevsk küçəsi ilə  sərbəst gəzməyə başlamışdı. 3-4 gündən sonra isə  qəzetlərdə 

Fövqəladə  Hərbi-İstintaq Komissiyasının buraxılması haqqında xəbər dərc olunmuşdu 

(Azərbaycan tarixi sənədlər və mətbuat materiallarında. Bakı, 1990, səh. 278-279). 

Başda S.Şaumyan olmaqla qaniçən niyyətlərindən  əl çəkməyən ermənilər sovet 

hakimiyyətinin qurulması bayrağı altında öz səlib yürüşlərini Quba qəzasında davam 

etdirmişdilər. 1918-ci il mayın 1-də daşnak Amazaspın rəhbərlik etdiyi ermənilərdən təşkil 

olunmuş quldur dəstəsi Quba şəhərini mühasirəyə alaraq toplardan, pulemyotlardan və başqa 

silahlardan atəşə tutmuşdular. Az sonra şəhərə daxil olan ermənilər qarşılarına keçən hər kəsi, 

kişiyə-qadına, qocaya-uşağa baxmadan amansızcasına qırmış, evlərə soxularaq yerlə yeksan 

etmiş, bütöv ailələri - hətta südəmər uşaqları belə güllədən keçirmişdilər.  

Bolşeviklərin nümayəndəsi, Quba qəzasının komissarı David Qelovani sonradan verdiyi 

ifadəsində bildirmişdi ki, "Amazaspın dəstəsi Quba şəhərinə  cəza məqsədilə, yalnız komissar 

Şaumyanın arzusu ilə - o biri komissarların xəbəri olmadan göndərilmişdi. Bu dəstəyə əsgərlərin 

seçilməsi o vaxtkı  hərbi komissar Korqanov tərəfindən həyata keçirilmişdi. Dəstə 

"Daşnaksütyun" partiyasına mənsub olan təqribən 2 min nəfər ermənidən ibarət idi, dəstəyə 

rəhbərlik məşhur daşnak Amazaspa, komissarlıq isə Venunu adlı bir erməniyə tapşırılmışdı, buna 

"cəza dəstəsi" adı verilmişdi və onun qarşısında heç bir siyasi məqsəd qoyulmamışdı" 

(Azərbaycan SSR EA-nın xəbərləri, 1989, ¹ 4, səh. 134-135). 

Quba sakinləri qarşısında çıxışlarından birində Amazasp demişdi: "Mən erməni xalqının 

qəhrəmanıyam və onun maraqlarını qoruyuram. Mən bura iki həftə əvvəl öldürülmüş ermənilərin 

qanını almaq üçün cəza dəstəsi ilə göndərilmişəm. Mən qayda-qanun yaratmaq, sovet 

hakimiyyətini qurmaqdan ötrü gəlməmişəm, gəlmişəm ki, sizdən öldürülmüş ermənilərin qisasını 

alım. Mənə əmr edilib ki, Xəzər dənizindən Şahdağa qədər bütün müsəlmanları qırım, evlərinizi 

yerlə yeksan edim" (Balayev A. 1917-1918-ci illər Azərbaycan milli hərəkatı. Bakı, 1998, səh. 

174-175). Amazaspın Qubada keçirdiyi cəza aksiyası  nəticəsində 2000 dinc azərbaycanlı  qətlə 

yetirilmiş, 122 müsəlman kəndi yandırılmışdı. 

Komissiyanın üzvləri N.Mixaylovun və V.Klossovskinin sənədlərində ermənilərin 

Naxçıvan və  Ərəş  qəzalarının müsəlman  əhalisinə qarşı  ağlasığmaz (vəhşi) cinayətlərinə dair 

məlumat vardır. Ağdamdan Qutqaşenə (Qəbələ) gedən yolun üstündə yerləşən Axtala ərazisində 

ermənilər tərəfindən diri-diri dərisi soyulmuş bir neçə müsəlman meyiti tapılmışdı. Bağır 

dərəsində  bədənləri süngü ilə tamamilə deşik-deşik edilmiş 5 müsəlman tapılmışdı. Çomaxlı 

stansiyasının yaxınlığındakı yolun üstündə ermənilər tərəfindən gözləri çıxarılmış 21 arabaçı 

qətlə yetirilmişdi (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, f.277, s.2, i.16, v.6). 

Sənədlərdə qeyd olunur ki, ermənilər Naxçıvan və Ərəş mahallarının müsəlman əhalisinə 

qarşı soyqırımı  həyata keçirərək onların bütün evlərini, tikililərini və  təsərrüfatlarını dağıdaraq 

qarət etmişlər.  

1918-ci ilin iyul ayında erməni başkəsənləri Göyçay qəzasının Kürdəmir kəndinə basqın 

etmişlər. "Bolşeviklər kəndə daxil olmağa başladılar. Ermənilər qabaqda gedirdilər və  kəndə 

birinci soxuldular. Onlar müsəlmanları, kişiləri, qadınları  və  uşaqları  rəhmsizcəsinə  qırmağa 

başladılar" (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, f.277, s.2, i.16, v.1). 

Ermənilərin ağlasığmaz vəhşilikləri hətta bolşevik rus əsgərlərini dəhşətə saldığından 

onları ermənilərə qarşı  çıxış etməyə  məcbur etmişdi. "Rus bolşevikləri ermənilərin  ən millətçi 

məqsədlərini güdmələrinin əyani şahidi oldular. Bu zorakılıqlara qarşı etiraz etməyə başladılar. 

Buna görə onlarla ermənilər arasında silahlı toqquşma da oldu. Nəhayət, onlar erməniləri burada 




 

qoyub bir çox müsəlmanları özləri ilə Bakıya apararaq xilas etdilər" (Azərbaycan 



Respublikasının SPİH Dövlət Arxivi, f.277, s.2, i.16, v.2). 

Gəncə quberniyasının Zəngəzur mahalında ermənilərin müsəlmanlara qarşı özbaşınalığının 

həddi-hüdudu yox idi. Bu da əsasən erməni-daşnak generalı Andranikin rəhbərlik etdiyi çoxsaylı 

hərbi hissələrin orada yerləşməsi ilə bağlı idi. Bu ərazidə 115 müsəlman kəndi dağıdılmışdı. 

"Erməni dəstələrinin əsgərlərinə paylanmış Bahud kəndinin 15 qızı fiziki və mənəvi iztirablara, 

namuslarının tapdalanmasına tab gətirməyib intihar etmiş, elə  həmin kəndin 400 müsəlmanı 

həyatlarını xilas etmək üçün məsciddə  sığınacaq tapdıqda binanın bütün çıxışları ermənilər 

tərəfindən qapadılaraq məscid yandırılmış, bir doğranmış müsəlman qadınının döşünü kəsib 

onun ölmüş körpəsinin ağzına salmışdılar". Ahud kəndində bir müsəlman kişinin qol-qıçını diri 

ikən baltaladıqdan sonra tüfənglərin süngüləri ilə və qamçılarla onu ölənə qədər getməyə məcbur 

etmişlər (Azərbaycan Respublikasının Dövlət Arxivi, f.970, s.1, i.161, v.8). 

"Beləliklə, ancaq Zəngəzur mahalında 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş

müvafiq olaraq 1061 kişi, 797 qadın və 485 uşaq isə yaralanmışdı. Öldürülmüş və şikəst olmuş 

müsəlmanların ümumi sayı 10.068 nəfərə çatmışdı" (Azərbaycan Respublikasının Dövlət Arxivi, 

f.970, s.1, i.161, v.17). 

Müsəlman  əhaliyə qarşı soyqırımı Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər 

ərazilərində davam etdirilmişdi.  

Qeyd olunan faktlar tam aydınlığı ilə göstərir ki, bu hadisələr sinfi deyil, millətçi 

mübarizənin təzahürü idi. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti də hərəkatını sinfi deyil, milli 

zəmində quraraq öz mübarizəsində əsas zərbəsini dinc azərbaycanlı əhaliyə qarşı yönəltmişdi.  



 

 

Rauf Rzayev 

tarix elmləri namizədi 

(əvvəli qəzetin 31 mart tarixli nömrəsində) 

 

Azərbaycan.-2009.-1 aprel.-S.2. 

 

Yüklə 39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə