2
Bu kitab "Əzizə Cəfərzadə. Aləmdə səsim var mənim"
(Bakı, Gənclik, 1978) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
894.3613-de 21
AZE
Əzizə Cəfərzadə. Aləmdə səsim var mənim. Bakı, "Şərq-Qərb", 2006,
432 səh.
Müasir Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi
tanınmış yazıçı Əzizə Cəfərzadənin ümumi "Şirvan" başlığı ilə məlum olan silsilə
əsərlərinə daxil olan "Aləmdə səsim var mənim" romanı XIX əsrin böyük şairi və
maarifçisi Seyid Əzim Şirvaninin həyatından bəhs edir. Şairin maarifə, məktəb
açmağa meyil göstərməsi Şirvanda baş verən əhvalatlarla bağlı şirvanda qələmə
alınmışdır. Romanda Seyid Əzimin bir maarifçi olaraq formalaşması təsviri olunan
dövrün səciyyəvi hadisələri fonunda göstərilir.
ISBN10 9952-34-014-1
ISBN13 978-9952-34-014-3
4
ÖN SÖZ
İyirminci yüzilin Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri
olan xalq yazıçısı Əzizə Cəfərzadə özünəməxsus bir yaradıcılıq yolu keçmişdir.
Daha çox tarixi roman ustası, etnoqrafik yaddaşımızın mahir salnaməçilərindən biri
kimi tanınan yazıçının ədəbi-bədii irsi özünün zənginliyi, əhatəliliyi və
çoxcəhətliliyi ilə diqqəti çəkməkdədir.
Əzizə Cəfərzadənin yaradıcılıq yolunu şərti olaraq üç mərhələyə bölmək olar.
1937-1970-ci illəri əhatə edən birinci mərhələ ilk yaradıcılıq axtarışları kimi
dəyərləndirilə bilər. Yazıçı bu dövrdə tarixi və müasir mövzularda hekayə
yaradıclığı ilə məşğul olmuş, eyni zamanda gələcək tarixi romanlarının ilkin
zəminini təşkil edən elmi-publisistik fəaliyyətini davam etdirmişdir. 1970-1990-cı
illərlə hüdudlanan ikinci mərhələdə isə yazıçı ədəbi və siyasi şəxsiyyətlərin
həyatından bəhs edən bir sıra mühüm tarixi romanlarını yaratmış, bir nasir kimi
özünü tam təsdiq etmişdir. Nəhayət, 1991-2003-cü illəri əhatə edən sonuncu
mərhələdə yaradıcılığı mahiyyətcə yeni məzmun kəsb etmiş yazıçı diqqəti
Azərbaycan siyasi tarixinin ən aktual problemlərinə yönəldə bilmiş, həmçinin milli
mənəviyyatımızın ağrılı məsələlərini işıqlandırmışdır.
Əzizə Cəfərzadə bədii yaradıcılığa "Əzrayıl" adlı hekayə ilə başlamışdır. 1937-
ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmus bu hekayədə yazıçı dövrün sosial
həyatının canlı bədii mənzərəsini yarada bilmişdir. Məhz bu dövrdən etibarən
hekayələri, povestləri, elmi və publisistik yazıları ilə o, vaxtaşırı olaraq mətbuatda
çıxış etmiş, bir sıra maraq və məzmunlu sənət örnəkləri ortaya çıxarmışdır.
Qeyd edək ki, 1948-ci ildə Azərnəşr ədibin "Hekayələr" adlı ilk kitabını çapdan
buraxmış, lakin kitab satışa çıxarılmadan yandırılmışdı. Ədibin mülahizələrinə
görə, ilk kitabının satışa buraxılmadan yandırılmasına səbəb Mixail Zoşşenko və
Anna Axmatova şəxsiyyəti fonunda yaranan mübahisə, ÜİK(b)P MK-nın "Zvezda"
və "Leninqrad" jurnalları haqqında" (14 avqust 1946) və "Dram teatrının repertuarı
və onu yaxşılaşdırmaq tədbirləri haqqında" (26 avqust 1946) qərarı və həmin
qərarın Azərbaycan ədəbi mühitinə təsiri olmusdur. Onu da deyək ki, ilk kitabının
yandırılmasından sonra Əzizə Cəfərzadənin 1963-cü ilə kimi heç bir kitabı işıq üzü
görməmişdir, ancaq yazıçı bu illər ərzində bir an belə olsun yaradıcılıq
dünyasından ayrılmamışdır. Müəllif uzun illərdən sonra ədəbiyyata qədəm
qoyduğu ilk dövrü belə xatırlayır: "...İlk kitabım 1948-ci ildə oxuculara çatmalıydı.
Kitabın ilkin nüsxəsini alan mərhum tənqidçimiz Cəlal Məmmədov onun haqqında
"Azərbaycan gəncləri" qəzetində (11 iyun 1948) hətta məqalə ilə çıxış etmişdi,
lakin kitab işıq üzü görmədi, yandırıldı, əlimə bircə nüsxəsi belə keçmədi,
5
üzünü də göstərmədilər mənə. Çünki məni o zaman "Axmatovşina"da, adını
bilmədiyim "salon lirikası" tərənnümündə günahlandırmışdılar. Bəlalı il idi.
Jdanovun çıxışından sonra gözəl ədibimiz, görkəmli dramaturqumuz Sabit Rəhman
həmin illərdə "zoşşenkoçuluq"da ittiham edilirdi. İlk kitab müəllifi olaraq kövrək,
1945-ci ildə əlində "xalq düşməni sayılan ərəb əlifbası" ilə türk nasirinin romanı
tutulduğuna görə universitetin birinci kursundan qovulan kimsəsiz qız üçün bundan
ağır, qorxulu nə ola bilərdi? Elə buna görə də birinci kitabını çox sonralar, 1963-cü
ildə "Natəvan haqqında hekayələr" adı ilə çap olundu".
Əzizə Cəfərzadənin yaradıcılığı üçün hekayə janrı səciyyəvidir. O, bu janrda
bütün yaradıcılığı boyu qələm çalmışdır. Ədibin hekayələrinin mühüm bir qismi
kitab kimi nəşr olunmuşdur. "Natəvan haqqında hekayələr" (1963), "Qızımın
hekayələri" (1964), "Sahibsiz ev" (1966), "Əllərini mənə ver" (1969) və digər
kitablarında toplanmış bədii nümunələr bu qəbildəndir. Yazıçı hekayə yaradıcılığı
ilə yanaşı, povest janrında da bir sıra maraqlı sənət nümunələri yaratmışdır.
Əzizə Cəfərzadənin yaradıcılığında tarixi mövzulu əsərlər aparıcı yer tutur. O,
bütün ədəbi fəaliyyəti boyu bu mövzuya sadiq qalmış, nəticədə xalqımızın uzaq və
yaxın tarixinin bir çox səhifələrini bədiiləşdirən əsərlər ortaya çıxarmışdır.
Müəllifın "Aləmdə səsim var mənim" (1972), "Vətənə qayıt" (1977), "Yad et
məni" (1980), "Bakı-1501" (1981), "Cəlaliyyə" (1983), "Ağlar-güləyən Sabir"
(1989) kimi roman və povestləri bu baxımından gözəl sənət nümunələridir.
Azərbaycanın istiqlaliyyət əldə etməsi Əzizə Cəfərzadənin yaradıcılığının daha
da çiçəklənməsinə, mahiyyətcə dəyişməsinə səbəb olmuş, tarixi mövzuda yeni-yeni
əsərlərin yaranmasına təkan vermişdir. "Eldən-elə" (1992), "Gülüstan"dan öncə"
(1996), "Zərrintac - Tahirə" (1996), "Bir səsin faciəsi" (1997), "İşığa doğru"
(1998), "Bəla" (1999), "Rübabə-Sultanım" (2000), "Xəzərin göz yaşları"(2002),
"Eşq sultanı" (2003) romanları buna misal ola bilər. Diqqətəlayiq haldır ki, ədibin
tarixi romanlarında bir tərəfdən dövrün panoramı çəkilmiş, xalqımızın etnoqrafik
yaddaşının aparıcı cizgiləri qabardılmış, digər tərəfdən ədəbi və siyasi
şəxsiyyətlərin canlı, real bədii obrazları yaradılmışdır.
Əzizə Cəfərzadə yaradıcılığının mühüm bir qolu elmi-nəzəri istiqamətlidir.
Onun tərtibatı ilə işıq üzü görən "Fatma xanım Kəminə" (1971), "Könül
çırpıntıları" (1972), iki cilddən ibarət "Azərbaycanın aşıq və şair qadınları" (1974,
1991, 2003), "Şirvanın üç şairi" (1976), Abdulla Padarlının "Seçilmiş şeirləri"
(1979), "Hər budaqdan bir yarpaq" (1983) kitabları ciddi elmi dəyər daşımaqdadır.
Alimin Azərbaycan poeziyasında xalq şeri üslubuna dair monoqrafik araşdırmaları
müasir
milli
ədəbiyyatşunaslıq
və
folklorşünaslığın
əhəmiyyətli
nümunələrindəndir.