Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə1/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
  1   2   3   4   5   6   7   8   9   ...   38


_____________Milli Kitabxana_____________ 

 
 


_____________Milli Kitabxana_____________ 

 
 
 
SEYİD ƏBÜLQASIM NƏBATİ 
 
 
 
 
 
 
SEÇİLMİŞ 
ƏSƏRLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“ŞƏRQ-QƏRB” 
BAKI–2004 
 


_____________Milli Kitabxana_____________ 

 
Bu kitab “Seyid Əbülqasim Nəbati. Əsərləri” (Bakı, Elm, 1968) və 
“Seyid Əbülqasim Nəbati. Seçilmiş əsərləri” (Bakı, Yazıçı, 1985) 
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
Tərtib edəni:  
 
 
Əbülfəzl Hüseyni 
 
Ön sözün müəllifi:    
 
Zaman Əsgərli 
 
 
 
 
894.3611 - dc 21 
AZE 
Nəbati Seyid Əbülqasim. Seçilmiş əsərləri. “Şərq-Qərb”, Bakı, 2004, 
216 səh. 
 
XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Seyid Əbülqasim Nəbati 
zəngin ədəbi-bədii irs qoyub getmişdir. Əsərlərini həm klassik poeziya üslubunda, həm də 
aşıq  şeri tərzində yazmış  Nəbati milli ədəbiyyatımız tarixinə sufi-panteist fikirləri ictimai 
həyatla, maddi aləmlə  əlaqələndirən, klassik üslubu şifahi xalq ədəbiyyatı ilə birləşdirən 
görkəmli sənətkar kimi daxil olmuşdur. Onun poetik irsi həm ideya məzmun, estetik mətləb, 
həm də forma-sənətkarlıq keyfiyyətləri baxımından seçilir. 
Şairin bu kitabı klassik və xalq şeri  şəkillərində yaratdığı  həmin gözəl nümunələrdən 
tərtib edilmişdir. Musiqililik, sadəlik, səmimi hisslər və dilin zənginliklərindən məharətlə 
istifadə bacarığı Nəbati şeirlərinin səciyyəvi xüsusiyyətidir. 
 
 
 
ISBN 9952-418-02-4 
© “ŞƏRQ-QƏRB”, 2004 


_____________Milli Kitabxana_____________ 

 
 


_____________Milli Kitabxana_____________ 

 
  
ÖN SÖZ
 
 
Türkdilli Azərbaycan  şerində  Nəsimi ilə başlanan ictimai-fəlsəfi, sufipanteist lirikanı 
XIX əsrdə yeni ideya-məzmun və bədii sənətkarlıq keyfiyyətləri ilə zənginlənşdirən, klassik 
poeziyadakı ruhani, fəlsəfi-estetik axtarışları yeni dövr ədəbiyyatında uğurla davam etdirib 
ən uca zirvəyə yüksəldən, onu yekunlaşdıran sənətkar Seyid Əbülqasim Nəbatidir. Milli 
ədəbi tərəqqi tarixində o, Şəms Təbrizi, Cəlaləddin Rumi, Əhməd Yəsəvi, Yunus Əmrə, 
həmçinin Nəsimi, Xətayi, Füzuli kimi dahilərin adları ilə  təmsil olunan mənəvi-əxlaqi 
dəyərlərin varisi, XIX əsrdə son nümayəndəsidir. Klassik yazılı və şifahi şeir ənənələrinin 
vəhdəti, təriqət lirikası ilə folklor – xalq poeziyasının möhkəm sintezi onun yaradıcılığı üçün 
səciyyəvi olan başlıca əlamətdir. 
Seyid Əbülqasim Nəbati 1812-ci ildə Qaracadağ mahalının Üştibin qəsəbəsində ruhani 
ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri  Ərəbistanda,  İranda və 
Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. 
Atası Seyid Mir Yəhya Möhtərəm Üştibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif 
islami əqidələri yayırdı. Şair qoşmalarının birində öz əsilnəcəbi haqqında məlumat verərək 
yazır: 
 
Meydani-eşq içrə səyirtdim atı, 
Müsəxxər eylədim Rumu, Heratı, 
Möhtərəm oğluyam, adım Nəbati, 
Zatımız Haşimi, əslimiz ərəb. 
 
Mənşə e’tibarilə ərəblərə gedib çıxan bu tayfaların içərisində farslar və türklər də var idi. 
Türklər həm də xançobanlılar adı ilə tanınırdılar. Elə buna görə Nəbati “Gözlərim” rədifli 
şerində özünə dair məlumatı dəqiqləşdirib yazırdı: 
 
Bəççeyi-türkəm, dilim türki, kəlamım həcv-məcv 
Xançobani can alan cancanı gözlər gözlərim. 
 
Nəbatinin uşaqlığı Üştibində və Qaracadağda keçmişdir. O, ilk təhsilini atasından almış, 
klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını  və  Şərq təsəvvüf ideyalarını  dərindən 
öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın 
çox yerlərini piyada gəzib- 
dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən bilinir ki, o, Qaracadağdan başqa Qarabağda 
– Əsgəranda, Qırçında, Ağdamda, Hindarxda və Muğanda, – Salyanda, Lənkəranda, habelə 
Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. 
Seyid  Əbülqasim bir müddət dərvişlik edib, müridlər arasında nüfuz və hörmət 
qazanandan sonra Üştibində mürşid olmuş, kəramət sahibi kimi tanınmışdır. 
Gənclik illərində o, Əhərə gedib, dövrünün görkəmli, böyük təriqətçisi olmuş  Şeyx 
Mahmud  Şihabəddinin məqbərə  və ziyarətgahında guşənişinlik etmiş, riyazətlə  məşğul 
olmuşdur. Nəbatilik təriqətinin başçılarından olan şair dünya işlərindən kənarda qalıb, sufi 


_____________Milli Kitabxana_____________ 

 
həyat keçirmiş, hücrədə  tənha yaşamaqla haqqa, həqiqət aləminə yetişib gizli sirlərdən 
xəbərdar olmaq istəmişdir. 
Şair şeirlərinin birində guşənişinliyi tərifləyərək yazmışdır: 
 
Guşeyi-vəhdət nə əcəb ca imiş, 
Sirri-nihan onda hüveyda imiş. 
Aşiqi-divanələrin mənzili – 
Rütbəyə bax, ərşi-müəlla imiş. 
Qafil idim bu dili-viranədə
Dil demə, oğlan, bu ki dərya imiş. 
 
Müasirlərinin dediyinə görə  Nəbati çox səxavətli, mərd və  nəcib bir insane olmuşdur. 
Ibadətdən ayrılıb camaat arasına çıxan zaman onun simasında xüsusi bir gözəllik, işıq, nur 
görünərmiş; özgə bir hala düşərmiş və bəzən şövqə gəlib eşqə, mey və məhəbbətə dair şeir 
oxuyarmış. Aydın və  şirin danışdığı üçün dinləyənləri valeh edərmiş. Müasirlərinin çoxu 
onunla həmsöhbət olmağı özlərinə şərəf bilərmiş. 
Nəbati orta əsrlərin böyük mütəfəkkiri Nemətullah Vəlinin  şiə  təriqətinin 
davamçılarından olmuş, əsərlərində onun sufi-təriqət ideyalarını təbliğ etmişdir. Nemətullahi 
təriqətinə görə Allaha çatmaq istəyən özünü (maddi aləmi) unutmalı, fənaya uğramalı, bu 
yolla haqqa qovuşmalıdır. Yalnız daxilən təmizlənib saflaşan insan “Ənəlhəqq” deyib özünü 
haqqa çatmış hesab edə bilər. Nəbati də bu yolu davam etdirmək, insanın mənəvi 
kamilləşmə yolu ilə Allah səviyyəsinə yüksələ biləcəyinə inanmışdır. O da böyük 
Azərbaycan  şairi  İmadəddin Nəsimi kimi “Ənəlhəqq” deyə Allahı insanın özündə 
görmüşdür. Nəbati şeirlərinin birində deyir: “Bütün yaradılmış bizdən başqa bir şey deyildir. 
Yerdə, göydə, dəniz və mədənlərdə bizdən başqa heç bir şey yoxdur”. 
Lakin Nəbati dünyagörüşü, həyata baxışları etibarilə ziddiyyətli şəxsiyyət olmuşdur. O, 
bir tərəfdən dini ehkamları, xurafatı pisləyir, xalqı ibadə- 
tə, mövhumata səsləyən zahidi “kor gözlü uzunqulaq” adlandırır. “Mümkün olduqca eyşi 
işrət qıl, fürsəti salma ruzi-miadə” – deyə müasirlərini həyatdan zövq almağa, şən, deyə-gülə 
yaşamağa çağırır, ikinci tərəfdən isə xalis dindar kimi çıxış edir. Özü də bir dinə qail olmur: 
gah islamı, gah atəşpərəstliyi təqdir edir, gah da islamı atıb xristian olduğunu, xaça sitayiş 
etdiyini söyləyir. Hətta bəzən özünü qatı kafir adlandırır: “Əgər bu ruzigar əhli məndən 
xəbərdar olsalar, yəqinimdir ki, Sənanın küfrünə min yol şükr edərlər”.  Şair farsca 
şeirlərinin birində özünün daxili ziddiyyətlərini, bir-birini kəsən yollar ayrıcında mütərəddid 
qaldığını, mövcud həyatı, varlığı axıra qədər dərk edə bilmədiyini etiraf edib yazır: 
 
Gah ağıllı, gah divanə oldum, 
Gah abad, gah viranə oldum
Gah xərabat içində sufi, 
Gah da meyxanə süpürgəçisi oldum... 
 
Gah abid oldum, gah brəhmən. 
Gah məscid, gah bütxanə oldum, 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə