“Milli Məclis”.-2010.-№1-2.-S.60-65.
RƏNGLƏRİN QURULTAYI
... Fəqət bizim bayrağımız ucalan pək seviyor
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.
Kölgesində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayır.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayır.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə boylə sevilmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU
Cəfər Cabbarlı
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev hər il noyabrın 9-nun Azərbaycan Respublikasının
Dövlət Bayrağı Günü kimi qeyd edilməsi ilə bağlı sərəncam verdi. Dekabrın 4-də isə Milli Məclis Prezidentin
imzası ilə daxil olmuş qanun layihəsini dəstəkləyərək Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün
bayram kimi qeyd edilməsini qəbul etdi. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət bayrağı
meydanında isə artıq tamamlama işləri aparılır. Bütün bunlar Azərbaycan Respublikasının dövlət
rəmzlərinə, o cümlədən onun Milli bayrağına hörmət və ehtiramın təmin edilməsinə, eyni zamanda, onun
təbliği işinin gücləndirilməsinə xidmət edir. Azərbaycanın Dövlət bayrağına hörmət və ehtiramın aşılanması
ilk növbədə onun tarixinin və mahiyyətinin öyrənilməsindən baş lanır.
MİLLİ
İSTİQLALIMIZIN RƏMZİ
ADR hökumətinin 1918-ci il iyunun 21-də Gəncədə fəaliyyət göstərərkən qəbul etdiyi ilk bayraq üzə-rində
ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı rəngli bayraq idi. Bayrağın qırmızı rəngi Qərb
demokratiyasına, Avropa hürriyyətinə etimad əlamətini bildirirdi. O zaman bəziləri bu bayrağın Osmanlı
İmperatorluğunun 1793-1844-cü illərdəki üzərində ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli
bayrağına bənzəməsini əsas gətirərək Azərbaycanın Osmanlının bir parçası olmasını iddia edirdilər. O cümlədən
Mudros müqaviləsinə (30 oktyabr 1918-ci il) görə Azərbaycan ərazisi üzərində səlahiyyət mandatı almış müttəfiq
dövlətlərin qoşunlarının komandanı general V.Tomson elə ilk bəyanatlarında Azərbaycan hökumətini Türkiyənin
intriqasından yaranmış bir qurum kimi qiymətləndirirdi. Bu bəhanələrin qarşısını almaq və milli hökumətin
tanınmasına nail olmaq məqsədilə Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da mavi, qırmızı,
yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan yeni üçrəngli milli bayrağını
təsdiq etdi. Elə həmin gün üçrəngli cümhuriyyət bayrağı Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının
yerləşdiyi binanın üzərində (indiki ARDNŞ-in binası) dalğalanmağa başladı.
Milli bayrağımız 1918-ci il dekabrın 7-də Cümhuriyyət Parlamentinin açılışı zamanı Məclisi-Məbusanın
binası (indiki Əlyazmalar İnstitutunun binası) üzərinə qaldırıldı. Sovet Rusiyasının XI qırmızı ordusu aprelin 27-də
Azərbaycanı işğal edəndən bir həftə sonra - 1920-ci il mayın 3-də üçrəngli milli bayrağımız Azərbaycan
Parlamentinin binası üzərindən endirildi.
Üçrəngli bayraq sovet dönəmində də Azərbaycanda dalğalandırılır. Məsələn, 1956-cı ildə üçrəngli bayraq
yaşadığı quruluşa nifrətini açıq şəkildə bildirən Cahid Hilaloğlu tərəfindən Qız qalasının üzərinə qaldırılır. Bu
hərəkətinə görə Cahid Hilaloğlu 4 il azadlıqdan məhrum edilir, ona bu işdə yardım edən Çingiz Abdullayev isə ruhi
xəstəliklər dispanserinə salınır.
1952-ci il mayın 28-də isə mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika günün-də
M. Ə. Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb onu Azərbaycana aparmaq üçün kimə etibar etməli olduğunu
soruşur. Zaldakılardan Gülmirzə Bağırov bu əmanəti götürür və 70-ci illərdə həyat yoldaşının bədəninə sarıyıb
Vətənə gətirir. 1990-cı ilin 20 Yanvarında bu bayraq onun Maştağadakı evinin damından asılır.
MİLLİ
DİRÇƏLİŞİMİZİN RƏMZİ
Milli-azadlıq hərəkatı başladıqda ziyalıların təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı
qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılır. Rəsmi olaraq isə bu
bayraq Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı
əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali
Soveti tərəfindən ləğv edilsə də, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisində Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Naxçıvan
Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunur və Azərbaycan Respublikası Ali Soveti qarşısında
üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi tanınması haqqında vəsatət qaldırılır. 1991-ci il fevralın
5-də Azərbaycan Respublikasının Ali Soveti həmin vəsatəti təmin edərək "Azərbaycan Respublikasının Dövlət
bayrağı haqqında" Qanun qəbul edir. Beləliklə, üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət
bayrağı kimi təsdiq edilir və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başlayır.
DÖVLƏTİN
VƏ MİLLƏTİN RƏMZİ
Dövlətin və millətin rəmzi olan bayraq xalqın birlik və bərabərliyini təmsil etməklə yanaşı, özündə
müqəddəs mənaları və milli dəyərləri əks etdirir. Heç bir bayrağın, o cümlədə Azərbaycanın Dövlət bayrağının
forması və rəngi təsadüfən meydana gəlməmişdir.
Dövlət bayrağımızın üzərindəki hər bir simvolun özünəməxsus tarixi-siyasi, mədəni amillərlə bağlı olan
məna və funksiyası vardır. Bu baxımdan Azərbaycanın üçrəngli milli bayrağının - trikolorundakı rəng palitrasının,
üzərindəki ağ rəngli aypara və səkkizguşəli ulduz təsvirinin məna və funksiyasının şərhində, açıqlanmasında
tarixi-siyasi, mədəni-ideoloji faktorların nəzərə alınması çox vacibdir. Çünki Azərbaycan trikolorunun hələ 1918-ci
ildə qəbul edilməsini, həmin bayrağın qəbulunu şərtləndirən tarixi-siyasi və mədəni amilləri, xüsusən bayraqda əks
olunan milli-ideoloji prinsiplərin formalaşması və reallaşması prosesinə aparan milli-azadlıq, milli-müstəqillik
tarixini nəzərə almadan, onu tarixilik baxımından təhlil etmədən milli bayrağımızdakı rənglərin, eləcə də digər
simvolların məna və funksiyalarını gərəyincə açmaq, onları yetərincə düzgün dəyərləndirmək mümkün deyil.
Lakin bayrağımızdakı rənglər düzümünün və digər simvolların məna açımında çoxsaylı yanlışlıqlara, hətta
uydurmalara, fərziyyələrə də rast gəlirik. Bu müxtəlifliyi aradan qaldırmaq məqsədilə Azərbaycan milli bayrağını
yaradanların, həmçinin XX əsrin əvvəllərində, xüsusən 1918-1920-ci illərdə bu məsələ ilə bağlı mülahizələr
söyləmiş fikir, sənət və siyasət adamlarının dediklərini yada salmaq, onların işığında məsələnin şərhini vermək daha
faydalı və düzgün olardı.
Bu gün müstəqil Azərbaycanın Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi "Türkçülük, islamçılıq və
müasirlik" düsturunun müəllifi gör-kəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. O,1905-ci ildən
başlayaraq "türkləşmək, islamlaşmaq, avropalaşmaq" siyasi-ideoloji modelini irəli sürdü. Onun fikrincə, türkləşmək
milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarixin və mədəniyyətin yüksəldilməsi; islamlaşmaq islamda
milli, dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi; avropalaşmaq Avropa elm və texnikasının
nailiyyətlərini öyrənib onun nəticələrinin öz milli mədəniyyətinin, elminin inkişafına yönəldilməsi, Qərb
demokratiyası ənənələrindən istifadə olunması deməkdir. Bu model sonralar M.Ə. Rəsulzadə tərəfindən
milli-istiqlal hərəkatının siyasi-ideoloji prinsipi səviyyəsinə qaldırılmış, müstəqil Azərbaycanın istiqlal və azadlıq
rəmzi olan üçrəngli milli bayrağımızın yaranması ilə nəticələnmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentini açan M.Ə. Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən
milli bayrağımızdakı üç rəngin "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini
(demokratiyasını)" ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. Başqa bir çıxışında isə o, deyirdi ki, Azərbaycanın
Dövlət bayrağındakı bu üç rəng türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam
sivilizasiyasının simvoludur.
Üzeyir Hacıbəyov milli bayrağımızdakı rənglərin ifadə etdiyi məna və funksiyaları haqda yazırdı:
"Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və
sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...
Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir.
Bayrağımızın üç rəngi (mavi, qırmızı, yaşıl) bu ümdənin timsalıdır".
Bəzilərinə görə, trikolorumuzdakı birinci rəng göy mavisi rəngində olmalıdır. Turkuaz (fransızcada əsli
"turquoise"- "türk-e-has") adı ilə daha çox tanınan mavi rəngin bu tonu asanlıqla gözə Çarpan, bürcündə də uğurlu
olan rəng tonlarından biridir.
Türklərin göy mavisi rənginə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam
dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə tikilən saysız-hesabsız qədim abidələrin əksəriyyəti göy mavisi
rəngində olub.
Bayraqdakı qırmızı rəng müasirliyin, inkişafın rəmzidir. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa
burjua inqilabından sonra qırmızı rəng Avropanın simvoluna çevrilmişdi. Ə.Hüseynzadə yazırdı: "Avropalaşalım,
firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların
ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil!
Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!"
Azərbaycan milli-istiqlal hərəkatının ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin
yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman
sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
Azərbaycan Respublikasının Dövlət bayrağındakı simvollardan biri də bayraqdakı qırmızı zolağın hər iki
üzündə təsvir olunan ağ rəngli aypara və ağ rəngli səkkizguşəli ulduzdur. Bu simvolların, xüsusən səkkizguşəli
ulduzun məna və funksiyası barədə müxtəlif fikirlər mövcuddur. Bəziləri səkkizguşəli ulduzun Azərbaycandakı
millətlərin sayını bildirdiyini iddia edirlər ki, bu fikir əsassızdır. Çünki Azərbaycanda yaşayan millətlərin sayı
səkkiz deyil, çoxdur. Həm də bu rəmzin Şərq xalqlarında, o cümlədən türk xalqlarında 3 000 illik tarixi var. Müasir
heraldika sənətində günəşin bayraqlarda səkkiz, yaxud on iki şüalı verilməsi halları da geniş yayılmışdır. Qafqaz
Albaniyasında da günəşə sitayiş edilirdi və alban tarixi abidələrində səkkizguşəli ulduzun təsvirinə tez-tez rast
gəlinir.
Türk xalqlarında, eləcə də digər Şərq xalqlarında ayparanın tarixi kökləri çox qədimlərə gedib çıxır.
Türkiyə tarixçisi Fevzi Kurtoğlu yazır ki, "hilal (aypara) 5000 il bundan əvvəl Orta Asiyadan Ön Asiyaya köç etmiş
şumerlər, eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Ayparanın türk heraldikasında istifadə olunması nə
Sultan Osman Qazinin məşhur röyasından, nə də Sultan Mehmed Fatehin İstanbulu fəthindən başlar. Bunun
köklərini dərinlərdə aramaq lazımdır. Hilal (aypara) türk millətinin tarixi qədər əskidir..."
Araşdırmalar göstərir ki, aypara şəklində rəmzləşdirilən ay bir çox qədim Şərq xalqlarında, o cümlədən əski
türklərdə müqəddəs sayılır, ona sitayiş edilirdi.
Səkkizguşəli ulduz simvolunun tarixi çox qədimlərlə, əski inamlarla, mifik görüşlərlə bağlıdır. Qədim
türklər günəşə və aya sitayiş edər, çadırlarının qapısını günəş doğan səmtə doğru qoyardılar. Əski türklərin dini,
mifik görüşlərindən danışarkən türk alimi Bahəddin Ögəl doğru olaraq yazır ki, qədim türklərin dini görüşlərində
göy və günəş birinci dərəcəli yer tuturdu. Sonralar maniçilik dinini qəbul edən türklər Ay kultuna da üstünlük
verdilər. Beləliklə, göy, ay və günəş kultları qədim türklərdə müqəddəs sayılırdı. Əvvəllər türklər Tanrıya "Göy
Tanrı" dedikləri halda, maniçiliyin qəbulundan sonra "Ay Tanrı" deməyə başladılar. Sonralar türk mifologiyasında
günəşin ananı, ayın isə atanı simvolizə etdiyini görürük. Maraqlıdır ki, Hun imperatoru Metenin Çin imperatoruna
göndərdiyi məktubda belə bir cümlə var: "Göy və Yerin doğurduğu, Günəş və Ayın taxta keçirdiyi Türk xanlarının
Böyük Kutu ehtiramla Çin İmperatorundan rica edər..."
Bu ifadələr də göstərir ki, qədim türklərdə Ay və Günəş kultu, onlara sitayiş və tapınma geniş yayılmışdı.
Əgər tarixşünaslıqda qədim türklərlə şumerlilər arasında mədəni əlaqələrin, hətta qohumluğun da istisna
olunmadığını, eləcə də hər iki qədim etnosun eyni arealda (Mərkəzi və Ön Asiyada) əsrlərlə kontaktda olmalarını
nəzərə alsaq, belə bir ehtimal irəli sürmək mümkündür ki, qədim türklərdə mövcud olmuş Ay və Günəş kultları
eynən şumerlilərə, həmçinin sonralar şumerlilərin Orta Asiyadan köç etdikləri Ön Asiyadakı xalqlara da keçmişdir.
Beləliklə, Ay və Günəş kultu bir çox qədim Şərq xalqlarında geniş yayılmışdır. Şübhəsiz, qədim şumer abidələrində
əks olunmuş ay və səkkizguşəli ulduz ("Günəş" anlamında) simvolu əski türk və şumerlilərin Ay və Günəşə olan
inamlarının nəticəsi kimi yozulmalıdır.
Ay və Günəş kultu qədim azərbaycanlılar arasında da geniş yayılmışdır. Azərbaycanda Aya və Günəşə
sitayişlə bağlı arxeoloji abidələrdə, eləcə də xalçalar üzərində günəşin simvolu olan səkkizguşəli ulduz təsvirlərinin
mövcudluğu göstərir ki, xalqımızın dini, mifik görüşlərində Ay və Günəşin müqəddəsliyi və ona sitayiş, inam və
tapınma çox qədimlərlə, əski çağlarla səsləşir. Azərbaycan xalqının maddi mədəniyyətinin şah əsəri olan Qobustan
qayaüstü rəsmlərində də səkkizguşəli ulduz təsvirlərinə çox rast gəlinir.
KEÇMİŞİN, BUGÜNÜN VƏ GƏLƏCƏYİN RƏMZİ
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi
dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Gördüyümüz kimi, Dövlət bayrağımız xalqımızın
qəhrəmanlıqlarla dolu tarixi keçmişindən, böyük mədəniyyətindən xəbər verən qiymətli bir əlyazmasıdır. Və Dövlət
bayrağımız dövlətimizin, millətimizin siması olmaqla minillikləri ehtiva edən tarixi keçmişimizi, bu günümüzü,
işıqlı sabahımızı özündə əks etdirən müqəddəs bir rəmzdir. Bayraq həm də vətən torpağı, vətən göylərində
dalğalanan şəhid ruhlarıdır. Bayrağın dəyəri hazırlandığı parçanın keyfiyyəti ilə deyil, təmsil etdiyi millətin ona
verdiyi qiymətlə ölçülür. Dövlətin hakimiyyətini, müstəqilliyini və şərəfini təmsil etdiyi üçün hər kəsin bayrağa
hörmət göstərməsi vacibdir. Yerə düşən çörəyi görəndə götürüb öpüb, gözümüzün üstünə qoyduğumuz kimi,
ÜÇRƏNGLİ BAYRAĞIMlZın şəkli olan kağız, qəzet parçalarmı da yerdə görəndə əyilib götürməliyik, öpüb
gözümüzün üstünə qoymalıyıq.
Dostları ilə paylaş: |