“Olaylar”.-2015.-7 yanvar.-№ 2.-S.15.
Milli mənlik şüuru: Vətənpərvərlik hisslərinin tərbiyəsi
Heydər Əliyev: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir, lakin
milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər
”
Dünya sürətlə qloballaşır. Ortaya çıxan ən kiçik hadisə belə medianın gündəmilə böyük qlobal
problemə çevrilir. Region və dünyada baş verən müharibələr gəncləri radikallığa sürüyür. Pornoqrafik,
qeyri-ənənəvi dinlərlə bağlı internet təbliğatı insanları milli-mənəvi dəyərlərindən uzaqlaşdırır. Milli
kimliyini itirmədən, universal şəxsiyyətə sahib olmaq milli şüuru qoruyub saxlamaq iradəsinin
göstəricisidir. Qlobal avropalaşmaq mövqeyini təbliğatını aparan qruplaşmalar degenrativ məntiqlə
qloballaşmanı gerçəkləşdirəcəklərinə inanırlar. Lakin Vətən üçün milli könüllülük – millətin qəlbində
qiyamətə qədər yaşayacaq bir özləm kimi varlığını davam etdirəcək bir dəyərdir. Şəxsinə “Biz türklər”
xitabı ilə başqa mədəniyyətlərlə ünsiyyət qurmağı bacaran və öz sivilizasiyasına heyranlıq hiss edən
vətəndaşlar həmişə öz milli kimlik ləyaqətini müdafiə edəcəklər. Özünəməxsus bir mövqe ilə qloballaşanı
milləti adına vurğulamaq avropalaşmaq ideyası ilə fərqli ölçüdə kəsişir. Türklük şəxsiyyətinin milli şüur
parametrləri avropalaşmaq və amerikalaşmaq tezislərindən fərqli olaraq, irqçilik, etnikçilik və
məzhəbçilik tezislərdən ibarət deyil. Bunun əksini iddia edənlər yanılırlar. Bunlar türkçülüyün
qloballığını və ümumbəşəriliyini qısqananlardır. Vətəndaş öz ölkəsinə kənardan başqalarının nəzərləri ilə
yox, öz gözlərilə baxmalıdır. Məsələnin əks mövqeyində dayana yalnız vətənpərvərliyi və millətsevərliyi,
milli hissləri yoxa çıxarmağa çalışan zehniyyət ola bilər. Başqa heç kim! Azərbaycanın və türklüyün milli
çərçivəsini dağıtmaq istəyən qüvvələr var. Onlar daxildə və xaricdədirlər. Etnikçilik, regionçuluq,
separatçılıq, tribalizm və məzhəbçilik türk millətinin birliyini fərqli, yad dəyərlərlə əritməyə çalışırlar.
Vətənpərvərlik və millətsevərliyi ölkəyə Qərb siyasi nizamını idxal etməklə məhv edilməyəcəyini yaxşı
bilmək lazımdır. Çünki ingilislər də, fransızlar da, hətta millət kimi formalaşmamış amerikalılar da
özlərini dünyanın ən ali irqi kimi bilirlər. Digər millətlərə isə sadəcə “qəbilə”, “tayfa” münasibəti
bəsləyirlər. Yəni ki, özünü “avropalı” adlandırmaqla birinci sinif vətəndaş olmaq mümkün deyil. Qərbin
siyasi və mədəni geometrlərində türk kimliyinin həndəsi forması nəzərə alınmır. İnkar edilir. Amma tarix
bunun əksini sübut edir. Bunu qərblilər də bilirlər. Sadəcə tarixinin böyük bir hissəsini “işğal” etmiş türk
kimliyinin üzərindən xətt çəkmək tarixin təkərlərini özünə çevirmək istəyənlər üçün prioritetdir. Bunu
görmək lazımdır. Halbuki biz türklər, öz tarixinə, mədəniyyətinə və vətəninə qarşı sədaqətiylə özünü isbat
etmiş, tarix boyu millət anlayışının təməl olduğu bir konsepsiya yaratmışıq. Teymurilər, Ağqoyunlular,
Səfəvilər, Osmanlı, Hun kimi imperiyalardan bizi çox da böyük tarix aralığı ayırmır. Millətlərin sabahları
ya gənclərin müsbət düşüncələrilə işıqlanır, ya da qaranlıqda qalır. Bu prinsiplə hər kəsdən əvvəl yad
düşüncələrin gənclərə hücum etməsi təsadüfi deyil. Atatürkün “Ey gənc nəsil, Cümhuriyyəti biz yaratdıq,
onu yüksəldəcək və qoruyacaq qüvvə sizsiniz”, deyimi boş deyil. Yəni ki, keçən illər ərzində gənc nəslin
milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi yönündə ziyalılarımızın,
mediamızın gördüyü işlər lazımi yöndə qiymətləndirilməlidir. Gənclər yad dəyərlərə, dövlətçiliyi, milli
şüuru zədələməyə çalışan qüvvələrə qarşı bir təşkilat olmalıdır. Həmişə öz milli kimliyinin müdafiəçisi
rolunda olmalıdır. Gənclik dövlətin anti-imperialist zirehidir. Çünki Azərbaycan Milli Qurtuluş Savaşı ilə
vətənpərvər təməllər üzərinə inşa edilmiş ölkədir. İmperialistlər tərəfindən qızışdırılan və dəstəklənən
separatçı axını dayandırmağın yeganə açarı birlikdə mübarizədir. Qarşısına böyük məqsəd qoymuş
xalqlar həmişə Vətənə borcun ona verdiyi məsuliyyət yolu ilə hərəkət edir. Müstəmləkəçiliyi,
ədalətsizliyi, qlobal yoxsulluğu, fərdiyyətçiliyi, terrorizmi, istənilən qanlı aksiyaları müdafiə edən
imperialistlər qarşısına çıxacaq başqa yol da yoxdur. Artıq yad ideologiyaların suverenliyini müdafiə edən
və imperializmə teknokrat yetişdirən düşüncə institutlarından imtina edilməlidir. İmperialist dövlətlərin
və zərərli ideologiya axınının qarşısında dayanılmalıdır. Bunun üçün ən çətin şərt və vəziyyətlərdə milli
şüurumuzu oyandıra bilərik. Yad ideologiyaların hücumlarına qarşı milli şüurun oyadılması və ölkəmizin
qarışıq proseslərdən zərərsiz çıxması üçün ən adi simvolik xatırlatmalar da kifayətdir. Milli şüurun
üzərindən xətt çəkmək isə kütləvi hal alarsa, bu cəmiyyətdə əxlaq böhranı yaradan fəlakətə çevriləcək.
Diqqətli olmaq lazımdır.
Müasir dünya qlobal kəndə çevrilib
Qloballaşma müasir dünyanı tarixin heç bir mərhələsində olmayan vəziyyətə gətirib. Müasir dünya
qlobal kəndə çevrilib. Tarixin heç bir dövründə informasiya bu qədər açıq, əlçatan, şəffaf, insanların
ünsiyyət imkanları belə geniş olmayıb. Qloballaşma müəyyən problemlər yaradır. Problemlərdən ən
mühümü milli-mənəvi dəyərlərin qorunması ilə bağlıdır. Bu dəyərlərdən ən çox danışan toplumlardan
biriyik. Milli-mənəvi dəyərlərdən ən mühümü ana dili və millətin ona münasibətidir. Bir millətin milli
şüurunun səviyyəsi, milli-mənəvi dəyərləri qoruyub saxlamaq istəyi ana dilinə münasibətinə bağlıdır.
Bizdə ana dilinə münasibətdə tarixdən gələn müəyyən çatışmazlıqlar var. Məsələn, Sovet dövrünün 80-ci
illərinin sonuna kimi Bakı küçələrinin 45%-i erməni inqilabçıları, ziyalılarının adlarını daşıyırdı. Onların
yalnız 22%-i azərbaycanlı adlarına sahib idilər. İndi də mental dəyərlərin qorunmasındakı mövcud
problemlərin kökü Sovet dövrünə bağlıdır. Hələ də Azərbaycanda Sovet şüuru var. Bunun qarşısını almaq
üçün ictimai miqyasda milliləşdirmə tədbirləri keçirməliyik. Küçə adlarında olan problemlər aradan
qaldırılmalıdır. Şəhərdə müxtəlif dillərdə reklam lövhələri asılıb. Regionlarda bununla bağlı rəsmi qərar
qəbul edilib ki, bütün reklamlar birinci növbədə ana, sonra başqa dillərdə olmalıdır. Əgər reklamlar başqa
dildə olarsa da ana dilinə nisbətən hərflərin həcmi daha kiçik olmalıdır. Praktika Bakı şəhərində də tətbiq
olunmalıdır. Problemlərin digər ucu insanların təhsilinə bağlanır. Millətin inkişafı onun təhsili ilə bağlıdır.
Məsələn, Azərbaycanda türk liseylərini bağladılar. Bir tərəfdən bunu təqdir edirəm. Həmin liseylərdə
çalışan müəllimlərin əksəriyyəti, oxuyan şagirdlərin hamısı azərbaycanlılar, təkcə direktoru Türkiyədən
idi. Əgər türk liseylərini bağlayırıqsa, ya ona bərabər, ya da üstün alternativlər təşkil olunmalıdır.
Vətəndaşın təhsili daha güclü olmalıdır. Müasir dünyada inkişafın önündə o ölkələr gedir ki, onların
güclü universitetləri var. Universitetləri zəif olan ölkə və regionlar inkişafın gerisində olurlar. Dəyərlərin
qorunmasında əsas vəzifələrdən biri də KİV-in üzərinə düşür. Mediada ana dilinin qaydaları, üslubu
qorunmalıdır. KİV xalqın tarixi kimliyi, milli-mənəvi dəyərlərlə bağlı ciddi, ardıcıl, sistemli konseptual
əsaslı təbliğat aparmalıdır. Xalqın tarixinin ən şərəfli məqamları, şəxsiyyətləri təbliğ olunmalıdır. Tarix
milli mənliyin ən vacib komponentidir. Tarixindən uzaq düşmüş, onu yaxşı bilməyən istənilən xalq
inkişaf edə bilməz. Atatürk deyirdi ki, tarix bir millətin nələr bacardığını və nələr bacaracağını göstərən
bələdçidir. Həmişə tarix və cahan qarşısında məsuliyyətli olmaq lazımdır. Bütün xalqların dövlət qurmaq
və müstəqil olmaq imkanları yoxdur. Dünyada 10 000-dən çox xalq və etnik qrup, 200-dən çox dövlət
var. Bizim xalqın da ən böyük üstünlüyü müstəqil dövlətinin olmasıdır. Müstəqillik əldə etməklə
Azərbaycan tarixinin ən böyük nailiyyətini qazandı. XIX əsrin 70-ci illərindən sonra Harribaldi İtaliyanı
birləşdirəndə ölkənin o vaxtkı baş naziri deyirdi ki: “Biz İtaliyanı qurduq, indi italyan millətini yaratmaq
lazımdır”. Bu fikir bizim bu günümüzə də aiddir. Biz dövlətimizi qurmuşuq, amma millətdə milli şüurun
yüksəldilməsilə bağlı problemlər var. Bu problemlərin üzərinə getmək lazımdır. Bu sahədə birinci vəzifə
ziyalıların üzərinə düşür. Ziyalılar mənsub olduğu xalqın bioqrafiyasını yaradan insanlardır. Bir xalqın
tərcümeyi-halında yaradıcı ziyalılarının böyük rolu var. Onlar təbliğ olunmalı, tanıdılmalıdırlar. Vaxtilə
cəmiyyətdə həmişə ziyalıların fikirlərinə istinad olunurdu. İndisə ictimai rəy öz funksionallığını itirir.
İctimai rəy çox halda nəzərə alınmır. Bu doğru deyil. Ziyalılar millətin inkişafında böyük rol oynayırlar.
Əgər biz bu gün dünyəvi dövlətdə yaşayırıqsa, bu bizim ziyalıların xidmətləridir.
İnternetləşmə və milli dəyərlər
İnternetləşmə dövründə milli-mənəvi dəyərlərin qorunması çətindir. Bu gün Azərbaycana ideya bir
ərazidən gəlmir. Dünyanın bütün istiqamətlərindən informasiya selinin içərisindəyik. Bu informasiyaları
emal etmək, onlardan faydalanmaq, zərərlərindən mühafizə olunmaq milli təhlükəsizlik məsələsidir.
Ölkənin milli təhlükəsizliyinin qorunmasında informasiya təhlükəsizliyinin çox böyük rolu var. İnternetdə
istənilən məlumat ola bilər. Amma ölkənin təbliğat strukturları vətəndaşın üzərində dominant rol
oynayırsa o, heç bir halda o internetin zərərli təsirlərinə məruz qala bilməz. Bunun üçün təhsildə sağlam
vətəndaş yetişdirilməlidir. Təhsildən sonra bu sahədə ən əhəmiyyətli vasitə KİV-dir. Belə bir deyim var
ki, XXI əsrdə Şeytan qələmin içində gizlənib. İnternetin ortaya çıxmasından sonra ənənəvi KİV-in
təsirləri bir qədər zəifləsə də vətəndaş şüurunun formalaşmasında böyük rolu var. Ona görə də bu sahədə
peşəkarlığa üstünlük verilməlidir. Cəmiyyətin ən böyük problemlərindən biri peşəkarların az olması ilə
bağlıdır. Məsələn, bunun qarşısını almaq üçün Jurnalistikanın ən istedadlılarını dünyanın ən yaxşı ali
təhsil məktəblərinə göndərmək olar. Qassep adlı ispan filosof deyirdi ki, ictimai rəy cazibə qanunu
kimidir, kim ictimai rəylə hesablaşmırsa, heç vaxt uğur qazana bilməz. İctimai rəylə hesablaşmaq, onu
daha sağlam istiqamətlərə yönəltmək dövlətin əsas vəzifəsidir. Əvvəlcə KİV peşəkar səviyyəyə
çatdırılmalı, peşəkar jurnalistlərin çalışmasına imkan yaradılmalıdır. Peşəkarlıq olmayan yerdə
problemlər olacaq. 75 ölkədə aparılan araşdırmanın nəticəsinə görə, inkişafın önündə o toplumlar gedir
ki, onun üçün insan amili əhəmiyyətlidir. İnkişaf üçün təbii ehtiyatların çoxluğu vacib deyil, insan
ehtiyatının çoxluğu vacibdir. İnkişafdan geri qalan ölkələr buna əhəmiyyət vermirlər. Geridə qalmamaq
üçün rəqabətə davamlı cəmiyyət qurmaq istəyiriksə, oxumalıyıq. Məsələn, ölkənin ailə strukturları
böhranlı vəziyyətdədir. Qurulan ailələrin böyük əksəriyyətində boşanmalar var. Düzdür, dünyanın bütün
ölkələrində ailələr problemə çevrilib. Amma Azərbaycanın ən böyük milli dəyərlərindən biri ailənin
qorunması, müqəddəs sayılmasıdır. Dədə Qorqud eposunda türk kişisi qadınına “halalım” deyə müraciət
edir. Çox əhəmiyyətli məqamdır. Bizi milli-mənəvi dəyərlərimizi qorumaq üçün bunları qorumalıyıq.
Bunun üçün ana dili və ailə strukturunun qorunması, eyni zamanda oxumaq lazımdır.