Мир культуры



Yüklə 144,75 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü144,75 Kb.
#1488
növüСборник


125 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXV buraxılış, Bakı, 2013 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХV выпуск, Баку, 2013 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХV edition, Baku, 2013 

 

UOT 140.8 

 

 

Sədaqət Əliyevа  

tarix üzrə fəlsəfə doktoru  

Azərbaycan Universiteti  

 Bakı ş., Mirəli Qaşqay küçəsi 84. 

Email: 

azzizon@mail.ru

  

 

 



 FƏLSƏFİ TƏFƏKKÜRÜN STRUKTURUNDA  

BƏDİİLİK VƏ KÜTLƏVİ MƏDƏNİYYƏT  

 

 



Xülasə:  Məqalədə  müəllif  kütləvi  mədəniyyəti  iki  aspektdə  işıqlandırır. 

Birincisi,  mədəniyyətin  kütləviləşməsinin  mənəvi  tərəfidir.  Yəni  mənəviyyatda,  insan 

varlığında  kütləvilik  individuallığın  itirilməsi  deməkdir.  Bunu  müəllif  cəmiyyətin 

inkişafında  xüsusi  mərhələ  olan  yadlaşma  fenomeni  ilə  bağlayır.  İkinci  aspektdə  isə 

kütləvi mədəniyyətin yaranması iqtisadi amillərlə bağlı şəkildə izah olunur. Cəmiyyətdə 

sənət  və  sənətkara  münasibət,  pulun  xüsusi  funksiyaları  mədəniyyəti  kütləviləşdirən 

əsas amilə çevrilir. Müəllif kütləvi mədəniyyətin yaranmasının hər iki cəhətini işıqlan-

dırır  və  ümumi  nəticələr  çıxarır.  Məqalədə,  həmçinin  qloballaşan  müasir  dünyada 

kütləvi  mədəniyyətin  dəstəklənməsi,  postmodernistlərin  irrasional  düşüncələri  və 

multikulturalizmin  yeni  yanaşmaları  fonunda  Azərbaycan  mədəniyyətinə  münasibət 

bildirilir.  

Açar sözlər: kütləvilik, mədəniyyət, yadlaşma, milli, surroqat, ənənəvi, elitar. 

 

 



 

Mövzunun  aktuallığı.  Məntiqi  təfəkkürlə  əldə  olunan  struktural  mahiyyətlər 

cəmiyyətin  inkişaf  dinamikasında  fundamental  dəyərlər  yaratsa  da,  kütləvi  mədəniy-

yətin  yaranması,  bu  dəyərləri  tədricən  sıxışdırmağa  başladı.  Mədəniyyətin  kütləvi 

xarakter  alması  dünyanın  qlobal  mənzərəsinin  yaranmasına  səbəb  oldu.  Lakin  bu 

mənzərə  koqnitiv  deyil,  summativ  bir  mənzərə  idi.  Xalqların  böyük  sürətlə  sub  və 

superetnoslarda birləşməsi, bir tərəfdən summativ qloballaşmaya doğru meylləri artırdı, 

digər  tərəfdən  isə  xalqların  öz  milli  mənliyini  qoruyub  saxlaya  bilməsi  üçün 

multikulturalizmi yaratdı. Və mövzunu aktuallaşdıran əsas cəhətlər bunlardır. 



126 

 

Orta əsrlərdə İntibah mədəniyyətinin yüksəlişi, sosial sferanın təbəqələşməsi ilə 



müşahidə olunurdu. Antik dövrün harmoniyasına, erkən orta əsrlərin məntiqi və rasional 

təfəkkürünə  söykənən  ənənəvi  mədəniyyətin  struktural  məzmunu  tədricən  öz 

mahiyyətin  itirdi.  Ənənəvi  mədəniyyətdən  elitar  və  kütləvi  mədəniyyət  ayrıldı.  Elitar 

mədəniyyət antik mədəniyyətdəki harmoniyanın və orta dövrdəki struktural məzmunun 

yeni  varisi  kimi  çıxış  edirdi.  Kütləvi  mədəniyyət  cəmiyyətin iqtisadi  tələblərinə  cavab 

verən  yeni  bir  mənəviyyat  tipi  formalaşdırdı.  Kütləvi  mədəniyyətin  iqtisadi  məkana 

yiyələnmək imkanı onun daha geniş auditoriyalara yiyələnməsinə səbəb oldu. Kütləvilik 

ictimai  düşüncənin  stixiyasına  çevrildi.  Elitar  mədəniyyət  getdikcə  sıxışdırılsa  da,  öz 

təsir  imkanlarının  gücünə  görə  varlığını  qoruyub  saxlayırdı.  Tomas  Sternz  Eliotun 

(1888-1965)  yaradıcılığı  bu  baxımdan  çox  xarakterikdir.  O,  1922  -  ci  ildə  “Barsız 

torpaq”  adlı  poemasında  müharibədən  sonrakı  dövrdə  cəmiyyətdəki  mənəvi  və  ruhi 

boşluğu  ifadə  etməyə  çalışırdı,  şair  keçmişdə  qalmış  elitar  nəslin  sorağında  Dantenin 

allüziyalarına  (sətiraltı  mənalarına)  müraciət  edirdi.  Onun  yaradıcılığında  klassizm  və 

romantizm müasirliklə birləşirdi. Tomas Eliot üçün poeziya hissə və məntiqə ayrılmırdı, 

həmçinin  şair  düşünürdü  ki,  poeziya  nə  yaradıcının,  nə  də  oxucunun  hiss  və 

həyəcanlarını  ifadə  və  idarə  edə  bilməz.  Poeziya  hisslərdən,  şəxsiyyətlərdən  kənarda 

yerləşən  və  varlığa  yönələn  xüsusi  bir  münasibətdir.  Tomas  Eliot  öz  poeziyasında  bu 

yüksək  ideala  sadiq  qalırdı,  buna  görə  də  onun  poeziyası  elitar  sənət  nümunəsi  kimi 

qəbul  olundu.  Poetik  fikrinin  müasirliyinə,  düşüncəsinin  novatorluğuna  və  fərqli 

məzmununa görə seçilən şair, 1948 –ci ildə Nobel mükafatı aldı.  

Beləliklə,  kütləvi  və  elitar  bölgü  ilə  mədəniyyətlərin  tipologiyası  yarandı  və 

onların  arasındakı  sərhəd  böyüməyə  başladı.  Mədəniyyətlərin  tekstual  məzmununun 

fərqlənməsi  ictimai  və  sosial  münasibətlərin  yeni  xarakterini  meydana  çıxartdı.  Başqa 

sözlə desək, bu xırdalanma prosesini mədəniyyətin daxilindəki sinfi təbəqələşmə amili 

kimi də təsəvvür etmək olar. Hakim siniflərin zövqünü oxşamaq, ali təbəqənin vaxtını 

səmərəli keçirməsinə xidmət edən mədəniyyət növləri yaratmaq və eyni zamanda xalq 

üçün, kütlə üçün nəzərdə tutulan orta səviyyəli bir sənət nümayiş etdirmək. Cəmiyyətin 

inkişafının  bu  yeni  məzmunu  “özgələşmə”  (отчуждение)  prosesinin  kateqorial 

mahiyyətini  və  daha  sonra  “kütləvi  mədəniyyət”  fenomenini  yaratdı.  Lakin  kütləvi 

mədəniyyətin  mahiyyəti,  təkcə  onun  meydana  çıxmasından  ibarət  deyildi.  Kütləvi 

mədəniyyəti təmsil edən əsərlər özündə sosial sferanın, ictimai şüurun yeni və fərqli bir 

məzmununu təqdim edirdi. Tarixdə “yadlaşma” prosesi ilə bağlı ilk fikirlər hələ barokko 

dövründə fransız maarifçilərinin düşüncələrində var idi. J.J.Russo, Con Lokk, T. Hobbs, 

K.A. Helvetsinin “özgələşmə” prosesinin qarşısını almaq üçün qanundan istifadə etmək 

qərarına gəlmişdilər. J.J.Russo, Con Lokk, T. Hobbs, K.A. Helvetsinin dövlət, cəmiyyət 

və  insanların  hüquq  və  azadlıqları  haqqındakı  fikirləri  tarixdə  “ictimai  müqavilə” 

nəzəriyyəsi adı ilə məşhurlaşdı. Bu nəzəriyyəçilər belə düşünürdülər ki, dövlətlə ictimai 

müqavilə bağlayan vətəndaş öz hüquqlarını qismən də olsa, müdafiə etmiş olur. Qanun 

insanların  hüququnu  qorumaqla,  həm  də  onların  özlərinə  yad  olmasının  qarşısını 

almalıdır  və  vətəndaşın  insan  kimi  yaşamasına  şərait  yaratmalıdır.  Lakin  yadlaşma 

prosesi tarixi – sosial təkamüllə bağlı olduğu və psixoloji mahiyyət daşıdığı üçün onun 

idarə edilməsi mümkün idi.  

Əgər  maarifçiliyin  intellektual  kultçuluğun,  xalqçılığın  fədakarlığı,  yaxud  ro-

mantizmin təbiəti əks etdirən yaradıcılıq ehtirasları olmasaydı, yəqin ki, müasir texniki 

tərəqqi reallaşa bilməzdi. Buna baxmayaraq, kütləvi mədəniyyəti  yalnız elmi – texniki 

tərəqqinin ikinci dərəcəli nəticəsi hesab etmək mümkün deyildir. 

Avropada  kapitalizmin  inkişafı  ilə  əlaqədar  olaraq  romantizm  cərəyanı  geniş-

ləndi.  Romantizmin  tərəfdarları  kapitalizmin  yaratdığı  istismarı,  işsizliyi,  aclıq  və 




127 

 

səfaləti  qəbul  edə  bilmirdilər.  Onlar  bütün  vasitələrə  əl  atırdılar  ki,  kapitalistlərin 



qəlbində insanlara və insanlığa qarşı məhəbbət yaratsınlar və bu amansız cəmiyyəti bir 

qədər  yumşaltsınlar.  Lakin  getdikcə  sürətlənən  bu  yadlaşma  prosesi  böhranı  daha  da 

dərinləşdirirdi,  həmçinin  kütləviliyin  nəzəri  və  kateqorial  təlimi  formalaşmağa 

başlamışdı.  Bu  gün  mədəniyyətin  kütləviləşməsinin  nəticələri  göz  qabağında  olsa  da, 

kütləvi  mədəniyyətin  meydana  çıxmasının  səbəbləri,  hələ  də  müxtəlif  cür  izah  edilir. 

Yəqin  ki,  birinci  səbəb  sivilizasiyaların  təkamülü  və  bu  təkamülün  fonundakı 

lokallaşma  prosesinin  getməsidir.  Lakin  kütləvi  mədəniyyətin  yaranmasını  marksizm 

klassikləri  lokallaşma  kimi  yox,  ictimai  və  sosial  sferadakı  mənəvi  tənəzzül  kimi, 

yadlaşma  kimi  analiz  edirdilər.  Karl  Marks  kütləvi  mədəniyyətin  yaranmasının  elmi 

əsası  olan  yadlaşmanın  növlərini  müəyyənləşdirdi.  Cəmiyyətdə  ictimai  əmək 

bölgülərinin meydana çıxması yadlaşmanın ilkin amillərini yaratmışdı. K. Marks yazırdı 

ki, “özgələşmə” prosesi dörd fazadan ibarətdir və insanın a)əmək prosesindən; b)əmək 

məhsullarından;  c)özündən;  d)digər  insanlardan  ayrılmasından  sonra  “özgələşmə”  baş 

verir.  Cəmiyyətin  inkişafı  ilə  əlaqədar  olaraq  sosial  mühit  təkamülə  məruz  qalırdı, 

ibtidai  icma  cəmiyyəti  əmək  alətlərinin  təkmilləşməsi  və  ictimai  əmək  bölgülərinin 

nəticəsində dağıldı və quldarlıqla əvəz olundu. Birinci ictimai əmək bölgüsü sayəsində 

individ universal əmək alətlərinin bir qisminə yadlaşdı və ilkin “özgələşmə” prosesi baş 

verdi.  Quldarlıq  cəmiyyəti  əmək  bölgülərinin  daha mükəmməl  şəkildə təsbit  olunması 

ilə  ticarətin,  şəhərlərin inkişaf  etməsinə  səbəb  oldu.  İkinci  ictimai  əmək  bölgüsü  daha 

böyük çevriliş yaratmışdı, sənətkarlar əl əməyinin məhsuluna yadlaşdılar, adət etdikləri 

əmək  prosesindən  uzaqlaşdılar.  Yeni  sənətkarlar  zümrəsi  minilliklərlə  yiyələndiyi 

əkinçiliyin və maldarlığın əmək vərdişlərini unutdu və yeni bir sahə ilə məşğul olmağa 

başladı.  Üçüncü  ictimai  əmək  bölgüsü  və  yeni  “özgələşmə”  prosesi  tacirlərin  öz 

məskənlərini dəyişməsi, oykumenlərin, opotların şəhərlərə çevirməsi, karvan yollarının 

genişlənməsi  ilə  nəticələndi,  feodalizm  cəmiyyəti  orta  əsrlərin  “zooloji  tarixini” 

gerçəkləşdirdi.  

Müasir  insanın  daima  özünü  axtarması  prosesi,  əslində  bu  fiziki  yadlaşmanın 

mənəvi davamıdır. Maraqlıdır ki, bu  yadlaşma prosesi hər bir cəmiyyət üçün fərqli bir 

ssenari  üzrə  gerçəkləşmiş,  həmin  cəmiyyətin  bazis  və  üstqurumu,  habelə  istehsal 

vasitələri və məhsuldar qüvvələrinin xarakterinə uyğun bir şəkildə həyata keçmişdir.  

İbtidai  cəmiyyətdə  hökm  sürən  sürü  psixologiyası  insanın  xoşbəxtliyini  təmin 

edirdi.  Cəmiyyət  inkişaf  etdikcə  bu  xoşbəxtlik  tədricən  aradan  qalxdı.  İnsan-insan 

münasibətləri  dərinləşdikcə  konfliktlər,  kolliziyalar  artırdı.  Yeni  sivilizasiya  bu 

konfliktin  üzərində  quruldu.  Ziqmund  Freydin  insanın  fəaliyyətində  kəşf  etdiyi 

“şüursuzluq” fenomeni cəmiyyətdəki yadlaşma prosesini daha da dərinləşdirdi. Kütləvi 

mədəniyyətdə  insanların  idealları  deyil,  Karl  Yunqun  irəli  sürdüyü  “kollektiv 

şüursuzluq”  fenomeni  hakim  mövqe  tuturdu.  Yadlaşma  prosesi  kütləvi  mədəniyyətə 

deyil,  elitar  mədəniyyətə  aiddir,  yəni  özünə  və  cəmiyyətə  yadlaşanlar  yalnız  ali 

zümrənin  üzvləri  idi,  çünki  zehni  əməklə  fiziki  əmək  arasındakı  bölgü  Yeni  dövrün 

məhsuludur. Yeni dövrün ideoloqları hakim sinfin içərisindən çıxmışdı. Yeni dövrün - 

kapitalizm  cəmiyyətinin  meydana  çıxartdığı  yadlaşma  prosesi,  özgələşmənin  son 

mərhələsinə  -  özünə  və  digər  insanlara  yadlaşma  mərhələsinə  aiddir.  Bu  zaman  istər-

istəməz  Nitsşenin,  Kaffkanın,  Sartrın,  Dostoyevskinin  qəhrəmanlarının  ünvansız 

axtarışları,  əbədiyyətə  yönələn  mənəvi  çırpıntıları  yada  düşür.  Özünə  və  dünyaya  yad 

olan insanların yaradıcılığında cəmiyyətdən kənar olan bir dünya, varlığa yeni və qapalı 

bir münasibət var idi. Kütləvi mədəniyyətin daşıyıcıları isə cəmiyyəti qloballaşdırmağa 

və hamı üçün ümumi olan qanunlar qəbul etməyə cəhd edirdilər. Həm də bu cəhd, dayaz 

bir  düşüncə  sferasında  olub,  varlıqdan  kənarda  yerləşən  lokal  bir  çevrədə  bəzən  sürü 




128 

 

psixologiyası təlqin edir. Və bu gün mədəniyyətdə ən aktual mövzu budur. Özgələşmə, 



yadlaşma  hansı  cəmiyyətdə  baş  verirsə,  həmin  cəmiyyət  yadlığın  stixiyasını  yaşayır, 

mənən  onun  ardınca  düşüb  gedir.  Avropada  yadlaşma,  özgələşmə  mövzusu  hələ 

barokko  dövrü  incəsənətində  parlaq  şəkildə  əks  olunmuşdu.  Sonralar  bu  proses 

dərinləşdi  və  kütləvi  mədəniyyətin  bir  sıra  yeni  cərəyanlarını  yaratdı.  İntibah 

mədəniyyətində individualizmin meydana çıxması, əslində özgələşmənin, sosial sferada 

elitar  mədəniyyətin nəticəsi  idi.  Muğam  sənətinin meydana  çıxması  da,  özgələşmənin, 

yadlaşmanın,  eyni  zamanda  elitar  mədəniyyətin  nəticəsi  olmuşdur.  Fərdi  təxəyyüllə 

kollektiv  təfəkkür  tərzinin  qarşı  -  qarşıya  qoyulması  və  ikinciyə  üstünlük  verilməsi, 

cəmiyyətin  yenidən  və  daha  kütləvi  bir  məzmunda  qurulmasına  səbəb  oldu.  Lakin 

burada  bir məsələni də  qeyd  etmək  lazımdır  ki,  bəzən  kütləvilik  stixiyası, mədəniyyət 

üçün fenomenal bir sənəti özü ilə birlikdə gətirə bilər. Məsələn, sürrealizmin dahisi olan 

Salvador  Dali  kütləvi  mədəniyyətin  stixiyasını  yaşasa  da,  onun  yaradıcılığı  kütləvi 

düşüncədən  kənarda  mövcud  olan  və  varlığa  münasibətdə  tamamilə  yeni  bir 

yanaşmadır. 

“Kütləvi mədəniyyət” anlayışının müasir mənada işlənməsi, zaman etibarilə XX 

əsrin 40 - cı illərinə təsadüf edir. Amerikada M. Horkhaymer və D.Makdonald publika 

ilə  bağlı  fikirlərində  bu  anlayışdan istifadə  edirdilər.  Daha sonra  Frankfurt məktəbinin 

nümayəndələri  “meynstrim”  anlayışını  (ingilis.  Mainstream  -  əsas  cərəyan)  intensiv 

şəkildə  işlətdikləri  üçün  “kütləvi  mədəniyyət”  termini  qısa  bir  zaman  kəsiyində 

məşhurlaşdı.  “Meynstrim”  lokal  bir  sahənin  içərisindən  seçilən  daha  məşhur  cərəyan 

deməkdir. Adətən, cəmiyyətdə qeyri - kütləvi mədəniyyətə, hətta kütləvi mədəniyyətin 

özünə də, alternativ variantlar kimi yeni cərəyanlar yaranır, belə cərəyanlar əvvəlcə gizli 

şəkildə  (andeqraund,  ingilis  dilində  underground-gizli)  meydana  çıxır.  Ola  bilər  ki, 

zaman  keçdikcə  belə  marginal  qruplar  leqallaşsın  və  cəmiyyətin  qəbul  etdiyi 

mədəniyyətin  bir  ünsürünə  çevrilsin.  Məsələn,  müasir  rok  –musiqisi,  müxtəlif  küçə 

performansları,  yaxud  musiqili  döyüş  növü  olan  kapueyra,  küçə  rəssamlığı  –  qraffiti, 

yaxud  onun  rəngli  növü  olan  spreyt  –  art,  yaxud  rayterlərin  ünvanını  göstərən  şəxsi 

teqlər. Psixodelik inqilab özünəməxsus rok yaratdı. 

Bu tipli yaradıcılıq işlərinin tarixi göstərir ki, onlar şəhər mədəniyyətinin qeyri - 

elitar təbəqəsinin yaratdığı və kütləvi mədəniyyət kimi reallaşmış bir hissəsidir. Bu cür 

pop – mədəniyyət nümunələri musiqi ilə ifadə olunduqda tədricən hip - hop, hardkord, 

bitdaun,  breyk  -  dans  kimi  modern  oyun  növlərini  yaratmışdır.  Bu  müasir  incəsənət 

növləri  cəmiyyətin  əksər  hissəsini  arxasınca  aparmağa  qadir  olan,  bəzən  isə  sosial  – 

siyasi  xarakter  daşıyan  kütləvi  mədəniyyət  hesab  edilir.  Belə  kütləvi  incəsənət 

qalereyaları  da  bəzəyə  bilər,  vandalizm nümunəsi  kimi rədd  edilə də  bilər.  Lakin  əsas 

məsələ  onların  çox  sürətlə  yayılması  və  daha  geniş  auditoriyaları  əhatə  etməsidir. 

Əslində inkişaf etmiş ölkələrdə “indi” (ingilis dilində indie, independent,) adlanan, asılı 

olmayan,  belə  azad  incəsənət  müxtəlif  sosial  təbəqələrin  marağına  xidmət  edir.  XX 

əsrdə  müasir  mədəniyyətin  içərisində  kütləvilik  əsas  cərəyan  kimi  tanınmağa  başladı. 

Amerikada  cəmiyyətin  orta  səviyyəsinin  həyatı  bir  -  birinə  yaxınlaşmış  və  kütləvi 

mədəniyyət anlayışını gündəmə gətirmişdi. Lakin kütləvi mədəniyyətin bütün təbəqələr 

tərəfindən  eyni  səviyyədə  qəbul  edilməsi  məsələsi,  mürəkkəb  bir  məsələdir.  Kütləvi 

mədəniyyətin zaman və məkan məzmunu bütün xalqlar üçün eyni götürülə bilməz. Əgər 

Amerika  ədəbiyyatının  və  incəsənətinin,  yaxud  bədii  fikrinin,  ədəbi  düşüncəsinin 

kompensator  (bərabərləşdirici)  və  harmoniyalaşdırıcı  funksiyaları  köhnə  stereotiplərin 

üzərində  hökmranlıq  edirsə,  bu  o  demək  deyildir  ki,  bütün  dünya  ölkələrində  bu 

proseslər  analoji  versiyada  gedir,  yaxud  getməlidir.  Mədəniyyətin  kütləviləşməsini 

doğuran  amillər  kimi,  kütləvi  mədəniyyətin  yaranmasının  səbəb  və  nəticələrinə 




129 

 

yanaşmalar  da  çox  fərqlidir.  Yalnız  bir  xüsusiyyət  incəsənətin  bütün  növləri  üçün 



ümumidir ki, cəmiyyət inkişaf etdikcə sosial sferanın qütbləşməsi qaçılmaz bir faktora 

çevrilir  və  mədəniyyətə  kateqorial  məzmun  verir.  Kütləvi  mədəniyyətin  tədqiqatçısı, 

Amerika  tarixçisi  Con  Kavelti  kütləvi  mədəniyyəti  insanın  tələbatına  uyğun  gələn  və 

ona  vacib  olan  gündəlik  informasiya  axını  kimi,  “ac  intellekt”  üçün  qida  olaraq 

yarandığını  əsaslandırır.  Yaradıcılığın  sosial  tələbata  uyğunlaşdırılması  məsələsi, 

kütləvi mədəniyyətin yalnız bir hissəsini təşkil edir. Bu şərtin daxilində insanın, yaxud 

insanlığın  KİV-  dən  asılılığı,  tələbatların  səviyyəsi,  kütləviliyin  iqtisadi  maraqlara 

xidmət etməsi məsələsi və s. də vardır.  

Vaxtilə F.M.Klinger, N.A.BerdyayevA.N.Veselovski, V.Y.Propp sübut etməyə 

çalışırdılar  ki,  kütləvi  mədəniyyətin  daşıyıcılarının  səviyyəsi  getdikcə  aşağı  düşür  və 

sənət onlar üçün ən yaxşı halda, maddi ehtiyaclarını ödəmək, daha yaxşı yaşamaq üçün 

bir vasitəyə çevrilir. Kütləvi mədəniyyət asan qazanc yoluna çevrildikdə, həqiqi əsərləri 

surroqat yaradıcılıq əvəz etməyə başlayır. Kütləvi mədəniyyətdə asan sənət növlərinin, 

vaxtı  və  maddi  vəsaiti daha az tələb  edən  sahələrin  sürətlə inkişaf  etməsi,  incəsənətdə 

diletantlığa yol açdı. İncəsənət sahələri passivləşdi, yeni şedevrlərin, möhtəşəm əsərlərin 

əvəzində  bəsit  məzmunu  və  sentimental  yanaşma  tərzi  ilə  diqqəti  çəkməyə  çalışan 

incəsənət nümunələri meydana çıxdı. Mədəniyyətin kütləviləşməsi prosesi, sadəcə şəhər 

mədəniyyətinin  hissələrə  bölünməsi  ilə  başa  çatmadı.  Kütləviləşən  mədəniyyət  özünə 

qədərki  sənət  əsərlərinin,  bəzən  deqradasiyasına,  zövqlərin  korlanmasına  səbəb  oldu, 

bəzən də cəmiyyətə pessimizm, depressiya, qaragüruhçu əhvali – ruhiyyə yaratdı.  

Kütləvi mədəniyyətin tarixi orta əsrlərə gedib çıxsa da, Almaniyada XVIII əsrdə 

F.M.Klingerin  (1752-1831)  “Fırtına  və  gərginlik”  (almanca  -  Sturm  und  Drang) əsəri, 

eyni adlı bir cərəyanın ideya təməlini yaratdı. F.M.Klinger J.J.Russonun maarifçiliyinə 

istinad  etmişdi.  Lakin  Alman  cəmiyyətinin  çox  mürəkkəb  dövründə  bütün  yaradıcı 

düşüncələr, yalnız cəmiyyəti böhrandan çıxartmaq haqqında düşünürdülər. Kantın (1724 

- 1804) “öz ağlından bəhrələnmək üçün özündə cəsarət tap” (Sapere aude!) fikri bütün 

dünyaya  yayıldı.  Fransa  maarifçiləri  bu  devizi  ona  görə  seçmişdilər  ki,  romantizm 

cərəyanı,  məhz  onun  təsiri  altında  Novalis,  Qenderlin,  Şleyermaher  kimi  dahiləri 

yetişdirə bilsin. Yaxud insanın daxili gücünü kütləvi düşüncəyə qarşı qoyan Jül Renar 

(1864  -1910)  deyirdi:  “Şekspir!  Hey  deyirsən  Şekspir!  Şekspir  sənin  özündədir,  cəhd 

elə tap”[4,28].  

İntellekt  kultundan  sentiment,  hissiyyat  kultuna  keçidi  dəstəkləyən  elitar 

mədəniyyətin  nümayəndələri,  klassizmi,  individualizmi  qaytarmağa  cəhd  edir, 

mədəniyyətin  yeni  məzmununu  axtarır,  romantizmin  ilkin  əsaslarını  yaratmağa 

çalışırdılar. XIX əsrin sonu, XX əsrin əvvəllərində feodal–patriarxal qaydalarının hökm 

sürdüyü  Almaniya,  kapitalizmin  inkişafında  sonralar  onun  adına  yazılan  ağır  və 

məşəqqətli  “Prussiya  yolu”nu  seçdi.  Bu  yol,  həm  də  ölkənin  siyasi  pərakəndəliyi, 

müharibənin  təhqiredici  məğlubiyyəti,  ictimai  -  siyasi  mühitin  mənəvi  və  ruhi 

böhranları  üzərində  qurulmuşdu.  Və  ölkənin  bu  çətin  vaxtında  Rixard  Vaqner  (1813-

1883)  gələcək  alman  kralı,  vəliəhd, prins  Bavarskinin  sifarişi  ilə  ictimai  şüurda  böyük 

əks –səda doğuran “Dövlət haqqında” adlı məşhur traktatını yazdı. Fridrix Nitsşe (1844 

–  1900)  müasirlərindən  fərqli  olaraq,  bu  əsəri  böyük  həyəcan  və  dəhşətlə  oxudu  və 

qəbul  etdi,  çox  maraqlıdır  ki,  Fridrix  Nitsşe  uzun  illər  keçəndən  sonra  da,  elə  həmin 

həyəcan və dəhşətlə Rixard Vaqnerin “Parsifal” əsərini oxudu, lakin ikincini rədd etdi. 

Məsələnin mahiyyəti  ondan  ibarət idi  ki,  “Dövlət  haqqında”  yazılan  bu  kiçik  əsər,  iki 

dahinin  gələcək  yollarının  ayrılmasında  prinsipial  bir  rol  oynamışdır.  Əsərdə  Rixard 

Vaqner çox qısa və aydın bir şəkildə sosial idarəçiliyin yeni modelini göstərmişdi və bu 

yeni  model  ölkənin  düşdüyü  ağır  vəziyyətdən  onu  qısa  bir  müddətdə  çıxaracağına 




130 

 

böyük  ümid  verirdi.  Burada  gələcək  kral  üçün  mədəniyyətin  mahiyyəti  açıqlanırdı, 



Rixard  Vaqner  gənc  prinsə  “sənət  –  sənət  üçündür”  ideyasının  mənasını  izah  edir  və 

göstərirdi ki, gənc prins kütlə üçün yaranan incəsənəti elitar sənətdən necə seçməlidir. 

Bu traktatda “mədəniyyət”, “sənət”, “xalq”, “millət”, “əxlaq”, “dövlət” və “dövlətçilik” 

anlayışlarının  Yeni dövrdə  işlənəcək  yeni  məzmunu  izah  olundu.  Rixard  Vaqner  Yeni 

dövrdə  Yeni  və  fərqli  dəyərlər  sistemi  yaratmaqla,  əslində  mühafizəkar  Prussiyanın 

keçmiş  monarxiya  illüziyasını  qorumaq  istəyirdi.  Bu  ideya  Avropada  nasional-

sosializminin yaranmasına səbəb oldu və ölkədəki maarifçiliyi mənəvi böhran əvəz etdi. 

Elitar  və  kütləvi  mədəniyyətin  tarixi  inkişaf  yolu,  həm  də  xalqların  tarixində 

şəxsiyyətlərin  xüsusi  rolunu  görməyə  imkan  yaratdı.  Hər  bir  xalq  varlığını  yaşada 

bilmək üçün mədəniyyət tarixində fenomenal şəxsiyyətlərin fövqəl rolunu görməlidir.  

Müasir  dünyada  çoxluğun,  kütlənin  mədəniyyət  kimi  qəbul  etdiyi  incəsənət 

nümunələri  bizim  təsəvvürümüzdəki  ənənəvi,  klassik  mədəniyyətdən  xeyli  dərəcədə 

seçilən fərqli bir ideyaya və başqa bir məzmuna malikdir. Bu fərqli məzmunun pis və ya 

yaxşı olmasından daha önəmli cəhətlər vardır. 

Məsələn, yalnız bir cəhəti qeyd etmək olar ki, kütlə üçün yaradılan sənət heç bir 

senzura tanımadığına görə əxlaq qanunlarından asanlıqla kənara çıxa bilir.  

Rus ictimai fikrinin formalaşmasında böyük rol oynayan N.A.Berdyayev (1874–

1948)  yazırdı  ki,  “mədəniyyət  həmişə  həyat  uğursuzluqlarından  ibarət  olmuşdur  və 

həmişə  o,  mədəniyyət  ilə həyat  arasındakı  əskilik  kimi mövcud  olmuşdur.  Sivilizasiya 

həmişə  çalışır  ki,  həyatı  əks  etdirsin,  ancaq  bu  həyatda  hər  şey  komfort  üçündür,  ruh 

üçün heç bir şey yoxdur”. Əslində bu fikirlə N.A.Berdyayev mədəniyyətlə sivilizasiyanı 

qarşı - qarşıya qoymuş,  birincini elitar, ikincini isə kütlə mədəniyyəti kimi xarakterizə 

etmişdir. Daha sonra N.A.Berdyayev kütlənin incəsənətdən geri qalmasını onun xüsusi 

bir cəhəti hesab edərək yazırdı ki, “kütlə təəccüblü dərəcə öz tənbəlliyi ilə seçilir, özünü 

gücə  salmaq  istəmir  ki,  incəsənətin  dil  spesifikasını,  mürəkkəb  leksikonunu 

mənimsəsin, onun çoxmənalılığını anlasın”. N.A.Berdyayev “Tarixin əsası” adlı məşhur 

əsərində  mədəniyyəti  dəyərlər  sistemi  kimi  izah  edirdi,  lakin  bu  dəyərlər  sisteminin 

maddi  məzmununu  qəbul  etmirdi  və  düşünürdü  ki,  mədəniyyətlə  həyat  arasındakı 

uçurumu yalnız ruhi məzmunla keçmək olar:“Əgər həyatın ruhi əsası yoxdursa, demək 

onun ümumiyyətlə heç bir əsası yoxdur... O zaman həyat nəyə gərəkdir? O, məqsəd və 

məna kəsb edirmi? Bu yolda mədəniyyətin ruhu ölür, onun mənası sönür” [5,29].  

Mədəniyyətin  kütləviləşməsi  ictimai-tarixi  və  sosial  metamorfozları  meydana 

çıxartdı.  Mədəniyyətin  kütləviləşməsi,  eyni  zamanda  strukturalizmin  böhranı,  onun 

tədricən  itirilməsi  demək  idi.  Strukturların  dağılması  cəmiyyəti  getdikcə  daha  çox 

nizamdan  xaosa  doğru  itələyirdi.  Mədəniyyətdən  uzaqlaşdıqca  dünya  Şərqdə  işlədilən 

“həyula”,  yəni  formasız,  amorf  məzmununa  doğru  yaxınlaşırdı.  İncəsənətdə  klassik 

harmoniyanı, bədii məzmunu inkar edən qaydasız, struktursuz nümunə olan kiç müasir 

kütləvi  mədəniyyətin  əsasını  təşkil  edir  və  sosial  tələbata  uyğun  yaşamağı  və  sosial 

tələbata uyğun sənət yaratmağı təbliğ edir.  

“Ərəb  sivilizasiyasının  tarixi”  (1884),  “Hind  sivilizasiyasının  tarixi”  (1892) 

“Sosializmin  psixologiyası”  (1908),  “Xalqların  və  kütlənin psixologiyası”  (1908) kimi 

məşhur əsərlərin müəllifi olan G. Le bon (1841—1931) elmi əsaslarla “kütlə erasının” 

başlandığını  sübut  etməyə  çalışırdı.  Cəmiyyətdəki  kütləvi  düşüncə  intellektə  marağın 

itməsi,  məsuliyyətsizlik,  laqeydlik,  tənqidi  düşüncənin  səviyyəsinin  aşağı  düşməsi  ilə 

səciyyələnir. Bu da mədəniyyətin kütlələrin ixtiyarına buraxılması və onun öz nümunəvi 

və  tərbiyəedici  xüsusiyyətlərini  itirməsi  ilə  müşayiət  olunur.  Hər hansı  bir  cəmiyyətdə 

kütləviləşən  mədəniyyətin  daşıyıcıları  çoxluq  təşkil  edirlərsə,  həmin  cəmiyyətdə 

mədəniyyət öz məzmununu itirir və üzərinə düşən həqiqi rolu apara bilmir. 




131 

 

Əgər  sovet  dövründə mədəniyyətin  elitar  və  kütləvi  sahələrinin  fiziki,  psixoloji 



aspektləri  işlənib  hazırlanırdısa,  müasir  dövrdə  daha  çox  mədəniyyətin  siyasi 

rakurslardan  izah  edilməsi  müşahidə  olunur.  Karl  Yaspersin  (1883  –  1969)  “Tarixin 

mənası və təyinatı”, Erix Frommun “Azadlıq qorxusu” (“The Fear of Freedom”, 1942), 

Devid  Rismenin  “Tənha  izdiham”  (“The  Lonely  Crowd”,1950)  U.Kornhauzerin 

“Kütləvi cəmiyyət siyasəti” (“The Politics of Mass Society”, 1959) , Pitirim  Sorokinin 

(1889  -  1968)  “Sosial  və  mədəni  dinamika”,  A.Y.Fliyerin  (“Mədəni  -  genetik 

proseslərin strukturu və dinamikası”(1995) və s. bu tipli əsərlərdə kütləvi mədəniyyətin 

(mass society) institutlaşmış formalarının elitar mədəniyyətə necə nüfuz etməsi və elitar 

idarəçiliyi hansı formada ələ alması məsələləri izah olunur.  

Kütlə psixologiyasının siyasi tərəfi ilə məşğul olan Xose Orteqa -i Qasset (1883 - 

1995)  kütlə  mədəniyyəti  ilə  bağlı  “Zəmanəmizin  mövzusu”  (1923),“İncəsənətin 

dehumanizasiyası”(1925) 

kimi 

əsərlərin 



müəllifidir. 

O, 


cəmiyyətin 

inkişaf 


dinamikasında kütləvi mədəniyyətin, kütləviliyin məzmununu və siyasi rolunu müəyyən 

etməyə  çalışırdı.  Müəllif  lokal  sivilizasiyaların  tərəfdarı  olan  və  irqi  və  dini 

diskriminasiyaları  əsaslandıran  Jozef  Artyur  de  Qobinonun  (1816—  1882)  fikirlərini 

əsas götürərək, sosial mühiti doğma mühit kimi qəbul edir. Yəni müəllif əsaslandırır ki, 

nə üçün insanın daxili varlığı sosial mühitdən asılı qalır. Martin Haydeggerin “Varlıq və 

zaman”  (1927)  əsərini  oxuduqdan  sonra  Qasset  onun  Qenderlin  sayağı  incə  poetik 

uzaqgörənliyə  malik  olmasını  qəbul  etdi.  “Kütlənin  tətili”  əsərində  Haydeggerin  təsiri 

ilə  insanın  öz  mühitdəki  hər  şeydən,  universumlardan,  sözə  münasibətindən  asılı 

olduğunu xüsusi bir şəkildə vurğulayır. Qasset qəti bir nəticəyə gəlir ki, müasir fəlsəfə 

varlıqla  deyil,  sözlə  başlanır.  Qassetin  yaradıcılığında  kütlə  mədəniyyəti  ilə  bağlı 

maraqlı  bir  yanaşma  isə,  onun  müasir  cəmiyyətdə  xüsusi  bir  təbəqənin  -  hakimiyyətə 

can  atanlar  kateqoriyasının  yaranması  haqqındakı  fikirləridir.  Qasset  göstərir  ki, 

hakimiyyətə,  vojaklığa  can  atma,  torpaq  toplama,  -  bütün  bunlar  barbar  xəstəliyidir  - 

meqalomaniyadır.  Vaxtilə  Belinski  ədəbiyyatda  kütləviliyin  qarşısını  almaq  üçün  öz 

tənqidi  məqalələrinin  birində  yazırdı:  “Ədəbiyyatı  mujiklərlə  doldurmağın  nə  mənası 

var, bu nə həvəsdir? ...sənətin öz qanunları vardır”[1, 321].  

F.Nitsşe  isə  qeyd  edirdi  ki,  “kütləviləşən  cəmiyyətdə  hakimiyyət  iradəsi 

göstərənlərin sayının artması, rassionalizmi intellektual stil kimi görməyə imkan verir”. 

Hər  hansı  bir  sahənin  dəbə  düşməsi,  konveyer  sisteminə  keçməsi,  seriallıq  mahiyyəti 

nümayiş etdirməsi, yaxud kütləvi tələbat üçün hazırlanması onun urbanizasiyaya xidmət 

etməsi ilə bağlıdır. Lakin bu urbanizasiya köksüz, təməlsiz bir urbanizasiyalaşmadır və 

saxta  ideyalara  xidmət  edir.  Kütləvi  mədəniyyəti  instinktiv  düşüncə  idarə  etdiyi  üçün 

onun  kommunikasiya  vasitələrindən  asılı  olması  qaçılmazdır.  Bu  kütlə  düşüncəsini 

şəxsiyyətsizləşdirir. L.N.Qumilyovun sözləri ilə desək, “passionarların” arxasınca gedən 

kütlə,  nəinki  passionarın,  hətta  öz  fəaliyyətinin  nəticəsi  haqqında  belə  düşünə  bilmir. 

Kütlə  mədəniyyətində  sənətin  adiləşməsi,  hamı  üçün  əlçatan  olması,  sosial  sferadakı 

diskriminasiyanı,  ictimai  bərabərsizliyi  aradan  qaldırır.  Əlbəttə,  cəmiyyətin  tarix  boyu 

əldə  etdiyi  mənəvi  dəyərlərin  onun  üzvləri  arasında  bərabər  şəkildə  paylanması 

mümkündür, lakin  bu  mənəvi  dəyərlərdən  bərabər  şəkildə istifadə  edilməsinə  zəmanət 

vermək mümkün  deyildir.  Bir tarixi  proses  kimi  mədəniyyətin kütləvi  xarakter  alması 

sosial,  ictimai,  siyasi  və  iqtisadi  faktorlarından  asılıdır.  Bu  mənada  “kütləvi 

mədəniyyət”  anlayışına  iki  rakursdan  yanaşmaq  olar:  Birincisi,  mədəniyyəti  dialektik 

inkişaf qanunlarının təbii nəticəsi olaraq izah etmək mümkündür. İkincisi, mədəniyyətin 

kütləviləşməsi  ideyanın  kütlələrə  yiyələnməsinin  nəticəsi  olaraq  meydana  çıxır.  Hələ 

antik dövrdən, Platonun düşüncələrindən gələn ideyanın elitar mədəniyyətə aid edilməsi 

məsələsi,  cəmiyyətin  seçkinlər  tərəfindən  idarə  etməsinə  haqq  qazandırır.  Kütlə  hər 




132 

 

hansı  bir  ideyanın  daşıyıcısı  ola  bilməz,  yalnız  ideya  kütləni  əhatə  edir,  onunla 



dolğunlaşır  və  onu  ardınca  aparır.  Sovet  dövründə  “incəsənət  xalqa  məxsusdur”  şüarı 

kapitalizm  cəmiyyətinin  “sənət  -  sənət  üçündür”  ideologiyasına  qarşı  qoyulmuşdu. 

Sovet  cəmiyyətində  bütün  düşüncə  sahələri  sovet  ideologiyasına  xidmət  etdiyi  üçün 

incəsənət cəmiyyətin bir qrupuna şamil edə bilməzdi, yaradıcılıq xalqın işinə çevrilməli, 

xalqı  təmsil  etməli  idi.  Sovet  ideologiyasına  görə  ədəbiyyat  xalqın  ideologiyasının, 

həyat  tərzinin  güzgüsü  olmalı  idi.  Hər  bir  roman,  hər  bir  rəsm  əsəri  öz  qəhrəmanının 

həyatda,  real  sovet  cəmiyyətində  prototipini  tapmalı,  onu  sənətə  gətirməli  idi.  Sovet 

mədəniyyəti  illüziyaya  yox,  öz  ideologiyasına  xidmət  edirdi.  Sovet  adamı  mədəni 

adamın  xüsusi  bir  növü  kimi  təqdim  olunurdu.  Qəribə  görünsə  də,  bu  tarix  yetmiş  il 

yaşadı  və  özündən  sonra  çoxlu  gözəl  sənət  əsərləri  saxladı.  Lakin  bu  gözəl  əsərlərin 

hamısındakı  qəhrəmanlar  qapalı  bir  mühiti  təmsil  edirdilər  və  yalnız  dar  bir  mənəvi 

sfera  üçün  nəzərdə  tutulmuşdu.  Sovet  mədəniyyət  xadimləri  Səməd  Behrənginin 

“Balaca  qara  balıq”  əsərində  təsvir  olunan  kiçik  balıq  kimi  dünyada  daha  nələr  baş 

verdiyindən  xəbərsiz  idi.  Halbuki  bu  əsərlərin  müəlliflərinin  ağlına  da  gəlmirdi  ki, 

onların qoyduqları problemlərdən çoxunun sərhəddən o tərəfdə sadə bir həlli ola bilər. 

Hər bir cəmiyyət özündə mədəniyyətlərin tipologizasiyasını aparmalıdır. 

Kapitalizm cəmiyyəti ilə yadlaşma prosesi real şəkildə həyata keçirməyə başladı. 

Zehni  əməyin  fiziki  əməkdən,  kəndin  şəhərdən  qəti  şəkildə  tədric  olunması  mədəniy-

yətin yeni bir mərhələsini təşkil edirdi. “Maskultura” fenomeni əslində subkulturanın bir 

növü  kimi reallaşsa  da,  kütləvi mədəniyyət  öz  konseptual məzmunu ilə  post  industrial 

cəmiyyətin  məzmununa  qatıldı.  Mədəniyyət  özünün  yeni  vasitələrini  -  kütləvi 

kommunikasiya  vasitələrini  yaratmaqla,  tamamilə  yeni  bir  mərhələyə  qədəm  qoydu. 

Artıq  özgələşmə  üçün  tamamilə  əsas  var  idi,  çünki  yeni  sivilizasiya  yalnız  insanların 

komfortu  haqqında  düşünürdü,  ruhi  qidanın  yada  düşməməyi,  insanlara  xoşbəxtlikdən 

başqa hər şey vəd edirdi. Buna görə də, bu gün hər bir inkişaf etmiş cəmiyyət, kütləvi və 

elitar mədəniyyətin nisbətini diqqətdə saxlamaq məcburiyyətindədir. 

Kütləvi  mədəniyyətin  anlayışları  getdikcə  artır  və  bu  anlayışlar  elmin  müxtəlif 

sahələrinə nüfuz edir. “İnformasiya cəmiyyəti” və “informasiyalı mədəniyyət” anlayışı, 

istər - istəməz “informasiyalı dövlət” anlayışını tələb edir və cəmiyyətdə hər şey təbə-

qələşdiyi kimi informasiya da, təbəqələşir. Bu gün kütləvi mədəniyyət bütün elm sahə-

lərinə xüsusən, psixologiyaya, pedaqogikaya daxil olur, ənənəvi tərbiyə sistemləri, fun-

damental psixoloji təlimlər dağılır, psixodelik inqilab, treklərin psixodelik - transı mə-

dəniyyəti  xəstə  təxəyyüllərlə  birləşdirir  ki,  bu  da  cəmiyyəti  ünvansız  bir  istiqamətə 

aparır. 


Digər tərəfdən, reklam və moda kütləvi mədəniyyətin özünü reallaşdırması üçün 

əvəzsiz bir vasitə kimi durmadan inkişaf edir və həyatımıza daxil olur. Bütün bunların 

fonunda cəmiyyətin mənəvi və psixoloji durumunu izah etmək çətinləşir. 

Məsələn, kütləvi mədəniyyətin anlayışlarından biri olan izdihamı haqında G. Le 

bon  yazırdı  ki,  kütləvilikdə  “izdihamın  psixologiyası  vəhşinin,  qadının  və  uşaqların 

psixologiyasına  bənzəyir”.  Mədəniyyəti  sivilizasiyanın  sosiogenetikası  hesab  edənlər 

haqlıdır.  Çünki  bu  sosiogenetikada  müxtəlif  istiqamətlər  vardır.  Məsələn,  xalq 

yaradıcılığı  sosiogenetikada  yerləşir,  lakin  kütləvi  mədəniyyəti  təmsil  etmir.  Çünki 

kütləvi  mədəniyyətdə  adət  və  ənənələr  hökm  sürmür,  milli  mentalitet  yoxdur,  üstəlik 

kütləvi  mədəniyyət  həmişə  xalq  yaradıcılığı  kimi  görünməyə  çalışır,  halbuki  xalqın 

düşüncəsi əsrlər boyu azad bir təfəkkürlə öz yaradıcılığını əldə etmişdi. Müasir kütləvi 

mədəniyyəti hansı isə bir mədəni düşüncənin qalığı deyil, təkamülün nəticəsi kimi qəbul 

etmək lazımdır. 



133 

 

Burjua  sinfinə məxsus  olan kütləvi  mədəniyyət  ilk  dəfə  Amerikada  formalaşdı. 



Burada  demokratik  hərəkat  kütləvi  xarakter  aldı  və  sonra  bu  kütləvilik  siyasətə, 

iqtisadiyyata və sosial sferanın digər sahələrinə daxil oldu. Siyasətin mədəniyyətə daxil 

olmasını  analiz  etsək,  bizə  kütləvi  mədəniyyətin  bir  sıra  gözə  görünməyən 

xüsusiyyətləri  də  aydın  olacaqdır.  Siyasət  mədəniyyətə  yalnız  yeni  bir  əxlaqi  sifətdə 

daxil  ola  bilər  ki,  bu  obrazı  yalnız  kütləvi  mədəniyyətin  siyasi  liderləri  apara  bilir. 

Pitirim Sorokin yazırdı:“Baş qatan ticarət malları kimi, mədəniyyət də ticarət işgüzarları 

tərəfindən idarə olunur, ticarət maraqlarına, moda yeniliklərinə xidmət edir” [14, 328].  

Kütləvi  mədəniyyətin  ən  güclü  sahəsi  modernizmdir.  Modernizmin  elitar 

zövqlərə nüfuz etməsi, özünün bir sıra cəhətlərini məqsədli şəkildə kənara qoyması və 

avanqard üslubu klassizmlə birləşdirmək cəhdləri öz nəticəsini vermişdir. Mədəniyyətlə 

siyasət birləşmiş versiyada dünyaya hökmranlıq etmədədir. Kütləvi mədəniyyətə xidmət 

etməyən  hər  cür  mədəniyyət  şüurlu  şəkildə  sıxışdırılır,  əksinə  hansı  mədəniyyətdə 

kütləvi düşüncəyə xidmət edə biləcək sahələr müəyyən olunursa, o mədəniyyət inkişaf 

etdirilir. Amerikada kütləvi mədəniyyət cəmiyyətin iki yeni sferasını formalaşdırmışdır. 

Kütləvi  mədəniyyətin  hesabına  dolananlar  və  praktiki  həyatdan  uzaq  qalan  və  onun 

bəhrəsi ilə yaşayanlar təbəqəsi. Bu təbəqələri hər ikisi kütləvi mədəniyyəti qorumaqda 

maraqlıdır. 

Müasir kütləvi mədəniyyətin vacib xüsusiyyətlərindən biri də, onun ictimai şüura 

təsiri,  fəlsəfi  düşüncə  ilə  əlaqəsidir.  İctimai  şüuru  mifik  təfəkkürə  çevirməyə  çalışan 

kütləvi mədəniyyət  bununla qloballaşmaya şərait yaradır. Mifik təfəkkürdə məxsusluq, 

zaman və məkan müəyyənliyi olmadığı üçün yeni sferanın bu  bircinsli mahiyyəti, onu 

daha  rahat  idarə  etməyə  imkan  verir.  Real  və  irreal  düşüncənin  sərhədlərini  müəyyən 

etmək  mümkün  olmadığı  üçün  burada  real  təfəkkür  ikinci  dərəcəli  rol  oynayır.  Sənət 

əsərlərinin  qavranılmasında  rasional  düşüncəyə  olan  güvən  aradan  qalxır  və  yalnız 

inama istinad edən kortəbii bir fanatizm hökmranlıq edir. Belə sənət nümunələrini dərk 

etmək  yox,  sadəcə  onların  təlqin  etdikləri  fikri  izləmək  lazım  gəlir.  Çarlz  Pirs  öz 

semiotik  axtarışlarında  incəsənət  əsərlərini  ikonik  sənət  kimi  tədqiqata  cəlb  edirdi. 

İkonik sənət dedikdə müəllif, obraz yaradan bütün sənət nümunələrini nəzərdə tuturdu. 

Maraqlıdır  ki,  müasir  kütləvi  mədəniyyət  ikonik  incəsənəti  gətirib  dini  məzmunlu 

şəkillərlə  -  ikonalarla  eyniləşdirir  və  belə  bir  fərziyyənin  üzərində  xüsusi  dayanır  ki, 

ikonalar  irreal,  qeyri  -  müəyyən  məzmun  daşıdığı  üçün  bu  tipli  sənət  əsərlərinin  də, 

analizə,  sintezə  ehtiyacı  yoxdur.  Onların  dumanlı,  qeyri  -  müəyyən,  müdhiş  görkəmi 

insanı inanmağa, təslim olmağa, özünü unutmağa vadar edir. Müasir pop musiqisi, pop 

incəsənəti ikonik obrazlardan geniş istifadə edir. 

Müasir kütləvi mədəniyyətin vacib xüsusiyyətlərindən biri də, onun ictimai şüura 

təsiri,  fəlsəfi  düşüncə  ilə  əlaqəsidir.  İctimai  şüuru  mifik  təfəkkürə  çevirməyə  çalışan 

kütləvi  mədəniyyət  bununla  da,  qloballaşmaya  şərait  yaradır.  Mifik  təfəkkürdə 

məxsusluq,  zaman  və  məkan  müəyyənliyi  olmadığı  üçün  yeni  sferanın  bu  bircinsli 

mahiyyəti,  onu  daha  rahat  idarə  etməyə  imkan  verir.  Real  və  irreal  düşüncənin 

sərhədlərini  müəyyən  etmək  mümkün  olmadığı  üçün  mifik  düşüncədə  real  təfəkkür 

ikinci  dərəcəli  rol  oynayır.  Bu  cür  məzmuna  malik  olan  sənət  əsərlərinin 

qavranılmasında  rasional  düşüncəyə  olan  güvən  aradan  qalxır  və  yalnız  inama  istinad 

edən  kortəbii  bir  fanatizm  hökmranlıq  edir.  Belə  sənət  nümunələrini  dərk  etmək  yox, 

sadəcə,  onların  təlqin  etdikləri  fikri  izləmək  lazım  gəlir.  Çarlz  Pirs  öz  semiotik 

axtarışlarında  incəsənət  əsərlərini ikonik  sənət  kimi  tədqiqata  cəlb  edirdi.  İkonik  sənət 

dedikdə,  müəllif,  obraz  yaradan  bütün  sənət  nümunələrini nəzərdə  tuturdu.  Maraqlıdır 

ki,  müasir  kütləvi  mədəniyyət  ikonik  incəsənəti  gətirib  dini  məzmunlu  şəkillərlə  - 

ikonalarla eyniləşdirir və belə bir fərziyyənin üzərində xüsusi dayanır ki, ikonalar irreal, 




134 

 

qeyri  -  müəyyən  məzmun  daşıdığı  üçün  bu  tipli  sənət  əsərlərinin  tədqiqata  -  analizə, 



sintezə  ehtiyacı  yoxdur.  Onların  dumanlı,  qeyri  -  müəyyən,  müdhiş  görkəmi  insanı 

inanmağa,  təslim  olmağa,  özünü  unutmağa  vadar  edir,  pop  musiqisi,  pop  incəsənəti 

ikonik  obrazlarda  təslimçilik  təbliğ  edir.  Müasir  cəmiyyətdə  mühit  həlledici  amildir: 

“İnsanın  formalaşdığı  ictimai  mühit  mövcud  dəyərlər  sistemi,  sosial  və  hüquqi 

normalar,  mövcud  dövlət  quruluşu,  iqtisadi  münasibətlər,  ailə  münasibətləri,  təhsil 

sistemi  və  s.  bu  kimi  elementlərin  sintezindən  ibarətdir”  [3,256].Və  nəhayət,  hər  bir 

xalqın  əsrlər  boyu  əldə  etdiyi  dəyərlər  sistemini  qorumaq  instinkti  miltikulturalizm 

ideyasına gətirib çıxartdı. Bu ideyanın reallaşmasına qədər Azərbaycan xalqı öz milli – 

mənəvi  dəyərlərini  qiymətləndirməyə  qadir  olan  böyük  şəxsiyyətlər  yetişdirdi.  Heydər 

Əliyev  deyirdi:  “Hər  xalqın  öz  adət  ənənələri  var,  öz  milli  -  mənəvi  və  dini  dəyərləri 

var. Biz öz milli - mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət  - ənənələrimizlə 

fəxr  edirik”  [2,96].  Heydər  Əliyevin  bütün  həyat  və  fəaliyyətində,  məhz  bu  ideyanın 

gerçəkləşməsini izləmək  olar.  Heydər  Əliyev  milli  mənəvi dəyərlərin  yaratdığı  ictimai 

düşüncəni  yüksək  qiymətləndirirdi:  “Digər  tərəfdən,  “ictimai”  anlayışı  heç  də  həmişə 

bütövlükdə  cəmiyyəti  nəzərdə  tutmur.  Müəyyən  bir  sosial  qrupun,  ictimai  birliyin, 

siyasi partiyanın, kollektivin mənafeyi də “ictimai” anlayışı ilə ehtiva olunur”[3, 304]. 

Dünyaya  inteqrasiyanı  yalnız  milli  -  mənəvi  dəyərlərin  fonunda  qəbul  edən  Heydər 

Əliyev  qloballaşmaya  münasibətini  belə  bildirirdi:  “Çağdaş  həyat  ancaq  öz  daxili 

məntiqi  ilə  yaşaya  bilməz.  Tarixin  öz  makrostrukturu,  yalnız  böyük  miqyaslarda  üzə 

çıxan  qanunauyğunluqları  vardır”[2,304].  Lakin  hər  bir  xalq,  yalnız  öz  dövlətçilik 

ənənələri ilə mövcud ola bilər. “Dövlətçilik ənənəsi insanlara özünütəsdiq imkanı verən 

milli dövlətə münasibətin tarixən qərarlaşmış və əsasən şüurlarda yaşayan, milli şüurun 

başlıca  tərkib  hissəsi  olan  mənəvi  tarixi  bir  prosesdir”  [2,300].  Multikulturalizm 

ideyasının  əsasında  fəlsəfi  təfəkkürə  istinad  edilən  bədiilik  fenomeni  durur.  Bədiik 

fenomeni  təkcə  təfəkkürün  strukturuna  aid  deyildir,  bədiilik  ümumiyyətlə,  insanın 

həyatının mövcudluq imkanıdır.  



Nəticə. 

 

1.   Mədəniyyətin  kütləviləşməsi,  təkcə  fəlsəfi  təfəkkürün  deyil,  ümumiyyətlə  hər  cür  təfəkkürün  struktural 

məzmununun itirilməsidir. 

2.  Kütləvi mədəniyyət elitar mədəniyyətdən ideya məzmununa və iqtisadi məkana yiyələnmək qabiliyyətinə 

görə fərqlənir. 

3.   Kütləvi  mədəniyyət  ictimai  şüura  hökmranlıq  etməyə  cəhd  edir  və  bunun  üçün  elitar  mədəniyyətin 

dəyərlərinə yiyələnməyə çalışır. 

4.   Müasir dünyada kütləvilik, qloballaşma özünü siyasi əxlaq kimi göstərir və cəmiyyəti idarə edir. 

5.   Multikulturalizm  cərəyanı  Şərq  mədəniyyətini  yenidən  gündəmə  gətirdi  və  dünyanın  diqqətini  yenidən 

Şərqin mənəvi dəyərlərinə yönəltdi. 

 

Ədəbiyyat

 

Azərbaycan dilində 

1. Belinski V. Q. Rus ədəbiyyatı klassikləri haqqında Bakı: Uşaqgəncnəşr, 1954, 369 s.; 

2. Əliyev H. Müstəqil Azərbaycan Dövlətinin Qurucusu. Bakı, Azərnəşr, 2003. 640 s.;  

3. Xəlilov S.S. Lider. Dövlət. Cəmiyyət. Bakı, AU nəşriyyatı, 2001, 358 səh.; 

4. Renar J. Gündəlik. Bakı: Gənclik, 1974, 72 s. Tərc. R. Nağıyev; 

 

Rus dilində 

5. Бердяев Н.А. Смысл истории (Опыт философии человеческой судьбы)» Париж: Ymca-press, 1969. — 

269 c., С. 260.269. ; 

6. Бодрияр Жан Прозрачность зла / Призрак толпы. — М.: Алгоритм, 2007.; 

7. Гассет О. Х. Запах культуры. — М.: Алгоритм, Эксмо, 2006;  

8. Ильин А. Н. Субъектность внутри массовой культуры // Электронный журнал «Знание. Понимание. 

Умение». - 2008 -№ 4 – Культурология; 



135 

 

9.  Кузнецова  Т.  Ф.,  Луков  Вл.  А.,  Луков  М.  В.  Массовая  культура  и  массовая  беллетристика, 



Культурология, 2008 › №4 2008;  

10. Маркс К. Теория прибавочной стоимости (IV том «Капитала»)\ В сборнике К. Маркс, Ф. Энгельс 

об искусстве. М., 1957, Искусство, т I.; 

11. Рахимова М. В. О популярной культуре США Культурология  №4 2008; 

12. Руднев В. П. Словарь культуры XX века. — М.: Аграф, 1999. — С. 155-159;. 

13. Сорокин П. Социальная и культурная динамика : Пер. с англ. В. В. Сапова.Санкт-Петербург : Изд-

во Рус. Христиан. гуманитар. Ин-та, 2000. — 1054; 

14. Сорокин П. Человек. Цивилизация. Общество. — М.: Политиздат, 1992.; 

15. Черняк М. А. Феномен массовой литературы XX века. // СПб.: Изд-во РГПУ им. А. И. Герцена, 

2005. C. 152—178.; 

16. Шестаков В.П. «Мифология XX века: Критика теории и практики буржуазной «массовой 

культуры». — М.: Искусство, 277 с.; 

17. Ясперс К., Власть массы / Призрак толпы. — М.: Алгоритм, 2007. 

 

 



Садагат

 Алиева  

Художественность

 и массовая культура в структуре 

 философического познания 

Резюме

 

 

В статье автор уделяет особое внимание двум аспектам массовой культуры. Первый из них 



это  духовная  сторона  массовости  культуры.  То  есть  в  морали  и  в  сущности  человека  массовость  это 

потеря индивидуальности. Автор это связывает с феноменом отчуждения, являющимся особым этапом 

в развитии общества. Во втором аспекте образование массовой культуры объясняется её зависимостью 

от  экономических  факторов.  В  обществе  отношение  к  искусству  и  мастеру,  специальные  функции 

денег  превращаются  в  основной  фактор  массовости  культуры.  Автор  освещает  обе  стороны 

образования  массовой  культуры  и  обобщает  результаты.  В  статье  также  выражается  отношение  к 

культуре  Азербайджана  на  фоне  поддержки  массовой  культуры  в  современном  мире  глобализации, 

иррациональных мыслей постмодернистов и новых подходов мультикультурализма.  



Ключевые 

слова

: 

массовость, 

культура, 

отчуждение, 

национальный, 

суррогат, 

традиционный, элитный. 

 

 



Sadagat Aliyeva  

Artistic and popular culture in the structure of philosophical knowledge  

Summary 

 

In article the author pays special attention to two aspects of mass culture. The first of these is the 



spiritual aspect of mass culture. That is in morals and in effect the person mass character is identity loss. The 

author connects it with the phenomenon of alienation being a special stage in development of society. In the 

second  aspect  formation  of  mass  culture  is  explained  by  its  dependence  on  economic  factors.  In  society 

attitude toward art and to the master, special functions of money turn into a major factor of mass character of 

culture. The author  shines both  parties  of  formation of  mass culture and generalizes results. The article also 

expressed  attitude  to  the  culture  of  Azerbaijan  on  the  background  of  support  of  mass  culture  in  the  modern 

world of globalization, irrational thoughts and new approaches of postmodern multiculturalism. 

Keywords; mass character, culture, alienation, national, surrogate, traditional, elite. 

 

 



Məqalənin redaksiyaya daxil olma tarixi: 21.05.2013 

Məqalənin təkrar işlənməyə göndərilmə: 31.05.2013 

Məqalənin çapa qəbul olunma tarixi 28.06.2013 

Məqaləni  çapa  tövsiyə  edən  sahə  redaktorunun  (və  ya  üzvünün)  adı:  fəlsəfə  doktoru,  dosent  Sevinc 

Şahhüseynova  



ADMİU

-nun Elmi Şurasının 08 iyul 2013-cü il, 09 saylı qərarı ilə çap olunur. 

 

Yüklə 144,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə