Moskvanın və bütün Rusiyanın Patriarxı KİRİLLİN



Yüklə 49 Kb.
tarix30.10.2018
ölçüsü49 Kb.
#76096

Moskvanın və bütün Rusiyanın Patriarxı KİRİLLİN

arxikeşişlərə, keşişlərə, rahiblərə və Rusiya Pravoslav Kilsəsinin

bütün sadiq övladlarına

MİLADİ MÜRACİƏTNAMƏSİ
Çox müqəddəs arxikeşişlər, vicdanı təmiz atalar,

Allahı sevən rahiblər və rahibələr, əziz qardaş və bacılar!
Əzizlərim, Tanrı və Allahımızın, Xilaskarımız olan İsa Peyğəmbərin cismani doğulması münasibətilə qeyd etdiyimiz bu nurlu və sevincli Milad Bayramı günü Sizin hamınızı salamlayıram. Bu nursaçan gecədə biz birlikdə dualarımızla “indi David şəhərində Xilaskarın doğulması ilə bütün insanların payına düşəcək böyük sevincdən” (Lk. 2, 10-11) xəbər verən mələklərin səsinə səs verəcəyik.

Sədaqətsizlik edərək Allahı rədd etmiş bəşəriyyət yenidən öz Yaradanı və İlahisi ətrafında birləşmək imkanını əldə edir. Allahın Oğlunun dünyaya gəlişi Onun özünü əzablı və şərəfsiz “ölümə, xaçdan asılaraq ölümə” (Fil. 2, 8) belə hazır olmağadək könüllü alçaldılmasıdır. Allah cismani doğulur ki, Öz sevgisini insanlara bağışlayıb, Onun çağırışını eşitmək istəyən hər bir kəsə varlığın bütövlüyünü dərk edib ona nail olmaqda kömək eləsin.

Məhz bu səbəbdən qeyd etdiyimiz bayram bizə ömrümüzün ən çətin anlarında yuxarıdan kömək alacağımıza şübhəsiz ümidi bağışlayır. Yaratdığı məxluqu tək qoymayıb ona əbədiliyə yol açmış Allah bizə diqqətə və qayğıya ehtiyacı olan müdafiəsiz uşağın – Körpə İsanın simasında gəlmişdir.

Hamımız tövratda və incildə təsvir olunmuş bu surəti əbədi olaraq qəlbimizdə qoruyub saxlamalıyıq. Axurda yatan körpə Allahı xatırlayarkən bizdə hər kəsi yaxşılığa aparan İlahi Qüvvəyə sarsılmaz inam və şübhəsiz ümid yaranır. Hətta yaşadığımız müddətdə heç bir dayağımız olmadıqda, hər şey səbatsız və etibarsız göründükdə belə biz aydın dərk etməliyik ki, Allah Öz xeyirli qüvvəsilə dünyamızın ağrısını, əzablarını və səfalətini səadətlə, sevinclə və bolluqla əvəz edə bilər.

Xilaskarın dünyaya gəlməsi münasibətilə qeyd olunan bu bayramda möminlərin xəyalən diqqəti xristianlığın beşiyi, Allahın doğulduğu, yaşadığı və yer üzündə insanlara xidmət etdiyi yer şərəfinə malik olan Müqəddəs Torpağa yönəlir. Bu gün Müqəddəs tarixi hadisələrin baş verdiyi ölkələrdə olan İsanın ardıcılları ağır sınaqlara məruz qalır, çox əsrlik dini ənənənin mövcudluğuna yeni təhlükə ilə üzləşirlər. Milad Bayramının bu nurlu günlərində Sizdən məzhəb yoldaşlarımıza, qiymətsiz tutyaların qoruyucularına, ilk xristian rəvayətinin davamçılarına görə səmimi dua etməyinizi xahiş edirəm.

Bir üzvün əzabı digər üzvlərin əzabıdır (baxın: 1 Kor. 12, 26). Apostolun bu sözləri yalnız bir prixodun, kilsə cəmiyyətinin üzvlərinə aid edilmir. Əlbəttə ki, bu sözlər bütün dünyanı əhatə edən Vahid Müqəddəs, Came və Apostol Kilsəsinin, Pravoslav Kilsəsinin bütün övladlarına aiddir. Kilsənin vahidliyi yalnız tək müqəddəs ata imanı və Dini ayinlər zamanı ünsiyyət ilə deyil, həmçinin çətinlikləri paylaşmaqla, bir-birini qurban verməklə xidmətlə, bir-birinə görə dua etməklə ifadə olunur.

Ötən il bir çox ölkələrin və xalqların, o cümlədən tarixi Rusiya ərazilərində yaşayanların həyatında sakit keçməmişdir: bizim etiqadımız və möhkəmliyimiz üçün sınaq olan faciəvi hadisələr və kataklizmlər az sayda baş verməmişdir.

Lakin bu gün əsas sınaqlar maddi deyil, mənəvi sahədə baş verir. Fiziki müstəvidə mövcud olan təhlükələr cismi əmin-amanlığa və rahatlığa zərər vururlar. Onlar həyatı maddi cəhətdən çətinləşdirsələr də mənəvi həyata böyük zərər vurmağa qadir deyillər. Lakin məhz mənəvi aləm dünyagörüşü baxımından zamanımızın ən mühüm və ən ciddi çağırışını aşkar çıxardır. Bu çağırış ruhumuza Allah tərəfindən qoyulan əxlaqi hissin məhvinə istiqamətlənib. Bu gün insanı inandırmağa çalışırlar ki, yalnız o, həqiqətin meyarıdır, ki, hər kəsin öz həqiqəti var və hər kəs nəyin yaxşı və nəyin pis olduğunu özü müəyyən edir. İlahi həqiqəti və, beləliklə, həmin Həqiqətə əsaslanan yaxşının pisdən fərqi mənəvi laqeydliklə və hər şeyi etmək sərbəstliyi ilə əvəz etməyə çalışırlar ki, bunlar da insanların ruhunu məhv edir, onları əbədi həyatdan məhrum edirlər. Təbii fəlakətlər və hərbi əməliyyatlar həyatın zahiri quruluşunu viran edirsə mənəvi relyativizm insanın vicdanını gəmirib, dağıdır və onu mənəvi cəhətdən əlil edir, varlığın İlahi qanunlarını təhrif edir, məxluqun Yaradanı ilə əlaqəsini pozur.

Bu təhlükə qarşısında biz ilk növbədə köməyə Müqəddəs Məryəmi və Allaha sadiq müqəddəslər dəstəsini çağırmalıyıq ki, onlar indi ona yeni doğulmuş Körpənin simasında sitayiş etdiyimiz Müqəddəs və Həqiqi Hakimin Taxt-tacı önündə bizi müdafiə edib günahla, “bu əsrin zülmətli dünyanın amirləri, ərşfələyin şər ruhları ilə” (Yef. 6, 12) mübarizə üçün bizi güclü etməsini xahiş etsinlər. Dünyəvi rifahın yalanlarını və xəyallarını biz fəlakətli həvəslərimizdə, tamahkar niyyətlərimizdə, şirnikdirici reklamlarda, əyləncəli və siyasi mətnlərdə müəyyən etməyi öyrənməliyik. Biz həmişə günah təhlükəsini əvvəlcədən bizə xəbər verən vicdanımızı dinləməliyik, hərəkətlərimizi İncildə verilmiş vəsiyyətlərlə uyğunlaşdırmağı bacarmalıyıq.

Həmişə olduğu kimi, indi də hər bir xristian gündəlik əməlləri ilə dindar, pak həyat tərzinin dəyərini təsdiqləməli, şüurlu olaraq mənəvi relyativizmə və asan qazanc pərəstişinə müqavimət göstərməlidir. Ətrafımızda çox sayda zəif, xəstə, tənha insanlar var. Eyni zamanda iqtisadi çətinliklər şəraitində qazanc məqsədilə doğma yerlərini tərk etmiş və bəzən bədxah mühitə düşərək qayğıya ehtiyacı olanlar da az deyil. Sosial, missioner, ictimai kilsə işinin aparılmasında hər bir keşiş və dünya əhlinin nümayəndəsi iştirak etməlidir. Müqəddəs İnnokentiy Xersonskinin dediyinə görə: “Yalnız İsanın işığında Allahı, özünü və dünyanı həqiqi vəziyyətdə görmək mümkündür: yalnız ilahi Vəhyin göstərişi ilə əbədi həyata aparan yolu tapmaq olar”.

Biz bu günkü bayramın istiliyini və sevincini İsada təskinlik tapmağa ümid edən hər bir kəslə paylaşmalıyıq. Bizim hər birimiz yaxınlarına və uzaq tanışlarına – iş yoldaşları, dostları, qohumları və qonşularına Vifleyem ulduzunun işığını ərməğan edə bilər.

Ötən ildə dövlət hakimiyyətlərilə, ictimai təşkilatlarla, rəsmi dairələrin nümayəndələrilə birgə fəaliyyət nəticəsində insanları birləşdirəcək, ictimai həyatın möhkəm mənəvi və əxlaqi əsaslarını dirçəltməyə kömək edəcək bir çox təşəbbüslərin əsası qoyulmuşdur.

Bu cür birgə fəaliyyətin inkişafına, necə ki Kilsəmizin dəyərli vəhdətinin təsdiqinə həmçinin Rusiya boyunca, Ukraynaya, Moldovaya etdiyim səfərlər səbəb olmuşdur. Bu səfərlərim mömin xalqla ibadət və ünsiyyət təcrübəmi zənginləşdirmiş və ümid edirəm dini bağların möhkəmlənməsinə kömək etmişdir. Xeyli sayda insanların iştirakı ilə keçirilən ibadətlər zamanı inam və dua etmək istəyi xüsusilə güclü olmuşdur ki, bu da Pravoslavlığın gözəlliyini, “dünya ittifaqında ruhi vəhdətin” (Yef. 4, 3) gözəlliyini və gücünü təşkil edir.

Hamınızı Milad bayramı və Yeni il münasibətilə təbrik edir, dualarımla “ümid edərək əbədi həyata qovuşmağımız” (Tit. 3, 7) üçün cismani şəkildə bizə gəlmiş Tanrıya görə dəyişməz olaraq sevinc içində olmağınızı arzulayıram. “Allah etdiyiniz ümidə görə sizə imanınızda hər cür sevinc və əmin-amanlıq bağışlayıb sizi Müqəddəs Ruhun gücü ilə ümidlə zənginləşdirsin” (Roma, 15, 13). Amin.
MOSKVANIN VƏ BÜTÜN RUSİYANIN PATRİARXI
Hicri Miladi

2011/2012 il



Moskva ş.
Yüklə 49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə